Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Bahadur Hüseynov veteranların dostu, gənclərin idealı, əsl xeyirxah idi”

Cəlil Xəlilov: “Onun xatirəsi xalqın yaddaşında əbədi yaşayacaq”

 

Sabah 15 dekabr – Azərbaycan xalqının böyük oğlu, mərhum general Bahadur Hüseynovun anadan olmasının 100-cü ildönümüdür. Bununla bağlı Veteran.gov.az-a açıqlama varən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Bahadur Hüseynovun sadəcə çekist kimi peşəkarlığı ilə deyil, həm də öz xeyixahlığı, sadəliyi, səmimiyyəti ilə böyük hörmət və ehtiram qazandığını vurğulayıb:

 

“Bahadur Hüseynov hər şeydən öncə peşəkar hərbçi, təcrübəli hüquqşünas, əla çekist idi. Onun həyat və fəaliyətinə nəzər salsaq görərik ki, o, harada işləməsindən asılı olmayaraq, hər zaman öz işinə böyük məsuliyyət və vicdanla yanaşmış, ona həvalə edilən hər bir işi maksimum səviyyədə yerinə yetirməyə çalışmışdır. Məhz çalışqanlığı, yorulmazlığı, işə məsuliyətli münasibəti onun xidmət pillələrində sürətli yüksəlişinə yol açmış, Bahadur Hüseynov adını hər yerdə məşhurlaşdırmışdı.

 

Ancaq Bahadur Hüseynovu insanlara sevdirən onun sadəcə peşəkar mütəxəssis kimi fəaliyyəti deyildi. Bahadur Hüseynov həm də hərbçilərin, veteranların yaxın dostu, əsl xeyirxah idi. O, tabeçiliyində çalışan hər bir şəxsin sosial durumu, ailə vəziyyəti ilə yaxından maraqlanır, onların hər bir probleminin həllinə səy göstərirdi. Onlarla hərbçinin mənzil probleminin həlli, ailə qurması, sosial rifahını yaxşılaşdırması Bahadur Hüseynovun adı ilə bağlıdır.

 

Bahadur Hüseynov Müharibə, Əmək və Silahlı Qüvvələrin Veteranları Təşkilatının sədri olduğu dönəmdə də veteranların sosial təminatının güclənməsi üçün əlindən gələni əsirgəməmiş, bütün imkanlardan istfadə edərək veteranların həyat səviyyəsini yüksəltməyə çalışmışdır. O, öz sadəliyi, səmimiliyi, insanlara doğma, qayğıkeş  münasibəti il hər kəsin sevimlisinə çevrilmişdi. Məhz bütün bu xüsusiyyətlərin cəmi Bahadur Hüseynovu gənclərin idealına çevirmişdi. Hansı ki, bu gün də Bahadur Hüseynovu öz idealı hesab edən kifayət qədər gənc mövcuddur. Bu baxımdan Bahadur Hüseynovu gənclərin əbədi idealı adlandırmaq olar.

 

Bu gün Bahadur Hüseynov fiziki baxımdan aramızda deyil. Amma onun qoyub getdiyi məktəb, hazırladığı kadrlar, dövlətimiz, xalqımız üçün gördüyü işlər göz önündədir.

 

Bahadur Hüseynov ömrünü vətəninə, millətinə həsr edən böyük azərbaycanlı olub və nə qədər ki, Azərbaycan xalqı var, o da bu xalqın digər böyük övladları kimi xalqın yaddaşında əbədi yaşayacaqdır”.

 

2021-12-14 12:20:00
1821 baxış

Digər xəbərlər

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Zaqataladakı məcburi köçkün qəsəbəsində səyyar qəbul keçirib

Veteran.gov.az xəbər verir ki, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Zaqatala şəhəri, məcburi köçkün qəsəbəsi, Mədəniyyət evinin inzibati binasında həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulunu keçirib. Səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, RİH-in məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri və həmin ərazidə müvəqqəti məskunlaşmış Kəlbəcər rayon sakinləri iştirak etmişdir. RİH başçısı Azər Qocayev səyyar görüşdə sakinlərə öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasətdən, xalqımızın tarixinə “Zəfər salnaməsi” kimi yazılan 44 günlük müharibədə qazandığımız Şanlı Qələbədən, həmçinin düşmənə ağ bayraq qaldırtdıraraq qondarama dövlət qurumlarının ləğvinə, ərazi bütövlüyümüzün tam bərpasına səbəb olan lokal antiterror əməliyyatından, uğurla icra edən “Böyük qayıdış” dövlət proqramından, eləcədə əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət proqramlarından söz açmışdır. Daha sonra qəbulda iştirak edən rayon sakinləri ümumi problemlərini, həmçinin vətəndaşlar onları narahat edən şəxsi məsələləri RİH başçısının nəzərinə çatdırmışlar. Vətəndaşların səsləndirdiyi müraciətlərin qeydiyyatı aparılaraq nəzarətə götürülmüş, RİH-in səlahiyyətləri daxilində olan məsələlərin həll ediləcəyi, digər müraciətlərin həlli istiqamətində isə müvafiq dövlət qurumları qarşısında məsələ qaldırılacağı bildirilmişdir.  

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov Qubada şəhid kapitan Aqil Məlikovun ailəsini ziyarət edib

18 mart 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Qubada şəhid kapitan Məlikov Aqil Niyaz oğlunun ailəsini ziyarət edib. Şəhid ailəsini bayram münasibətilə təbrik edən polkovnik Cəlil Xəlilov, məhz şəhidlərimizin qəhrəmanlığı sayəsində xalqımızın dinc, firavan günlərə qovuşduğunu, torpaqlarımızın erməni faşizmindən azad edildiyini bildirib.  Gəlişinə görə polkovnik Cəlil Xəlilova təşəkkür edən şəhidin həyat yoldaşı Günel Məlikova, şəhid ailəsi olaraq dövlətin diqqət və qayğısını mütəmadi şəkildə öz üzərlərində hiss etdiklərini vurğulayıb, buna görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib. Şəhid xanımı Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovun, o cümlədən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Quba Rayon Şöbəsinin rəisi polkovnik Yasin Aşurovun da mütəmadi şəkildə şəhid ailələri ilə maraqlandıqlarına diqqət çəkib, onlara öz minnətdarlığını bildirib. Görüşdə iştirak edən SHXÇDX-nin Quba rayon şöbəsinin rəisi polkovnik Yasin Aşurov və Quba Rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Asəf Şirinov da şəhidlərimizin tarixi xidmətinə diqqət çəkib, onların ömür və döyü yollarının gələcək nəsillər üçün də örnək olduğunu vurğulayıblar. Görüşün sonunda xatirə şəkli çəkilib, şəhid ailəsinə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının daxili imkanları hesabına maddi yardım göstərilib. Seymur ƏLİYEV

Hamısını oxu
Azərbaycan Respublikası Sərhəd Qoşunları yaranmasının 100 illinin qarşısında

