Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Səbail rayonunda 44 günlük Vətən müharibəsi şəhidi Nağıyev Əli Mehman oğlunun anım günü qeyd olunub

25 oktyabr   2021-cu il tarixdə  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının  Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin işçiləri, şöbə müdiri e/o polkovnik Adil Haqverdiyev,  baş  mütəxəssis Nəbi Hacıyev Bakı şəhəri Səbail    rayonunda yerləşən    91  saylı tam orta məktəbdə tədbirdə iştirak edib. Tədbir  44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş, “Vətən uğrunda” medalı ilə təltif olunmuş(ölümündən sonra) Nağıyev Əli Mehman oğlunun anım gününə həsr olunub.

 

Tədbirdə şəhidin atası Mehman müəllim, anası Lalə xanım, qardaşı Qahir, məktəbin şagird və müəllim kollektivi iştirak edib.

 

Tədbiri məktəbin direktoru Svetlana Zülfüqarova açıb . O, məktəbin məzunu şəhid Əli Nağıyevin məktəb illərində necə bir şagird olmasından, dərsə davamiyyətindən, yoldaşları ilə davranışından danışıb. Əli şəhidlik zirvəsinə yüksəlməklə təkcə valideynlərinin  övladı yox, bütün ata-anaların  övladına  çevrilib. Məktəb direktoru qeyd edib ki, şəhidlərin hər birini yaddaşlarda yaşatmaq bizim müqədəs vətəndaşlıq borcumuzdur.

 

Sonra  şagirdlər səhnəyə dəvət olunublar. Hərbi  formada səhnəyə çıxan şagirdlər hazırladıqları şer parçalarını söyləyiblər.


Çıxış üçün söz Adil Haqverdiyevə verilib. O, ilk öncə  şəhidlərə Uca Allahdan rəhmət, qazilərimizə, döyüşçülərimizə cansağlığı arzulayıb: Mən bir müharibə veteranı kimi söyləyirəm, müharibə nəqədər çətin olsa da, mənim üçün şəhid analarının  gözlərinə baxmaq daha çətin idi. Mən bir daha siz valideynlərin qarşısında baş əyirəm, sizlərə “çox sağ olun” deyirəm ki, belə oğullar yetişdirdiz. 30 ilin həsrətindən sonra Qarabağda yüksələn üçrəngli bayrağımız tökülən qanların hesabına dalğalanır. Səhidlər ölməzdir, onlar əbədi yaşayacaq”.

 

Sonra Nəbi Hacıyev çıxış edib. Tədbirin sonunda xatirə şəkli çəkilib.

