Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Soltan Hümmət oğlu Əzizov-100

Vətənə layiqli xidmətin nümunəsi   Doğrudur, vəzifə insanların potensial imkanlarının, ağıl və qabiliyyətinin üzə çıxmasında, tanınmasında, xətir-hörmət, nüfuz sahibi olmasında mühüm faktora, münbit zəminə çevrilə bilər. Elə adamlar var ki, uzun illər yüksək vəzifə, səlahiyyət sahibi olsalar da, həyatdan köçəndən sonra unudulur, adları çəkiləndə kimsə bir şey xatırlamır, ad bir şey demir. Adlar da var ki, üstündən on illər keçsə də, xalqın yaddaşından silinmir, haqqında danışmağa kifayət qədər söz tapılır. Ötən yüzillikdə yaşamış Əzizov Soltan Hümmət oğlu, adı ehtiramla çəkilən, rəhmətlə anılan, özündən sonra silinməz iz qoyub gedən insanlardandır.   II Dünya müharibəsində iştirak edən yüz minlərlə azərbaycanlı oğullarından biri də döyüşlərdə qəhrəmanlıq zirvəsinə yüksələn həmyerlimiz, odlu- alovlu döyüşlərdən keçib sağ-salamat doğma yurduna -  qədim mədəniyyət, həmçinin sənətkarlıq mərkəzi olan Şəki rayonuna alnı açıq, başı uca qayıdanlardan biri də diviziya komandirinin müavini Soltan Hümmət oğlu Əzizovdur. Onun II Dünya müharibəsi döyüşlərinin canlı əfsanəsi olduğunu desək heç də yanılmarıq.     1920-ci ilin 18 dekabr tarixində Şəki şəhərində anadan olan Əzizov Soltan Hümmət oğlu orta məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra kənd təsərrüfatı texnikumunu oxuyub başa vurmuş və Şəki rayon Böyük Dənhə kəndi kolxozunda sahə aqronomu kimi ilk əmək fəaliyyətinə başlamışdır.   1939-cu ildə hərbi xidmətə getmiş, İkinci dünya müharibəsi başlanan ilk aylardan diviziya komandirinin müavini kimi döyüşlərə atılmışdır. S.Əzizov Belarusiya Respublikasının Brest, Kursk, Oryol və digər şəhərlərdə tabeçiliyində olan əsgər və zabitlərlə birlikdə böyük döyüş şücaəti göstərmişdir.   İgidliyi dillər əzbəri olan Soltan Əzizov komandanlıq tərəfindən dəfələrlə mükafatlandırılmış, SSRİ-nin orden medalları ilə, yəni “Qırmızı ulduz” ordeni, 1-ci və 2–ci dərəcəli Böyük Vətən Müharibəsində xidmətlərinə görə medalları ilə təltif edilmişdir. Kenşperqin, Berlin və başqa şəhərlərin alınmasında əvəzsiz qəhrəmanlıqlar nümayiş etdirən azərbaycanlı zabit, qızğın döyüşlərdə ayrı-ayrı vaxtlarda bir neçə dəfə yaralanmış və müalicə aldıqdan sonra yenidən döyüşə girmişdir.   S.Əzizov rəhbərlik etdiyi diviziyanın çoxmillətli döyüşçüləri ilə birlikdə almanlara deyil, faşistlərə, işğalçılara, düşmənlərə nifrət bəsləyən, onları öz döyüş meydanlarında və nasistlərin yuvasında məhv edərək, Azərbaycan oğlu olaraq xalqımızı qürurlandırmışdır.   Qəhrəmanımız öz əsgərlərini təlimatlandıraraq göstərişlər verir və deyərdi ki, sabah dava başlasa, döyüş əmrini alsanız, gərək ona bu gündən tam hazır olasınız.   S.