Tarixi missiyanı yaşadanlar Müsahibimiz Respublika Veteranlar Təşkilatının sədr müavini, Azərbaycan Respublikası Sərhəd Qoşunları Komandanının şəxsi heyətlə iş üzrə keçmiş müavini, polkovnik Cəlil Xəliovdur.  - Cəlil müəllim, bu il Sərhəd Qoşunlarının yaradılmasının 100 yaşı tamam olur. Bu şanlı yubileyin tarixi, yaddaqalan məqamları haqqında düşüncələrinizi oxucularımızla bölüşəsiniz. Azərbaycanın Sərhəd Qoşunları sözün həqiqi mənasında şanlı tarixi yol keçib. Bu qürur doğuran yolun başlanğıcı Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulub. Bilirsiniz ki, Cümhuriyyətin yaranmasına qədər çar Rusiyasının tərkibində Azərbaycanın sərhədləri qeyri-müəyyən olub. Yəni digər xalqlar kimi Azərbaycanın da sərhədlərinin mühafizəsi Rusiyanın tərəfindən həyata keçirilib. Çar Rusiyasının süquta uğraması ilə Azərbaycanın sərhədlərinin müəyyən edilməsi və mühafizəsi sahəsində lazımi addımlar atılıb. Azərbaycanın sərhədlərinin müəyyən­ləş­diril­məsi və onun mühafizəsi istiqamətində ilk rəsmi addımlar AXC qurulmasından sonra mümkün olub. Müstəqil dövlət qurulduqdan sonra sərhədlərin müəyyənləşməsi və mühafizəsi məsələləri həllini tapmağa başlayıb. Mühafizə qüv­­vələrinin yaradılması və formalaş­ması sahəsində hökumət və parlament kom­pleks tədbirlər həyata keçirib. Gürcüstan və Ermənistanla sərhəd­ləri­n müəyyənləş­diril­­məsi üçün bir neçə layihə və təkliflər də ha­zır­lan­ıb. BUnlardan biri 1918-ci il iyun ayının 22-də «Poylu stansiyasında sərhəd postunun yaradılması haqqında" qərar qəbul edib. İlk mühafizə qüvvələrinin başlıca vəzifəsi qaçaqmalıçılığın və qanunsuz ticarətin qarşısının alınması idi. Bu vəzifə Poylu və Mazımçay sərhəd postlarının mü­ha­fi­zə qüvvəsinin üzərinə düşür­dü. - Sərhəd Qoşunlarının xalqımızın həyatında oynadığı missiya barədə daha hansı mühüm faktları diqqətə çatdırmaq istərdiniz? -Əvvala onu deyim ki,  sərhəd mühafizəsi çox çətin tarixi şəraitdə yaranıb. Ölkə dörd bir yandan təhlükə və taleyüklü problemlərlə üzbəüz qalmışdı; şimaldan, cənubdan, şərqdən və qərbdən Azərbaycana təcavüzlər, müxtəlif dəstələrin basqınları gözlənilirdi, digər tərəfdən də artıq qeyd etdiyimiz qaçaqmalçılıq və qanunsuz ticarət halları geniş miqyas almışdı. Zaqatalada quber­nator olmuş general-mayor Ş.Haşım­bəyov Daxili İşlər Nazirliyinə ünvanlandığı məktubda sərhəd mühafizəsi üçün 150 nəfər lazım olduğunu bildirdi. Bunlardan 50-si jandarmeriya, 100 nəfəri isə mühafizəçi kimi nəzərdə tutulmuşdu. Müha­fizə qüvvəsinin sərhəddə 12 postda yer­ləşdirilməsi nəzərdə tutulurdu. Şimaldan və dəniz sərhədlərindən gözlənilən bolşevik Rusiyası və Denikinin Könüllü ordusu, qərbdən Ermənistan və digər təhlükələri göz önünə gətirəndə ölkənin sərhədlərindəki vəziyyət daha da aydın olur. Üstəlik 1919-cu ilin ikinci yarısına qədər Lən­kəran qəzası və Muğanın bir hissəsində dövlətə müqavimət göstərən silahlı qüv­vələr mövcud idi. Həmin qüv­vələrin qəti surətdə məğlub edilməsi 1919-cu ilin uğurlu avqust hərbi əməliy­ya­tın­dan sonra mümkün oldu. Cənub sərhəd zolağında təhlükə mənbələrindən biri yerli silahlı qruplar və qaçaqlar idi. Bu dəstələr sərhəd boyu yaşayış məntəqələrinə hücumlar edir, həmin məntəqələrin sakinlərini öldürür və qarətçiliklə məşğul olurdular. Belə mürəkkəb və ağır vəziyyətdə Azərbaycan sərhədçiləri milli ordu ilə birlikdə üzərlərinə düşən vəzifələri şərəflə, fədakarlıqla icra edərək, Azərbaycanın sərhədlərini mümkün olduğu qədər mühafizə edirdilər. İlk sərhəd mühafizə qüvvələrinin Daxili İşlər Nazirliyinin tərkibində yarandığını qetd etdiniz. Bu qüvvələrin təşkili vəzifələrinin sonrakı mərhələdə Maliyyə Nazirliyinə həvalə edildiyi məlum olur. Bu nə ilə bağlı idi? -Doğrudur, sərhəd mühafizəsi sahəsində vəzifələr Maliyyə Nazirliyinə həvalə olundu. Bu qərar qəbul edilərkən real vəziyyət və ondan əvvəl görülmüş bir sıra işlər nəzərə alınmışdı. Qaçaqmalçılıq və qanunsuz ticarət döv­riy­yə­si getdikcə geniş miqyas almışdı. Bu da qanunsuz ticarət dövriyyəsi ilə həm də daxildə mübarizə aparmaq zərurətini doğururdu. Bu işlə əsa­sən maliyyə orqanları məşğul olmalı idi. Həmin qa­nun­la gömrük idarəsi hissəsi adlandırılan qu­rum ləğv olunmuş və onun əsas səlahiy­yət­ləri Maliyyə Nazirliyinə verilmişdi. Parlamentin 1919-cu il avqust ayının 18-də keçirilən iclasında 8 bənddən ibarət “Azərbaycan Respublikasının gömrük baxımından sərhəd mühafi­zəsinin təsis edilməsi haqqında” qanun layuhəsi maddə-maddə səsə qoyularaq qəbul edilmişdi. Məhz həmin tarix müstəqil Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının yaradılması günü kimi qəbul edilir. - Sərhəd mühafizə qüvvələrinin təşkili sahəsində vəzifələrin tam yerinə yetirilməsi, vahid strukturun yaradılması mümkün oldumu? -Çox təəssüf ki, bu sula müsbət cavab verə bilmirik. 1920-ci ilin 27 aprel işğalı ilə AXC-nin süquta uğradılması sərhəd mühafizəsinin, gələcək müstəqil Sərhəd Qoşunlarının formalaşdırılması istiqamətində atılan addımların qarşısını aldı. Sovet dövründə Azərbaycanda sərhəd mühafizəsinin həyata keçirilməsi vəzifələri SSRİ-nin mərkəzi hakimiyyətinin tabeliyində olan məhz bu məqsədlə yaradılmış sərhəd qüvvələrinə (qoşunlarına) həvalə olundu. - Sovet dövründə Azərbaycanda Sərhəd Qoşunlarının yaradılması istiqamətində görülən işləri qənaətbəxş saymaq olarmı? -Bilirsiz, sovet dövründə Azərbaycanda müstəqil Sərhəd Qoşunlarının yaradılmasından söhbət gedə bilməzdi. Buradakı sərhəd dəstələri Zaqafqaziya Sərhəd Dairsinin tərkibinə daxil idi və bütün məsələlər Moskvadan idarə edilirdi. Qoşunların əksər zabit heyəti və ən başlıcası rəhbər kadrları qeyri-millətlərin nümayəndələrindən ibarət idi. Yalnız Ümummilli ider Heydər Əliyev Azərbaycanda ilk dəfə hakimiyyətə gəldiyi dövrdən başlayaraq bu sahədə mühüm dönüş yaranmağa başlandı. Qısa müddət ərzində, vəziyyəti dəyişmək çətin olsa da, Heydər Əliyev çox böyük işlər gördü. Milli kadrların Zaqafqaziya Sərhəd Dairsinin daxilində olan Azərbaycan sərhəd dəstələrində təmsil olunmalarına, onların yüksək vəzifələrə irəli çəkilməsinə xüsusi diqqət yetirilməsi, bir qədər sonra onların hətta Zaqafqaziya Sərhəd Dairəsində vəzifə tutmalarına şərait yaratdı. 