Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Şəhidlərimizə ən böyük abidəni qəlbimizdə ucaltmalıyıq”

Məşhur Məmmədov: “Hamımızın onlara borcu var”

 

“Arzu edərdim ki, ailə quran gənclərimiz öncə şəhidlərimizin, qəhrəmanlarımızın abidəsini ziyarət etsin”

 

“Hərbçilərimiz 44 günlük müharibədə bütün dünyaya vətəni necə sevmək və qorumaq gərəkdiyini göstərdi”

 

Bir müddət bundan öncə 8 Noyabr- Zəfər günü Azərbaycan xalqı tərəfindən sevinc və coşğu ilə qeyd olundu, xalqa bu zəfəri qazandıran şəhidlərimizin ölümsüz xatirəsi respublikamızın hər bir bölgəsində ehtiramla yad edildi.

 

Veteran.gov.az olaraq millət vəkili Məşhur Məmmədovla söhbətimizdə bu tarixi zəfərin önəmini bir kəs daha təhlil etməklə yanaşı, post-müharibə dönəmində qarşıda duran vəzifələrə də nəzər salmağa çalışdıq:

 

-Məşhur müəllim, noyabrın 8-də Azərbaycan xalqı düşmən üzərindəki tarixi qələbəsinin birinci ildönümünü təntənə ilə qeyd etdi. Bilmək istərdik ki, bu qələbə bizə torpaqlarımızla yanaşı, daha nələri qaytardı?

 

-8 Noyabr bizim üçün həm Zəfər Günü, həm də qürur günüdür. Bu gün mənliyimizin, qürurumuzun bərpası günüdür. 8 Noyabr şəhid ruhlarının sakitləşdiyi, dinclik tapdığı gündür.

 

Bu gün bizim üçün başqa bayramlardan fərqlənir. Biz uzun illər torpaqlarımızın işğalda qalması səbəbi ilə böyük narahatlıq, gərginlik keçirmişik. Rayonlarımızın ermənilər tərəfindən işğalı günlərini ağrı və yas içində qeyd etmişik. Indi bu yasdan çıxmalıyıq. İnsanlarımız, gənclərimiz qalib, qürurlu dövlətin vətəndaşları kimi yaşamalıdır. Əgər qürur hissini, qalib xalq düşüncəsini onların ruhuna, qəlbinə yeridə bilsək, biz o zaman çox şey qazanarıq.

 

Şübhəsiz, qələbə qürurunu yaşamağımız o demək deyil ki, biz keçmişdə baş verənləri unutmalıyıq. Biz baş verənləri unutsaq, bu, gələcəkdə yeni fəlakətlərlə üzləşməyimizə səbəb ola bilər. Biz tariximizi, keçmişimizi öz düşüncəmizdə, yaddaşımızda, ədəbiyyatımızda, dərsliklərimizdə və digər müstəvilərdə yaşatmalıyıq. Tarixini unudanın gələcəyi olmur. Biz keçmişimizi unutmayaraq qalib dövlət, qalib xalq kimi gələcəyə əzmlə, inamla addımlamalıyıq.

 

-Azərbaycan ordusunun cəmi 44 gün içində düşməni darmdağın edərək ərazi bütövlüyünü təmin etməsi bəzən zəfərin asan qazanıldığı ilə bağlı təəssürat yaradır. Sizcə doğrudanmı hər şey asanlıqla əldə edildi?

 

-Bu qələbəni qazanmaq bizim üçün asan olmayıb. Ümumiyyətlə, asan müahribə olmur. Biz bu qələbəyə 30 il yol getmişik. Biz Birinci Qarabağ müharibəsində də qalib gələ bilərdik. O zaman bu qalibiyyətə iki amilin yoxluğu mane oldu. Bunlardan biri milli ideologiyanın yetərincə güclü olmaması, digəri isə liderin yoxluğu amili idi. Qələbənin üç amili var: bunlar iqtisadi güc, qüdrətli ordu, bir də sərkərdə amilidir. Qələbələri sərkərdələr qazanır. Ola bilsin ki, ordu da, silah da mövcud olsun. Lakin ağıllı, cəsarətli, bacarıqlı sərkərdə yoxdursa, qələbə qazanmaq çox çətin olur.

 

Vətən müharibəsində dövlət başçısı sadəcə prezident kimi deyil, həm də Ali Baş Komandan, sərkərdə kimi çıxış etdi. Düşmənlə hərb meydanında olduğu kimi infoirmasiya, diplomatiya müstəvisində də uğurla mübarizə apardı. Ölkə başçısı Vətən müharibəsi dönəmində daxildəki müxalif qüvvələri də ali məqsəd uğrunda mübarizədə birləşdirməyə nail oldu və bu birlik, bu əzm bizi 8 Noyabr zəfərinə gətirib çıxardı. Biz 8 Noyabr zəfəri ilə mümkünsüz kimi görünənin mümkün olduğunu sübut etdik. Nə qədər ki, Azərbaycan xalqı, Azərbaycan dövləti var, 8 Noyabr zəfəri hər zaman böyük fəxr və qürur hissi ilə qeyd olunacaq, iftixar hissi ilə yad ediləcək.

 

-Məşhur müəllim, müharibə zamanı hərbi əməliyyatlar payız-qış mövsümünə təsadüf etsə də, həmin vaxt hava şərtləri əvvəlki dönəmlərlə müqayisədə daha mülayim idi. Hansı ki, bu, əks-hücum əməliyyatı həyata keçirən ordumuzun  irəliləməsi üçün əlverişli imkan yaradırdı. Sizcə məlum reallıq müharibə dönəmində təbiətin də haqqın, ədalətin yanında yer alması kimi şərh edilə bilərmi?

 

-Bu müharibədə Allah da, təbiət də bizim yanımızda idi. Baxın, Vətən müharibəsi pandemiyanın geniş vüsət aldığı, bütün dünyada sərhədlərin bağlandığı, ciddi məhdudiyyətlərin tətbiq edildiyi vaxtda təsadüf etdi. Əgər sərhədlər açıq olsaydı, gediş-gəlişdə heç bir məhdudiyyət olmasaydı, pandemiya ilə mübarizə bunca güc və zaman tələb etməsəydi, o zaman ölkəmizə təzyiqlər də kifayət qədər böyük ola bilərdi.

