Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycandan olan Böyük Vətən müharibəsi veteranları Rusiya Prezidentinə müraciət ünvanlayıblar

Azərbaycandan olan Böyük Vətən müharibəsi veteranları Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə müraciət ünvanlayıblar. Milli.Az müraciəti təqdim edir: "Azərbaycandan olan Böyük Vətən müharibəsi veteranlarının Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə müraciəti Möhtərəm Vladimir Vladimiroviç! Biz Böyük Vətən müharibəsi veteranları sovet ölkəsinin müstəqilliyi uğrunda çiyin-çiyinə vuruşmuşuq. Bu gün biz bütün çoxmillətli Rusiyanın veteranları ilə parçalanmağa deyil, birləşməyə yönəlmiş beynəlmiləl dəyərləri çiyin-çiyinə qorumağa hazırıq. Hörmətli Vladimir Vladimiroviç, Azərbaycan Prezidenti İlham Əliyev və Siz öz xalqlarınıza müraciət edərkən tez-tez deyirsiniz ki, biz birlikdə güclüyük. İndi biz "ayrı-ayrı mənzillərdə" yaşasaq da, qardaşlaşdığımız təkcə cəbhə yoldaşlarına münasibətdə deyil, bütün xoşməramlı insanlara - xeyirxahlıq və sülh, multikulturalizm, tolerantlıq, mənəvi və millətlərarası birlik ideallarını qorumağa həmişə hazır olanlara qardaşcasına münasibətimizi hələ də qoruyub saxlayırıq. Biz yalnız bu halda qüvvə ola və hazırda ən müxtəlif çalarlı liberallar tərəfindən "yenidən baxılmağa" məruz qalan ümumi dəyərlərimizin dağıdılmasına müqavimət göstərə bilərik. Biz Sizə ümumi və etibarlı gələcək naminə, birlikdə qazandığımız və öz nəvə-nəticələrimiz üçün qoruyub saxlamağa borclu olduğumuz sülh üçün əldə etdiklərimizin itirilməsinə yol verə bilməyəcək müdrik siyasi xadim kimi müraciət edirik. İnanırıq ki, Rusiyada doğulmuş etnik azərbaycanlının - 19 yaşlı Vəkil Abdulayevin qətli hadisəsinin bütün iştirakçıları ali ədalət naminə qanunun tam ciddiliyi üzrə cəzalandırılacaqlar. Eynilə qanunlara, ədalət anlayışına etinasızlıq göstərən Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin etdiyi kimi cəzasızlığa şərait yaradanlar da. Yol Hərəkətinin Təhlükəsizliyi Baş Müfəttişliyinin əməkdaşı, həmin gəncin gicgahına atəş açmış Aleksandr Qusev Bastrıkinin göstərişi ilə azadlığa buraxılıb. Biz müharibədə olmuşuq və döyüşdə dostlarımızı itirmişik. Lakin biz orada, müharibədə kimin özümüzünkü, kimin yad olduğunu bilirdik. Biz öz cəbhə dostlarımızı heç vaxt milli mənsubiyyətə görə özümüzünkülərə və yadlara bölməmişik. Ona görə ki, biz hamımız birlikdə güc idik. Bu gün "Yedinaya Rossiya" partiyasının nümayəndəsi, üstəlik, RF İctimai Palatasının üzvü