Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan Prezidenti: ““Parlament” də gorbagor oldu, status da gorbagor oldu, cəhənnəmə getdi”

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva qondarma “Dağlıq Qarabağ respublikası”nın “parlamentini” Şuşa şəhərinə köçürmək üçün burada tikintisinə başlanılmış, lakin Azərbaycan Ordusunun 2020-ci il noyabrın 8-də şəhəri işğaldan azad etməsi nəticəsində inşası yarımçıq qalmış binada olub. APA-nın məlumatına görə, Prezident İlham Əliyev bildirib ki, onlar qondarma “Dağlıq Qarabağ respublikası”nın “parlamentini” Şuşa şəhərinə köçürəcəkdilər: “Beləliklə, Şuşa şəhərini erməniləşdirmək üçün növbəti dəfə cəhd edilməli idi. Artıq inşaata da başlamışdılar. Bax, bu binanı onlar qondarma “Dağlıq Qarabağ respublikası”nın “parlament” binası kimi inşa etməyə başlamışdılar. Ancaq çatdıra bilmədilər. Biz gəldik, bu torpağın sahibləri gəldi, onları buradan qovdu və beləliklə, onların bu çirkin əməlləri həyata keçmədi. “Parlament” də gorbagor oldu, status da gorbagor oldu, cəhənnəmə getdi. Qarabağ Azərbaycandır!”

2021-01-15 00:00:00
3722 baxış

Digər xəbərlər

Prezident İlham Əliyev: Azərbaycan Ordusu Xocavənd rayonunun daha üç kəndini işğaldan azad edib

Bakı, 16 oktyabr, AZƏRTAC Rəşadətli Azərbaycan Ordusu tərəfindən Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində bildirib.

Hamısını oxu
Prezident İlham Əliyev xalqa müraciət edib

Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. AZƏRTAC dövlətimizin başçısının müraciətini təqdim edir: “Əziz həmvətənlər. Bu gün Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz kəndi işğaldan azad edildi. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Cəbrayıl rayonunun və işğal olunmuş digər ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimizi ürəkdən təbrik edirəm. Onların qəhrəmanlığı, şücaəti nəticəsində bu gün bizim doğma torpaqlarımız bizə qayıdıb. Bu qanlı döyüşlərdə həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm. Uzun illərdən sonra Cəbrayıl şəhəri azad edildi. Cəbrayıl bizimdir! Dörd il bundan əvvəl Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yenidən qurulmağa başlamışdır. Uğurlu əməliyyat nəticəsində azad edilmiş yüksəkliklər imkan verdi ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə sakinlər qayıtsınlar. Gözəl qəsəbə saldıq. Qəsəbənin açılışında demişdim ki, Cocuq Mərcanlı bizim yenilməz iradəmizin rəmzidir. Cocuq Mərcanlı onu göstərir ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq və bizim işğal edilmiş digər torpaqlara qayıdışımız məhz Cocuq Mərcanlıdan başlamışdır. Hesab edirəm ki, bu gün Cəbrayıl rayonunun böyük hissəsinin və Cəbrayıl şəhərinin azad edilməsi xüsusi əhəmiyyət daşıyır. Bilirsiniz, bir həftədir ki, Azərbaycan öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparır. Döyüş meydanında əsgər və zabitlərimiz qəhrəmanlıq göstərir, düşmənə sarsıdıcı zərbələr endirir, düşməni yerinə oturdur, düşməni torpaqlarımızdan qovur, canı-qanı bahasına. Bu şərəfli missiya tarixdə öz yerini tapacaqdır. Biz bu gün xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq. Biz bu gün tarixi ədaləti bərpa edirik. Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib. Ancaq uzun illər ərzində - 30 ilə yaxındır ki, erməni cəlladları torpağımızı işğal edib, bizim bütün tarixi, dini, mədəni abidələrimizi darmadağın edib dağıdıblar. Biz bütün şəhərləri bərpa edəcəyik. Ermənilər tərəfindən dağıdılmış bütün məscidlərimizi bərpa edəcəyik. Bu bölgələrə həyat qayıdacaq. Biz ermənilər tərəfindən bizim tarixi adlarımızı dəyişdirib tarixi saxtalaşdırmaq, eyni zamanda, Azərbaycan xalqının tarixi-mədəni irsini silmək cəhdlərinə son qoyduq. Bizim yaşayış məntəqələrinin tarixi adları bərpa edilir və bərpa ediləcəkdir. Biz öz torpağımızda döyüşürük, vuruşuruq. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və biz haqq yolundayıq. Bizim əsgərimiz xilaskar əsgərdir. Çünki öz doğma dədə-baba torpağını işğalçılardan azad edir. Bu gün cəbrayıllılar, əlbəttə ki, sevinc içindədirlər, necə ki, bütün Azərbaycan xalqı. Dünən bizim qədim yaşayış yerimiz – Suqovuşan qəsəbəmiz işğaldan azad edildi. Bütün Azərbaycan xalqı bu tarixi hadisəni qeyd edirdi, bir-birini təbrik edirdi, göz yaşlarını saxlaya bilmirdi. Bu, sevinc göz yaşlarıdır. 1990-cı illərin əvvəllərində də Azərbaycan göz yaşlarını töküb. Ancaq o, məğlubiyyət göz yaşları idi, o, faciə göz yaşları idi. Bu gün Azərbaycan xalqı sevinc içindədir. Cəbrayıllılara və bütün Azərbaycan xalqına bu gün azad edilmiş yaşayış məntəqələrinin adlarını sadalamaq istərdim. Bu gün şanlı Azərbaycan Ordusu aşağıdakı yaşayış məntəqələrini azad edib: Cəbrayıl şəhəri, Karxulu kəndi, Şükürbəyli kəndi, Yuxarı Maralyan kəndi, Çərəkən kəndi, Daşkəsən kəndi, Horovlu kəndi, Decal kəndi, Mahmudlu kəndi, Cəfərabad kəndi. Bu kəndlərin sakinləri, sizə müraciət edirəm, sizin həsrətinizə son qoyulur və bizim digər bütün qaçqın, köçkün soydaşlarımız bilsinlər ki, biz onları da onların dədə-baba torpaqlarına qaytaracağıq. Güc yolu ilə! Biz istəyirdik ki, bu məsələ danışıqlar yolu ilə həll olunsun, səbir göstərirdik. Danışıqlarda həmişə ədalətli mövqedə olmuşuq, bizə mənsub olanı istəmişik. Başqasının torpağında heç vaxt gözümüz olmayıb. Amma demişik ki, bu, bizimdir, xalqımızındır, millətimizindir, bizə qayıtmalıdır, danışıqlar yolu ilə qayıtmalıdır. Amma bu danışıqlar faktiki olaraq münaqişənin dondurulmasına gətirib çıxarmışdır. Yəni, buna hesablanmışdır. Otuz il ərzində danışıqlar gedə bilərmi?! Otuz il ərzində Azərbaycan xalqını belə vəziyyətdə saxlamaq olarmı?! Otuz il ərzində biz ümidlə yaşayırdıq ki, beynəlxalq birlik bu məsələni həll edəcək. Bu məsələnin həlli ilə məşğul olan ölkələr, beynəlxalq təşkilatlar öz sözünü deyəcək. Dünyanın ən ali beynəlxalq orqanı – BMT Təhlükəsizlik Şurası öz qətnamələrinin yerinə yetirilməsi üçün səy göstərəcək. Bu qətnamələr 27 ildir kağız üzərindədir. İyirmi yeddi il ərzində biz bütün dövrlərdə - danışıqların bütün dövrlərində konstruktiv mövqe göstərmişdik, ədalətli mövqe göstərmişdik. Ancaq bunun müqabilində nə gördük? Təcavüzkar daha da azğınlaşıb. Təcavüzkarın tamahı daha da böyüyüb, bizim dədə-baba torpağımıza göz dikib. Nəticədə işğal edilmiş bütün torpaqları qondarma “Dağlıq Qarabağ respublikası”na aid edib, yeni xəritələr dərc edib və bu xəritələrdə işğal edilmiş bütün ərazilər Dağlıq Qarabağ kimi təqdim edilir. Ondan sonra nə oldu? Ondan sonra bəyan etdilər ki, bir qarış torpağı Azərbaycana qaytarmayacağıq. Biz demişdik ki, axı bu, danışıqlar predmetinə zidd olan məsələdir. Axı danışıqlarda bizim əsas ümidverici məqamımız o idi və orada göstərilirdi ki, işğal edilmiş torpaqlar mərhələli yollarla Azərbaycana qaytarılacaq. Biz də buna razılıq vermişdik ki, mərhələli yollarla qaytarılsın, sülh yolu ilə qaytarılsın. Bir mərhələdə 5 rayon qaytarılsın, ikinci mərhələdə 2 rayon qaytarılsın, sonra azərbaycanlılar Dağlıq Qarabağa qayıtsınlar, Şuşaya qayıtsınlar, ondan sonra Azərbaycan və erməni xalqları birlikdə yaşasınlar, necə ki, vaxtilə biz yaşamışıq. Bu, ədalətli mövqedir. Bu, beynəlxalq hüququn bütün normalarına uyğun olan bir mövqedir. Biz nə istəmişik ki? Bunu istəmişik və buna haqqımız çatırdı və çatır. Amma nə gördük?! Gördük ki, Azərbaycan xalqının iradəsini sındırmaq istəyirlər. Gördük ki, bizə qarşı yeni müharibə açılır, bizi yeni müharibə ilə hədələyirlər. Gördük ki, iyul ayında heç bir səbəb olmadan bizim Tovuz şəhərimiz və digər yaşayış məntəqələrimiz atəşə tutuldu, hərbçilərimiz həlak oldu, mülki vətəndaş həlak oldu. Gördük ki, avqust ayında diversiya qrupu göndərildi və o diversiya qrupunun başçısı zərərsizləşdirildi, saxlanıldı. İndi ifadələr verir, deyir göndərilib ki, terror aktları törətsin. Budurmu danışıqlar prosesinə sadiqlik?! Sonra isə, Ermənistanın baş naziri cəfəng fikirlər ortaya atır, tarixi saxtalaşdırır, öz xalqını, beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. Bir il bundan əvvəl o, “Qarabağ Ermənistandır və nöqtə” deməklə bütün danışıqlar prosesinə zərbə vurdu, onu mənasız etdi. Danışıqların formatını dəyişdirmək cəhdləri – “Qondarma, oyuncaq xunta rejimi ilə Azərbaycan danışıqlar aparmalıdır” sözləri danışıqlar prosesinə tamamilə ziddir. Adekvat cavab aldımı? Mən Minsk qrupunun həmsədr ölkələrinə, həmsədr olan səfirlərə, digər beynəlxalq təşkilatlara, Avropa İttifaqının nümayəndələrinə dəfələrlə demişdim ki, Ermənistana təsir edin, sanksiyalar tətbiq edin, təzyiq edin. Belə olmaz. Əgər güclü təsir olmasa, Ermənistan daha da azğınlaşacaq, daha da quduracaq, yeni iddialar ortaya atacaq. Eşitmədilər məni. Mən istəyirdim bu məsələ sülh yolu ilə həll olunsun. Eşitmədilər. Hesab edirdilər ki, Azərbaycan xalqı və mən – Azərbaycan Prezidenti bu vəziyyətlə barışacağam?! Hesab edirdilər ki, bizim müqəddəs şəhərimiz olan Şuşa erməni tapdağında qalacaq, mən bununla barışacağam?! Azərbaycan xalqının tarixinə zərbə vuran erməni cəlladları ilə biz danışıqlarmı aparmalıyıq? Azərbaycan xalqı təhqir edildi, Şuşada qondarma rejimin başçısı özünə “andiçmə mərasimi” keçirmişdir. Baxım görüm, indi andiçmə mərasimi harada keçiriləcək, yas mərasimini keçirəcək! İndi qaçıb siçan kimi gizlənib. Çıxsın ortalığa! Ermənistanın baş naziri gedib Şuşada, Cıdır düzündə rəqs edir, hesab edir ki, biz bununla barışacağıq?! Səhv edir! Heç vaxt biz bununla barışmayacağıq. Qondarma “Dağlıq Qarabağ respublikası”nın parlamentinin Şuşaya köçürülməsi nə deməkdir?! Yenə də Azərbaycan xalqını təhqir etmək cəhdidir. Cəbrayıla Ermənistandan yeni yolun çəkilməsi nə deməkdir?! O deməkdir ki, orada qanunsuz məskunlaşma aparılacaq. Artıq Livandan, başqa yerlərdən erməniləri gətirirlər, köçürürlər bizim qədim şəhərimizə, Şuşada yerləşdirirlər, televiziyada göstərirlər, beynəlxalq konvensiyaları pozurlar, Cenevrə Konvensiyasını tapdalayırlar. Bunlara söz deyən var?! Tapşırıq vermişəm bütün bizim xarici diplomatik orqanlara – məsələ qaldırın, BMT-də, ATƏT-də, Avropa İttifaqında, başqa təşkilatlara, deyin ki, bu, qanunsuzdur! Qanunsuz məskunlaşma cinayətdir! Buna reaksiya oldu?! Minsk qrupu bir açıqlama verdimi?! Vermədi! Avropa İttifaqı verdimi?! Vermədi! Dedi ki, bu, bizi maraqlandırmır. Maraqlandırmırsa, indi də maraqlandırmasın. İndi nə əl-ayağa düşmüşünüz? İndi nə hoqqalardan çıxırsınız? Azərbaycana qarşı iftiralar irəli sürülür, bəzi ölkələr, Avropa ölkələri bizi ittiham edirlər. Getsinlər güzgüyə baxsınlar. Bu ittihamların heç bir əsası yoxdur ki, kimsə imkan verməz Azərbaycan Dağlıq Qarabağı fəth etsin. Dağlıq Qarabağ bizimdir, bizim torpağımızdır, biz oraya qayıtmalıyıq, qayıdırıq və qayıdacağıq! Ona görə indiki vəziyyətdə birinci günahkar Ermənistan rəhbərliyidir. Eyni zamanda, bu məsələyə biganə yanaşan və daim Ermənistanın tərəfini saxlayan və bu işğalı əbədi etmək istəyən bəzi ölkələrin dairələridir. Azərbaycan özü bu məsələni həll edir və mən 27 sentyabr hadisələrindən əvvəl Ermənistana demişdim, gəl, təkbətək vuruşaq. Baxaq kim-kimdir! İndi nə oldu? Paşinyan hər gün bir dünya liderinə zəng edir. Hər gün! Mən heç kimə zəng etməmişəm, heç bir liderə zəng etməmişəm. Təmaslarım olub, mənə zəng ediblər. Amma o, adam qalmayıb ki, zəng etməsin, yalvarmasın, emissar göndərməsin, ağlamasın, onların ayağına yıxılmasın. Bax budur bunun sonu. Əgər bizimlə normal dildə danışsaydı, bizim müqəddəs şəhərimizi mundarlamasaydı, əlbəttə, biz ümidlərlə yaşayıb çalışardıq ki, bu məsələ danışıqlar yolu ilə həll olunsun. Amma hər addım təxribat, hər addım təhqir və hesab edir ki, biz bununla barışacağıq?! İndi biz göstərdik kim-kimdir. İti qovan kimi qovuruq onları! Azərbaycan əsgəri onları iti qovan kimi qovur! İşğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılır! Onların səngərlərində Azərbaycan əsgəri dayanır! Onların postları bizim əlimizdədir! Onların tanklarını biz sürürük! Onların digər silahlı texnikaları bizim əlimizdədir, yük maşınları bizim əlimizdədir! Biz xilaskar missiyamızı icra edirik və edəcəyik! Ermənistan rəhbərliyi yaxşı düşünsün, hələ ki, gec deyil. Bizə yeddi şərt irəli sürür. Sən kimsən ki, bizə şərt qoyasan?! İndi baxım görüm nə şərt qoyursan bizə! Yıxılıb diz çöküb yalvarırsan ki, atəşkəs bərpa olunsun. Atəşkəs Ermənistanın baş nazirinin xahişi ilə 2 il ərzində bərpa olunmuşdu. Məndən xahiş etmişdi ki, daxildə vəziyyət ağırdır, oradan-buradan məni sıxırlar, mənə vaxt verin, mən bu məsələni həll edəcəyəm, mən yeni fikirlərlə gəlmişəm. Mən keçmişdə nə olub hamısının üstündən xətt çəkmişəm, imkan verin, vaxt verin. Dedim yaxşı. Nə oldu? Bir ildən sonra çıxış edib deyir ki, “Qarabağ Ermənistandır”. İndi desin “Qarabağ Ermənistandır”. İndi mənə olan zənglər və zənglər əsnasında gedən söhbətlər əlbəttə ki, konfidensial xarakter daşıyır və bəzi hallarda indi soruşurlar bəs, sizin şərtiniz nədir? Mənim şərtim birdir - çıxsın bizim torpaqlarımızdan, çıxsın, qarşıdurma dayansın. Amma sözdə yox, əməldə. Desin ki, mən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən işğal edilmiş torpaqlardan qoşunlarımızı çıxaracağam, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən Azərbaycan xalqından üzr istəyirəm və desin ki, Qarabağ Ermənistan deyil. Sonuncu şərt budur ki, qrafik versin, işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəli verilsin bizə. Onda biz əlbəttə ki, atəşkəs rejimini bərpa edəcəyik. Halbuki indi şiddətli döyüşlər getdiyi zaman bunu etmək çətindir. Çünki biz dayansaq, onlar dayanmayacaq. Amma hər halda, bunun üzərində işləmək olar. Yoxsa ki, siz dayanın, onlara vaxt verin. Nəyə vaxt verək? Vaxt verək ki, güc toplasınlar? Vaxt verək ki, yenə də adam toplasınlar bizə hücum etsinlər? Bizi belə sadəlövh sayırlar bunlar? Vaxt verin ki, bunlar gəlsinlər danışıqlara. Mən nə lazımdır dedim, vəssalam. Bu gün Cəbrayılın işğaldan azad edilməsi Ermənistana, onun havadarlarına dərs olmalıdır. Mən hadisələrdən əvvəl demişdim. Orada təxribat törətdi, dərs verdik, dərs olmadı. Burada təxribat törətdi, dərs verdik, dərs olmadı. Nəhayət, bu dəfə təxribat törətdi, dərs verdik, indi dərs oldu. Biz haqq-ədalət tərəfindəyik. Biz tarixin ən şərəfli anlarını yaşayırıq. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında bugünkü hadisələr xüsusi yerdədir. Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq. Biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” 20:18 Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edir. Müraciət AzTV vasitəsilə canlı yayımlanır.