 

Pandemiya dönəmində insanların bir araya gəlməsi koronaviruysun yayılması üçün əlverişli zəmin yaratdığı üçün bu cür toplantılar yasaqlanmışdı. Orduda isə bir maşında onlarla əsgər toplanır, kilometrlərlə məsafə qət edirdilər. Lakin o dövrdə heç bir əsgərimiz kronavirusa yoluxmadı.

 

Bundan başqa, ötən ilki hava şərtləri də builki hava şərtləri ilə müqayisədə daha mülayim idi. Sanki təbiət də hərbçilərimizi qoruyurdu. Biz ədalət uğrunda, öz haqqımız, torpağımız uğrunda mübarizə aparırdıq. Buna görə də Allah da, təbiət də bizim yanımızda oldu. Mən bunu belə izah edərdim.

 

-Vətən müharibəsindən cəmi bir il ötsə də, artıq respublikamızın bir çox şəhər və rayonlarında şəhidlərimiz, qəhrəmanlarımızla bağlı çoxlu abidələr ucaldılıb, onların adlarının əbədiləşdirilməsi istiqamətində ciddi addımlar atılıb. Sizcə bu sahədə görülən işlər, atılan addımlar keçmişə hörmət və ehtiram əlaməti olmaqla yanaşı, gələcəyimiz baxımından hansı əhəmiyətə malikdir?

 

-Biz tariximizi yaddaşımıza köçürməklə yanaşı, həm də qəlbimizdə yaşatmalıyıq. Şəhidlərimizə, qəhrəmanlarımıza ən böyük abidəni hər şeydən öncə qəlbimizdə ucaltmalıyıq. Çünki bizə bu zəfəri şəhidlərimiz, qazilərimiz, qəhrəmanlarımız qazandırıb. Biz şəhidlərimizə, qəhrəmanlarımıza olan sevgimizi onların xatirəsini əbədiləşdirməklə, habelə onların doğmalarının, yaxınlarının yanında olmaq, onlara qayğı göstərməklə bildirməliyik. Hər bir şəhidin xatirəsi qəlbimizdə əbədi yaşamalıdır.

 

Abidələr sadəcə şəhidlərimizi, qəhrəmanlarımızı xatırlamağa deyil, həm də keçdiyimiz bu yolu unutmamağımıza xidmət etməlidir. Çünki şəhdilərimiz bizə ləyaqətimizi, şərəfimizi, mənliyimizi, qürurumuzu qaytardı. Buna görə də bizim hamımızın onlara borcu var. Bu gün dünyanın heç bir yerində ermənilər bizim xalqın nümayəndələrinin üzünə dik baxa bilmirlər. Bu, bizim əsgərlərimizin, zabitlərimizin şücaəti nəticəsində baş tutub. Buna görə də şəhərlərimizin, kəndlərimizin ən gözəl, ən baxımlı yerlərində onlra abidələr qoyulmalıdır və necə ki, qoyulur. Çünki bu abidələr gələcək nəsillərin tərbiyəsi, onların vətənpərvərlik ruhunda formalaşması baxımından da vacibdir. Biz şəhidlərimizin, qazilərimizin xatirəsini həm də kitablarda, filmlərdə, əsərlərdə yaşatmalıyıq.

 

Azərbaycan Respublikaısnın Prezidenti öz çıxışlarında dəfələrlə qeyd edib ki, Azərbaycan ordusu digər ordulardan fərqlidir. Müharibə vaxtı Azərbaycan ordusunda bir nəfər də olsun fərari olmayıb. Bunların hamısı bizim insanların vətənini, torpağını necə sevməsinin nümunəsidir.

 

Mən çox arzu edərdim ki, ailə quran gənclərimiz öncə həmin şəhidlərimizin, qəhrəmanlarımızın abidəsini ziyarət etsinlər, onların önünə gül dəstələri qoysunlar. Bu abidələr önündə şəkillər çəkdirsinlər və bu şəkilləri hər zaman işıqlı bir xatirə kimi qoruyub saxlasınlar.

 

-Sizcə post-müharibə dönəmində  milli maraqlarımızın müdafiəsi baxımından həm ölkəmizdəki, həm də respublikamızdan kənardakı soydaşlarımızın üzərinə hansı vəzifələr, hansı öhdəliklər düşür?

 

-Bütün dünya erməni vandalizminin şahididir. Ermənilər təkcə ərazi iddiası ilə çıxış etmirdilər. Onlar sadəcə insanlarımızı evindən, eşiyindən didərgin salmayıblar. Onlar həm də 20 mindən çox insanımızın həyatına qəsd ediblər. Onların  8-9 mini hərbi qulluqçudur. 11-12 min insanın içərisində bir aylıq körpədən tutmuş 90 yaşına qədər insanlar olub. Biz heç vaxt bunu unuda bilmərik.

 

Ermənilər sadəcə insanlarımıza qarşı qəddarlıq sərgiləməyib. Onlar həm də tariximizə, mədəni irsimizə, təbiətimizə qarşı amansızlıq sərgiləyiblər. Hektarlarla meşələrimizin məhv ediblər. Su hövzələrimizi zəhərləyiblər. Onlar bunu məqsədli və sistemli şəkildə ediblər. Bu faktlar göstərir ki, ermənilər özləri də bu ərazilərdə daimi yaşamayacaqlarını yaxşı biliblər. Daimi yaşamaq istəyənlər barbar ola bilməz. Onlar hər şeyi dağıdıb məhv ediblər. Bu ərazilərdə heç kim yaşamayıb. Hazır tikililəri belə söküb satıblar. Onlar heç vaxt bu torpaqları özlərininki hesab etməyiblər. Bu torpaqları özününkü hesab edən bu torpaqlarda heç vaxt bu miqyasda vəhşilik törətməz.  Biz bu həqiqətləri dünyaya çatdırmaq üçün əlimizdən gələni etməliyik. Bu bizim həm mənəvi, həm də milli borcumuzdur. Biz Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırmalıyıq. Hər birimiz bu məsələdə əlimizdən gələni əsirgəməməliyik. Ermənilərin törətdikləri vəhşiliklərə görə beynəlxalq məhkəmələrə cəlb etmək, lazımi təzminat ödəmələrinin təmin olunmasına nail olmaq hər birimizin borcudur.

