Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Tovuz Rayon Ağsaqqallar Şurasına yeni sədr seçilib

Fevral ayının 7-də Tovuz Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib. Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Rayon Ağsaqqallar Şurasının sədr müavini Bəhram Pənahov, YAP Tovuz Rayon təşkilatının sədri Nihad Pənahov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, eləcə də rayon ağsaqqalları, ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.

Konfransda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canını  fəda edən qəhrəman şəhidlərimzin və Tovuz Rayon Ağsaqqallar Şurasının mərhum sədri Tofiq Zeynalovun xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə giriş nitqi ilə çıxış edən Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovu və konfrans iştirakçılarını salamlayıb, ağsaqqalların aktiv fəaliyyətindən söz açıb, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb. Qeyd edib ki, ölkəmizin hər bir yerində  olduğu kimi Tovuz rayonunda da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı inkişaf prosesində, eləcə də hazırda uğurla fəaliyyət göstərən kadrların yetişdirilməsində ağsaqqalların böyük əməyi vardır. Natiq ağsaqqalların rayonun, o cümlədən ölkəmizin ictimai-mədəni həyatında oynadıqları əhəmiyyətli roldan bəhs edərək  gənclərin maarifləndirilməsində, onların vətənpərvərlik, milli-mənəvi dəyərlərə hörmət  ruhunda yetişdirilməsində ağsaqqallara hər zaman ciddi ehtiyacın  olduğunu bildirib. Məmməd Məmmədov, həmçinin, Ermənistanla 69 km sərhədi olan Tovuz rayonunun ağsaqqallarının 44 günlük Vətən müharibəsində nümayiş etdirdikləri yüksək fəaliyyətə və əzmkarlığa görə bir daha öz minnətdarlığını bildirib. Çıxışının sonunda konfransın işinə uğurlar arzulayıb.

Sonra konfransın gündəliyi müzakirə edilib və orada  əksini tapan təşkilati məsələlər səsə qoyulub. Tədbir iştirakçıları tərəfindən səmərəli fəaliyyətindən bəhs edilən və namizədliyi irəli sürülən Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, uzun illər bir sıra məsul vəzifələrdə uğurla çalışan, əhali arasında yüksək nüfuz və hörmət sahibi olan Məzahir Bayramov açıq səsvermə yolu ilə yekdilliklə Şuranın sədri,  rayonun tanınmış ziyalısı və ağsaqqalı Qasım Hüseynov isə Şuranın İdarə Heyətinin üzvü seçilib.

Tovuz Rayon Ağsaqqallar Şurasının yeni sədri Məzahir Bayramov  ona göstərilən etimada görə hərə kəsə öz minnətdarlığını ifadə edib. Bundan sonra da təşkilatın uğurlu fəaliyyəti üçün bilik və təcrübəsini əsirgəməyəcəyini bildirib.

Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından tədbir iştirakçılarını salamlayaraq Tovuz Rayon Ağsaqqallar Şurasının yeni seçilən sədrini və İdarə Heyətinin üzvünü təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar diləyib. Daha sonra natiq ağsaqqallıq institutunun tarixindən, eləcə də Azərbaycanda və bütün Türk dünyasında ağsaqqalların yüksək nüfuzundan  söz açıb. Əsl ağsaqqalın insana xas bütün müsbət keyfiyyətləri özündə birləşdirən bir şəxsiyyət olduğunu vurğulayaraq qeyd edib ki, o ailə, o cəmiyyət xoşbəxtdir ki, onun sözün əsl mənasında ağsaqqalı vardır. Ağsaqqal nəsihətinin, ağsaqqal sözünün çox uca və dəyərli söz olduğunu xatırladan Bayram Yusifov Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müdrik və unudulmaz ağsaqqalı olaraq ölkəmiz üçün gördüyü möhtəşəm işlərdən bəhs edib. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Ümummilli Liderimizin yolunu hər bir sahədə böyük nailiyyətlərlə davam etdirdiyini vurğulayaraq əlavə edib ki, 79 şəhər və rayon təşkilatında  öz sıralarında 35 mindən çox vətəndaşımızı birləşdirən Azərbaycan Ağsaqqallar Şurasının hər bir üzvü, biz ağsaqqallar  bundan sonra da dövlət başçımızın uğurlu daxili və xarici siyasət kursunu vətəndaşlarımız arasında geniş təbliğ etməli, cəmiyyətimizə, xüsusilə gənc nəslə alkoqolizm, narkomaniya və digər zərərli vərdişlərdən uzaq olan sağlam həyat tərzini aşılamalıyıq. Bayram Yusifov, həmçinin, milli mentalitetimizə uyğun ailə dəyərlərinin təbliğ edilməsi, boşanmaların sayının minimuma endirilməsi və erkən nikahların qarşısının alınması üçün Azərbaycan Ağsaqqallar Şurasının yerli təşkilatları tərəfindən  lazımi işlərin, tədbirlərin  həyata keçirilməsini, mütəmadi olaraq gənclərlə maarifləndirici söhbətlərin aparılmasını bu günün prioritet məsələsi hesab edib. Sonda natiq  yeni sədrin rəhbərliyi  ilə Tovuz Rayon Ağsaqqallar Şurasının daha aktiv fəaliyyət göstərəcəyinə əmin olduğunu bildirib və bütün ağsaqqallara möhkəm cansağlığı,  iş avandlığı arzulayıb.