1970-80-ci illərdə yetişən, SSRİ Sərhəd Qoşunlarının tərkibində xidmət edən, yüksək vəzifələr tutan milli sərhədçi kadrlar Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Sərhəd Qoşunlarının təşkilində yaxından iştirak etdilər. Ümummilli liderin təşəbbüsü və birbaşa rəhbərliyi ilə Azərbaycan KP MK bürosu qərarı  əsasında 1971-ci il iyul ayının 20-də Azərbaycanda yaradılan C.Naxçıvanski adına Hərbi lesey gələcək peşəkar hərbçi kadrların, eləcə də, sərhədçi kadrların hazırlanmasında ilk baza rolunu oynadı. Həmin  liseyin məzunu olanların əksəriyyəti hərbi təhsillərini davam etdirərək həqiqi peşəkarlar kimi yetişdilər və imperiyanın dağılmasından sonra Azərbaycanda hərb sahəsində mühüm vəzifələr tutdular, milli ordu və digər qoşun növlərinin, o cümlədən Sərhəd Qoşunlarının yaradılmasında və Qarabağ müharibəsində yaxından iştirak etdilər. - Müstəqilliyin bərpasından sonra Azərbaycanda Sərhəd Qoşunlarının formalaşmasında Siz də yaxından iştirak etmişiniz. Bu barədə hansı faktları xüsusi qeyd edərdiniz? -Əvvala onu deyim ki, müstəqilliyin bərpasından sonra, yeni mərhələdə ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının yüksək hazırlığa malik Sərhəd Qoşunlarının yaranmasına, ölkənin sərhəd təhlükəsizliyinin peşəkar təminatçısı olan xüsusi qoşun növünün təşkili üçün etibarlı təməllərin qoyulmasına nail oldu. Ulu öndərin dəyərli, yüksək peşəkarlıqdan qaynaqlanan əvəzsiz tövsiyələri, ilk gündən başlayaraq Sərhəd Qoşunlarının maddi-tüxniki bazasının möhkəmləndirilməsi, ixtisaslı kadrların hazırlanmasına göstərdiyi mütamadi dəstək müstəqil Azərbaycanın Sərhəd Qoşunları hərtərəfli formalaşmasına şərait yaratdı. Yadımdadır, Sərhəd Qoşunlarının formalaşmağa başladığı ilk aylarda bəziləri Azərbaycan sərhədçilərinin ölkə sərhədlərinin təhlükəsizliyini lazımi səviyyədə təmin edəcəyinə şübhə ilə yanaşır, özləri də fərqinə varmadan açıq-aşkar belə təbliğat aparan xarici qüvvələrə rəvac verirdilər. Ancaq fəadakar Azərbaycan sərhədçiləri çox qısa müddətdə bu iddia və inamsızlığın heç nəyə əsaslanmadığı öz yüksək xidmətləri ilə sübuta yetirdilər. Azərbaycan sərhədlərinin keçmiş SSRİ qüvvələrindən təhvil-təslim prosesi uğurla başa çatdırıldı. Bu prosesdə yaxından iştirak etmiş bütün sərhədçilər kimi mən də qürur hissi keçirirəm. Yeri gəlmişkən, bu mühüm vəzifənin uğurla icrasında o zaman Naxçıvan Muxtar Respublikasına rəhbərlik edən Heydər Əliyevin böyük nüfuzu və yenilməz siyasi iradəsi həmin bölgədəki silah-sursat və hərbi texnikanın 100 faiz Naxçıvan Sərhəd Dəstəsinin sərancamında saxlanmasına şərait yaratmışdı. Məhz Ulu öndərin qətiyyəti nəticəsində bölgəni tərk edən rus sərhədçiləri öz şəxsi əşyalarından başqa Naxçıvandan nəinki silah-sursat və hərbi texnika, heç bir ədəd güllə də apara bilməmişdilər. Ölkənin digər sərhəd dəstələrində iki dövlət arasında razılaşdırıldığı kimi, bütün texnika və hərbi sursat 50-nin 50-yə prinsipi ilə bölünmüşdü. Sonrakı mərhələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi bu fəaliyyətlər Sərhəd Qoşunlarının bütün istiqamətlərdə möhkəmlənməsinə və inkişafına, nələ ki regionda, hətta dünyada ən peşəkar qoşun kimi tanınmasına gətirib çıxardı. Əlbəttə, yada salınası, qeyd ediləsi faktlar çoxdur. Biz veteran sərhədçilər həmin illərdə ölkə sərhədlərinin qorunmasında iştirakımızla qürur duyur, gənc nəslin xidməti işə daha məsuliyyətlə, daha həvəslə yanaşması üçün təcrübəmizi əsirgəmir, əlimizdən gələn hər şeyi etməyə hazır olduğumuzu bildiririk. - Bir peşəkar kimi müasir mərhələdə Sərhəd Qoşunlarının fəaliyyəti barədə daha nələri xüsusi vurğulamaq istərdiniz? -Çəkinmədən demək olar ki, müasir Sərhəd Qoşunları həm hazırlıq səviyyəsi, həm peşəkarlığı, həm də şəxsi heyətin xidməti işə münasibəti baxımdan çox yüksək səviyyədədir. Ulu öndərin və Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin tövsiyə və tapşırıqlarına bacarıqla, layiqincə əməl edirlər. Şəxsi heyətin döyüş və xidmət səviyyəsinin durmadan yüksəlməsinə nail olan Sərhəd Qoşunlarının bu günü ilə qürur duymağa haqqı çatır. Çünki Azərbaycan sərhədçiləri bu gün sözün həqiqi mənasında ölkə sərhədlərinin etibarlı təhlükəsizliyini təmin etməyə tam qadirdir.  Hazırda ölkə sərhədlərini peşəkarlıqla qoruyan sərhədçilərimiz həm də Azərbaycanın qərbində, Ermənistanla sərhədlərin müdafiəsini uğurla yerinə yetirir. Bunu yaxın da, uzaq da, dost da, düşmən də görür və istəsə də, istəməsə də qəbul etmək məcburiyyətindədir. -Bu uğurların təməlində hansı faktorlar dayanır? - Azərbaycan sərhədçilərinin əldə etdiyi uğurların təməlində bir sıra inkarolunmaz amillər dayanır. Əvvəldə qeyd etdiyim kimi, Ali Baş Komandan hörmətli Prezidentimiz İlham Əliyevin qətiyyətli addımları. Sərhəddə xidmət səviyyəsinin yüksəlməsi və peşəkarlığın artmasını da buraya əlavə etsək, mənzərə tam aydın olar. Sərhədçilərimiz vətəninə, xalqına, dövlətinə həqiqi sədaqətlə xidmət edir, yüksək peşəkarlıq göstərir, tapşırılan işə tam məsuliyyətlə yanaşırlar. Onlarda yeniliyi mənimsəmək bacarığı və daim təkmilləşməyə, özünü inkişaf etdirməyə çalışmaq həvəsi vardır. -Yəqin ki, sərhədçilərimizə bayram təbrikiniz də var. -Hazırda qoşunların bütün şəxsi heyəti Sərhəd Qoşunlarının 100 illiyinə - böyük bayrama, təntənəli yubileyə hazırlaşır. Hər bir əsgərinin, hər bir zabitinin bu tarixi günə xidməti vəzifələrinin öhdəsindən layiqincə gələrək cavab verəcəyinə inanırıq. Çünki onlar bunu öz şərəfli və qürur doğuran peşələri ilə haqq edirlər. Azərbaycan sərhədləri etibarlı əllərdədir. Bütün sərhədçiləri qarşıdan gələn təntənəli yubiley münasibətilə təbrik edir, vətən üçün çox gərəkli xidmətlərində uğurlar diləyirəm.   Şəmsiyyə Əliqızı