 

Dünyada 50 milyondan çox azərbaycanlı yaşayır. Həm Avropa və ABŞ-da, həm də digər regionlarda azərbaycanlıların yaratdığı cəmiyyətlər, vətəndaş institutları mövcuddur. Bu cəmiyyətlər və institutlar da bu məsələdə aktiv rol oynamalı, ermənilərin hüquqi müstəvidə cəzalandırılması üçün hər bir imkanı dəyərləndirməliyik.

 

-Məşhur müəllim, müharibə başa çatsa da, zaman-zaman Ermənistan tərəfinin müxtəlif təxribatlara əl atdığına şahid oluruq. Sizcə rəsmi İrəvanın bu kimi təxribatlarla nəyəsə nail olması mümkündürmü?

 

-Ermənistan ordusu 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən ağır məğlubiyətə uğradılıb. Düşmənin hərbi potensialının 80%-i məhv edilib. Ermənistan iqtisadi baxımdan da ağır böhran vəziyyətindədir və regional layihələrin hamısından kənarda qalıb. Buna səbəb rəsmi İrəvanın uzun illər ərzində apardığı işğalçı-təxribatçı siyasət olub.

 

Azərbaycan Vətən müharibəsi nəticəsində düşməni məğlub edərək işğaldakı torpaqlarını azad edib. Düşmənin başını “dəmir yumruğu” ilə əzib. Lakin görünən odur ki, hələ də Ermənistandakı bəzi revanşist-təxribatçı qüvvələr baş verənlərdən nəicə çıxartmaq istəmirlər.

 

Əminliklə deyirəm ki, Ermənistan bu kimi təxribatlarla heç nəyə nail ola bilməyəcək. Ölkə başçısının bildirdiyi kimi, “Dəmir yumruq” yerindədir. Vətən müharibəsi də sübut etdi ki, Azərbaycan Ordusu hər cür təhdid və təxribata layiqli cavab verməyə qadirdir və bundan sonra da ərazi bütövlüyümüzü pozmaq istəyən hər kəs bu “Dəmir yumruğun” ölümcül zərbəsini hiss edəcək.

 

Seymur ƏLİYEV

 

 

2021-11-23 11:24:00
1246 baxış

Digər xəbərlər

Azərbaycanın milli təhlükəsizlik siyəsətinin formalaşması, müstəqilliyimizin möhkəmlənməsi Heydər Əliyevin adı ilə bağlıdır

