Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan İlahiyyat İnstitutunun təşkilatçılığı ilə respublika elmi konfransı keçiriləcək

Qarabağın tacı sayılan, təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan Şuşa şəhəri Azərbaycan tarixi və mədəniyyətində özünəməxsus əhəmiyyətli yer tutur. Dini-mədəni və tarixi abidələri, sarayları ilə məşhur olan Şuşa ədəbiyyat, incəsənət, siyasət və digər sahələrdə bir çox dahi və nüfuzlu şəxsiyyətlər yetişdirmişdir. Bu qədim diyar Azərbaycanın milli-mənəvi və mədəni irsinin təşəkkül və inkişafına mühüm töhfələr vermişdir. Bu mənada, “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 7 may 2021-ci il və “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” 5 yanvar 2022-ci il tarixli sərəncamları xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan İlahiyyat İnstitutu ölkə başçısının müvafiq sərəncamlarına uyğun olaraq, 05 may 2022-ci il tarixdə Şuşa şəhərinin 270 illiyinə həsr olunmuş “Milli-mənəvi və mədəni irsimizin təşəkkülündə Şuşa” mövzusunda respublika elmi konfransı təşkil edəcək. Konfransın məqsədi şəhərin milli-mənəvi və sosial-mədəni irsinin tarix, siyasət, ədəbiyyat, incəsənət, memarlıq, din və fəlsəfə kimi müxtəlif aspektlərdən araşdırılmasıdır. Bu istiqamətdə əsas vəzifə elmi tezis və məqalələrin nəşr olunaraq elmi-ictimai mühitə çatdırılmasıdır. Həmçinin aparılacaq elmi tədqiqat və müzakirələrə şərait yaratmaq, bu layihə çərçivəsində Azərbaycan İlahiyyat İnstitutu ilə Respublikanın digər elmi tədqiqat institut və mərkəzləri arasında əməkdaşlığı genişləndirməkdir.


Konfransın əsas mövzu və istiqamətləri:
– Azərbaycanın mədəniyyət paytaxtı olaraq Şuşa və onun tarixi;
– Azərbaycanın ictimai-siyasi düşüncə tarixində Şuşa və şuşalı dövlət xadimləri;
– Şuşanın Azərbaycan ədəbi irsində yeri;
– Şuşada incəsənət və memarlıq nümunələri;
– Şuşanın milli-mənəvi irsimizin təşəkkül və inkişafında rolu;
– Şuşada dini-mədəni abidələr;
– Şuşa – Azərbaycanın multikultural mədəni irsində;
– Şuşanın geosiyasi əhəmiyyəti və 44 günlük Vətən müharibəsində Qarabağ Zəfəri.


Məqalələrin qəbul qaydaları:


