Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Bu gün biz Şuşanın dünyaya yenidən göz açmasına, həyatı yenidən salamlamasına şahid oluruq”

Tamam Cəfərova: “Şuşanın tarixi simasının bərpası, tarixi ruhunun dirçəlişi prezidentimizin adı ilə bağlıdır”

 

Məlum olduğu kimi, prezident İlham Əliyev 2021-ci ilin 30 avqust tarixində Şuşaya səfər edib, ölkəmizin mədəniyyət paytaxtında Vaqif Poeziya Günlərinin açılış mərasiminda iştirak edib.

 

Moderator.az olaraq millət vəkili Tamam Cəfərova ilə söhbətimizdə dövlət başçısının Şuşa səfəri, səfər əsnasında səsləndirdiyi fikirlər, Şuşada həyata keçirilən işlər və s. kimi məsələləri şərh etməyə çalışdıq.

 

-Tamam xanım, avqustun 30-da Şuşada Molla Pənah Vaqifin məqbərəsi önündə Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi. Sizcə uzun fasilədən sonra bu ənənənin yenidən bərpası necə dəyərləndirilə bilər?

 

-Şuşada Vaqif Poeziya Günlərinin uzun fasilədən sonra yenidən təşkili çox mühüm hadisədir. Bu hadisə həm ədəbi, həm mənəvi, həm də siyasi baxımdan mühüm əhəmiyyətə malikdir.

 

Bildiyiniz kimi, 1992-ci ildə Şuşanın Ermənistan ordusu tərəfindən işğalından sonra Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan Şuşa da işğal altındakı digər rayonlarımız kimi erməni vandalizminə məruz qaldı. Lakin 44 günlük Vətən müharibəsinin gedişində - 2020-ci ilin noyabrın 8-də Şuşa erməni işğalından azad edildi və Prezident İlham Əliyev bu tarixi müjdəni Azərbaycan xalqına çox böyük həyəcan və qürurla xəbər verdi.

 

Vaqif Poeziya Günlərinin keçirilməsi gözəl bir ənənəyə söykənir. Bildiyiniz kimi, Şuşada Vaqifin məqbərəsi Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci ilin 14 yanvar tarixində açılıb, ölkə həyatında böyük ədəbi-mədəni hadisə kimi qeyd edilib. Və 1982-ci ildən etibarən Şuşada Vaqif Poeziya Günləri böyük bir təntənə ilə keçirilib, ölkəmizin hər yerindən çoxsaylı ziyalılar, şairlər, yazıçılar, mədəniyyət xadimləri bu tədbirdə iştirak edib, hər belə tədbir respublikamızda ədəbi proseslərə böyük təkan verib. 2021-ci il avqustun 30-da yenidən Vaqif Poeziya Günlərinin keçirilməsi həmin ənənənin bərpası deməkdir. Biz buna görə ölkə başçısına, o cümlədən hörmətli Birinci vitse-prezident Mehriban xanıma minnətdarıq. Onu da xatırladım ki, Molla Pənah Vaqifin məqbərəsinin bərpası məhz Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilib. Bu fakt bir daha Heydər Əliyev Fondunun ölkəmizin sadəcə sosial həyatında deyil, həm də mədəni həyatında nə qədər mühüm rol oynadığını göstərir.

 

Vaqif Poeziya Günlərinin keçirilməsinin həm də siyasi əhəmiyyəti mövcuddur. Çünki Vaqif XVIII əsr Qarabağının siyasi həyatında İbrahim xanın vəziri kimi böyük rol oynayıb, xanlığın xarici düşmənlərdən qorunmasında, onun müdafiəsinin təşkilində yaxından iştirak edib. Bu baxımdan Molla Pənah Vaqif sadəcə şair kimi deyil, həm də siyasi xadim kimi xarakterizə oluna bilər.

