Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Vətənə və xalqa həsr edilən ömür

XX əsr Azərbaycan tarixinin ən mürəkkəb dövrlərindən biridir. Xalqımız və ölkəmiz əsrin əvvəllərində qərinələr boyu həsrətində olduğu azadlığını, müstəqilliyini əldə etsə də, bu, uzun çəkmədi və yenidən müstəmləkə əsarətinə düçar oldu. Çar imperiyasını bolşevik diktaturası əvəz etdi.   İlk milli respublikanı quran və bir müddət yaşadan əksər siyasət və dövlət xadimləri, ziyalılar ya məhv edildilər, ya da ölkədən qovuldular. Daha sonra isə, 37-ci il repressiyası başladı. Milli ideallarla, xalqın maraqları ilə yaşayan, varlıqları və fəaliyyətləri ilə sovet tədqiqatçılarının absurdluğunu, yalan olduğunu sübuta yetirən minlərlə şair, yazıçı, artist, rejissor, alim, dövlət xadimi, hərbiçi fiziki və mənəvi cəhətdən məhv edildi. Ancaq xalq özünün ən ali və dəyərli keyfiyyətlərini, özünəməxsus adət-ənənələrini, etnik-milli özgürlüklərini qoruyub saxlaya bildi. Sadəcə olaraq, milli faciənin astanasında, ölüm-qalım mübarizəsində qeyrət, dəyanət, əzm nümayiş etdirərək duruş gətirən xalq lidersiz, rəhbərsiz idi.   Parlaq zəkası, fitri istedadı, yorulmaz fəaliyyəti, əvəzsiz peşəkarlığı, qeyri-adi təşkilatçılıq qabiliyyəti ilə məhz Heydər Əliyev Vətənə xidmət amalını və andını gerçəkləşdirdi. Tam əminliklə deyə bilərik ki, Azərbaycanda Heydər Əliyev erasının tarixi onun DTK-nın rəhbəri işlədiyi vaxtdan başlayır.   İlk növbədə ona görə ki, ölkə, xalq, respublika miqyasında taleyüklü məsələlərin sistematik, ardıcıl həllinin fundamenti yaradıldı. Heydər Əliyevin şərəfli ömür yolunun bu dövrü haqqında da kifayət qədər danışıldığı üçün yalnız bir-iki səciyyəvi cəhətə diqqət yetirmək istəyirəm. Birincisi, ikiyüzillik imperiya tarixində ilk dəfə azərbaycanlı sovet rejiminin ən məxfi, ən qorxulu, başlıcası isə ən qüdrətli güc strukturunun rəhbərliyinə irəli çəkildi. Nəticədə Azərbaycan Respublikası və xalqı bir sıra dəhşətli fəlakətlərdən qorundu, bir sıra amansız zərbələrdən minimum itki ilə qurtardı. Təfsilatına varmadan onlarla ziyalının “KQB” repressiyasından məhz DTK-nın sədri Heydər Əliyevin sayəsində xilas olduğunu qeyd etməklə kifayətlənmək istəyirəm. Təsadüfi deyil ki, Heydər Əliyev erasından sonra sovet “KQB”sinin dağıdıcı fəaliyyətini müqayisəli nəzərdən keçirsək, bu gün qürur hissi ilə Azərbaycanın ən az terrora məruz qaldığını deyə bilərik.   İkincisi, müdrik fəaliyyətin, incə diplomatiyanın sayəsində DTK-da milliləşdirmə siyasəti həyata keçirildi. Bu orqanda azərbaycanlıların sayının artırılması möhtəşəm bir uğur idi. Risk və fədəkarlıq tələb edən bu müvəffəqiyyət əslində eyni siyasətin bütün sahələrdə keçirilməsinin zəruriliyinə siqnal, çağırış, ən vacibi isə nümunə idi.   Üçüncüsü, yenə də məhz Heydər Əliyevin tarixi xidməti sayəsində Azərbaycan DTK-sı mənlik şüurunun gücləndirilməsinin, milli azadlıq ideyalarının geniş yayılmasının nəinki qarşısını aldı, əksinə imkan daxilində, gizli yollarla buna şərait yaratdı. Hamı etiraf edir ki, milli azadlıq hərəkatının qələbə qazanmasında milli ədəbiyyat və incəsənət əhəmiyyətli rol oynayıb. Bu sahədə özünəməxsus yerinin, çəkisinin və payının olduğu şübhə doğurmayan B.Vahabzadə, X.R.Ulutürk, Əbülfəz Əliyev və b. var. Onların Sovet “KQB”sinin caynağından məhz Heydər Əliyevin qurtardığını xatırlasaq, azadlıq mücadiləmizin 60-cı illərindəki təməlini kimin formalaşdırdığını aydın təsəvvür edə bilərik. 