Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Respublika Veteranlar Təşkilatında 44 günlük Vətən müharibəsi qaziləri ilə görüş keçirilib

Bu gün Respublika Veteranlar Təşkilatının inzibati binasında 44 günlük Vətən müharibəsi iştirakçısı ilə görüş keçirilib.   Tədbirdən öncə vətən uğrunda şəhid olan hərbçilərimizin ruhui bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov ordumuzun Vətən müharibəsində göstərdiyi tarixi qəhrəmanlığa diqqət çəkib, bu qəhrəmanlığın Azərbaycanın hərb tarixinə qızıl hərflərlə həkk olunduğunu bildirib.   Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusunun cəmi 44 gün içində düşmənin 30 il ərzində möhkəmləndirdiyi istehkamları, gücləndirilmiş müdafiə xəttini yarıb keçdiyinə diqqət çəkən Cəlil Xəlilov, hərbçilərimizin sərgilədiyi peşəkarlığın dünyanın ən qabqcıl dövlətlərini də heyrətləndirdiyini vurğulayıb.   Prezident İlham Əliyevin şəhid ailələrinə, qazi və veteranlara böyük diqqət və qayğı göstərdiyini qeyd edən Respublika Veteranlar Təşkilatının sədr müavini, Vətən müharibəsində olduğu kimi, bundan sonra da cəmiyyətimizin, o cümlədən onun bir hissəsi olan veteran və qazilərin ölkə başçısına dəstək verməsinin, onun ətrafında sıx birləşməsinin zəruriliyini qeyd edib. Həmçinin, sədr müavini bildirib ki, Respublika Veteranlar Təşkilatı hər bir veteran və qazini narahat edən, onları maraqlandıran məsələ və problemlərin həllinə dəstək verməyə, onlarla əlaqədar dövlət qurumları arasında koordinasiya yaratmağa hazırdır. Polkovnik Respublika Veteranlar Təşkilatı və onun yerlərdəki şöbələrinin qapısının bugünə qədər olduğu kimi, bundan sonra da qazi və veteranların üzünə açıq olduğunu bildirib.   Daha sonra çıxış edən Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova öncə Böyük Vətən Müharibəsində xalqımızın faşizmə qarşı apardığı mübarizəyə diqqət çəkib: “Azərbaycan xalqı digər sovet xalqları ilə birlikdə 1941-1945-ci illərdə faşizmə qarşı müharibədə aktiv iştirak edib, bu müharibədə böyük qəhrəmanlıqlara imza atıb. 44 günlük müharibədə isə Azərbaycan xalqının qeyrətli oğulları müstəqil dövlətimizin ərazi bütövlüyü uğrunda mübarizə apardı. Bu müharibədə iştirak edən hər bir qazi, hər bir veteran bizim üçün əziz və dəyərlidir. Onları dəyərli edən isə vətənimiz, xalqımız, bayrağımız uğrunda vuruşmasıdır. Mən qazilərimiz önündə, onların göstərdiyi qəhrəmanlıq qarşısında baş əyirəm.   Vətən müharibəsində Ali Baş Komandan 44 gün ərzində hərbi mundiri əynindən çıxarmadı. İlham Əliyev dünyada yeganə prezidentdir ki, bütün müharibə boyu əsgəri ilə çiyin-çiyinə döyüşdü, onunla bir yerdə oldu, hərbçi paltarını əynindən çıxarmadı. Biz Ali Baş Komandanımızla fəxr edir, qürur duyuruq”.   Daha sonra çıxış edən Vətən müharibəsi qaziləri Namiq Rufullayev və Elçin Əhmədov müharibə ilə bağlı xatirələrini danışıb, dövlətin qazilərə olan dəstəyindən bəhs edib.   Respublika Veteranlar Təşkilatının Hüquq və kadr şöbəsinin müdiri Bəhram Zahidov və təşkilatın Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev təşkilatın hüquqi və digər məsələlərdə qazilərə dəstək verməyə hazır olduğunu qeyd edib.   Tədbirin sonunda qazilərin bir qismi təşkilata üzv qəbul edilib, xatirə şəkli çəkilib.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

2021-04-24 00:00:00
4351 baxış

Digər xəbərlər

“44 günlük Vətən müharibəsi veteranları Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sıralarını sürətlə genişləndirməkdədir”

