Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Əbu-Dabi görüşü: Sülhə aparan yolun mühüm mərhələsi

Cənubi Qafqazda tarixi dönüş baş verir

2025-ci ilin iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə baş verən hadisə Cənubi Qafqaz tarixində yeni bir səhifənin başlanğıcını qoydu. Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən beş saatlıq görüş bir çoxlarının mümkünsüz saydığı sülhün əlçatan olduğunu nümayiş etdirdi. Görüşdə Azərbaycan tərəfdən Prezidentin köməkçisi Hikmət Hacıyev, xarici işlər naziri Ceyhun Bayramov, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov və baş nazirin müavini Şahin Mustafayev, Ermənistan tərəfdən Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan, baş nazirin müavini Mqer Qriqoryan və parlament sədrinin müavini Ruben Rubinyan iştirak ediblər. Ən mühüm razılaşmalardan biri sərhədlərin delimitasiyası məsələsi ilə bağlı oldu. Liderlər bu istiqamətdə əldə olunan irəliləyişləri yüksək qiymətləndirərək müvafiq dövlət qurumlarına əməli tədbirlərin davam etdirilməsi üçün göstəriş verdilər. Zəngəzur dəhlizi də müzakirələrin mərkəzində dayanan əsas məsələlərdən biri oldu. Artıq məlumdur ki, bu layihə yalnız regional deyil, qlobal maraq dairəsindədir. Moskva, Tehran, Brüssel və Vaşinqtonun maraq dairəsində olan bu yol, əslində yeni iqtisadi və siyasi düzənin əsas arteriyası ola bilər. Ermənistan öz suverenliyi və yurisdiksiyası çərçivəsində qərarlar qəbul etməkdə israrlıdır. Bu isə göstərir ki, dəhliz məsələsi yalnız infrastruktura deyil, siyasi iradəyə və beynəlxalq münasibətlərə dair ölçü daşıyır. Azərbaycanın mövqeyi birmənalıdır: bu dəhliz açılmalıdır. Lakin Rusiya, İran və digər aktorların mövqeləri hələ tam aydın deyil. ABŞ-ın dəhlizə nəzarət ehtimalı və beynəlxalq aktorların bu məsələdəki rolu isə danışıqlara yeni çalarlar gətirir.  Sülh müqaviləsinin 17 maddəsindən 15-nin razılaşdırılması, prosesin nə qədər yetkin mərhələyə çatdığını sübut edir. Əsasən qarşılıqlı iddialardan imtina, sərhəddə xarici qüvvələrin yerləşdirilməməsi, Ermənistan Konstitusiyasının dəyişdirilməsi və ATƏT-in funksiyasını itirmiş Minsk Qrupunun ləğvi kimi məsələlər ön plandadır. Ən aktual məsələlərdən biri Ermənistan Konstitusiyasının dəyişdirilməsidir. Ermənistan hələ də sənədlərində Azərbaycana qarşı ərazi iddialarına yer verir. Bunun dəyişməsi üçün referendumun keçirilməsi və ərazi bütövlüyünə dair açıq öhdəlik verilməsi