1969-cu ildə Heydər Əliyev Azərbaycan Respublikasına rəhbərlik etməyə başladı. 1969-cu il Azərbaycanı Azərbaycana qaytarmaq uğrunda şanlı mübarizənin başlanğıc ili kimi qeyd olunmalıdır. Heydər Əliyev DTK-nın rəhbəri işlədiyi dövrdə gördüyü işləri daha geniş miqyasda, daha əsaslı və səlahiyyətli şəkildə, xüsusən də konseptual halda davam etdirməyə başladı. Onun quruculuq fəaliyyəti respublikanın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni sahələrini bütövlükdə əhatə etdi. Mən peşəkar hərbiçiyəm. Ordu quruculuğunun sadaladığım bütün sahələrdə bilavasitə əlaqəli olduğunu bildiyim üçün əvvəlcə qısa şəkildə həmin sahələrə toxunmaq istəyirəm. Heydər Əliyev fenomenini tanıyaraq, sevdiyim gündən bu dahi şəxsiyyətin amalının xüsusi diqqət yetirdiyi bir neçə istiqamətinə prioritet xarakter verdiyinin şahidi olmuşam. Heydər Əliyev çalışıb ki,  iqtisadi cəhətdən güclü Azərbaycan dövləti yaratsın,  ölkəni maksimum demokratikləşdirsin, hüquqi dövlət yaratsın, elm, ədəbiyyat və mədəniyyətin inkişafına hər cür şərait yaratsın, qüdrətli milli ordu formalaşdırsın.   Şübhəsiz, bu sahələrin heç də hər birində nailiyyəti asanlıqla qazanmamışıq. Amma bütün sahələrdə sivil dünya birliyinin də etiraf etdiyi danılmaz uğurlarımız var və bu istiqamətlərin də təməli məhz 60-cı illərdən qoyulmuşdur. Heydər Əliyev Azərbaycanı aqrar ölkə olaraq qalmaq fəlakətindən qurtardı. Respublikamızda sənayenin çəkisi 60-cı illərdən sonra günbəgün artırıldı. Ölkənin qazlaşdırılmasında, elektrikləşdirilməsində böyük uğurlar qazanıldı. Strateji mənafe baxımından mühüm əhəmiyyət kəsb edən Bakı-Balakən, Bakı-Xankəndi dəmiryolunun çəkilişi başa çatdırıldı. Heydər Əliyev elə mükəmməl və möhkəm iqtisadi baza yaratdı ki, keçmiş SSRİ-də yalnız Rusiyanın və bir də Azərbaycanın öz potensialı hesabına yaşamağa qadir olduğu bilindi. Ölkənin demokratikləşdirilməsi və hüquqi dövlət quruculuğu sovet imperiyası ideoloqlarının ciddi nəzarəti, daha doğrusu, yasağı altında idi. Azadfikirliliyin nəinki boğulması, əksinə inkişafına şərait yaradılması bu sahədə ən böyük qələbə oldu. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə Azərbaycandan mühacirətə gedənin olmaması, heç kimin siyasi-milli ittihamlarla həbs olunmaması ulu öndərin demokratikliyindən, milliliyindən, siyasi diktələri deyil, ədalət prinsiplərini əsas götürdüyündən xəbər verir.   Azərbaycan tarixinin elə məsələləri, elə uğurları var ki, onların əhəmiyyətini qiymətləndirmək üçün mütəxəsis olmağa ehtiyac yoxdur. Azərbaycan elminin, ədəbiyyat və mədəniyyətinin 60-cı illərdən sonra çiçəklənməyə və dünya miqyasında tanınmağa başladığını desəm, qətiyyən səhv etmərəm.   Dahi siyasətçini digər siyasətçilərdən fərqləndirən ən əsas cəhət gündəlik fəaliyyətində irili-xırdalı bütün məsələləri perspektivdə götürmək, gələcəklə əlaqələndirmək bacarığıdır. Heydər Əliyev DTK-da işləyəndən, xüsusən də 69-cu ildə ölkə rəhbərliyinə gələndən ən vacib məsələ kimi ordu quruculuğuna xüsusi diqqət yetirib. Onun ilk əməli addımı DTK-nı milliləşdirməsi oldu.   