Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Dövlət Sərhəd Xidməti erməni faşizmi üzərindəki tarixi qələbəmizə böyük töhfə verib”

Cəlil Xəlilov: “Sərhədçilər bu gün də vətənimizin keşiyində ayıq-sayıq dayanmaqdadır”

 

18 avqust Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramıdır. Bu tarixi günlə bağlı saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, peşəkar sərhədçi polkovnik Cəlil Xəlilov Dövlət Sərhəd Xidmətinin 8 Noyabr zəfərinin əldə edilməsindəki tarixi roluna toxunub, sərhədçilərin göstərdiyi qəhrəmanlıqlara diqqət çəkib:

 

“27 sentyabr 2020-ci il tarixində başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin mühüm tərkib hissəsindən biri kimi Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları da  yaxından iştirak etmiş, qanlı döyüşlərdə böyük qəhrəmanlıqlar göstərmişdi. Suqovuşan, Füzuli, Zəngilan, Cəbrayıl və s. yaşayış məntəqələrimizin erməni işğalından azad edilməsində sərhədçilər mühüm rol oynamış, düşməni  həm canlı qüvvə, həm də hərbi texnika baxımından ağır itkilərlə üz-üzə qoymuşdular. Müharibənin taleyinə həlledici təsir göstərən Şuşa döyüşlərində də sərhədçilərimiz şücaətlə döyüşmüş, şəhərin azad edilməsinə böyük töhfə vermişdir. Qürurvericidir ki, sərhədçilərimiz  bu gün də vətənimizin, onun təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanmaqda, onu etibarlı şəkildə qorumaqdadır.

 

Mən 18 avqust peşə bayramı münasibəti ilə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev başda olmaqla bütün sərhədçiləri təbrik edir, onlara ağır və şərəfli peşələrində uğurlar arzulayıram. Sərhədçilərimiz bilməlidir ki, onların fədakarlığı Azərbaycan xalqı tərəfindən daim yüksək qiymətləndirilir və minnətdarlıq hissi ilə yad edilir”.

 

2022-08-18 16:16:00
1136 baxış

Digər xəbərlər

Masallıda vəzifəli şəxslər həbs edilib

Ölkəmizdə əhalinin sosial rifahına kölgə salan korrupsiya və rüşvətxorluq kimi neqativ amillərə, o cümlədən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə zərər vuran vəzifəli şəxslərə qarşı mübarizə istiqamətində kompleks və ardıcıl tədbirlər davam etdirilir. Baş Prokurorluqdan APA-ya verilən məlumata görə, belə tədbirlərdən biri kimi, Masallı rayon İcra Hakimiyyəti başçısının Qarğalıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Subhan Zalıyevin və Masallı rayon, Qarğalıq kənd bələdiyyəsinin sədr müavini Əziz Ağayevin qanunsuz əməlləri barədə daxil olmuş məlumatlar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. Həmin məlumatlar əsasında Baş İdarə tərəfindən müvafiq məhkəmə qərarı ilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilib, tikintiyə icazə verilməsi müqabilində vətəndaşdan pul tələb etmiş Subhan Zalıyevin tapşırığı əsasında Əziz Ağayev tələb edilən pulun bir hissəsini 01.07.2020-ci il tarixdə, qalan hissəsini isə 23.07.2020-ci il tarixdə nümayəndəliyin inzibati binasındakı xidməti otağında vətəndaşdan alarkən cinayət başında yaxalanıb. Bundan əlavə,  23.07.2020-ci il tarixdə Subhan Zalıyev digər vətəndaşdan Masallı rayonu, Qarğalıq kəndində müvəqqəti qeydiyyata alınması müqabilində tələb etdiyi rüşvəti nümayəndəliyin baş mühasibi Bəhruz Musayevin vasitəsilə Masallı şəhəri ərazisində alarkən Subhan Zalıyev və Bəhruz Musayev cinayət başında yaxalanıb. 25 iyul 2020-ci il tarixdə Subhan Zalıyev Cinayət Məcəlləsinin 311.2 (rüşvət alma), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə) və 29, 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə dələduzluğa cəhd) maddələri, Əziz Ağayev isə həmin Məcəllənin 32.4, 312.2 və 29,178.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə intensiv əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Hamısını oxu
“Nə qədər ki, öz əlimdir yazanım”