vacibdir. Digər əsas məsələ isə ATƏT-in faktiki fəaliyyətsiz Minsk Qrupunun ləğvidir. Azərbaycan artıq bu qurumu tarixin arxivinə göndərməyi təklif edir. Azərbaycan danışıqlarda dəqiq, prinsipial və nəticəyönümlü yanaşma nümayiş etdirərək sülhə sadiqliyini növbəti dəfə ortaya qoydu. ABŞ Dövlət Departamenti, eləcə də Avropa İttifaqı prosesə açıq dəstək ifadə etdi. Aİ sözçüsü Anitta Hipperin fikirləri də bu mənada əlamətdardır: “Bu, regionda davamlı sülh və təhlükəsizliyin bünövrəsini qoyacaq”. Bu görüş bir daha sübut etdi ki, sülh üçün yalnız bəyanatlar deyil, konkret təkliflər, real zəmanətlər və davamlı dialoq tələb olunur. Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan birbaşa və vasitəçisiz danışıqlar formatı  istər sərhədlərin razılaşdırılması, istər azad olunan kəndlərlə bağlı, istərsə də sülh müqaviləsinin detallarında regionda sabitliyin təməlini möhkəmləndirir. Əbu-Dabidə atılan addımlar gerçək barışa aparan yolun başlanğıcıdır. 30 illik münaqişənin, minlərlə insanın həyatına son qoyan faciələrin ardından gerçək sülh görünür. Ermənistan rəhbərliyi bu tarixi fürsəti əldən verməzsə, Cənubi Qafqaz bölünmədən əməkdaşlığa, şübhədən qarşılıqlı etimada keçid edə bilər. Görüş həm də iki lider arasında son vaxtlar müşahidə olunan gərginliklərin yumşaldılmasına və qarşılıqlı anlaşmanın inkişafına töhfə verdi. Dialoqun sakit, səmimi və konstruktiv atmosferdə keçməsi danışıqların məhsuldarlığını artırdı. Veteranlarımız və bütövlükdə cəmiyyətimizin müxtəlif təbəqələri Əbu-Dabi görüşünü Cənubi Qafqazda davamlı sülhə aparan yolun mühüm mərhələsi kimi qiymətləndirir və bu istiqamətdə atılan addımları alqışlayırlar. Veteranlar Əbu-Dabi görüşünü yüksək dəyərləndirərək bildirirlər ki, Prezident İlham Əliyev milli maraqları qətiyyətlə qoruyaraq xalqın etimadını bir daha doğrultdu. Onların fikrincə, bu liderlik təkcə bu günün yox, həm də gələcək nəsillərin sülh və sabitlik şəraitində yaşamaq haqqının təmin olunması istiqamətində atılmış strateji addımdır. Əbu-Dabi görüşü yalnız iki dövlətin deyil, bütün regionun taleyinə təsir göstərə biləcək əlamətdar bir diplomatik hadisə oldu. Əgər Ermənistan Azərbaycanın irəli sürdüyü təkliflərə konstruktiv cavab versə Cənubi Qafqazda yeni bir dövr başlanacaq. Bu dövr qarşıdurmanın deyil, qarşılıqlı əməkdaşlığın; daimi gərginliyin deyil, dayanıqlı sabitliyin dövrü ola bilər. Tarix yenidən - bu dəfə sülhün dili ilə yazılır.

      Cəlil Xəlilov Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

2025-07-11 11:42:54
5581 baxış

Digər xəbərlər

Mehriban Əliyeva Konstitusiya Günü münasibəti ilə xalqı təbrik edib

Bakı, 12 noyabr, AZƏRTAC  Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Azərbaycan Respublikası Konstitusiyasının 25 illiyi münasibətilə paylaşım edib. AZƏRTAC paylaşımı təqdim edir. “Əziz həmvətənlər! Azərbaycan Respublikası Konstitusiyasının 25 illiyi münasibətilə hamınızı səmimi-qəlbdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram! Ölkəmizin bu illər ərzində keçdiyi yol xalqımız üçün azadlıqdan, dövlət müstəqilliyindən, sarsılmaz birlikdən dəyərli heç nə olmadığını göstərdi! Azərbaycan xalqının həmrəyliyi və ölkəmizin müstəqilliyi əbədi olsun! Qoy Vətənimizdə həmişə sülh və əmin-amanlıq hökm sürsün! Uca Tanrı sevimli, doğma Azərbaycanımızı qorusun!”.

Hamısını oxu
Vədlərinə sadiq qalan Müzəffər Ali Baş Komandan

2020-ci il sentyabrın 27-si Azərbaycan tarixində dönüş nöqtəsidir. Həmin gün şanlı Azərbaycan Ordusu Ermənistanın təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əmri ilə 30 illik həsrətə son qoyan əks-hücum əməliyyatına başladı, torpaqlarımız düşmən daptağından azad edildi və uzun illərdən sonra əsl müstəqilliyimizə, ərazi bütövlüyümüzün bərpasına nail olduq. Şanlı Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə Azərbaycanın dövlətçilik və hərb tarixinə qızıl hərflərlə qalibiyyət salnaməsi yazdı. Bu şanlı tarix xalqın mənəvi birliyi, Ordumuzun qüdrəti, Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi ilə yazılıb və Azərbaycanın ən şərəfli dövrünün başlanğıcı hesab olunur. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq və qürur duyacaq. Azərbaycan müharibəni hərbi-siyasi yollarla həll etdi, müharibə arxada qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı. Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil və bu məsələ artıq öz həllini tapıb.   Bunu Veteran.gov.az-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.   Vədlərinə sadiq qalan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev demişdir: “Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik”.   Millət vəkili qeyd etdi ki, 44 günlük Vətən müharibəsi milli iradə, milli ruh, milli ləyaqət təntənəsidir və  qazanılan şanlı qələbə xalqımızın qürur mənbəyinə çevrildi, fəxarətimiz oldu. Vətən müharibəsində əldə olunan möhtəşəm qələbə, Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hər zaman qeyd etdiyi kimi, şəhidlərimizin qanı hesabına qazanıldı və şəhidlərin qanı yerdə qalmadı. Azərbaycan Ordusu şəhidlərin qisasını aldı. “Biz onların qisasını döyüş meydanında aldıq. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib. Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik”. Anım günü münasibətilə Xalqa Müraciətində  Prezident İlham Əliyev belə deyib.   Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, bayrağımzı azad edilən torpaqlarda dalğalandırmış qəhərəmanlarımıza dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabrın Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. Tamam Cəfərova bildirib ki, bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir. Biz şəhidlərimizi öz qəlbimizdə əbədi saxlayacağıq. Şəhidlərin xatirəsini əbədiləşdirmək üçün bütün lazımi tədbirlər görülmüş və bundan sonra da görüləcəkdir. Eyni zamanda, Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi inşa olunacaqdır. Bakıda, şəhərimizin ən gözəl yerlərinin birində İkinci Qarabağ müharibəsinin qəhrəmanlarının şərəfinə möhtəşəm abidə ucaldılacaqdır. Sentyabrın 27-də ölkəmizdə hər yerdə Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimiz, bütün şəhidlərimiz dərin ehtiram, sonsuz şükran və minnətdarlıq hissi ilə yad edildi. “Anım Günündə bütün şəhidlərimizin xatirəsi qarşısında, Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ruhu qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm. Onların yaxınlarına, qohumlarına deyirəm ki, mən demişdim, onların qanı yerdə qalmayacaq və qalmadı. Biz onların qanını aldıq! Mən demişdim ki, biz onların qisasını döyüş meydanında alacağıq, belə də oldu. Bu qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib” -deyə Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Anım Günü ilə əlaqədar xalqa müraciətində bildirdi. Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq sentyabrın 27-də - Anım Günündə Bakı şəhərində yürüş təşkil edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva yürüşdə iştirak ediblər. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın şəhidlərin portiretlərinin başlarının üstündə tutub, yürüşün qarşısında addımlamaları şəhidlərimizə olan böyük ehtiram və hörmətin təzahürüdür.   Millət vəkili vurğuladı ki, 44 günlük müharibə zamanı Azərbaycan Silahlı Qüvvələrində bir nəfər də olsun fərari olmamışdır. Ancaq Ermənistan ordusunda 10 mindən çox fərari olmuşdur. Biz xalqımızı məğlub xalqdan qalib xalqa çevirən şəhidlərimizlə fəxr edirik. Şəhidlərimiz hər bir azərbaycanlının qəlbində özlərinə əbədi heykəl ucaltdılar, adlarını milli tariximizə, milli yaddaşımıza həkk etdilər. Şəhidlərimizlə, qazilərimizlə, Vətən müharibəsində şücaət göstərmiş hərbçilərimizlə, əsgər-zabitlərimizlə fəxr edirik və onların qəhrəmanlığını heç vaxt unutmayacağıq.    

Hamısını oxu
“Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyasının bugünə qədər reallaşmamasına səbəb rəsmi İrəvanın işğal siyasəti olub”

Cəlil Xəlilov: “Beynəlxalq təşkilatlar sərhədlərin delimitasiyası prosesinə öz dəstəklərini verməlidir”   Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiyası son günlərin ən aktual məsələlərindən biridir. Prosesslər Ermənistanın bu məsələdə də süni əngəllər yaratdığını göstərir.   Bunlarla bağlı Moderator.az-a açıqlama verən peşəkar sərhədçi və hüquqşünas, Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası prosesinin bugünə qədər reallaşmamasının günahının İrəvanda olduğunu bildirib:   “İlk öncə bildirməyi zəruri hesab edirəm ki, son vaxtlar tez-tez istifadə olunan “delimitasiya” və “demarkasiya” sözləri, mənşə etibarı ilə qədim latın dilindən götürülməklə, onlardan birincisi, “qeyd”, ikincisi isə, “ayırma” mənalarını ehtiva edir. Hüquqi baxımdan isə “dövlət sərhədi”, daha doğrusu Azərbaycan Respublikasının dövlət sərhədi - Azərbaycan Respublikası ərazisinin, buraya quru və su ərazisinin, yerin təkinin, dəniz və hava fəzasının məkan hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthi bildirir. Dövlət sərhədlərimiz Azərbaycan Respublikasının dövlət suverenliyinin, ərazi hüdudlarını özündə birləşdirməklə, müstəqilliyimizin və suverenliyimizin mühüm atributlarından biri hesab olunur. Məlumat üçün bildirirəm ki, məsələn, Xəzər dənizinin Azərbaycana aid olan hissəsi (Azərbaycan sektoru)  Rusiya, Qazaxıstan, İran, Türkmənistan və Azərbaycan dövlətlərinin səlahiyyətli komissiyyaları tərəfindən öyrənilərək, nəhayət ki, öz müsbət həllini tapmışdır. Təəssüf ki, Ermənistanın işğal edib 30 il təsir dairəsində saxladığı, hazırda isə bir çox hissələri azad olunmuş Azərbaycan sərhədlərinin şəffaf əsaslarla bərpası, daha doğrusu delimitasiyası və demarkasiyası ətrafında lüzumsuz söz-söhbətlər, erməni vandalları tərəfindən əsassız bəhanələrlə mübahisə predmentinə çevrilmişdir. 21-ci əsr olmasına baxmayaraq bəzi erməni siyasətçiləri, dövlətin suveren atributu olan sərhədlərin dəqiqləşdirilməsinin və ya ayrılmasının son dərəcə vacib və əhəmiyyətli olduğunu dərk etmək istəmirlər.   Bu, həm də Ermənistanın özü üçün də mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir. Qeyd etməyi vacib hesab edirəm ki, vaxtılə SSRİ tərkibində, SSRİ sərhədləri daxilində mövcud olmuş hər bir ölkə ayrılarkən öz sərhədlərini müştərək qaydada dəqiqləşdirmişdir. Sərhəd məsələsinə xüsusi önəm verən ölkəmizin müstəqillik elan etdikdən sonra vacib hesab etdiyi və qəbul etdiyi ilk qanunlardan biri də “ Azərbaycan Respublikasının Dövlət Sərhədi” haqqında 9 oktyabr 1991-ci il tarixli Qanun olmuşdur. Ötən dövrdə bu qanun və onun işləməsini təmin edən digər normativ hüquqi aktlar daha da təkmilləşdirilmiş və zəruri dövlət strukturları yaradılmışdır.   1007 km məsafəsi olan Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası son vaxtların ən aktual məsələlərindən biri hesab oluna bilər.   Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyasının bugünə qədər reallaşmamasına səbəb rəsmi İrəvanın işğal siyasəti olub. Məhz Ermənistanın işğal siyasəti nəticəsində bu proses təxirə düşüb. Lakin 44 günlük Vətən müharibəsi və bu müharibə nəticəsində ordumuzun əldə etdiyi tarixi zəfər nəticəsində ərazi bütövlüyümüz təmin olunub ki, bu da sərhədlərin delimitasiya və demarkasiyasını zəruri edir. Ancaq görünən odur ki, Ermənistan hər bir işdə olduğu kimi bu məsələdə də süni problemlər və gərginliklər yaratmağa çalışır”.   Polkovnik bildirib ki, SSRİ dönəmindəki xəritə Azərbaycanla Ermənistan arasındakı sərhədlərin müəyyən edilməsində əsas götürülməlidir:   “Əslində Azərbaycan-Ermənistan sərhədlərinin müəyyən edilməsində SSRİ dönəmində hazırlanan və sovet respublikaları arasındakı sərhədləri özündə əks etdirən xəritə əsas olmalıdır. Çünki bu xəritədə sərhədlər dəqiq şəkildə öz əksini tapıb və bu gün də sərhədlərin o xəritəyə əsasən müəyyən edilməsi həm tarixi, həm də hüquqi baxımdan daha ədalətlidir. Azərbaycan tərəfi də sərhədlərin məhz bu xəritə əsasında müəyyənləşməsində maraqlıdır”.   Cəlil Xəlilovun sözlərinə görə, Azərbaycan digər ölkələrlə sərhədlərin delimitasiya məsələsini yüksək səviyyədə həyata keçirib:   “Ermənistan sərhədlərin delimitasiyası prosesini yanlış şərh edərək iddia edir ki, guya Azərbaycan tərəfi Ermənistan torpaqlarını ələ keçirməyə çalışır. Halbuki, bu proses zamanı Azərbaycan beynəlxalq qanunları, sovet dönəmindəki xəritələri, Vətən müharibəsinndən sonrakı razılaşmaları əsas tutaraq hərəkət edir.   Azərbaycan sərhədlərin delimitasiya prosesini digər qonşşu dövlətlərlə də həyata keçirib. Azərbaycan-Rusiya sərədlərinin delimitasiya prosesi bu baxımdan nümunə sayıla bilər. Bu proseslərin heç birində hər hansı gərgilik yaşanmayıb. Lakin Ermənistan tərəfi məqsədli şəkildə sərhədlərin delimitasiyası və demarkasiyası prosesini ləlngitməyə, süni problemlər yaratmağa çalışır ki, bu da rəsmi İrəvanın məkirli niyyətindən xəbər verir”.   Sədr müavini qeyd edib ki, beynəlxalq təşkilatlar da Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası proesinə dəstək verməli, bu məsələdə yaxından iştirak etməlidir:   “Təəssüflər olsun ki, 30 ilə yaxın müddətdə  davam edən erməni işğalı zamanı biz beynəlxlq təkilatların işğalçı ölkəyə ciddi təzyiq və təsirinə şahid olmadıq. Halbuki, BMT-nin işğalla bağlı 4 məlum qətnaməsi beynəlxalq birliyin Ermənistana təzyiqinə hər cür imkan yaradırdı. Ancaq buna baxmayaraq, beynəlxaql təşkilatlar, dünyanın aparıcı dövlətləri beynəlxalq hüquqa meydan oxuyan işğalçı dövlətə təzyiq göstərmədi. Qürur hissi ilə bildirməyi vacib hesab edirəm ki, BMT qətnamələri məhz Azərbaycan ordusu tərəfindən icra edildi, düşmən işğal edilmiş ərazilərdən qovuldu. Bu gün aktual olan məsələ Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiyasıdır. Beynəlxalq təşkilatlar heç olmasa bu prosesə dəstək verməli, sərhədlərin delimitasiyası prosesində Ermənistanın yaratdığı əsassız, süni əngəllərə görə rəsmi İrəvana təztiq göstərməlidir. Hamı bilməlidir ki, bütün mübahisə və gərginliklər nə qədər tez ortadan qalxsa, regiona sülh və təhlükəsizlik də o qədər tez gələr. Bu isə bütün regionun maraqları, bugünü və gələcəyi baxımından son dərəcə əhəmiyyətlidir”.   Seymur ƏLİYEV

Hamısını oxu
Mehriban Əliyevanın göstərişi ilə şəhid ailəsinin ipoteka borcu ödənildi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişi ilə şəhid ailəsinin ev problemi həll olunub.   AZXEBER.COM xəbər verir ki, bu barədə "Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi məlumat yayıb.   Məlumata görə, 2018-ci il aprelin 4-də cəbhənin Ağdam istiqamətində şəhid olan baş leytenant Nurid Abdullayevin ailəsinin yaşadığı mənzil ipoteka ilə alındığından, ailə ödənişi etməkdə çətinlik çəkib. Bu səbəbdən ailənin mənzil problemi ilə bağlı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət olunub. Müraciət tez bir zamanda cavablandırılaraq ailənin hazırda yaşadığı mənzilin ipoteka borcu ödənilib, eyni zamanda şəhid övladlarının müalicəsi Heydər Əliyev Fondunun nəzarətinə götürülüb.

Hamısını oxu