1993-cü ildən ölkə səviyyəsində xüsusi istiqamət kimi, vahid prinsiplərə söykənən milli inkişaf və təhlükəsizlik siyasəti həyata keçirilməyə başladı. Azərbaycanın milli inkişaf və təhlükəsizliyininnəzəri və praktiki məsələləri geniş ictimai-siyasi və elmi müzakirəyə çıxarıldı, onun konseptual əsasları müəyyən edildi. Həmin dövrdən etibarən bu siyasət müstəqil dövlət quruculuğu proseslərinin bütün sahələrini əhatə edərək, milli inkişafın və dövlət idarəçiliyinin əsas vasitələrindən birinə çevrildi.  Azərbaycanın milli təhlükəsizlik fəaliyyəti ilk 5-6 ildə əsasən təcili və təxirəsalınmaz işlərdən - ölkədə dərin ictimai-siyasi və so-sial-iqtisadi böhranın doğurduğu daxili və xarici təhdidlərin qarşısının alınmasından, vətəndaş qarşıdurmasının dayandırılmasından və ölkə miqyasında dövlət idarəçiliyinin yaradılmasından ibarət idisə, sonrakı illərdə, xüsusən, 1998-ci ildən başlayaraq dövlətin xarici və daxili təhlükəsizliyinin milli sisteminin yaradılması sahəsində ardıcıl konseptual siyasi xəttə çevrilmişdir.  Azərbaycan Respublikasının milli təhlükəsizliyinin nəzəri əsasları müstəqil dövlətimizin banisi Heydər Əliyevin 1993-2003-cü illərdəki ayrı-ayrı çıxışlarında öz əksini tapmışdır.  Lakin bütövlükdə ölkənin Milli Təhlükəsizlik Konsepsiyasının ərsəyə gəlməsi və təhlükəsizlik siyasətinin tam formalaşdırması üçün Azərbaycan hökumətinə xeyli vaxt lazım olmuşdur. Heydər Əliyevin milli təhlükəsizlik siyasətinin mühüm istiqamətlərindən biri də milli təhlükəsizlik orqanlarının fəaliyyətinin müasir tələblər səviyyəsində təşkili və fəaliyyət istiqamətlərinin müəyyənləşdirməsi idi. O, Azərbaycan təhlükəsizlik orqanlarının müstəqillik illərindəki tarixini şərti olaraq iki dövrə bölürdü: 1991-1993-cü illər və ondan sonrakı dövr. Birinci dövrdə ölkəyə rəhbərlik etmiş şəxslərin naşılığı üzündən Milli Təhlükəsizlik Nazirliyinin də fəaliyyəti nəzarətdən kənarda qalmışdı, bu orqan dürüst istiqamətləndirilmirdi, peşəkarlıq tələblərinə görə yox, qrup və partiya maraqlarına görə formalaşdırılırdı. Odur ki, nazirlik ölkənin başı üstünü almış çox ciddi fəlakətlər barədə qabaqlayıcı məlumat-lar əldə edib, onların qarşısını almaq üçün tədbirlər görmək əvə-zinə, əksər hallarda artıq törədilmiş cinayətlərin və milli maraqlara vurulmuş ağır zərbələrin qeydiyyatçısınaçevrilmişdi. 1993-cü ildə hakimiyyətə gələn Heydər Əliyev xüsusi xidmət orqanlarının qarşısında öz səlahiyyətlərinə daxil olan vəzifələri yerinə yetirmək üçün peşəkar kadr potensialını formalaşdırmaq, strukturunu təkmilləşdirmək, təhlükəsizlik orqanlarının fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, onları xalqın maraqlarına cavab verən səviyyədə hazırlamaq və həyata keçirmək üzrə prinsipləri və vəzifələri müəyyən etdi. Mövcud daxili və xarici təhdidlərə baxmayaraq, təhlükəsizlik orqanlarının əməkdaşları öz işlərini Heydər Əliyevin tapşırıq və tövsiyələri əsasında qurmağa və həyata keçirməyə çalışırdılar. Böyük inamla demək olar ki, Azərbaycan Respublikasının hüquq mühafizə və təhlükəsizlik orqanlarının fəaliyyətinin dirçəliş və yüksəliş, sözün əsl mənasında milli maraqlara xidmət dövrü məhz Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı, bu qurumların işinin yenidən təşkilinə və nizamlanmasına göstərdiyi tələbkarlıq, eyni zamanda gündəlik nəzarəti, qayğısı və diqqəti ilə bağlı idi. Heydər Əliyev 1997-ci il iyunun 28-də Milli Təhlükəsizlik Nazirliyində milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsinə həsr olunmuş mərasimdəki çıxışında təhlükəsizlik orqanlarının qarşısında aşağıdakı vəzifələri qo-yurdu: “Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi artıq dirçəlib, formalaşıb, öz gücünü toplayıb və həqiqətən müstəqil Azərbaycan Respublikasının dövlət təhlükəsizliyini təmin etməyə, qorumağa qadirdir. Ancaq eyni zamanda sizin qarşınızda hələ çox böyük və-zifələr var. Birinci vəzifə ondan ibarətdir ki, sovet dövründə də, müstəqillik dövründə də bu orqanda buraxılmış səhvlər bundan sonra bir daha buraxılmasın. Sizin ən əsas məqsədiniz ondan ibarətdir ki, heç bir vətəndaşa qarşı ədalətsiz hərəkət edilməsin. Hər bir vətəndaşın hüquqlarının qorunması bizim dövlətimizin və pre-zident kimi mənim əsas vəzifəmdir. Bu vəzifənin də böyük bir hissəsini siz həyata keçirməlisiniz. İnsanların hüquqlarının qorunması, təhlükəsizliyinin təmin olunması, təkcə dövlətin yox, cəmiyyətin, xalqımızın da təhlükəsizliyinin təmin edilməsi sizin vəzifənizdir. Ona görə də bir tərəfdən siz çox ciddi, cəsarətli tədbirlər görməlisiniz, ikinci tərəfdən, keçmişdə buraxılan səhvlərin heç birisini buraxmamalısınız. Yenə də deyirəm, gərək heç kəs ədalətsiz olaraq heç bir məhrumiyyətə məruz qalmasın, heç kəsin hüququ tapda-lanmasın, heç kəsin mənliyinə toxunulmasın, hər kəsin vətəndaş ləyaqəti qorunub saxlanılsın”. Onun təhlükəsizlik və hüquq-mühafizə orqanlarının qarşısında qoyduğu tələblər nəticəsində 1990-94-cü illərdə müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yönəlmiş qəsdlər, terror aktlarının və digər ağır cinayətlərin qarşısının alınması istiqamətində əsaslı işlər görüldü. Belə ki, Heydər Əliyev «Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsitədbirləri haqqında» 9 avqust 1994-cü il tarixli fərmanın-da Azərbaycan Respublikasının güc strukturları qarşısında mühüm vəzifələr qoydu. Dövlətin iqtisadi, siyasi əsaslarının təhlükəsizliyi, vətəndaşların həyatı, səhhəti və mülkiyyət