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra yeni dövr mətbuatımızın və jurnalistikamızın formalaşmasında bir çoxlarının danılmaz əməyi olub. Onları daim xatırlamağımız təkcə vicdan borcu deyil, həm də gələcəkdə bu tarixin daha obyektiv və hərtərəfli yazılmasına azacıq da olsa töhfə vermək məsuliyyətindən irəli gəlir. Dünən Azərbaycan mətbuatı və hərbi jurnalistikası son 32 ilin azı yarısının səlnaməsini yaradan istedadlı qələm sahiblərindən birini, imzası yaxşı tanınan Ədalət Teymurovu itirdi. Onun jurnalistlik fəaliyyəti Azərbaycan Dövlət Universiteti Jurnalistika fakültəsini bitirdiyi 1984-cü ildən daha əvvəl, 1970-ci illərin sonlarından “Bakı” və “İnşaat”çı qəzetlərində başlamışdı. Xüsusən görkəmli mətbuat işçisi, Azərbaycan  jurnalistikasının təşəkkülündə müstəsna yerə malik müəllimi Nəsir İmamquliyevin baş redaktoru olduğu “Bakı” qəzetində işləməsi Ədalət Teymurov üçün də böyük bir məktəb oldu. Bu qəzetlə əməkdaşlığı, az sonra qəzetin ştatlı işçisi kimi fəaliyyətə başlaması onu püxtələşdirdi. Qələmini bir çox mövzularda sınasa da iqtisadiyyat sahəsi ilə bağlı yazıları diqqəti daha çox cəlb etdi. Sonrakı illərdə “Kənd həyatı”, “Azərbaycan təbiəti” jurnallarında dərc edilən publisitik yazıları və sanballı araşdırmaları onu nüfuzlu qələm sahibi kimi tanıtdı. Həmin illərdə Azərbaycanda cəmi bir neçə mərkəzi qəzet və jurnal nəşr edilirdi. Nə gizlədək, bu nəşrlərn bir çoxunda iqtisadi mövzularda yazmağı bacaran jurnalistlər az idi. Çünki adətən, əksər iqtisadçılar hətta mükəmməl iqtisadi təhlillər aparsalar da, maraqlı yazmağı bacarmırdılar, jurnalistlər isə oxunaqlı yazsalar da, bu sahəni lazımi səviyyədə bilməmələri səbəbindən məqalələri ya səthi alınır, ya da mövzu yetərincə açılmırdı. Ədalət Teymurov iqtisadi bilikləri və jurnalist istedadı ilə həmin nəşrləri tam qane edirdi, buna görə də kifayət qədər iş, əməkdaşlıq təklifləri gəlirdi. Öz qərarını verməkdə tərəddüd etməsə belə, bu məqamlarda adətincə, bəzi dostlardan: “Qadası, sən nə məsləhət bilirsən”, deyə soruşardı. Bu təkliflər maddi və təminat baxımından bəzi üstünlüklər vəd etsə də, onları tam fərqli yöndən dəyərləndirməsi yəqin o vaxt olduğu kimi, bu gün də bir çoxlarını təəccübləndirəcək. “Bunu belə, onu elə yaz, deyiləcəksə, siz sağ, mən salamat”. Çox sevdiyi Məmməd Araz demişkən: Ürəyimsiz kəlmə yazan deyiləm, Nə qədərki öz əlimdir, yazanım. Yazmadı da, çünki “qələmin borcu həqiqəti yazmaqdır” deyən sələflərdən doğruları yazmağı əxz etmiş, böyüklərdən “özünə, sözünə sədaqət”dərsi almışdı. Bir müddət ciddi məşğul olsa da, 1988-ci ildən sonra ölkədə və ətrafında baş verən hadisələrlə əlaqədar iqtisadi jurnalistika sahəsindəki fəaliyyətinə fasilə verməli oldu. O illərdə Azərbaycan, həqiqətən də, öz tarixinin ən mürəkkəb və çətin dövrlərindən birini yaşayırdı, Ermənistanın ərazi iddiası ilə başlatdığı işğalçılıq müharibəsi respublikanı ağır sınaqlarla üz-üzə qoymuşdu. Belə bir şəraitdə xalqın etiraz səsini, öz torpağını, haqqını müdafiə etmək qərarını saxta beynəlmiləlçilik təbliğatından əl çəkməyən, əslində, milli məsələlərə biganə olan hakimiyyət orqanlarına çatdırmaq üçün yeni və müstəqil mətbuat orqanlarının yaranmasına ciddi ehtiyac yaranmışdı. Az keçmədi ard-arda belə nəşrlərin meydana çıxması ilə Azərbaycan mətbuatının qarşısında yeni imkanlar açıldı. Sürətlə dəyişməkdə olan şəraitdə qələminə, məsləkinə sədaqətli, sözünü cəsarətlə deyən, açıq fikirli yazarlara meydan verilmişdi. Ədalət Teymurov müstəqil mətbuatın bayraqdarları sırasında olan, 1989-cu il oktyabrın 6-da Qarabağa Xalq Yardımı Komitəsinin nəşri kimi işıq üzü görən “Azərbaycan” qəzetində işə başladı. “Azərbaycan” qəzeti Şərqin ilk müstəqil demokratik dövləti Azərbaycan Xalq Cümhuriyyəti dövründə, 1918-ci il sentyabr ayının 15-də Bakının daşnak-bolşevik qüvvələrindən azad olunduğu gündə ilk sayı çapdan çıxan və Cümhuriyyətinin süqutu gününə qədər nəşr edilmiş eyniadlı rəsmi dövlət qəzetinin varisi idi. Milli mətbuat tariximizdə xüsusi yeri tutan bu qəzetin baş redaktorları Azərbaycanın fədakar aydınları, Üzeyir bəy və Ceyhun bəy Hacıbəyli qardaşları, Şəfi bəy Rüstəmli kimi böyük şəxsiyyərlər olmuşdular. İndi belə bir nəşrin əməkdaşları sırasında yer almaq, doğrudan da, şərəfli və məsuliyyətli idi. Ədalət Teymurov üzərinə hansı məsuliyyəti götürdüyünü yaxşı bilirdi və bu böyük şərəfi doğrultmaqda, tarixi ənənədən qaynaqlanan missiyanı layiqincə yerinə yetirməkdə qərarlı idi. Öz dövrünün ən oxunaqlı nəşrlərindən olan “Azərbaycan”-nın səhifələrini vərəqləməklə buna canlı şahidlik etmək mümkündür. Ədalətin həmin qəzetdəki yazıları haqqında “Azərbaycan”-nda ona çiyindaşlıq etmiş tanınmış jurnalist, istedadlı publisit Elman Gədiklinin dedikləri ən yaxşı bələdçidir. “Ədalətin bənzərsiz üslubu, mövzunu mükəmməl çardırması, təsirli və oxunaqlı dili adamı valeh edirdi. O, haqqını almamış orjinal qələm adamı idi”. Ədalət təqribən iki il sonra fəaliyyətini başqa bir yeni və müstəqil qəzetdə, həmin vaxt Hüquqşünaslar İttifaqının nəşri olan “Ədalət”də davam etdirdi. Düzə düz, əyriyə əyri dedi, doğruları yazmaqdan nə çəkindi, nə də usandı. Ancaq həmişə ədalətli oldu, ən kəskin vəziyyətlərdə belə obyektivliyi gözlədi, həqiqəti yazdı desəm, heç bir mübaliğəyə yol vermərəm. Ədalət “Ədalət”in şöhrətinə töhfə verdi, “Ədalət”sə onun jurnalist keyfiyyətlərinin, peşəkarlığının gizli qalan tərəflərini üzə çıxardı. Azərbaycan çətin günləri davam edirdi. Ya Qarabağ, ya ölüm! deyib ayağa qalxan xalq öz haqlarını axıradək qorumaqda qərarlı idi. Gərgin dövrdən keçən, torpaqlarının müdafiəsi üçün ölüm-dirim savaşına qalxmış Vətənin çağrışına cavab verən, harayına yetənlərin ilk sırasında o, Ədalət Teymurov da vardı. Yurd, millət, dogma ocaq sevgisi ilə alışan qəlbini nümunə bildiyi Danko kimi əlinə alıb başı üzərində məşələ çevirməkdə qərarlıydı. Ədalət Teymurovun jurnalist taleyinə fərqli bir sahədə ilklərin sırasında yer almağı qismət edən də elə bu amal, bu yanğı oldu. 1991-ci il sentyabrın 5-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyi fəaliyyətə başladı. İlk gündən qarşıya çıxan və təcili həllini gözləyən məsələlərdən biri gənc nazirlikdə informasiya işinin təşkili, eləcə də ictimaiyyətlə əlaqələrin qurulması idi. Bu baxımdan mətbuatla müntəzəm və səmərəli əməkdaşlıq əlaqələrini qurmağa qadir, səriştəli jurnalist kadrlara ciddi ehtiyac vardı. Qısa müddətdə Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi təşkli edildi və fəaliyyətə başladı. Bu şöbədə ilk iş dəvəti alanlər sırasında yazıları ilə artıq ölkədə kifayət qədər tanınan Ədalət Teymurov da var idi.   1992-ci ilin yanvarından Ədalətin cəbhə bölgələrinə, ön xətdə yerləşən döyüş səngərlərinə yolu başladı. İlk mərhələdə operativ və peşəkarlıqla hazırlanmış hərbi, hərbi-siyasi xarakterli informasiyalar üstünlük təşkil etsə də, çox keçmədi bunlarla yanaşı, bütün müvafiq tələblər gözlənilməklə cəbhə bölgələrindən göndərilən qısa reportajlar da Azərbaycan televiziyasının proqramları vasitəsi ilə bu sületləri səbirsizliklə gözləyən tamaşaçılara çatdırıldı. Ədalət artıq zabit kimi hərbi xidmətini yeni yaradılmış Sənədli Filmlər Kinostudiyasında davam etdirirdi. Onun mərhum videooperator Seyidağa Mövsümlü ilə birgə çəkib hazırladıqları yüzləcə belə süjetlər və 20-də artıq sənədli film bu gün Azərbaycanın Birinci Qarabağ müharibəsi tarixinin canlı xronikasını təşkil edir. Bu çəklişlər zamanı hər iki hərbi jurnalistimiz dəfələrcə ölüm təhlükəsi ilə üz-üzə gəlmişdilər, böyür-başlarında mərmilər partlamış, müxtəlif çaplı silahlardan atılan güllələr az qala santimetrlik məsafələrindən keçmişdi. Həmin güclü top atəşlərindən birində lap yaxınlığına düşən mərminin partlamasından ciddi zədə (kontuziya) alan Ədalət Teymurova 3-cü dərəcəli əllillik verilmişdi. O, 1991-1994-cü illərdə Birinci Qarabağ müharibəsinin getdiyi dövrdə Azərbaycanın cəbhə bölgələrini, səngərləri az qala qarış-qarış gəzmiş, neçə döyüşün canlı şahidi, hətta iştirakçısı olmuş, əsgər-zabitlərmizin necə fədakarlıqla vuruşduqlarını qürurla qələmə almışdı. Bu yazıların bir çoxu Seyidağanın çəkdiyi süjetlərin kadrarxası mətni kimi televizya ekranlarından yayılsa da, əksəriyyəti Müdafiə Nazirliyinin arxiv materialları arasında, hərbi xronika nümunələri kimi qorunub saxlanılır. Yəqin nə vaxtsa o kadrların əsasında hərb tariximizi əks etdirən sənədli və tammetrajlı bədii filmlər çəkiləcək. Onda