Əzizov 1946-cı ildə ordudan təxris olunmuşdur. Müharibədən sonrakı illərdə həyatını Azərbaycanın inkişafına, çiçəklənməsinə həsr edən Soltan müəllim, gözəl ailə başçısı olmaqla bərabər, eyni zamanda böyük bir nəslin ağsaqqalı kimi də yaddaşlara həkk olunub.   1946-cı ildən 1953-cü il tarixinədək respublikamızın şimal-qərb ərazisində yerləşən, öz mədəniyyəti, sənətkarlığı, ziyalılığı ilə sayılıb seçilən ölkəmizin yüngül sənaye və kənd təsərrüfatı məhsulları ilə təchiz olunmasında xeyli rolu olan Şəki rayonunun Partiya Komitəsində birinci katib vəzifəsində çalışmışdır.   Nümunəvi rəhbərliyi və çalışqanlığı, həmçinin yaradıcı və mübarizliyi ilə o vaxtkı respublika rəhbəri Mircəfər Bağırovun diqqətini çəkmiş və Soltan Hümmət oğlu Əzizovun daha irəli çəkilməsi məqsədi ilə o, Mərkəzi Komitənin təşəbbüsü ilə Moskva Ali Partiya Məktəbinə təhsilini davam etdirməyə göndərilmişdir.   1953-1956-cl illərdə SSRİ-nin paytaxtı Moskva şəhərində Ali Partiya Məktəbində təhsilini fərqlənmə ilə bitirdikdən sonra Soltan Hümmət oğlu Əzizov Azərbaycan Komunist Partiyası Mərkəzi Komitəsində məsul vəzifəyə - birinci katibin köməkçisi vəzifəsinə təyin edilməklə MK-nin inzibati orqanlar, plan-maliyyə və ticarət şöbəsinə rəhbərllik etmişdir.   Azərbaycan dövlətinin diqqət və qayğısı əhatəsində müvəfəqiyyətlə üzərinə düşən vəzifəni layiqincə icra edən Soltan Əzizov, 1962-1966-cı illərdə respublikamızın Ağdam və Sabirabad rayonlarında  məsul vəzifələrdə - Partiya Komitələrinin birinci katibi vəzifəsində çalışmış və həmin rayonların aqrar sahədə inkişaf etməsində və zəhmətkeşlərin rifahı və yaşayış tərzinin inkişafında böyük əhəmiyyətli işlər həyata keçirərək xalqın rəğbətini qazanmışdır.   Xalqımızın böyük bacarığa, zəkaya malik, hətta II Dünya müharibəsində diviziya komandirinin müavini olaraq döyüşlərdə şücaət göstərərək düşməni Berlinə kimi qovub, öz yuvasında məhv edərək, rəşadət göstərməklə Azərbaycan dövlətinin və millətimizin başını uca edən Soltan Hümmət oğlu Əzizov, 1966-cı ildə bacarıqlı, təşkilatçı və tələbkar, həmçinin, yüksək ixtisaslı kənd təsərrüfatı mütəxəssisi, xalqını sevən ləyaqətli, işgüzar kadr kimi respublika əhəmiyyətli işə irəli çəkilmişdir. 1982-ci ilədək demək olar ki, 16 ildən çox müddətə, əvvəl Azərbaycan Respublikası Meyvə-tərəvəz, çay subtropik bitkilər üzrə Dövlət Komitəsinin sədri, sonra sovxozlar naziri və respublika tədarük naziri vəzifələrində çalışmışdır. Qeyd olunan komitə və nazirliklərin inkişaf etdirilməsində, respublikamızın iqtisadiyyatının və kənd təsərrüfatının yüksəldilməsində, həmçinin, daha da irəli getməsinə böyük əmək sərf etmiş, durmadan çalışmışdır.   S.Əzizovun xidmətləri Azərbaycan dövlətinin diqqət və qayğısı əhatəsində yüksək qiymətləndirilmiş, Lenin ordeni, üç dəfə Qırmızı Əmək Bayrağı ordeni, Şərəf Nişanı ordeni və bir çox medallarla təltif edilmiş, eyni zamanda, Azərbaycan Respublikası Ali Sovetinin deputatı və Azərbaycan KP.MK-nin üzvü seçilmişdir.   