Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Veteranların sosial təminatının yaxşılaşdırılması üçün tədbirlər planı hazırlanır

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov, nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov və Sosial təminat siyasəti şöbəsinin müdir müavini Pərviz İbrahimli ilə görüş keçirilib. Təşkilatdan AZƏRTAC-a bildiriblər ki, Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova görüşdə qonaqlara təşkilat haqqında məlumat verib. Veteran hərəkatının bayraqdarı olan Respublika Veteranlar Təşkilatının gördüyü işlər, xüsusən gənclərin vətənpərvərlik tərbiyəsində fəaliyyət, veteranların ictimai-sosial vəziyyətinin diqqət mərkəzində saxlanılması, tariximizin və qəhrəmanlarımızın tanıdılması və gələcək nəslə ötürülməsi istiqamətində görülən işlər haqqında danışıb. O, həmçinin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın veteran hərəkatına göstərdikləri misilsiz xidmətləri sayəsində Azərbaycanın bu sahədə dünyanın öndə gələn ölkələrdən biri olduğunu deyib. Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov Azərbaycanda müharibə veteranlarına yüksək dövlət qayğısı göstərilməsinə ümummilli lider Heydər Əliyev tərəfindən başlanıldığını, İkinci Dünya müharibəsi veteranlarının sosial müdafiəsinin gücləndirilməsinin Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin prioritetlərindən biri olduğunu vurğulayıb. Görüşdə çıxış edən Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımların atılmasını, sosial inkişafda ciddi irəliləyişləri təmin etdiyini bildirib. Respublika Veteranlar Təşkilatının veteran hərəkatının həyata keçirilməsində xüsusi yeri və rolu olduğunu, eləcə də Azərbaycan veteranlarını tarixin hər bir mərhələsində xalqımızın pasionar qüvvəsi kimi qeyd edib. 1941-1945-ci illər İkinci Dünya müharibəsi, Əfqanıstan və Qarabağ müharibəsi veteranlarının və tarixi qələbəni bizə bəxş edən 44 günlük Vətən müharibəsi iştirakçılarının sosial vəziyyətinin daha da yaxşılaşdırılmasının dövlət tərəfindən həyata keçirilən əsas prioritet məsələlərdən biri olduğunu vurğulayıb. O, həmçinin bildirib ki, bütün sosial proqramlar kimi, şəhid ailələrinin və Qarabağ müharibəsi iştirakçılarının sosial təminatı proqramı da ildən-ilə uğurla davam etdirilir və əhəmiyyətli şəkildə genişləndirilir. Veteranların sosial təminatının yaxşılaşdırılması istiqamətində görüləcək işlər, həyata keçiriləcək tədbirlər ətrafında fikir mübadiləsi aparılıb. A.Kərimov görüşdəki fikir mübadiləsinin xüsusi önəm daşıdığını, Respublika Veteranlar Təşkilatı ilə birgə hazırlanacaq tədbirlər planının respublikamızda veteran hərəkatına xüsusi töhfə verəcəyini diqqətə çatdırıb. Qısa zamanda Respublika Veteranlar Təşkilatı ilə birgə hazırlanacaq tədbirlərin birlikdə fəaliyyətin müsbət nəticələr verəcəyinə inamını ifadə edib.

2021-02-17 00:00:00
4044 baxış

Digər xəbərlər

"Azpetrol" şirkəti şəhid ailəsini yanacaqla təmin edib

Veteran.gov.az xəbər verir ki, 44 günlük Vətən Müharibəsində şücaəti ilə seçilən şəhid, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) xüsusi əməliyyatlar taborunun döyüş qrupunun hücumçu kəşfiyyatçı giziri Şəhriyar Quliyevin atası Nəsib Quliyev “Azpetrol” şirkətinə müraciət edib. N.Quliyev şirkətdən Qarabağa səfər üçün yanacaqla təmin olunmasını xahiş edib. Şəhid ailəsinin istəyini həyata keçirən “Azpetrol” şirkəti ailəni yanacaqla təmin edib.   Qarabağ Azərbaycandır.   Azpetrol-Daim inkişafa doğru!  

Hamısını oxu
“Bu orden Birinci vitse-prezident Mehriban Əliyevanın timsalında xalqımızın humanizminə verilən qiymətdir”

Məlum olduğu kimi, Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill, Rus Pravoslav kilsəsinin I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordenini Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təqdim edib. Azərbaycanın birinci xanımı bu ordenə cəmiyyətdə ənənəvi dəyərlərin qorunub saxlanmasına, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına verdiyi töhfələrə görə Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin fərmanına əsasən layiq görülüb. Veteran.gov.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, bunu Birinci vitse-prezidentin planetimizin ən müxtəlif bölgələrində, eləcə də Rusiyada mədəni-humanitar sahədə həyata keçridiyi uğurlu fəaliyyətlə əalqələndirib:  “Heç kimə sirr deyil ki, hörmətli Mehriban xanım yalnız Azərbaycanda deyil, respublikamızın hüdudlarından kənarda da mədəni-humanitar baxımından geniş fəaliyyət ortaya qoyur, bəşəri dəyərləri rəhbər tutaraq mühüm layihələrin həyata keçirilməsinə dəstək verir. Bu baxımdan Birinci vitse-prezidentimizin, həmçinin onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Rusiyada humanitar xarakterli mühüm işlər gördüyü, böyük yeniliklərə imza atdığı məlumdur. Məlumat üçün qeyd edim ki, Heydər Əliyev Fondu Rusiyanın paytaxtı Moskva şəhərində, eləcə də bu ölkənin 10-dan çox regionunda uşaq evlərinin, məktəblərin təmirindən tutmuş, tarixi-mədəni və dini abidələrin bərpasına qədər bir çox sahədə uğurlu layihələr həyata keçirib, xalqlararası mədniyyət və dostluğa böyük töhflər verib. Bu baxımdan Mehriban xanımın “Müqəddəs Knyaginya Olqa” ordeni ilə təltif edilməsi təqdirəlayiqdir və hər birimizdə qürur hissi doğurur”. Polkovnik Cəlil Xəlilov Mehriban Əliyevanın “Müqəddəs Knyaginya Olqa” ordeni ilə təltif edilməsini bütövlükdə Azərbaycan xalqının humanizminə, xeyirxahlığına verilən qiymət kimi xarakterizə edib: “Azərbaycan dövləti hər zaman öz milli maraqları ilə yanaşı, həm də ümumbəşəri maraqları, bütün insanlığın və planetin maraqlarını əsas götürüb, atdığı hər bir addımda məhz bu prinsipə istinad edib. Prezidentimizin pandemiya dönəmində Afrika və Asiya ölkələrinə verdiyi dəstək bunun bariz nümunəsidir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da, onun rəhbərlik etdiyi Fond da məhz ümumbəşəri dəyərlər və maraqlar aspektində böyük nailiyyətlərə imza atıb. Mehriban xanım özünün çoxşaxəli fəaliyyəti ilə Azərbaycan xalqının ən ali keyfiyyətlərini parlaq şəkildə nümayiş etdirib. Bu mənada hörmətli Mehriban xanıma verilən bu təltifi bütövlükdə Azərbaycan xalqına, xalqımızın sonsuz humanizmi və xeyirxahlığına verilən qiymət hesab edir, bu münasibətlə Birinci vitse-prezidentimizin timsalında, həm də Azərbayacn xalqını təbrik edirəm”. Seymur ƏLİYEV  

Hamısını oxu
Polkovnik Cəlil Xəlilovun Moskvadakı Çıxışı: Tarixi İrsin Beynəlxalq Arenada Təbliği

Tarix bir millətin yaddaşıdır. Hər dövrün öz igidləri, hər zəfərin öz daşıyıcıları olur. Bəzən bu yaddaş unudulmağa üz tutur. Amma elə anlar var ki, o yaddaş yenidən dirçəlir, çağdaş dünyaya qürurlu bir səslə ucalır. Məhz belə anlardan biri bu gün Moskvada yaşandı. Rusiya paytaxtında İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 80 illik yubileyi münasibətilə keçirilən beynəlxalq konfransda "Vətən müdafiəçilərinin xatirəsinin əbədiləşdirilməsi, veteran təşkilatlarının və komitələrinin, nəsillərin davamlılığını qoruması, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi" müzakirə olundu. Bu konfransda Azərbaycanın səsi ucadan və qürurla eşidildi. Bu səs qələbəyə 600 mindən çox oğul və qızını yola salan, onların yarıdan çoxunu torpağa əmanət edən, amma yenə də başı dik dayanan bir xalqın - Azərbaycan xalqının səsi idi.Azərbaycan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov konfransda çıxış edərək xalqımızın həmin dəhşətli illərdə göstərdiyi qəhrəmanlığı, fədakarlığı və əzmi dünya ictimaiyyətinə bir daha çatdırdı. O bildirdi ki, Azərbaycan SSRİ-nin tərkibində olsa da, müharibədə göstərdiyi rəşadət yalnız sovet tarixində deyil, ümumilikdə dünya müharibələri tarixində də mühüm iz qoyub. 600 mindən çox azərbaycanlının döyüşlərə yollanması, könüllülərin qısa zamanda 25 min nəfərə çatması və ümumilikdə əhalinin üçdə birinin cəbhəyə səfərbər olunması bu xalqın vətənpərvərlik ruhunun göstəricisidir. Bu insanlardan bəziləri Berlinə qədər irəlilədi, bəziləri Qafqaz dağlarında, Volqa sahillərində, ya da Şərqi Avropa şəhərlərində canını torpağa əmanət etdi. Hər bir halda isə onların hər biri tarixə qəhrəman kimi düşdü.Bu müharibənin tarixində diviziyalarla yazılan qəhrəmanlıq dastanı yazıldı. Formalaşdırılmış 77-ci, 223-cü, 402-ci və 416-cı diviziyalar Azərbaycan xalqının qürur mənbəyinə çevrildi. Xüsusilə 416-cı diviziya Berlinə qədər irəliləyərək Reyxstaqa hücum edən qoşunlar arasında yer aldı. Bu diviziyanın 8 əsgəri Sovet İttifaqı Qəhrəmanı adına, minlərlə döyüşçüsü isə müxtəlif orden və medallara layiq görüldü.Polkovnik Cəlil Xəlilovun çıxışı sadəcə bir məruzə deyildi, həm də yaddaşın, qürurun və tarixi ədalətin çağırışı idi. Cəlil Xəlilov Azərbaycanın müharibədəki iqtisadi və texnoloji töhfələrinə də diqqət çəkdi. O vurğuladı ki, Bakı müharibə dövründə Qələbənin neft paytaxtına çevrilmişdi. Bakı neftçiləri cəbhəyə 75 milyon ton neft, 22 milyon ton benzin, eləcə də yüksək oktanlı təyyarə yanacağının 90 faizini göndərmişdi. Burada “Katyuşa” qurğularından tutmuş, zirehli texnikaya və geyimə qədər 130-dan çox silah və sursat növü istehsal olunurdu. Müharibə illərində Bakı gecələri qaranlığa bürünsə də, bu şəhər tanklara və təyyarələrə güc, əsgərlərə döyüş ruhu verirdi. Hər alovlanan neft buruğunda bir əsgərin nəfəsi vardı.Polkovnik Cəlil Xəlilov arxa cəbhənin görünməyən qəhrəmanlardan danışdı və qeyd etdi ki, arxa cəbhədə xüsusilə Azərbaycan qadınlarının qəhrəmanlığı diqqətəlayiq idi. 15 min tibb bacısı, 750 rabitəçi, 3 min sürücü cəbhəyə göndərildi. Sənaye sexlərində, zavodlarda, kənd təsərrüfatında və hospitalarda çalışan minlərlə qadın müharibənin görünməyən, amma həlledici cəbhəsində döyüşürdü. Ölkədəki 70-dən artıq hospitalda 441 min yaralı əsgər müalicə olundu. Azərbaycanın alim və mühəndisləri o cümlədən akademik Yusif Məmmədəliyev yüksək keyfiyyətli aviasiya benzininin istehsalında mühüm rol oynadı. Azərbaycan xalqı bununla kifayətlənmədi. Müdafiə Fondu üçün 311 milyon manat, 15 kiloqram qızıl, 952 kiloqram gümüş, 125 vaqon isti paltar və 1,6 milyon müxtəlif əşya toplanaraq cəbhəyə göndərildi. Bu təkcə yardımlaşma deyil, ürəkdən gələn vətən sevgisinin təzahürü idi. Həmçinin Polkovnik Cəlil Xəlilov Azərbaycanın yetişdirdiyi qəhrəmanlardan da danışdı. Həzi Aslanov tank qoşunları general-mayoru iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən yeganə azərbaycanlı idi. Mehdi Hüseynzadə "Mixaylo" ləqəbi ilə Adriatik sahillərində həyata keçirdiyi partizan əməliyyatları ilə tarixə düşdü. Bundan əlavə İsrafil Məmmədov, Ziya Bünyadov, Qafur Məmmədov, Gəray Əsədov, Məlik Məhərrəmov, Hüseynbala Əliyev, Yusif Quliyev kimi qəhrəmanların adları bu gün də xalqımızın qürur mənbəyidir. 123 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı, 34 nəfər isə “Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülmüşdür.Çıxışında Polkovnik Cəlil Xəlilov azərbaycanlı döyüşçülərin adlarının digər ölkələrdə də əbədiləşdirilməsinin vacibliyini vurğuladı. O bildirdi ki, Azərbaycan övladları yalnız SSRİ ərazisində deyil, Şərqi Avropanın bir çox ölkələrində faşizmə qarşı döyüşüblər və onların qəhrəmanlığı bütün insanlığın ortaq mirasıdır.Konfrans çərçivəsində keçirilən veteranlarla görüşlər, təcrübə mübadilələri və ortaq layihə müzakirələri bu tədbirin yalnız keçmişə baxış deyil, gələcəyə uzanan bir körpü olduğunu sübut etdi. Bu gün veteranların təcrübəsi və döyüş xatirələri gənc nəslin vətənpərvərlik tərbiyəsində əvəzsiz rol oynayır. Çünki bir xalq öz qəhrəmanlarını unudursa, gələcəkdə yeni igidlər yetişmir.Polkovnik Cəlil Xəlilovun “qanla yazılmış tarix silinməməlidir” fikri sözün əsl mənasında Vətəninə, Millətinə və Qəhrəmanına dəyər verən, yaddaşı yaşadan vətənpərvər bir ziyalının ürək sədası, tarixi ədalətə çağırışı və gələcək nəsillərə ünvanladığı mənəvi vəzifədir. Bu çıxış Azərbaycanın səsinin beynəlxalq platformada yenidən eşidilməsi demək idi. Q.Süleymanlı

Hamısını oxu
Şəhid küçəsi şəhid adına layiq olmalıdır: Eynən bu şəhərdə olduğu kimi...

Azərbaycanda şəhid məqamının uca tutulduğu, dövlətimizin şəhidlərin xatirəsini əbədiləşdimək, onları gənc nəsillərə tanıtmaq üçün bütün vasitələrdən itifadə etdiyi heç kimə sirr deyil. Məhz bu siyasətin nəticəsidir ki, bu gün ölkəmizdə yüzlərlə küçə şəhidlərimizin adını daşımaqdadır. Lakin təəssüflər olsun ki, bəzi hallarda yerli icra orqanları, eləcə də icra hakimiyyəti və bələdiyyələr bu küçələrin abadlığına lazımi diqqət yetirmir, onları göz önündəcə “unudur”.  Nəticədə, həm vətəndaşlar arasında ciddi narazılıq yaranır, həm də şəhid statusunun aliliyi ilə bu adı daşıyan küçənin baxım səviyyəsi arasında ciddi təzad formalaşır. Halbuki, şəhid küçəsi hökmən şəhid adına layiq olmalıdır. Eyniylə Sumqayıt şəhərində olduğu kimi... Hər şeydən öncə qeyd edək ki, 44 günlük Vətən müharibəsində ən çox şəhid verən şəhərlərimizdən biri də Sumqayıtdır. Bu səbəbdən də Sumqayıtda şəhid adını daşıyan küçələrin sayı kifayət qədərdir. Hansı ki, bu küçələrin abadlığına hər zaman Sumqayıt Şəhər İcra Hakimiyyəti (SŞİH) tərəfindən xüsusi həssaslıqla yanaşılıb. Şəhid ailələrinin yaşadığı küçələr bilavasitə icra başçısı Zakir Fərəcov, eləcə də SŞİH-nin əlaqədar şöbələri – Şəhər təsərrüfatı şöbəsi, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi tərəfindən daim diqqət mərkəzində saxlanılır, şəhid ailələrinin hər bir müraciəti sadəcə sözdə deyil, əməli-praktiki baxımdan öz həllini tapır. Sevindiricidir ki, Sumqayıt bələdiyyəsinin bu istiqamətdəki fəaliyyəti də son dərəcə təqdirəlayiqdir. Son bir neçə ayda Sumqayıtda şəhid adını daşıyan küçələrdə həyata keçirilən geniş asfaltlanma prosesi şəhər bələdiyyəsinin məhsuldar fəaliyyəti ilə yanaşı, həm də onun şəhid ailələrinə olan duyarlı münasibətindən xəbər verir. Nümunə üçün qeyd edək ki, cari ilin iyul ayında Sumqayıt bələdiyyəsi tərəfindən Xəzri 2 Yaşayış massivində yerləşən şəhid Gəray Məmmədov küçəsində genişmiqyaslı asfaltlanma işləri aparılıb. Nəticədə, küçədə gediş-gəliş rahatlaşıb, küçənin görünüşü ilə yanaşı, vətəndaşların gündəlik yaşamı da müsbət mənada dəyişib. Onu da qeyd edək ki, Sumqayıt bələdiyyəsi tərəfindən analoji işlər Yaşma yaşayış massivində şəhid Cavid Mirzəyev və Xəzri 2 Yaşayış massivində şəhid Coşqun Zeynallı küçələrində də gerçəkəşdirilib. Bələdiyyə tərəfindən reallaşdırılan bu işlər sakinlər tərəfindən böyük rəğbət və məmnunluqla qarşılanıb. Sumqayıt nümunəsi bir daha sübut edir ki, hər şey əlaqədar qurumların öz vəzifə və insani borclarına nə dərəcədə məsuliyyət və vicdanla yanaşmasından asılıdır.   Ümid edirik ki, respublikamızın digər şəhər və qəsəbələri də Sumqayıt örnəyindən nümunə götürəcək, Sumqayıt təcrübəsini mənimsəməklə ölkə ərazisində şəhid adını daşıyan bütün küçələrin bu ada layiqliyini təmin edəcək. Seymur ƏLİYEV  

Hamısını oxu