Ədalət Teymurovun hərbi jurnalistika tariximizdə hansı xidmətlər göstərdiyini, qələminə, borcuna necə sadiq olduğunu indiyədək bu fədakarlıqdan xəbərsiz olanlar da, bunu görməzdən gələnlər də nəinki biləcək, inanaq ki, etiraf da edəcəklər. Nə gizlədim, bir neçə il əvvəl dostların israrlı tələblərindən sonra mətbuatımızla əlaqədar təşkilatlardan birinin rəhbərinə göndərilən və onun da səndləşdirib müvafiq ünvana çatdırdığı təqdimat nəzərə alınmamışdı. Beləcə, Ədalət Teymurovun adı sağlığında haqq etdiyi mükafatı alanlar sırasında olmadı. Ancaq o bundan bir qədər incik düşsə də, məsələyə yenə özünəməxsus nikbinliklə yanaşdı, necə deyərlər, “əlyazmaları yanmır”. Elə bizim də ümidimiz bunadır. Yanmayan dəyərli yazılar kimi, Seyirdağa Mövsümlünün çəkdiyi tarixi kadrları tamamlayan, Ədalət Teymurovun qələmə aldığı o mətnlər də yəqin nə vaxtsa həqiqi dəyərini alacaq. Onun jurnalistlik fəaliyyəti sonra da davam etdi. Hərbi mütəxəssis kimi mayor rütbəsində pensiyaya çıxdıqdan sonra da müxtəlif mətbu orqanlarda, daha çox da “Təzadlar”, “Bakı Xəbər” qəzetlərində köşə yazarı kimi aktual mövzulara həsr edilən maraqlı məqalələri dərc edildi. Yəqin onun barəsində daha geniş bir yazıda bunlar barəsində də söhbət açarıq. …Ədalət Teymurov Birinci Qarabağ müharibəsinin od-alovunu ekranlardan izləməmişdi, üz-gözünü qarsan bu od-alovu ekranlara, kinoxronikaların nümayiş etdirildiyi səhnələrə gətirənlərdən olmuşdu. Təkcə buna görə ən azı özü barədə nələrinsə yazılmasını, göstərlməsini haqq edir. Vətən müharibəsinin getdiyi günlərdə teleoperatorlarımızın çəkdikləri və nümayiş etdirilən qürurverici, peşəkar kadrlara baxanda onun və məsləkdaşlarının daha çətin şəraitdə, məhdud imkanlı texnika ilə az qala eyni işi gördüklərini xatırlayıb, bir daha, ey fədakar insanlar, minnətdar Vətən sizi unutmayacaq, dedim. Torpaqlarımızın Ermənistanın işğalından qurtardığı gün və sonrakı günlərdə onun necə ürəkdən sevindiyini, gözlərinin yaşardığını da xatırladım. “İnşallah, imkan olsun, Laçını, Qubadlını, Kəlbəcəri, Zəngilanı, Cəbrayılı, Ağdamı ziyarət edərik”, demişdi. Bəs, Şuşa, soruşmuşdum? Sən demə, Şuşaya getməyi tələbə dostlarımızdan birinə vəd edibmiş, onu da özü ilə aparacaqmış. Ilk dəfə vədinə əməl etmədi. Ancaq təssüf ki, əməl etmədiyi daha bir vədi qaldı. Dekabrın 24-də çox arzuladığı bir görüşə, dostlarla görüşə gələ bilmədi. Çünki artıq getmişdi. Əlində nə qədər işi vardı... Haqqında deyiləsi, yazılası çox şeylər var. Təki ömür aman versin. İndiliksə, məslək və can dostumuz, Masallının Qədirli kəndində dədə-baba məzarlığındakı son mənzilində arxayın uyu. Ədalət Teymurov, sən saflığın, millət, Vətən sevgin, bütövlüyün, nəhayət, təsirli yazıların ilə yol tapdığın qəlblərdə həmişə yaşayacaqsan, deyirəm və buna inanıram. Lətif ŞÜKÜROĞLU

Hamısını oxu
200 ermənini yox edib, Şuşada şəhid olan əsgərimizin İNANILMAZ HƏYAT YOLU

Torpaqlarımızın bir qarışı belə düşmən tapdağı altında qalmadı, çünki bu torpağın 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərib tarix yazan Ceyhun Rzayev kimi qəhrəmanları, ərənləri var. 26 yaşında vətən torpaqlarının azad olunması uğrunda canını verib şəhidlik zirvəsinə ucalan Ceyhun müharibənin ilk günlərindən döyüşün ən qızğın nöqtələrində iştirak edib, 200-ə yaxın ermənini məhv edib, silah-sursatını ələ keçirib. Şuşa dağlarına adını yazdıran xüsusi təyinatlı hərbçimizin ən böyük arzusu işğalçı qüvvələri Laçından çıxarmaq idi. İntiqam hissi heç zaman sönməyən döyüşçüyə Laçının işğaldan azad olunmasını atasına xəbər vermək qismət olmur, o, qələbəyə bir neçə gün qalmış, noyabrın 7-də Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. Publika.az-a qardaşı haqqında xatirələrini bölüşüb, ağrılarından söz açan Leyla Rzayeva onunla fəxr etdiyini və əslən Laçından olduqlarını deyib.   “Şəhidlik böyük mərtəbədir, qardaşımla fəxr edirəm. Ceyhun 1994-cü ildə Bərdə şəhərində dünyaya göz açıb. Uşaq yaşlarından idmanla məşğul olurdu, həmişə deyərdi ki, hərbçi olacam. Çox sakit uşaq idi, müəllimləri həmişə razılıq edərdi. Ən çox sevdiyi fənn coğrafiya ilə tarix idi. Anam həkimdir, məktəbi bitirəndə anam dedi ki, gəl hazırlaşdırım, sən də həkim ol, ananın yolunu davam etdir. Razılaşmadı, dedi ki, ana mənə kişi sənəti yaraşar, hərbçi olmalıyam. Sözündə də durdu, 2014-cü ildə Daxili Qoşunların Xüsusi Vasitələrin Tətbiqi Dəstələrində xidmət etməyə başladı. Vətən üçün doğulmuşdu, vətən uğrunda da şəhid oldu, torpağın oğlu idi Ceyhun. Ceyhun Rzayevin 6-cı sinfdə oxuyarkən çəkilmiş fotosu Müharibənin başlaması ilə Ceyhun da əsgər yoldaşları kimi döyüş meydanına atılır. Getməzdən əvvəl evə gəlib əşyalarını təhvil verdi, çox sevinirdi, qapıdan çıxana qədər sözü o oldu ki, mehriban olub, yaxşılıq edin, ömrü yaxşılıqlar artırır. Özü də Şuşa uğrunda gedən döyüşlərdə, noyabrın 7-də şəhidlik zirvəsinə ucaldı... Qardaşımla sonuncu dəfə 19 sentyabrda görüşmüşdük, bilməzdim ki, sonuncu görüşümüz olacaq. 20 yaşım var, indiyə kimi bir dəfə də olsun qardaşımı qucaqlamamışdım, çox zəhmli və sərt xarakterə malik idi, çəkinirdim. Söz vermişdim ki, qardaşım sağ-salamat gələn kimi qarşısında diz çöküb ayaqlarını qucaqlayacam, amma mənə onun tabutunu qucaqlamaq qismət oldu. Bu sözləri dilə gətirmək ağırdır... Bu yay evlənməyi düşünürdü”. Şəhidin bacısı bildirib ki, qardaşı son zəngində ata-anasını bərk-bərk ona tapşırıb: “Zəng edəndə ilk sözü o olurdu ki, ata, sənə Laçından zəng edəcəm, Laçına bayrağı özüm sancacam. Hər zaman Ali Baş Komandanın əmrinə tabe olub, döyüşlərdə igidliklə və son qanına kimi vətən uğrunda vuruşub, heç zaman geri çəkilməyib, həmişə ön cəbhədə olub, fəxr və böyük inamla yolumuz Laçına deyə-deyə döyüşüb. Ceyhun Qarabağ atlarını çox sevirdi, deyirdi burda çox qəşəng atlar var. Sonuncu dəfə oktyabrın 31-də danışdıq, dedi ki, mənsizliyə öyrəşin, bir də mənə sözü o oldu ki, ağıllı ol, anamı, atamı sənə tapşırıram. Hər dəqiqənizin qədrini bilin, mehriban yaşayın. Bir də anamdan xahiş elədi ki, atama yaxşı baxın. “Hər gün ayaqqabını mazlayıb qoyun” dedi və telefonu söndürdü”. Ölümündən sonra cibindən Qarabağ, Laçın, Azərbaycan yazılan vərəqlər və bayraq şəkilləri tapılması bir daha göstərir ki, Ceyhun Rzayev son nəfəsinə qədər vətənə, millətə bağlı oğullarımızdandır. Füzuli, Qubadlı, Hadrut və Şuşanın alınmasında 200-ə yaxın ermənini məhv edib, böyük şücaət göstərən qəhrəman həm də ailəsinə bağlı insan olub. Anasına deyib ki, burda başım saat kimi işləyir, çox gümraham. Ceyhun ən çox atasına bağlı olub, bir dəfə də olsun yaxşı edirəm sözünü dilinə gətirməyib, söz qaytarmayıb. Bacısı bildirib ki, çox mükəmməl insan idi, Ceyhun heç kimi incitməzdi. Şəhidlik zirvəsinə ucalan zaman o, vəsiyyətini dostuna bu cür edib: “Ailəm mənimlə hər zaman fəxr edirdi, şəhid olacam yenə də fəxr edəcəklər. Deyərsən ki, onları çox sevirəm”. Mərd qardaşı ilə qürur duyan bacının indi yeganə arzusu var, o da şəhid ailələrinə və qazilərimizə layiq olduqları qayğının göstərilməsi, xatirələrinin daim yaşadılmasıdır. Əziz Leyla, sən bil ki, bu gün qardaşınla bütün Azərbaycan fəxr edir, o, canını bizim üçün fəda edib, qanını bu torpağın azadlığı uğrunda axıdıb, ürəyi vətənlə döyünən, vətənə ana deyən oğullarımız sayəsində biz bu gün qələbə sevincini yaşayıb təbrikləşə bilirik. Bil ki, Ceyhunun ruhu sakitlik tapıb, getdiyi yerdə çox xoşbəxtdir, çünki Laçının üzərini bürüyən qara buludlar çəkilib, artıq orada Üçrəngli Bayrağımız dalğalanır. Aytən Məftu

Hamısını oxu
Veteran Sarvan Şirinov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına təşəkkür edib

Müharibə,Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının  Səbail rayon şöbəsinin üzvü, Əfqanıstan və Qarabağ müharibəsi veteranı,  “Qabaqcıl təhsil işçisi”, 162 №li məktəbin hərbi rəhbəri, ehtiyatda olan mayor Sarvan Şirinov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına təşəkkür məktubu ünvanlayıb. Məktubda deyilir:  “Hörmətli Cəlil Xəlilov! Sosial problemimin ( tədris müddətinin üzadılması) həll olunmasında mənə göstərdiyi dəstəyə görə rəhbəri olduğunuz Təşkilata və şəxsən Sizə təşəkkür edir, minnətdarlığımı bildirirəm.  Siz hər zaman sadəcə mənə deyil, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına üz tutan  hər bir veteranın müaraciətinə həssaslıqla yanaşmış, onların hər birinə imkan və səlahiyyətləriniz çərçivəsində köməklik göstərmisiniz. İstəyirəm bilsiniz ki, biz veteranlar bundan sonra da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının yanında olacaq, keçirdiyiniz tədbirlərdə aktiv iştirak edəcək, təbliğati işə dəstək verməyə çalışacağıq”.  

Hamısını oxu