 

Vaqif Poeziya Günlərinin keçirilməsi başda Ermənistan olmaqla onların havadarlarına həm də siyasi mesajdır. Bu mesajın mahiyyəti bundan ibarətdir ki, heç bir qüvvə Azərbaycanın iradəsinə qarşı gələ, onu öz ərazisinin bir qarışından belə imtina etməyə məcbur edə bilməz. Azərbaycan öz torpaqlarının şəriksiz sahibidir və bu torpaqlarda bundan sonra da böyük ədəbi-mədəni tədbirlər keçirməklə öz zəngin mədəniyyətini bütün dünyaya nümayiş etdirəcək.

 

-Tamam xanım Şuşada cari ilin may ayında keçirilən “Xarıbülbül” festivalı da böyük mədəniyyət hadisəsinə çevrildi, xalq tərəfindən coşğu ilə qarşılandı. Bu festival və onun əhəmiyyəti ilə bağlı nə deyə bilərsiniz?

 

-Bu ilin may ayında Şuşada keçirilən “Xarıbülbül” festivalı ölkəmizin mədəni həyatında böyük hadisə olmaqla yanaşı, həm də yeni bir dönəmin başlanması demək oldu. Azərbaycanın böyük sənət adamlarının, mədəniyyət xadimlərinin iştirak etdiyi festival mahiyyət etibarı ilə həm də ölkəmizin 44 günlük Vətən müharibəsindəki şanlı qalibiyyətinə həsr edilmişdi. Bu festivalda səsləndirilən vətənpərvərlik mahnıları, muğamlarımız xalqımızın tarixi qəhrəmanlığından, vətənpərvərliyindən xəbər verən, öz elinə, yurduna, torpağına, bayrağına sadiqlikdən bəhs edən müqəddəs nəğmələr idi. Başqa sözlə desək, bu festival tarixi qələbəmizin musiqi dili ilə vəsfi idi. Elə bu səbəbdən də “Xarıbülbül” festivalı ikiqat bayram kimi qeyd olundu və bundan sonra da hər il müntəzəm şəkildə  qeyd olunacaq.

 

-Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələri əsasında Şuşada çox böyük quruculuq işləri həyata keçirilməkdədir. Bugünə qədər gerçəkləşən layihələri, görülən işləri Şuşanın dirçəlişi baxımından necə dəyərləndirirsiniz?

 

-Şuşanın bərpası prosesinə 2021-ci ilin 14 yanvar tarixindən start verilib və bu müddət ərzində mədəniyyət paytaxtımızda həqiqətən də mühüm işlər görülüb.

 

Azərbaycan Şuşanın bərpası prosesinə yol-nəqliyyat infrastrukturunun yaradılması ilə start verdi. İlk növbədə, Vətən müharibəsindəki qələbəmizin rəmzinə çevrilən Zəfər yolunun çəkilişinə başlanıldı. Şəhərin içindəki bir sıra yollar təmir edildi, istismara yararlı vəziyyətə gətirildi. Şəhərin elektrik enerjisi və su təminatı reallaşdırıldı. Hansı ki, bütün bunlar ilkin və zəruri vasitələr olmaqla yanaşı, digər layihələrin reallaşması üçün də təməl rolunu oynadı.

 

Şuşada eyni zamanda tarixi abidələrin bərpası prosesinə start verildi ki, bu da dövlətimizin, xalqımızın öz tarixinə, mədəniyyətinə verdiyi dəyəri göstərir.

 

İlk gündən təmir prosesinə cəlb edilən sosial obyektlərdən biri də məscidlər oldu. Artıq Yuxarı Gövhərağa məscidində işlər başa çatmaq üzrədir. Daha iki məscidin -  Saatlı və Aşağı Gövhərağa məscidlərinin təmiri də nəzərdə tutuklub ki, bu işlər də Heydər Əliyev Fondu tərəfindən gerçəkləşdiriləcək. “Xarıbülbül” hotelinin istifadəyə verilməsi, şəhərdə ticarət mərkəzlərinin, inzibati binaların fəaliyyəti qısa zamanda Şuşada həyata keçirilən işlərin miqyasıdnan xəbər verir.