və yuxarıda adı çəkilən partiyadan Dövlət Dumasına deputatlığa namizəd olan Mariya Butina kimilər, görünür, yalnız milli mənsubiyyətə görə "özününküləri" dəqiq müəyyən edirlər. Bizim belə düşünməyimizə əsas verən onun bu sözləridir ki, A.Qusevi belə hərəkətlərinə görə nəinki həbs etmək olmaz, hətta onu təltif etmək lazımdır. Belə çıxır ki, 19 yaşlı gəncin qətlə yetirilməsinə görə kimisə təltif etmək lazımdır? Məgər o, tanka minib şəhərə daxil olub və ağına-bozuna baxmadan hamıya atəş açıb? Yox. Onu, silahsız gənci avtomobilin üstünə sıxıb və guya təsadüfən tabel silahının tətiyini basıblar! Bu, nə deməkdir? Butina insanlar arasında ayrı-seçkiliyə, onları milli mənsubiyyətinə görə cəzalandırmağa çağırır? Rusiyada gəlmələrə divan tutmağa çağırır? Məgər onun belə bəyanatlar etməyə haqqı var? Biz belə fərz edə bilərik ki, Butina gəncdir, nəticə çıxarmağa tələsib. Amma hər halda, bu sözlər deyilib! Özü də necə deyilib?!! Arxasında qüvvə dayanan insana xas olan sərt əminliklə. Bu, hansı qüvvədir? Hörmətli Vladimir Vladimiroviç! Biz müharibədə olmuşuq, hər gün ölümün gözünün içinə baxmışıq. Biz mürəkkəb həyat sürmüşük və bu həyat belə deməyə haqq verir ki, həmin insidentə görə narahat olaq... Biz bu həyatda çox şeylər görmüş ahıl insanlarıq. Biz bu dünyadan belə bir fikirlə getmək istəmirik ki, qazandıqlarımız heç olub. Lakin nə qədər ki, biz sağıq, dünyamızı qoruyub saxlamaq üçün əlimizdən gələni etməliyik. Bu isə bizim hər birimizdən asılıdır. Biz Sizin ədalətliliyinizə, vaxtilə ortaq ölkənin və ortaq idealların bizə bəxş etdiyi bütün dəyərləri qiymətləndirməyi və yadda saxlamağı bacaran Azərbaycan xalqına xeyirxah münasibətinizə inanırıq. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri: 1.Səttarova Fatma Hüseyn qızı 2.Quliyev Məmməd Salman oğlu 3.Abdullayeva Natalya Borisovna 4.Yermakov Yurik Vladimiroviç 5.Ramazanov Nazim Tağı oğlu 6.Xarkovskaya Anna Qordeyevna 7.Belikov Aleksandr Vasilyeviç 8.Abdullayev Səfər İbad olğu 9.Sarıyev Qara Alı oğlu 10.Timçenko İvan İvanoviç 11.Ömərov Qaflan İslam oğlu 12.İsgəndərov Ağababa Qənbərli oğlu 13.Vyuqin Mixail Daniloviç 14.Kravtsova Anna Petrovna 15.Mürsəlov Xasay Bayram oğlu 16.Həsənov Tamleyxa Abbas oğlu 17.Əliyev Əli Hüseyn oğlu 18.Baxışov Seyfulla Abdulla oğlu 19.Nəbiyev Daməd Məcid oğlu 20.Dadaşov Azər Tağı oğlu 21.Qasımova Valentina Mixaylovna 22.Qaziyeva Tacirə Həmid qızı 23.İsababayeva Həcər Müştaq qızı 24.Rəsulova Zinaida İliniçna 25.Frunze Natalya Artyomovna".  