Hamısını oxu
Soltan Hümmət oğlu Əzizov-100

Vətənə layiqli xidmətin nümunəsi   Doğrudur, vəzifə insanların potensial imkanlarının, ağıl və qabiliyyətinin üzə çıxmasında, tanınmasında, xətir-hörmət, nüfuz sahibi olmasında mühüm faktora, münbit zəminə çevrilə bilər. Elə adamlar var ki, uzun illər yüksək vəzifə, səlahiyyət sahibi olsalar da, həyatdan köçəndən sonra unudulur, adları çəkiləndə kimsə bir şey xatırlamır, ad bir şey demir. Adlar da var ki, üstündən on illər keçsə də, xalqın yaddaşından silinmir, haqqında danışmağa kifayət qədər söz tapılır. Ötən yüzillikdə yaşamış Əzizov Soltan Hümmət oğlu, adı ehtiramla çəkilən, rəhmətlə anılan, özündən sonra silinməz iz qoyub gedən insanlardandır.   II Dünya müharibəsində iştirak edən yüz minlərlə azərbaycanlı oğullarından biri də döyüşlərdə qəhrəmanlıq zirvəsinə yüksələn həmyerlimiz, odlu- alovlu döyüşlərdən keçib sağ-salamat doğma yurduna -  qədim mədəniyyət, həmçinin sənətkarlıq mərkəzi olan Şəki rayonuna alnı açıq, başı uca qayıdanlardan biri də diviziya komandirinin müavini Soltan Hümmət oğlu Əzizovdur. Onun II Dünya müharibəsi döyüşlərinin canlı əfsanəsi olduğunu desək heç də yanılmarıq.     1920-ci ilin 18 dekabr tarixində Şəki şəhərində anadan olan Əzizov Soltan Hümmət oğlu orta məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra kənd təsərrüfatı texnikumunu oxuyub başa vurmuş və Şəki rayon Böyük Dənhə kəndi kolxozunda sahə aqronomu kimi ilk əmək fəaliyyətinə başlamışdır.   1939-cu ildə hərbi xidmətə getmiş, İkinci dünya müharibəsi başlanan ilk aylardan diviziya komandirinin müavini kimi döyüşlərə atılmışdır. S.Əzizov Belarusiya Respublikasının Brest, Kursk, Oryol və digər şəhərlərdə tabeçiliyində olan əsgər və zabitlərlə birlikdə böyük döyüş şücaəti göstərmişdir.   İgidliyi dillər əzbəri olan Soltan Əzizov komandanlıq tərəfindən dəfələrlə mükafatlandırılmış, SSRİ-nin orden medalları ilə, yəni “Qırmızı ulduz” ordeni, 1-ci və 2–ci dərəcəli Böyük Vətən Müharibəsində xidmətlərinə görə medalları ilə təltif edilmişdir. Kenşperqin, Berlin və başqa şəhərlərin alınmasında əvəzsiz qəhrəmanlıqlar nümayiş etdirən azərbaycanlı zabit, qızğın döyüşlərdə ayrı-ayrı vaxtlarda bir neçə dəfə yaralanmış və müalicə aldıqdan sonra yenidən döyüşə girmişdir.   S.Əzizov rəhbərlik etdiyi diviziyanın çoxmillətli döyüşçüləri ilə birlikdə almanlara deyil, faşistlərə, işğalçılara, düşmənlərə nifrət bəsləyən, onları öz döyüş meydanlarında və nasistlərin yuvasında məhv edərək, Azərbaycan oğlu olaraq xalqımızı qürurlandırmışdır.   Qəhrəmanımız öz əsgərlərini təlimatlandıraraq göstərişlər verir və deyərdi ki, sabah dava başlasa, döyüş əmrini alsanız, gərək ona bu gündən tam hazır olasınız.   S.Əzizov 1946-cı ildə ordudan təxris olunmuşdur. Müharibədən sonrakı illərdə həyatını Azərbaycanın inkişafına, çiçəklənməsinə həsr edən Soltan müəllim, gözəl ailə başçısı olmaqla bərabər, eyni zamanda böyük bir nəslin ağsaqqalı kimi də yaddaşlara həkk olunub.   