hüquqları əleyhinə yö-nəldilən və əsasən mütəşəkkil cinayətkar dəstələr, qanunsuz silahlı birləşmələr və digər cinayətkar ünsürlər tərəfindən törədilən terror aktları, təxribat, qəsdən adam öldürmə, banditizm, silahın, döyüş sursatının və partlayıcı maddələrin talanması, eləcə də digər cinayətkarlıq hallarına qarşı mübarizəni gücləndirdi. Bundan başqa, Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliklərinə ağır cinayətlərin qarşısının alınması və üstünün açılması üçün əməliyyat-axtarış fəaliyyəti üzrə xidmət sahələrinin işini əsaslı şəkildə yaxşılaşdırmaq məqsədi ilə kompleks tədbirlərin hazırlanması və həyata keçirilməsi tapşırığı verildi. Əhalidə və qanun-suz dəstələrdə olan silah-sursatın yığılması, cinayətkar dəstələrin ləğv edilməsi, pozucu qüvvələrin təxribat aksiyalarının qarşısının alınması və s. istiqamətlərdə görülən işlər ölkədə sabitliyin və milli təhlükəsizliyin təmin edilməsinə tam zəmin yaratdı. Heydər Əliyevin peşəkarlığı və yüksək idarəçilik qabiliyyəti sayəsində sabitlik əldə edildi. Onun təhlükəsizlik orqanları qarşısında yeni reallıqlardan irəli gələn vəzifələr qoyması ilə artıq qa-baqlayıcı məlumatlar əsasında cinayətlərin hazırlıq, yaxud baş vermə ərəfəsində qarşısının alınmasına nail olundu. Heydər Əliyevin Azərbaycanın milli təhlükəsizlik siyasətinin aparıcı istiqamətlərini işləyib hazırlaması, Azərbaycan xüsusi xidmət orqanları qarşısında duran taleyüklü vəzifələri müəyyənləşdirməsi, respublikamızın digər dövlətlərlə təhlükəsizlik sahəsində strateji tərəfdaşlıq münasibətlərinin təşəkkülü yönümündə ardıcıl fəaliyyəti, Azərbaycanın təhlükəsizlik siyasətinin yaxın və uzaq perspektivi üçün konseptual müddəalarını açıqlaması, ümumiyyətlə, müasir dövrdə Azərbay-canın təhlükəsizlik strategiyası onun adı ilə bağlıdır. Dahi siyasətçi Heydər Əliyev nəinki bu strategiyanı formalaşdırmış, eyni zaman-da, onun əməli surətdə həyata keçirilməsi üçün konkret istiqamətləri dəqiq müəyyənləşdirmişdir. MTN-in əməkdaşları tərəfindən aparılan gərgin iş nəticəsində 1994-1997-ci illərdə Azərbaycan Respublikası əleyhinə xarici xüsusi xidmət orqanlarının pozuculuq fəaliyyətinin qarşısı əsasən alınmış, onlar tərəfindən məxfi əməkdaşlığa cəlb olunmuş 213 ölkə vətəndaşı aşkarlanmış, onlardan 27 nəfəri casusluq fəaliyyətinə görə məhkum olunmuş, 186 nəfər isə profilaktik iş aparılmaqla cinayət yolundan çəkindirilmiş, 13 əcnəbi casus ifşa edilmişdir. Respublikada 3 dəfə vətəndaş müharibəsi təhlükəsinin, 7 dövlət çevrilişi cəhdinin qarşısı alınmış, 5 cəhd hazırlıq mərhələsində lokal-laşdırılmış, terror-təxribat törətmək istəyən onlarca şəxs və qrup vaxtında zərərsizləşdirilmişdir. Azərbaycan Respublikası bu gün öz dövlətçilik ənənələrini daha da inkişaf etdirərək etibarlı gələcəyi, əbədiyaşarlığı üçün sar-sılmaz təməl yaradır. Bu sahədə üzərinə mühüm vəzifələr düşən Milli Təhlükəsizlik Nazirliyi (indiki Dövlət Təhlükəsizlik Xidməti)  Azərbaycan xalqının ən böyük nailiyyəti olan dövlət müstəqilliyinin qorunub saxlanılmasında və daha da möhkəmləndirilmə-sində mühüm işlər görmüşdür. Milli Təhlükəsizlik Nazirliyi (indiki Dövlət Təhlükəsizlik Xidməti) ölkənin və xalqın təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı, müstəqil respublikamızın sələfi olan Azərbaycan Xalq Cümhuriyyətindən miras qalmış milli-mənəvi dəyərlərin qorunması, irslə varis arasındakı bağların bərpası istiqamətində də xeyli uğurlar qazanmışdır. MTN Heydər Əliyevin rəhbərliyi altında yalnız keçmişin mütərəqqi ənənələrinin və müasir dövlətimizin təhlükəsizliyinin keşiyində dayanmamış, həm də sabahın, gələcəyin təminatçısı funksiyasını ləyaqətlə yerinə yetirməyə çalışmışdır. Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər nəticəsində təxribat-pozuculuq hallarına son qoyuldu. Heydər Əliyevin qeyd etdiyi kimi: «…xaricdəki və ölkə daxilindəki pozucu qüvvələr Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyi pozmaq, iqtisadi islahatların həyata keçirilməsinə və ölkəyə xarici kapitalın axınının təmin olunmasına mane olmaq məqsədi ilə digər təxribat əməllərinə, hətta ölkə başçısına qarşı terror aktlarına da əl atdılar. Həyata keçirilən məqsədyönlü və qəti tədbirlər nəticəsində bütün bu cəhdlərin qarşısı alındı». Lakin müasir dövrdə Azər-baycanda daxili təhlükəsizliyintəminatı məqsədi ilə terrorizmə qarşı mübarizə yalnız erməni terror təşkilatları və ya Ermənistan dövləti tərəfindən dəstəklənən terror təşkilatlarına qarşı mübarizə ilə məhdudlaşmır. Məhz Heydər Əliyevin apardığı siyasət nəticəsində bu gün də Azərbaycan beynəlxalq antiterrorkoalisiyasının üzvlərindən biri olmaqla ölkə daxilində müvafiq təşkilatların və onlarla əlaqədə şübhəli bilinən qurumların fəaliyyətinin maksimal dərəcədə nəzarət altında saxlanılmasınanail olmuşdur. Bu faktlar öz ifadəsini 2003-cü ilin mayın əvvəllərində ABŞ Dövlət Departamenti tərəfindən dərc edilmiş «2002-ci ildə dünyada terrorizmin vəziyyəti haqqında» hesabatda da tapmışdır. Müasir dövrdə Azərbaycanın beynəlxalq antiterror koalisi-yasının fəal üzvlərindən olması bir tərəfdən ölkəmizin beynəlxalq birliyin üzvü kimi ümumdünya səviyyəsində cərəyan edən proseslərdən kənarda qalmaması baxımından mühüm əhəmiyyət kəsb edirsə, digər tərəfdən bu ölkəmizin daxili motivlərindən irəli gəlir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ABŞ-da 2001-ci ilin məlum 11 sentyabr terror aktları ilə bağlı bəyanatında bildirirdi: «Terrorçuluğun bütün təzahür formalarını qətiyyətlə pisləyən Azərbaycan terrorçuluğa qarşı mübarizə aparmış və bu istiqamətdə dünya dövlətləri və qurumları ilə əməkdaşlığa hazır olduğunu nümayişə çıxarır”.  