Cəlil Xəlilov: “Təşkilatımız həm paytaxt, həm də regionlarda veteranlarla intensiv görüşlər keçirir, onların istək və təkliflərinə həssaslıqla yanaşır”   44 günlük Vətən müharibəsi veteranlarına dövlətimiz tərəfindən böyük diqqət və qayğı göstərildiyi birmənalıdır. Maraqlıdır, bəs ölkəmizin QHT sektorunun ən nüfuzlu təşkilatlarından biri olan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı 44 günlük Vətən müharibəsi veteranları ilə hansı miqyasda iş aparır? Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəliovla söhbətimizdə bu və digər məqamlara aydınlıq gətirməyə çalışdıq:   -Cəlil müəllim, 44 günlük Vətən müharibəsi qazilərinə dövlətimiz tərəfindən mütəmadi diqqət və qayğı göstərildiyi məlumdur. Bilmək istərdik ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatıbu kateqoriyadan olan veteranlarla hansı səviyyədə iş aparır? Təşkilatınızın üzvləri arasında Vətən mühaibəsi iştirakçıları varmı?   -Hər şeydən öncə qeyd edim ki,  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı bütün kateqoriyadan olan veteranları özündə birləşdirir və bu baxımdan respublikamızın ən böyük təşkilatıdır. Təşkilatımızda müharibə, əmək, Silahlı Qüvvələr veteranları ilə yanaşı, 44 günlük Vətən müharibəsi veteranları da yer almaqdadır. Ümumiyyətlə, son ayların təhlili göstərir ki, 44 günlük Vətən müharibəsi qaziləri tərəfindən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına üzvlüklə bağlı ünvanlanan müraciətlərin sayı artmaqdadır. Bir faktı qeyd edim ki, hazırda Təşkilatımızın üzvləri arasında 800 nəfərdən çox 44 günlük Vətən müharibəsi qazisi mövcuddur və onların sayı hər örən gün artmaqdadır. Bu faktın özü Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Vətən müharibəsi veteranları arasında əməkdaşlığın, qarşılıqlı təmasın  dinamik şəkildə yüksəldiyini və genişləndiyini göstərir.   -Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq 44 günlük Vətən müharibəsi veteranları ilə görüşlər keçirirsinizmi?   -Təbii. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında istər 2021, istərsə də 2022-ci ildə  Birinci Qarabağ Müharibəsi veteranları ilə yanaşı, 44 günlük Vətən Müharibəsi veteranları ilə də çoxsaylı görüşlər keçirilib və cari ildə bu cür görüşlərin davam etdirilməsi nəzərdə tutulur. Bir məqamı da qeyd edim ki, biz bu görüşləri sadəcə Təşkilatımızda və ya paytaxtımızda deyil, bölgə və regionlarda da keçiririk. 2021-ci ilin 1 oktyabr tarixində Bakı Konqres Mərkəzində “Nəsillərin görüşü” adlı böyük konfrans keçirdik ki, bu konfransda müxtəlif kateqoriyadan olan veteranlarla yanaşı, 44 günlük Vətən müharibəsi veteranları da iştirak edirdi. Digər iştirakçılarla yanaşı, onlar da bu konfransda çıxış edərək öz fikir və mülahizələrini konfrans iştirakçıları ilə bölüşdülər. 2022-ci ilin 19 yanvar tarixində Sumqayıtda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Sumqayıt Şəhər Təşkilatının da iştirakı ilə Heydər Əliyev Mərkəzində “Vətənpərvərliyin təbliği istiqamətində görülən işlər və mənfi təzahürlər” mövzusunda dəyirmi masa keçirdik ki, bu tədbirin də əksər iştirakçıları 44 günlük Vətən müharibəsi veteranları idi. Tədbirdə dövlətimizin qazilərə, müharibə əlillərinə, şəhid ailələrinə olan diqqət və qayğısı ilə yanaşı, cəmiyyətdəki mənfi tendensiyalar, bəzi məmurların yarıtmaz fəaliyyəti nəticəsində ortaya çıxan problemlər, o cümlədən müxtəlif şəxslərin qazi adından, veteran statusudan sui-istifadə cəhdləri tənqid edildi, buna qarşı səmərəli mübarizənin yolları müzakirə olundu. 