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov və  digər tədbir iştiakçıları da Rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədrini və İdarə Heyətinin üzvünü təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar diləyiblər.

 

2025-02-08 16:09:21
3155 baxış

Digər xəbərlər

Ermənistan riyakarlıq nümayiş etdirməkdə davam edir

on günlər Ermənistan Silahlı Qüvvələrinin cəbhə bölgəsində təxribat cəhdləri yenidən intensiv xarakter almışdır. Belə ki, fevralın 24-dən 25-ə keçən gecə Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərindən müdafiə mövqelərimizə doğru irəliləməyə cəhd göstərmişlər. Hər zaman olduğu kimi Azərbaycan hərbçiləri düşmənin qarşısını qətiyyətlə almış, onu geri çəkilməyə məcbur etmişlər. Əsgər və zabitlərimizin peşəkarlığı, sayıqlığı ciddi müqavimətlə üzləşəcəyini gözləməyən düşməni çaşdırmış, ermənilərin növbəti təxribatı da qarşı tərəfin çoxsaylı itkiləri ilə nəticələnmişdir. Təssüf ki, düşmən təxribatının qarşısı alınarkən bir neçə hərbiçimiz şəhid olmuş və yaralanmışdır. Ermənistanın təxribatlarının arxasında dayanan əsas səbəblərə gəlincə, biz bu barədə əvvəllər də fikirlərimizi ölkə mediası ilə bölüşmüşdük. Təbii ki, Ermənistanın daxili və xarici problemləri ilə bağlı məsələlər öz həllini tapmadığından həmin səbəblərin əksəriyyəti dəyişməyib. Birincisi, Ermənistan tərəfi yenə də diqqəti öz daxili problemlərindən yayındırmaq məqsədi ilə vaxtaşırı belə təxribatlara əl atmaq məcburiyyətindədir. İkincisi, aprel döyüşlərindəki məğlubiyyəti “həzm edə” bilməyən Ermənistan rəhbərliyinin hazırkı mərhələdə bu sindromdan qurtulması üçün revanş arzusunu gerçıkləşdirməyə böyük ehtiyacı var. Üçüncüsü, Azərbaycan tərəfinin hərtərəfli hərbi, hərbi-texniki və mənəvi-psixoıoji üstünlüyü şəraitində erməni gənclərinin Qarabağda nahaqdan ölmələrinə Ermənistan cəmiyyətinin etiraz ovqatının daim artmasının arzuolunmaz nəticələr doğurması ehtimalı qarşı tərəfi ciddi narahat edir. Dördüncüsü, hər dəfə layiqli cavab alan düşmənin münaqişənin həllində mövqelərinin zəifləməsi kimi daha bir ciddi narahatlıq perspektivi yaradır. Bütün bunlara baxmayaraq, Ermənistan rəhbərliyi hər vasitə ilə növbəti məğlubiyyətini də xalqdan gizlətməkdən, beynəxalq hüquq norma və prinsiplərinə zidd fəaliyyətini davam etdirməkdən çəkinmir. Cəbhədə şəhid olan hərbiçilərin nəşlərinin döyüş meydanından çıxarılması üçün əldə edilmiş razılşmanın pozulması və təxribat xarakerli fəaliyyətlərin davam etdirilməsi bunun əyani sübutlarıdır. Ermənistan tərəfi həmçinin, münaqişənin nizamlanması üçün beynəxalq təşkilatların irəli sürdükləri tələblərə də yenə bigana yanaşır. ATƏT və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələrinin vasitəçiliyi ilə əldə edilən razılaşmanın pozulması, şəhid olan hərbiçilərin nəşlərinin qaytarılmasında yeni şərtlərin qoyulması nəinki beynəxalq hüquq normalarına, eləcə də insanlığa zidd fəaliyyətlərdir və yalnız erməni xislətinin göstəricisi sayıla bilər. Azərbaycan hər bir əsgər və zabiti ilə qürur duyur. Ərazi bütövlüyümüzün qorunması uğrunda həlak olan şəhidlərimizə Allahdan rəhmət diləyir, yaxınarına dərin hüznlə baş sağlığı veririk.   Cəlil Xəlilov, Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik.

