Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Azərbaycanda hər kəsin, eləcə də xarici ölkə vətəndaşlarının təhlükəsizliyi yüksək səviyyədə təmin olunur”

Cəlil Xəlilov: “Terror ehtimalı ilə bağlı ABŞ Dövlət Departamentinin bəyanatın heç bir real əsası yoxdur”   “Ölkəmizdə vətəndaşların təhlükəsizliyi yüksək səviyyədə təmin olunur və bununla bağlı hər hansı problem mövcud deyil”.   Bunu veteran.gov.az-a açıqlamasında Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Azərbaycanın hüquq-mühafizə orqanlarının peşəkar fəaliyyəti, xüsusi xidmət orqanlarının sayıqlığı terror ehtimalını heçə endirir:   “ABŞ Dövlət Departamentinin Azərbaycanda terror ehtimalının mövcudluğu ilə bağlı verdiyi bəyanat əsassızdır və hər hansı reallığa söykənmir. Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin verdiyi bəyanatdan da göründüyü kimi, ictimai rəydə çaşqınlıq doğuran, ölkəmizin imici baxımından arzuedilməz olan bu açıqlama üçün heç bir əsas, real zəmin yoxdur.   Azərbaycanda xüsusi xidmət orqanlarının öz işini yüksək səviyyədə qurduğu, dövlətimizin və xalqımızın təhlükəsizliyi üçün risk təşkil edən ən xırda təhlükəni belə zamanında de-şifrə etdiyi və zərərsizləşdirdiyi məlumdur. Təkcə bir falktı qeyd edim ki, 44 günlük Vətən müharibəsi zamanı belə Dövlət Təhlükəsizliyi Xidmətinin ayıq-sayıqlığı, hüquq-mühafizə orqanlarımızın peşəkarlığı sayəsində hər hansı terror aktının reallaşmasına imkan verilmədi. Düşmən qüvvələr güc orqanlarımızın formalaşdırdığı təhlükəsizlik səddini yara, öz mənfur əməllərini reallaşdıra bilmədi.   Bu gün də Azərbaycan ərazisindəki vətətəndaşların, o cümlədən xarici ölkə vətəndaşlarının təhlükəsizliyi yüksək səviyyədə qorunur. Ölkəmizdə möhkəm sabitlik, etibarlı təhlükəsizlik sistemi mövcuddur. Bu isə o deməkdir ki, istənilən xarici ölkə vətəndaşı ölkəmizə səyahət edə, bu səyahət zamanı özünü doğma vətənindəki qədər rahat və təhlükəsiz hiss edə bilər.   Təbii ki, biz təhlükəsizliyimizin etibarlı təminatına görə ilk növbədə ölkə başçısına, onun səyləri və tövsiyyələri əsasında öz peşəkarlığını durmadan artıran hüquq-mühafizə orqanlarımıza minnətdarıq. Hər kəs əmin ola bilər ki, heç bir məkirli qüvvənin bu təhlükəsizliyi pozmasına, ölkəmzidəki sabitliyə xələl gətirməsinə bundan sonra da imkan verilməyəcək”.   Seymur ƏLİYEV