Keçən əsrin 1941-1945-ci illəri, həmçinin II Dünya müharibəsindən sonrakı illəri Azərbaycan xalqının tarixinin parlaq səhifələridir. İndiki nəsillər bu illəri hörmət və ehtiramla yaxşı xatırlayırlar. O dövrün insanlarını -  həm ön cəbhədə əlində silahla vuruşan, həm də arxa cəbhədə misilsiz əməyi ilə çalışan insanları daima yada salmaqla, gənc nəsillər vətənpərvərlik ruhunda tərbiyə edilir, onlarda ülvi hislər və dəyərlər formalaşdırılır.   Soltan Hümmət oğlu Əzizov 1946-1953-cü illərdə məsul vəzifələrdə çalışdığı dövürlərdə belə, Mircəfər Bağırovun ən hirsli-hikkəli vaxtlarında sözünü eşidib məsləhətini dinlədiyi, hər zaman dəyər verdiyi tək-tük adamlardan idi, onun məhkəməsində də haqsız yerə üzünə durmayanlardan biri olub. Moskvanın bir çox antiazərbaycan planlarına qarşı dayanıb. Reallaşmasına qol qoymayıb.   Onun xatirələr toplusunu vərəqlədikdə nəcib insan, dəyərli vətəndaş, bacarıqlı təşkilatçının obrazı gözlərimiz önündə canlanır. Soltan Əzizovun mübarizlik, professionallıq, təvəzokarlıq onun xarakteri idi.   Soltan Əzizov rəhbər vəzifələrdə işlədiyi müddətdə, öz xalqına diqqətlə yanaşan, ədalətsizlikdən uzaq, xeyirxah, gözü, könlü tox, təmiz insan olub. Xeyirxahlıq onun ömür kredosu  idi.   Aqillərin söylədikləri kimi, həyatdan kam alan, həyatı dərk edən insanları sevənlər kamil sayırlar, yalnız belə adamlar sadəliyin təbəssümüdürlər. Belə insanlara etibar etmək, bel bağlamaq olar. Məhz onlar hər kəsə yararlı və səmimi insanlardır.   Həqiqətən də, II Dünya müharibəsi iştirakçısı, diviziya komandirinin müavini, rəşadətli, cəsur və qorxmaz zabit görkəmli dövlər xadimi, ictimai xadim S.Əzizov həmin insanlardandır.   Ahıl yaşlı olmasına və 1-ci qrup müharibə əlili olmasına baxmayaraq, Soltan Hümmət oğlu Əzizov təqaüdə çıxdıqdan sonra da respublikasımızın ictimai-siyasi həyatından kənarda qalmayıb. Azərbaycan Respublikası Ağsaqqallar Şurasının üzvü, “Qayğı” cəmiyyəti sədrinin birinci müavini və Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Təşkilatının Rəyasət Heyətinin üzvü olmuşdur. Qeyd olunan ictimai təşkilatların keçirdiyi tədbirlərdə yorulmadan və fəal iştirak etmişdir.   Soltan Əzizov vətəni Azərbaycana, o cümlədən doğulduğu Şəki şəhərinə,  xalqına, yaxınlarına bağlı bir insan idi. O, yay vaxtı əksər aylarda istirahətini anadan olduğu Şəki şəhərində, yaxınlarının, cəbhə yoldaşlarının yanında keçirir, rayonun inkişafı baxımından müxtəlif beynəlxalq-mədəni tədbirlərinin keçirilməsinə sevinir, hər kəsə fəaliyyətində yeni-yeni uğurlar əldə etməsini arzulayırdı.   II Dünya müharibəsi iştirakçısı, respublikamızın kənd təsərrüfatının qocaman təşkilatçılarından biri, görkəmli dövlət xadimi, ictimaiyətçi, üzündən xeyrxahlıq və təbəssüm əksik olmayan sadə və qayğıkeş insan,  dostlarının xeyr-şərindən qalmayan Soltan Hümmət oğlu Əzizov uzun sürən ağır xəstəlikdən sonra 2009-cu ildə 89 yaşında vəfat etmişdir.   