1946-cı ildən 1953-cü il tarixinədək respublikamızın şimal-qərb ərazisində yerləşən, öz mədəniyyəti, sənətkarlığı, ziyalılığı ilə sayılıb seçilən ölkəmizin yüngül sənaye və kənd təsərrüfatı məhsulları ilə təchiz olunmasında xeyli rolu olan Şəki rayonunun Partiya Komitəsində birinci katib vəzifəsində çalışmışdır.   Nümunəvi rəhbərliyi və çalışqanlığı, həmçinin yaradıcı və mübarizliyi ilə o vaxtkı respublika rəhbəri Mircəfər Bağırovun diqqətini çəkmiş və Soltan Hümmət oğlu Əzizovun daha irəli çəkilməsi məqsədi ilə o, Mərkəzi Komitənin təşəbbüsü ilə Moskva Ali Partiya Məktəbinə təhsilini davam etdirməyə göndərilmişdir.   1953-1956-cl illərdə SSRİ-nin paytaxtı Moskva şəhərində Ali Partiya Məktəbində təhsilini fərqlənmə ilə bitirdikdən sonra Soltan Hümmət oğlu Əzizov Azərbaycan Komunist Partiyası Mərkəzi Komitəsində məsul vəzifəyə - birinci katibin köməkçisi vəzifəsinə təyin edilməklə MK-nin inzibati orqanlar, plan-maliyyə və ticarət şöbəsinə rəhbərllik etmişdir.   Azərbaycan dövlətinin diqqət və qayğısı əhatəsində müvəfəqiyyətlə üzərinə düşən vəzifəni layiqincə icra edən Soltan Əzizov, 1962-1966-cı illərdə respublikamızın Ağdam və Sabirabad rayonlarında  məsul vəzifələrdə - Partiya Komitələrinin birinci katibi vəzifəsində çalışmış və həmin rayonların aqrar sahədə inkişaf etməsində və zəhmətkeşlərin rifahı və yaşayış tərzinin inkişafında böyük əhəmiyyətli işlər həyata keçirərək xalqın rəğbətini qazanmışdır.   Xalqımızın böyük bacarığa, zəkaya malik, hətta II Dünya müharibəsində diviziya komandirinin müavini olaraq döyüşlərdə şücaət göstərərək düşməni Berlinə kimi qovub, öz yuvasında məhv edərək, rəşadət göstərməklə Azərbaycan dövlətinin və millətimizin başını uca edən Soltan Hümmət oğlu Əzizov, 1966-cı ildə bacarıqlı, təşkilatçı və tələbkar, həmçinin, yüksək ixtisaslı kənd təsərrüfatı mütəxəssisi, xalqını sevən ləyaqətli, işgüzar kadr kimi respublika əhəmiyyətli işə irəli çəkilmişdir. 1982-ci ilədək demək olar ki, 16 ildən çox müddətə, əvvəl Azərbaycan Respublikası Meyvə-tərəvəz, çay subtropik bitkilər üzrə Dövlət Komitəsinin sədri, sonra sovxozlar naziri və respublika tədarük naziri vəzifələrində çalışmışdır. Qeyd olunan komitə və nazirliklərin inkişaf etdirilməsində, respublikamızın iqtisadiyyatının və kənd təsərrüfatının yüksəldilməsində, həmçinin, daha da irəli getməsinə böyük əmək sərf etmiş, durmadan çalışmışdır.   S.Əzizovun xidmətləri Azərbaycan dövlətinin diqqət və qayğısı əhatəsində yüksək qiymətləndirilmiş, Lenin ordeni, üç dəfə Qırmızı Əmək Bayrağı ordeni, Şərəf Nişanı ordeni və bir çox medallarla təltif edilmiş, eyni zamanda, Azərbaycan Respublikası Ali Sovetinin deputatı və Azərbaycan KP.MK-nin üzvü seçilmişdir.   Keçən əsrin 1941-1945-ci illəri, həmçinin II Dünya müharibəsindən sonrakı illəri Azərbaycan xalqının tarixinin parlaq səhifələridir. İndiki nəsillər bu illəri hörmət və ehtiramla yaxşı xatırlayırlar. O dövrün insanlarını -  həm ön cəbhədə əlində silahla vuruşan, həm də arxa cəbhədə misilsiz əməyi ilə çalışan insanları daima yada salmaqla, gənc nəsillər vətənpərvərlik ruhunda tərbiyə edilir, onlarda ülvi hislər və dəyərlər formalaşdırılır.   