Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Bir döyüşdə düşmənin 4 tankını məhv edən Sovet İttifaqı Qəhrəmanı: Qəzənfər Əkbərov!

Sovet İttifaqı Qəhrəmanı  Əkbərov Qəzənfər Qulam oğlu 1917-ci ildə Naxçıvanın Cəhri kəndində anadan olmuş, 1940-cı ildə Naxçıvan Müəllimlər İnstitutunu bitirmiş, 1941-ci ildə Qoşadizə kənd məktəbinin müdiri işləmişdir. Faşist Almaniyası SSRİ-yə hücum etdikdən sonra Sovet Ordusuna səfərbər edilmiş, Tbilisi topçuluq məktəbində təhsil almışdır. Təhsilini başa vurduqdan sonra 1942-ci ildə Şimali Qafqaza göndərilmişdir. Döyüş yoluna Qafqaz dağlarının ətəklərindən başlayan Q. Q. Əkbərov topçu komandir kimi Ukraynanın, Belarusun alman faşistlərindən təmizlənməsində fəal iştirak etmişdir.   1944-cü il avqustun 3-də Belarusun Volojin şəhəri ətrafında gedən döyüşlərdə misilsiz qəhrəmanlıq göstərmişdir. Onun başçılığı altında üç nəfər topçu almanların beş ağır tankına qarşı qeyri-bərabər döyüşə girmişdilər. Bir neçə saat davam etmiş döyüşdə düşmənin 4 tankı, 60-dan artıq əsgər və zabiti məhv edilmişdi. Bu döyüşdə Q. Q. Əkbərov qəhrəmanlıqla həlak olsa da, düşmənin hücumunu dayandırmağa və beləliklə də öz döyüş yoldaşlarının mühasirəyə düşməsinin qarşısını almağa nail olmuşdu. Bu qəhrəmanlığına görə Q. Q. Əkbərov ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.   Naxçıvan Muxtar Respublikasında Q.Q.Əkbərovun xatirəsi əbədiləşdirilmişdir. Ona Cəhri kəndində abidə qoyulmuşdur. Adına küçə və məktəb vardır.                                    

2021-04-05 00:00:00
4275 baxış

Digər xəbərlər

“8 Noyabr zəfəri Azərbaycanın hərb tarixində ən şanlı qələbədir”

Cəlil Xəlilov: “Bu zəfərin memarı isə Azərbaycan Prezidenti, Azərbaycan əsgəri, Azərbaycan xalqıdır”   “8 Noyabr zəfəri Azərbaycanın hərb tarixində ən şanlı qələbədir. Bu zəfərin memarı isə Azərbaycan Prezidenti, Azərbaycan əsgəri, Azərbaycan xalqıdır”.   Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, 8 Noyabr zəfəri öz böyüklüyü, prinsipiallığı, regional və qlobal hadisələrə təsir gücünə görə unikaldır:   “8 Noyabr zəfəri Azərbaycanın hərb və dövlətçilik tarixində müstəsna yeri olan bir hadisədir. Bu qələbə dövlətçilik tariximizdəki bugünəqədərki zəfərləri bir çox parametrlərinə görə üstələməkdədir. Bu amillərdən biri 8 Noyabr zəfərinin 200 illik erməni həyasızlığına, soyqırım və təcavüz siyasətinə ən effektiv cavab olmasıdır. Azərbaycan 8 Noyabr zəfəri ilə erməni faşizminə ölümcül zərbə endirdi, onun dayaqlarını sarsıtdı.   30 ildir ki, davam edən erməni işğalı Azərbaycanın ərazi bütövlyünü pozmaqla yanaşı, həm də dövlətimizin inkişafını əngəlləyən, onun tərəqqisinə mane olan başlıca amil idi. Azərbaycanın öz  torpaqlarının 20%-i üzərində faktiki olaraq nəzarəti yox idi. Ermənistan bu ərazilərdə böyük talanlar həyata keçirir, təbii sərvətlərimizi vəhşicəsinə istismar edir, bu ərazilərdə narkotik plantasiyaları salırdı. Silahlı Qüvvələrimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında cəmi 44 gün içində düşməni işğaldakı torpaqlarımızdan çıxarmaqla ərazi bütövlüyümüzü bərpa etdi, 30 illik işğala son qoydu. Azərbaycan 8 Noyabr zəfəri ilə bütün türk dünyasına zəfər qüruru, qələbə sevinci yaşatdı. Azərbaycan bununla sübut etdi ki, o, həqiqətən də məğlubedilməzdir və onunla güc dili ilə danışmaq istəyənlərin aqibəti hər zaman acınacaqlı olur”.   Polkovnik bildirib ki, işğaldakı torpaqların azad edilməsi Azərbaycana köçkün probleminə son qoymağa, bu ərzilərin iqtisadi potensialından yararlanmağa imkan verdi:   “İşğaldakı torpaqların azad edilməsi ilə Azərbaycan bu ərazilərin mina və digər döyüş sursatların təmizlənməsinə start verdi. Bu gün də davam edən məlum prosesə paralel olaraq, həmin ərazilərdə geniş quruculuq işləri həyata keçirməyə başadı. Məhz bütün bu işlərin nəticəsidir ki, artıq yüzlərlə ailə işğaldan azad edilən ərazilərdə məskumlaşdırılıb, onların məşğulluq problemi, sosial təminatı və s. kimi məsələlər dövlətimiz təəfindən öz həllini tapıb.   Bu gün Azərbaycan işğaldan azad edilən ərazilərin iqtsiadi potensialından geniş istifadə edərək xalqımızın rifaının daha da yaxşılaşmasına çalışır. Artıq Qarabağda onlarla müəsissisə fəaliyyət göstərməkdə, kənd təsərrüfatı və sənaye ilə bağlı yeni-yeni istehsalat sahələri yaradılmaqdadır.  Görülən və görülməkdə olan bu işlər dövlətimizin iqtisadi gücünü artırmağa imkan verir.   Müasir Azərbaycan türk dünyası ailəsinin bir üzvü kimi sürətlə inkişaf etməkdə, böyük uğurlara imza atmaqdadır. Və bundan illər, əsrlər sonra da 8 Noyabr zəfəri bizim üçün yeni mübarizələr baxımından mənəvi sitimul olmaqda davam edəcək, bizi yeni qələbələrə, yeni uğurlara ruhlandıracaq”.  