Hamısını oxu
İlham Əliyevdən şəhid ailələrinə və müharibə əlillərinə BÖYÜK DƏSTƏK

Prezident İlham Əliyevin bu gün imzaladığı yeni fərmanlar dövlət başçısının şəhid ailələrinə, müharibə və 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə, Milli qəhrəmanlara, İkinci Dünya müharibəsi iştirakçılarına, əlilliyi olan şəxslərə xüsusi qayğısının növbəti əyani təzahürüdür. Publika.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildiriblər ki, şəhid ailələri və 20 Yanvar şəhidlərinin ailələri, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Prezidentin təqaüdünün məbləğinin artırılması haqqında imzalanan Fərmanlara əsasən, həmin ailələr üçün Prezidentin aylıq təqaüdünün məbləği 66,7% artırılaraq 300 manatdan 500 manata çatdırıldı. Prezident İlham Əliyevin daha bir Fərmanı isə müharibə və 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin rifah halının yaxşılaşdırılmasına xidmət edir. Fərmanla bu kateqoriyadan olan şəxslər, həmçinin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə bərabər tutulanlar (hərbi xidmət vəzifələrini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər) üçün Prezidentin təqaüdünün məbləği orta hesabla 50%-dən çox artırılaraq: I dərəcə əlilliyi olan şəxslər üçün 250 manatdan 400 manata, II dərəcə əlilliyi olan şəxslər üçün 230 manatdan 350 manata, III dərəcə əlilliyi olan şəxslər üçün 210 manatdan 300 manata çatdırıldı. Qeyd edək ki, şəhid ailələri və qeyd edilən əlilliyi olan şəxslər Prezidentin təqaüdü ilə yanaşı, aylıq əsasda müavinət və ya pensiya ilə də təmin olunurlar. Dövlət başçısının digər Fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanına Prezidentin aylıq təqaüdünün məbləği 20% artırılaraq 1500 manatdan 1800 manata çatdırıldı. İkinci Qarabağ müharibəsində möhtəşəm Zəfərimizin qazanılmasına mühüm töhfələr vermiş Vətən müharibəsi qəhrəmanlarının sosial müdafiəsi də Prezidentin diqqətindədir. Dövlət başçısının imzaladığı yeni Fərmanla sosial təminat sistemində yeni təqaüd növü kimi, Vətən Müharibəsi Qəhrəmanı üçün Prezidentin aylıq təqaüdü (2 000 manat) də təsis olundu. İkinci Dünya müharibəsi iştirakçıları üçün Prezidentin aylıq təqaüdü 100% artırılaraq 150 manatdan 300 manata çatdırıldı. Eyni zamanda, bir sıra digər kateqoriyadan olan şəxslərə ödənilən sosial müavinət, təqaüd və pensiya əlavələri də optimallaşdırılmış və artımlar müəyyən edilmişdir. Artımlar 2021-ci il yanvarın 1-dən tətbiq ediləcək. Ümumilikdə qəbul olunan yeni normativ hüquqi aktlar əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması, həssas qruplara dövlət qayğısının artırılması istiqamətində növbəti əhəmiyyətli addımlardır. Eyni zamanda, bu sənədlər sosial təminat sisteminin optimallaşdırılmasına, pensiya təminatı sistemində sosial sığorta prinsiplərinin gücləndirilməsinə, sosial ödənişlərin təyinatlarının elektron icrasının sürətləndirilməsinə xidmət edir.

Hamısını oxu
Selçuk Bayraktara Azərbaycan Texniki Universitetinin fəxri doktroru adı verilib

Veteran.gov.az xəbər verir ki, mayın 25-də “Baykar” şirkətinin texnoloji lideri, “Teknoloji Takımı Vakfı”nın (T3 Vakfı) Qəyyumlar Şurasının sədri, “Qarabağ”ordenli Selçuk Bayraktara Azərbaycan Texniki Universitetinin (AzTU) fəxri doktoru adının verilməsi mərasimi keçirilib. Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı, hər iki ölkənin müxtəlif nazirliklərinin rəhbər şəxsləri, universitetin professor-müəllim heyəti və tələbələri iştirak edib. Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov Selçuk Bayraktarı AzTU-da görməkdən məmnunluğunu ifadə edib. Bildirib ki, şəxsin inkişafı onun mükəmməl elmə və təhsilə yiyələnməsi ilə birbaşa bağlıdır. Bu mənada  Bayraktarı bütün dünyaya tanıdan onun mükəmməl elmə, təhsilə yiyələnməsi olub. Azərbaycanda müdafiə sənayesinin inkişafına göstərilən diqqətdən danışan nazir müavini qeyd edib ki, bu istiqamətdə yüksəkixtisaslı kadr hazırlığının aparılması da mühüm şərtlərdəndir. O qeyd edib ki, hazırda AzTU regionda müdafiə sənayesi üzrə kadr hazırlayan yeganə universitetdir. Firudin Qurbanov son illər AzTU-nun Türkiyənin aparıcı universitetləri, tədqiqat və innovasiya mərkəzləri ilə əməkdaşlıq əlaqələrini yüksək səviyyədə inkişaf etdirdiyini də diqqətə çatdırıb. Sonra AzTU-nun fəxri qonağı Selçuk Bayraktar tələbələrlə görüşüb. Müdafiə sənayesinin inkişafının ölkə üçün əhmiyyətini vurğulayan Bayraktar müəllifi olduğu müasir texnologiyalar, eyni zamanda hazırda Türkiyənin ilk uçan avtomobili olan “CEZERİ”, Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi olacaq Bayraktar Kızılelma (MİUS) layihələri və üzərində çalışdığı yeni tədqiqat işləri barədə tələbələrə məlumat verib. Daha sonra Selçuk Bayraktara Azərbaycan Texniki Universitetin fəxri doktoru adının verilməsi mərasimi keçirilib. Fəxri doktor diplomunu qonağa AzTU-nun rektoru, professor Vilayət Vəliyev təqdim edib. Rektor qeyd edib ki, Selçuk Bayraktar AzTU-nun fəxri doktorları arasında ən gəncidir. Vilayət Vəliyev Selçuk Bayraktarın rəqəmsal platformada texnoloji gələcək üçün apardığı araşdırmalar, elm və texnologiyanın inkişafına verdiyi əvəzsiz töhfələri xüsusi qeyd edib və AzTU-nun tələbələri ilə görüşdüyü üçün ona təşəkkür edib. Qeyd edək ki, bu günə qədər 15 nəfərə AzTU-nun fəxri doktoru adı verilib, onlardan biri də Selçuk Bayraktardır.  Selçuk Bayraktara AzTU-nun fəxri doktoru adı onun rəqəmsal platformada texnoloji gələcək üçün apardığı araşdırmalar, verdiyi ideyalar və ağıllı həllər nəticəsində elm və texnologiyanın inkişafına əvəzsiz töhfələrinə, Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın ən yüksək səviyyəyə çatdırılmasındakı dəstəyinə, Azərbaycanda gənc mühəndis kadrların hazırlanmasına və texnoloji innovasiyaların öyrənilməsinin kütləviləşməsinə verdiyi müstəsna xidmətlərinə görə təqdim edilib.  Tədbirdən sonra Selçuk Bayraktar universitetin foyesində “TEKNOFEST Azərbaycanda”iştirak edəcək AzTU komandalarının əl işlərindən ibarət sərgiyə və rəsm sərgisinə baxıb. Sonda xatirə şəkli çəkdirilib.  

Hamısını oxu
Türk dünyasının hərbi gücü artır

Hamısını oxu