Soltan Hümmət oğlu Əzizov 1946-1953-cü illərdə məsul vəzifələrdə çalışdığı dövürlərdə belə, Mircəfər Bağırovun ən hirsli-hikkəli vaxtlarında sözünü eşidib məsləhətini dinlədiyi, hər zaman dəyər verdiyi tək-tük adamlardan idi, onun məhkəməsində də haqsız yerə üzünə durmayanlardan biri olub. Moskvanın bir çox antiazərbaycan planlarına qarşı dayanıb. Reallaşmasına qol qoymayıb.   Onun xatirələr toplusunu vərəqlədikdə nəcib insan, dəyərli vətəndaş, bacarıqlı təşkilatçının obrazı gözlərimiz önündə canlanır. Soltan Əzizovun mübarizlik, professionallıq, təvəzokarlıq onun xarakteri idi.   Soltan Əzizov rəhbər vəzifələrdə işlədiyi müddətdə, öz xalqına diqqətlə yanaşan, ədalətsizlikdən uzaq, xeyirxah, gözü, könlü tox, təmiz insan olub. Xeyirxahlıq onun ömür kredosu  idi.   Aqillərin söylədikləri kimi, həyatdan kam alan, həyatı dərk edən insanları sevənlər kamil sayırlar, yalnız belə adamlar sadəliyin təbəssümüdürlər. Belə insanlara etibar etmək, bel bağlamaq olar. Məhz onlar hər kəsə yararlı və səmimi insanlardır.   Həqiqətən də, II Dünya müharibəsi iştirakçısı, diviziya komandirinin müavini, rəşadətli, cəsur və qorxmaz zabit görkəmli dövlər xadimi, ictimai xadim S.Əzizov həmin insanlardandır.   Ahıl yaşlı olmasına və 1-ci qrup müharibə əlili olmasına baxmayaraq, Soltan Hümmət oğlu Əzizov təqaüdə çıxdıqdan sonra da respublikasımızın ictimai-siyasi həyatından kənarda qalmayıb. Azərbaycan Respublikası Ağsaqqallar Şurasının üzvü, “Qayğı” cəmiyyəti sədrinin birinci müavini və Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Təşkilatının Rəyasət Heyətinin üzvü olmuşdur. Qeyd olunan ictimai təşkilatların keçirdiyi tədbirlərdə yorulmadan və fəal iştirak etmişdir.   Soltan Əzizov vətəni Azərbaycana, o cümlədən doğulduğu Şəki şəhərinə,  xalqına, yaxınlarına bağlı bir insan idi. O, yay vaxtı əksər aylarda istirahətini anadan olduğu Şəki şəhərində, yaxınlarının, cəbhə yoldaşlarının yanında keçirir, rayonun inkişafı baxımından müxtəlif beynəlxalq-mədəni tədbirlərinin keçirilməsinə sevinir, hər kəsə fəaliyyətində yeni-yeni uğurlar əldə etməsini arzulayırdı.   II Dünya müharibəsi iştirakçısı, respublikamızın kənd təsərrüfatının qocaman təşkilatçılarından biri, görkəmli dövlət xadimi, ictimaiyətçi, üzündən xeyrxahlıq və təbəssüm əksik olmayan sadə və qayğıkeş insan,  dostlarının xeyr-şərindən qalmayan Soltan Hümmət oğlu Əzizov uzun sürən ağır xəstəlikdən sonra 2009-cu ildə 89 yaşında vəfat etmişdir.   Soltan Əzizov özündən sonra təmiz, ləkəsiz ad-san qoyub gedib, vəzifəsinin, nüfuzunun imkanı daxilində xalq, dövlət üçün yaxşı nə mümkün olubsa edib, cəmiyyətə dəyərli övladlar bəxş edib, təqaüdə çıxandan sonra da yaşadığı ömrə və XX əsrin əvəllərində Dağlıq Qarabağda  baş verən hadisələrə, tarixi həqiqətlərə güzgü tutan, Ağdam , Xankəndi, Xocalı, Tuğ, Malıbəyli, Kərcicahan, Kosalar, Gülablı kəndlərində  və ətraf kənd və rayonlarda erməni daşnaqlarının onlara qucaq açan, torpaq və çörək verən Azərbaycan xalqına, xüsusilə Dağlıq Qarabağda yaşayan soydaşlarımıza qarşı törətdikləri naqislik və düşmənçilik, həmçinin vəhşiliklər barədə öz xatirələrini yazıb. S.