Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Erməni işğalı sadəcə ölkəmizə deyil, həm də sivilizasiya və ümumbəşəri dəyərlərə yönəlik təcavüz idi”

Tamam Cəfərova: “Beynəlxalq təşkilatlar heç olmasa post-müharibə dönəmindən sonra ədalətli və qətiyyətli davranış ortaya qoymalıdır”

 

Sentyabrın 27-də 44 günlük Vətən müharibəsinin başlanmasının bir ili tamam olur. Xatırladaq ki, bu tarix həm də ölkəmizdə Anım Günü kimi qeyd olunacaq.

 

Moderator.az olaraq millət vəkili Tamam Cəfərova ilə söhbətimizdə bu tarixi günlə yanaşı, erməni işğalının acı nəticələri, beynəlxalq təşkilatların regiondakı rolu və s. kimi məsələləri müzakirə etməyə çalışdıq.

 

-Tamam xanım, qarşıdan 27 sentyabr – Anım Günü gəlir. Ilk öncə ölkə başçısının Anım Günü ilə bağlı məlum sərəncamı ilə bağlı fikirlərinizi bilmək istərdik.

 

-27 sentyabr – Anım Günü ilə bağlı Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamı çox mühüm əhəmiyyətə malikdir. Bu, hər şeydən öncə qəhrəmanlarımızın, şəhidlərimizin ölmsüz xatirəsinə sonsuz hörmət və ehtiram nümunəsidir.

 

Bildiyiniz kimi, ölkə başçısı bütün çıxışlarında Vətən müharibəsindəki tarixi zəfərimizə görə şəhid və qazilərimizə borclu olduğumuzu bildirib, məhz onların qəhrəmanlığı sayəsində 30 ilə qədər işğal altında qalan torpaqlarımızın azadlığa qovuşduğunu vurğualyıb. 27 sentyabr tarixinin Anım Günü kimi qeyd edilməsi torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüz uğrunda həyatını qurban verən şəhidlərimizin əziz xatirəsinin rəsmi səviyyədə əbədiləşdirilməsi, sonsuza qədər yaşadılması deməkdir. Bu baxımdan 27 sentyabrın Anım Günü elan edilməsi xalqımızın sadəcə bugünü deyil, həm də gələcəyi, tarixi yaddaşı, milli şüuru baxımından mühüm əhəmiyyətə malikdir.

 

-Tamam xanım, Ermənistanın ötən əsrin 90-cı illərində Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq müharibəsi zəminində xaqlqımıza qarşı çoxsaylı hərbi cinayətlər, soyqırımları törətdiyi, minlərlə soydaşımızı amansızcasına qətlə yetirdiyi məlumdur. Bütün insani, mədəni və mənəvi dəyərlərin tapdandığı, gözardı edildiyi bu işğalı sadəcə Azərbaycana qarşı deyil, dolayısı ilə bütün bəşəriyyətə, ümumbəşəri dəyərlərə, sivilizasiya qarşı gerçəkləşdirilən müharibə kimi xarakterizə etmək mümkündürmü?

 

-Əlbəttə. 30 illik erməni işğalı ilə bağlı aparılan araşdırmalar, ortaya çıxan çoxsaylı faktlar Ermənistanın sadəcə torpaqlarımızı işğal etmədiyini, həm də bəşər hərb tarixində misli görünməyən vəhşiliklərə imza atdığını göstərdi. Birinci Qarabağ müharibəsi və işğal müddətində ələ keçirdikləri ərazilərdə bütün din və mədəniyyətlərə məxsus tarixi, dini, mədəni abidələri məhv edən ermənilər məktəbləri, muzeyləri, kitabxanaları, mədəniyyət evlərini məhv edib, onları yandırıb, daşı daş üstdə qoymayıb. Statistikaya nəzər salsaq görərik ki, Ermənistan tərəfindən işğal edilmiş qədim Azərbaycan torpaqlarında 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri olmuşdur. Bununla yanaşı, 40 mindən artıq eksponatın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert salonu, 31 məscid, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi, 103200 ədəd mebel avadanlığı, 5640 musiqi aləti, 481 kinoqurğu, 20 ədəd kinokamera, 423 videomaqnitafon, 5920 dəst milli kişi və qadın geyimləri, 40 dəst səsgücləndirici, 25 iri və 40 kiçik həcmli attraksion işğal olunmuş ərazilərdə qalmışdır. Bu göstəricilər Ermənistanın cinayətlərinin sadəcə miqyasını əks etdirmir. Həm də bu cinayətlərin ümumbəşəri dəyərlərə, ümumilikdə sivilizasiyalı dünyaya qarşı həyata keçirildiyini göstərir. Bu isə o deməkdir ki, Ermənistanın etdiyi cinayətlərə görə beynəlxalq hüquq müstəvisində cəzalandırılmasında bütün dünya maraqlı olmalı, bu məsələdə Azərbaycanın səylərini, haqq işini dəstəkləməlidir.