 

-Tamam xanım, Şuşa və işğaldan azad edilən ərazilərimizdə həyata keçirilən bütün bu işlər dövlətimizin iqtisadi gücünün böyük, xalqımızın qurub-yaratmaq əzminin nəhayətsiz olmasının növbəti təsdiqi sayıla bilərmi?

 

-Şübhəsiz. Azərbaycan uzun illərdir ki,  öz iqtisadi gücünə görə bütün regionda birinci yerdə qərarlaşıb. Xatırlayırsınızsa, hələ müharibədən öncə Prezident İlham Əliyev dəfələrlə Ermənistana müraciət etmiş, onu işğaldan əl çəkməyə çağırmışdı. Ölkə başçısı bəyan etmişdi ki, əgər Ermənistan işğalçılıq siyasətindən, torpaq iddialarından, xəstə düşüncələrdən əl çəksə, o zaman Azərbaycanın moderatorluğu altında reallaşan regional və beynəlxalq layihələrdə iştirak edə, bundan iqtisadi baxımdan yararlana bilər. Ölkə başçımız bildirirdi ki, işğaldakı torpaqları azad etməyə Azərbaycanın kifayət qədər gücü var. Lakin Azərbaycan sülhpərvər dövlət olduğu üçün problemin hərbi yolla həllini istəmir. Ancaq təəssüflər olsun ki, “Böyük Ermənistan” xülyasına qapılan rəsmi İrəvan bu çağırışlardan heç bir nəticə çıxarmadı.  Nəticədə, Azərbaycan ordusu qısa zamanda – cəmi 44 gün ərzində işğal edilmiş əraziləri azad etdi, Ermənistanın hərbi potensialının 80%-ni sıradan çıxardı. Bu, ölkəmizin hərbi qüdrətinin təcəssümü idi.

 

İşğaldan azad edilən rayonlarımızda, o cümlədən Şuşa şəhərində həyata keçirilən böyük layihələr isə həm də dövlətimizin iqtisadi gücünü, maliyyə potensialını, eyni zamanda xalqımızın qurub yaratmaq əzmini göstərir. Baş verənlər əyani şəkildə göstərir ki, Azərbaycan hərbi müstəvidə, diplomatik müstəvidə olduğu kimi, iqtisadi müstəvidə də aparıcı gücdür və onunla regionun heç bir dövləti bu baxımdan müqayisə oluna bilməz.

 

Azərbaycan xalqının işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi quruculuq prosesi sadəcə qurub-yaratmağa xidmət etmir. Bu proses həm də Ermənistanı, onun dağıdıcı siyasətini, barbar obrazını ifşa edir. Ermənistanın törətdiyi dağıntılar fonunda gerçəkləşən bu quruculuq prosesi bütün dünyaya göstərir ki, ermənilərdən fərqli olaraq, Azərbaycan xalqı yaradıcı xalqdır. Azərbaycan xalqı hər zaman sivilizasiyanın inkişafına, onun yeni dəyərlər əsasında daha da zənginləşməsinə töhfələr verib və bu gün də verməkdədir. Və ən əsası Azərbaycan xalqı öz əzmi, zəhmətkeşliyi, yaratmaq bacarığı ilə bütün bəşəriyyətə sübut edir ki, dünyanın bu məsələdə ondan öyrənməli olduğu hələ çox şeylər var...

 

Seymur ƏLİYEV

 

2021-09-01 11:59:00
1253 baxış

Digər xəbərlər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Anım Günü ilə bağlı ağacəkmə aksiyasında iştirak edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Anım Günü ilə bağlı ağacəkmə aksiyasında iştirak edib. Anım Günü ilə əlaqədar olaraq İkinci Şəhidlər Xiyabanını ziyarət edən  Təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilov və bir qrup veteran Xiyaban ərazisində ağaclar əkib, şəhidlərə olan sevgi və ehtiramlarını bildirib. Polkovnik Cəlil Xəlilov qeyd edib ki, şəhidlərin xatirəsinin bu şəkildə anılması gözəl bir ənənədir və bu ənənə şəhdilərimizə ehtiram əlaməti olmaqla yanaşı, ölkəmizin yaşıllaşdırılması, ekoloji mühitin yaxşılaşmasına da mühüm töhfə verir. Məlumat üçün qeyd edək ki, respublikamızın müxtəlif bölgələrində Anım Günü ilə əlaqədar olaraq ağacəkmə aksiyaları keçirilməkdədir.  