2021-06-05 00:00:00
3498 baxış

Digər xəbərlər

“Xarici diplomatların işğaldan azad edilmiş ərazilərə səfəri erməni faşizminin ifşasına xidmət edir”

Cəlil Xəlilov: “Bu səfərlər əsnasında əcnəbi diplomatlar erməni cinayətlərinin ağır nəticəsini öz gözləri ilə görürlər”   Bu gün prezidentin köməkçisi Hikmət Hacıyevin rəhbərliyi altında ölkəmizdə fəaliyyət göstərən xarici diplomatlardan ibarət heyət növbəti dəfə işğaldan azad edilən ərazilərə səfər edib.   Moderator.az-a açıqlamasında bu səfərin əhəmiyyətinə toxunan Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, belə səfərlərin erməni faşizminin ifşası baxımından mühüm önəm kəsb etdiyini vurğulayıb:   “Təbii ki, xarici diplomatların işğaldan azad edilmiş ərazilərə səfəri erməni faşizminin 30 ilə yaxın müddət ərzində həyata keçirdiyi ağır cinayətlərin beynəlxalq miqyasda ifşasına xidmət edir. Bildiyiniz kimi, təcavüzkar dövlət 30 ilə yaxın müddətdə işğalda saxladığı torpaqlarımızda bütün sosial obyektləri, yaşayış evlərini, infrastrukturu, dini və tarixi abidələri vəhşicəsinə dağıdıb, talan edib. Məscidlərimiz, qəbiristanlıqlarımız erməni vandalları tərəfindən dağıdılıb. İşğaldakı torpaqlarımıda yerləşən təbii ehtiyatlarımız amansızcasına istismar olunub, ekosistemin tarazlığı ciddi şəkildə pozulub. Bütün bu cinayətlərin beynəxalq aləmdə ifşa edilməsi baxımından işğaldan azad edilən torpaqlarımız bu cür səfərlərin təşkili son dərəcədə əhəmiyyətlidir.   Xarici diplomatların işğaldan azad edilən ərazilərə səfəri, qarşılaşdıqları mənzərə ilə bağlı səsləndirdikləri fikirlər Ermənistanın beynəlxalq qınaq obyektinə çevrilməsi, ona qarşı gələcəkdə irəli sürəcəyimiz təzminat iddiasının təmin edilməsi baxımından da olduqca əhəmiyyətlidir.   Şübhəsiz ki, dövlətimizin əlində erməni cinayətlərini ifşa edən çoxsaylı faktlarlar mövcuddur. Lakin bununla yanaşı, əcnəbi diplomatların erməni vəhşiliyi ilə bağlı səsləndirdiyi fikirlər, təqdim etdiyi və ya edəcəyi hesabatların da əlavə  fakt və sübut kimi dövlətimizin mövqeyini gücləndirəcəyi danılmazdır. Bu baxımdan hörmətli Hikmət Hacıyevin rəhbərliyi altında bu cür səfərlərin təşkilini yüksək qiymətləndirir, bunu ölkəmiz üçün son dərəcə faydalı hesab edirəm”.   Seymur ƏLİYEV

Hamısını oxu
“Qusar əməliyyatı xüsusi xidmət orqanlarımızın peşəkarlığından xəbər verir”

“Bugünlərdə DTX və DİN tərəfindən Qusarda dini-ekstremist qruplaşmanın de-şifrə edilərək zərərsizləşdirlməsi dövlətimizin gücündən, xüsusi xidmət orqanlarımızın peşəkarlığından xəbər verir”. Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, terror qrupu ilə bağlı informasiyanın əldə edilməsi, əməliyyatın yüksək  məxfiçilik şəraitində peşəkarlıqla yerinə yetirilməsi DTX-nın yüksək hazırlıq səviyyəsindən xəbər verir:  “Qusar ərazisində məskunlaşan və burada gələcək terror fəaliyyətləri üçün hazırlıq işləri həyata keçirən terror qrupu ilə bağlı informasiyaların əldə edilməsi, bu informasiyalar əsasında qısa zamanda effektli əməliyyatın təşkili dövlətimizin, güc orqanlarımızın adına böyük uğurdur. Bu fakt bir daha sübut edir ki, ölkəmizin xüsusi xidmət orqanlarının peşəkarlığı yüksək səviyyədədir və onlar istənilən təhdidin qarşısını vaxtında almağa, onu elə hazırlıq mərhələsindəcə ifşa etməyə qadirdir. Mən buna görə DTX və DİN-ə təşəkkür edir, minnətdarlığımı bildirirəm. Bununla yanaşı, qeyd etmək lazımdır ki, baş verən bu hal beynəlxalq anti-Azərbaycan qüvvələrinin ölkəmizlə bağlı məkirli planlarından xəbər verir. Bu fakt sübut edir ki, bu gün də bəzi düşmən qüvvələr ölkəmizdə dincliyi, sabitliyi pozmağa, ölkə daxilində gərginlik yaratmağa çalışır. Doğrudur, güc orqanlarımız bütün bu təhdid və təhlükələrin qarşısını böyük peşəkarlıqla alır. Lakin dövlətimizi, dövlətçiliyimizi, konstitusyon quruluşumuzu hədəf alan bu təhlükələrə qarşı mübarizə aparmaq yalnız hüquq-mühafizə orqanlarımızın deyil, hər birimizin borcudur. Bu məsələdə hər bir qurum, hər bir vətəndaş ayıq-sayıq olmalı, dövlətimizə, aidiyyati qurumlara dəstək verməlidir. Yalnız belə olduğu halda biz hər cür kənar təhlükələrdən sığortalana, özümüzü tam təhlükəsizlikdə hiss edə bilərik. Dövlətimizə qarşı düşmən mövqedə dayanan bədxahlar isə bilməlidir ki, Azərbaycan sözün həqiqi və bütün mənalarında güclü dövlətdir. Dövlətimizin və xalqımızın təhlükəsizliyinə zərrə qədər də olsun təhdid yaradan hər bir təhlükənin, hər bir məkirli əməlin qarşısı xüsusi xidmət orqanlarımız tərəfindən qətiyyətlə alınacaq və heç bir qüvvə respublkamızın tərəqqisinə, rifahına mane ola bilməyəcək”. Seymur ƏLİYEV  

Hamısını oxu
ADPU-da Veteranlar Təşkilatının nümayəndələri ilə görüş keçirilib

Mayın 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələri ilə görüş keçirilib.Görüşdə Azərbaycan təhsilinin inkişafı, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-mənəvi dəyərlərin qorunması və veteranlarla gənclər arasında əlaqələrin gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər təhsil müəssisələri ilə veteran təşkilatları arasında əməkdaşlığın əhəmiyyətini vurğulayaraq bu istiqamətdə həyata keçirilən birgə layihələrin gənclərin vətəndaş mövqeyinin formalaşmasına mühüm töhfə verdiyini bildiriblər.Tədbir çərçivəsində ADPU rektoru professor Cəfər Cəfərov və beynəlxalq əlaqələr üzrə prorektor professor Mahirə Hüseynova Azərbaycan Respublikasının ictimai həyatında və təhsil sahəsindəki səmərəli fəaliyyəti, eləcə də gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi istiqamətində göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən Fəxri Fərmanla təltif olunublar.Həmçinin, universitetin yüksək akademik göstəricilərə malik tələbələri – Filologiya fakültəsinin Filologiya fakültəsinin IV kurs tələbələsi Məhəmməd Rəhimov, III kurs tələbələri Selinay Şirinova və Nuray Cəfərzadə Təşkilatın fəxri fərmanı ilə təltif ediliblər.  

Hamısını oxu
Zəfərin Sədaları Altında: Tarixin, Qəhrəmanlığın və Suverenliyin Diyarında – Naxçıvan