 

-Torpaqlarımız işğaldan azad ediləndən sonra Azərbaycanın bu torpaqlarda həyata keçirdiyi ilk işlərdən biri işğal dönəmində ermənilər tərəfindən dağıdılan mədəni-tarixi və dini abidələri bərpa etmək oldu. Hansı ki, məlum proses bu gün də davam etdirilir. Sizcə Azərbaycanın işğaldan azad edilən ərazilərdə həyata keçirdiyi bərpa prosesi işğal dönəmindən qalma yaraları sarımaqla yanaşı,  xalqımızın, dövlətimizin beynəlxalq imicinə necə təsir göstərir?

 

-Azərbaycan müharibədən sonra ermənilər tərəfindən dağıdılan, məhv edilən tarixi, dini, mədəni abidələrin hamısını bərpa edəcəyini bəyan edib. Həm ölkə başçısı, həm də Birinci vitse-prezident Mehriban xanım Əliyeva dəfələrlə bildirib ki, Qarabağ və ətraf rayonlarda erməni faşistləri təərfindən dağıdılan abidələr hansı dinə, hansı mədəniyyətə mənsub olmasından asılı olmayaraq bərpa ediləcək və qorunub saxlanılacaqdır. Artıq işğaldan azad edilmiş ərazilərimizdə bir sıra abidələrin bərpası prosesi həyata keçirilməkdədir. Bu yanaşmanın özü dölətimizin, dövlət başçımızın və Azərbaycan xalqının humanistliyindən, nəcibliyindən, milli mədəniyyətimizlə yanaşı, həm də digər xalqların mədəniyyətinə göstərdiyi diqqət və qayğıdan xəbər verir. Bu baxımdan Qarabağda həyata keçirilən bərpa prosesinin erməni işğalının ağır nəticələrini ortadan qaldırmaqla yanaşı, həm də dövlətimizin beynəlxalq aləmdəki imicinin daha da güclənməsinə xidmət edir. Hesab edirəm ki, erməni vandalizminin barbarlığı fonunda Azərbaycanın bölgədə həyata keçirdiyi mədəni quruculuq siyasəti dünya xalqlarına kimin-kim olduğunu anlamaqda kömək edəcək, Azərbaycanın sülhpərvər, qurucu siyasətinin daha geniş çevrələr tərəfindən dəstəklənməsini təmin edəcəkdir.

 

-Tamam xanım, Qarabağ problemi öz həllini tapsa da, bu gün də beynəlxalq təşkilatlardan, beynəlxalq qurumlardan gözləntilərimiz çoxdur. Azərbaycanın apardığı nəhəng quruculuq siaysətinin dəstəklənməsi, müharibədən sonra yenə də müxtəlif təxribatlara əl atan Ermənistana lazımi təzyiqlərin göstərilməsi, rəsmi İrəvanın müharibə və işğal dönəmində xalqımıza qarşı həyata keçirdiyi cinayətlərə görə beynəlxalq məhkəməyə cəlb edilməsi və s. bu gözləntilər sırasındadır. Sizcə Qarabağ probleminin həllinə dəstək verməyən, bəzi hallarda ikili siaysət yürüdən beynəlxalq təşkilatların heç deyilsə bu məsələlərdə ölkəmizə dəstək verməsi ehtimalı nə dərəcədə böyükdür?