2021-10-25 14:50:00
976 baxış

Digər xəbərlər

Gənc nəslin tərbiyəsində Heydər Əliyev məktəbinin rolu

Mənalı ömrünü sözü və əməlinin bütövlüyü ilə yaşayan və elə buna görə də adı tarixə sağlığından əbədi həkk olunan dahi şəxsiyyətlərdən biri ulu öndər Heydər Əliyevdir.  Heydər Əliyev həqiqəti bütün təhrif və saxtalaşdırma cəhdlərini puça çıxarıb. Onun qüdrətinin əvəzsizliyinin təbliğə ehtiyacı qalmayıb. Heydər Əliyev həqiqəti yozulan yox, məhz görünən həqiqətdir, zamanın sınağından çıxdığı uçün əbədiliyinə tarix təminat veribdir. Vətənini, xalqını sevən, milli ideallara xidməti özünün ən ümdə vətəndaşlıq vəzifəsi və borcu sayan hər bir şəxs Heydər Əliyevi Prezident - dövlət başçısı kimi, Ali Baş Komandan kimi, Ümummilli Lider kimi, diplomat kimi, siyasi xadim kimi, iqtisadçı kimi, sıravi vətəndaş kimi, nəhayət, ailə başçısı kimi öyrənməlidir; dövlət quruculuğunu və dövləti idarəetməni, müharibə vəziyyətində sərkərdəliklə incə diplomatiyanı birləşdirməyi, milli ənənəsi olmadığı halda yeni ictimai-siyasi, sosial-iqtisadi münasibətlər dövründə cəmiyyətin demokratikləşdirilməsini, iqtisadi potensialın gücləndirilməsini əlaqələndirməyi, Vətənə - xalqa təmənnasız xidməti, əsldən-nəsildən və köklü ocaqdan gələn ənənə ilə nümunəvi ailə yaratmağı öyrənməlidir.  Heydər Əliyev Prezident - dövlət xadimi kimi Azərbaycan Prezidentini tarixi dövlətçilik ənənəsi olan bir çox ölkə rəhbərlərindən fərqləndirən əsas cəhət milli azadlıq hərəkatını formalaşdırmaq, tənzimləməklə respublikanı əsarətdən qurtarması və müstəqil dövlət qurmasıdır. Heç şübhəsiz, qurulu dövləti idarə etmək yeni bir dövlət quraraq onu idarə etməkdən qat-qat asandır. Tale isə sanki Heyder Əliyevi işıqlı dünyaya Azərbaycan xalqının qarşısına çıxan bütün problemləri həll etmək üçün gətirmişdi. Prezident və dövlət xadimi kimi Heydər Əliyevin fəaliyyətini şərti olaraq iki dövrə ayırmaq olar ki, milli müstəqilliyə qədər və milli müstəqillikdən sonrakı dövrlər. Hər iki dövr üçün xarakterik cəhət Heydər Əliyevin özü üçün həyatının mənası kimi seçdiyi müqəddəs bir amala - Azərbaycana xidmət amalına sonsuz sədaqətidir. Amal isə dəyişməyib, dəyişən amalı gerçəkləşdirmə yolları və vasitələridir. Onun fəaliyyətinin birinci dövründə əsas məqsəd milli ruhun şüurlu oyanışına nail olmaqla milli potensialı qoruyub saxlamaq və gələcək müstəqil Azərbaycan üçün sosial-iqtisadi, mənəvi-psixoloji, hərbi və elmi-mədəni baza yaratmaq idisə, ikinci dövrdə artıq müstəqil, suveren dövlətin azadlığına dönməz xarekter vermək, demokratik, dünyəvi, hüquqi dövlət qurmaq, nizami ordu yaratmaq, iqtisadiyyatı, mədəni-elmi həyatı dirçəltmək, sosial məsələləri nizamlamaq əsas vəzifələr idi.  Tanrı bütün bəndələrinə qarşı mərhəmətlidir, amma onun sevgisini qazanmaq hər bəndəyə nəsib olmur. Bəli, Heydər Əliyev Tanrının sevdiyi bəndədir. Hər əsgər general ola bilməz, amma pis əsgər odur ki, general olmaq istəmir. Bizim hər birimiz, o çümlədən sərhəddə torpaq keşiyini çəkən sıravi bir əsgər də məhz ulu öndər Heydər Əliyev kimi şəxsiyyət olmağa cəhd göstərməlidir. Cəmiyyətdə belə bir cəhdin ənənəyə çevrilməsi əslində əldə edilən uğurları qoruyub saxlamağa və daha da inkişaf etdirməyə qadir vətəndaşların yetişməsinə etibarlı təminat ola bilər. Heydər Əliyev Ali Baş Komandan kimi Azərbaycanda müasir tipli ordunun həm nəzəri, həm də praktiki baxımdan yaradılması məhz Heydər Əliyevin tarixi xidmətidir. Hələ Sovet dövründə milli hərbçi kadrların yetişdirilməsinə xüsusi əhəmiyyət verən Heydər Əliyev C.Naxçıvanski adına hərbi məktəbin açılmasına nail oldu. Əhali, xüsusən gənclər arasında hərb sənətinə neqativ münasibəti kökündən dəyişdirdi, təhlükəsizlik və hüquq mühafizə orqanlarının milliləşdirilməsi prosesinə başladı. Azərbaycanlı hərbçilərin çoxsaylı etirafları bir daha sübut edir ki, məhz Heydər Əliyev hakimiyyətə gələndən sonra Sovet rejimində azərbaycanlı hərbçilərə yüksək rütbələr və məsul vəzifələr verilməyə başlanıldı. Keçmiş SSRİ-nin harasında xidmət etməsindən asılı olmayaraq, hər bir azərbaycanlı əsgər, xüsusən də zabit Heydər Əliyevin simasında özünün karyerasına, bacarıq və istedadının qiymətləndirilməsinə qarant görürdü. Elə o vaxtdan hərbçilər arasında Heydər Əliyev ordu quruculuğunu peşəkarcasına bilən, ən başlıcası isə milli zabit kadrların yeganə qayğıkeşi və himayədarı imicini qazanmışdı.  Bir çox müxalifət liderləri silahlı dəstələrinin əhatəsində siyasi imic qazanmaq üçün canfəşanlıqla “Vətəndən” danışdıqları vaxtlar Heydər Əliyev danışmaq əvəzinə əməli iş görürdü - milli ordunu yaradırdı. Dəmir intizamlı, müasir texnika ilə təchiz edilmiş, həqiqi peşəkarlarla gücləndirilmiş milli ordunun varlığı ilk növbədə özünün xarici havadarlarına arxalanan və “qələbə eyforiyası” yaşayan erməni işğalçılarını atəşkəslə razılaşmağa vadar etdi. Ordunun sosial-məişət qayğıları, əsgər və zabit heyətinin döyüş hazırlığının təkmilləşdirilərək yüksəldilməsi, siyasi-ideoloji və tərbiyəvi işin müstəqil respublikamızın mənafe və marağına uyğun qurulması Ulu Öndərin diqqət mərkəzində idi. İnamsız əsgərin əlində silah əslində ya dəmir parçasıdır, ya da hara tuşlanması dəqiq bilinməyən ölüm mənbəyidir. Heydər Əliyev şərəfli xilaskarlıq missiyasına başlayanda müqəddəs amal naminə silaha sarılan ən vətənpərvər gənclər də az müddətə bütün xalq kimi inamını itirmək təhlükəsi ilə qarşılaşmışdı. Siyasi “xadimlərin”, “cəfakeş millət liderlərinin” sayı artdıqca çaşqınlıq da güclənirdi, hərbi-siyasi vəziyyət murəkkəbləşdikcə, torpaqlarımız, şəhər və kəndlərimiz əldən getdikcə xalqın, o cümlədən silahlı vətənpərvər gənclərin əsl sərkərdəyə ehtiyacı artırdı. Vətənə və xalqa sərkərdə lazım idi. Müharibəyə cəlb olunmuş Azərbaycanda isə qanlı dəyüşləri, ərazi işğalını, azğın düşməni nizami ordunun gücünə dayandırmaq poetik nitqlər söyləməkdən, gəlişi gözəl vədlər verməkdən qat-qat çətin idi və nəticəsi konkret əməli işdə görünən fədakarlıq tələb edirdi. Bu fədakarlığı ilk dəfə məhz Ali Baş Komandan kimi Heydər Əliyev öhdəsinə götürən gündən xalq həsrətlə gözlədiyi sərkərdəni tapdığını başa düşdü. Bu gün Heydər Əliyev Silahlı Qüvvələr, o cümlədən milli təhlükəsizlik orqanının əməkdaşları, Sərhəd Qoşunlarının şəxsi heyəti üçün qanuni yolla seçilmiş ümumxalq sevgisi qazanmış xilaskar sərkərdədir. Heydər Əliyev Ümummilli Lider kimi Xalq Heydər Əliyevə sonsuz inam bəslədiyi kimi, o da xalqa inanırdı, ən başlıcası bu inamını gizlətməyə çalışmırdı. Bu cəhət onun başqa bir özünəməxsusluğu ilə bağlıdır. Heydər Əliyev açıq fəaliyyət göstərən şəxsiyyət idi. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart dövlət çevrilişinə cəhdlər vaxtı Heydər Əliyev ilk növbədə xalqa müraciət etdi, bəla, xəyanət haqqında xalqa açıq, dolğun məlumat verdi, ən ağır məqamda da Bakını, ona inanan xalqını tərk etmədi. Onun səmimiyyəti, cəsarəti, obyektivliyi gecənin yarısı olmasına baxmayaraq, bütün xalqı ayağa qaldırdı. Xalq, o cümlədən ordu yalnız qanuni Prezidentinin səsinə səs vermədi, eyni zamanda tarixində ilk dəfə tapdığı xilaskarının - liderinin müdafiəsinə qalxdı. Heydər Əliyev ümummilli lider olduğunu əməli işlə təsdiq edib. O, bu fəxri və şərəfli ada Prezident olandan sonra yox, əksinə Prezident olmamışdan əvvəl layiq görülüb. SSRİ dövründə respublikanın rəhbəri işləyib, amma milli maraqları dövlət maraqlarından üstün tutub; zahirən kommunist ideologiyasının təbliğatçısı olub, amma əslində milli təhlükəsizliyin tərkib hissəsi olan milli ideologiyanın formalaşaraq təsiredici gücünün qorunub saxlanmasına çalışıbdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyərkən Azərbaycan rəhbərliyinin görməli olduğu, amma görmədiyi işləri həyata keçirib. Bütün dövrlərdə Heydər Əliyev sadəcə olaraq vəzifə borcunu yerinə yetirməyib, tarixi xilaskarlıq missiyası kimi ona etibar olunmuş ümummilli liderliyini şərəflə doğruldubdur. 1993-cü ilə qədər Azərbaycanda vahid xarici siyasət kursu yox idi. Xarici ölkələrlə əlaqələrdə emosiyalar, utopik nəzəri mülahizələr mühüm rol oynayırdı. Heydər Əliyev isə xarici siyasət konsepsiyasını beynəlxalq normalara əsasən qurdu, prioritet istiqamətləri müəyyənləşdirərkən yaxın və uzaq strateji hədəfləri, dövlət və milli maraqları əsas götürdü. Diplomatik əlaqələrdə iqtisadi amilə xüsusi diqqət yetirməsinin sayəsində respublikamıza investisiya qoyuluşu geniş vüsət aldı, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsində, daxildəki iqtisadi-sosial durumun stabilliyində marağı olan ölkələrin sayının artmasına nail oldu. Lissabon Sammitinin nəticəsi əslində Heydər Əliyev diplomatiyasının tarixi qələbəsidir. Mən əminəm ki, gələcəkdə dünya diplomatları və siyasətçiləri Lissabon Sammitini çıxılmaz vəziyyətdən maksimum fayda ilə çıxmağı bacaran Heydər Əliyevin qələbəsi kimi ciddi şəkildə öyrənəcəklər. Heydər Əliyevin təcrübəsi tükənməz həyat məktəbidir. Bu məktəbi öyrənərək başa vurmaq mümkün olmadığı üçün mən sonda bir məsələyə toxunmaq istəyirəm. Heydər Əliyev ata kimi də hər bir vətəndaşa örnəkdir. Uzun illər hakimiyyətinin ən yüksək pilləsində dayanan külli-ixtiyar sahibi kimi o, yeganə oğluna hər cür şərait və təminat yarada bilərdi. Heydər Əliyev oğlu İlham Əliyevi gərgin mübarizələrlə dolu siyasət meydanına tək buraxdı və ən ağır sınaqdan çıxmağı - özünütəsdiqə özünün nail olmasını ona ömür yolu olaraq müəyyənləşdirdi. Hazırda Prezident İlham Əliyev siyasi arenada, beynəlxalq aləmdə qəti addımlarını atır, artıq özünü peşəkar və kamil siyasətçi, iqtisadçı, mahir diplomat kimi tanıdaraq hörmət qazana bilibdir. Cənab İlham Əliyevin uğurları isə yalnız ata Heydər Əliyevin deyil, eyni zamanda Prezident, ümummilli lider Heydər Əliyevin həyat təcrübəsinin və məktəbinin təsdiqidir. Biz belə bir milli sərvətimiz olduğu üçün xoşbəxtik. Biz bu sərvətin qədrini bilərək incəliyinə qədər öyrənib mənimsəsək daha böyük nailiyyətlər qazana bilərik. Cəlil Xəlilov,Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik

Hamısını oxu
İkinci Dünya müharibəsi iştirakçılarına dövlət qayğısı ildən-ilə artır

9 May - Qələbə günü münasibətilə bir qrup İkinci Dünya müharibəsi iştirakçısı ilə görüş olub. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov tədbirdə İkinci Dünya müharibəsində faşizm üzərində tarixi Qələbənin əldə olunmasında Azərbaycan xalqının göstərdiyi misilsiz xidmətləri qeyd edib. Nazir müavini vurğulayıb ki, İkinci Dünya müharibəsi iştirakçılarına ümummilli liderimiz Heydər Əliyev tərəfindən daim yüksək diqqət və qayğı göstərilib. Prezident İlham Əliyevin uğurlu sosial siyasəti İkinci Dünya müharibəsi iştirakçılarına dövlət qayğısının da ildən-ilə artmasına səbəb olub. Bu barədə AZƏRTAC-a nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib. A.Kərimov dövlət başçısının sosial islahatlar paketinin uğurlu nəticələri kimi, cari ilin ötən dövründə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan mühüm addımları diqqətə çatdırıb. O, sosial müavinət və təqaüdlərin orta hesabla 100 faiz artırıldığını, İkinci Dünya müharibəsi iştirakçılarına da yönələn sosial ödənişlərdə də əhəmiyyətli artımların edildiyini deyib. Nazir müavini müharibə ilə əlaqədar əlilliyi olan vətəndaşların dövlət hesabına mənzil və minik avtomobili ilə təminatı və digər sahələrdə görülən işləri də diqqətə çatdırıb. Qeyd olunub ki, hər il 9 May - Qələbə günü ərəfəsində Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardımlar da verilir. Gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsində İkinci Dünya müharibəsi veteranlarının fəal iştirakı vurğulanıb, bu sahədə öz töhfələrini verdiklərinə görə onlara minnətdarlıq ifadə olunub. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Azərbaycanın daim inkişaf edən və güclü orduya malik olan, beynəlxalq nüfuzu artan bir ölkə olmasından qürur hissi keçirdiklərini vurğulayıb. O və digər İkinci Dünya müharibəsi iştirakçıları sosial təminatlarının daim artırılmasından, eləcə də növbəti dəfə birdəfəlik maddi yardımla təmin edilmələrindən razılıqla söz açıb, Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Tədbirdə müharibə veteranları döyüş xatirələrini bölüşüb, incəsənət ustalarının ifasında konsert proqramı təqdim olunub.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Ermənistanın mina terroru ilə bağlı bəyanat yayıb

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Ermənistanın mina terroru ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin B Ə Y A N A T I 30 ildən çoxdur ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi mina terroru davam edir. Böyük təəssüf hissi ilə qeyd edirik ki, 44 günlük Vətən müharibəsinin başa çatmasına, Azərbaycanla Ermənistan arasında sülh mətninin paraflanmasına baxmayaraq, yüzlərlə ailəyə bədbəxtlik gətirən, onlarla insanın həyatına son qoyan mina problemi hələ də öz həllini tapmayıb.  Bu isə Azərbaycan vətəndaşlarının həyat və sağlamlığı üçün ciddi təhdid olmaqla yanaşı, işğaldan azad edilən torpaqlarda abadlıq, quruculuq və məskunlaşma prosesinə ciddi şəkildə mane olmaqda, Azərbaycan və Ermənistan arasında yeni formalaşmaqda olan etimad mühitinə xələl gətirməkdədir. Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycana verməkdən imtina etməsi mövcud vəziyyəti daha da mürəkkəbləşdirməkdə, problemin həllini qeyri-müəyyən vaxta qədər uzatmaqdadır. Bütün bunları nəzərə alaraq Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq beynəlxalq təşkilatları, dünya ictimaiyyətini mina probleminin həllində yaxından iştirak etməyə, bu problemin həlli üçün daha effektiv və qəti addımlar atmağa səsləyirik. Minalarla mübarizə məqsədilə ölkəmizə gərəkli maliyyə dəstəyinin verilməsi, müasir texniki vasitələrin ayrılması, minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməsi üçün Ermənistana daha ciddi təzyiqin göstərilməsi mina probleminin həllinə xidmət edən təsirli vasitələr ola bilər. Xatırladırıq ki, beynəlxalq qanun və konvensiyalarla yasaqlanan mina terroru bütün insanlığa qarşı ağır cinayət hesab olunur və bu terrora son qoyulması irqindən, dilindən, dinindən, millətindən asılı olmayaraq, hər kəsin mənəvi borcu, insanlıq vəzifəsidir. Ümid edirik ki, beynəlxalq təşkilatlar, dünya dövlətləri, beynəlxalq ictimaiyyət Azərbaycanın üzləşdiyi mina probleminin aradan qaldırılması istiqamətində bütün gərəkli addımları atacaq, məlum problemin həllinə dəstək göstərməklə Cənubi Qafqazda etibarlı sülh və təhlükəsizliyin təmininə töhfə verəcəkdirlər”. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Polkovnik Cəlil Xəlilov

Hamısını oxu
РОДНЫМ И БЛИЗКИМ САТТАРОВОЙ ФАТМЫ ГУСЕЙН ГЫЗЫ

Hamısını oxu