Heydər Əliyev dünyanın ən nəhəng kürsülərindən Ermənistan dövlətinin terrorçuluq siyasətini pisləyəndə və terrorçuluğun bəşəriyyət üçün böyük fəlakət olduğunu elan edəndə bu sözlərə o qədər də ciddi reaksiya verilmirdi. Yalnız terror aksiyası iri, sivil dövlətlərdə baş verəndə bu siyasətçinin uzaqgörənliyini, terrorun müharibədən daha dəhşətli, daha qorxunc hadisə olduğunu dərk etdilər və qlobal səviyyədə dünyanın böyük dövlətləri bu problemlə məşğul olmağa başladı. Hazırda dünyanın əksər aparıcı dövlətlərinin xüsusi xidmət orqanlarının diqqət mərkəzində duran terrorçuluqla mübarizə məsələsi Azərbaycan təhlükəsizlik orqanları üçün də mühüm əhəmiyyət kəsb edir. Son dövrlərdə terrorçuluğun yeni bir qolu kimi meydana çıxmış nüvə texnologiyaları və ikili xassəli maddələr qaçaqmalçılığı və s. dünyada gedən prosesləri diqqətlə izləməyə və geosiyasi mövqeyinə görə bir sıra dövlətlərin maraq dairəsində olan ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizindən beynəlxalq terror-çuluq fəaliyyətində istifadə edilməsinin qarşısını almaq üçün Azər-baycanın təhlükəsizlik orqanları bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirmişdir. Ölkəmizə münasibətdə siyasi-iqtisadi, hərbi təcavüzkar niyyətlərini gizlətməyən təcavüzkar Ermənistanın, o cümlədən bəzi dövlətlərin müəyyən dairələrinin bir çox hallarda üst-üstə düşən maraqları və bu maraqlardan doğan kəşfiyyat-pozuculuq fəaliyyətləri Azərbaycanın təhlükəsizlik orqanlarını düşünülmüş və qabaqlayıcı addımlar atmağa sövq edir. Heydər Əliyevin rəhbərliyi altın-da MTN əməkdaşlarının gərgin əməyi, öz işinə yüksək peşəkarlıq və dərin məsuliyyət hissi ilə yanaşması nəticəsində son dövrlərdə bəzi xarici xüsusi xidmət orqanlarının təsir və təzyiq cəhdlərinin, respublikamızın suverenliyinə qarşı yönəldilmiş bir sıra terror-təxribat hərəkətlərinin qarşısı vaxtında alınmış və müvafiq tədbirlər görülmüşdür. Heydər Əliyevin dövlətin və dövlətçiliyin möhkəm-ləndirilməsiistiqamətində apardığı siyasət onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirilir və öz qalib gücünü göstərir. Heydər Əliyevin siyasi kursu Azərbaycanı hüquqi, demokra-tik, dünyəvi dövlət kimi Avropaya inteqrasiya etdirir, qloballaşma-ya aparır. Müasir, çağdaş sivilizasiyalı yol da qloballaşmadan keçir. DTX-nın dünyanın bir çox ölkələrinin xüsusi xidmət orqanları ilə terrorçuluğa, narkobiznesə, mütəşəkkil cinayətkarlığın digər forma-larına qarşı mübarizə sahəsində beynəlxalq əlaqələrini ildən-ilə genişləndirməsi də bu təhlükənin tamamilə aradan qaldırılmasına xidmət edir. Antiterror koalisiyasının fəal üzvlərindən olan Azərbaycanın qəti və prinsipial mövqeyi, terrorçuluqla mübarizənin konkret nəticələri, intensiv informasiya mübadiləsi, beynəlxalq axtarışda olan şəxslərin tutulması və müəyyən edilmiş qaydada təhvil verilməsi, əməkdaşlıq üzrə əlaqələrimizin önəmli nümunələri ictimaiyyətimiz və tərəfdaş dövlətlər tərəfindən daim yüksək qiymətləndirilir və təqdir olunur. Ölkədə sabitlik təmin olunduqdan sonra Milli Təhlükəsizlik Nazirliyində işlər öz məcrasına düşdükcə onun təşəkkülü ilə bağlı lazımi hüquqi sənədlər də imzalanırdı. «Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında» Azərbaycan Respub-likası Qanununun tətbiq edilməsi barədə fərman (1 fevral 1999-cu il), «Narkotik vasitələrin, psixotropmaddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında» Azərbaycan Respub-likası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanları (4 avqust 1999-cu il, 24 avqust 2002-ci il), «Terrorizmə qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanı (30 avqust 1999-cu il), «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanları (11 noyabr 1999-cu il və 24 avqust 2002-ci il) və sair hüquqi sənəd-lərin qəbul edilməsi MTN-in fəaliyyətinin istiqamətlənməsində, hüquqi bazanın yaradılmasında əvəzsiz rol oynadı. Bu gün Heydər Əliyevin siyasi kursunu inamla və uğurla davam etdirən, Azərbaycan Respublikasının Prezidenti İlham Əli-yevin rəhbərliyi ilə Azərbaycan öz dövlətçilik ənənələrini daha da inkişaf etdirir. Məhz Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə mühüm təşkilati-əməli islahatların həyata keçirilməsi, zəruri hüquqi bazanın möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər planı işlənib hazırlanmışdır. «Milli təhlükəsizlik haqqında», «Kəşfiyyat və əks-kəşfiyyat haqqında», «Dövlət  sirri haqqında» Azərbaycan Respublikası qanunlarının, «Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası»nın və sair qanunvericilik aktların, normativ-hüquqi sənəd-lərin qəbulu təhlükəsizlik orqanlarının fəaliyyət istiqamətlərinin qanunvericilik bazasının təkmilləşdirilməsinin göstəriciləridir. Hazırda qlobal təhlükəsizlik arxitekturasının, beynəlxalq nizamın ciddi təzyiq və təsirlərə məruz qaldığı, regional əmin-amanlığa təhdidlərin artdığı bir dövrdə dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyin qorunması və möhkəmləndirilməsiişinin daha da yüksəldilməsi təhlükəsizlik orqanlarının da fəaliyyətinin daim təkmilləşdirilməsini, müasir çağırışlara cavab verən adekvat bir xüsusi xidmətə çevrilməsini zəruri edir.  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik  Cəlil Xəlilov  