 

-Beynəlxalq təşkilatların, o cümlədən aparıcı dövlətlərin Qarabağ probleminin həllində ölkəmizə dəstək vermədiyi, erməni işğalının ortadan qaldırlması istiqamətində əməli baxımdan ciddi addımlar atmadığı, hətta bəzi hallarda ikili standartlardan çıxış etdiyi yaxın tariximizin acı həqiqətlərindəndir.

 

Azərbaycan uzun illər Qarabağı probleminin sülh yolu ilə həlli istiqamətində böyük səylər ortaya qoydu. Minsk qrupu vasitəsi ilə işğalçı Ermənistanla uzun sürən danışıqlar aparıldı. Hansı ki, Ermənistanın siyasi riyakarlığı səbəbi ilə bu danışıqlar heç bir nəticə vermədi. BMT Təhlükəsizlik Şurası tərəfindən dörd qətnamə qəbul edilsə də, bu qətnamələrin heç birinə praktiki baxımdan əməl edilmədi. Beynəlxalq təşkilatlar qəbul etdikləri qərarların icrasına maraq göstərmədi. Işğalçı Ermənistan tərəfindən beynəlxalq hüquq normalarının, konvensiyaların açıq-aşkar pozulması ilə bağlı minlərlə fakt ortada olsa da, buna görə rəsmi İrəvana heç bir təzyiq göstərilmədi. Məhz bu səbəbdən də Azərbaycan Qarabağ probleminin hərb yolu ilə həll etmək, öz ərazi bütövlüyünü müharibə vasitəsi ilə təmin etmək məcburiyyəti ilə üzləşdi. Ali Baş Komanda İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusu cəmi 44 gün içində Ermənistan ordusunu darmadağın edərək düşməni kapitulyasiya sənədinə imza atmağa vadar etdi.

 

Bir sözlə, beynəlxalq təşkilatların müharibəyə qədərki fəaliyyətləri əsla qənaətbəxş sayıla bilməz.

 

Post-müharibədən sonra regionda yeni bir dönəmin başlanğıcı qoyulub. Beynəlxalq təşkilatlar post-müharibə dönəminin yaratdığı yeni situasiyadan istifadə edərək daha aktiv və  səmərəli fəaliyyət orataya qoya, öz funksional vəzifələrini praktiki baxımdan reallaşdıra, bu fəaliyyəti tam şəkildə yerinə yetirə bilərlər. Bunun üçün beynəlxalq təşkilatlar Ermənistanın 30 ilə qədər işğal altında saxladığı torpaqlarda törətdiyi vəhşilikləri ifşa etməli, bu dağıntıların miqyas və nəticəsini görməli, tanımalı, aktlaşdırmalıdır. Ermənistanın buna görə beynəlxalaq məhkəmələr vasitəsi ilə məsuliyyətə cəlb edilməsi, vurduğu ziyana görə təzminat ödəməyə məcbur olunması mühüm amillərdən biridir. Erməni faşizminin sadəcə region üçün deyil, bütün dünya üçün kəsb etdiyi təhlükəni dərk etrmək, bu faşizmin yenidən dirçəlməsinə imkan verməmək, Azərbaycan dövlətinin bu yöndəki səylərini dəstəkləmək beynəlxalq təşkilatların öz nüfuzlarının, imiclərinin güclənməsi baxımından da faydalı olar.

 

Ümid edirəm ki, beynəlxalq təşkilatlar post-müharibə dönəminin yaratdığı bu imkanlardan istifadə edəcək, heç deyilsə bundan sonra Azərbaycana münasibətdə ədalətli yanaşma ortaya qoyacaqlar.

