Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İsmayıl Əli oğlu İbrahimov

Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Respublikanın tanınmış alimi və ictimai xadimi, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət Mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar Elm Xadimi, texnika elmləri doktoru, professor İsmayıl Əli oğlu İbrahimov 2016-cı il iyulun 16-da ömrünün 101-ci ilində vəfat etmişdir.  İsmayıl İbrahimov 1915-ci il dekabr ayının 31-də Azərbaycanın Ordubad şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1930–1935-ci illərdə Bakı şəhərində Sənaye Politexnik Texnikumunun mexanika fakültəsində oxumuş, 1935–1941-ci illərdə isə Azərbaycan Sənaye İnstitutunun energetika fakültəsində ali təhsil almışdır. 1941-ci ildə Azərbaycan Baş Energetika İdarəsində əmək fəaliyyətinə böyük mühəndis olaraq başlayan İsmayıl İbrahimov elə həmin il ordu sıralarına çağırılaraq 1942-ci ilədək Budyonnı adına Hərbi-Elektrotexniki Rabitə Akademiyasında təhsil almışdır. O, döyüşən ordu sıralarına göndərilmiş və cəbhədə bacarıqlı hərbi mütəxəssis kimi fərqlənərək batalyon komandirliyinə qədər yüksəlmişdir. İsmayıl İbrahimov İkinci Dünya müharibəsindən qayıtdıqdan sonra 1946–1988-ci illərdə Azərbaycan Sənaye İnstitutunda baş laborant, assistent, baş müəllim, dosent, professor və kafedra müdiri işləmişdir. O, 1960–1970-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun rektoru vəzifəsini tutmuşdur. 1970-ci ildə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkilən İsmayıl İbrahimov 1978-ci ildə yenidən Azərbaycan Neft və Kimya İnstitutunun rektoru təyin olunmuş və 1988-ci ilədək həmin vəzifədə çalışmışdır. O, 1997-ci ildən ömrünün sonunadək Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunda baş elmi işçi vəzifəsində çalışmışdır. İsmayıl İbrahimov 1952-ci ildə texniki elmlər üzrə namizədlik, 1964-cü ildə isə doktorluq dissertasiyasını müdafiə etmiş, 1968-ci ildə isə professor adını almışdır. O, elə həmin ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilmişdir. Akademik İsmayıl İbrahimov uzun illər ərzində səmərəli elmi fəaliyyəti sayəsində Azərbaycanda kibernetika, idarəetmə sistemləri, avtomatlaşdırma və informasiya texnologiyalarının inkişafında mühüm xidmətlər göstərmişdir. Alim özünün çoxillik elmi yaradıcılığı ilə ölkədə neftayırma, neft-kimya emal qurğu və proseslərinin kompleks avtomatlaşdırılması üzrə sxemlərin işlənib hazırlanaraq sənayedə tətbiqi işinə töhfələr vermişdir. Bu tədqiqatlar istehsalatın səmərəliliyinin yüksəldilməsi üçün lazımi zəmin yaratmışdır. İsmayıl İbrahimov 140-dan artıq elmi əsərin, o cümlədən 20-dək monoqrafiyanın, elmi-metodiki vəsait və dərsliklərin müəllifi idi. Alimin rəhbərliyi altında 40-dan çox fəlsəfə və elmlər doktorları hazırlanmışdır. O, bir sıra mötəbər beynəlxalq simpozium, konfrans və forumlardakı çıxışları ilə ölkə elmini layiqincə təmsil etmişdir. İsmayıl İbrahimov elmi yaradıcılığını pedaqoji fəaliyyəti ilə ahəngdar şəkildə əlaqələndirmişdir. Alim respublikada və onun hüdudlarından kənarda tanınan mötəbər bir ali təhsil ocağına rəhbərlik etdiyi illər ərzində neftçi kadrların yetişdirilməsi və Azərbaycanın “neft akademiyası” kimi şöhrətinin artırılmasında böyük xidmətlər göstərmişdir. İsmayıl İbrahimovun ictimai fəaliyyəti də zəngin və təqdirə layiqdir. O, bir neçə çağırış Azərbaycan və SSRİ Ali Sovetinin deputatı seçilmiş, uzun müddət Azərbaycan Uşaq Fondunun İdarə Heyətinin sədri olmuşdur. Alimin fədakar əməyi yüksək qiymətləndirilmişdir. O, müxtəlif orden və medallar almış, müstəqil Azərbaycan Respublikasının ali təltiflərindən olan “Şərəf” ordeninə layiq görülmüşdür. Tanınmış ictimai xadim, alim və pedaqoq İsmayıl Əli oğlu İbrahimovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır. Allah rəhmət eləsin!   İlham Əliyev Artur Rasizadə Oqtay Əsədov Ramiz Mehdiyev Elçin Əfəndiyev Hacıbala Abutalıbov Fatma Abdullazadə Akif Əlizadə Mikayıl Cabbarov Arif Mehdiyev Arif Paşayev İsa Həbibbəyli Tofiq Nağıyev İbrahim Quliyev Rasim Əliquliyev Telman Əliyev Maqsud Əliyev Çingiz Qacar Mustafa Babanlı

2016-07-18 00:00:00
2655 baxış

Digər xəbərlər

Mehriban Əliyevanın göstərişi ilə şəhid ailəsi üçün ev tikildi

1994-cü ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı Ağdərədə şəhid olan Valeri Rassoxanın oğlu İlqar Rassoxa iki qız övladı ilə birlikdə əvvəl Zabrat qəsəbəsində qəbiristanlıq ərazisində məskunlaşmışdır. Heç bir şəraiti olmayan, bir sözlə yaşayış üçün yararsız evdə qalan şəhidin oğlu İlqar Rassoxa, onun üç və 10 yaşında qız övladları uzun müddət idi ki, çətin vəziyyətdə yaşamaq məcburiyyəti ilə üzləşmişdilər.   Trend-in məlumatına görə, şəhid ailəsinin acınacaqlı vəziyyətdə yaşadığından xəbər tutan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Rassoxa ailəsinin qəzalı vəziyyətdə olan evinin əvəzinə, bütün məişət təminatı ilə birlikdə yeni fərdi yaşayış sahəsinin tikilib təhvil verilməsinə dair göstəriş verib. Ən qısa zamanda Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən yeni ev inşa edilib. Hazırda Zabrat qəsəbəsi, Eldar Xəlilov küçəsi, 3-cü döngə ünvanında yeni ev tikilərək şəhid ailəsinə təhvil verilib. Təqdim olunan ev mətbəx mebeli, həmçinin ailənin yaşaması üçün tam mebel dəstləri ilə təchiz olunub, uşaqlara geyim və oyuncaqlar alınıb. Verdiyi müsahibəsində İlqar Rassoxa göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Hamısını oxu
Qəbiristanlıqların minalanması erməni faşizminin anti-insani mahiyyətindən xəbər verir

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov WUF13 çərçivəsində təşkil olunan "Münaqişədən sonrakı şəhər bərpası: Humanitar minatəmizləmə fəaliyyətinin kritik rolu" adlı tədbirdə çıxış edib. Çıxışında Ermənistanın mina terroruna diqqət çəkən ANAMA yetkilisi ermənilərin ən çox mina basdırdığı ərazilərdən birinin də qəbiristanlıq olduğunu qeyd edib: “Azərbaycan öz ərazilərində tam suverenliyini təmin etdikdən sonra aparılan minatəmizləmə prosesində çox sayda xüsusi hazırlanmış tələ-gizli partlayıcı qurğularla rastlaşdıq. Ermənistan tərəfindən minaların ən çox basdırıldığı və minalandığı ərazilərdən biri də məhz qəbiristanlıqlar idi”. Samir Poladovun sözlərindən məlum olub ki, ermənilər həm də meşə sahələrində, su quyularında mina-tələlər basdırıb, partlayıcı mexanimzlər quraşdırıblar: “Mina və partlayıcı qurğular təkcə torpağın altında deyil, həmçinin meşəlik sahələrdə, ağacların üzərində və budaqlarında da yerləşdirilib. Daha bir fəlakətli məqam isə kəhriz quyuları ilə bağlıdır. Vaxtilə yerli əhalinin yeganə içməli su mənbəyi olan bu kəhriz quyularının içərisində, xüsusi şüşə butulkaların daxilində partlayıcı mexanizmlər quraşdırılıb. Üstəlik, demək olar ki, hər bir kəhriz sisteminin yaxınlığında qanunsuz hərbi bunkerlər yerləşdirilmişdi ki, bu da bərpa və təmizləmə işlərini ciddi şəkildə çətinləşdirir”. Samir Poladovun WUF13 çərçivəsində təşkil olunan tədbirdə səsləndirdiyi bu fikirlər erməni faşizminin terrorçu xislətini ifşa etməklə yanaşı, həm də son dərəcə anti-insani mahiyyət kəsb etdiyini isbat edir. Minaların cəbhə xəttində  - hərbi əməliyyat meydanında deyil, qəbiristanlıqlarda – insanların öz doğmalarının məzarlarını ziyarət etdiyi müqəddəs bir məkanda basdırılması sübut edir ki, erməni vəhşiliyi heç bir sərhəd tanımır. Erməni faşizmi öz bədxah niyyətinə çatmaq üçün bütün insani-mənəvi prinsiplərə asanlıqla arxa çevirir, ən ikrahedici vasitələri belə bu yolda məqbul sayır. ANAMA nümayəndəsinin açıqlaması bu həqiqətin ən bariz nümunəsidir. Ermənilərin qəbiristanlıqları minalaması onların, onun həm də anti-dini mahiyyətinə dəlalət edir. Hər kəsə məlumdur ki, səmavi dinlərin hamısında qəbiristanlıqlar müqəddəs sayılır. Heç bir din ölülər üçün son mənzil, dirilər üçün görk olan bu məkanda nəinki kimisə qətlə yetirməyi, ümumiyyətlə, hər hansı zülm, zorakılıq və s. sərgiləməyi qəti qadağan edir. Lakin ermənilərin qəbiristanlıqları mina zonalarına çevirməsi göstərir ki, özlərini “antik xristian” adlandıran ermənilər, əslində, “din” və “Allah” məfhumundan tamamilə uzaqdırlar. Erməni faşizmi üçün yeganə “din” “Böyük Ermənistan” xülyasıdır. Hansı ki, bu xülya qurulduğu ilk gündən ölümə məhkumdur. Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi 8 Noyabr zəfəri bunun ən böyük isbatıdır. Seymur ƏLİYEV  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında faşizm üzərində qələbənin 81-ci ildönümü ilə bağlı tədbir keçirilib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında faşizm üzərində qələbənin 81-ci ildönümü ilə bağlı tədbir keçirilib 6 may 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 81-ci ildönümü ilə əlaqədar Sovet İttifaqı Qəhrəmanlarının ailə üzvləri və müharibə veteranları ilə görüş keçirilib. Görüşdə İkincü Dünya müharibəsi veteranı Ağabala İsgəndərov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Çağırışaqədərki hazırlıq İdarəsinin şöbə rəisi polkovnik Asəf Əhmədov, Bəhruz Sultanov adına 34 nömrəli tam orta məktəbin direktoru Nəcibə Axundova, Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Tələbə Gənclər Təşkilatının sədri Məleykə Məmmədrzayeva, müharibə veteranlarının ailə üzvləri, ölkə ziyalıları və s. iştirak edib. Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, İkinci Dünya müharibəsində və respublikamızın ərazi bütövlüyü uğrundakı döyüşlərdə həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir “Qələbəyə gedən yollar” adlı hərbi-vətənpərvərlik mahnısının səsləndirilməsi ilə açılıb. Tədbiri giriş nitqi ilə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Azərbaycan xalqının İkinci Dünya müharibəsində böyük qəhrəmanlıqlara imza atdığını, faşizm üzərindəki qələbəyə tarixi töhfə verdiyini bildirib: “Bu əlamətdar gün, bəşəriyyəti faşizm təhlükəsindən xilas edən qəhrəmanların xatirəsini anmaq və sülhün dəyərini xatırlatmaq baxımından müstəsna əhəmiyyət kəsb edir. İkinci Dünya müharibəsində faşizmə qarşı 700 minə yaxın azərbaycanlı döyüşüb, onlardan yarıdan çoxu qələbə uğrunda canından keçib. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçib. 130 azərbaycanlı “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüb, 30 nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları Səlahəddin Kazımov, Müseyib Allahverdiyev, Bahəddin Mirzəyev, Xəlil Məmmədov, Mehdi Hüseynzadə, Ziya Bünyadov, Qəzənfər Əkbərov, Abbas Quliyev, Nəcəfqulu Rəfiyev, Məmiş Abdullayev, Səməd Abdullayev, Cəmil Əhmədov, Ağaşirin Cəfərov, Məmməd Məhərrəmov, Əmi Məmmədov, Məmməd Məmmədov, Yusif Sadıqov, İdris Süleymanov, Şirin Şükürov, İsrafil Məmmədov, Gəray Əsədov, Məlik Məhərrəmov, Müseyib Bağırov və başqaları İkinci Dünya müharibəsi illərində unudulmaz qəhrəmanlıqlar göstərmişlər. Onlar Moskva və Stalinqrad, Krım və Qafqaz, Kiyev və Smolensk ətrafında gedən döyüşlərdə vuruşaraq respublikamızın şərəfini qorumuşlar. Arxa cəbhədəki həyat isə başqa bir qəhrəmanlıq səhifəsi idi.  Böyük qələbəyə Azərbaycanın yanacaq təminatı ilə töhfəsi əvəzsiz olub. Müharibə  illərində Sovet İttifaqında istehsal olunan neftin 70 faizindən çoxu, benzinin 80 faizi və mühərrik yağlarının 90 faizi Azərbaycanın payına düşüb. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi altında aviasiya benzini alınmasının yeni texnologiyası yaradılıb. Neftçilərimizin fədakar əməyi sayəsində Azərbaycan tarixində neft hasilatı üzrə rekord göstərici əldə edilib, 1941-ci ildə 23,5 milyon ton “qara qızıl” çıxarılıb. Bu, SSRİ-də çıxarılan bütün neftin 71,4 faizini təşkil edirdi. Bütövlükdə müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər. Azərbaycan xalqı arxa cəbhədə də misilsiz əmək hünərləri göstərib, ordunun ehtiyaclarını ödəmək üçün gecə-gündüz fədakarlıqla çalışıb. Xalqımız cəbhəyə yeddi tondan çox donor qanı göndərib, döyüşən ordunun ərzaq və isti geyimlə təchizatında fəal mövqeyi ilə seçilib. İkinci Dünya müharibəsinin veteranları xalqımızın fəxridirlər. Onların müharibə illərində göstərdikləri qəhrəmanlıq bu gün bütün cəmiyyət tərəfindən böyük hörmətlə xatırlanır, həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad olunur. Zaman keçir, illər bir-birini əvəz edir, lakin qəhrəmanlıqlar unudulmur. Çünki o, xalqın ruhunda yaşayır. Bu ruh 2020-ci ilin 44 günlük Vətən müharibəsində bir daha özünü göstərdi. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə tarix yazdı, xalqımızın ərazi bütövlüyü bərpa olundu. Bu qələbə əslində, keçmişlə bu günün vəhdəti, nəsillər arasında mənəvi körpünün təntənəsidir”. Tədbirdə çıxış edən Milli Məclisin deputatı, iqtisad elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Ziyad Səmədzadə İkinci Dünya müharibəsində Azərbaycan xalqının misilsiz qəhrəmanlıqlar göstərdiyini vurğulayıb. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovu nümunə göstərən Ziyad Səmədzadə, onun Azərbaycan xalqının milli iftixar mənbəyi olduğunu vurğulayıb. Millət vəkili həm Ulu Öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin müharibə qəhrəmanlarına, onların ailə üzvlərinə böyük diqqət və ehtiram göstərdiyini vurğulayıb, bu yanaşmanın hər bir azərbaycanlı üçün örnək olduğunu bildirib. Keçirilən tədbirin önəminə toxunan Ziyad Səmədzadə buna görə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına təşəkkür edib, bu qurumun dövlətimizin tarixini yaşadan təşkilatlardan biri olduğunu söyləyib.   Çıxışının sonunda Ziyad Səmədzadə yeni nəşr olunan kitablarını Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına hədiyyə edib. Tədbirdə çıxış edən Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani həm İkinci Dünya müharibəsində, həm də 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının böyük qəhrəmnanlıqlar göstərdiyini bildirib. General Həzi Aslanovun göstərdiyi qəhrəmanlıqların bu gün də bütün dünyada heyrətlə xatırlandığını bildirən Abdulla Qurbani, bu cür önəmli tədbirin təşkilinə görə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına təşəkkür edib, müəllifi olduğu kitabları Təşkilata hədiyyə edib. Tədbirdə çıxış edən Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun nəvəsi polis polkovniki Emin Aslanov da tədbirə görə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilova təşəkkür edib, İkinci Dünya müharibəsi qəhrəmanları və onların ailə üzvlərinə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib. Tədbir “Gəl odla oynama” mahnısının ifası ilə başa çatıb. Seymur ƏLİYEV

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının əməkdaşları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Dekabrın 11-də Respublika Veteranlar Təşkilatının əməkdaşları müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri  Heydər Əliyevin vəfatının 17-ci ildönümü ilə əlaqədar Fəxri xiyabana gedərək Ulu Öndərin məzarını ziyarət ediblər. Respublika Veteranlar Təşkilatının əməkdaşları dahi şəxsiyyətin əziz xatirəsini böyük ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb. Tarixin yetirdiyi nadir şəxsiyyətlərdən olan Ümummilli Lider Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin qovuşuğunda Azərbaycan öz milli mənəvi dəyərlərini qoruyaraq üçüncü minilliyə inamla qədəm qoyub. Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi Heydər Əliyevin adı ilə bağlıdır. Qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi. 1969-cu ildə respublika rəhbərliyinə gələn Heydər Əliyev, əslində, sosial-iqtisadi böhran keçirən Azərbaycanı 1970-1980-ci illərdə keçmiş İttifaqın ən qabaqcıl respublikalarından biri səviyyəsinə çıxarmışdı. Tədqiqatçılar haqlı olaraq vurğulayırlar ki, müasir mərhələdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi məhz həmin illərdə təməli qoyulmuş potensiala əsaslanır. 1993-cü ilin yayında, müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın taleyinin Tanrının ümidinə qaldığı bir vaxtda xalq özünün və ölkənin gələcəyini Heydər Əliyevə etibar etdi. Bu, böyük Qayıdış idi və Ulu Öndər müdrikliyi, zəngin siyasi və dövlətçilik təcrübəsi, sarsılmaz qətiyyəti, yenilməz iradəsi sayəsində ölkəni, xalqı, gənc müstəqil dövləti labüd fəlakətlərdən qurtardı. Qədirbilən Azərbaycan xalqı dahi oğlunun bu əvəzsiz xidmətlərini heç vaxt unutmur. Azərbaycan dövlətçiliyinin xilaskarı, türk dünyasının böyük oğlu Heydər Əliyevin vəfatından ötən illər ərzində görkəmli şəxsiyyətin, əbədiyaşar Prezidentimizin məzarı xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilib. Bütün il boyu insanlar buraya gəlir, xalqımızı, Azərbaycanı dünyaya tanıdan, özü də dünyanın görkəmli şəxsiyyətlərindən biri kimi tanınan böyük azərbaycanlının xatirəsinə ehtiramlarını ifadə edirlər. Azərbaycanın dahi oğlu Heydər Əliyevin əbədiyyətə qovuşmasının 17-ci ildönümü gününü paytaxt sakinləri, respublikamızın rayon və şəhərlərinin nümayəndələri, xarici ölkələrdən gəlmiş qonaqlar Fəxri xiyabanda xalqımızın Ümummilli Liderinin xatirəsini dərin ehtiramla yad edir, onun məzarı önünə əklillər, gül dəstələri qoyur, müdrik dövlət xadiminə Allahdan rəhmət diləyirlər.

Hamısını oxu