Soltan Əzizov özündən sonra təmiz, ləkəsiz ad-san qoyub gedib, vəzifəsinin, nüfuzunun imkanı daxilində xalq, dövlət üçün yaxşı nə mümkün olubsa edib, cəmiyyətə dəyərli övladlar bəxş edib, təqaüdə çıxandan sonra da yaşadığı ömrə və XX əsrin əvəllərində Dağlıq Qarabağda  baş verən hadisələrə, tarixi həqiqətlərə güzgü tutan, Ağdam , Xankəndi, Xocalı, Tuğ, Malıbəyli, Kərcicahan, Kosalar, Gülablı kəndlərində  və ətraf kənd və rayonlarda erməni daşnaqlarının onlara qucaq açan, torpaq və çörək verən Azərbaycan xalqına, xüsusilə Dağlıq Qarabağda yaşayan soydaşlarımıza qarşı törətdikləri naqislik və düşmənçilik, həmçinin vəhşiliklər barədə öz xatirələrini yazıb. S.Əzizovun ən böyük arzusu torpaqlarımızın geri qayıtması ölkəmizin ərazi bütövlüyünün təmin olması idi.   Şəki rayon Müharibə, Əmək, Hüquq-mühafizə və Silahlı Qüvvələr Veteranlar Təşkilatının təşəbbüsü ilə 2015-ci ildə Soltan Əzizovun anadan olmasının 95-ci il dönümü münasibətilə qədirbilən dövlətimiz, xüsusilə Şəki Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən görkəmli dövlət xadimi, daima xalqına bağlı olan II Dünya müharibəsi veteranı Soltan Hümmət oğlu Əzizovun xatirəsini əbədiləşdimək məqsədilə onun doğulduğu və yaşadığı evə xüsusi  lövhə asılmış, həmçinin Şəki şəhərində yerləşən əsas küçələrdən birinin onun adına verilməsi rayon rəhbərliyi tərəfində rəsmiləşdirilmişdir.   Artıq Qəhrəmanımızın anadan olmasının 100 ili tamam olur. Bugün də Şəki rayonu ərazisində pandemiyanın qanunları çəçivəsində Soltan Hümmət oğlu Əzizovun xatirəsi yad edilməklə, ictimaiyətin nümayəndələrinin daima diqqətində saxlanılmaqdadır.   Soltan Əzizovun anadan olmasının 100 illiyi münasibətilə yazdığım bu kiçik yazını şair Məmməd Rahimin iki misrası ilə bitirmək istəyirəm. Bu iki misra gözəl əməllər yadigar qoyub dünyadan köçənlərə aiddir. O cümlədən, Soltan Əzizova...   Yarat, sən köçəndə ellər söyləsin: Dünyadan nə gözəl bir insan gedir.   Soltan müəllim Əzizov bir dövlət xadimi, həmçinin xalqımızın, nəslin ağsaqqalı olmaqla yaddaşlara həkk olunub. Həmişə hörmətlə xatırlanır. Şəki xalqı onunla həmyerli olaraq fəxr edir. Ruhu şad olsun, qəbri nurla dolsun.   Şəki rayon Veteranlar Təşkilatının çoxsaylı üzvüləri adından və şəxsən öz adımdan görkəmli dövlət xadimi, xalqın sevimlisi, II Dünya müharibəsi veteranı Soltan Hümmət oğlu Əzizova layiq  olduğu qiyməti vaxtında verən, onun xatirəsini əbədiləşdirən ölkə başçısına və Şəki Rayon İcra Hakimiyyətinin rəhbərliyinə, zəhməti keçən bütün əməkdaşlara dərin hörmət və ehtiramımızı bildiririk.   Şəki rayon Müharibə Əmək, Hüquq-Mühafizə və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədr müavini, istefada olan zabit Vaqif Əhmədov  