 

Seymur ƏLİYEV

 

 

2021-09-23 12:57:00
878 baxış

Digər xəbərlər

Cəlil Xəlilov: 15 İyun Azərbaycan dövlətçiliyinin xilas günüdür

Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan ən önəmli günlərdən biri də 1993-cü il 15 iyun tarixidir. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş bu gün onu dərindən dərk edənlər üçün çox əzizdir. Milli Qurtuluş Günü həm də böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malikdir. Xalqımızın müstəqillik tarixində müstəsna yeri olan 15 İyun - Milli Qurtuluş Günü ilə ölkəmizin həyatında yeni dövr başlayıb, dövlətçiliyimizin möhkəmlənməsi, müstəqilliyimizin dönməz və əbədi olması üçün mühüm fəaliyyətin əsası qoyulub. Vətənini, xalqını sevən, həmin çətin günlərin dəhşətlərini yaşayan insanlar üçün iyunun 15-i Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyinin qorunmasında, parlaq gələcəyinin təmin edilməsində müstəsna rol oynayan, daim xalqına dayaq olan dahi şəxsiyyət - Heydər Əliyevdir. Heydər Əliyevin hakimiyyətə qayıdışı günü müstəqil Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi əbədi həkk edilib. Bu fikirləri Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı sədrinin müavini, polkovnik Cəlil Xəlilov AZƏRTAC-a açıqlamasında söyləyib. C.Xəlilov bildirib ki, xalqımızın tarixi yaddaşına əbədi həkk olunmuş Milli Qurtuluş Günü ölkəmizin hər yerində dahi lider Heydər Əliyevə dərin hörmət və məhəbbətlə, onun Vətən və xalq qarşısındakı fədakar xidmətinə böyük minnətdarlıq hissi ilə qeyd olunur. XX əsrin sonunda müstəqilliyini bərpa etmək kimi tarixi fürsət qazanan Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ovaxtkı iqtidarın səriştəsizliyi, hakimiyyət böhranı 1993-cü ilin iyununda ən yüksək həddə çatmış, xaos və anarxiya ölkəni bürümüş, vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə almışdı. “Müstəqilliyini əldə etmiş Azərbaycan 1993-cü ilədək daxili çəkişmələr məkanına çevrilmişdi. Milli Qurtuluş Günü də məhz bu baxımdan böyük siyasi əhəmiyyət kəsb edir. 1993-cü il iyunun 15-də xalqın təkidi ilə hakimiyyətə qayıdan Heydər Əliyev müdrik siyasəti ilə Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas etdi. Bu səbəbdən də Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas olduğu, Azərbaycanın hərc-mərclikdən, parçalanma təhlükəsindən qurtulduğu, sabitliyə qovuşduğu gündür. Nəticədə nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara başlanıldı, idarəetmə sistemi formalaşdırıldı, insanların dövlətə inamı qaytarıldı, “Əsrin müqaviləsi” imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verildi, referendum yolu ilə Konstitusiya qəbul edildi. Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı. Qurtuluşun sayəsində Azərbaycan dünyada demokratik ölkə kimi tanınıb, dünya birliyində layiqli yer tutub. Azərbaycanın bugünkü uğurları da qurtuluş məfkurəsi ilə əlaqədardır”, - deyə Cəlil Xəlilov vurğulayıb. Respublika Veteranlar Təşkilatının sədr müavini diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışı, dövlətçiliyimizi məhv olmaqdan xilas etməsi, güclü, inkişaf edən və milli varlığımızı yaşadan ölkəyə çevirməsi Azərbaycan amalını qəlbində yaşadan bütün insanlar üçün epoxal əhəmiyyət kəsb edən dövlətçilik təcrübəsi olub. Bugünkü uğur və nailiyyətlərimiz də məhz dahi şəxsiyyətin adı ilə bağlıdır. “İkinci Dünya müharibəsi veteranları ulu öndər Heydər Əliyevin misilsiz fəaliyyətinin şahidləridir. Prezident İlham Əliyev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan veteranlara dövlət qayğısı siyasətinin Azərbaycanda müasir mərhələdə daha da inkişaf etdirilib. Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə qəbul edilən “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununda əksini tapmış diqqət və qayğı dövlətimizin başçısı İlham Əliyevin prezidentliyi dövründə daha da genişləndirilib. Müntəzəm imzalanan dövlət proqramları və sərəncamlar əsasında müharibə veteranlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlara Prezident təqaüdünün verilməsi, hər il 9 May – Qələbə Günü ərəfəsində MDB məkanında ən yüksək məbləğdə birdəfəlik maddi yardım edilməsi və başqa xeyirxah işlər bunun parlaq sübutlarıdır. Odur ki, veteranlar Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı böyük nailiyyətlərdən qürur duyurlar, - deyə polkovnik C.Xəlilov bildirib.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova ilə görüş olub

