Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial tərəfdaşı tərəfindən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına avtomobil hədiyyə edilib

1941-1945-ci illər İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin 76-cı ildönümü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial tərəfdaşı tərəfindən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına avtomobil təqdim edilib. Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov avtomobilin açarlarını Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarovaya təqdim edib. O, alman faşizmi üzərində Qələbənin əldə olunmasında xalqımızın misilsiz xidmətlərini qeyd edib. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən İkinci Dünya müharibəsi iştirakçılarının sosial müdafiəsi istiqamətində fəal dövlət siyasətinin formalaşdırlmasının təmin edildiyini vurğulayıb. V.Behbudov Prezident İlham Əliyevin müharibə veteranlarına xüsusi qayğısından bəhs edib. Bu kateqoriyalardan olan insanların sosial təminatlarının gücləndirilməsi sahəsində mühüm addımların atılığını diqqətə çatdırıb, veteranları 9 May-Qələbə günü münasibətilə təbrik edib. F.Səttarova İkinci Dünya müharibəsi iştirakçılarına göstərilən hərtərəfli qayğıdan razılıqla söz açıb. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına göstərilən diqqətə, bu gün Təşkilatın avtomobillə təmin olunmasına görə təşəkkürünü bildirib. Görüş əsnasında Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfərdən, erməni faşizmini məhv etməsindən qürurla bəhs olunub.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

2021-05-09 00:00:00
3812 baxış

Digər xəbərlər

Veteranlarımız etibarlı sosial müdafiə ilə əhatə olunublar

1941-1945-ci illərdə İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin əldə olunmasında müstəsna xidmətləri ilə seçilən Azərbaycan hazırda müharibənin iştirakçılarının etibarlı sosial müdafiəsinin təmin olunması istiqamətində fəal dövlət siyasəti yürüdür. Ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən və ümummilli lider Heydər Əliyevin 1993-cü ildə respublikaya qayıdışından sonra İkinci Dünya müharibəsi iştirakçıları cəmiyyətimizin ən hörmətli insanları kimi dəyərləndirilib. 9 May - Qələbə Günü yenidən dövlət bayramları sırasına daxil edilib, həmin müharibənin iştirakçılarının sosial müdafiəsi sahəsində mühüm addımlar atılıb. 1994-cü ildə “Veteranlar haqqında” Qanun qəbul olunmaqla, İkinci Dünya müharibəsi iştirakçılarına dövlət qayğısının ildən-ilə artırılması istiqamətində müvafiq işlər aparılıb. AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib. Respublika Veteranlar Təşkilatının sədr müavini qeyd edib ki, 2003-cü ildən isə bu siyasət Ulu Öndərin layiqli siyasi varisi, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirir. Yaxın bir neçə ildə İkinci Dünya müharibəsi iştirakçılarına qayğı daha da artırılıb, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Prezidentin çoxsaylı fərman və sərəncamları olub. Hər il 9 May - Qələbə Günü ərəfəsində Prezident İlham Əliyevin İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardımların verilməsi barədə sərəncamları imzalaması da həmin insanlara yüksək diqqət və qayğıdan xəbər verir. Azərbaycan MDB-yə üzv ölkələr arasında hər il Qələbə günü ərəfəsində İkinci Dünya müharibəsi iştirakçılarına ən yüksək məbləğdə birdəfəlik maddi yardımın verildiyi ölkədir. 