9 mart 2022-ci ildə Şirvan Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının birgə təşəbbüsü ilə veteranlarla görüş keçirilib. Həmin görüşdə çoxlu sayda 44 günlük Vətən müharibəsi iştirakçıları iştirak edib, onların hər birinin müxtəlif məsələlərlə bağlı fikri diqqətlə öyrənilib. Bir sözlə, biz həm paytaxtda, həm də yerlərdə 44 günlük Vətən müharibəsi iştirakçıları ilə görüşlər keçirir, onların üzləşdiyi çətinlikləri onların öz dilindən eşitmək, bu çətinliklərin aradan qaldırılmasında bilavasitə və ya dolayısı ilə iştirak etməyə səy göstəririk.   -Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına üzv olmayan veteranların da bu təşkilatın imkanlarından faydalanması mümkündürmü?   -Əlbəttə. Məlumat üçün qeyd edim ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı son bir il ərzində Təşkilata üzv olmayan yüzlərlə veteranın probleminin həll edilməsində aktiv iştirak edib. Təşkilatımız mətbuat xidməti, o cümlədən veteran.gov.az saytı, həmçinin Təşkilatımnız daxilindəki müvafiq şöbələrin vasitəsi ilə yüzlərlə veteranı maraqlandıran sualların cavablandırılmasında, onların əlaqədar dövlət orqanlarına yönləndirilməsində, veteranlarla dövlət orqanları arasında təmasın təmin edilməsində yaxından iştirak edir. Biz dəfələrlə bəyan etmişik ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı hər bir veteranın təşkilatıdır və buna görə də Təşkilata üzv olub-olmamasından asılı olmayaraq, hər bir veteran Təşkilatımıza müraciət edə, onun imkanlarından faydalana bilər. Bildiyiniz kimi, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova Prezident İlham Əliyev tərəfindən “İstiqlal” ordeni ilə təltif edildi. Prezidentimiz bu münasibətlə Təşkilatımızın sədrinə ünvanlanan təbrik məktubunda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 44 günlük Vətən müharibəsində orduya, şəhid ailələrinə, qazilərə göstərdiyi dəstək xüsusi ilə qeyd edildi. Hansı ki, bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəaliyyətinə verilən ən yüksək qiymət hesab edirik.   -Cəlil müəllim,  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyətini necə qiymətləndirirsiniz? Sizcə Agentlik QHT sektorunun, vətəndaş cəmiyyəti institutlarının ona olan ümidləri doğruldurmu?   -Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi kifayət qədər səmərəli fəaliyyət göstərir və QHT-lərlə sözün həqiqi mənasında səmimi, məhsuldar və faydalı münasibətlər qurub. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətində diqqət çəkən məqamlardan biri, sözügedən Agentliyin sadəcə QHT-lərin fəaliyyətinə ciddi dəstək verməsi, onların fəaliyyətini stimullaşdıran addımlar atması ilə yanaşı, həm də öz fəaliyəti ilə ciddi bir nümunə ortaya qoymasıdır. Agentliyin sosial şəbəkədəki rəsmi səhifəsinə nəzər salmaq kifayətdir ki, onun hansı miqyasda əməli iş ortaya qoyduğunu görəsən. Təxminən iki həftə bundan öncə ölkəmizdə səfərdə olan Bosniya və Herseqovinanı təmsil edən QHT nümayəndələrinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən  yüksək səviyyədə qarşılanması, onlara Xocalı soyqırımı, erməni vəhşilikləri, Vətən müharibəsi və şanlı 8 Noyabr zəfəri haqqında ətraflı məlumatın verilməsi buna nümunədir. Onu da qeyd edim ki,  Bosniya və Herseqovinanı təmsil edən QHT nümayəndələri bizim Təşkilatımızda da oldular, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəaliyyəti ilə tanış olduqca öz məmnunluqlarını gizlətmədilər. Bir sözlə, hesab edirəm ki,  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyəti sadəcə ölkəmizdəki QHT-lərin fəaliyyətinin vahid mərkəz tərəfindən dəstəklənməsi və koordinasiya edilməsi baxımından deyil, həm də Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, erməni cinayətlərinin ifşa edilməsi baxımından böyük əhəmiyyətə malikdir və biz yaxın gələcəkdə bu sahədə daha böyük uğurlara şahid olacağıq.   Seymur ƏLİYEV