1941-1945-ci illər İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 77-ci ildönümü münasibətilə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, müharibə və əmək veteranı Fatma Səttarova ilə görüşüb.  H.Abdullayev Qələbə günü münasibəti ilə nazirliyin rəhbərliyi və kollektivi adından F.Səttarovanı və onun timsalında Təşkilatın kollektivini təbrik edib, xoş arzularını ifadə edib. Görüşdə ümummilli liderimiz Heydər Əliyev tərəfindən İkinci Dünya müharibəsi iştirakçılarına göstərilmiş xüsusi diqqət və qayğıdan, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq həmin müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi üçün aparılan işlərdən bəhs olunub. İkinci Dünya müharibəsi iştirakçılarının sosial təminat sistemi ilə əhatə olunduqları, onlara diqqət və qayğının bundan sonra da davam edəcəyi qeyd olunub.  F.Səttarova onun və bütün müharibə veteranlarının, həmçinin Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının daim dövlət qayğısı ilə əhatə olunmasından razılığını bildirib və buna görə Prezident İlham Əliyevə minnətdarığını ifadə edib.  Görüşdə İkinci Dünya müharibəsi iştirakçılarının gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində xidmətlərindən bəhs olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşlığına dair fikir mübadiləsi aparılıb.   www.sosial.gov.az

Hamısını oxu
Prezident İlham Əliyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasının iştirakçılarını qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını – Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin direktoru, MDB dövlətlərinin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının sədri Aleksandr Bortnikovu, Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkini, Belarusun Dövlət Təhlükəsizlik Komitəsinin sədri İvan Terteli, Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin sədri Yermek Sagimbayevi, Qırğızıstanın Baş nazirinin müavini, Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyevi, Özbəkistanın Dövlət Təhlükəsizlik Xidmətinin sədri Abdusalom Azizovu, Tacikistanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Saymumin Yatimovu və MDB-yə üzv dövlətlərin Antiterror Mərkəzinin rəhbəri Yevgeniy Sısoyevi qəbul edib.

Hamısını oxu
Vəli Axundov – Elmin və Vətənin Sədaqətli Övladı

Bakı səmasının maviliyindən şəhərə boylananda bəlkə də bir çoxu bu şəhərin yalnız neftlə dolu torpağını görür. Amma bu torpağın altı qədər üstü də qiymətlidir. Çünki bu torpaq təkcə maddi sərvət deyil, həm də müdriklik, elm və fədakarlıq yetirib. O müdriklərdən biri də Böyük Vətən müharibəsi iştirakçısı, Azərbaycan xalqının görkəmli ictimai-siyasi xadimi, alim, dövlət və elm adamı Vəli Yusif oğlu Axundovdur. Onun həyatı XX əsr Azərbaycan tarixinin, xüsusilə də elmi və siyasi proseslərin güzgüsüdür. Onun həyatı, təcrübəsi və yaradıcılığı yalnız bir insanın uğurları ilə məhdudlaşmır; əksinə, xalqın, millətin və bütöv bir cəmiyyətin inkişafına xidmət edən bir örnəkdir. O, tibb elminin incəliklərinə hakim olduğu qədər ədəbiyyatın, musiqinin və mədəniyyətin dərin qatlarına da nüfuz etmiş bir alim və ictimai xadimdir. Bu gün biz Böyük Vətən Müharibəsində əldə edilmiş şanlı Qələbənin 80 illiyini ehtiramla qeyd edərkən yalnız silahla döyüşən qəhrəmanları deyil, həm də canla-başla hərbi xəstəxanalarda həyat qurtaran, səngərdə insan ömrünü qoruyan, döyüş meydanında böyük insanlıq nümunəsi göstərən şəxsiyyətləri də xatırlayırıq. Onlardan biri də akademik Vəli Axundovdur. O, 1916-cı ilin mayında Bakı şəhərinin Saray kəndində sadə kəndli ailəsində dünyaya gəlmişdir. Onun uşaqlığı və gəncliyi çətinliklər içində keçmiş, lakin bu çətinliklər onun əzmini qırmamış, əksinə daha da möhkəmləndirmişdir. Orta təhsilini başa vurduqdan sonra sənət məktəbində, ardınca isə Bakı Sənaye Texnikumunun kimya şöbəsində təhsil almışdır. Lakin o, bununla kifayətlənməmiş, 1936-cı ildə Azərbaycan Tibb İnstitutuna daxil olmuş və həkimlik peşəsinə yiyələnmişdir. İnstitutda oxumaqla yanaşı, ATİ-nin ictimai elmlər kafedrasının laborantı, "Tibbi kadrlar uğrunda" qəzetinin redaktoru və komsomol komitəsinin katibi vəzifəsində çalışmışdır. Vəli Axundovun həyatı gəncliyindən vətənlə çarpazlaşdı. 1941-ci ildə institutu bitirdikdən sonra iyul ayında hərbi xidmətə çağırılmış və Böyük Vətən müharibəsində iştirakçılarından birinə çevrilmişdir. Böyük həkimlik istedadına malik olan Vəli Axundov cəbhədə 28-ci ordunun 20-ci atıcı diviziyasının sıralarında xidmət edərək sıravi həkimlikdən əlahiddə tibbi-sanitar batalyonun komandiri vəzifəsinə qədər yüksəlmiş, Polşa, Almaniya və Çexoslovakiyada gedən döyüşlərdə iştirak etmişdir. Öz borcunu şərəflə yerinə yetirdikdən sonra 1945-ci ilin oktyabrından 1946-cı ilin fevral ayına qədər Bakıda 48-ci əlahiddə zenit-pulemyot batalyonunda baş həkim kimi xidmət etmişdir. Onun rəhbərliyi altında minlərlə yaralı döyüşçü sağaldıldı, yenidən cəbhəyə qaytarıldı, ya da evinə dönə bildi. Müharibənin qan və tər içində keçən illərində o, həm həkim, həm psixoloq, həm də döyüşçü idi. Yaralı bir əsgərin gözlərinə baxıb “Sən sağalacaqsan” deyə bilmək, yalnız peşəkarlıq yox, sarsılmaz inam və vətən sevgisi tələb edirdi. Bu inamın adı o illərdə çox vaxt “Doktor Axundov” idi. Cəbhədə qazandığı təcrübə və etimad onun sonrakı elmi və dövlətçilik fəaliyyətinə bünövrə oldu. Səngərdə döyüşkənlik, laboratoriyada elmi dəqiqlik, rəhbərlikdə isə insanlıq və ədalət onun həyat devizinə çevrildi. Müharibə onun iradəsini bərkidib, ruhunu möhkəmləndirmişdi. O, öz xalqına səhiyyə sistemində, elmi institutlarda, rəhbər vəzifələrdə bu ruhla xidmət etdi. Lakin onun gerçək savaşı müharibədən sonra başladı. 