2012-ci ildə iyulunda 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarının sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə Azərbaycan Prezidentinin təqaüdü təsis edilib. Sonrakı illərdə imzalanan Prezidentin fərman və Sərəncamları ilə 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına birdəfəlik maddi yardımlar verilib. Polkovnik Cəlil Xəlilov deyib ki, İkinci Dünya müharibəsi iştirakçılarına dövlət qayğısı ildən-ilə artırılmaqdadır. Belə ki, Prezident İlham Əliyevin “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” 2020-ci il 24 aprel tarixli Sərəncamı bu kateqoriyadan olan vətəndaşların xüsusi diqqət və qayğı ilə əhatə olunduqlarının növbəti təzahürüdür. Sərəncam 7600 nəfərə şamil olunub. Onlardan 264-ü İkinci Dünya müharibəsində iştirakçısı, qalanı İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş və sənəddə nəzərdə tutulan digər müvafiq şəxslərdir. Qələbənin 75-ci ildönümü ilə əlaqədar İkinci Dünya müharibəsində iştirakçılarına 1500 manat, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına isə 750 manat məbləğində birdəfəlik maddi yardım verilib. Cəlil Xəlilov deyib ki, Azərbaycan dövlətinin hər zaman veteranların, ölkənin ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirməsi bu fəaliyyətin qürur doğuran nəticəsidir. İkinci Dünya müharibəsi əlilləri və iştirakçıları əmək pensiyaları ilə təmin olunurlar və onların yaşa görə əmək pensiyalarının baza hissəsinin üzərinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada əlavələr də hesablanıb. Bundan əlavə, qeyd edilən şəxslərin, eləcə də şəhid ailələrinin mənzil və fərdi evlərlə, müharibə əlillərinin isə minik avtomobilləri ilə təmin edilməsi üzrə mühüm sosial proqramlar da icra edilir. Həmin vətəndaşların dövlət hesabına bərpa-müalicə xidməti, sanator-kurort putyovkaları ilə təminatı sahəsində də məqsədyönlü işlər görülür. Eyni zamanda, sosial xidmətlərə ehtiyac duyan İkinci Dünya müharibəsi iştirakçılarına sosial işçilər tərəfindən evlərində sosial xidmətlər göstərilir. “Həyata keçirilmiş sosial proqramlar Vətənə canı bahasına xidmət etmiş və bu gün də layiqincə xidmət edən insanlara, onların ailə üzvlərinə nə qədər önəm verildiyini bir daha sübut edir. Ali Baş Komandanın bu istiqamətdə verdiyi fərman və sərəncamlar Azərbaycanın veteranlarına və onların yaxınlarına, eləcə də sabah torpaqlarımızın düşmən işğalından azad olunması yolunda fədakarlıq göstərəcək əsgər və zabitlərimizə ünvanlanmış aydın və birmənalı mesajıdır. Vətən, xalq, dövlət öz müdafiəçilərini daim qiymətləndirir, onların xidmətlərini heç vaxt yaddan çıxarmır. Qeyd olunanlar bu dövlət qayğısına layiqli cavab olaraq, İkinci Dünya müharibəsi iştirakçıları da respublikamızın inkişafı proseslərində, xüsusən də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində fəal iştirak edirlər. Müharibə veteranları ilə bağlı dövlətin sosial proqramlar çərçivəsində həyata keçirilən tədbirlərin yerinə yetirilməsində Respublika Veteranlar Təşkilatı yaxından iştirak edir. Böyük Vətən müharibəsi iştirakçılarına göstərilən bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə, eləcə də Birinci vitse-prezident Mehriban Əliyevaya Respublika Veteranlar Təşkilatının rəhbərliyi və veteranlarımız adından xüsusi minnətdarlığımızı bildiririk”, - deyə Cəlil Xəlilov vurğulayıb.

Hamısını oxu
Sumqayıtda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb

Veteran.gov.az xəbər verir ki, aprelin 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi, Sumqayıt ​ şəhər “Cümə” məscidi dini icmasının təşkilatçılığı və Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə Sumqayıt şəhərində şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb. İftar mərasimində Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov, Sumqayıt şəhər “Cümə” məscidi dini icmasının sədri Rauf Sərdarov, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. İftar mərasimində Ramazan ayının mənəvi paklıq, mərhəmət və şəfqət ayı olması ilə bağlı çıxışlar edilib. Natiqlər dövlət başçısının şəhid ailələri və qazilərə olan diqqəti, dövlətin bu sahəyə olan qayğısından məmnunluqla bəhs ediblər. Daha sonra ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən qəhrəman şəhidlərin ruhuna dualar oxunub.  

Hamısını oxu
Elmə, tələbəyə, torpağa və ailəyə sədaqətlə həsr olunmuş ömür

(Akademik İbrahim Cəfərovun yubileyinə həsr olunur)Böyük ömürlər olur – yaşanır və bitir. Bir də elə ömürlər var ki, yaşandıqca böyüyür, dərinləşir, insanların yaddaşında, taleyində iz qoyur. Akademik İbrahim Cəfərovun ömrü məhz bu qəbildəndir. Bu, təkcə təqvimdə artan illərin yox, mənaya çevrilən zamanın hekayəsidir.İnsan var ki, elmi seçir. İnsan var ki, vəzifəni. İnsan da var ki, insanı seçir.  İbrahim müəllim bütün pillələrdə — alim olanda da, rektor olanda da, institut direktoru olanda da — məhz İNSANI əsas götürdü. Elə buna görə də onun adı təkcə rəsmi sənədlərdə yox, minlərlə tələbənin, həmkarın, dostun qəlbində yaşayır, harda olmasından, harda işləməsindən asılı olmayaraq məhəbbətlə, ehtiramla, minnətdarlıqla xatırlanır.REKTORLUQ – VƏZİFƏ DEYİL, MƏSULİYYƏT İDİRektor olmaq çoxlarının gözündə kreslo, səlahiyyət, imza deməkdir. İbrahim Cəfərov üçün isə rektorluq tələbənin taleyinə cavabdehlik idi.Uzun illər Azərbaycan Dövlət Aqrar Universitetində çalışdığı dövr isə İbrahim Cəfərovun fəaliyyətinin ayrıca bir mərhələsidir. Xüsusilə rektor olduğu illər universitet tarixində inkişaf və yenilənmə dövrü kimi xatırlanır. Bu illərdə ADAU-da müasir tədris infrastrukturu formalaşdı, yeni laboratoriyalar yaradıldı, tələbələrin sosial-məişət şəraitinin yaxşılaşdırılması prioritetə çevrildi. İbrahim müəllim üçün tələbə sadəcə təhsil alan şəxs deyil, gələcəyin aqronomu, alimi, mütəxəssisi idi. İbrahim Cəfərov rektor olduğu illərdə universiteti sadəcə təhsil müəssisəsi kimi yox, gənclərin həyat məktəbi kimi görürdü. Onun üçün tələbə yalnız imtahan verən şəxs deyildi — qayğısı olan, ehtiyacı olan, bəzən çətinlik içində oxuyan bir insan idi.O, auditoriyaya girəndə yalnız dərs saatını yox, o auditoriyada oturan gəncin gələcəyini görürdü.Bu baxışdan doğdu müasir tələbə yataqxanaları…Betondan tikilən binalar deyildi onlar. Hər mərtəbəsində valideyn nigarançılığına cavab, hər otağında ümid vardı. Müxtəlif rayonlardan gələn, kirayə dərdi çəkən, çətinliklə oxuyan gənclər üçün bu yataqxanalar təhsil yolunun sığınacağına çevrildi. İbrahim müəllim bilirdi ki, rahat yerdə yatan tələbə daha rahat düşünür, daha cəsarətlə xəyallar qurur. Bu yataqxanalar rahatlıqdan çox təhlükəsizlik hissi verdi tələbələrinə: “Burada tək deyilsən”.PANDEMİYA SINAĞINDA İNSANLIQ DƏRSiZaman elə məqamlar yaradır ki, insanın kim olduğu kağızla yox, əməli ilə ölçülür. Pandemiya illəri də belə bir imtahan idi.Pandemiya çox şeyi üzə çıxardı. Kiminsə vəzifəsi böyüdü, kiminsə insanlığı… İbrahim Cəfərov üçün isə seçim çoxdan edilmişdi...Distant dərslər başlayanda hamı “platforma”, “sistem”, “təlimat”dan danışırdı. Rektor İbrahim Cəfərov isə başqa sual verdi:“Kompüteri olmayan tələbə dərsə necə qoşulacaq?”Cavab kağız üzərində qalmadı. O, şəxsi vəsaitindən aztəminatlı ailələrin övladlarına planşetlər aldı, payladı. Səssiz, reklamsız, təmtəraqsız… Çünki onun üçün bu, xeyriyyəçilik yox, vicdan borcu idi. O günlərdə bir çox gənc üçün İbrahim müəllim rektor yox, arxasında dayanan dayaq oldu.Qısa desək, pandemiya dövründə onun insanpərvərliyi və məsuliyyəti xüsusilə aydın göründü. Bu addımlar tələbələrin yaddaşında rektorun deyil, müəllimin və insanın davranışı kimi qaldı.ELM ADAMIHazırda Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutuna rəhbərlik edən İbrahim Cəfərov burada da eyni prinsiplərlə çalışır: elm – istehsalat – təhsil vəhdəti. İnstitutda gənc alimlərin hazırlanması, doktorantura və magistratura səviyyəsində kadr potensialının gücləndirilməsi, elmi nəticələrin istehsalata tətbiqi onun fəaliyyətinin əsas istiqamətlərindəndir. Gənclərə açıq qapı, elmi müzakirələrə şəxsən qatılmaq, sahə tədqiqatlarında birbaşa iştirak etmək onun dəyişməz idarəçilik üslubudur. İbrahim Cəfərovun elmi fəaliyyəti rəqəmlərlə də möhtəşəmdir: yüzlərlə məqalə, onlarla kitab, patentlər, yetişən alimlər… Amma onu fərqləndirən əsas cəhət elmi insandan ayırmamasıdır.O, bilir ki, elm torpağa toxunmayanda quruyur. Bitki mühafizəsi sahəsində apardığı tədqiqatlar da, rəhbərlik etdiyi institut da bir məqsədə xidmət edir: Azərbaycan torpağının bərəkətinə, kəndlinin ruzisinə, ölkənin ərzaq təhlükəsizliyinə.Onun elmi kabinetlərdə qapanıb qalmayıb. Bitki mühafizəsi sahəsində apardığı tədqiqatlar Azərbaycanın aqrar inkişafı üçündür. Təsadüfi deyil ki, onun rəhbərliyi altında hazırlanan elmi işlər praktik əhəmiyyətinə görə seçilir.Akademik yaxşı bilir ki, elm torpağa xidmət etmirsə, mənasını itirir.DÖVLƏTÇİLİYƏ SƏDAQƏT, İNSANA HÖRMƏTAkademik İbrahim Cəfərov hər zaman Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiq olub. Dövlətçiliyi sözlə yox, fəaliyyəti ilə müdafiə edib. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlara inamla yanaşıb, bu inamı ətrafındakılara da ötürüb.Amma onu böyük edən yalnız siyasi mövqeyi deyil. Onu böyük edən sadəliyi, insanlara insani münasibəti, qapısını döyən heç kəsi boş qaytarmamasıdır.SEVGİ İLƏ YAŞANAN ÖMÜRİbrahim müəllimi tanıyanlar yaxşı bilir: o, zarafatı yerində olan, sözü şirin, ünsiyyəti rahat insandır. Onunla söhbət edəndə rəsmi məsafə yox olur, insan özünü dəyərli hiss edir. Bəlkə də buna görə işlədiyi bütün kollektivlərdə hörmət qazandı, özü də qorxu ilə yox, sevgi ilə. Ailəsinə bağlılığı, dostluğa sədaqəti, kəndinə, torpağına olan məhəbbəti onun şəxsiyyətinin ayrılmaz hissəsidir. Dörd övlad, on iki nəvə — bu da bir alimin ən böyük elmi nəticələrindən biridir.YOL DAVAM EDİRBu gün akademik İbrahim Cəfərov 70 illik ömrün zirvəsində dayanıb geriyə baxanda, arxasında boş illər yox, iz qoyan addımlar görür.70 yaşını qeyd edən AMEA-nın müxbir üzvü, kənd təsərrüfatı elmləri doktoru İbrahim Cəfərov yarım əsrdən artıqdır ki, elmi biliyini, pedaqoji təcrübəsini və təşkilatçılıq bacarığını xalqına, torpağına, aqrar sahənin inkişafına həsr edir.Naxçıvanın Şərur rayonunun Düdəngə kəndində zəhmətkeş kəndli ailəsində dünyaya göz açan İbrahim Cəfərov üçün torpaq anlayışı sadəcə peşə seçimi deyil, həyat fəlsəfəsi olub. Bu bağlılıq onu Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna gətirib və sonradan bütün elmi-pedaqoji taleyini məhz aqrar elmə bağlayıb. Bitki mühafizəsi sahəsində seçdiyi yol onu Moskvanın nüfuzlu Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasına, daha sonra isə böyük elmi nəticələrə aparıb. Akademik İbrahim Cəfərovun ən böyük nailiyyəti insanların etimadını və sevgisini qazanmasıdır.Akademik İbrahim Cəfərov bu gün də elmin içindədir, gənclərin yanındadır, torpağın taleyini düşünür. Bu ömür göstərir ki, elmə sədaqət, Vətənə xidmət və insana diqqət bir yerdə olanda, zaman da həmin ömrə hörmət edir.Qarşıda isə hələ deyilməmiş sözlər, görüləcək işlər, yetişəcək gənclər var.Böyük insanlar həyatın mənasını özlərində tapırlar.İbrahim Cəfərov da tapdı.Tapdı və başqalarına da göstərdi.Bu ömür — elmə, Vətənə və insana həsr olunmuş əsl ziyalı ömrüdür.Dəyərli alimi 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür arzulayıram.Xəlil Xəlilov

Hamısını oxu
Veteranlarımız Milli Qəhrəman Mübariz İbrahimovun atasının hüzr məclisində olub

Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatının üzvləri Biləsuvar rayonunun Əliabad kəndinə gedərək Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim Mirelyas oğlu İbrahimovun hüzür məclisində iştirak ediblər. Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman Cəlilabad ictimaiyyəti və rayon veteranları adından mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib. Xatırladaq ki, Milli Qəhrəmanımızın atası Ağakərim kişi 27 yanvar 1956-cı ildə rayonun Əliabad kəndində anadan olmuşdu. O, 18 oktyabr 2024-cü ildə 68 yaşında qəfil ürək tutmasından haqq dünyasına qovuşmuşdur. Allah rəhmət eləsin.

Hamısını oxu