Zamanın tozlu səhifələrini vərəqlədikcə bəzi torpaqların adları tarixə qızıl hərflərlə yazılır. Elə bir diyar var ki, onun hər daşı bir qəhrəmanlıq dastanı, hər nəfəsi bir mübarizə nəğməsidir bu diyar Naxçıvandır. Naxçıvan Azərbaycanın canlı tarix salnaməsi, ulu keçmişinin aynası, qəhrəmanlıq və müdriklik məkanıdır. Əsrlərin sınağından çıxmış bu qədim torpaq həm tarixi kökləri, həm də müasir inkişafı ilə Azərbaycanın milli kimliyində mühüm yer tutur. “Nuh peyğəmbərin məskəni”, “Əcəmi yurdu”, “Heydər Əliyev diyarı” kimi ifadələr onun çoxşaxəli və zəngin simasını əks etdirir. Nuhun türbəsi məhz burada yerləşir. Şəhərin adı bəzi mənbələrdə “Nuhun açdığı yer” kimi də izah olunur. Tarixi faktlar göstərir ki, bu torpaqlarda insan məskənləri hələ Paleolit dövrünə  təqribən 100 min il əvvələ gedib çıxır. Eneolit və Tunc dövrlərində burada formalaşan mədəniyyət və ictimai həyatın izləri Kəngərli, Ordubad, Şahbuz, Culfa və Babək kimi bölgələrdə bu gün də yaşadılır. Naxçıvan həm də Azərbaycan memarlığının beşiyi sayılır. XII əsrdə yaşamış dahi memar Əcəmi Naxçıvani tərəfindən inşa edilən Möminə Xatun və Yusif ibn Küseyir türbələri təkcə Azərbaycanın deyil, bütün İslam aləminin memarlıq incilərindəndir. Bu abidələr Naxçıvanın tarixi, estetik və mənəvi dəyərinin canlı sübutudur. Naxçıvan əsrlər boyu yadelli hücumlara qarşı sipər olmuş, igid oğul və qızları ilə vətənin keşiyində dayanmışdırlar. Xüsusilə 1990-cı illərin əvvəllərində Ermənistanın təcavüzkar siyasəti və ölkədəki xaos zamanı Naxçıvan blokada şəraitində milli dirənişin və dövlətçiliyin rəmzinə çevrildi. Bu çətin dövrdə Naxçıvanı sabitlik adasına çevirən şəxsiyyət isə Ümummilli lider Heydər Əliyev oldu. 1990-cı ildə Moskvadan Vətənə qayıdan Heydər Əliyev ilk olaraq doğma Naxçıvana gəldi. O zaman ölkənin böyük hissəsində anarxiya hökm sürsə də, onun rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası özünü qorudu və Azərbaycanın müstəqillik yolunda möhkəm dayağına çevrildi. Məhz onun təşəbbüsü ilə 1990-cı ilin iyulunda Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı ilk dəfə Naxçıvan Ali Məclisinin binasında qaldırıldı. Bu, Azərbaycanın müstəqillik yolunda atdığı ən cəsur addımlardan biri idi. Bu gün Naxçıvan Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin sosial-iqtisadi və mədəni inkişafının öncül nümunəsinə çevrilib. Bölgədə həyata keçirilən infrastruktur, səhiyyə, təhsil və sənaye layihələri Naxçıvanın potensialını tam şəkildə ortaya qoyur. Bu inkişafın və milli birliyin bariz nümunəsi isə 2025-ci il mayın 19-da Vətən müharibəsində qazanılmış şanlı Qələbənin beşinci ildönümünə həsr olunan “8 Noyabr Zəfəri – suverenliyimizin qarantıdır” adlı konfransda bir daha özünü göstərdi. Naxçıvan Dövlət Milli Dram Teatrında keçirilən bu möhtəşəm tədbir yalnız rəsmi bir toplantı deyil, həm də tarixə, milli ruh və ideologiyaya dərin ehtiramın ifadəsi idi. Konfrans Naxçıvanın təkcə strateji deyil, həm də mənəvi və ideoloji baxımdan Azərbaycanın dayaq nöqtələrindən biri olduğunu bir daha sübut etdi. Ulu Öndər Heydər Əliyevin abidəsi önündəki sayğı duruşu ilə başlanan bu gündə tarix və milli ruh bir yerdəydi. Polkovnik Cəlil Xəlilovun rəhbərliyi ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndə heyəti Naxçıvana səfər etmişdi. Tarixi abidələrə edilən səfərlər, igidlərin xatirəsinə göstərilən ehtiram, xalqla dövlətin bir-birinə sıx bağlı olduğunun canlı ifadəsi idi. Bu konfrans bir daha sübut etdi ki, 8 Noyabr  Zəfərin, suverenliyin və milli iradənin bayramıdır. Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayevin sözləri ilə desək, bu Zəfər regionun geosiyasi mənzərəsini dəyişdirən, yeni dövrün qapılarını aralayan bir tarixdir. Polkovnik Cəlil Xəlilovun çıxışında bir məqam xüsusi ilə yadda qaldı: “8 Noyabr Zəfəri Cənubi Qafqazda köhnə və zərərli status-kvonu dağıtdı, yeni reallıqlar yaratdı.” Bəli, bu reallıqlar təkcə hərbi üstünlük deyil, həm də tarixi ədalətin bərpası, milli mənəviyyatın, xalqın qürurunun özünə dönüşüdür. Ən başlıcası isə xalqın öz torpağına sahib çıxması, milli ruhun və suverenliyin təntənəsidir. Bu ruhun təməli hələ ötən əsrin sonlarında Ulu Öndər Heydər Əliyev tərəfindən atılmışdı. O, Azərbaycanın müstəqilliyinin ilk illərindəki çətin və qarışıq dövrlərdə xalqın iradəsini, dövlətin dayaqlarını bərpa etdi. “Mən fəxr edirəm ki, azərbaycanlıyam” deyərək milyonların içində sönməkdə olan inam çırağını yenidən alovlandırdı. Heydər Əliyev təkcə dövlət qurucusu yox, həm də bu xalqın milli ideologiyasını formalaşdıran tarixi şəxsiyyət idi. Onun həyata keçirdiyi ordu quruculuğu islahatları, vətənpərvərlik ruhunun təməlinə çevrildi. Bu möhkəm təməlin üzərində yüksələn Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə özünün ən şanlı səhifəsini 2020-ci ildə yazdı. 44 gün ərzində xalq bir yumruq kimi birləşdi, ordu əfsanəvi zəfərlərə imza atdı, Prezident Müzəffər Ali Baş Komandan kimi xalqı və ordunu bir hədəf ətrafında topladı. Bu, xalqın yaddaşında onillərlə daşıdığı ədalət arzusunun gerçəyə çevrilməsi idi. Şəhidlərimizin fədakarlığı, qazilərimizin qəhrəmanlığı və xalqımızın sarsılmaz həmrəyliyi bu zəfərin əbədi əsaslarıdır. Bu sütunlar üzərində yüksələn Zəfər abidəsi isə yalnız bugünkü nəsli deyil, gələcək nəsilləri də ruhlandıracaq. Bu Zəfər Heydər Əliyevin müstəqillik mirasını qoruyub inkişaf etdirən İlham Əliyev liderliyində Azərbaycan xalqının tarixi ədaləti bərpa etmək gücünə sahib olduğunu sübut etdi. Tarix yazıldı və bu tarixdə Naxçıvanın, onun qəhrəman insanlarının, igid oğul və qızlarının da silinməz izləri var. Bu zəfər yalnız silah gücü ilə deyil, həmçinin mənəvi güc, liderlik və xalqın birliyi ilə əldə olunmuşdu. Məhz bu ruh sayəsində Azərbaycan bu gün regionun lider dövlətinə çevrilib, sabahına isə əmin şəkildə və əzəmətlə addımlayır. Konfransda çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ülviyyə Həmzəyeva, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və 44 günlük Vətən müharibəsi qazisi Təbriz Zeynalov, müharibə qazisi Mirkənan Kərimov, Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsinin 2-ci kurs tələbəsi, Tələbə Elmi Cəmiyyətinin sədri Yusif Mirzəzadə və Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Firudin Süleymanov da 8 Noyabr Zəfərinin hərbi-siyasi, tarixi və mənəvi önəmini vurğuladılar. Onların fikirləri bir nöqtədə qovuşurdu: bu Zəfər təkcə bugünün yox, həm də gələcəyin təminatıdır. Çünki bu Zəfər suverenliyimizin qarantına çevrilmişdir.  Çıxışçılar Azərbaycanın Qarabağda həyata keçirdiyi genişmiqyaslı abadlıq və quruculuq işlərinə diqqət çəkərək dövlətimizin yenidənqurma işlərindəki iradəsini və davamlı inkişaf strategiyasını alqışladılar. İnamla bildirildi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün istiqamətlərdə yeni və daha böyük uğurlara imza atacaqdır. Naxçıvan bu Zəfərin ruhunu yaşadan, onu gələcək nəsillərə daşıyan müqəddəs bir məkandır. Bura qəhrəmanların, alimlərin, şəhidlərin və vətən sevdalılarının yurdudur. Səfər çərçivəsində polkovnik Cəlil Xəlilovun akademik Yusif Məmmədəliyevin ev muzeyinə etdiyi ziyarət isə xüsusi rəmzi məna daşıyırdı. Sonda belə bir nəticəyə gəlmək olur Zəfərlər təkcə silahla qazanılmır.Ən böyük zəfərlər ürəklərdə, ruhlarda, ideallarda qazanılır. O zəfərlər ki, səngərdə döyüşçü ilə, laborotoriyada alimlə, məktəbdə müəllimlə, ailədə ana ilə qazanılır. Bu zəfərləri yaşadan, qoruyan və gələcəyə daşıyan isə məhz Naxçıvan kimi ruhu bütöv, mənəviyyatı zəngin yurdlardır.Azərbaycanın qəhrəmanlıq xəritəsində daim parlayan bir ulduz  tükənməz güc, sarsılmaz iradə, qürur mənbəyi olan Naxçıvan! Bu görüşlər, bu addımlar, bu ziyarətlər bir başlanğıcdır.Tarixə, elmə, qəhrəmanlığa atılan bu addımlar bundan sonra da davam edəcək. Hər səfər, hər görüş bu torpağın ruhuna bir salam, gələcək nəsillərə isə bir ismarıcdır: Naxçıvan var olduqca, Azərbaycan bütöv olacaq. Bu vəhdət, bu ruh bizim sonsuz zəfərimizdir. Nadir  İsmayılov

Hamısını oxu