Hamısını oxu
50 yaşım Minskdə və Xatında olanda tamam oldu - Qələbə-80

Bir yaşım amansız Böyük Vətən müharibəsi başlayandan bir ay əvvəl, beş yaşım da Müharibə dörd il “öz işini” görüb başa çatdırandan sonra olmuşdu. Hər iki ad günüm doğulduğum Şıxlar kəndimdə, nə mənim, nə də valideynlərimin xəbərləri olmadan öz-özünə keçib-getmişdi... Bu dünyaya haçan və harada gəlməyimi mən ancaq 15 yaşımda-- 1955-ci ilin iyul ayının 12-də, Bakıya oxumağa gedəndə aldığım “Doğum haqqında şəhadətnamə”dən bilmişəm. Mənə ilk dəfə ad gününü, 26 yaşımın tamamında, Bakı torpaq ekspedisiyasında işləyərkən iş yoldaşlarım keçirmişdilər və mənə indiyə kimi saxladığım hədiyyə də alıb bağışlamışdılar. 1990-cı il mayın 16-da 50 yaşım tamam olacaqdı. Mayın 12-dən 26-dək “Azərbaycan” turist qatarı ilə, Bakıdan çıxıb, Kiyev, Minsk, Xatın, Brest, Vilnüs, Kaunas, Kalininqrad, Svetloqorsk, Riqa, Yurmala, Tallin, Leninqrad və Rostovda səfərdə olacaqdım. Mayın 12-də Bakıdan yola düşəndə bilmirdim ki, 50 yaşım bu gedəcəyim yerlərin hansında tamam olacaqdı. Mayın 14 və 15-də Kiyevdə olduq. Şəhərin “Turist sxemi”nə baxanda fikirləşirsən ki, burada göstərilənləri gəzib-görməyə heç bir il müddət də bəs eləməz, nəinki günyarımdan da az... Belə ki, mayın 14-də, saat 16:05-də, gəldiyimiz Kiyevdən, mayın 15-də, saat 19:20-də Minskə yola düşdük. Bütün gecəni yol gedib, mayın 16-ı səhərini Belarus torpağında - qatarda açdıq. Sənədə görə bu gün mənim 50 yaşım tamam olurdu. Bu ilin əvvəllərində iş yerimdə sənədlərimdən bilmişdilər ki, mayın 16-da mənim 50 yaşım tamam olacaq. İstəyirdilər ki, bunu qeyd etsinlər. Lakin iş elə gətirdi ki, mən 50 yaşımın tamamında Bakıda yox, qardaş Belarus torpağında- Minskdə oldum. Bundan 22 il sonra da belə bir təsadüf olmuşdu. 72 yaşımın tamamında İraqın müqəddəs Kərbəla şəhərində idim. Allahdan qismətim nədirsə, onu da görürdüm. Deyirəm, sən dünyanın “bizdən xəbərsiz” gördüyü işlərinə bir bax... Mən 50 yaşımı Minskdə, Xatında, 72 yaşımı da Kərbəlada keçirdim, tanınmış satirik şair Mirzə Sakit isə, 48 yaşını 2006-cı ilin oktyabrın 19-da həbsxanada “qeyd etdi”... Görünür, Mirzə Sakitin də “alınyazısı” belə imiş... Səhər saat 8-də qatarımız Tatarka stansiyasında bir az dayandı. Buralarda evləri ağacdan tikilən bir kəndin içindən keçirdik. Üç nəfər yaşlı kənd qadını kəndin arası ilə gedirdilər. Əyinlərində sırıqlı, ayaqlarında rezin uzunboğaz olan bu qadınlar, elə bil səhər işə tələsirdilər. Onlar ferma işçilərinə daha çox oxşayırdılar. Geyimlərindən bilinirdi ki, onlar zəhmətkeş belarus qadınlarıdır (Bu zəhmətkeş Belarus analarını görəndə, bu dünyada cəmi 57 il yaşamış, ayaqlarına qaloş, əyninə sırıqlı geyinən öz Anam yadıma düşdü)... Osipoviçi, Qorka stansiyalarını və daha bir neçə stansiyaları keçib, saat 11-də Minskə çatdıq. Qatarımız şəhərdən bir az aralıda, bizim üçün ayrılmış Jdanoviçi stansiyasında dayandı. Mən ilk dəfə idi ki, Belarus torpağına ayaq basırdım, onun paytaxtı Minskə gəlmişdim. Saat ll:35-də nə vaxtdansa gəlib bizi gözləyən avtobuslara əyləşib, şəhərlə tanışlığa başladıq. Minsk SSRİ-nin iri sənaye, elm və mədəniyyət mərkəzlərindən biri, Belarusun paytaxtı, Minsk vilayətinin isə mərkəzidir. Burada iri sənaye müəssisələri: traktor, avtomobil, dəzgahqayırma, elektron hesablama maşınlar, soyuducu və başqa zavodlar, Belarus Elmlər Akademiyası və onun institutlarının çoxu, 13 ali məktəb (o cümlədən Belarus Dövlət Universiteti), 200-dən çox kitabxana, Böyük Vətən müharibəsi Tarixi Muzeyi, Belarus Dövlət Muzeyi və sair sənaye, elm, təhsil və mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Müharibə nəticəsində alman-faşistləri Minskin mənzil fondunun 74 faizini dağıtmışdılar. Onların hamısı müharibədən sonra yenidən bərpa edilmiş, yeni yaşayış rayonları salınmışdır. Bələdçimiz dediklərimin bəzilərini və demədiklərimi bizə göstərib, onların haqqında dolğun məlumatlar verirdi. Biz Minskin böyük və həm də müasir dəbdə tikilmiş yaraşıqlı bir şəhər olduğunu öz gözlərimizlə gördük. Onun geniş və yaraşıqlı küçələrindən keçdik. "Komsomol" gölünün, "Planeta", "Minsk" mehmanxanalarının, "Universitet" binasının, "Qələbə meydanı"nın (Orada mitinq keçirilirdi), traktor, saat zavodlarının yanlarından keçdik, olduqca yaraşıqlı binalar tikilmiş mikrorayonları gördük. Bütün ətraf gömgöy çəmənliklərlə örtülü idi. Şəhərlə tanışlığı başa çatdırıb, "PAZ-Turist" markalı avtobusa əyləşib, növbəti səfərimizin haraya olacağını gözləyirdik. Yola düşəndə elan elədilər ki, növbəti səfərimiz Xatınadır. Bələdçimiz elə bunu demişdi ki, "turistlərdən" (onlara turist deməyə adamın dili gəlmir) bir neçəsi oturduqları rahat yerlərindən qalxıb, saxla-saxla dedilər və heç kimə də məhəl qoymadan avtobusdan aşağı düşdülər. Onlar faşistlərin sakinlərilə birlikdə diri-diri yandırdıqları kəndin- Xatının haqqında məlumatları olanlar idi. Onların nəyə görə avtobusdan düşdüklərini bilənlər, sanki yuxudan ayılmış kimi yerlərindən qalxıb onlara qoşuldular. Bir nabələd adam olsaydı fikirləşərdi ki, yəqin bunları güllələməyə aparırlarmış, onlar da canlarını götürüb qaçdılar... Oturduğum yerdən qalxıb, ürəyimdə tutduğum, onlara yaraşan: hara qaçırsınız ey insan cildinə girmiş tülkülər ! - deməkdənsə, hamının eşidəcəyi bir səslə, bir qədər də ərkyana dedim: Bizi rüsvay eləməyin, qayıdın yerinizə! Elə bil, onların qulaqlarına tıxadıqları pambıq mənim dediklərimi eşitməyə qoymadı. Mənim hündürdən Azərbaycan dilində, nə demək istədiyimi təkcə sükan arxasında əyləşən belaruslu sürücü ilə bələdçi başa düşmədilər. Avtobus boşaldı, içəridə bir sürücü ilə bələdçi xanım, əsl turistlərdən də biz üç nəfər - Həsən müəllim, Valeriy İvanoviç və bir də mən qaldıq. Elə bilin avtobusdakı 40 turistdən 37-i düşüb getdi. Sürücü ilə bələdçi bəlkə də indiyədək görmədikləri bir "möcüzə" ilə qarşılaşmışdılar. Az sonra bildim ki, onlar və onlardan əvvəlkilər indiyədək Xatına 26 milyondan çox ziyarətçi aparıblarmış. Beşimiz də fikrə getmişdik. Mənim ürəyimə gələn bir o oldu ki, Xatını və Xatındakıları diri-diri sobaya atıb yandıran faşistlərlə, onların ziyarətinə getməkdən boyun qaçırıb, avtobusdan saymazyana düşüb gedənlərin nə fərqi oldu?.. Ürəyimə ağlım kəsəndən eşitdiyim: "Onlar nə ölüyə hay verəndilər, nə də diriyə pay", məsəli də gəlirdi. Və ən çox ürəyimə gələn o idi ki, əcəb biabır olduq... Bəli, doğrudan da biabır olmuşduq. Çöldən bizi gətirən qatarın hər yerinə "Azərbaycan" sözü yazılmışdı. Bu gələnlərin hamısı Azərbaycandan gələn turistlər sayılırdı. Bir az əvvəldə dediyim kimi, hələ biz Jdanoviçi stansiyasına çatmazdan əvvəl, onlar haçandansa dayanıb bizim gəlməyimizi gözləyiblər. Bakıdan onlara xəbər göndərilmişdi ki, "filan" tarixdə, "filan” vaxtda sizə bu qədər turist gələcək. İndi gəlmişdilər, ancaq gələnlərin böyük əksəriyyəti turist yox, peşəkar alverçilər idilər. Durub alverçiyə turist putyovkası verəndə və adını da "turist" qoyanda nəticəsi də belə olar... Onlar evdən çıxanda ancaq alver məqsədilə çıxıblar. 200 manata 15 gün qatarda yeyirlər, yatırlar, gündüzlər də univermaqlara, mağazalara "səyahət" eləyirlər. Çox güman ki, onlar indi avtobusdan düşən kimi, qarşılarına çıxanlardan "mərkəzi univermaq"ın yerini soruşublar. Əgər onlara deyən olsaydı ki, Xatında yaxşı bir univermaq var, oradakı  malların hamısı xaricdən gətirilmədi, onların biri də avtobusdan düşməyəcəkdi... Bir qədər əvvəldə belələrinin haqqında demişdim: "Mənə qalsa belələrinə heç "analiz" eləmədən ucdantutma bədbəxt "diaqnozunu" qoyardım və sonra da deyərdim: heyif sizə verilən o putyovkalardan!..." Deyək ki, biz heç, onların bugünkü planları pozuldu. Üç nəfər turistdən ötəri bu böyüklükdə avtobusu elə uzaq bir yola- Xatına sürməyəcəkdilər ki... Orada da biz üç nəfərə bələdçilik etməyəcəkdi ki... Ona görə də onlar vəziyyətdən çıxış yolunu bizi düşürüb başqa avtobusla yola salmaqda gördülər. Avtobusdan düşüb tanımadığımız turistlərin avtobusuna əyləşib, şəhərdən çıxdıq, sonra da şimal-şərq istiqamətdə yerləşən, Dünya faciəsinin nümunəsi sayılan Xatına yola düşdük. Bu yol birbaşa Vitebsk şəhərinə gedib çıxırdı. Bu o Vitebskidir ki, 1941-ci ilin iyun ayının 22-də, Böyük Vətən müharibəsi başlayan gün, Sovet dövlətinin başçısı, SSRİ Silahlı Qüvvələrinin Ali Baş Komandanı İosif Stalinin oğlu Yakov Cuqaşvili heç Moskvaya gedib atası ilə görüşmədən, ancaq telefonla Müharibəyə getdiyini bildirəndən sonra özünü Müharibənin ən qaynar nöqtələrindən birinə - Belarus torpağına çatdırdı. Müharibənin 25-ci günü - iyul ayının 16-da Vitebsk şəhərinin təxminən 40 kilometrliyində almanlara əsir düşür və bundan sonra da onun həyatının sonluğu faciə ilə bitir. "Şüşə" kimi yolla 59 kilometr gedəndən sonra sağa- Xatına burulacaqdıq. Bələdçinin verdiyi kədərli məlumatlara qulaq asa-asa, xəyalən 49 il əvvələ (Mənim bir yaşım olana) - Müharibənin başlandığı ilk günlərə qayıdıb yola "nərdivan" qoyuram: Müharibənin ilk günlərindən Belarusun ərazisi döyüş meydanına çevrildi. 1,5 milyonadək adam, 109 iri sənaye müəssisəsi SSRİ-nin şərq rayonlarına köçürüldü. Belarus 1941-ci ilin iyunundan - 1944-cü ilin iyulunadək faşistlərin işğalı altında qaldı. Bu illərdə Belarus ərazisində 2230 min sovet vətəndaşı və hərbi əsir öldürüldü, 380 minədək adam Almaniyaya katorqa işlərinə göndərildi. 1944-cü ilin iyulunda sovet qoşunları Belarusu alman-faşist işğalçılarından tamamilə azad etdilər. Müharibədə 1 milyondan çox belarus Qızıl Ordu sıralarında vuruşmuşdu. Faşist işğalı belaruslara çox böyük fəlakət gətirdi: 209 şəhər və şəhərtipli qəsəbə, 9200 kənd, 10 min sənaye müəssisəsi viran qoyuldu, 10,2 min kolxoz, 92 sovxoz əmlakı talandı. İndi ziyarətinə getdiyimiz Xatın faşistlərin sakinlərilə birlikdə yandırdıqları yeganə kənd deyildir. Faşistlər Belarusda 186 kəndi sakinlərilə birlikdə belə yandırıblar. 2230000 (2 milyon 230 min) insanı- respublikanın hər dörd sakinindən birini öldürüblər, vəhşicəsinə yandırıblar... Getdiyimiz yolun hər iki tərəfi olduqca mənzərəli, gedəcəyimiz məkan isə bir o qədər kədərli idi. Bələdçimiz məlumat verir ki, Belarus ərazisinin 35 faizi meşələrlə örtülüdür (bizdə- Azərbaycanda bu rəqəm 11-dir). Yanlarından keçib getdiyimiz yaşayış məntəqələrindən birinin adı Lesnoy adlanırdı. Keçib getdikcə talalar və zolaqlar şəklində qalmış meşələri, onların içərilərinə doğru "soxulmuş" əkin sahələrini, yaşayış  məntəqələrini bir-bir arxada qoyurduq. 47 il bundan əvvəl burada təbiət də, insanlar da od tutub yanırmış. Bəlkə də, arasından keçib-getdiyimiz bu təbiətin yaşı da 47-dir.  Faşistlər "cəhənnəm olub" çıxıb gedəndə buralarda nə varsa- quş yuvasından tutmuş, insan "yuvasınadək" hamısını yandırıb gediblər. İndi isə elə sakitlikdir ki, avtobusumuzun səsi olmasaydı, quşların da civiltisini eşidərdik. Bu da 59-cu kilometr. Beton dirəyin üzərində, beton "hərflərlə" yazılmış Xatın sözünü oxuyub, onun yanından sağa buruluruq. Buralar da hər tərəf meşəlikdir. Özü də necə deyərlər, insan əli dəyməmiş  meşəlikdir. Axı, kimin ürəyi gələr ki, buralara çiynində tüfəng, əlində balta, mişarla gəlsin. Bura gələnlər Xatını da, onun ətrafındakı "qəlbisınıq" təbiətini də  ziyarətə gələnlərdir. Bələdçimiz Xatın faciəsindən danışmağa başlayır. Xatına çatıb avtobusdan yerə düşürük. Əbədi yuxuya getmiş, bircə nəfər də sakini olmayan Xatına. Ömrümdə ilk dəfə idi ki, heç bircə sakini olmayan kənd görürdüm. Kəndin yeri, həyətləri, su quyuları qalırdı, sakinləri yox idi. Bəlkə harasa köçmüşdülər, yerlərini dəyişmişdilər. Hara gedib bu kəndin 149 sakini, hanı onların 26 evi. Yox, onlar heç hara köçməyiblər. 1943-cü ilin martın 22-də faşistlər bu 26 evi də, bu evlərin 149 sakinini də (149-un 75-i uşaq olub) vəhşicəsinə yandırıblar. Bu da onların yandırıldıqları böyük "soba"... Bayaq dedim ki, ömrümdə ilk dəfə idi ki, heç bircə sakini də olmayan kənd görürdüm. İndi də deyirəm ki, ömrümdə ilk dəfə idi ki, quduzlaşmış  "insanların", insanları- insanlığı (bəli, onlar insanlardan çox, insanlığı yandırırdılar) diri-diri yandırdıqları "sobanı" görürdüm... İndi danışanda ağızdolusu, bir az da fəxrlə deyirik ki, Dünyada əhalinin sayı 7 milyardı ötüb keçib. İndicə dediyim o insanları - insanlığı sobaya atıb yandıran quduzlar da bu 7  milyardın siyahısında gedirlər. Əslində onlar insan deyillər, yaranmışların ən pisi,  murdarlarıdırlar... Viran qalmış həyətlərdəki beton sütunlarda yandırılanların "siyahısı" həkk olunmuşdu. Elə ev olub ki, onun bir, eləsinin 4-5, bəzən də ondan da çox sakini olub. Uşaqların yaşları da göstərilib. Onlardan biri: Aleksandr Romanoviç Navitski və Aleksandra Navitskayanın özlərinin və yeddi övladının: 15 yaşlı Lenyanın, 13 yaşlı Jenyanın, 11 yaşlı Manyanın, 9 yaşlı Anyanın, 5 yaşlı Kostyanın, 4 yaşlı Antosun və 2 yaşlı Mişanın diri-diri sobaya atılaraq yandırılmasıdır. Bu faciə qurbanlarının ən kiçikləri olan Antos məndən bir yaş böyük, Mişa isə bir yaş kiçik olub. İndi dursaydılar, Antosun 51, Mişanın isə 49 yaşı olacaqdı... 1969-cu ilin iyulun 5-də, alman-faşistlərinin tamamilə məhv etdikləri belarus kəndləri əhalisinin xatirəsinə yaradılmış "Xatının harayı", "Kəndlər qəbiristanı", "Xatının tüstüləri", "Xatirə meydanı", "Yenilməz insan" və sair memarlıq - heykəltəraşlıq nümunələrindən ibarət Xatın memarlıq-heykəltəraşlıq xatirə kompleksinin açılışı oldu. O vaxtdan bəri - 21 il ərzində buranı 26 milyondan çox insan ziyarət edib. Deməli biz də 27 milyonuncu  ziyarətçilərin arasında olmuşuq. Xatından yadigar olaraq, Minskin "Belarus" nəşriyyatı tərəfindən: belarus, rus,  ingilis, fransız, alman və ispan dillərində çap olunmuş "Xatın" kitabçasını (1989-cu il, 64 səhifə, qiyməti 75 qəpik) aldım. Onun əvvəlində yazmışam: "Bu kitabçanı 16 may 1990-cı il tarixdə - 50 yaşım tamam olan günü Xatında olarkən almışam." Xatın faciəsindən bəhs edən bu topluya o vaxtı onun həcminin qısa- 64 səhifə olmasını nəzərə alıb, bir az da tələsib, ona "kitabça" adını qoymuşdum. İndi onun Dünyanın altı dilində verilmiş qısa, lakin dolğun məzmununa və fotoşəkillərinə baxanda görürəm ki, bu əməlli-başlı bir kitab imiş, özü də tək kitab yox, kitab-albom imiş. Bu sətirləri yazanda Xatın ziyarətgahında olmağımın 27 ilinin tamamına dörd ay qalırdı. Bu müddətdə bu kitab-albomu əziz bir xatirə kimi şəxsi arxivimdə saxlamışam. Məndən sonra da onun "ev-muzeyimdə" nə müddətə qalacağını bilən bircə Allahdır! Bu kitab-albom mənim 50 yaşımın- yubileyimin harada və necə keçirildiyini göstərən yadigar və həm də bir sənəddir. İndi də "Xatın" kitab-albomunun məzmunu haqqında bəzi məlumatları vermək istəyirəm: Dediyim kimi, Dünyanın altı dillərində verilmiş Xatın faciəsi haqqında məlumatların hər biri iki səhifədə verilməklə, sonu belə bitir: "B Хатыни должен побывать каждый. Хатынь должен увидеть каждый. Хатынь должен помнить каждый!" Bu bizim Azərbaycan dilinə tərcümədə belədir: “Xatında hər kəs olmalıdır. Xatını hər kəs görməlidir. Xatını hər kəs yadında saxlamalıdır!” Mən də Xatında oldum, onu gördüm, onu nəinki yadımda saxladım, hətta onun faciəsini yazıb, öz kitablarımda verdim. "Kitab-albom"dakı fotoşəkillərə baxıram: iki səhifə birlikdə ağcaqayın meşəsi, "xatirə kompleksi"nin bir tərəfində açmış çobanyastığı ("romaşka") talası, sünbülləri "adamboyu" qalxmağına az qalan, biçinçisini gözləyən taxıl zəmisi, beton sütunun "zirvəsində" qoyulmuş, neçə dəqiqədənsə bir ətürpərdici səs çıxaran "Xatın zəngi", 47 ildir ki, içərisinə vedrə sallanmayan su quyusu, sağ əlində fotoaparat, sol əlində şlyapasını tutmuş, fikrə getmiş, görkəmindən yapona oxşayan gənc xanım, valideynlərilə birlikdə dayanıb qəmə-qüssəyə batmış 7-8 yaşlarında uşaq və sair şəkillər adama nələr demir... Şəkillərdən birinin haqqında məlumat verməyi özüm bilə-bilə axıra saxlamışam. Bu hər iki əlindəki əsa ilə güclə yeriyən, sinəsi hər iki tərəfdən orden və medallarla dolu olan (bəlkə onun bədəni də düşmən gülləsilə, qəlpələrlə deşik-deşik idi), ilk baxışda adama "elanası", ağbirçək təsiri bağışlayan, yaşı bəlkə də 70-i keçən (Çünki o, müharibə  iştirakçısıdır), olduqca kədərli baxışı ilə, əllərindəki əsalarının köməyilə güclə  ayaqüstündə dayanan, xristiana oxşatdığım (Bəlkə də belarusdur) dolubədənli bir  xanımdır. Adam  baxanda deyir ki, bu "elanasını", ağbirçəyi özünün arzusu və istəyilə yataqdan qaldırıb, orden və medalları taxılmış paltarını da geyindirib, Xatının ziyarətinə gətiriblər. Bu şəkilə baxanda yadıma bir-iki saat əvvəl baş vermiş biabırçılığı-  "yerlilərimin" Xatına ziyarətə gəlməkdən imtina edib, avtobusdan düşüb getməklərini salıram. Gələndə yola nə qədər vaxtımızın getdiyini və nə vaxt buraya çatdığımızı deyə bilmərəm. Təxminən 50 dəqiqəyə qədər Xatında olduq. Saat 14:50-də də buradan Minskə qayıtdıq. Qayıdanbaş gələndəki kimi sağıma-soluma, irəliyə baxmırdım. Məni fikir aparmışdı. Bir onu fikirləşirdim ki, faşistlər günahsız insanları qətlə yetirəndə hansı "üsullara" əl atmayıblar: Leninqradı mühasirədə saxlamaqla, onun 641 mindən çox əhalisini aclıqdan öldürmüşlər... Bir qədər əvvəldə dediyim kimi, Kiyevin şimalındakı Babi Yar dərəsində sayları 100 mini keçən günahsız insanı əvvəl güllələyib basdırıblar, sonra da çıxarıb yandırıblar... İndi isə faşistlərin günahsız insanları diri-diri sobaya atıb yandırdıqlarını sanki öz gözlərimizlə gördük... Bir də onu fikirləşirdim ki, heç bir ölçüyə gəlməyən bu böyüklükdə faciəni - uşaqlı-böyüklü, qadınlı-kişili 149 günahsız insanın diri-diri sobaya atılıb yandırılmasını, bütöv bir kəndin xəritələrdən silinməsini birdəqiqəlik sükutla necə yad etmək olar ? Ancaq fikirləşəndə ki, bizdən əvvəl bura ziyarətə gələn 26 milyon insanın hər biri bizim kimi bu faciəni birdəqiqəlik sükutla yad ediblər, onda “ürəyim az da olsa yerinə gəldi”... İndi biz sobaya atılıb yandırılmış hər günahsızı birdəqiqəlik sükutla yad etsəydik, bu 149 dəqiqə və ya iki saat yarımdan bir dəqiqə az eləyərdi... Haçansa haradansa oxumuşam: Kimsə, ya kimlərsə belə bir hesablama aparıb, ya aparıblar: Əgər, Böyük Vətən müharibəsində canlarından keçən 20 milyon insanın hərəsinin xatirəsi ayrı-ayrılıqda birdəqiqəlik sükutla yad edilsəydi, onda bu qəmli sükutun müddəti 38 (otuz səkkiz) ildən çox çəkərdi... Gördüyüm bu dəhşət doğuran Xatın faciəsinə oxşar faciələr, insanlığa qənim kəsilmək, bir-birinin ardınca, bizdə - Azərbaycanda da baş verdi. Onlardan birincisi - Xatın faciəsindən 47 il keçəndən sonra - 1990-cı il yanvarın 19-dan 20-nә keçən gecədə baş vermiş, ömrümüzdə nə yuxuda, nə də aşkarda görmədiyimiz “20 Yanvar faciəsi”ndə isə, 50 yaşıma dörd ay qalırdı. Birincini bir qədər yaşa dolandan sonra eşidib, oxumuşdumsa və 50 yaşımda da gedib görmüşdümsə, ikincini isə necə deyərlər, öz gözlərimlə görüb, materiallar toplayıb, qeydlər edib, faciəni bir 20 il də “içimdə” “yaşadandan” sonra, gözyaşları içində “Dünyamızın 20 Yanvar faciəsi” adlı bir kitab da yazıb, çap etdirib, tarixdə qoymuşdum. Xatın faciəsini qatı düşmənimiz olan “alman faşistləri”, “20 Yanvar faciəsi”ni isə, inandığımız, güvəndiyimiz, xilaskarımız bildiyimiz adını rus dilindən dilimizə tərcümə edərkən “Qırmızı ordu” əvəzinə “Qızıl ordu” kimi tərcümə etdiyimiz, “Şanlı Sovet ordumuz”, “Qızıl ordumuz” törətdilər...  Əgər, Xatın faciəsinin səbəbkarı faşist Almaniyasının başçısı Adolf Hitler olmuşdusa, “20 Yanvar faciəsi”nin birbaşa səbəbkarı isə SSRİ-nin o zamankı başçısı Mixail Qorbaçov olmuşdur... “20 Yanvar faciəsi”nin nəticəsi ağırdan da ağır oldu. Həmin dövrün mətbuatı yazırdı: Bakıya qoşun daxil edilərkən 744 nəfər yaralanmış, 131 nəfər həlak olmuşdur. Şəhidlərin sosial mənşəyi belədir: fəhlə, şagird, tələbə, qaçqın, alim, təqaüdçü, həkim. Həlak olanların milli tərkibi də belədir: azərbaycanlı (117 nəfər), rus (6 nəfər), yəhudi (3 nəfər), tatar (3 nəfər), 2 nəfərin şəxsiyyətini təyin etmək mümkün olmamışdır. 6 nəfər ağır hərbi maşınların tırtılları altına salınmış, 4 nəfər süngüylə öldürülmüş, 7 nəfər mənzilində güllələnmiş, 2 nəfərin nəfəsini döyə-döyə kəsmişlər, 1 nəfər də dəyənəklə öldürülmüşdür. 34 nəfər maşında, 20 nəfər xəstəxanada ölmüşdür. Öldürülənlərin 62 nəfəri ailə başçısı, 123-ü kişi, 7-si qadın, 5-i uşaq olub. 159 uşaq yetim qalıb (155-i atadan, 4-ü anadan). Danışırdılar və mətbuatda da yazırdılar ki, Bakıya hücum etmiş və xüsusi təlim keçmiş hərbçilərin təslim olmaq tələbini rədd etmiş “Salyan kazarması”nda hərbi xidmətdə olan rus, gürcü, ukraynalı, ləzgi, yəhudi, çeçen, azərbaycanlı və başqa xalqların əsgər və zabitləri son nəfəslərinədək çiyin-çiyinə vuruşaraq, hamısı həlak oldular... Meyitlərin bir hissəsi yandırıldı, bir hissəsi ərazidəki köhnə quyulara atılaraq, izi itirmək məqsədilə üstləri örtüldü, əksəriyyəti sellofan kisələrə salınaraq Bakı limanına, oradan da hərbi gəmilə naməlum istiqamətə aparılaraq, dənizə və içərisindəki hansısa bir adaya töküldü... Belə bir ölçüyəgəlməz, dəhşətli faciəyə münasibətdə düşüncəsizlər heç nə düşünmürdülər... Düşüncəlilər də düşünürdülər ki, faciənin birbaşa səbəbkarları ya Adolf Hitler kimi intihar edəcəklər, ya da Səddam Hüseyn kimi dar ağacından asılacaqlar... Ancaq bunların heç biri baş vermədi... Faciənin əsl, səbəbkarı, bizi qırdırıb şil-küt, qanımıza-qəltan etdirən M.S.Qorbaçova “dünya” Nobel mükafatını, o da onun əmrini “layiqincə” yerinə yetirən D.T.Yazova Marşal rütbəsini verdi... Əslində bunlar üçü də: Adolf Hitler də, Qorbaçov da və Yazov da XX əsrin yəzidləri idilər... “20 Yanvar faciəsi”ndən iki il sonra, 1992-ci ilin fevralının 25-dən 26-na keçən gecədə ermənilər rus qoşunlarının köməyilə Xocalı əhalisini vəhşicəsinə qırıb, yaralayıb və əsir götürdülər... Südəmər körpədən tutmuş ağsaqqala kimi, qız-gəlindən tutmuş ağbirçək anaya kimi... “Hürriyyət” qəzetinin 22 fevral 1995-ci il tarixində yazılıb: “Xocalı soyqırımı barədə dəqiqləşdirilmiş son məlumat belədir: 613 nəfər həlak olmuş, 1275 nəfər əsir düşmüşdür. Bu da faktdır ki, bu dəhşətli əməliyyatda 366-cı rus alayı iştirak edib. Zabit və praporşiklərdən 49 nəfər erməni olan alaydan əslində başqa hərəkət gözləmək də   olmazdı... ...Təsadüfi deyil ki, MDB silahlı qüvvələrinin baş komandanı marşal Şapoşnikov demişdi: “366-cı alay” Qarabağda nə qədər lazımdırsa, o qədər də qalacaq”... Qayıdıb Minskə gəldik. Şəhəri bir az da gəzəndən sonra "mərkəzi univermaq"a gəldim. İlk dəfə idi görürdüm ki, bir az xoşagələn, babat malları ancaq yerlilərə - Minskdə qeydiyyatı olanlara satırdılar. Satıcı alıcının pasportuna, ya da hər hansı bir sənədinə baxandan sonra ona mal satırdı. Bakıdan- evdən çıxanda mən də özümlə 800 manat pul götürmüşdüm. Heç  bilmirəm onda o qədər pul məndə haradan imiş. Əynimin bir ''düz-əməlli" paltosu da yox idi. Deyirdim getdiyim yerlərin hansında görsəm özümə bir palto, bir papaq alaram. Bu puldan əlavə mənə kimsə 185 manat verib, nələrisə almağı tapşırmışdı. Öz pulumun "başını" Kiyevdə "açmışdım". Orada 8 manat 75 qəpik xərcləmişdim. Onun 75 qəpiyini "Turist sxemi"nə, 3 manatını çəkdirdiyimiz şəkilə və 5 manatını da quru çaya  vermişdim. Minskdə də 7 manat. 15 qəpik xərclədim. Onun 75 qəpiyinə "Xatın" kitab-albomunu, 1 manat 20 qəpiyinə lotereya, 2 manat 90 qəpiyinə corab və 2 manat 30 qəpiyinə də bir albom aldım. İndikilər deməsələr də, gələcəkdə deyən tapılar ki, neynirdin bu çay, corab almağını da kitabda verirdin. Məsələ ondadır ki, mənim əvvəl Kiyevdən, sonra da Minskdən aldıqlarım və səfər müddətində alacaqlarımın hamısı Bakıda da var idi. Fərq onda idi ki, buralarda bu mallar açıq satışda, Bakıda isə "anbarlarda" saxlanılıb, alverçilərin "yolunu" gözləyirdi. Belə olmasaydı, indi mən də çayı Kiyevdən, corabı da Minskdən almazdım... 1966-cı ilin may ayının 16-da, 26 yaşımın tamamında Bakı torpaq ekspedisiyasında işlədiyim şöbənin işçiləri mənə bir fotoalbom alıb hədiyyə vermişdilər və fotoalbomda öz ürək sözlərini də yazıb bildirmişdilər. İndi də 24 ildən sonrə- 50 yaşımın tamamında, Minskdən özüm-özümə bir fotoalbom alıb, adını da "50 yaşdan sonra" qoyub, fotoalbomun əvvəlində belə yazdım: "Bu albomu 16 may 1990-cı il tarixdə - 50 yaşım tamam olan günü Minsk  şəhərində səyahətdə olarkən almışam. Bundan sonra olan şəkillərimi bu  albomda saxlayacağımı nəzərə alıb, albomun adını "50 yaşdan sonra..." adlandırıram." Stansiyada dayanıb bizi gözləyən qatarımıza qayıtdım. Mayın 16-dan- 17-nə keçən gecədə, saat ikinin yarısında Minskdən - Brestə yola düşdük. Ömrümün 51-ci baharından saat yarım da Minskdə yaşadım. Bu qərib diyarda ürəyimə bir bayatımız gəldi: Bu yol Qazağa gedər, Dönər uzağa gedər. Yaşı əllini keçən, Üzü sazağa gedər... Bakı-Kiyev-Minsk-Xatın- 12-16 may 1990-cı il Hacı Niftalı Şıxlar, coğrafiya elmləri namizədi, baş elmi işçi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Əmək veteranı, Prezident təqaüdçüsü  

Hamısını oxu