Hamısını oxu
Sarıcalı ən qədim türk etnosunun yaşadığı kənddir

Azərbaycan Ordusunun ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etməsi, ərazi bütövlüyümüzün bərpa olunması bütövlükdə region xalqları və dövlətləri üçün böyük əhəmiyyətə malikdir. Başqa sözlə, tarixi ədalətin bərpa olunmasından sonra həm Azərbaycanın inkişafı, həm də bölgənin firavan gələcəyi üçün yeni perspektivlər yaranıb. Postmüharibə dövrünün reallıqları ölkəmizin qətiyyətli mövqeyini, siyasi-diplomatik nailiyyətlərini əks etdirir. Sarıcalı kəndi Ağdam şəhərindən şərqdə - Ağdam-Ağcabədi avtomobil yolunun kənarında yerləşir. Kəndin adı Cavanşirlər nəslindən olan Sarı Alının adından götürülüb. Sarıcalı kəndinin tam adı Dərgahlı Sarıcalısı, sovet dövründə Ağdamkənd Sarıcalısı olub. Beləliklə, Sarıcalı ən qədim türk etnosunun yaşadığı kənddir. Bu kənd Azərbaycan təhsilinin, elminin və mədəniyyətinin inkişafında xidmətləri olan bir çox tanınmış şəxslər yetişdirmişdir.  Sarıcalı kəndi Birinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü il iyulun 23-də işğal olunmuşdu. Vətən müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb. Ağdam şəhərinin mərkəzindən 6 kilometr məsafədə yerləşən bu kəndin təməlini 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev qoyub. Möhtərəm Prezidentimizin və birinci xanım Mehriban Əliyevanın Ağdam rayonunun Sarıcalı kəndində olmaları xalqımız tərəfindən böyük qürurla qarşılanır. Bu iftixar qəlbi Vətən sevgisi ilə döyünən hər bir azərbaycanlının mənəvi haqqıdır. Çünki biz böyük qələbə qazanmışıq. Prezident İlham Əliyevin Ağdam rayonunun Sarıcalı kəndinə səfəri zamanı səsləndirdiyi fikirlər qüdrətli Azərbaycanın yeni mərhələdə əldə etdiyi strateji inkişafına işıq salır. Səfər zamanı dövlətimizin başçısı və birinci xanım burada görülmüş işlərlə tanış olub, yerli icra strukturları üçün inşa olunmuş çoxfunksiyalı inzibati binanın açılışını ediblər. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sarıcalıda inşa olunmuş fərdi evlərdə yaradılan şəraitə baxıb, körpələr evi-uşaq bağçası və tam orta məktəb binasının açılışlarında iştirak edib, yeni mənzillərə köçən sakinlərlə görüşüb və onlara evlərin açarlarını təqdim ediblər. Görüşdə Prezident İlham Əliyev qeyd edib ki, azad edilmiş ərazilərdə indi 40 mindən çox insan yaşayır və çalışır. “İndi Ağdam rayonunun ilk sakinləri sizsiniz. Amma yaxın aylarda qonşularınız da gələcək, Xıdırlıya, - yəqin ki, görmüsünüz, böyük inşaat işləri gedir, - Kəngərliyə, ilin sonuna qədər Ağdam şəhərinə. Burada rahat, xoşbəxt yaşayacaqsınız”, - deyə Prezident vurğulayıb. Sarıcalı kəndində əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, təhsil, iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr, klub-icma və mədəniyyət mərkəzləri tikilib. Burada sosial məsələlər də öz həllini tapıb. Kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub. Prezident İlham Əliyev Ağdamın Sarıcalı kəndində yeni mənzillərə köçən sakinlərlə görüşdə çıxışında bildirib: “Biz Ağdamı yenidən qururuq və quracağıq, indi genişmiqyaslı quruculuq işləri aparılır”. Bütövlükdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə postmüharibə mərhələsində görülən işlər Azərbaycan dövlətinin tarixi qələbəsinin siyasi və diplomatik müstəvidə möhkəmləndirilməsi üçün müstəsna əhəmiyyət daşıyır. Bu istiqamətdə əldə edilən nailiyyətlər isə bütün milli məqsədlərin reallaşdırılmasına geniş imkanlar yaradır. Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri  

Hamısını oxu
Fatma Səttarova Bakı Sağlamlıq Mərkəzində yaradılan seçki məntəqəsində səs verib

Bakı, 7 fevral, AZƏRTAC Bu gün Azərbaycan Respublikasında prezident seçkiləri keçirilir. Qocaman seçicilərdən biri olan İkinci Dünya müharibəsi veteranı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri 102 yaşlı Fatma Hüseyn qızı Səttarova da seçkilərdə iştirak edib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, o, müalicə aldığı Bakı Sağlamlıq Mərkəzində yaradılan seçki məntəqəsində səs verib. İkinci Dünya müharibəsinin unudulmaz, hər zaman böyük qayğı və sevgi ilə yad edilən veteranlarından olan Fatma Səttarovanın ölkəmizin ictimai-siyasi, mədəni həyatında böyük xidmətləri var. Həmçinin Fatma Səttarova “İstiqlal” ordeni ilə təltif edilib.

Hamısını oxu
Fransanın Ermənistanı silahlandırmaq siyasəti sülhə xəyanətdir

Fransanın Ermənistanı silahlandırmaq siyasəti sülhə xəyanətdir. Makron rejiminin məqsədi Cənubi Qafqazda yeni gərginliyin meydana çıxmasına nail olmaqdır”. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik xatırladıb ki, 44 günlük Vətən müharibəsindən sonra Ermənistanı açıq şəkildə himayə etməyə başlayan Fransa son bir ildə İrəvana ağır artilleriya, zirehli maşınlar və raket sistemləri verməkdə davam edir: “Paris açıq şəkildə bildirir ki, Ermənistan ordusunun yenidən qurulmasına yardım göstərəcək, silahlandırma prosesini bundan sonra da davam etdirəcək. Ermənistanın müdafiə nazirinin Parisə son səfərində Ermənistanla Fransa arasında silah alqı-satqısı ilə bağlı yeni müqavilələrin imzalanması Makron hakimiyyətinin bölgə ilə bağlı məkirli niyyətlərinin əməli göstəricisidir. Ermənistan indiki həssas məqamda diqqətli olmalı, Fransanın təxribatlarına boyun əyməməlidir. Rəsmi İrəvan bilməlidir ki, Fransanın təxribatlarına uyacağı, ölkəmizə qarşı hansısa təhrikedici addım atacağı təqdirdə, bunun cəzasını ağır şəkildə ödəməli olacaq”. Polkovnik daha sonra deyib: “Bu gün Azərbaycan Ordusunun gücü, döyüş əzmi bütün dünyaya yaxşı məlumdur. Vətən müharibəsi günlərində öz gücünü əyani şəkildə ortaya qoyan Azərbaycan Silahlı Qüvvələri postmüharibə dövründə öz qüdrətini daha da artırıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışlarında bu məsələyə dəfələrlə toxunub, ordumuzun artan gücündən iftixar hissi ilə bəhs edib. Ermənistan da bu həqiqəti unutmamalı, regional sülhü hansısa uzaq dövlətlərin mənafeyinə qurban verməməlidir. Əks təqdirdə, bu, Ermənistanın özü üçün fəlakətlə nəticələnəcək”.

Hamısını oxu