Hamısını oxu
"Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir!" adlı maarifləndirici tədbir keçirilib

Tədbir Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə baş tutub Veteran.gov.az xəbər verir ki, 26.05.2022-ci il tarixdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı və Gəncə Maarif Evinin dəstəyi ilə 28 May Müstəqillik Gününə həsr olunmuş "Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir!" adlı maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun müdiri Rəşad Əlizadə, Gəncə Maarif Evinin rəhbəri İmamverdi Vəliyev, Ombudsmanın Gəncə Regional Mərkəzinin baş məsləhətçisi Xəyal Alverdiyev, Gəncə Dövlət Universitetinin tarix kafedrasının müəllimi Elnur Hacıyev çıxış edərək, 28 May Müstəqillik Gününün Azərbaycan xalqının tarixində ən şanlı, parlaq səhifələrdən biri olduğunu və əsrlərlə müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqının XX - əsrin əvvəllərində bu may günündə öz arzusuna qovuşduğunu diqqətə çatdırmışlar. Qeyd edək ki, ümumilikdə tədbirdə 50-dən çox gənc iştirak etmişdir.  

Hamısını oxu
Qəhrəmanlar unudulmur! Məmiş Abdullayevin döyüş yolu, Azərbaycan xalqının mübarizə və qələbə tarixinin bir parçasıdır

1941-ci il iyunun 22-də faşist Almaniyası SSRİ-yə xaincəsinə hücum etdi. 1940-cı il dekabrın 18-də təsdiq edilmiş SSRİ-yə hücum -"Barbarossa planı" ildırımsürətli müharibə strategiyasına əsaslanırdı. Məqsəd güclü, qəfil zərbə ilə sovet ordusunu darmadağın etmək, qışa qədər Arxangelsk-Həştərxan xəttinə çıxmaq idi. Hitler Almaniyasının qəsbkarlıq planında Azərbaycan, neft Bakısı xüsusi yer tuturdu. Hətta SSRİ-də yaşayan türkdilli xalqları -"müsəlman monqoloidləri, dağıdıcı qüvvə" hesab edən Hitler "Mənim mübarizəm" kitabında yazırdı ki, "onlar ali irqin qullarına çevrilməlidirlər".Almaniya hakimiyyəti Bakı neftini ələ keçirməyi yaxın və orta Şərqdə istilaçılıq siyasətini reallaşdırmağın mühüm amili hesab edirdi. Rozenberqin "Qafqazın idarə olunması planı"na görə Azərbaycanda idarəedici orqan - "komissarlıq" yaradılmalı və iqamətgahı Tbilisidə yerləşəcək Qafqaz reyxkomissarlığına tabe edilməli idi. Faşist Almaniyası sovetlər üzərində qələbədən sonra İran körfəzinə, Hind okeanına qədər əraziləri zəbt etmək niyyətində idi. Türk xalqları yaşayan ərazilərdə Almaniyadan asılı oyuncaq "Böyük Türküstan" dövləti yaradılması planlaşdırılırdı. Bu dövlətin ərazisinə Şimali və Cənubi Azərbaycanla bərabər, Orta Asiya, Qazaxıstan, Başqırdıstan, Tatarıstan, Krım, Şimali Qafqaz, Qərbi Çin və Əfqanıstanın daxil olması nəzərdə tutulurdu.Hələ 1941-ci il martın 27-də Almaniyanın Kontinental Neft Cəmiyyətinə Bakıda neftin çıxarılması, emalı və daşınması ilə məşğul olacağı göstərişi verilmişdi. Artıq Azərbaycandakı iri sənaye müəssisələrinə "ali irqdən" rəhbərlər də təyin edilmişdi. Onlar ucuz iş qüvvəsi hesabına maya dəyəri aşağı olacaq məhsullardan alınacaq yüksək gəliri son qəpiyinədək Almaniyaya çatdırmaq tapşırığı almışdılar.Hitler Bakını faşizm imperiyasını neftlə təmin edən hərbiləşdirilmiş mərkəzə çevirmək arzusunda idi. Sovet xalqı "Hər şey cəbhə üçün, hər şey qələbə üçün!" şüarı altında alman faşizminə qarşı müharibəyə qalxdı. Azərbaycan xalqı da son qələbəyə qədər bu müharibədə fəal iştirak etdi. Respublikanın idarə və müəssisələrində zəhmətkeşlər öz üzərlərinə yüksək öhdəliklər götürür, könüllü surətdə ordu sıralarına, "Xalq qoşunu" dəstələrinə, "Qırıcı batalyon"lara daxil olurdular. 1941-ci il iyunun 22-də Bakıda qəsbkarlara qarşı izdihamlı mitinq keçirildi. Azərbaycanın şəhər və kəndlərində könüllü olaraq cəbhəyə getmək üçün respublika HərbiKomissarlığına müraciət etdilər.Azərbaycanın vətənpərvər oğul və qızları Böyük Vətən müharibəsinin bütün cəbhələrində vuruşaraq böyük hünər və qəhrəmanlıqlar göstərdilər. Aradan illər keçməsinə baxmayaraq Azərbaycan xalqının cəsur övladlarının  adları bu gün həm ölkəmizdə, həm də azadlığı uğrunda vuruşduqları və həlak olduqları ölkələrdə əziz tutulur, xatirələri hörmətlə anılır. Sovet İttifaqı qəhrəmanı Məmiş Abdullayevin xatirəsini təkcə əzizləri, yaxınları deyil, həmcinin xalqımız igid oğlunun adını həmişə əziz tutur. İndi onun adı əbədiləşdirilib,haqqında kitablar yazılıb, qəhrəmanlığı isə müstəqil dövlətimizin əsgər və zabiti üçün örnəkdir, qəhrəmanlıq nümunəsidir. Məmiş Abdullayev hər il  xatirəsini yad etmək üçün büstü önünə çələnglər düzülür, məktəblilərə qəhrəmanın göstərdiyi şücaətlərdən danışılır.1923-cü ildə Kürdəmirin Muradxan kəndində anadan olan Məmiş Abdullayev ailənin böyük övladı olub. Başsız qalan ailəni təkbaşına dolandıran Məmiş kolxozda baş mühasibin köməkçisi işləyib. 19 yaşı olanda, yəni 1942-ci ilin iyununda isə könüllü şəkildə müharibəyə yollanıb: "Məmiş Abdullayev müharibəyə getdiyi ilk gündən özünün şücaəti ilə, təşəbbüskarlığı ilə seçilib. Moskva, Kurks ətrafı döyüşlərdə "Qırmızı ulduz", "Əmək igidliyinə görə" və digər medallarla təltif olunub. Məmiş Abdullayev hərbi xidmətə başladığı dövrdə 1-ci Belarus cəbhəsində 399-cu atıcı diviziyasında pulemyot atıcısı olub. O, faşistlərin tutduqları mövqelərin darmadağın edilməsində, Polşanın Rınesk Ostrov və Narov kəndlərinin azad olunmasında xüsusi fərqlənib. Məmiş Abdullayevin igidliyi və cəsarəti xüsusilə yadda qalmışdır. O, düşmənə qarşı aparılan döyüşlərdə yüksək peşəkarlıq və qorxmazlıq göstərərək, alayın hücumunu təmin etmişdir. Bu döyüşdə özünün şəxsi qəhrəmanlığı ilə yanaşı, həm də döyüşçü yoldaşlarına nümunə olmuş, onların da döyüş ruhunu yüksəltmişdir. Həmin döyüşdə düşmənə qarşı həyata keçirilən əks-hücumda vəzifəsini müvəffəqiyyətlə yerinə yetirən Məmiş Abdullayev böyük şücaət nümayiş etdirmişdir. Alman faşistləri üzərində qələbə əzmi ilə döyüşən həmyerlimiz 1945-ci ildə döyüşdə həlak olub. Elə həmin il mart ayının 24-də Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülüb.Bu yüksək mükafat, onun cəsarətini və döyüşlərdəki sarsılmaz iradəsini təcəssüm etdirən bir qiymət idi. Sovet İttifaqı Qəhrəmanı adı verilən şəxslər müharibə dövründə ən yüksək və şərəfli titulu alırdılar və bu ad yalnız ən böyük qəhrəmanlıqları ilə tanınan şəxslərə verilirdi. Məmiş Abdullayev bu ada layiq görülmüş ilk azərbaycanlılardan biri oldu.Məmiş Abdullayevin Sovet İttifaqı Qəhrəmanı titulu ona yalnız döyüş meydanında göstərdiyi şücaətə görə deyil, həm də onun vətənə olan bağlılığı, qələbəyə olan əzm və sadiqliyi ilə bağlı idi. O, həmçinin müharibənin ağır illərində həm öz həmkarlarına, həm də gələcək nəsillərə əsl qəhrəmanlıq nümunəsi olmuşdur. Hərbi xidmətdəki bu böyük qəhrəmanlıq ona əbədi bir yer qazandırmışdır. Məmiş Abdullayevin adı, yalnız Sovet İttifaqı Qəhrəmanı kimi deyil, həm də bir Azərbaycan vətəndaşı olaraq da əbədiləşmişdir. Onun həyatı və müharibə dövründə göstərdiyi şücaət, Azərbaycan xalqının qəhrəmanlıq tarixinin unudulmaz səhifələrindən biri olmuşdur.Məmiş Abdullayevin döyüş yolu, yalnız bir əsgərin deyil, bütün Azərbaycan xalqının mübarizə və qələbə tarixinin bir parçasıdır. Onun döyüşdəki şücaəti, fədakarlığı və vətənə sevgisi, gələcək nəsillər üçün böyük bir miras olaraq qalır. Məmiş Abdullayevin ömür yolu, vətənpərvərlik, qəhrəmanlıq və insanlıq dəyərlərinin mükəmməl bir nümunəsidir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları  Təşkilatının sədri, polkovnik  Cəlil Xəlilov

Hamısını oxu
Ramin Bayramlı: “Vaksinasiya könüllü olacaq”

“Azərbaycanda ilkin mərhələdə əhalinin 20 faizi koronavirusa görə vaksinasiya olunacaq”. APA-nın məlumatına görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının SARS-CoV-2 virusuna qarşı vaksinasiya məsələləri ilə bağlı iclasında deyib. Bayramlı bildirib ki, kimlərin vaksinasiya olunması ilə bağlı risk qrupları müəyyən edilib. O qeyd edib ki, bu həftə sonu strategiya hazırlanacaq və ictimaiyyətə açıqlanacaq. Bayramlının sözlərinə görə, risk qrupuna səhiyyə işçiləri, əhali ilə sıx təmasda olan hüquq-mühafizə orqanları, eyni zamanda əhalinin yanaşı xəstəliyi olan hissəsi, o cümlədən dializ xəstələri, şəkərli diabet xəstələri, ürək qan damar xəstəlikləri, böyrək çatışmazlığı olan və digər xəstəliyi olan şəxslər daxildir. Bayramlı vaksinasiya prosesinin könüllü xarakter daşıyacağını da nəzərə çatdırıb: “Peyvənd olunmuş insanların donor olmasında heç bir problem olmayacaq”. Bayramlı deyib ki, hazırda tədqiqatlar 18-55 yaş qruplarını əhatə edir, gələcəkdə tədqiqatlar daha yuxarı yaş qruplarını əhatə edəcək: “Aparılan tədqiqatlar göstərir ki, indiyə qədər üçüncü fazada olan, o cümlədən COVAX platformasındakı peyvəndlərin vurulmasında mövcud hepatit və digər xəstəliyi olanlara vurulmasında hər hansı problem olmayacaq. Yanaşı xəstəlikləri olanlar və 65 yaşdan yuxarı olanlar risk qruplarıdır. Bizim ümumi yanaşmamız belədir ki, aşağı yaşlarda, o cümlədən reproduktiv yaşda olanlara vaksin vurulmasın. Bununla bağlı hazırlanan strategiyanın detalları və istehsalçının tövsiyələrini birləşdirilərək əhalimiz məlumatlandırılacaq”. TƏBİB şöbə müdiri Yaqut Qarayeva isə qeyd edib ki, peyvəndin hansı müddətdə təsirini saxlayacağı da bilinmir: “Ancaq gərək peyvənd bütün mərhələlərdən keçsin, istehsalçı da bu barədə bizə məlumat versin. Yalnız bundan sonra biz dəqiq məlumat verə bilərik”.   Ramiz Mikayıloğlu  

Hamısını oxu