Azərbaycanı perspektivdə peşəkar əsgəri, zabiti, hərb sənəti, ordusu, texnikası olmayan ölkə taleyi gözləyirdi. Heydər Əliyev şüurlarda da, psixologiyada  da dəyişiklik yaratdı. Hərbi xidmətə gedən gənclərin təntənəli şəkildə yola salınması, nümunəvi xidmət göstərənlərin təbliğ olunması, ən başlıcası isə milli zabit kadrlara xüsusi qayğı göstərilməsi ənənəyə çevrildi. Yüzlərlə, minlərlə azərbaycanlı hərbiçilərin vəzifəyə təyin olunmasında, hərbi rütbə almasında Heydər Əliyevin uzaqgörən, milli strateji maraqlara cavab verən siyasəti əhəmiyyətli rol oynadı. Azərbaycanlı zabit kadrların hazırlanması üçün iki böyük problem hələ də qalırdı. Birincisi, dil baryeri, ikincisi, zabit kadrların hazırlanması prosesinin respublika rəhbərliyinin nəzarətindən kənarda qalması. Bakı və Sumqayıt kimi bir sıra iri şəhərləri çıxmaqla digər bölgələrdən olan azərbaycanlılar rus dilini yaxşı bilmədiyinə görə zabit olmaq arzularına qovuşa bilmirdilər. C.Naxçıvanski adına hərbi məktəbin açılması böyük tarixi hadisə idi. Rus dilini bilməyən azərbaycanlılar hərbi məktəbə qəbulda güzəşt qazandılar. Azərbaycan dövrün ən müasir texniki, elmi, tədris tələblərinə cavab verən hərbi tədris bazası qazandı. Heydər Əliyev hərbi-vətənpərvərliyin təbliği işinə də xüsusi qayğı göstərirdi. C.Naxçıvanski, Mehdi Hüseynzadə, Həzi Aslanov, İsrafil Məmmədov, Ziya Bünyadov kimi  İkinci Dünya müharibəsi qəhrəmanları təbliğ olunur, azərbaycanlılarda ulu tarixi olan döyüşkənlik ruhunun sönməsinin qarşısı alınır, məhz Azərbaycan uğrunda şəhidliyin və qaziliyin şərəf, qeyrət, vətəndaş borcu olduğu təlqin edilirdi. Görülən bu böyük işlərin nəticəsi idi ki, azğın erməni qoşunları ölkəmizə qarşı müharibəyə başlayanda SSRİ-nin müxtəlif ərazilərində xidmət edən azərbaycanlı zabitlərin respublikaya könüllü axını başladı. Tarix və məhz bu fakt bir daha təsdiq etdi ki, Heydər Əliyevin dahiliyi, müdrikliyi, uzaqgörən siyasəti olmasaydı, Azərbaycanı peşəkar zabiti, əsgəri, hərb sənəti, ordusu, texnikası, döyüşkənlik ruhu olmayan bir ölkə kimi faciə və fəlakət gözləyirdi. Amma Heydər Əliyevin 60-cı illərdən başlayan fenomenal siyasəti bütün bunların nəinki qarşısını aldı, eyni zamanda dünyada Azəbaycanın hərbi gücünü sübut etdi.   Heydər Əliyev yenidən hakimiyyətə gələn gündən ordu quruculuğuna prioritet istiqamət verdi. Bu vacib sahə diletantlardan, naşılardan, “siyasi liderlərin” eksperimentlərindən təmizləndi. Silahlardan təyinatı üzrə döyüş bölgələrində istifadə olunmağa başlandı. Bu gün Azərbaycanda nizami ordu mövcuddur. Ordumuz müstəqil ölkəmizin təhlükəsizliyini ayıq-sayıqlıqla qoruyur. Bu gün Azərbaycan Ordusu hər cür təcavüzkarı yerində oturtmağa qadirdir. Bunu 44 günlük Vətən müharibəsi bir daha bütün dünyaya sübut etdi. Ulu Tanrı seçib-sevdiyi insanlara elə şərəfli, müqəddəs tale bəxş edir ki, onların bir ömrü min ömrə bərabər olur. Belə xoşbəxtlərdən biri də həyatını doğma xalqına həsr etmiş ümummilli lider Heydər Əlirza oğlu Əliyevdir.   Cəlil Xəlilov, Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik, siyasi elmlər üzrə fəlsəfə doktoru