1. Məqalələr heç bir yerə təqdim edilməmiş yeni tədqiqatlar olmalıdır.
2. Məqalələrin həcmi 6-15 səhifə, xülasələrin həcmi 200-250 sözdən ibarət olmalıdır.
3. Məqalələrin mətni “A4” formatda, “12” ölçülü hərflərlə, yuxarıdan və aşağıdan 2 sm, soldan 3 sm, sağdan 1 sm məsafə ilə, 1 intervalla, Azərbaycan, türk və ya rus dillərində “Times New Roman” şriftində aşağıdakı elektron ünvana göndərilməlidir: ilahiyyatkonfransshusha@gmail.com
4. Təqdim olunan yazının əvvəlində məqalənin başlığından sonra müəllifin adı, soyadı, işlədiyi müəssisə, tutduğu vəzifə, elmi dərəcəsi (olduğu təqdirdə) və müəllifin elektron poçt ünvanı göstərilməlidir.
5. Məqalənin əvvəlində müəlliflə bağlı məlumatdan sonra, məqalənin yazıldığı dildə xülasə və açar sözlər verilməlidir.
6. Elmi araşdırmaların yazılma üsullarına uyğun olaraq, beynəlxalq standartlara cavab verən məqalələrdə giriş, ən azı, iki yarımbaşlıq və nəticə olmalıdır.
7. Mövzu ilə bağlı elmi mənbələrə istinadlar vacibdir. Məqalədə istinadlar göstərildiyi yerdən sonra, mötərizədə müəllifin soyadı, nəşrin ili və səhifə nömrəsi sıra ilə verilməlidir; məs.: (Məmmədov 2007, 17-21).
Əgər bir müəllifin eyni ildə çap olunmuş iki və daha artıq əsəri varsa, belə olduğu halda, (Məmmədov 2007(1), 31-36) və ya (Məmmədov 2007 (2), 42-55) kimi qeyd edilməlidir. Məqalənin sonunda ədəbiyyat siyahısında soyad, ad və nəşr ili göstərildikdən sonra, mötərizə içərisində 1 və ya 2 rəqəmləri qeyd edilir; məs.: (Məmmədov Emil (2007/1), 31-36) və ya (Məmmədov Emil (2007/2), 42-55).
8. Ədəbiyyat siyahısında verilən hər bir istinad haqqında məlumat bu formatda yerləşdirilməlidir: müəllifin soyadı və adı; nəşr ili (il); kitab; məqalə; konfrans və digərlərinin tam adı (əgər varsa, tərcümə edənin adı və soyadı); nəşr edilən yer; nəşriyyatın adı. Məqalələrdə ən sonda səhifələr göstərilir. Ədəbiyyat siyahısı məqalənin sonunda verilməlidir.
9. Xülasə və açar sözlər məqalənin yazıldığı dildən başqa iki xarici dildə, ədəbiyyat siyahısından sonra yerləşdirilməlidir. Hər bir xülasədə məqalənin adı, müəllifin adı, soyadı və elmi dərəcəsi (olduğu təqdirdə) tam göstərilməlidir. Məqalənin müxtəlif dillərdəki xülasələri bir-birinin eyni olmalı və məqalənin məzmununa uyğun gəlməlidir.
10. Müəllif məqalənin keyfiyyətinə, göstərilən faktların dəqiqliyinə və digər məlumatlara görə cavabdehlik daşıyır.

 

Məqalələrin təqdim olunması üçün son tarix: 17.03.2022
Qəbul edilən məqalələrin elan edilmə tarixi: 11.04.2022
Əlaqələndirici şəxslər:

Elnarə Ağaoğlu (+99412) 510 65 45
(+99470) 250 05 27
Şahin Ələsgərov (+99412) 510 65 45
(+99455) 529 93 80
Emil İsbatov (+99412) 510 65 45
(+99455) 200 21 03

 

2022-01-14 16:22:00
940 baxış

Digər xəbərlər

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana

Əlahəzrət, Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Birləşmiş Ərəb Əmirlikləri Sizin rəhbərliyiniz altında böyük uğurlara imza ataraq dünyanın inkişaf etmiş və böyük nailiyyətlər qazanmış ölkələrindən birinə çevrilmişdir. Qardaşlıq, qarşılıqlı hörmət, etimad və dəstək üzərində qurulmuş Azərbaycan-BƏƏ dövlətlərarası münasibətləri hazırda dinamik və hərtərəfli inkişaf etməkdədir. Fəal siyasi dialoqumuz bütün sahələrdə əməkdaşlığımızı daha da genişləndirmək üçün yaxşı zəmin yaradır. Cari il ərzində Sizin Azərbaycana həyata keçirdiyiniz iki səfər qardaşlıq münasibətlərimizin yüksək səviyyəsindən xəbər verir. Son dövrdə ölkələrimiz arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş, əməkdaşlığımızın inkişafında yeni istiqamətlər müəyyən edilmişdir. Enerji sektorunda, xüsusilə də yaşıl enerji sahəsində atdığımız önəmli addımlar məmnunluq doğurur. Bu xüsusda ölkənizin “Masdar” şirkətinin bərpaolunan enerji sahəsində Azərbaycandakı səmərəli fəaliyyətini ayrıca vurğulamaq istərdim. Eyni zamanda Azərbaycanın COP29 sədrliyi ilə BƏƏ-nin COP28 sədrliyi arasında təşəkkül tapmış uğurlu əməkdaşlıq münasibətlərini təqdir edir, ölkələrimizin bundan sonra da iqlim fəaliyyətinin irəli aparılması istiqamətində birgə çalışacağına inamımı ifadə edirəm. Əminəm ki, Azərbaycan-BƏƏ dostluğunun və etibarlı tərəfdaşlığının möhkəmləndirilməsi, əməkdaşlığımızın həm ikitərəfli, həm də çoxtərəfli əsaslarda genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik. Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, Birləşmiş Ərəb Əmirliklərinin qardaş xalqına daim əmin-amanlıq və rifah arzulayıram. Hörmətlə,   İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 29 noyabr 2024-cü il

Hamısını oxu
Biz veteranlar sonsuz diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığımızı ifadə edirik

Hamısını oxu
Mehriban Əliyeva Fatma Səttarovanı 100 illiyi münasibətilə təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsi veteranı Fatma Səttarovanı 100 illiyi münasibətilə təbrik edib.   Təbrikdə deyilir:   “Əziz Fatma xanım! Sizi 100 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Sizə ən xoş arzularımı çatdırıram! Sizin parlaq şəxsiyyətiniz və həyat yolunuz heyranlıq doğurur! Biz Sizi çox sevirik, Sizinlə fəxr edirik! Uca Tanrı Sizə bundan sonra da tükənməz enerji, gümrahlıq və nikbinlik dolu neçə-neçə illər bəxş etsin. Bu əlamətdar gündə Sizə və doğmalarınıza möhkəm cansağlığı, nurlu, xoş günlər və səadət arzulayıram! Dərin hörmətlə,Mehriban”

Hamısını oxu
Sağlığında məzarı üşün şəkil çəkdirən, mayor rütbəsi almağından xəbərsiz halda əbədiyyətə qovuşan şəhid

 “Mən asfalt zabiti olmaq istəmirəm dedi və könüllü olaraq ön xətdə yolandı” Günel Məlikova: “Zabit olmaq onun uşaqlıq xəyalı idi və o, öz xəyalına qovuşduğu üçün xoşbəxt idi” Bu gün 44 günlük Vətən müharibəsi şəhidi kapitan Məlikov Aqil Niyaz oğlunun ad günüdür. Bu münasibətlə Veteran.gov.az saytı olaraq şəhidin həyat yoldaşı Günel Məlikova ilə söhbət etdik, şəhidimizin həyat və döyüş yoluna nəzər salmağa çalışdıq: -Günel xanım, bu gün qəhrəman şəhidimiz Aqil Məlikovun ad günüdür. Mümkünsə bir qədər Aqilin uşaqlıq və tələbəlik illərindən bəhs edərdiniz. -Aqil 6 aprel 1986-cı ildə Quba rayonunun Alpan kəndində zanadan olub. 1993-cü ildə Elşad Bayramov adına Alpan kənd tam orta məktəbində 1-ci sinfində təhsil alıb, 2004-cü ildə həmin məktəbi bitirib. Zabit olmaq, vətənin keşiyində dayanmaq Aqilin uşaqlıq arzusu idi. O, hər zaman bunu xəyal etmiş, bu arzu ilə nəfəs almışdı. Məhz bu arzu 2005-ci ildə onu Ali Hərbi Akademiyaya gətirir. 2005-ci ildə Ali Hərbi Akademiyaya daxil olan Aqil, 2009-cu ildə bu təhsil müəssisini uğurla bitirir. Aqil akademiyada təhsil aldığı dönəmdə özünü son dərəcə məsuliyyətli, çalışqan və intizamlı kursant kimi göstərir. Şəxsi keyfiyyətləri, öz işinə olduqca məsuliyyətlə yanaşması onu pedaqoji kollektivin sevimlisinəı çevirir. 2009-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində leytenant rütbəsində xidmətə başlayır. 2010-cu ildə isə xidmətini davam etdirmək üçün Şəkinin Şorsu kəndindəki N saylı hərbi hissəyə taqım komandiri kimi təyinat alır. Aqil zabit kimi ilk təcrübələrini də məhz bu zaman əldə edir. Vətənin hər qarışını addım-addım dolaşan, əsgərləri üçün şəxsi nümunə olan zabit -Və daha sonra öz xidmətini Tərtər rayonunda – ön xətdə davam etdirir... -Bəli. Tərtər rayonunda xidmətə başladıqdan sonra vaxtından əvvəl “baş leytenant” rütbəsi alır və bölük komandiri vəzifəsinə yüksəlir. Bir müddət burada xidmət etdikdən sonra Goranboy rayonunun Ağcakənd qəsəbəsində “N” saylı hərbi hissədə bölük komandiri kimi xidmətini davam etdirir. 1 il 2 ay burada xidmət etdikdən sonra Gəncə şəhərindəki “N” saylı hərbi hissəyə Maddi-Texniki Təminat Bölüyünün komandiri vəzifəsinə təyinat alır. 2016-cı ildə Ağdam rayonundakı “N” saylı hərbi hissədə eyni vəzifədə xidmət edir. 2016-cı ildə başlayan Aprel döyüşləri həm onun, həm ailəmizin, həm də xalqımızın həyatında yeni bir dönəm açır. Aqil hər zaman Aprel döyüşlərindən böyük bir şövqlə danışır, əsgər və zabitlərimizin bu döyüşlərdə sərgilədiyi qəhrəmanlıqların tarixin yaddaşında əbədi qalacağını vurğulayırdı. Ümumiyyətlə, Aprel döyüşləri onda böyük ruh yüksəkliyi, böyük zəfərə qəti inam hissi formalaşdırmışdı. Bu inam sadəcə onun sözlərində deyil, həm də gözlərində, baxışlarında, təbəssümündə əks olunur, onunla ünsiyyətdə olan hər kəsə sirayət edirdi. Və tarix sübut etdi ki, o, öz inamında yanılmayıb. “Cəbhə xəttindən yeni gəlsə də, yenidən ön xətdə qayıtmaq üçün raport yazdı” -Aprel döyüşlərindən sonra Aqil xidmətini hansı bölgələrdə davam etdirir? -Aprel döyüşlərindən sonra cəbhə bölgələrində xidməti nəzərə alınaraq Aqil Bakının Müşviq qəsəbəsində yerləşən “N” saylı hərbi hissəyə Maddi-Texniki Təminat bölüyünə komandir təyin olunur. Lakin onun qəlbi yenə də  ön xəttə can atır, ön xətlə döyünürdü. Elə buna görə də 8 ay Müşfiq qəsəbəsində xidmət etdikdən sonra o, raport yazaraq yenidən cəbhə xəttinə qayıtmaq istədiyini bildirir. Çox keçmir ki, Aqil Ağcəbədi rayonunda yerləşən “N” saylı hərbi hissəyə göndərilir. Nümunəvi xidmətinə görə müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən mükafatlandırılır. Eyni zamanda, NATO-nun hərbi təlimlərində təlimçi kimi iştirak edir. Aqil təlimdən qayıtdan sonra Beyləqan rayonundakı “N” saylı hərbi hissəyə tabor komandirinin müavini vəzifəsinə təyinat alır. 2020-ci ildə sentyabrın 27-də başlayan Vətən müharibəsinə də şəxsi heyəti ilə birlikdə həmin hərbi hissədən yola düşür. -Yəni müharibənin elə ilk günündə hərbi əməliyyatlara qatılır? -Bəli. Aqil və onun əsgərləri Füzuli rayonunun Qaraxanbəyli kəndində Ohanyan səddinin yarılmasında böyük şücaət göstərirlər. Aqil və onun əsgərləri 3 kəndi və 7 postu düşmən əsgərlərindən azad edir. Sentyabrın 27-də Aqil Qaraxanbəyli kəndində bir neçə zabitlə birlikdə şəhid olur. Şəhadətindən sonra Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə “ medalı, ”Vətən uğrunda “, ”İgidliyə görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunur. Xidmət etdiyi dövrdə  isə Aqil ,,Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi medalı”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi medalı”,  ,,Azərbaycan  Ordusunun100 illiyi medalı”, III dərəcəli “Qüsursuz xidmətə görə” medalları ilə təltif olunub. “O, şəhid olacağını bilirdi və məzarına vurulacaq şəkli də sağlığında seçmişdi” -Yəqin ki, Aqillə bağlı xatirələriniz çoxdur. Mümkünsə bu xatirələrdən birini bizimlə bölüşmənizi xahiş edirik. -Şübhəsiz ki, Aqillə bağlı xatirələrimiz çoxdur və bu xatirələrin hər biri bizim üçün olduqca əzizdir. Mən bunlardan birini xüsusilə tez-tez yada salıram. Bu, Aqilin Müşviq qəsəbəsində xidmət etdiyi dönəmlə bağlıdır. Bir gün Aqil evə gələndə üzündə aşkar narahatlıq hiss etdim. O, çox fikirli və qayğılı görünürdü. Mən bunun səbəbini soruşdum. Aqil mənə dedi ki, mən Bakıda – asfalt üstündə xidmət edə bilmirəm. Mən asfalt zabiti olmaq istəmirəm. Ön xətdə xidmət etmək istəyirəm. Bu gün raport yazmışam. Xahiş etmişəm ki, məni ön xətdə göndərsinlər. Bundan sonra xahişini nəzərə alaraq Aqili əvvəl Ağcabədi, daha sonra Beyləqandakı “N” saylı hərbi hissəyə göndərdilər və Vətən müharibəsinə də taborun qərargah rəisi  kimi Beyləqandakı hərbi hissədən qatıldı. Aqillə bağlı sinif yoldaşlarının da maraqlı bir xatirəsi var. Onlar bildirirdilər ki, Aqil yuxarı kursda oxuyanda kəndə gəlmişdi. Əlində vəsiqəlik şəkillər var idi. Bu, onun kursant formasında olan şəkli idi. Sinif yoldaşları ondan “bu qədər şəkli niyə özünlə gətirmisən” deyə soruşublar. Aqil isə cavabında deyib ki, bu şəkilləri sizin üçün gətirmişəm. Bu şəkildən hər birinizə verəcəm. İstəyirəm ki, məni hər zaman belə xatırlayasınız. Şəhid olanda məzarıma da məhz bu şəklin vurulmasını istəyirəm. Bunu məhz məzarıma vursunlar deyə çəkdirmişəm. O, şəhid olacağını bilirdi və bundan qürur duyurdu. O, əbədiyyətə beləcə - ölümün gözlərinə dik baxaraq, ölümə meydan oxuyaraq qovuşdu. Bu gün Aqil fiziki baxımdan həyatda olmasa da onun və digər şəhidlərimizin bizə qoyub getdiyi miras yaşamaqdadır. Bu, 8 Noyabr zəfəri ilə yanaşı, həm də vətən, dövlət, bayraq naminə özünü fəda etmək bacarığıdır. Mən övladlarım Xədicə və Süleymanı da məhz bu ruhda – qəhrəmanlıq ruhunda böyütməyə çalışıram. İstəyirəm onlar atalarının hansı böyük amallar uğrunda şəhid olduğunu bütün təfərrüatı ilə anlasınlar, atalarının qəhrəmanlıq ənənəsini davam etdirməyə hazır olsunlar. Və əmin olsunlar ki, Vətən üçün şəhid olanlar həqiqətən də əbədiyaşardırlar! Mən fürsətdən istifadə edib, şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürümüzü bildiririk. Quba Rayon İcra Hakimiyyətinə də bizimlə mütəmadi əlaqə saxladığı, qayğılarımızla maraqlandığı üçün minnətdarıq. Bayram günü bizi ziyarət edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilova da təşəkkür edirik. Bu qayğı və diqqət şəhid ailəsi olaraq bizlər üçün son dərəcə qiymətlidir və bu bizə mənəvi gücümüzü qoruyub saxlamaqda, həyata nikbinliklə baxmaqda kömək edir. Əminəm ki, illər, əsrlər ötüb keçsə də şəhidlərimizin qəhrəmanlığı əsla unudulmayacaq, şəhidlərimizin döyüş yolu ilə yanaşı, şəhid ailələrinə dövlətimiz tərəfindən göstərilən sevgi və ehtiram gənc nəsillərin vətənpərvərlik tərbiyəsinin inkişafına töhfə verəcək. Seymur ƏLİYEV  

Hamısını oxu