2021-05-20 00:00:00
4008 baxış

Digər xəbərlər

İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər. Prezident İlham Əliyev Memorialın önünə əklil qoydu. Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma Memorial barədə məlumat verdi. Qeyd edək ki, Xocalı Soyqırımı Memorialı Prezident İlham Əliyevin 2025-ci ilin fevralında imzaladığı Sərəncama əsasən, Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması məqsədilə yaradılıb. Layihə Heydər Əliyev Fondu tərəfindən hazırlanan konsepsiya əsasında reallaşdırılıb. Memorialı dörd tərəfdən əhatə edən monolit Xocalı sakinlərini soyqırımından qorumağa çalışan rəmzi əllər formasında layihələndirilib. Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq Memorialın həyətində qış fəslinin sonunda çiçək açan və yazın müjdəçisi olan badam ağacları əkilib. Bu illər ərzində “Xocalıya ədalət!” kampaniyasının rəmzi də badam çiçəyi seçilib və bu, təsadüfi deyil. Badam çiçəyi Xocalıda 1992-ci ilin fevral ayında törədilmiş soyqırımına münasibətdə ədalətin təmin olunmasını əks etdirir. Memorial dörd bölmədən ibarətdir. İlk iki bölmədə Xocalı soyqırımı qurbanlarının xatirəsini yaşadan ekspozisiya zalı yaradılıb. Ekspozisiya ziyarətçiləri “Faciənin siması” instalyasiyası ilə qarşılayır. Rəşad Ələkbərov və Azər Rüstəmovun müəllifləri olduqları instalyasiya 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş soyqırımının qurbanlarını - qətlə yetirilmiş dinc sakinləri, məhv olmuş ailələri canlandırır. Memorialın tavanı boyu uçuşan göyərçin maketləri isə bütün dünyaya sülh arzulayan Xocalının faciə zamanı qətlə yetirilmiş günahsız sakinlərinin xatirəsinə ehtiram əlamətidir. XX əsrdə insanlıq əleyhinə ən dəhşətli cinayətlərdən biri olan Xocalı soyqırımına həsr edilmiş ekspozisiyada Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri, işğalçılıq siyasəti və erməni terrorizminin Azərbaycan torpaqlarında törətdiyi fəsadlar sənədlər, xəritələr və faktlar əsasında təqdim olunur. Burada “Xocalı - qədim sivilizasiyanın izləri”, “Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir”, “Xocalını unutma!” adlı ekspozisiyalarda Xocalının tarixi, işğalın coğrafiyası, münaqişənin xronologiyası, beynəlxalq hüquq normalarının pozulması, bəşəriyyətə qarşı törədilmiş ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımı barədə məlumatlar və Ümummilli Lider Heydər Əliyevin soyqırımına verdiyi siyasi-hüquqi qiymət nümayiş olunur. Ekspozisiya zalındakı Xocalı maketində faciə günü yaşanan dəhşətlərə dair məlumatlar interaktiv formada təqdim olunur. İkinci ekspozisiya zalında Sərxan Hacıyevin “Bir gecənin içində səssiz qalan evlər” instalyasiyası və faciə zamanı tamamilə məhv edilmiş 8 ailənin taleyi, insanlıq əleyhinə yönəlmiş cinayət nəticəsində bir gecədə yarımçıq qalan həyatlar, arzular, sükuta qərq olan uşaq gülüşləri süni intellektlə hazırlanan video vasitəsilə təqdim edilir. Ekspozisiya zalında Prezident İlham Əliyevin Xocalı həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılması üzrə apardığı ardıcıl siyasət, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Fondun Xocalı soyqırımı qurbanlarının xatirəsinin yaşadılması və ədalətin bərqərar olması istiqamətindəki fəaliyyəti, müxtəlif dillərdə hazırlanan nəşrlər və informasiya materialları, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülən işlər və onun fəal iştirakı ilə bu sahədə həyata keçirilmiş tədbirlər əks etdirilir. “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində soyqırımı qurbanlarının xatirəsinə bir sıra ölkələrdə ucaldılmış abidələrin maketləri də burada sərgilənir. Ekspozisiya 44 günlük Vətən müharibəsinə və dövlət suverenliyinin bərpasına dair məlumatlar, “Böyük Qayıdış” və “Viran edilən Xocalı yenidən dirçələcək” ideyası ilə tamamlanır. Memorialın növbəti bölməsində rəsmi tədbirlərin və anım mərasimlərinin keçirilməsi üçün nəzərdə tutulan akt zalı var. Xocalı Soyqırımı Memorialı memarlıq və ideya baxımından milli yaddaşın qorunmasına xidmət edən məkandır. Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistanın hərbi birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıda dəhşətli soyqırımı törədib. Faciə zamanı 613 nəfər qətlə yetirilib. Onların 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl insan olub. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirib. İşğaldan azad edilən Xocalıda ucaldılan Memorial soyqırımı qurbanlarının xatirəsini daim yaşadacaq və tarixi həqiqətləri hər bir ziyarətçiyə çatdıracaq. Bu gün xalqımız XX əsrin ən dəhşətli qırğınlarından biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib ölkə, qalib xalq kimi yad edir. Xocalı qurbanlarının ruhları bu gün şaddır. Müzəffər Ali Baş Komandanın da dediyi kimi, onların qanı yerdə qalmadı, onların qisası Vətən müharibəsi zamanı döyüş meydanında alındı. Sonra Prezident İlham Əliyev Memorialın xatirə kitabına ürək sözlərini yazdı. Daha sonra dövlətimizin başçısı, birinci xanım və ailə üzvləri Memorialla tanış oldular və Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdülər.  