1946-cı ilin mart ayında ordudan tərxis olunaraq Tibb İnstitutuna qayıtmış tibb tarixi kafedrasında assistent işləmiş və Epidemiologiya, Mikrobiologiya və Gigiyena İnstitutunun elmi işçisi, daha sonra isə direktoru olmuşdur. Az sonra Azərbaycan Tibb İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilmiş və 1946–1949-cu illərdə bu vəzifədə çalışmışdır. Gəncə və Bakı kimi sənaye şəhərlərində apardığı tədqiqatlar nəticəsində onun metodikası SSRİ-nin bir çox bölgələrində tətbiq olunmağa başlamışdır. Vəli Axundovun adı artıq yalnız Azərbaycanda deyil, ittifaq miqyasında sanitar-epidemioloji elminin simvoluna çevrilirdi. Ən böyük qayğısı isə su idi - təmiz, şəffaf içməli su. O deyirdi: “Su sağlamlığın aynasıdır.” Əhali arasında yayılan xəstəliklərin arxasında çox zaman içməli suyun keyfiyyətsizliyi dayanırdı və o, bu sahədə ciddi tədqiqatlara başladı. Sututarlarının sanitar vəziyyəti, sənaye tullantıları, qoruma tədbirləri bütün bunlar onun rəhbərliyi altında araşdırılır, elmi həllər tapılırdı. Vəli Axundov tibb elmləri namizədi, sonra isə doktoru elmi dərəcələrini almış, 1969-cu ildə Azərbaycan Elmlər Akademiyasının akademiki seçilmişdir. O, ömrünün son illərinə qədər elmi fəaliyyətini davam etdirmiş, Musabəyov adına Virusologiya, Mikrobiologiya və Gigiyena İnstitutunun direktoru kimi çalışmışdır. Onun xarakterik cəhətlərindən biri də öyrənməyə olan marağı idi. Belə ki, yaşı yetmişə yaxın olsa da, ingilis dilini sıfırdan öyrənmişdir. Bu da onun daim inkişaf edən, öyrənən və yeniliklərə açıq bir şəxsiyyət olduğunu sübut edir. Elm yolunda yalnız biliklə yox, təşkilati işlərlə də öndə gedən Axundov təkcə kabinet alimi deyildi. O, 1954–1958-ci illərdə Azərbaycan SSR səhiyyə naziri, 1958–1959-cu illərdə isə Nazirlər Sovetinin sədri olmuşdur. 1959–1969-cu illərdə isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi kimi fəaliyyət göstərmiş, ölkənin iqtisadi və elmi inkişafı üçün müəyyən addımlar atmışdır. Onun rəhbərliyi dövründə neft sənayesi və kənd təsərrüfatı sahəsində əhəmiyyətli nailiyyətlər əldə olunmuş, sosial və elmi infrastruktur genişlənmişdir. Vəli Axundovun həyatı sadə kənd uşağından xalqına xidmət edən böyük şəxsiyyətə gedən yoldur. O, həm elm, həm də siyasət sahəsində səmərəli fəaliyyət göstərmiş, Azərbaycan xalqına uzun illər vicdanla xidmət etmişdir. 1986-cı ilin avqustunda dünyasını dəyişən Vəli Axundov Fəxri Xiyabanda dəfn olunmuşdur. Onun adı bu gün də Azərbaycan elmi və siyasi tarixində dərin iz buraxmış şəxsiyyətlər sırasında hörmətlə anılır. Hazırda 300-dən çox elmi əsəri, 6 monoqrafiyası və onlarla kitabçası gənc tədqiqatçılar tərəfindən araşdırılır. Onun elmi məktəbindən çıxan doktorlar və alimlər bu gün də onun adını fəxrlə daşıyırlar. Vəli Axundovun həyatı yalnız elmlə yox, həm də əqidə ilə yazılmış bir dastandır. SSRİ-nin yüksək ordenləri, medalları və fəxri fərmanları onun fədakarlığının nümunəsidir. Amma onun ən böyük təltifi xalq yaddaşında əbədi qalmasıdır - bir alim, bir vətənpərvər, bir insan kimi. Bu gün biz Qələbənin 80 illiyini qeyd edərkən həm döyüş meydanında, həm də elmin səngərində vuruşan Vəli Axundovun adını sadəcə yad etmirik, ona haqqını qaytarırıq. Çünki bu bayramın qeyd olunmasında onun da haqqı vardır. Vəli Axundovun ömrü tamamlandı, amma o ömürdə yazılmış izlər silinmədi. O izlər laboratoriya masasındakı saralmış bir qeyd dəftərində, bir əsgərin sağalmış yarasında, bir kəndin təmizlənmiş suyunda, bir tibb tələbəsinin əzbərlədiyi monoqrafiyada yaşayır. Çünki elmin sükutuna bəzən bir insanın ömrü işıq saçır. Vəli Axundov o işıqlardan biri idi. Və bu işıq yalnız bir ömrün deyil, bir xalqın sağlam gələcəyinin işığıdır. Bu işıq illər keçsə də sönməyəcək. Bu ad hər zaman aydınlıq gətirəcək. Cəlil Xəlilov  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu