Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Minnətdarlıq məktubları: Cənab Prezident, hər bir vətəndaşımızı düşünərək qəbul etdiyiniz bütün qərarları dəstəkləyirik

Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir. Respublikamızın bütün guşələrindən həmvətənlərimiz dövlətimizin başçısının diqqət və qayğısından razılıqlarını ifadə edirlər. AZƏRTAC Prezidentin saytına istinadla minnətdarlıq məktublarının daha bir qismini təqdim edir. Ağcabədi rayonundan müəllim Vüsalə Əliyeva yazır: “Hörmətli cənab Prezident, biz Azərbaycan gəncləri, Azərbaycan müəllimləri Sizinlə qurur duyuruq. Bütün dünya ölkələri pandemiya ilə mübarizədə ciddi itkilərlə və çətinliklərlə üz-üzə olarkən, insanlar arasında çaşqınlıq yaranarkən, Sizin müdrik siyasətiniz, peşəkar və çevik göstərişləriniz ölkəmizin virusla bağlı statistikasını ən son yerlərdə qərarlaşdırmışdır. Bu ağır şəraitdə insanlarımıza verdiyiniz dəyər, səhiyyə sistemimizi günün tələblərinə uyğun qurmağınız və əhalinin sosial rifah halının qorunması istiqamətində atılan addımlar nəticəsində xalqımız rahat yaşayır, xəstəliklə mübarizəni qaydalara və tələblərə uyğun şəkildə aparır. Möhtərəm cənab Prezident, Sizə bu karantin dövründə təhsilimizin davamlı şəkildə fəaliyyət göstərməsinə, müəllimlərə və təhsilimizə verdiyiniz hərtərəfli dəstəyə görə dərin minnətdarlığımızı bildiririk. İnanırıq ki, Sizin rəhbərliyinizlə xalqımız və dövlətimiz bu sınaqdan üzüağ çıxacaq və postpandemiya dövrünə yeni uğurlu addımlarla qədəm qoyacaq”. Biləsuvar rayon Veteranlar Təşkilatının sədri Məhərrəm Kazımlı: “Hörmətli cənab Prezident, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncamınıza əsasən polkovnik Nizami Ağoğlan oğlu Məmmədova “general-mayor” hərbi rütbəsi verməyiniz bütün Biləsuvar əhalisinə göstərdiyiniz böyük etimaddır. Müstəqil Azərbaycanın ilk günlərindən bu günə kimi biləsuvarlılar respublikanın inkişafında, ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətlər göstərmişlər. Belə ki, Qarabağ döyüşlərində yüzlərlə biləsuvarlı könüllü olaraq Vətənin müdafiəsinə qalxaraq 109 şəhid vermiş, 22 nəfər döyüşlərdə itkin düşmüşdür. Aprel döyüşlərində Ordumuzun göstərdiyi o böyük şücaətdə biləsuvarlılar mətinliklə döyüşərək Vətənə və dövlətə olan sədaqətlərini bir daha göstərmişlər. Bu döyüşlərdə 3 nəfər şəhid olmuş, 17 nəfər isə yaralanmışdır. Hörmətli cənab Prezident, Vətənin müdafiəsində iştirak edən oğullara verdiyiniz qiymətə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizi əmin edirəm ki, biz biləsuvarlılar Vətənin, dövlətin, dövlətçiliyin və şəxsən Sizin yanınızdayıq. Lazım olsa, Vətən yolunda canımızdan keçməyə hazırıq. Biz Prezidentimizlə, Ordumuzla fəxr edirik. Yaşasın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev! Yaşasın müstəqil Azərbaycan Ordusu!”. Ağdam rayonundan məcburi köçkün Raqub Cəfərov: “Möhtərəm cənab Prezident, yeni növ koronavirus infeksiyasından zərər çəkmiş və bu xəstəliyə yoluxmuş insanlara Sizin rəhbərliyinizlə görülmüş tədbirlər hesabına dövlət dəstəyi göstərilməkdədir. Belə bir zamanda sosial və infrastruktur layihələrinin uğurla icra edilməsi dövlətimizin gücünü və maliyyə dayaqlarının möhkəm olduğunu göstərir. Torpaqlarımızın işğalı nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkünlər də Sizin diqqətinizdən kənarda qalmır. Onlar üçün yeni qəsəbə və yaşayış kompleksləri salınır, mənzil-məişət şəraitləri və sosial vəziyyətləri yaxşılaşdırılır. Cənab Ali Baş Komandan, ona görə də biz məcburi köçkünlər Sizi dəstəkləyirik, Sizə minnətdarlığımızı və təşəkkürümüzü bildiririk”. Bakının Suraxanı rayonundan Orxan Əlizadə: “Hörmətli cənab Prezident, bu mürəkkəb şəraitdə atdığınız düzgün addımlar nəticəsində ölkəmiz qlobal pandemiya vəziyyətində minimum itkilərlə mübarizə aparır. Dünyanı cənginə alan koronavirusun yayılmasının qarşısının alınması üçün görülən tədbirlərə, bu çətin günlərdə də xalqın yanında olduğunuza və xalqa qayğı göstərdiyinizə görə şəxsən öz adımdan və ailəmin adından Sizə dərin minnətdarlığımı bildirirəm. Koronavirus pandemiyası dövründə bütün rayonlarda olduğu kimi, Suraxanı rayonunda yaşayan aztəminatlı ailələrə ərzaq yardımları, işsiz vətəndaşlara 190 manat birdəfəlik müavinət verilməsi sakinlərimizi sevindirdi. Cənab Prezident, Sizin “Biz birlikdə güclüyük!” çağırışınız uzun illər ölkəmizin zəfər simfoniyası olacaqdır. Allah Sizi, ailənizi və xalqımızı qorusun!”. Ağcabədi rayonunun Taynaq kəndindən Fatma Quliyeva: “Möhtərəm cənab Prezident, dünya birliyi bizə qarşı hələ də ədalətsiz mövqe nümayiş etdirərək Ermənistanın işğalçılıq siyasətinə birmənalı olaraq göz yumur. Buna baxmayaraq, Siz bu məsələdə daim qətiyyətlə Azərbaycanın barışmaz mövqeyini ifadə edirsiniz. Sizin iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının videokonfrans tipli sammitindəki çıxışınız bunu bir daha sübut edir. Siz Ermənistanın baş naziri Nikol Paşinyana özlərinin terrorçunu xalq qəhrəmanına çevirdiklərini bildirdiniz. Bu, ən düzgün və yerində verilmiş cavab idi. Biz fəxr edirik ki, Sizin kimi Prezidentimiz var. Ermənistanın hökumət başçısı susdu, çünki bu, həqiqət idi. Biz daim Sizin siyasətinizi dəstəkləyirik və istər sülh yolu ilə olsun, istərsə də hərbi yolla, tezliklə Qarabağ məsələsinin bizim xeyrimizə həll olunacağına inanırıq”. Zaqatala rayonundan Mehnurə İsmayılova: Möhtərəm cənab Prezident, Sizə ailəmin adından və öz adımdan sonsuz minnətdarlığımı bildirmək istəyirəm. Siz hər zaman xalqın yanında olmusunuz. Bu gün də dünyanı cənginə alan pandemiyaya qarşı mübarizədə bizlərə göstərdiyiniz sevgi, diqqət, qayğıkeşliyiniz dünyada əvəzolunmaz, hər zaman xalqının yanında olan Prezident olduğunuzu göstərdi. Cənab Prezident, Sizə cansağlığı arzulayıram. Arzum budur ki, kölgəniz heç zaman başımızın üstündən əskik olmasın. Azərbaycan Sizinlə fəxr edir və ölkəmiz Sizinlə gözəldir”. Gəncə şəhərindən professor Azad Bayramov: “Möhtərəm cənab Prezident, Sizin ölkədə apardığınız islahatlar hər bir Azərbaycan vətəndaşı kimi məni də fərəhləndirir. Xüsusilə onu qeyd etmək istəyirəm ki, Azərbaycan Dövlət Aqrar Universitetinə göstərdiyiniz diqqət və qayğı bizi daha da ruhlandırır. Sizin son dörd ildə üçüncü dəfə Azərbaycan Dövlət Aqrar Universitetində olmağınız aqrar sahəyə, eyni zamanda, universitetimizə göstərdiyiniz qayğının bariz nümunəsidir. İyunun 24-də Gəncə şəhərinə səfəriniz çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tipli tədris korpusunun açılış mərasimində Sizin və Birinci vitse-prezident Mehriban xanımın iştirakı aqrar sahəyə böyük bir töhfədir. Müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalar, nəinki aqrar sahənin inkişafına vəsilə olacaq, kadrların yetişdirilməsinə kömək edəcək, eyni zamanda, xeyli sayda insanın işlə təmin olunmasına şərait yaradacaqdır. Bütün bunlar üçün Sizə dərin minnətdarlıq edirəm. Var olsun müstəqil Azərbaycan, var olsun, əziz Prezidentimiz!”. Goranboy rayonunun Muzdurlar kəndindən İlahə Paşayeva: “Möhtərəm cənab Prezident, dünyanı bürüyən bu pandemiyanın ölkəmizdə sürətlə yayılmasının qarşısının alınmasında Sizin çox böyük fədakarlığınızı görürük. Siz təkcə pandemiyanın qarşısının alınması zamanı yox, hər vaxt xalqımızın yanındasınız. Ölkəmizin gündən-günə inkişaf etməsi, xalqımızın sülh və əmin-amanlıq şəraitində yaşaması, dövlətimizin dünya dövlətləri içərisində nüfuzlu yer tutması Sizin rəhbərliyinizlə aparılan işlərin əyani sübutudur. Biz də öz işimizlə Sizin etimadınızı dogruldacağımıza, layiqli vətəndaş olmagımıza söz veririk. Hörmətli cənab Prezident, xalqımız, eləcə də biz şagirdlər üçün yaratdığınız bu gözəl şəraitə görə Sizə minnətdarlığımızı bildiririk”. Zaqatala rayonundan Namidə Süleymanova, Aybəniz Kələşova və Xanım İsayeva yazırlar: “Möhtərəm cənab Prezident, məlum pandemiyanın bütün dünyanı sarsıtdığı vaxtda Sizin qabaqlayıcı tədbirləriniz nəticəsində ölkəmizdə vəziyyət nəzarət altında saxlanıldı. Sizin uzaqgörən siyasətiniz, ən çətin məqamlarda qəbul etdiyiniz düzgün qərarlar ölkəmizi və xalqımızı pandemiyanın ən ağır nəticələrindən xilas etdi. Vətəndaşların sağlamlığını düşünərək zəruri addımların atılması, insanların sosial rifahının təmin olunması istiqamətində gördüyünüz bütün işlərə görə Sizə təşəkkürümüzü bildirir, çətin və şərəfli işinizdə yeni uğurlar arzulayırıq. İnanırıq ki, xalqımız, eləcə də bütün bəşəriyyət bu bəladan tezliklə xilas olacaq”. Biləsuvar rayonundan Nurəngiz Bədəlova: “Hörmətli cənab Prezident, ilk növbədə, Sizə möhkəm cansağlığı, yeni uğurlar diləyirəm. Doğma Vətənim Azərbaycana isə sülh, əmin-amanlıq və daim çiçəklənmək arzu edirəm. Möhtərəm cənab Prezident, son illər Biləsuvar rayonunda əkin sahələrinin su təminatı ilə bağlı çətinliklər əhalini narahat edirdi. Bu yerlərdə təsərrüfat işlərində su böyük əhəmiyyət kəsb edir. Yaranmış vəziyyətlə bağlı əkin sahələrinin su təminatının yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında imzaladıgınız Sərəncam bir biləsuvarlı kimi məni çox sevindirdi. Sizə dərin təşəkkürümü bildirirəm. Ömrünüz uzun olsun!”. Zaqatala rayonunun Əliabad qəsəbəsindən Elçin Zamanov: “Çox hörmətli cənab Prezident, əvvəlcə Azərbaycan xalqının mənafeyi naminə gördüyünüz bütün işlər üçün Sizə ürəkdən gələn minnətdarlığımı bildirirəm. Bütün dünya ölkələrini cənginə almış koronavirus pandemiyasının Azərbaycanda təzahürləri hələ görülməmişdən əvvəl ölkəmizdə gerçəkləşdirdiyiniz təxirəsalınmaz tədbirlər sayəsində xalqımız bu pandemiyanın ciddi təsirlərindən qoruna bildi. Məhz Sizin həyata keçirdiyiniz qabaqlayıcı tədbirlər sayəsində ölkəmizdə bu virusa yoluxanların sayı dünya ölkələri ilə müqayisədə azlıq təşkil etməkdədir. Bu pandemiya günlərində Siz əməlinizlə xalqımızın yanında olduğunuzu bir daha göstərdiniz. Bütün bu işlərinizə görə Sizə şəxsən öz adımdan, ailəmin və kəndimizin sakinləri adından dərin təşəkkürümü bildirir və uzun ömür, cansağlığı arzulayıram”. Bakı şəhərindən müəllim Səriyyə Ziyadova-Eyvazova: “Hörmətli cənab Prezident, Sizin rəhbərliyinizlə Azərbaycan özünün intibah dövrünü yaşayır. Son illər ərzində görülən genişmiqyaslı işlər, min bir əziyyət hesabına ərsəyə gələn sosial və infrastruktur obyektləri bunu deməyə əsas verir. Respublikamızda abad yollar çəkilib, gözəl şəhərlər yaradılıb, müasir məktəblər və xəstəxanalar tikilib xalqın istifadəsinə verilmişdir. “ASAN xidmət” də Sizin uğurlarınızdan biridir. Gənc nəslin nümayəndələrinə geniş imkanlar açmağınız, onları dövlət idarəçiliyində irəli çəkməyiniz təqdirəlayiqdir. Pandemiya dövründə uşaqlar və gənclər təhsildən geri qalmadılar. Virtual dərslərin təşkil olunması buna şərait yaratmışdır. Şagirdlər və tələbələr bu imkandan lazımınca faydalanmağa çalışırlar. Əziz Prezidentimiz, Sizə bu çətin və şərəfli yolda həndəsi silsilə şəklində böyük uğurlar arzulayıram”. Saatlı rayonu Dəllər kəndinin sakinləri adından Əlimuxtar Muxtarov: “Hörmətli cənab Prezident, Azərbaycan Respublikasının vətəndaşı olaraq, pandemiya dövründə Sizin mərkəzində ölkə vətəndaşının sağlamlığı dayanan fəaliyyətinizə görə həm öz adımdan, həm də Saatlı rayonunun Dəllər kəndinin sakinləri adından sonsuz minnətdarlığımı bildirməyi özümə borc bilirəm. Cənab Ali Baş Komandan, Sizin müvafiq tapşırığınızla aztəminatlı ailələrə təyin edilən birdəfəlik yardım bizim kəndimizdə də bir çox ailənin güzəranının yaxşılaşmasına səbəb olmuşdur. Bu məqamda bir ailənin Sizə olan alqışını, duyğusunu nəzərinizə çatdırmaq istəyirəm. Ailə deyir: "Allah Prezident İlham Əliyevin atası Heydər babaya rəhmət eləsin, Özünə isə uzun və sağlam ömür versin". Bəli, hörmətli Prezidentimiz, biz Sizin Ulu Öndərin yolu ilə həyata keçirdiyiniz daxili və xarici siyasəti bəyənir, dəstəkləyir, eyni zamanda, hər an Sizin yanınızda olduğumuzu ifadə etmək istəyirik. Tanrı Sizi, ailənizi və bütün Azərbaycan xalqını gözəgörünməz bəla və müsibətlərdən hifz etsin!”. Bakı şəhərindən Murad Əzimzadə: “Möhtərəm cənab Prezident, bütün dünyanı bürüyən pandemiya dövründə Azərbaycan xalqının sağlamlığını siyasətinizin ən prioritet istiqaməti elan etdiyiniz üçün Sizə dərin təşəkkürümü bildirirəm. Ən güclü dövlətlərin belə qarşısında aciz qaldığı pandemiya dövründə Azərbaycanın doğru əllərdə olduğu bir daha sübut olundu. Sizin uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə pandemiyanın miqyasının məhdudlaşdırılması istiqamətində uğurlu addımlar atıldı. Əhalini virus təhlükəsindən qorumaq üçün ölkədə xüsusi karantin rejimi elan olundu, dezinfeksiya işləri aparıldı, səhiyyə sistemində gücləndirilmiş iş rejiminə start verildi, həkimlərin maaşı artırıldı. Bundan əlavə, insanların evdə qalması ilə əlaqədar yarana biləcək digər problem bir qrup insanın sosial rifahı ilə bağlı idi. Lakin bu problemi də tez bir zamanda həll etdiniz. Siz 600 min ailəyə 190 manat birdəfəlik ödənişin edilməsi ilə bağlı göstəriş verdiniz. Bundan əlavə, Sizin təşəbbüsünüzlə başladılmış yardım kampaniyasına ölkənin hər yerindən iş adamları da qoşularaq insanlara bu çətin vəziyyətdə dəstək oldular. Artıq dünya dövlətləri bizim təcrübədən bəhrələnir. Cənab Prezident, hər bir vətəndaşımızı düşünərək qəbul etdiyiniz bütün qərarlarınızı dəstəkləyirik. Biz birlikdə güclüyük. Güclü Azərbaycanın layiqli Lideri, Allah Sizi və ailənizi qorusun!”. Biləsuvar rayonunun Ağayrı kəndindən Fərhad Qəfərov: “Hörmətli cənab Prezident, koronavirus pandemiyasının dünyanı bürüdüyü, iqtisadiyyatları, sosial sahələri iflic hala saldığı bir zamanda Siz Azərbaycan iqtisadiyyatının inkişafına, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına böyük diqqət ayırırsınız. Bu il iyunun 22-də imzaladığınız Sərəncamla Biləsuvar rayonunun Çinarlı kəndində əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə dövlət büdcəsindən 455 min manat vəsait ayrılması rayonun ziyalıları və əmək adamları tərəfindən yüksək dəyərləndirilir. Bu çətin günlərdə rayonumuza ayırdığınız diqqət və qayğıya görə Sizə və ölkəmizin birinci xanımı Mehriban Əliyevaya minnətdarlığımızı bildiririk. İnanırıq ki, müstəqil Azərbaycanımız Sizin rəhbərliyinizlə daha yüksək zirvələrə qalxacaqdır”. Məcburi köçkün müharibə veteranları adından Əbil Zeynalov yazır: “Hörmətli cənab Prezident, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında iştirakınız zamanı "mənim Prezident kimi fəaliyyətimdə ordu quruculuğu birinci yerdədir” deməyiniz, Azərbaycan Ordusunun dünyada 50 ən güclü ordu sırasında olmasını vurğulamağınız biz məcburi köçkünləri, eləcə də müharibə veteranlarını rəhbərliyinizlə yeni qələbələrə ruhlandırır. Bütün Azərbaycan xalqı ilə yanaşı, biz məcburi köçkünlər, eləcə də müharibə veteranları üçün xüsusi önəm daşıyan ordu quruculuğu məsələsində əldə etdiyiniz nailiyyətlər bizi Sizin ətrafınızda daha sıx birləşdirmişdir. COVID-19 pandemiyasının dünyada tüğyan etdiyi bir dövrdə hər bir Azərbaycan vətəndaşının sağlamlığının, ordu quruculuğunun, eləcə də Azərbaycan respublikasının ərazi bütövlüyünün təmin olunması məsələsinə xüsusi önəm verdiyinizə görə biz "Qobu Park 1" və "Qobu Park 2” yaşayış komplekslərində məskunlaşmış məcburi köçkünlər və müharibə veteranları Sizə dərin minnətdarlığımızı bildirir və işlərinizdə böyük uğurlar arzu edirik”. Zaqatala rayonundan Abdulməcid Şabanov: “Hörmətli cənab Prezident, koronavirus infeksiyasına qarşı ən adekvat addım atan və qabaqlayıcı tədbir görən ölkələrdən biri Azərbaycandır. Bu xəstəliyin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə atdığınız bütün addımlar bir daha göstərdi ki, Siz hər bir vətəndaşın sağlamlığının qayğısına qalırsınız. Vətəndaşların sağlamlığı naminə gördüyünüz bütün işlərə görə Sizə dərin təşəkkürümü bildirir və yorulmaz fəaliyyətlərinizdə yeni uğurlar arzulayıram”. Ağcabədi rayonundan Əli Əhmədov: “Hörmətli cənab Prezident, Sizin yüksək siyasi biliyiniz, dünyagörüşünüz, sağlam düşüncəniz və uzaqgörən qabaqlayıcı qərarlarınız sayəsində bu gün bütün dünyanı öz pəncəsinə alan COVID-19 virusu ilə mübarizədə ölkəmiz ən az zərər görən ölkələr sırasındadır. Xalqımıza göstərdiyiniz bu qayğı bütün insanlar tərəfindən rəğbətlə qarşılanır və Sizə öz dərin minnətdarlıqlarını bildirirlər. Ağcabədi gəncləri olaraq Sizə inamımız sonsuzdur. Sizin müdrikliyiniz sayəsində Azərbaycan beynəlxalq aləmdə nüfuzlu ölkəyə çevrilib. Bu ayın 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində Paşinyan növbəti dəfə özünü ifşa etdi. Sammitdə səsləndirdiyiniz inkaredilməz tarixi faktlar beynəlxalq aləmdə və dövlət idarəçiliyində uğurlu bir siyasətçi olduğunuzu bir daha sübut etdi. Paşinyan beynəlxalq səviyyəli tədbirdə Sizin tarixi həqiqətə əsaslanan tutarlı faktlarınız qarşısında növbəti dəfə mat vəziyyətinə düşdü və özünü biabır etdi. Biz Sizə inanırıq, cənab Ali Baş Komandan. İnanırıq ki, Azərbaycanın tarixi torpağı olan Qarabağı Sizin rəhbərliyinizlə düşmən tapdağından azad edəcəyik. Bütün Azərbaycan xalqı Sizi sevir və dəstəkləyir. Uca Tanrı Sizi, ailənizi və Azərbaycanımızı qorusun!”. Siyəzən rayonunun Yenikənd kəndindən Ramiz Ağayev: “Hörmətli cənab Prezident, bir danılmaz faktdır ki, ulu öndərimiz Heydər Əliyev Azərbaycan Respublikasına rəhbərlik etdiyi 1969-cu ildən başlayaraq respublikamız sürətlə inkişaf etmiş, keçmiş sovetlər birliyində sonuncu sıralardan öncül yerlərə yüksəlmişdir. O, həmişə gənclərin qayğıkeş lideri, mənəvi atası olmuşdur. Gənclərin iri şəhərlərdə yerləşən yaxşı ali təhsil məktəblərində təhsil alması üçün əlindən gələni əsirgəməmiş, onlara himayədarlıq etmişdir. Şəxsən mənim də həyatımın düzgün formalaşmasında böyük rolu olmuşdur. Buna görə də Ulu Öndərə həmişə minnətdar olmuşam. Cənab Prezident, mən həm də ona görə fəxr edirəm ki, Ümummilli Liderimiz Sizin kimi mərd, savadlı, xalqını sevən, dünya siyasətçiləri arasında sayılıb-seçilən, ən mötəbər tribunalardan öz sözünü deyən, Azərbaycanın haqq səsini çatdıran, böyük rəğbət qazanan bir oğul qoyub gedib. Mənim 69 yaşım olduğu üçün karantin dövründə evdən çıxa bilmirdim. Heydər babanın vaxtilə verdiyi pay torpağımda becərdiyim taxıl yerli qurumların köməyi ilə biçilib həyətimizə göndərildi. Fəxarət hissindən qəlbimiz dağa döndü, gözlərim yaşardı. Bu, Sizin məmurlar qarşısında qoyduğunuz tələblərin, vətəndaşlara xidmət göstərilməsi ilə bağlı tapşırıqlarınızın nəticəsidir, cənab Prezident. Biz Sizinlə fəxr edirik. Ulu Tanrıdan Sizə və bütün ailə üzvlərinizə cansağlığı, uzun ömür arzulayıram”. Salyan rayonunun Qızılağac kəndindən fermer Emin Mirzəyev: “Möhtərəm cənab Prezident, ölkəmizdə həyata keçirdiyiniz çoxşaxəli siyasətiniz sayəsində Azərbaycan uğurlu inkişaf yolundadır və dünya ölkələri sırasında ön yerlərdədir. Bu, bir Azərbaycan vətəndaşı kimi məni qürurlandırır. Kənd təsərrüfatı sahəsində çalışan bir insan kimi Sizin bu sahənin inkişafına göstərdiyiniz diqqət və qayğını minnətdarlıq hissi ilə qeyd etmək istəyirəm. Bu qayğı sayəsində fermerlər çoxsaylı güzəştlərlə əhatə olunurlar. Kənd təsərrüfatı sahəsinin vergilərdən azad olunması, gübrələrin və texnikaların fermerlərə güzəştli şərtlərlə verilməsi sayəsində kənd təsərrüfatı məhsullarının istehsalı və məhsuldarlıq yüksək həddə çatıb. Ulu öndərimiz Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində biz kəndlilər torpaq sahibi olmuşuq. Ulu Öndər hər bir kənd sakininə pay torpağı verdi. Bunun hesabına kəndlilər öz məşğulluğunu təmin etdi, onların maddi rifah halı yaxşılaşdı. Bu gün də fermerlər öz torpaq sahələrində həvəslə çalışır və güzəranlarını təmin edirlər. Əziz Prezidentimiz, Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür və ölkəmizin inkişafı naminə uğurlu fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram”. Gəncə şəhərindən Gülşən Bağırova: “Hörmətli cənab Prezident, hər şeydən əvvəl belə bir vəziyyətdə bütün vətəndaşlara dayaq və dəstək olduğunuz üçün Sizə bir həkim və ana kimi təşəkkür edirəm. Dünyanı bürüyən çətinlik əsnasında xalqımızı bu bəladan müdafiə edərək hər birimizin təhlükəsizliyini təmin edirsiniz. Eyni zamanda, Gəncə və gəncəlilərə belə bir zamanda qayğı göstərdiyiniz, şəhərimizdə yeni irəliləyişlərə səbəb olduğunuz üçün də təşəkkür edirəm. Biz Sizinlə fəxr edirik və hər zaman şəhərimizə gözəl səfərlərinizi gözləyirik. Ölkəmizin və dünyamızın bu bəladan xilas olmağını diləyir və daha xoş günlər görməyi arzu edirəm. Şəhərimiz və bizlər üçün etdiklərinizə görə minnətdaram Sizə. Allah Sizi qorusun!”. Sabunçu rayonunun Bakıxanov qəsəbəsindən Mədət Əliyev: “Möhtərəm cənab Prezident, karantin rejimi ilə əlaqədar imzaladığınız Sərəncama əsasən mənə düşən 190 manat məbləğində birdəfəlik ödəməni aldım. İşsiz kimi qeydiyyata alınmış vətəndaşlar üçün nəzərdə tutulan bu yardım onların ailələri üçün böyük köməkdir. Siz hər zaman çətin anlarda vətəndaşların yanında olmusunuz, onları öz qayğınızla əhatə etmisiniz. Buna görə də Azərbaycan xalqı Sizi sevir və dəstəkləyir. Sizin xalqa verdiyiniz vədlər həmişə həyatda reallığa çevrilib, insanların xoş güzəranına xidmət edib. Mənə edilən köməyə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Şəxsən mən bunu heç vaxt unutmayacağam. Sizin və dövlətimizin yolunda heç bir qüvvəmi, köməyimi əsirgəmərəm. Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində apardığınız siyasəti dəstəkləyirəm və hər bir çağırışınıza hazıram. Allahın xeyir-duası hər bir işinizdə Sizinlə olsun!”. Sumqayıt şəhərinin Corat qəsəbəsindən Yəhya Məmmədov, Əlislam Aslanoğlu və Nərgiz Ağayeva yazırlar: “Hörmətli cənab Prezident, bütün ölkəmizdə olduğu kimi, Sumqayıt şəhərində, eləcə də Corat qəsəbəsində tikinti-quruculuq, abadlıq işləri aparılır. Qəsəbədəki X.Məhərrəmoğlu, Sahil, Sülh, Vidadi küçələrinə yüksək keyfiyyətli asfalt çəkilib. Hazırda digər küçələrin asfaltlanması davam etdirilir. Bu işlər bizi fərəhləndirir, rahatlığımızı təmin edir. Qəsəbəmiz gözümüzün qarşısında toz-torpaqlı kənd görkəmindən uzaqlaşaraq sanki, şəhərə çevrilir. Möhtərəm Prezident, Sizə bütün qəsəbə sakinləri adından minnətdarlığımızı bildiririk. Yolunuz hər zaman hamar, qədəmləriniz mübarək olsun!”. Zaqatala şəhərindən Fərhad Acırqayev: “Möhtərəm cənab Prezident, bu gün bütün dünyanı bürüyən koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycanın hər bir vətəndaşı Sizin dəstəyinizi hiss edir. Siz xalqın xilaskarı olmaq missiyasını uğurla davam etdirirsiniz. Koronavirusun Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində atdığınız qətiyyətli addımlara, xalqımıza göstərdiyiniz diqqətə və qayğıya, hər birimizin sağlamlığı naminə gördüyünüz işlərə görə Sizə dərin təşəkkürümü bildirirəm. Şübhəsiz ki, bu bəlaya birlikdə qalib gələcəyik. Biz birlikdə güclüyük!”. İsmayıllının Qalınçaq kənd sakinləri adından Taleh Nəcəfov, Kamal Əzizov və Fikrət Əliyev yazırlar: “Möhtərəm cənab Prezident, bu gün bütün dünyanı bürüyən koronavirus pandemiyasına qarşı ölkəmizdə ciddi mübarizə aparılır. Epidemiyaya qarşı mübarizə ilə əlaqədar gördüyünüz bütün tədbirlər xalq tərəfindən alqışlanır. İyulun 1-də İsmayıllı rayonunun əhalisinin içməli su və suvarma suyu ilə təminatını daha da yaxşılaşdırmaq məqsədilə verdiyiniz Sərəncam Sizin xalqınıza olan sevginizin daha bir bariz nümunəsidir. Sərəncamınıza uyğun olaraq bizim kəndimizdə 2 subartezian quyusu qazılacaqdır ki, nəticədə kənd sakinlərinin suvarma suyuna və içməli suya olan tələbatı ödəniləcəkdir. Bizə göstərdiyiniz diqqət və qayğıya görə İsmayıllı rayonu Qalınçaq kəndinin əhalisi adından Sizə minnətdarlığımızı bildiririk. Allah Sizi və ailənizi qorusun”. Səbail rayonunun Badamdar qəsəbəsindən Azər Vahidov və Polad Axundov: “Möhtərəm cənab Prezident, bütün xalqımız kimi bizim ailələrimiz də Sizə qəlbən dərin ehtiram bəsləyir və Sizi dəstəkləyirlər. Ölkəmizin adını ucaldan, insanların rifahını düşünən, çətinə düşən vətəndaşlara hər zaman kömək əlini uzadan dövlət başçımızla - Sizinlə fəxr edirik. Biz - Badamdar qəsəbəsinin sakinləri əvvəllər bir çox problemlərdən əziyyət çəkirdik. Xüsusilə də, suyun fasilələrlə verilməsi böyük narahatlıq yaradırdı. İndi isə daimi su ilə təmin olunmuşuq. Bundan başqa, qəsəbədaxili yollar və qəsəbəni şəhərlə birləşdirən əsas yolumuz təmir olunmuşdur. Biz şahidiyik ki, ailə üzvləriniz də xalqımız üçün daim mühüm işlər görürlər. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət" layihəsi də bunlardan biridir. Bu layihə çərçivəsində Badamdar qəsəbəsində neçə-neçə yaşayış binasının həyəti abadlaşdırılmış, uşaqlar və ahıllar üçün xüsusi guşələr yaradılmış, attraksionlar quraşdırılmışdır. Cənab Prezident, Vətənə və vətəndaşlara göstərdiyiniz xidmətlərə görə çox sağ olun. Sizə bu çətin və şərəfli yolda hər zaman ucalıq və daimi uğurlar arzu edirik”. Bakı şəhərinin Xətai rayonundan Elvin Nağıyev və Emin İsmayılov: “Möhtərəm cənab Prezident, biz ailə üzvlərimizlə birlikdə Sizə və respublikamızın birinci xanımı Mehriban Əliyevaya təşəkkür edirik. Siz Azərbaycanda COVID-19 xəstəliyinin qarşısını almaq istiqamətində böyük işlər görürsünüz. İnsanlar bütün bunları görür və talelərinin etibarlı əllərdə olmasından məmnunluq duyur. Hazırda Azərbaycanda bir çox ölkələrlə müqayisədə böyük gərginlik və iqtisadi tənəzzül yaşanmaması vaxtında atılan addımların, çətin günlər üçün nəzərdə tutulan maliyyə ehtiyatlarının sayəsindədir. Nahaq yerə deməyiblər: “Ehtiyat igidin yaraşığıdır”. Əziz Prezidentimiz, inanırıq ki, dövlətimiz və xalqımız bu bəlanı tezliklə tarixin yaddaşına köçürəcək, Azərbaycanda həyat yenidən əvvəlki axarına düşəcəkdir. Azərbaycan vətəndaşları Sizinlə fəxr edirlər. Allah Sizə və xalqımıza hər zaman kömək olsun!”.

2020-07-03 00:00:00
3407 baxış

Digər xəbərlər

Veteranlarımız böyük qələbənin əldə edilməsinə ciddi mənəvi töhfə verib

Bəzi qüvvələrin dövlətimizin şəhid ailələri və qazilərə olan qayğısına kölgə salmaq cəhdi qəbuledilməzdir”   Dünən 10 noyabr 2020-ci ilin üçtərəfli Bəyanatının üç ili tamam oldu.   Bununla bağlı Moderator.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov 10 noyabr kapitulyasiya aktını şərh etməklə yanaşı, veteranları Böyük Zəfərin əldə edilməsinə verdiyi töhfəni də şərhe dib:   “2020-ci ilin 27 sentyabr tarixində başlayan və həmin ilin 10 noyabrında başa çatan bu müharibə ilə Azərbaycan, sadəcə, erməni faşizmini, onların havadarlarını məğlub etmədi. Həm də tarixi ədaləti, ölkə başçısının sözləri ilə desək, “milli qürurunu bərpa etdi. 30 ildir işğal altıdna qalan torpaqlarımız azad edildi. Ərazi bütövlüyümüz təmin olundu. Bu qələbə xalqın inamını özünə qaytardı. Bu qələbə bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı, Azərbaycan Ordusu güclüdür, böyükdür, yenilməzdir”.   Təşkilat olaraq həmin vaxt qarşımızda duran ən başlıca vəzifə Ali Baş Komandanın ətrafında veteranların daha sıx birləşməsinə nail olmaq, dövlətimizə, ordumuza dəstək nümayiş etdirmək, düşmənin dezinformasiyalarını ifşa etmək, daxildəki birlik və həmrəyliyin möhkəmlənməsinə töhfə vermək idi. Bu məqsədlə Vətən müharibəsi dönəmində təşkilatımız beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri haqqında daha dolğun məlumat əldə etməsinə nail olmaq üçün informasiya müstəvisində geniş fəaliyyət göstərib, cəmiyyətdə geniş təbliğat işi aparıb, döyüşən orduya, o cümlədən şəhid və qazi ailələrinə dəstək kampaniyalarında yaxından iştirak edib.   Müharibə dönəmində veteranlarımızla birlikdə cəbhə xəttinə ardıcıl səfərlər təşkil edir, əsgər və zabitlərimizlə görüşür, onları qələbəyə ruhlandıran çıxışlar edirdik. Bu səfərlər zamanı ordumuza ərzaq, geyim, tibbi ləvazimatlar da çatdırır, vətəndaş cəmiyyəti olaraq erməni faşizminə qarşı aparılan mübarizəyə töhfə verməyə çalışırdıq. Bütün gücümüz, enerjimiz, fəaliyyətimiz böyük qələbəni yaxınlaşdırmağa xidmət edirdi və biz xalq olaraq Ali Baş Komandanımızın rəhbərliyi, qətiyyəti, səriştəsi sayəsində buna nail olduq”.     Polkovnik bəzi qüvvələrin dövlətin şəhid ailələrinə, qazilərə göstərdiyi qayğı və diqqəti görməzdən gəldiyini, dövlətin nüfuzuna xələl gətirən, onun yürütdüyü sosial siyasətə kölgə salan fikirlər səsləndirdiyinə diqqət çəkib, bundan təəssüf hissi keçridiyi bildirib:   “Müharibə, Əmək v əSilahlı Qüvvələr Veteranları Təşkilatı hər bir addımını milli dövlətçilik mənafeyini, ümumxalq maraqlarını nəzərə alaraq atır və hesab edirik ki, hər bir qurum, hər bir fərd bütün işlərində öncə bu amilə əsaslanmalıdır.  Milli maraqlarımızın müdafiəsi bizim fəaliyyətimizin nüvəsini təşkil edir. Bu fəaliyyət xalqımız, dövlətimiz tərəfindən daim rəğbətlə qarşılanıb. Prezidentimizin 44 günlük Vətən müharibəsində təşkilatımızın fəaliyyətinə verdiyi yüksək qiymət buna nümunədir. Lakin təəssüflər olsun ki, bəzən dövlətimizin gördüyü bunca işlərə qara yaxmaq, cəmiyyətdə çaşqınlıq yaratmaq istəyən məkirli şəxslər də meydana çıxır. Şəxsi ambisiyalardan, fərdi maraqlardan çıxış edən bu şəxslər milli maraqlar zəminində həyata keçirilən işlərə kölgə salmağa cəhd edir. Mən buradan həmin şəxslərə müraciət edərək onları ədalətə, obyektivliyə, milli maraqlarımızın, dövlətimizin mənafeyinin müdafiəsinə səsləyirəm. Çünki xalqın, Vətənin taleyüklü məsələlərinin həll edildiyi hazırkı həssas vəziyyətdə biz hamılıqca şəxsi ambisiyalarıızı bir kənara qoyub xalqa, qətiyyətlə Vətənə  xidmət yolunu tutmalıyıq. Yeganə məqsədimiz bu olmalıdır.   Eləcə də, Vətənimizin keşiyində dayanmaq, xalqımıza, Prezidentimizə sədaqətli olmaq bizim bir vətəndaş kimi vicdan borcumuzdur. Heç bir maraq, heç bir ambisiya bu borcdan daha önəmli, daha vacib ola bilməz! Gələcək uğurlarımıza gedən yol birliyimizdən gedir və biz nəyin bahasına olursa-olsun bu birliyi qorumalıyıq”.     Seymur ƏLİYEV

Hamısını oxu
“Beynəlxalq təşkilatlar Qarabağdakı qondarma

Xəbər verdiyimiz kimi, erməni separatçıları işğal edilmiş Azərbaycan torpaqlarında qondarma “seçki” keçirib.   Moderator.az-a açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov beynəlxalq təşkilatların baş verənlərə münasibət bildirməsinin vacib olduğunu vurğulayıb:   “Aydındır ki, Azərbaycanın işğal edilmiş torpaqlarında keçirilən bu “seçkilərin” heç bir hüquqi əsası yoxdur və bu “seçkilər” erməni separatizminin əsl mahiyyətini, onun beynəlxalq hüquqa olan münasibətini bir kəs daha ortaya qoyur. Artıq Azərbaycan tərəfi baş verənlərlə bağlı öz mövqeyini ortaya qoyub, bu “seçkilərin” etibarsız olduğunu, heç bir hüquqi əsasa malik olmadığını vurğulayıb. Azərbaycan XİN-nin məlum bəyantında da qeyd olundu ki, bu “seçki” həm Azərbaycan konstitusiyasına, həm də BMT Nizamnaməsinə, ATƏM-in Helsinki aktına ziddir və hüquqi əhəmiyyət kəsb etmir. Ancaq təəssüflər olsun ki, hələ də Qarabağdakı bu “seçkilərlə” bağlı beynəlxalq təşkilatlar hər hansı mövqe sərgiləməyib. Azərbaycanda keçirilən seçkilərlə bağlı ard-arda bəyanatlar verən, açıqlamalar yayan beynəlxalq təşkilatların Qarabağdakı “seçkilərlə” bağlı indiki susqunluğu anlaşılan deyil.   Hesab edirəm ki, həm beynəlxalq təşkilatlar, həm də dünyanın aparıcı ölkələri Qarabağdakı qondarma “seçkilərlə” bağlı mövqe ortaya qoymalı, işğalçının bu addımını qınamalıdır. Çünki bu “seçkilər” yalnız Azərbaycan konstitusiyasına qarşı deyil, həm də ümumilikdə beynəlxalq hüquqa, BMT nizamnaməsinə ziddir. Baş verənlər beynəlxalq hüququn kobud şəkildə pozulması və təhqiri deməkdir. ”   Düşmən isə anlamalıdır ki, bu kimi addımlarla nəyəsə nail ola, Qarabağdakı mövcudluğuna hüquqi don geyindirə bilməyəcək”.   Seymur ƏLİYEV

Hamısını oxu
“Prezidentin həyata keçirdiyi siyasətin hədəfində Azərbaycan insanı və onun rifahı dayanır”

“Azərbaycanın bu günkü inkişafından danışarkən, ilk olaraq, sosial və iqtisadi sahədəki nailiyyətləri qeyd etmək lazımdır. Təbii ki, sosial-iqtisadi sahədə həyata keçirilən siyasətin nəticəsində formalaşan siyasi-ictimai sabitlik hazırda hökm sürməkdədir və bu fakt da cəmiyyətimizin bütün sahələrinin sürətli inkişafına öz müsbət təsirini göstərir”.   Bunu Moderator.az-a açıqlamasında millət vəkili Müşfiq Cəfərov bildirib. Millət vəkili qeyd edib ki, dövlət başçısının bütün addımlarının hədəfində Azərbaycan insanı, onun rifahı dayanır:   “Son illərdə Azərbaycanın inkişaf etmiş ölkələr sırasında addımlaması, yüksək gəlirli ölkəyə çevrilməsi başlıca məqsəddir. Ən təqdirəlayiq hal bütün bu proseslərin pandemiya dövrünə baxmayaraq davam etməsidir. Hazırda dünyanın əksər ölkələrində sosial-iqtisadi durğunluq cərəyan edir. Bu durğunluğa baxmayaraq ölkədə quruculuq, abadlıq və sosial-iqtisadi inkişafı şərtləndirən bütün proseslər axsamadan davam etdi. Pandemiya dövründə zərər çəkmiş sahibkarlar dəstəkləndi, təqribən 5 milyona yaxın insan geniş sosial paketlə əhatə edildi. Dövlət sektorunda çalışan 900 min şəxsin əksəriyyəti dövlət tərəfindən əmək haqqı ilə təmin edildi. Təbii ki, bu məqsədlər üçün böyük maliyyə resursları xərclənib.   Ölkədə əhalinin sosial müdafiəsinin möhkəmləndirilməsi məqsədilə aparılan islahat tədbirləri davam edir. Əhalinin həssas qruplarına diqqət və qayğı isə həmişə olduğu kimi, prioritet hesab edilir. Azərbaycan dövlətinin apardığı sosial siyasət bütövlükdə ölkə əhalisinin rifah halının yüksəldilməsi, firavan yaşayışının təmin edilməsinə yönəlib.   2021-ci ilin sonlarına yaxın əhalinin sosial müdafiəsinin gücləndirilməsi və problemlərinin həlli məqsədilə həyata keçirilən tədbirlər bir daha göstərir ki, Azərbaycan dövləti qarşıya qoyduğu məqsədə - hədəfə doğru gedir. Əmək haqları, təqaüdlər, əmək pensiyalarında artımlar oldu.   Tələbələrin, magistr və doktorantların, eyni zamanda kollec tələbələrinin təqaüdlərində artım baş verdi. Son illərdə iqtisadiyyatın şaxələndirilməsi prosesi xeyli genişləndirilmişdi və büdcənin neft amilindən asılılığının aradan qaldırılmasının nəticəsi olaraq iqtisadiyyatın müxtəlif sahələri inkişaf etdirildi. Ölkəyə ciddi kapital axını oldu və bunun nəticəsi olaraq Azərbaycanda müxtəlif sahələrdə ciddi işlər görülür, eyni zamanda ölkə başçısı, xüsusilə insanların məvaciblərinin artırılması üçün əsaslı addımlar atır. Yaşlı, fiziki cəhətdən problemi olan insanların təqaüdlərinin yüksəldilməsi, daha çox sosial müdafiəyə ehtiyacı olan təbəqinin təqaüdlərinin artırılması istiqamətində işlər aparıldı. Bütün bunlar onu göstərir ki, cənab prezidentin həyata keçirdiyi siyasət yalnız Azərbaycan insanını hədəfə alaraq aparılır”.   Seymur ƏLİYEV

Hamısını oxu
Hacı Vəliyevlə bağlı həbs qərarı verildi

Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev saxlanılıb. “Qafqazinfo” Gununsesi.info-ya istinadən xəbər verir ki, bu barədə məlumatı onun yaxınları verib. H. Vəliyevin dünən gecə saatlarında Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığı bildirilib. Məlumatı DİN Mətbuat xidmətinin bölmə rəisi Nurlan Əliyev “Qafqazinfo”ya təsdiqləyib. O bildirib ki, Hacı Vəliyev barəsində olan cinayət işi ilə əlaqədar saxlanılıb. İstintaq hərəkətləri davam etdirilir. Qeyd edək ki, “Gənc Qazilər Birliyi” adlı QHT dövlət qeydiyyatına alınmayıb. Hacı Vəliyev özünü qanunsuz fəaliyyət göstərən bu təşkilatın “sədr”i kimi təqdim edir. Hacı Vəliyev Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi üzrə ittiham olunur. Xətai Rayon Məhkəməsinin qərarı ilə Hacı Vəliyev barəsində 22 günlük həbs qətimkan tədbiri seçilib.  

Hamısını oxu