Hamısını oxu
Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür

Bu gün Azərbaycan torpaqlarını erməni qəsbkarlarından azad etmək uğrunda canından keçmiş Milli Qəhrəman Mübariz İbrahimovun anadan olmasının ildönümüdür. Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. M.Piriyev adına Əliabad kənd orta məktəbini 2005-ci ildə bitirib və elə həmin il həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.2009-cu ilin avqust ayında könüllü olaraq hərbi xidmətə qayıdıb. Bu dəfə gizir rütbəsində xidmətə başlayıb və öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.2010-cu il iyunun 18-də gecə gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan silahlı qüvvələrinin mövqeyinə hücum edib. Qeyri-bərabər döyüşdə o, çox sayda düşmən əsgər və zabitini məhv edib.M.İbrahimov düşmənin öz silahlarını özünə qarşı istifadə edərək onlarla 5 saat təkbətək döyüşub.Həmin gecə - 18 iyun tarixində Azərbaycan giziri səhər saatlarındakı qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.Azərbaycan Prezidentinin sərəncamı ilə Mübariz İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı (ölümündən sonra) verilib.   

Hamısını oxu
Ermənistanda gərgin gecə

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı silahlardan istifadə etməklə sutka ərzində atəşkəs rejimini 43 dəfə pozub. Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, Ermənistan Respublikası Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Hamısını oxu
Qəhrəmanlar unudulmur! İsmayıl İsmayılov.

