Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Şuşa Azərbaycan mədəniyyətinin paytaxtı ELAN EDİLDİ

Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm. Publika.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən çıxışı zamanı deyib. Dövlət başçısı bildirib: "Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər. Şuşanın mədəni həyatı zəngin olmalıdır. Şuşanın bərpası ilə əlaqədar işlərə artıq start verildi. Mənim göstərişimlə böyük heyət oraya ezam edildi. Deməli, yaşayış fondunun, tarixi abidələrin təftişi aparılmalı, vurulmuş ziyan dəqiq hesablanmalıdır və biz Şuşa şəhərinin restavrasiyasına başlamalıyıq. Ancaq yenə də vaxt itirmədən, ancaq, eyni zamanda, tələsmədən Şuşanın ilkin siması, tarixi siması bərpa edilməlidir. O cümlədən Şuşada yerləşən məscidlərimiz əsaslı şəkildə təmir edilməlidir, bərpa olunmalıdır, onların öz siması qaytarılmalıdır. Ermənilər bizim 60-dan çox məscidi məhv ediblər. Ağdam məscidində donuz, inək saxlayırdılar. Bu yaxınlarda hansısa erməni jurnalist tərəfindən internetdə dərc edilən foto bütün Azərbaycan xalqını bir daha hiddətləndirdi. O fotoda Azərbaycan xalqının cəlladı, Ermənistanın keçmiş prezidenti Köçaryan zəbt edilmiş, işğal olunmuş Ağdam şəhərində bizim məscidimizin önündə öz əlaltıları, quldurları ilə dayanıb. Ağdam məscidinin üzərində isə təhqiredici yazılar görünür. Görün, kim rəhbərlik edib Ermənistana, hansı cəllad, hansı alçaq mənəviyyat sahibi?! Şəhəri dağıdıblar, məscidimizi təhqir ediblər. Məscidimizə inək, donuz doldurublar, məscidin divarlarına isə dinimiz haqqında, xalqımız haqqında təhqiramiz ifadələr yazıblar. Məscidi təhqir edən, məscidin üzərində təhqiramiz rəsmlər çəkdirən, sözlər yazan Köçaryan budur. Onun əlaltısı və quyruğu Sarkisyan, onlar dağıdıblar bizim şəhərlərimizi iyirmi il ərzində. Bizim şəhərlərimiz müharibə dövründə dağıdılmayıb. Müharibə dövründə şəhərləri belə dağıtmaq mümkün deyil. Müharibədən sonra işğal dövründə bütün binaları, bütün yaşayış yerlərini söküblər. Onlar vandallardır, barbarlardır. Amma iyirmi il Ermənistana rəhbərlik ediblər".

2021-01-05 00:00:00
3451 baxış

Digər xəbərlər

Gözdən Əlillər Cəmiyyətinin XVIII qurultayı keçirilib

Son beş il ərzində 400-dən çox gözdən əlilliyi olan şəxslərin ailələri mənzillə təmin edilib. Bakı I saylı Tibb Kollecini bitirən görmə məhdudiyyəti olan masajçılar dövlət və özəl tibbi müəssisələrinə işlə təmin olunublar. Dillər Universitetində Korreksiyaedici təlim fakültəsi açılıb. Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 saylı internat məktəbdə və Görmə üzrə əlilliyi olan şəxslər üçün sosial bərpa mərkəzində korreksiyaedici təlim fakültəsinin tələbələrinin praktik dərslər keçməsi üçün bir sıra qurumlarla əməkdaşlıq edir. Bakı şəhəri üzrə səsli işıqforların quraşdırılması, piyada keçid xətlərinin qabarıq boya ilə verilməsi, ictimai nəqliyyat vasitələrini, dayanacaq və səkilərin, yaşayış və inzibati binaların, park və bağçaların müyəssərləşdirilməsi, görmə məhdudiyyətli şəxslər üçün güzəştli gediş kartlarının tətbiq edilməsi ilə əlaqədar dünya təcrübəsi öyrənilərək hazırlanan təkliflər paketi aidiyyəti dövlət qurumlarına təqdim edilib. Gözdən Əlillər Cəmiyyətinin tabeliyində fəaliyyət göstərən Brayl Nəşrləri İnformasiya Resurs Mərkəzində Təhsil Nazirliyinin sifarişləri əsasında əvvəllər istifadə olunan keyfiyyətsiz dərsliklər qabarıq təsvirlərlə çap edilmiş dərsliklərlə əvəz olunub. Nəşriyyatda görmə üzrə əlilliyi olan 10 nəfər əmək fəaliyyətinə cəlb edilib. Veteran.gov.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Gözdən Əlillər Cəmiyyətinin XVIII qurultayında məlumat verilib. Qurultay Dövlət Himninin səslənməsi ilə başlayıb, Qarabağ uğrunda döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Cəmiyyətin prezidenti Səmyar Abdullayev hesabat məruzəsində qeyd edib ki, görmə məhdudiyyətli uşaqlar üçün ətraf aləmin dərk edilməsinə dəstək məqsədilə “Daktil əylənək, daktil öyrənək” adlı layihələr çərçivəsində yumşaq materiallardan ibarət daktil kitablar hazırlanıb. Milli Xalça Muzeyi ilə əməkdaşlıq nəticəsində “İnklüziv incəsənət” layihəsi icra edilib. Layihə çərçivəsinə görmə məhdudiyyəti olan gənclərin istedad və bacarıqlarının inkişafı və nümayiş etdirilməsi məqsədilə konsert proqramı və əl işlərinin satış-sərgisi təşkil edilib. Xalça Muzeyinin və Qızıl Aypara Cəmiyyətinin dəstəyi ilə həmin kateqoriyadan olan yeniyetmə və gənclər üçün “Gözdən əlillər üçün sosial bərpa mərkəzi”ndə xalçaçılıq və muncuqla toxuma kursları açılıb. Xalça Muzeyində həmin kateqoriyadan olanlar üçün müyəssərlik yaradılıb, əllə toxunma üçün xalça ornamentləri daktil üsulla xovlu və xovsuz saplarla toxunub, maketlər hazırlanıb. Gürcüstan Rəssamlar İttifaqı ilə birlikdə İncəsənət Muzeyində dünya işığından məhrum olan on nəfərə rəsm çəkilməsi öyrədilib və onların rəsmlərindən ibarət sərgi təşkil edilib. Məruzədə həssas təbəqəyə məxsus olanların sosial adaptasiya, məşğulluq, problemlərinin həlli və sosial rifahının yaxşılaşdırılması sahəsində həlli vacib məsələlərdən bəhs olunub, bu sahədə qarşıda duran vəzifələr göstərilib. Milli Məclisin deputatları Fazil Qəzənfəroğlu, Vüqar İskəndərov, Elman Nəsirov, İctimai Birliklərin rəhbərləri və Gözdən Əlillər Cəmiyyətinin üzvləri çıxış edərək gələcək fəaliyyətində ictimai təşkilata uğurlar arzulayıblar. Səmyar Abdullayev növbəti beşillik dövr üçün cəmiyyətin prezidenti, yeni İdarə Heyəti və Məclis üzvləri seçilib.  

Hamısını oxu
Başsağlığı

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşı, dövlət qulluğunun baş müşaviri Rasim Mirzəyevin yaxın qohumu Çingiz Mirzəyev vəfat edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti bu acı xəbərdən təəssüfləndiyini bildirir, Rasim Mirzəyevə və mərhumun bütün doğmalarına dərin hüzünlə başsağlığı verir. Allah rəhmət eləsin!

Hamısını oxu
Bu gün birinci xanım Mehriban Əliyevanın doğum günüdür

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyat yoldaşı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyavanın doğum günüdür. 1964-cü ilin bu günündə - 26 avqust tarixində ziyalı ailəsində dünyaya göz açan Mehriban Əliyeva yazıçı, ədəbiyyatşünas, Azərbaycanın Əməkdar Elm Xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin və görkəmli jurnalist, pedaqoq, Əməkdar elm xadimi Nəsir İmanquluyevin nəvəsidir. Atası Arif Paşayev Azərbaycanın görkəmli alimi, pedaqoqu, ictimai xadim, Milli Elmlər Akademiyasının akademiki, Dövlət mükafatı laureatı, fizika-riyaziyyat elmləri doktoru, professordur. 1996-cı ildən indiyədək “ Azərbaycan Hava Yolları” Dövlət Konserni Milli Aviasiya Akademiyasının rektorudur. Anası Aida İmanquliyeva şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru, professordur. Aida İmanquliyeva Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk professor – qadındır. Birinci vitse-prezident olaraq Mehriban xanım Əliyevanın bu gün müasir Azərbaycanın dövlət idarəçiliyində və inkişafında oynadığı yüksək rol, ölkəmizdə və onun hüdudlarından kənarda həyata keçirdiyi humanist və xeyirxah fəaliyyət hər kəsə məlumdur, bizlər də bunu dəyərləndirərək yüksək qiymətləndiririk. Respublika Veteranlar Təşkilatının sədri general-polkovik Tofiq Ağahüseynov şəxsən öz adından və çoxsaylı veteranlar adından Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edir, ona cansağlığı, xoşbəxtlik, firavanlıq və Azərbaycan xalqının rifahı naminə çoxşaxəli və mühüm işində uğurlar arzulayır.

Hamısını oxu
Tovuz Rayon Ağsaqqallar Şurasına yeni sədr seçilib

Fevral ayının 7-də Tovuz Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib. Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Rayon Ağsaqqallar Şurasının sədr müavini Bəhram Pənahov, YAP Tovuz Rayon təşkilatının sədri Nihad Pənahov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, eləcə də rayon ağsaqqalları, ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar. Konfransda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canını  fəda edən qəhrəman şəhidlərimzin və Tovuz Rayon Ağsaqqallar Şurasının mərhum sədri Tofiq Zeynalovun xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə giriş nitqi ilə çıxış edən Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovu və konfrans iştirakçılarını salamlayıb, ağsaqqalların aktiv fəaliyyətindən söz açıb, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb. Qeyd edib ki, ölkəmizin hər bir yerində  olduğu kimi Tovuz rayonunda da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı inkişaf prosesində, eləcə də hazırda uğurla fəaliyyət göstərən kadrların yetişdirilməsində ağsaqqalların böyük əməyi vardır. Natiq ağsaqqalların rayonun, o cümlədən ölkəmizin ictimai-mədəni həyatında oynadıqları əhəmiyyətli roldan bəhs edərək  gənclərin maarifləndirilməsində, onların vətənpərvərlik, milli-mənəvi dəyərlərə hörmət  ruhunda yetişdirilməsində ağsaqqallara hər zaman ciddi ehtiyacın  olduğunu bildirib. Məmməd Məmmədov, həmçinin, Ermənistanla 69 km sərhədi olan Tovuz rayonunun ağsaqqallarının 44 günlük Vətən müharibəsində nümayiş etdirdikləri yüksək fəaliyyətə və əzmkarlığa görə bir daha öz minnətdarlığını bildirib. Çıxışının sonunda konfransın işinə uğurlar arzulayıb. Sonra konfransın gündəliyi müzakirə edilib və orada  əksini tapan təşkilati məsələlər səsə qoyulub. Tədbir iştirakçıları tərəfindən səmərəli fəaliyyətindən bəhs edilən və namizədliyi irəli sürülən Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, uzun illər bir sıra məsul vəzifələrdə uğurla çalışan, əhali arasında yüksək nüfuz və hörmət sahibi olan Məzahir Bayramov açıq səsvermə yolu ilə yekdilliklə Şuranın sədri,  rayonun tanınmış ziyalısı və ağsaqqalı Qasım Hüseynov isə Şuranın İdarə Heyətinin üzvü seçilib. Tovuz Rayon Ağsaqqallar Şurasının yeni sədri Məzahir Bayramov  ona göstərilən etimada görə hərə kəsə öz minnətdarlığını ifadə edib. Bundan sonra da təşkilatın uğurlu fəaliyyəti üçün bilik və təcrübəsini əsirgəməyəcəyini bildirib. Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından tədbir iştirakçılarını salamlayaraq Tovuz Rayon Ağsaqqallar Şurasının yeni seçilən sədrini və İdarə Heyətinin üzvünü təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar diləyib. Daha sonra natiq ağsaqqallıq institutunun tarixindən, eləcə də Azərbaycanda və bütün Türk dünyasında ağsaqqalların yüksək nüfuzundan  söz açıb. Əsl ağsaqqalın insana xas bütün müsbət keyfiyyətləri özündə birləşdirən bir şəxsiyyət olduğunu vurğulayaraq qeyd edib ki, o ailə, o cəmiyyət xoşbəxtdir ki, onun sözün əsl mənasında ağsaqqalı vardır. Ağsaqqal nəsihətinin, ağsaqqal sözünün çox uca və dəyərli söz olduğunu xatırladan Bayram Yusifov Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müdrik və unudulmaz ağsaqqalı olaraq ölkəmiz üçün gördüyü möhtəşəm işlərdən bəhs edib. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Ümummilli Liderimizin yolunu hər bir sahədə böyük nailiyyətlərlə davam etdirdiyini vurğulayaraq əlavə edib ki, 79 şəhər və rayon təşkilatında  öz sıralarında 35 mindən çox vətəndaşımızı birləşdirən Azərbaycan Ağsaqqallar Şurasının hər bir üzvü, biz ağsaqqallar  bundan sonra da dövlət başçımızın uğurlu daxili və xarici siyasət kursunu vətəndaşlarımız arasında geniş təbliğ etməli, cəmiyyətimizə, xüsusilə gənc nəslə alkoqolizm, narkomaniya və digər zərərli vərdişlərdən uzaq olan sağlam həyat tərzini aşılamalıyıq. Bayram Yusifov, həmçinin, milli mentalitetimizə uyğun ailə dəyərlərinin təbliğ edilməsi, boşanmaların sayının minimuma endirilməsi və erkən nikahların qarşısının alınması üçün Azərbaycan Ağsaqqallar Şurasının yerli təşkilatları tərəfindən  lazımi işlərin, tədbirlərin  həyata keçirilməsini, mütəmadi olaraq gənclərlə maarifləndirici söhbətlərin aparılmasını bu günün prioritet məsələsi hesab edib. Sonda natiq  yeni sədrin rəhbərliyi  ilə Tovuz Rayon Ağsaqqallar Şurasının daha aktiv fəaliyyət göstərəcəyinə əmin olduğunu bildirib və bütün ağsaqqallara möhkəm cansağlığı,  iş avandlığı arzulayıb. Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov və  digər tədbir iştiakçıları da Rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədrini və İdarə Heyətinin üzvünü təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar diləyiblər.  

Hamısını oxu