Əzizovun ən böyük arzusu torpaqlarımızın geri qayıtması ölkəmizin ərazi bütövlüyünün təmin olması idi.   Şəki rayon Müharibə, Əmək, Hüquq-mühafizə və Silahlı Qüvvələr Veteranlar Təşkilatının təşəbbüsü ilə 2015-ci ildə Soltan Əzizovun anadan olmasının 95-ci il dönümü münasibətilə qədirbilən dövlətimiz, xüsusilə Şəki Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən görkəmli dövlət xadimi, daima xalqına bağlı olan II Dünya müharibəsi veteranı Soltan Hümmət oğlu Əzizovun xatirəsini əbədiləşdimək məqsədilə onun doğulduğu və yaşadığı evə xüsusi  lövhə asılmış, həmçinin Şəki şəhərində yerləşən əsas küçələrdən birinin onun adına verilməsi rayon rəhbərliyi tərəfində rəsmiləşdirilmişdir.   Artıq Qəhrəmanımızın anadan olmasının 100 ili tamam olur. Bugün də Şəki rayonu ərazisində pandemiyanın qanunları çəçivəsində Soltan Hümmət oğlu Əzizovun xatirəsi yad edilməklə, ictimaiyətin nümayəndələrinin daima diqqətində saxlanılmaqdadır.   Soltan Əzizovun anadan olmasının 100 illiyi münasibətilə yazdığım bu kiçik yazını şair Məmməd Rahimin iki misrası ilə bitirmək istəyirəm. Bu iki misra gözəl əməllər yadigar qoyub dünyadan köçənlərə aiddir. O cümlədən, Soltan Əzizova...   Yarat, sən köçəndə ellər söyləsin: Dünyadan nə gözəl bir insan gedir.   Soltan müəllim Əzizov bir dövlət xadimi, həmçinin xalqımızın, nəslin ağsaqqalı olmaqla yaddaşlara həkk olunub. Həmişə hörmətlə xatırlanır. Şəki xalqı onunla həmyerli olaraq fəxr edir. Ruhu şad olsun, qəbri nurla dolsun.   Şəki rayon Veteranlar Təşkilatının çoxsaylı üzvüləri adından və şəxsən öz adımdan görkəmli dövlət xadimi, xalqın sevimlisi, II Dünya müharibəsi veteranı Soltan Hümmət oğlu Əzizova layiq  olduğu qiyməti vaxtında verən, onun xatirəsini əbədiləşdirən ölkə başçısına və Şəki Rayon İcra Hakimiyyətinin rəhbərliyinə, zəhməti keçən bütün əməkdaşlara dərin hörmət və ehtiramımızı bildiririk.   Şəki rayon Müharibə Əmək, Hüquq-Mühafizə və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədr müavini, istefada olan zabit Vaqif Əhmədov  

Hamısını oxu
Prezident İlham Əliyev Rusiya Təhlükəsizlik Şurasının katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Prezident Vladimir Putinin salamlarını dövlətimizin başçısına çatdırdı. Görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, təhlükəsizlik və bütün digər sahələrdə uğurla inkişaf etdiyi qeyd edildi, iki ölkənin dövlət başçıları arasında səmimi münasibətlərin əlaqələrimizin inkişafındakı rolu vurğulandı, Nikolay Patruşevin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı ekstremizmə, terrorçuluğa qarşı mübarizə ilə bağlı qanunvericilik və əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi bildirildi və bu səfərin münasibətlərimizin daha da inkişaf etdirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu. Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rusiya Prezidentinə çatdırmağı xahiş etdi.

Hamısını oxu