Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Belarus Respublikasının ölkəmizdəki səfirliyi 13 veteranı təbrik edib

Belarus Respublikasının müstəqillik günü ilə əlaqədar olaraq adıçəkilən ölkənin Azərbaycandakı səfirliyi Belarusun ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edən 13 azərbaycanlı veteranı təbrik edib. Bu münasibətlə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında olan Belarus səfirliyinin nümayəndələri, veteranlara xoş arzularını çatdırıb, minnətdarlıqlarını ifadə ediblər.   Xatırladaq ki, İkinci Dünya müharibəsində xeyli sayda azərbaycanlı Belarus Respublikasının faşist işğalçılarından müdafiəsində yaxından iştirak edib, bu mübarizədə böyük qəhrəmanlıqlar göstərib.

2021-06-29 00:00:00
3255 baxış

Digər xəbərlər

Polkovnikdən Türkiyə ictimaiyyətinə çağırış: Azərbaycanla münasibətləri gərginləşdirməyin!

"İki qardaş ölkə arasında nifaq salmaq istəyənlər var. Amma nə Türkiyə xalqı, nə də Azərbaycan xalqı bu nifaqa uymamalıdır. Xalqlar arasında olan dostluq və qardaşlıq missiyası davam etdirilməlidir. Çünki Türkiyə ilə Azərbaycan arasında həm güclü iqtisadi, hərbi, həm də mədəni əlaqələr mövcuddur. Bu əlaqələri inkişaf etdirmək lazımdır. Münasibətlərdə gərginlik yaradılmasına icazə verməməliyik. Biz Türkiyənin ictimaiyyətinə də müraciət edirik və xüsusilə qeyd edirik ki, əhali arasında olan insanlar da bu yoldan çəkindirilməlidir. Onlara başa salınmalı və tələb olunmalıdır ki, qardaş dövlətləri bir-birinə vurmasınlar, aralarında gərginlik yaratmasınlar". Bunu Redaktor.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirdi. Müsahibimiz diqqətə çatdırdı ki, Azərbaycan və Türkiyə beynəlxalq, hərbi, humanitar və mədəni məsələlərdə həmişə bir yerdə olub: "Beynəlxalq səviyyədə hər birimiz bir-birimizin ölkəsini dəstəkləmişik. Bu gün də belədir, gələcəkdə də belə olacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan xalqına, Azərbaycan ordusuna, Azərbaycanın Prezidentinə və vitse-prezidentinə necə hörmətlə yanaşırsa, Azərbaycan tərəfindən də Türkiyəyə eyni münasibət göstərilir. Yadımdadır ki, müharibə başlamazdan əvvəl Prezident Ərdoğan xüsusi qeyd etdi ki, Azərbaycan tək deyil. Eyni zamanda, xatırlayıram ki, bir dəfə Türkiyə haqqında suallar verirdilər və Türkiyənin orada nümayəndəsi yox idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dedi ki, Türkiyənin nümayəndəsi yoxdur, mən buradayam. Nə sualınız varsa, Türkiyə ilə əlaqədar mən cavablandırım. Yəni bu, bir daha sübut etdi ki, bizim aramızda qardaşlıq, dostluq və əmin-amanlıq var". C.Xəlilov vurğuladı ki, sülhü, əməkdaşlığı və qardaşlığı pozmaq istəyən qüvvələr var: "Xarici dövlətlərdən münasibətləri pozmağa maraq göstərənlər, eyni zamanda, daxilimizdə Azərbaycanı istəməyən qüvvələr var. Biz buna yol verməməliyik. Münasibətləri pozmaq istəyənlərə Türkiyənin alimləri, siyasətçiləri və din xadimləri tərəfindən münasibət bildirilməli, onlar bu işlərdən çəkindirilməlidirlər. Dövlətlər arasında qardaşlıq münasibətləri davam etməlidir. Xarici dövlətlərdən bizə təzyiqlər artdıqca, qardaşlığımız daha da möhkəm və etibarlı olmalıdır ki, xarici təzyiqlərə birlikdə müqavimət göstərək". Həmsöhbətimiz qeyd etdi ki, bu məsələləri yalnız Azərbaycanın dövlət aparatında, Xarici İşlər Nazirliyində çalışanlar və siyasətlə məşğul olan insanlar araşdırmalı, lazım gəldikdə, onlara cavab verməlidirlər: "Siyasətdən başı çıxan, bu məsələləri və problemləri bilən insanlar öz mövqelərini ortaya qoyurlar. Ondan sonra bəzən araşdırılmamış, dəqiqləşdirilməmiş yalan məlumatlar yayılır. Bunun qarşısı alınmalı, hər kəsin Azərbaycanın maraqlarının qorunması adı ilə beynəlxalq səviyyədə hər hansı məsələyə münasibət bildirməsinə imkan verilməməlidir". Aytəkin TOFİQQIZI  