2021-05-09 00:00:00
3563 baxış

Digər xəbərlər

"Alyans" Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyinin üzvləri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

28 mart - Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat orqanları əməkdaşılarının peşə bayramı ilə əlaqədar "Alyans" Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyinin üzvləri Fəxri Xiyabanda təhlükəsizlik orqanlarının ilk azərbaycanlı generalı, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etmişlər. Veteran.gov.az "Alyans" Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyinin sosial şəbəkədəki hesabına istinadən xəbər verir ki, Ümummilli Liderin məzarı önünə əkil və gül dəstələri qoyulmuş, əziz xatirəsi anılmışdır. Daha sonra tədbir iştirakçıları görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət etmişlər. Tədbirdə çıxış edən natiqlər general-mayor Heydər Əliyevin yüksək peşəkarlıqla keçirdiyi əməliyyatlar, onun rəhbərliyi dövründə təhlükəsizlik orqanlarının nailiyyətləri, o cümlədən Ulu Öndərin göstərişi ilə peşəkar azərbaycanlı kadrların hazırlanması istiqamətində görülmüş işlər haqda danışmışlar. Məlumat üçün qeyd edək ki, ziyarətdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, həmçinin, millət vəkili Arzu Nağıyev də iştirak edib. Seymur ƏLİYEV    

Hamısını oxu
Sumqayıt Tibb Mərkəzi və tabe müəssisələrdə Anım Günü ilə bağlı tədbirlər keçirilib

Sumqayıt Tibb Mərkəzi və tabeliyində olan tibb müəssisələrində 27 sentyabr Anım Günü ilə əlaqədar tədbirlər keçirilib. Veteran.gov.az xəbər verir ki, bu barədə Sumqayıt Tibb Mərkəzinin sosial şəbəkədəki rəsmi hesabında məlumat verilib. Məlumatda deyilir: “Tədbirlərdə torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Anım tədbirlərində 44 günlük zəfər savaşından geniş söhbət açılıb. Çıxış edənlər şəhid adının müqəddəsliyindən danışıb, onların xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını qeyd ediblər. STM-in kollektivi Sumqayıt Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin ruhlarına ehtiramlarını ifadə ediblər, məzarları üzərinə gül dəstələri düzüblər”. Məlumat üçün qeyd edək ki, Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Sumqayıtda şəhid ailələri və müharibə qazilərinə həm Sumqayıt Şəhər İcra Hakimiyyəti, həm də Sumqayıt Tibb Mərkəzi tərəfindən ciddi qayğı və diqqət göstərilir, məlum kateqoriyaya daxil olan insanların hər bir müraciətinə xüsusi həssaslıqla yanaşılır. Seymur ƏLİYEV  