Hamısını oxu
İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

İyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı iclasda çıxış edib. Prezident İlham Əliyevin çıxışında deyilir:   “Dünən günorta saatlarında Ermənistan Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribat törədib. Birinci dəfə deyil ki, dövlət sərhədində Ermənistan tərəfindən hərbi təxribatlar törədilir. Son bir neçə ay ərzində bu hərbi təxribatlar nəticəsində bizim hərbçilərimiz, eyni zamanda, mülki şəxslər həlak olmuşdur. Dünən günorta saatlarında onların növbəti təxribatı nəticəsində bir neçə hərbçimiz həlak olmuşdur. Qəflətən bizim hərbi postumuza artilleriya atəşi açılıb və bu çirkin əməl nəticəsində hərbçilərimiz həlak olub və yaralanıb. Allah şəhidlərimizə rəhmət etsin, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm. Deyə bilərəm ki, Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınmışdır, adekvat cavab verilmişdir. Hərbçilərimizin qisası alınmışdır. Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı, Azərbaycan öz dövlət sərhədini qorudu və Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməmişlər. Bu gün sərhəddə gərgin vəziyyət davam edir. Dünən gecə bütün aidiyyəti qurumlarla, komandanlarla əlaqədə idim. Bu gün səhər tezdən də mənə operativ məlumat verilib və sərhəddə vəziyyət sabitləşməyib. Bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır. Çünki, məhz Ermənistan rəhbərliyinin ikiüzlü və riyakar fəaliyyətinə görə belə hadisələr baş verir. Bir tərəfdən, beynəlxalq ictimaiyyətə müraciət edir və Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs rejiminin möhkəmləndirilməsi üçün kömək xahiş edir. Digər tərəfdən, hərbi təxribatlar törədərək Azərbaycan ərazisinə basqın etmək istəyir, mövqelərimizi zəbt etmək istəyir, mülki əhalini, kəndlərimizi atəşə tutur. Bu çirkin və məkrli siyasət Ermənistanı uçuruma aparacaq. Bütün məsuliyyət Ermənistanın rəhbərliyi üzərinə düşür. Azərbaycan öz ərazi bütövlüyünü bundan sonra da qoruyacaq, öz sərhədlərimizi qoruyacaq. Dünən günorta saatlarında və bu gün gecə düşmənə vurulmuş sarsıdıcı zərbələr bir daha onu göstərdi. Həlak olan hərbçilərimizin qisası alındı və onların qanı yerdə qalmayıb və qalmayacaq. Bu çirkin əməllərə əl atmaq onların təcavüzkar siyasətinin təzahürüdür. Bu siyasəti məntiqlə izah etmək mümkün deyil. Çünki, bu siyasət olduqca ziddiyyətlidir və bu siyasət Ermənistan üçün böyük təhlükə mənbəyidir. Çünki, mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarının bu vəziyyətdə qalması ilə barışmayacaq, işğalla barışmayacaq və əlindən gələni edəcək ki, öz ərazi bütövlüyünü bərpa etsin. Beynəlxalq təşkilatlara müvafiq müraciətlər edilib və operativ vəziyyət imkan verən kimi biz Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin hərbi nümayəndələrini həmin əraziyə dəvət edəcəyik, onlar öz gözləri ilə vəziyyəti görsünlər. Görsünlər ki, kim bu hərbi təxribatı törədib. Bu hərbi təxribat nəticəsində nələr baş verib və kim vəziyyətin gərginləşməsinə cavabdehlik daşıyır. Bizim işimiz haqq işidir və Azərbaycan öz prinsipial mövqeyindən bir addım geri atmayacaq. Bildiyiniz kimi, Ermənistanda daxili vəziyyət artıq böhranlı həddə çatıb. Daxili çaxnaşmalar geniş vüsət alıb. Eyni zamanda, ölkəmizin son vaxtlar əldə etdiyi beynəlxalq uğurlar onları çox narahat edir və onlarda paxıllıq hissini daha da gücləndirib. Xüsusilə, beynəlxalq təşkilatlar çərçivəsində uğurlu fəaliyyətimiz, son müddət ərzində bütün aparıcı beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilmiş açıqlamalar, qəbul edilmiş qərarlar, ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi, əlbəttə ki, Ermənistanın münaqişə ilə bağlı mövqelərinə çox ciddi zərbə vurubdur. Eyni zamanda, mötəbər kürsülərdən müntəzəm olaraq həm münaqişənin tarixi ilə, həm bölgənin tarixi ilə bağlı gətirdiyimiz konkret faktlar, inandırıcı əsaslandırmalar, əlbəttə ki, onların təbliğatını alt-üst edir. Artıq bütün dünya bilir ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bunu təsdiqləyən kifayət qədər sənədlər var və bu sənədləri biz indi geniş beynəlxalq ictimaiyyətə təqdim edirik. Eyni zamanda, bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Bunu da təsdiqləyən kifayət qədər çox beynəlxalq sənədlər və açıqlamalar var. O cümlədən, bu yaxınlarda qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilmiş qondarma “seçkilər” nəinki heç bir ölkə tərəfindən tanınmadı, hətta bütün aparıcı beynəlxalq təşkilatlar, qonşu ölkələr və bu məsələ ilə məşğul olan ölkələr bu seçkiləri pislədilər. Beləliklə, bir daha ölkəmizin ərazi bütövlüyünə dəstək ifadə olundu, bir daha açıq göstərildi ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Ona görə hazırda Ermənistanda hökm sürən hərc-mərclik və vəziyyətin böhran həddinə yaxınlaşması onları bu çirkin əməllərə sövq edibdir. Digər tərəfdən, o da sirr deyil ki, artıq uzun müddətdir ki, Ermənistan münaqişə ilə bağlı öz addımlarında xüsusilə Ermənistan-Azərbaycan dövlət sərhədini misal gətirərək belə bir rəy formalaşdırmaq istəyir ki, guya Azərbaycan Ermənistan ərazisinə hücumlar edir. Halbuki bu, yalandır. Bütün hücumlar Ermənistan tərəfindən törədilir və bunun kifayət qədər sənədləri var, video-foto sənədləri var. Azərbaycan isə sadəcə olaraq, bütün təxribatlara adekvat cavab verir. Əgər Ermənistan ərazisindən Azərbaycan mövqelərinə, Azərbaycan kəndlərinə atəş açılırsa, təbii ki, biz adekvat cavab verəcəyik və veririk. Ona görə Ermənistan bütün imkanlardan istifadə edib, eyni zamanda, saxta məlumatlar uydurub dövlət sərhədinə xüsusi diqqətin cəlb edilməsi üçün əlindən gələni edir. Dünənki hərbi təxribat bu çirkin siyasətin növbəti təzahürüdür. Hesab edirəm ki, bu təxribatın digər səbəbi odur ki, son vaxtlar Azərbaycan beynəlxalq arenada çox böyük uğurlara imza atıb. Bizim təşəbbüsümüzlə beynəlxalq təşkilatların zirvə görüşləri keçirilib. Bizim təşəbbüsümüzlə BMT Baş Assambleyasının xüsusi sessiyası baş tutub. Bu təklifi, bu təşəbbüsü 130-dan çox ölkə dəstəkləyib və Ermənistan bu təşəbbüsün əleyhinə çıxıb və bir daha özünü rüsvay edib, bir daha özünü dünyadan təcrid edib. Bu gün dünya gündəliyində birinci yerdə duran COVID ilə bağlı mübarizə məsələsində öz anlaşılmaz mövqeyi ilə bir daha bütün dünyanın diqqətini öz çirkin siyasətinə cəlb edib. Necə ola bilər ki, Azərbaycan bütün dünyanın bu mübarizədə birləşməsini tələb etdiyi bir vaxtda Ermənistan bunun əleyhinə çıxıb. Ona görə beynəlxalq arenada Ermənistan demək olar ki, bütün dayaqlarını itirməkdədir. Daxili vəziyyət kifayət qədər gərgindir. Vəd olunan dırnaqarası çiçəklənmə, artıq hər kəs tərəfindən başa düşülür ki, bu, xülyadır, bu, yalandır. Əlbəttə ki, dünənki hadisə ilə bağlı Ermənistan rəsmi orqanlarının açıqladığı məlumat yalanın növbəti əlamətidir. Bu məlumatda onlar məsuliyyəti Azərbaycanın üzərinə yıxmaq istəyirlər. Halbuki buna heç bir əsas yoxdur və bir daha demək istəyirəm ki, - bütün müstəqil ekspertlər bunu təsdiq edə bilər, - heç bir əsas olmadan bizim hərbi postumuza artilleriya zərbəsi endirilib. Məhz bunun nəticəsində bizim hərbçilərimiz həlak olub. Onların gücü ona çatır ki, ancaq mülki əhalini atəşə tutsunlar, ya da ki, qəflətən bizim hərbi postumuza atəş açsınlar. Bunu da onlar etdilər və bir daha öz çirkin və məkrli mahiyyətlərini ortaya qoydular. Mən bir daha demək istəyirəm ki, dünən və bu gecə düşmənə adekvat cavab verilib. Hərbçilərimizin qisası alınıb, bundan sonra da alınacaqdır. Hərbçilərimizin, şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq. Biz bütün imkanlardan istifadə edib özümüzü qoruyacağıq və düşmənə yenidən onun öz yerini göstərəcəyik”. Sonra Təhlükəsizlik Şurasının iclası qapalı rejimdə davam edib. İyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı iclasda çıxış edib. Sonra Təhlükəsizlik Şurasının iclası qapalı rejimdə davam edib. Təhlükəsizlik Şurasının iclası ilə bağlı əlavə məlumat bir qədər sonra veriləcək.

Hamısını oxu
“Dövlət Sərhəd Xidməti erməni faşizmi üzərindəki tarixi qələbəmizə böyük töhfə verib”

Cəlil Xəlilov: “Sərhədçilər bu gün də vətənimizin keşiyində ayıq-sayıq dayanmaqdadır”   18 avqust Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramıdır. Bu tarixi günlə bağlı saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, peşəkar sərhədçi polkovnik Cəlil Xəlilov Dövlət Sərhəd Xidmətinin 8 Noyabr zəfərinin əldə edilməsindəki tarixi roluna toxunub, sərhədçilərin göstərdiyi qəhrəmanlıqlara diqqət çəkib:   “27 sentyabr 2020-ci il tarixində başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin mühüm tərkib hissəsindən biri kimi Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları da  yaxından iştirak etmiş, qanlı döyüşlərdə böyük qəhrəmanlıqlar göstərmişdi. Suqovuşan, Füzuli, Zəngilan, Cəbrayıl və s. yaşayış məntəqələrimizin erməni işğalından azad edilməsində sərhədçilər mühüm rol oynamış, düşməni  həm canlı qüvvə, həm də hərbi texnika baxımından ağır itkilərlə üz-üzə qoymuşdular. Müharibənin taleyinə həlledici təsir göstərən Şuşa döyüşlərində də sərhədçilərimiz şücaətlə döyüşmüş, şəhərin azad edilməsinə böyük töhfə vermişdir. Qürurvericidir ki, sərhədçilərimiz  bu gün də vətənimizin, onun təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanmaqda, onu etibarlı şəkildə qorumaqdadır.   Mən 18 avqust peşə bayramı münasibəti ilə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev başda olmaqla bütün sərhədçiləri təbrik edir, onlara ağır və şərəfli peşələrində uğurlar arzulayıram. Sərhədçilərimiz bilməlidir ki, onların fədakarlığı Azərbaycan xalqı tərəfindən daim yüksək qiymətləndirilir və minnətdarlıq hissi ilə yad edilir”.  

Hamısını oxu
Azərbaycanın dövlətçilik tarixinin daha bir şanlı səhifəsi

Müasir müstəqil Azərbaycan dövlətinin banisi, müdrik dövlət xadimi Heydər Əliyevin xalqımızın qarşısındakı xidmətləri misilsizdir. O, fəaliyyətinin bütün dövrlərində respublikamızın qüdrətinin, xalqın isə rifahının artmasına xidmət edən tarixi işlər görüb, mühüm nailiyyətlərə imza atıb. Yeri gəlmişkən, Ulu Öndər Heydər Əliyevin düz 30 il əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi də Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir.   Naxçıvanın xilası və dirçəlişi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır   Məlumdur ki, həmin dövrdə ölkəmiz mürəkkəb şəraitlə qarşı-qarşıya idi. Naxçıvan Muxtar Respublikasının blokada şəraitində olması, sosial-iqtisadi durumunun ağırlığı, hakimiyyətin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar Naxçıvanın vəziyyətini olduqca gərginləşdirmişdi. O zaman müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun ağır olduğu şəraitdə - 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə çox mühüm işlər görüldü. Muxtar Respublikada tənəzzülün qarşısı alındı, sabitlik təmin edildi. Aqrar islahatlar reallaşdırıldı, infrastruktur quruculuğu istiqamətində ardıcıl işlər görüldü.   Bunlarla yanaşı, Ulu Öndər Heydər Əliyevin atdığı addımlar tarixi və dövlətçilik ənənələrinin bərpası baxımından çox mühüm əhəmiyyətə malik oldu. Belə ki, 17 noyabr 1990-cı il tarixində Naxçıvan Ali Məclisinin I sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı. Milli bayraq məsələsi ilə əlaqədar 2 bəndlik qərar qəbul edildi. Bununla yanaşı, Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı. Həmçinin Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və Sovet ordusu, əsgəri birlikləri Muxtar Respublika ərazisindən çıxarıldı. Bunlarla yanaşı, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü əsasında 1990-cı il 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi haqqında Qərar qəbul edilməsi, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi barədə də tarixi qərar verilməsi xüsusi vurğulanmalıdır.   Eyni zamanda, blokada şəraitində olan Muxtar Respublikanın qonşu ölkələrlə, o cümlədən Türkiyə və İranla qarşılıqlı əməkdaşlığa əsaslanan əlaqələrinin inkişafı ilə əlaqədar mühüm addımlar atılması sosial-iqtisadi inkişafın təmin olunması baxımından mühüm önəm daşıyırdı. Göründüyü kimi, Naxçıvanın xilası və dirçəlişi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Beləliklə, Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü də milli maraqlarımızın, dövlətçilik ənənələrimizin qorunması baxımından olduqca əlamətdardır.   Qalib və güclü Azərbaycan Ulu Öndərin ideyaları əsasında uğurla inkişaf edir   Ümummilli Lider Heydər Əliyev müstəqillik dönəmində ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər ərzində isə gördüyü tarixi işlərlə Azərbaycanı tərəqqi yoluna çıxarıb və ölkəmizin qarşısında yeni inkişaf üfüqləri açıb. Bir sözlə, Azərbaycanın inamlı inkişafı məhz Heydər Əliyev siyasəti sayəsində mümkün olub. Həmçinin Naxçıvan bu gün Ulu Öndərimizin layiqli davamçısı olan Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı, həmçinin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun rəhbərliyi ilə həyata keçirilən uğurlu fəaliyyət sayəsində öz intibah dövrünü yaşayır. Naxçıvan əhalisi gələcəyə böyük inamla baxır və bugünkü nailiyyətləri gələcək inkişafın təminatçısı kimi görür.   Beləliklə, qalib və güclü dövlət olan Azərbaycan Ümummilli Liderimizin ideyaları əsasında uğurla inkişaf edir, tarixi nailiyyətlər qazanaraq zirvələr fəth edir. Ölkəmizin bugünkü reallıqları Ulu Öndərin qüdrətli Azərbaycan arzusunun gerçək olduğunu göstərir!   Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri    

Hamısını oxu