Hamısını oxu
“Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi tərəfindən bu cür tur-aksiyanın keçirilməsini alqışlayıram”

“Onlar öz canlarını ərazi bütövlüyümüz, xalqımızın və dövlətimizin təhlükəsizliyi uğrunda qurban verib”   Ceyhun Məmmədov: “Hər bir fərd, hər bir qurum şəhid ailələri ilə bağlı məsələyə son dərəcə həssas yanaşmalıdır”   Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə bir qrup şəhid ailəsi üçün Şəki şəhərinə istirahət məqsədli tur-aksiya təşkil edilib.   Bununla bağlı saytımıza açıqlama verən millət vəkili Ceyhun Məmmədov belə addımların mühüm əhəmiyyətə malik olduğunu bildirib:   “Azərbaycanda hər zaman şəhid ailələrinə yüksək diqqət və qayğı olub. Həm ölkə başçısı, həm də Mehriban xanım tərəfindən bu təbəqədən olan insanlara xüsusi həssaslıqla yanaşılıb. Ölkəmizdə fəaliyyət göstərən vətəndaş cəmiyyətləri də şəhid ailələri ilə bağlı məsələləri daim diqqətdə saxlayıb. Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi tərəfindən belə bir aksiyanın həyata keçirilməsi də vətəndaş institutlarının şəhid ailələrinə olan diqqətin nümunəsidir və təbii ki, təqdirəlayiqdir. Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi tərəfindən bu cür tur-aksiyanın keçirilməsini alqışlayıram.   Şəhid ailələri ilə bağlı bu cür aksiyaların təşkil olunması məqsədəuyğundur. Bu kimi aksiyalar gələcəkdə də davam etdirilməlidir. Unutmaq olmaz ki, şəhidlərimiz öz canlarını ərazi bütövlüyümüz, xalqımızın və dövlətimizin təhlükəsizliyi uğrunda qurban verib. Buna görə də hər bir fərd, o cümlədən hər bir dövlət orqanı, özəl qurum şəhid ailələri ilə bağlı məsələyə son dərəcə həssas yanaşmalıdır.   Qeyd etdiyim ki, bu cür aksiyaların gələcəkdə də davam etdirilməsini vacib hesab edirəm. Şəhid ailələri dövlətimizin və vətəndaşlarımızın qayğısı ilə daim əhatə olunmalıdır. Şəhid ailələri hiss etməlidirlər ki, dövlətin də, cəmiyyətin də diqqəti daim onların üzərindədir”.   Seymur ƏLİYEV

Hamısını oxu
Fatma Səttarova Bakı Sağlamlıq Mərkəzində yaradılan seçki məntəqəsində səs verib

Bakı, 7 fevral, AZƏRTAC Bu gün Azərbaycan Respublikasında prezident seçkiləri keçirilir. Qocaman seçicilərdən biri olan İkinci Dünya müharibəsi veteranı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri 102 yaşlı Fatma Hüseyn qızı Səttarova da seçkilərdə iştirak edib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, o, müalicə aldığı Bakı Sağlamlıq Mərkəzində yaradılan seçki məntəqəsində səs verib. İkinci Dünya müharibəsinin unudulmaz, hər zaman böyük qayğı və sevgi ilə yad edilən veteranlarından olan Fatma Səttarovanın ölkəmizin ictimai-siyasi, mədəni həyatında böyük xidmətləri var. Həmçinin Fatma Səttarova “İstiqlal” ordeni ilə təltif edilib.