Hamısını oxu
“Prezidentimizin şəhid ailələri və müharibə əlilləri ilə bağlı Sərəncamı vətəndaşlarımıza mütəmadi dövlət qayğısının göstəricisidir”

Prezident İlham Əliyevin Sərəncamına əsasən şəhid ailələri və müharibə əlillərinin mənzil təminatı 2030-cu ilədək davam etdiriləcək.  Mövzu ilə bağlı saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Prezidentin məlum Sərəncamının tarixi-mənəvi əhəmiyyətinə diqqət çəkib: “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin 2030-cu ilədək davam etdirilməsi dövlətimizin, Prezidentimizin həssas kateqoriyaya mənsub vətəndaşlarımıza olan qayğı və ehtiramının nümunəsidir. Bu Sərəncam bir daha sübut edir ki, şəhid ailələrinin, müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların hərtərəfli diqqət və qayğı ilə əhatə olunması dövlətimiz üçün prioritet məsələdir. Dövlətimiz bu istiqamətdə uzun illərdir ki, sistemli, məqsədyönlü siyasət yürüdür ki, bu siyasətin nəticəsi göz önündədir. Bu gün ölkəmizdə şəhid ailələri və müharibə əlillərinə göstərilən qayğı dünyanın ən qabaqcıl ölkələrinə belə nümunə sayıla biləcək səviyyədədir. Prezidentimizin 13 may 2025-ci il tarixli Sərəncamı dövlətimizin şəhid ailələləri və müharibə əlilləri ilə bağlı ənənəvi siyasətini davam etdirməkdə son dərəcə qətiyyətli olduğunu bir daha isbatladı. Sözügedən Sərəncam həssas kateqoriyadan olan vətəndaşlarımızın sosial rifahını yaxşılaşdırmaqla yanaşı, onların mənəvi ehtiyaclarının qarşılanması baxımından da mühüm əhəmiyyətə malikdir. Heç kimə sirr deyil ki, məhz bu kimi nəcib addımlar sayəsində şəhid ailələri, müharibə əlilləri dövləti daim öz yanlarında hiss edir, dövlətimiz üçün nə qədər önəmli olduqlarını anlayırlar. Məhz bu baxımdan Prezident İlham Əliyevin məlum Sərəncamını həm tarixi, həm də mənəvi baxımdan yüksək qiymətləndirir, buna görə Müzəffər Ali Baş Komandanımıza bütün veteranlar adından dərin təşəkkürümüzü bildiririk. Əminəm ki, şəhid ailələrinə, müharibə əlillərinə göstərilən bu yüksək diqqət gənclərimizin vətənpərvərlik tərbiyəsinə də öz müsbət təsirini göstərəcək, xalq-dövlət birliyini daha da gücləndirəcək”. Seymur ƏLİYEV  

Hamısını oxu
Vətən Müharibəsinin daha bir qazisi şəhidlik zirvəsinə ucalıb

Masallı rayon sakini, II Qarabağ Müharibəsi qazisi Zeynal Fizuli oğlu Şahhüseynov həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib.   Respublika Veteranlar Təşkilatı bununla bağlı müharibə qazisinin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib, səbr diləyib.   Məlumat üçün qeyd edək ki, təxminən 2 həftə öncə komaya düşən Vətən Müharibəsi qazisi Zeynal Fizuli oğlu Şahhüseynov Bakı Respublika Neyrocərrahiyyə Xəstəxanasında müalicə alırdı. O, müharibə başlayandan cəbhəyə könüllü yollanıb, kəşfiyyat bölüyündə xidmət edib.   Allah rəhmət eləsin!

Hamısını oxu