Onların fədakarlıqları gələcək nəsillər üçün təkcə bir tarix deyil, həm də hər birimizin vicdanında bir alov kimi yanır 1939-1945-ci illər İkinci Dünya Müharibəsi zamanı Azərbaycan xalqı, həm Sovet İttifaqının bir hissəsi olaraq, həm də strateji mövqeyi ilə müharibədə əhəmiyyətli rol oynamışdır. Azərbaycan Xəzər dənizinin cənubunda yerləşdiyinə görə müharibə dövründə həm iqtisadi, həm də hərbi baxımdan mühüm bir əhəmiyyət kəsb etmişdir. Sovet Ordusunda xidmətləri zamanı qəhrəmanlıqları ilə xüsusi seçilmişlər.  Azərbaycanın müxtəlif bölgələrindən minlərlə gənc Sovet ordusuna çağırılmış və Böyük Vətən Müharibəsi (1941-1945) cəbhələrində döyüşmüşdür. Azərbaycanlı döyüşçülər xüsusilə müharibənin ilk günlərində Sovet İttifaqının müdafiəsini təmin etmək üçün çox önəmli rol oynamışdırlar. Onlar həm ön, həm də arxa cəbhədə fəal iştirak etmişdilər. Müharibə bitdikdən sonra çoxsaylı soydaşımız Sovet İttifaqı Qəhrəmanı, Sovet İttifaqının ordenləri və medalları ilə təltif olunmuşdur. Bu dövrün qəhrəmanları yalnız Sovet İttifaqı tarixində deyil, həm də Azərbaycanın müstəqillik və milli kimlik tarixində mühüm yer tutur. Bu qəhrəmanlardan biri də “Qırmızı Ulduz” ordenli leytenant İsmayıl İsmayılovdur. İsmayıl İsmayılov 21 dekabr 1916-cı ildə Qubadlı rayonunda anadan olmuşdur. 1933-cü ildə orta məktəbi bitirmiş, daha sonra təhsilini Şuşa şəhərində davam etdirmişdir. 1937-ci ildə təhsilini başa vurduqdan sonra İsmayıl İsmayılov Qubadlı rayonunda müəllimlik fəaliyyətinə başlamışdır. Həmin dövrün sakinləri onu igid, qorxmaz və ziyalı bir insan kimi tanımışlardır.İkinci Dünya Müharibəsi başlayanda İsmayıl İsmayılov könüllü olaraq cəbhəyə yola düşmüşdür. İlk vaxtlar Sovet ordusunun tərkibində İranda olmuşdur. Orada hərbi təlimlər keçdikdən sonra kiçik leytenant kimi ön cəhbəyə yola düşmüşdür. Sovet ordusunun 274-cü atıcı alayın 4-cü atıcı rotasının vzvod komandiri olan leytenant İsmayıl İsmayılov cəhbənin müxtəlif istiqamətlərində qəhrəmanlıq göstərmiş və göstərdiyi igidliyə görə bir çox mükafatlarla təltif olunmuşdur. 14 fevral 1945-ci ildə ona “Qırmızı Ulduz” ordeni verilmişdir. Leytenant İsmayıl İsmayılov Slovakiyanın azad edilməsi uğrunda gedən döyüşlərdə xüsusilə fədakarlıq göstərmişdir. O, 5 mart 1945-ci ildə Makulaş şəhəri yaxınlığındakı Poludzka kəndi ərazisində döyüşərkən ağır yaralanmışdır. Bu döyüşlər İkinci Dünya Müharibəsinin son mərhələlərində Sovet Ordusunun Almaniya ilə mübarizədə qazandığı əhəmiyyətli qələbələrdən birini təşkil edirdi. O, aldığı yaradan sonra 66-cı Tibbi sanitar Batalyonuna aparılmasına baxmayaraq aldığı güllə yarasından həlak olmuşdur. Leytenant İsmayıl İsmayılov Slovakiya Respublikasında Sovet Hərbi qəbristanlığında dəfn edilmişdir. İsmayıl İsmayılov və digər döyüş yoldaşlarının dəfn olunduğu bu məzarlıq onların xatirəsinin yad edilməsi və hörmətlə anılması üçün xüsusi bir məkana cevrilib. Bu cür qəhrəmanlar həm öz doğma torpağında, həm də döyüşdükləri yerlərdə əbədi olaraq xatırlanır.“Qırmızı Ulduz” ordenli leytenant İsmayıl İsmayılovun xatirəsi çox dəyərli və əzizdir. O, öz qəhrəmanlığı, igidliyi ilə xalqın yaddaşında əbədi qalacaq. Əlbəttə ki, Azərbaycan xalqı qəhrəman, cəsur oğulları heç vaxt unutmur və onların göstərdiyi igidlik, fədakarlıq və vətənə sevgisi hər zaman yaddaşlarda yaşayır. Onlar təkcə döyüş meydanında deyil, həm də xalqın ruhunda, tarixin hər bir səhifəsində əbədi izlər buraxmışdır.            Qəhrəmanlarımızın xatirəsi daim qorunur. Onların müharibələrdəki qəhrəmanlıqları, müstəqillik uğrunda apardıqları mübarizə, vətənə olan bağlılıqları gələcək nəsillərə nümunə olaraq qalacaq. Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Bakı, Gəncə, Şəki, Lənkaran və digər şəhərlərdə qəhrəmanlarımızın şərəfinə abidələr ucaldılıb, xatirə lövhələri və memorial komplekslər yaradılıb. Bundan əlavə hər il 9 May - Böyük Vətən Müharibəsinin Qələbə günü Azərbaycan xalqı tərəfindən böyük hörmət və ehtiramla qeyd edilir. Onların fədakarlıqları gələcək nəsillər üçün təkcə bir tarix deyil, həm də hər birimizin vicdanında bir alov kimi yanır. Cəlil Xəlilov  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu