Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Suraxanı rayonunda şəhid Osman Manafovun xatirəsinə inşa edilən bulaq-abidə kompleksinin açılışı olub

Veteran.gov.az xəbər verir ki, sentyabrın 13-də Suraxanı rayonunda Vətən müharibəsinin növbəti şəhidi, əsgər Manafov Osman Natiq oğlunun əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən inşa edilən bulaq-abidə kompleksinin açılışı olub.

 

Açılışda Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev və Birliyin əməkdaşları, RİHB-nin müavinləri, şöbə müdirləri, Bülbülə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi və bələdiyyə sədri, Suraxanı Gənclər və İdman İdarəsinin rəisi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Suraxanı rayon şöbəsinin sədri, “Canlı İşıqfor”un Vətənpərvərlik qrupu və gənclər, Vətən Müharibəsinin Şəhid ailələri və qazilər, eləcə də Şəhidimizin ailə üzvləri və yaxınları iştirak etmişlər.

 

Tədbirdə çıxış edən RİH başçısı Əziz Əzizov Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və zəfərlə başa çatan Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən bəhs edərək bildirmişdir ki, həyata keçirilən düşünülmüş siyasətin və vaxtında atılan addımların nəticəsidir ki, biz bu gün qalib ölkəyik. Ölkə başçımız dahi siyasətçi, müdrik dövlət xadimi ulu öndər Heydər Əliyevin layiqli varisi kimi onun vəsiyyətini həyata keçirdi və arzuladığı Qarabağı azad etdi. O, həm də bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı qəhrəman, məğrur xalqdır. Şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayan RİH başçısı həmçinin qeyd etdi ki, ölkəmizin ərazi bütövlüyünü bərpa edən dövlət Rəhbərimiz Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yazdı.

 

44 günlük Vətən müharibəsində öz canından keçərək şəhidlik məqamına ucalan Osman Manafov da adını əbədiyaşarların cərgəsinə yazdı. Ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşan Osman Manafov Xocavənd döyüşləri zamanı şəhid olub. İllər keçsə də, gələcək nəsillər Osman kimi vətən oğullarımızı hər zaman böyük minnətdarlıqla yad edəcəklər.

Qeyd edək ki, Osman Manafov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı, Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

 

2021-09-13 15:08:00
1403 baxış

Digər xəbərlər

Faşistlər tərəfindən Norveçdə edam edilən həmyerlimizin məzarı tapılıb və bərpa olunub

İkinci Dünya Müharibəsi zamanı faşistlərə qarşı mübarizədə iştirak edən həmyerlimiz İvan Aleksandrovun məzarı tapılıb və onun qəbirüstü abidəsi Norveç hökuməti tərəfindən bərpa olunub.   Bu barədə XİN-dən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına daxil olan məktubda məlumat verilib. Məlumatda göstərilir ki, İvan Aleksandrovun məzarı Norveçin Gjovik şəhəri yaxınlığında- əsir düşmüş hərbçilərin dəfn edildiyi qəbiristanlıqda tapılıb.   Qeyd edək ki, İvan Aleksandrov faşist işğalına qarşı mübarizə aparıb və 1944-cü ildə Norveçdə faşistlər tərəfindən edam edilib.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti

Hamısını oxu
Sumqayıtda Göz Mərkəzinin açılışı oldu

Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən 2 nömrəli Şəhər Xəstəxanasında yaradılmış yeni Göz Mərkəzinin açılışı baş tutub.  “Qafqazinfo” xəbər verir ki, açılış mərasimində TƏBİB-in İcraçı direktoru vəzifəsini müvəqqəti icra edən Anar İsrafilov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov, 2 saylı Sumqayıt Şəhər Xəstəxanasının baş həkimi Arzu Bəndəliyeva və Göz Mərkəzinin rəhbəri Leyla Qəhrəmanova iştirak ediblər. Mərkəzdə yaradılmış şərait barədə məlumat verən Elnur Azadxanov bildirib ki, yeni Göz Mərkəzi Sumqayıt şəhəri ilə yanaşı, Abşeron - Xızı regionu üzrə əhaliyə geniş spektrdə oftalmoloji xidmətlər təqdim edəcək. Qeyd olunub ki, Mərkəz dünyanın aparıcı istehsalçılarının müasir tibbi avadanlıqları ilə, o cümlədən OCT Angio, optik biometriya sistemləri və yüksək dəqiqlikli diaqnostika avadanlıqları ilə təchiz olunub. Mərkəzdə quraşdırılan angioqrafiya sistemi retina damar patologiyalarının erkən aşkarlanması və dəqiq qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir və bir çox hallarda görmənin qorunmasında həlledici rol oynayır. Bununla yanaşı, Mərkəzdə yüksək dəqiqlikli fakoemulsifikasiya cərrahiyyə sistemləri və müasir əməliyyat mikroskopları quraşdırılıb. Burada oftalmoloji xəstəliklərin müasir standartlara uyğun diaqnostikası, müalicəsi və yüksək texnologiya tələb edən mürəkkəb cərrahi prosedurların icrası mümkün olacaq. Mərkəzdə tor qişa xəstəlikləri, katarakta, qlaukoma, diabetik retinopatiya, makula patologiyaları və refraktiv qüsurlar üzrə geniş çeşiddə xidmətlərin göstərilməsi nəzərdə tutulur. Bildirilib ki, Mərkəzdə xaricdə təhsil almış və beynəlxalq təcrübəyə malik peşəkar həkimlər fəaliyyət göstərəcək. Burada 12-si həkim olmaqla, ümumilikdə 35 nəfər tibb və qeyri-tibb işçisi vətəndaşlara müasir tibbi yanaşmalar əsasında ambulator və stasionar xidmətlər göstərəcək. Qeyd edək ki, burada göstərilən tibbi xidmətlər icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara ödənişsiz əsaslarla təqdim olunur. Yeni Göz Mərkəzinin istifadəyə verilməsi regionda oftalmoloji xidmətlərin əlçatanlığını əhəmiyyətli dərəcədə artırmaqla yanaşı, vətəndaşların paytaxta üz tutmadan yüksək keyfiyyətli və mürəkkəb tibbi xidmətlərdən yararlanmasına geniş imkanlar yaradacaq.  

Hamısını oxu
“Bu gün Şuşada, Xankəndidə keçirilən hərbi yürüş ordumuzun gücündən, Müzəffər Ali Baş Komandanımızın qətiyyətindən xəbər verir”

Zərifə Quliyeva: “Azərbaycan Silahlı Qüvvələri xalqımızın qürur, sevinc və əbədi iftixar mənbəyidir” “Azərbaycan Silahlı Qüvvələri xalqımızın qürur, sevinc və əbədi iftixar mənbəyidir”. Bunu Moderator.az-a açıqlamasında “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, Ulu Öndər haqqında çoxsaylı kitabların müəllifi Zərifə Quliyeva bildirib. Zərifə Quliyeva qeyd edib ki, bu gün Bakı ilə yanaşı, işğaldan azad edilən ərazilərdə keçirilən hərbi yürüş Azərbaycan Silahlı Qüvvələrinin qüdrətindən xəbər verir: “Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfər, bu zəfərin hərbi-siyasi, mənəvi-psixoloji nəticələri göz önündədir. Bu gün Bakı ilə yanaşı, işğaldan azad edilən torpaqlarımızda – Şuşada, Laçında, Xankəndidə keçirilən hərbi yürüş ordumuzun gücündən, Ali Baş Komandanımızın qətiyyətindən, 8 Noyabr zəfərinin  əzəmətindən xəbər verir. Silahlı Qüvvələr Günü ilə bağlı ölkəmizin hər bir yerində müxtəlif tədbirlər, bayram şənlikləri keçirilməkdədir ki, bu da xalqın ordu ilə, Müzəffər Ali Baş Komandanla birliyinin, həmrəyliyinin göstəricisidir. Bu fakt bir daha onu sübut edir ki, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində olduğu kimi, bu gün də öz Prezidenti, Silahlı Qüvvələri ilə bir yerdədir və hər zaman da bir yerdə olacaq. Mən 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə başda Müzəffər Ali Baş Komandanımız olmaqla, bütün Silahlı Qüvvələrimizi təbrik edir, hər bir hərbçimizə həm şəxsi həyatında, həm də xidməti fəaliyyətində uğurlar arzulayıram. Əminəm ki, bugünə qədər olduğu kimi, bundan sonra da Azərbaycan Silahlı Qüvvələri bütün regionda sülhün, təhlükəsizilyin qarantı olmaqda davam edəcək, dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı üçün əbədi qürur mənbəyi olaraq qalacaq”. Seymur ƏLİYEV      

Hamısını oxu
Ziya Bünyadovun nəvəsi Respublika Veteranlar Təşkilatını ziyarət etdi

Bu gün Sovet İttifaqı Qəhrəmanı, dünya şöhrətli tarixçi alim Ziya Bünyadovun nəvəsi Əli Bünyadov Respublika Veteranlar Təşkilatını ziyarət edib.   Veteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova və təşkilatın sədr müavini Cəlil Xəlilovla görüşən Əli Bünyadov qəbula görə Təşkilat rəhbərliyinə öz təşəkkürünü bildirib, Ziya Bünyadov haqqında xatirələrindən söz açıb.   Ziya Bünyadovun faşizmə qarşı mübarizəsindəki xidmətlərinə diqqət çəkən Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova, onun sadəcə silahı ilə deyil, həm də qələmi ilə düşmənlərə qarşı mübarizə aparıdğını vurğulayıb. Fatma Səttarova qeyd edib ki, Ziya Bünyadov Azərbaycana bütün dünyada şöhrət gətirən, onun adını ucaldan dəyərli ziyalılardan olub və onun adı tariximizdə hər zaman iftixar hissi ilə çəkiləcək.   Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov da Ziya Bünyadovun faşizmə qarşı mübarizədə böyük qəhrəmanlıqlara imza atdığını, Azərbaycanın müstəqilliyindən sonra erməni faşizminə qarşı da eyni qətiyyətlə mübarizə aparıdğını vurğulayıb.   Daha sonra Əli Bünyadov Respublika Veteranlar Təşkilatnın fəaliyyəti ilə ətraflı tanış olub.   Sonda görkəmli alimin nəvəsinə "1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi” yubiley medalı təqdim olunub.   Seymur ƏLİYEV

Hamısını oxu