2021-03-29 00:00:00
3940 baxış

Digər xəbərlər

Prezident “Abşeron” yatağının təməlqoyma mərasimində iştirak etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib. Dövlət başçısı mərasimdən sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibə verib. Müsahibə yaxın saatlarda yayımlanacaq.

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında “44 Gün - Tarixi Zəfər” kitabının III cildinin təqdimatı keçirilib

4 dekabr 2024-cü il saat 14:00-da Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında  Azərbaycan Respublikası Xatirə Kitabı Redaksiyası tərəfindən nəşr edilən “44 Gün - Tarixi Zəfər” kitabının III cildinin təqdimatı keçirilib. Tədbirdə şəhid ailələri, veteranlar, media mənsubları və ziyalılar iştirak edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov tədbiri açıq elan edib. Açılışdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Tədbirdə çıxış edən polkovnik Cəlil Xəlilov 44 günlük Vətən müharibəsinin önəmindən danışıb, hərbçilərimizin müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu müharibədə göstərdiyi qəhrəmanlıqlara diqqət çəkib. Cəlil Xəlilov qeyd edib ki, illər, əsrlər keçsə də şəhdilərimizin, qazilərimizin bu müharibədə göstərdiyi qəhrəmanlıqlar hər zaman ehtiram hissi ilə xatırlanacaq və yad ediləcək. Təşkilat sədri “44 Gün - Tarixi Zəfər” kitabının III cildinin də bundna əvvəlki cildlər kimi mükəmməl şəkildə hazırlandığını bildirib, buna görə Azərbaycan Respublikası Xatirə Kitabı Redaksiyasına öz təşəkkürünü bildirib. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Xatirə Kitabı Redaksiyasının baş direktoru Nəzakət Məmmədova kitabın ərsəyə gəlməsi üçün görülən işlərdən danışıb, şəhidlərimizin qəhrəmanlığının bundan sonra da tədqiqat və təbliğat mövzusu olacağını bildirib. Tədbirdə çıxış edən, Mədəniyyət Nazirliyinin əməkdaşı Kəmalə Əliyarova, “Bakı xəbər” qəzetinin baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aydın Quliyev də “44 Gün - Tarixi Zəfər” kitabının əhəmiyyətindən danışıb, kitabın nəşrini hərb tariximizin əbədiləşdirilməsi baxımından atılan mühüm addım kimi dəyərləndirib. Tədbirin sonunda “Vətən daşı” sənədli filmi nümayiş olunub, xatirə şəkli çəkilib.  

Hamısını oxu
İkinci Dünya müharibəsi veteranı Tacirə Qaziyeva vəfat edib

Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı İkinci Dünya müharibəsinin veteranı Qaziyeva Tacirə Həmid qızının  vəfatından kədərləndiyinii bildirir və ailəsinə dərin hüznlə başsağlığı veririk. Qaziyeva Tacirə Həmid qızı  29.12.1924-c ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1942-ci ildə Naxçıvan MR Hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Qafqazın alman faşistlərindən azad olunmasında tibb bacısı kimi fəal iştirak etmişdir Azərbaycan Respublikasının ictimai-siyası həyatında və veteran hərəkətanında, Təşkilatımızın keçirdiyi tədbirlərdə, ali və orta məktəblərdə gənclər arasında vətənpərvərlik mövzusunda sistematik görüşlərdə fəal iştirak etmişdir. Bir çox medallarla təltif olunmuşdur. Allah rəhmət eləsin!  

Hamısını oxu
Azərbaycan Milli Mətbuatının 150 İllik Yubileyi nünasibətilə TƏBRIK MƏKTUBU

Hörmətli media nümayəndələri,   Sizi 22 iyul Milli Mətbuat Günü münasibətilə təbrik edir, çətin, şərəfli və son dərəcə məsuliyyət tələb edən xidmətinizdə yeni uğurlar arzulayırıq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 aprel 2025-ci il tarixli sərəncamı ilə milli mətbuatımızın 150 illik yubileyi ölkəmizdə geniş şəkildə qeyd olunur. Bu 150 illik zəngin mətbuat tariximizə verilən yüksək qiymətin və dərin ehtiramın ifadəsidir.   1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi tərəfindən nəşrə başlayan "Əkinçi" qəzeti Azərbaycanın ilk milli mətbuat nümunəsi və oyanışın başlanğıc səsi oldu.   Cəmi iki il nəşr olunsa da, milli düşüncənin təməlini qoydu, ictimai və siyasi fikrin formalaşmasına təkan verdi. Bu gün xalqımızın jurnalistika irsində "Əkinçi" qəzetinin mövqeyi bir təməl, bir başlanğıc olaraq yaşayır.   Azərbaycan Xalq Cümhuriyyəti dövründə mətbuatın inkişafı söz və fikir azadlığının Konstitusiya ilə təsbit olunması ilə daha da genişlənmiş, yüzlərlə qəzet və jurnalın nəşri həyata keçirilmişdir. Bu nəşrlər cəmiyyətin demokratik dəyərlərlə tanış olmasında və dövlətin fəaliyyətinin izahında mühüm rol oynamışdır.   Azərbaycan mətbuatı XX əsrin ikinci yarısında da öz maarifçilik missiyasını davam etdirdi. “Azərbaycan”, “Ulduz”, “Elm və Həyat” jurnalları, “Ədəbiyyat və İncəsənət” qəzeti, dövrün ədəbi, elmi və mədəni həyatının daşıyıcısına çevrildi. 1990-cı illər Milli Azadlıq Hərəkatı və Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə yeni bir dövr başlandı. “Azadlıq”, “Yeni Musavat”, “Ayna”, “Zerkalo”, “525-ci qəzet”, “Bizim yol” kimi nəşrlər azad sözün səsinə çevrildi. Mətbuat, ictimai nəzarətin, milli ideya və demokratik cəmiyyət quruculuğunun əsas dayaqlarından birinə çevrildi. Bu dövrdə Azərbaycan dövlətçiliyinin təməlini qoymuş Ümummilli lider Heydər Əliyev mətbuatın inkişafına xüsusi önəm verdi. Onun təşəbbüsü ilə 1998-ci ildə senzura ləğv edildi, jurnalistlərin sosial müdafiəsi gücləndirildi. Onun rəhbərliyi ilə dövlət-mətbuat münasibətləri yeni mərhələyə qədəm qoydu. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu ənənə uğurla davam etdirildi.   Bu gün Azərbaycan mətbuatı rəqəmsal dövrə qədəm qoymuşdur. Sosial şəbəkələr, media, vətəndaş jurnalistikası informasiya məkanını daha da genişləndirmiş, informasiya əldə etmə imkanlarını artırmışdır. Eyni zamanda, media etikası, informasiya təhlükəsizliyi, süni intellektin tətbiqi kimi yeni çağırışlar jurnalistikanın qarşısında yeni məsuliyyətlər qoyur.   Xüsusilə 2020-ci ilin payızında baş vermiş 44 günlük Vətən müharibəsi dövründə bu missiya daha da böyük əhəmiyyət qazandı. Cəbhədə döyüşən əsgərlərimiz torpaqlarımızı işğaldan azad edərkən, informasiya cəbhəsində jurnalistlər və media nümayəndələri də öz qəhrəmanlıqları ilə seçildilər. Vətən müharibəsi təkcə silahlarla deyil, həm də informasiya ilə aparılırdı. Düşmən saxta xəbərlər yayaraq beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışdığı bir vaxtda, Azərbaycan mətbuatı dəqiq, rəsmi və obyektiv məlumatlarla informasiya savaşının ön cəbhəsində yer aldı. Jurnalistlərimiz öz həyatlarını riskə ataraq cəbhə bölgəsindən reportajlar hazırlayır, dünyaya həqiqətləri çatdırırdılar. Onların fəaliyyəti nəticəsində beynəlxalq mediada da Azərbaycan reallıqlarına yer verildi. Bu dövrdə Azərbaycan mətbuatı təkcə məlumat ötürücüsü olmadı, həm də milli birliyin, həmrəyliyin nümunəsi oldu.   Hörmətli media nümayəndələri,   Bu möhtəşəm yubiley münasibətilə Azərbaycan mətbuatının bütün nümayəndələrini, qələm sahiblərini, ziyalılarımızı və jurnalist camiəsini ürəkdən təbrik edir, onlara haqq səsini daim ucaldan, cəmiyyətin vicdanını ifadə edən nurlu yolçular kimi tükənməz yaradıcılıq enerjisi, əqidə möhkəmliyi və möhkəm can sağlığı arzulayırıq. Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının çoxsaylı milli üzvləri və təşkilatın sədri olaraq öz adımdan, eləcə də Azərbaycan ictimaiyyəti adından əziz media nümayəndələrinə dərin minnətdarlığımızı bildirir, fədakar fəaliyyətinizin xalqımıza daim işıq tutmasını diləyirik.   Dərin hörmətlə,   Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov  

Hamısını oxu