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında Dəyanət Səlimxanlının “İlahi Nur” kiatbının təqdimat mərasimi keçirilmişdir

  Respublika Veteranlar Təşkilatında Dəyanət Səlimxanlının “İlahi Nur” kitabının təqdimatı keçirilmişdir. Təqdimat mərasimində Dəyanət Səlimxanlı, Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov, Təşkilatın əməkdaşları, xalq şairi Sabir Rüstəmxanlı, ehtiyatda olan polkovnik Sucəddin Abdullayev,  ehtiyatda olan polkovnik-leytenantı Həmid Cəfərov, professor Miri Həsənov, professor İzzət Rüstəmov, ziyalılar, elm ictimayyətinin nümayəndələri, veteranlar və gənclər iştirak etmişdirlər.  “İlahi Nur” kitabı Paşayevlər nəslin min illik tarixinə, bugününə və bu nəslin layiqli davamçılarına, görkəmli yazıçı, böyük ədəbiyyatçı alim Mir Cəlal Mir Ələşrəf oğlu Paşayev, akademik Arif Paşayev və nəslin şərəfli ömür yoluna həsr olunmuşdur. “İlahi Nur” poemasında nəsilin şəcərəsindən olan Mir Məhəmməd, onun oğlanları Mir Cəlal, Mir Xəlil, Mir Vəli, Mir Ağa, Mir Əbülfəzin və nəslin sonra gələn nümayəndələrinin fəzilətindən bəhs olunur. Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilov açaraq XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətləri olan görkəmli yazıçı, böyük alim və pedaqoq, xeyirxah insan Mir Cəlal Paşayevin keçdiyi şərəfli həyat yolu haqqında danışdı. “Əzablı ömür qisməti dünyaya gəldiyi ilk illərdən onu izləməyə başlasa da, Mir Cəlal Paşayevin çox çətinliklərə sinə gərərək, öz yolu ilə inadla, inamla irəliləyə bilib. O, 1918-1919-cu illərdə Xeyriyyə Cəmiyyətinin köməyi ilə ibtidai təhsil almış və Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gəncə Darülmüəlliminə daxil olub. Mir Cəlal Paşayev Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun aspiranturasında təhsilini davam etdirməklə yanaşı, müəllimlik etmiş və mənsub olduğu xalqın övladlarına Azərbaycanın tarixini, mədəniyyətini, zəngin keçmişini mənimsədib. Bu baxımdan Mir Cəlal Paşayevin XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafındakı xidmətləri danılmazdır. Görkəmli tədqiqatçının yuxusuz gecələrinin, gərgin zəhmətinin bəhrəsi olan "Füzuli sənətkarlığı", "XX əsr Azərbaycan ədəbiyyatı", "Azərbaycanda ədəbi məktəblər (1905-1917)", "Ədəbiyyatşünaslığın əsasları" adlı fundamental əsərləri Azərbaycan ədəbiyyatşünaslıq elmini zənginləşdirmişdir”. Cəlil Xəlilov həmçinin Mir Cəlal Paşayevin davamçılarının onun yolunu uğurla davam etdirdiyini, Azərbaycan xalqının və dövlətinin inkişafı naminə əlindən gələni əsirgəməyən insanların heç bir zaman unudulmayacağını vurğuladı. Cəlil Xəlilov Mir Cəlal Paşayev və onun nəsil şəcərəsi haqqında yazılan  “İlahi Nur” kitabını Azərbaycan oxucuları üçün dəyərli mənbə və gözəl poeziya nümunəsi adlandırdı. Təqdimatı keçirilən kitabı Azərbaycanda dini tolerantlığın və eləcə də,  İslam dininin yüksək səviyyəli inkişafının bariz nümunəsi kimi dəyərləndirdi. Professor İzzət Rüstəmov “İlahi Nur” kitabını dini baxımdan gözəl nümunə kimi qiymətləndirdi. Mir Cəlal Paşavin nəsil şəcərəsinin İslam dininin və Azərbaycan elminin inkişafındakı fəalliyyətlərini qeyd etdi. Sonra çıxış edən müəllif tədbirin təşkilatçılarına və bütün iştirakçılarına təşəkkürünü bildirdi. O kitabın ərsəyə gəlməsindən və gələcək yaradıcılıq planlarından danışdı. Digər çıxış edənlər - xalq şairi Sabir Rüstəmxanlı, ehtiyatda olan polkovnik Sucəddin Abdullayev,  ehtiyatda olan polkovnik-leytenantı Həmid Cəfərov, professor Miri Həsənov, Yadulla Cümşüdov və digərləri  “İlahi Nur” kitabının ədəbi və dini əhəmiyyətindən, Mir Cəlal Paşayevin və onun davamçılarının xalqımız və dövlətimiz qarşısında danılmaz xidmətlərindən danışdılar.

Hamısını oxu