Hamısını oxu
Sumqayıt Tibb Mərkəzində (STM) "Şəhidlər evə qayıdır" filminin təqdimatı keçirilib

Veteran.gov.az xəbər verir ki, STM-nin təşəbbüsü və dəstəyi ilə çəkilən, Vətən müharibəsi şəhidi, hərbi tibb qulluqçusu Eldar Abdullayevə həsr olunmuş "Şəhidlər evə qayıdır" qısametrajlı bədii-sənədli filmin təqdimatı keçirilib. Təqdimat mərasimində STM-nin tabeliyində olan tibb müəssisələrinin baş həkimləri, şöbə müdirləri və şəhid ailələrinin üzvləri iştirak ediblər. Şəhidlərin ruhunun birdəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səslənməsi ilə başlayan təqdimat mərasimini giriş sözü ilə açan STM-nin direktoru Elnur Azadxanov Zəfər tariximizdən, torpaqlarımızın düşmən təcavüzündən azad edilməsində misilsiz qəhrəmanlıq göstərən Vətən müharibəsi şəhidləri və qazilərinin göstərdikləri şücaət və fədakarlıqdan söhbət açıb, şəhidlərin əziz xatirəsini yad edib. Direktor çıxışında 44 gün davam edən Vətən müharibəsinin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalq-ordu birliyinin möhtəşəm qələbə ilə başa çatmasının hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur və iftixar hissi yaratdığını vurğulayıb. E. Azadxanov müqəddəs yolda canlarını fəda edən, bizə böyük qələbəni yaşadan qüdrətli Azərbaycan Ordusunun keçdiyi çətin döyüş yolundan, xalqımızın vətənpərvər övladlarına göstərilən dövlət qayğısı və onlara olan ehtiramdan danışıb. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Müzəffərova çıxışında bildirib ki, Vətən üçün tökülən hər damla qan, verilən hər can ərazi bötüvlüyümüzün təmin olunmasına səbəb olub. Ü. Müzəffərova qeyd edib ki, qəhrəman şəhidlərimiz, qazilərimiz daim xalqımızın qəlbində yaşayacaq. O, şəhid ailələrinin daim dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb. "Şəhid Analarına Dəstək" İctimai Birliyinin sədri, Aprel şəhidi Əbdülməcid Axundovun anası Ceyran Həsənova igid oğullarımızın həyatlarının təbliği, vətənpərvərlik ruhunda həyata keçirdiyi tədbirlərdən söz açıb. Şəhid Eldar Abdullayevin qardaşı Teymur Abdullayev çıxış edərək göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirib. Sonda tədbir iştirakçıları "Şəhidlər evə qayıdır" adlı filmi izləyiblər.  

Hamısını oxu
Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi(1919-2019)” yubiley medalı Respublika Veteranlar Təşkilatının rəhbərliyinə təqdim edilib

Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov və Təşkilatın sədr müavini polkovnik Cəlil Xəlilov “Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalı ilə təltif edilib.

Hamısını oxu
İlham Əliyev və Mehriban Əliyeva Ədilə Namazovanın vəfatı ilə əlaqədar nekroloq imzalayıblar

Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və digər rəsmi şəxslər görkəmli pediatr və kardioloq, Əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının müdiri, professor Ədilə Namazovanın vəfatı ilə əlaqədar nekroloq imzalayıblar. AZƏRTAC xəbər verir ki, nekroloqda deyilir: Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Görkəmli pediatr və kardioloq, Əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının müdiri, professor Ədilə Əvəz qızı Namazova 2020-ci il dekabrın 16-da ömrünün 95-ci ilində vəfat etmişdir. Ədilə Namazova 1926-cı il sentyabrın 9-da Ağdam rayonunun Seyidli kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1944–1949-cu illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsində ali təhsil almışdır. Əmək fəaliyyətinə 1949-cu ildə başlayan Ədilə Namazova həmin vaxtdan etibarən 1953-cü ilədək Ağdam rayonunda Uşaq tibb məsləhətxanasının müdiri işləmişdir. O, 1954–1957-ci illərdə Moskva şəhərində, SSRİ Səhiyyə Nazirliyinin Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunun aspiranturasında oxumuş, aspiranturanı bitirdikdən sonra, 1958–1959-cu illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda Müalicə profilaktika fakültəsinin uşaq xəstəlikləri kafedrasının assistenti, 1960–1965-ci illərdə SSRİ Tibb Elmləri Akademiyasının Pediatriya Elmi Tədqiqat İnstitutunun doktorantı olmuşdur. 1965-ci ildən taleyini Azərbaycan Dövlət Tibb İnstitutu ilə bağlayan Ədilə Namazova burada ömrünün sonunadək uşaq xəstəlikləri kafedrasının müdiri vəzifəsində çalışmışdır. Ədilə Namazova tibb elmləri üzrə 1959-cu ildə namizədlik, 1965-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1966-cı ildə professor elmi adına layiq görülmüşdür. O, 1971-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Azərbaycanda tibb elminin tədrisi və yeni nailiyyətlərlə zənginləşdirilməsində akademik Ədilə Namazovanın xüsusi əməyi vardır. Uzun illər ərzində tibb elminin müxtəlif sahələrinə dair apardığı araşdırmaları alimə ölkəmizdə və onun hüdudlarından kənarda geniş şöhrət qazandırmışdır. Ədilə Namazova respublikada pediatriya elmi məktəbinin yaradıcılarındandır. Alimin uşaq sağlamlığının qorunmasına yönəlmiş məhsuldar elmi fəaliyyətinin başlıca istiqamətləri uşaqlarda revmatizm və ürək qüsurlarının diaqnostikası və müalicə metodlarının təkmilləşdirilməsi ilə bağlıdır. Məhz bu elmi işlər sayəsində ürək çəpərinin anadangəlmə qüsurlarının klinik xüsusiyyətləri öyrənilmiş, süni qan dövranı şəraitində cərrahi müalicənin mümkünlüyü kriteriyaları müəyyən edilmişdir. Həmin tədqiqatlar, eyni zamanda, sonrakı fundamental araşdırmalar və yeni müalicə üsullarının tətbiqi üçün geniş imkanlar açmışdır. Alim, həmçinin müxtəlif metodlardan istifadə əsasında təcrübi tövsiyələri ilə tibb elminə töhfələr vermişdir. Respublikada tibbi xidmətin müasir tələblərə cavab verən formalarının təşkilində Ədilə Namazovanın təqdirəlayiq xidmətləri olmuşdur. Ədilə Namazova 400-dən artıq elmi əsərin, o cümlədən 30 monoqrafiyanın, dərsliyin və metodik vəsaitin, ixtiralar və səmərələşdirici təkliflərin müəllifidir. Alimin xarici dillərdə işıq üzü görən əsərləri elmi ictimaiyyət arasında rəğbətlə qarşılanmışdır. Ədilə Namazova çoxillik pedaqoji fəaliyyəti dövründə zəngin bilik və bacarıq nümayiş etdirərək yüksək hazırlıqlı mütəxəssislərin yetişdirilməsi işinə xüsusi diqqət göstərmişdir. Onun rəhbərliyi ilə respublikamız və xarici ölkələr üçün 60-a yaxın tibb elmləri doktorları və tibb üzrə fəlsəfə doktorları hazırlanmışdır. Alim mötəbər beynəlxalq forumlarda pediatriyanın aktual problemlərinə dair məzmunlu çıxışları ilə Azərbaycanın müasir tibb elmini layiqincə təmsil etmişdir. Səmərəli ictimai fəaliyyət göstərən Ədilə Namazova 1988–1992-ci illərdə SSRİ xalq deputatı olmuş, habelə bir sıra beynəlxalq elmi cəmiyyətlərin üzvü seçilmişdir. Ölkəmizdə təbabətin inkişafı və yüksək ixtisaslı həkim kadrların yetişdirilməsi sahəsində akademik Ədilə Namazovanın xidmətləri dövlət tərəfindən lazımınca qiymətləndirilmişdir. O, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilmiş, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülmüşdür. Görkəmli alim, mahir pedaqoq və səmimi insan Ədilə Əvəz qızı Namazovanın xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır. Allah rəhmət eləsin! İlham Əliyev Mehriban Əliyeva Əli Əsədov Sahibə Qafarova Samir Nuriyev Əli Əhmədov Eldar Əzizov Fərəh Əliyeva Oqtay Şirəliyev Ramiz Mehdiyev Əhliman Əmiraslanov Cəmil Əliyev Sudeif İmamverdiyev Nuru Bayramov Gəray Gəraybəyli  

Hamısını oxu