Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Sumqayıtdakı Heydər Əliyev Mərkəzində “Vətənpərvərliyin təbliği istiqamətində görülən işlər və mənfi təzahürlər” mövzusunda dəyirmi masa keçirilib

Bu gün Sumqayıtdakı Heydər Əliyev Mərkəzində “Vətənpərvərliyin təbliği istiqamətində görülən işlər və mənfi təzahürlər” mövzusunda dəyirmi masa keçirilib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilatçılığı ilə keçirilən tədbiri adıçəkilən qurumun Sumqayıt Şəhər Təşkilatının sədri Sovet Şükürov açıb. Onun təklifi ilə dövlətimizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Çıxışında dövlətimizin qazilərə, müharibə əlillərinə, şəhid ailələrinə olan diqqətindən bəhs edən Sovet Şükürov, bütün bunların cəmiyyətdə də böyük məmnunluq doğurduğunu qeyd edib. Sumqayıt Şəhər Təşkilatının sədri qeyd edib ki, bu kateqoriyadan olan vətəndaşların qayğılarının diqqət mərkəzində saxlanılması, onların sosial rifahının daha da gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Respublikamızın hər yerində olduğu kimi, Sumqayıtda da bu istiqamətdə mühüm addımların atıldığını bildirən Sovet Şükürov, veteran və qazilərə göstərilən dəstəyə görə dövlət başçısına təşəkkür edib, Sumqayıt Şəhər İcra Hakimiyyətinin xidmətlərinə diqqət çəkib.

 

Bununla yanaşı, son vaxtlar bəzi şəxslərin qazi adından sui-istifadə etdiyini vurğulayan Sovet Şükürov, bu cür halların arzuedilməz olduğunu qeyd edib. Təşkilat sədri qeyd edib ki, öz hüquqlarının təminində hansısa problemlə üzləşən hər bri qazi bununla bağlı əlaqədar dövlət orqanlarına müraciət etməli, onu narahat edən məsələnin qanuni müstəvidə araşdırılmasına nail olmalıdır. Bu məsələdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının hər zaman qazilərə dəstək verməyə hazır olduğunu bildirən Sovet Şükürov, şəhid və qazilərin millətin baş tacı olduğunu bildirib.

 

Daha sonra geniş məruzə ilə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov qazilərə, o cümlədən şəhid ailələri və müharibə əlillərinə göstərilən dövlət qayğısına diqqət çəkib:

 

“Ölkəmizdə qazilərə, müharibə əlillərinə, şəhid ailələrinə dövlət tərəfindən yüksək diqqət və qayğının göstərildiyi hamıya məlumdur. Əminliklə söyləmək olar ki, Azərbaycan bu kateqoriyadan olan vətəndaşlara göstərilən diqqətə görə dünyanın ən qabaqcıl dövlətidir. Şəhid ailələri və qazilərə olan bu qayğı “Azərbaycan modeli” kimi bir çox dövlətlər tərəfindən öyrənilməkdədir. Lakin qazilərə, şəhid alələrinə qayğı göstərmək sadəcə dövlətin deyil, hər bir vətəndaşın borcudur və sevindiricidir ki, Azərbaycan cəmiyyəti bu baxımdan üzərinə düşən məsuliyyəti lazımınca dərk edir”.

 

Polkovnik qeyd edib ki, bütün müsbət tendensiyalara rəğmən, bəzən mənfi təzahürlərə də rast gəlinir ki, bunlardan da biri bəzi şəxslərin özünü heç bir əsas olmadan qazi kimi təqdim etməsi ilə bağlıdır:

 

“Təəssüflər olsun ki, bəzən heç bir əsas olmadan özünü qazi kimi təqdim edən, müxtəlif dövlət qurumlarına qarşı qanunsuz tələblərlə çıxış edən insanlara da rast gəlinir. Cəmiyyəti aldadan, eyni zamanda dövlətin bu istiqamətdə gördüyü işlərə kölgə salan bu şəxslər belə bir təsəvvür yaratmaq istəyirlər ki, guya onlar qazi olsa da, dövlət diqqətindən kənarda qalıblar. Son vaxtlar qazi adından sui-istifadə edən bir neçə bu cür şəxsin ifşa edilməsi söylədiklərimizə nümunədir.

 

Bu gün cəmiyətdə qaziləri öz ətrafında cəmləmək, onların adından, nüfuzundan şəxsi ambisiyalarını, çirkin məqsədlərini həyata keçirmək üçün istifadə etməyə çalışan qüvvələr mövcuddur. Qazilərimiz bu məsələdə diqqətli olmalı, belə qüvvələrdən uzaqda durmalı, kimlərinsə onlardan istifadə etməsinə imkan verməməlidir. Əgər onlar hansısa problemlə üzləşiblərsə, bunun həlli üçün əlaqədar dövlət qurumlarına müraciət etməli, problemin qanuni şəkildə həlli üçün hüquqi imkanlardan istifadə etməlidir. Bu məsələdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı qazilərimizə hər cür dəstək göstərməyə hazırdır. Əgər hər hansı bir qazi hansısa problemini həll etməkdə çətinliklə üzləşirsə, hansısa məmur tərəfindən süründürməçiliyə məruz qalırsa, o zaman təşkilatımıza müraciət edə bilər.Unutmamamlıyıq ki, irəli sürdüyümüz hər bir tələb, hər bir istək qanuna istinad etməli, qanuni olmalıdır. Bu, həmin tələbin reallaşması üçün ən başlıca amildir.

 

Mən bütün qaziləri, veteranları 44 günlük Vətən müharibəsində olduğu kimi bu gün də Ali Baş Komandanın ətrafında sıx birləşməyə çağırıram. Unutmayaq ki, uğura gedən yolumuz birliyimizdən, həmrəyliyimizdən keçir və bu birliyi qorumaq bizim üçün hər şeydən vacibdir”.

 

Tədbirdə çıxış edən Qarabağ Əlillər Cəmiyyətinin sədr müavini Nəzakət İsmayılova da dövlətin qazi və şəhid ailələrinə diqqətini qeyd etməklə yanaşı, bəzi qazilərin müxtəlif əsassız iddia və tələblərlə çıxış etdiyini bildirib. Nəzakət İsmayılova qeyd edib ki, əsl qazilər və şəhidlər vətəni heç bir təmənna ummadan, heç bir təmənna gözləmədən müdafiə ediblər və bununla da əsl vətən sevgisini nümayiş etdiriblər. Hansısa qanunsuz təklif və təmənna ilə çıxış etməyin qazi adına, qazi statusuna yaraşmadığını bildirən Nəzakət İsmayılova, bu məsələyə hər kəsin həssas və duyarlı yanaşmasının vacibliyini vurğulayıb.

 

Çıxışında şəhidləri dərin ehtiram hissi ilə yad edən Nəzakət İsmayılova qeyd edib ki, xalqın şəhidlərə olan borcu, şəhidlərə olan sevgisi əbədidir və bu sevgi əsrlər sonra da öz paklığını, ülviliyini qoruyub saxlayacaq, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olanlar minnətdarlıq hissi ilə xatırlanacaqdır.

 

Tədbirdə çıxış edən əmək veteranları və qazilər də dövlətin onlara olan qayğısını qeyd etməklə yanaşı, qazi adından sui-istifadənin yolverilməz olduğunu bildirib, bu cür hallara qarşı birgə mübarizənin zəruriliyini vurğulayıblar.

 

Tədbirin sonunda xatirə şəkli çəkilib.

 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti

 

 

 

 

2022-01-19 14:22:00
1241 baxış

Digər xəbərlər

Hikmət Hacıyev: Mədəni irsin qorunması ümumbəşəri öhdəlikdir və UNESCO tərəfindən siyasi məqsədlər üçün istifadə olunmamalıdır

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik. -Hikmət müəllim, 2020-ci il dekabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilan rayonuna səfəri zamanı qeyd etdi ki, Azərbaycan 30 il ərzində dəfələrlə UNESCO-ya müraciət edərək işğal olunmuş ərazilərimizdə məscidlərimizin və tarixi abidələrimizin işğalçı Ermənistan tərəfindən dağıdıldığını, erməniləşdirildiyini bildirib. Lakin UNESCO bir dəfə də olsun missiya göndərməyib. 30 il Azərbaycanın missiya ilə bağlı çağırışlarına cavab vermədiyi halda son dövrlər UNESCO-nun ölkəmizə missiya göndərmək istəyini necə izah etmək olar? -Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Ermənistan işğal edilmiş ərazilərimizdə xalqımızın mədəni, tarixi və dini abidələrinin qəsdən dağıdılması və ya erməniləşdirilməsi kimi qanunsuz əməllər həyata keçirib. Həmin ərazilərdə Ermənistan tərəfindən 927 kitabxana, 60-dan çox məscid, 44 məbəd, 473 tarixi abidə, saray və muzeylər dağıdılıb, eləcə də 40.000 muzey eksponatı qanunsuz olaraq daşınıb. Ermənistanın qanunsuz əməllərini araşdırmaq və qarşısını almaq məqsədilə Azərbaycan dəfələrlə UNESCO missiyasının işğal olunmuş ərazilərimizə göndərilməsi təklifi ilə çıxış edib. İşğalçı dövlət olan Ermənistan isə qeyri-konstruktivlik nümayiş etdirərək Azərbaycanın UNESCO missiyası ilə bağlı bütün çağırışlarının qarşısını alıb. Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın qanunsuz əməlləri barədə beynəlxalq ictimaiyyət, o cümlədən UNESCO bütün bu illər ərzində davamlı şəkildə məlumatlandırılıb. Bu məqsədlə bir sıra nəşrlər hazırlanıb. Məsələn, 2007-ci ildə "Azərbaycana qarşı müharibə - mədəni irsə hücum" adlı kitab hazırlanıb və UNESCO-ya təqdim edilib. Bu kitabda ölkəmizin işğal edilmiş ərazilərində Ermənistan tərəfindən dağıdılmış mədəni və dini abidələrin siyahısı, onların qəsdən erməniləşdirilməsi, Alban kilsələrinin erməni kilsələri kimi təqdim edilməsi barədə geniş məlumatlar yer alıb. Amma UNESCO tərəfindən adekvat reaksiya verilmədi. Hələ 2008-ci ildə UNESCO-nun o zamankı Baş direktoru Koişiro Matsuuranın ölkəmizə səfəri zamanı Azərbaycan tərəfi belə bir missiyanın təşkil olunmasını təklif etmişdi. O zaman Baş direktor məsələni izlədiklərini və missiyanın vaxtı haqqında dəqiq fikir söyləyə bilmədiyini qeyd etmişdi. Yadımdadır, Xarici İşlər Nazirliyində mətbuat xidmətinin rəhbəri olduğum zaman bu mövzu ilə bağlı bir sıra açıqlamalarla çıxış etmişdim. 2015-ci ildə müsahibələrin birində qeyd etmişdim ki, Azərbaycan UNESCO-nu ölkəmizin işğal olunmuş ərazilərində maddi-mədəni irsin dağıdılması hallarını araşdırmaq və monitorinq aparmaq üçün missiya göndərməyə dəvət edir. Amma Ermənistan bu missiyanın həyata keçirilməsinə imkan vermir. Çünki missiya həyata keçiriləcəyi təqdirdə, işğal olunmuş ərazilərdə xalqımıza aid maddi-mədəniyyət abidələrinə qarşı vandalizm halları sənədləşdiriləcək və beynəlxalq ictimaiyyətə təqdim olunacaq. 2016-cı ildə Ağdamın Cümə məscidinin Ermənistan tərəfindən hərbi məqsədlərlə istifadə edilməsi barədə məlumatlar daxil olmuşdu. Xarici İşlər Nazirliyinin bəyanatında bildirilmişdi ki, bu, beynəlxalq hüququn, o cümlədən 1954-cü il Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Haaqa Konvensiyasının kobud şəkildə pozulmasıdır. Odur ki, rəsmi Yerevan indi timsah göz yaşları tökmək və siyasi möhtəkirliklə məşğul olmaq əvəzinə, UNESCO missiyasına nəyə görə imkan vermədiyinə aydınlıq gətirməlidir. Təəssüf ki, UNESCO da bu məsələdə prinsipiallıq, qətiyyət nümayiş etdirmədi, hətta bəyanat belə vermədi. 2020-ci il tariximizə qızıl hərflərlə yazıldı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. Nəticədə bütün dünya Ermənistanın mədəni irsimizə qarşı törətdiyi vəhşiliklərin, barbarlığın bir daha şahidi oldu. Bu yaxınlarda Prezident İlham Əliyevin tapşırığı ilə biz ölkəmizdə akkreditə olunmuş diplomatları işğaldan azad edilmiş Fizuli və Ağdam şəhərlərinə apardıq. Orada bütün binalar, abidələr dağıdılıb, sökülüb. Ağdamda Qarabağ xanlarının dəfn edildiyi tarixi "İmarət" qəbiristanlığının dağıdıldığını və təhqir olunduğunu gördük. İşğal edilmiş ərazilərimizdə muzey eksponatları, əlyazmalar, xalçalar, tarixi zinət əşyaları Ermənistan tərəfindən qanunsuz olaraq daşınıb, mənimsənilib və xaricə satılıb. Məsələn, məşhur Azərbaycan şairəsi Xurşidbanu Natəvanın Şuşadakı ev muzeyi dağıdılıb və muzeydə toplanmış yüzlərlə nadir sənət incisi, rəsm əsərləri, xalçalar, miniatürlər, xatirə əşyaları, arxeologiya nümunələri işğalçılar tərəfindən dağıdılaraq talan edilib. Ağdamdakı məşhur Çörək muzeyi dağıdılıb. Bir çox dəyərli Qarabağ xalçaları Ermənistana aparılıb və xaricə satılıb. Dünya əhəmiyyətli arxeoloji abidə olan Azıx mağarasında və Ağdamda Ermənistan tərəfindən qanunsuz arxeoloji qazıntılar aparılıb və dəyərli tapıntılar Ermənistana daşınıb. Faktiki olaraq, Ermənistan dövlət səviyyəsində vandallıq, talançılıq, soyğunçuluq siyasəti həyata keçirib. Ermənistanın bu kimi addımları beynəlxalq humanitar hüququn, xüsusilə "Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması haqqında" 1954-ci il Haaqa Konvensiyasının və UNESCO-nun "Mədəni mülkiyyətin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında" 1970-ci il Konvensiyasının kobud şəkildə pozulmasıdır. Ermənistan bu qanunsuz əməllərinə görə məsuliyyət daşıyır, bu əməllərinə görə cavab verməli və oğurladığı daşına bilən mədəni irs nümunələrini öz qanuni sahibi olan Azərbaycana qaytarmalıdır. Ermənistanın törətdiyi vəhşiliklər, vandallıq, talançılıq barədə son aylarda dünya mediasında çoxsaylı məlumatlar getdi, reportajlar hazırlandı. UNESCO Ermənistanın bu qanunsuz əməllərinə adekvat reaksiya verməli və bunları pisləməlidir. Lakin paradoksal odur ki, həm Vətən müharibəsinin gedişatı zamanı, həm də ondan sonra UNESCO anlaşılmaz, reallıqdan uzaq və yanlış istiqamətdə olan bir sıra bəyanatlarla çıxış etdi. Bu günlərdə isə UNESCO-nun Baş direktorunun müavini missiya ilə bağlı Azərbaycandan cavab gözlədikləri barədə açıqlama verib. İlk növbədə, bildirmək istərdim ki, bu açıqlamanın məzmunu və tərzi Azərbaycan tərəfi üçün qəbuledilməzdir və açıq-aşkar qərəzli mahiyyət daşıyır. Azərbaycan multikultural və tolerant ölkə olaraq öz ərazisində yerləşən bütün mədəni, dini abidələrin qorunmasını təmin edir. İstər müsəlman abidəsi olsun, istər yəhudi, istərsə də xristian. Elə təkcə bir fakt - bu yaxınlarda Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsinin Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə bərpa edilməsi bunun bariz nümunəsidir. UNESCO və bəzi dövlətlərin Azərbaycanın qələbəsindən sonra missiya məsələsini qabartmaları bizdə bir sıra suallar doğurur. Bəs əvvəllər niyə UNESCO missiya göndərmirdi? İşğal edilmiş Azərbaycan ərazilərində məscidlər dağıdılanda, orada donuz, inək saxlanılanda UNESCO buna niyə reaksiya vermirdi?! Cənab Prezidentin qeyd etdiyi kimi, elə çıxır ki, məscidi dağıtmaq olar?! Amma ortada heç bir əsas olmadığı halda işğaldan azad edilmiş ərazilərdəki xristian abidələrinin taleyi bəzilərini, o cümlədən UNESCO rəhbərliyini "yaman narahat edir". Bir daha vurğulamaq istərdim ki, biz ölkəmizdə olan bütün dinlərə aid abidələrə böyük hörmətlə yanaşır və onları mühafizə edirik. Lakin UNESCO-nun reaksiyasından belə təəssürat yaranır ki, sanki xristian abidələri müsəlman abidələrindən daha önəmlidir. Bu, onu göstərir ki, mənsubiyyətindən asılı olmayaraq bütün dini, mədəni abidələr qorunmalı olduğu bir halda, UNESCO və bəzi siyasi dairələr tərəfindən açıq-aşkar dini zəmində ayrı-seçkilik edilir. Bütün bunlar siyasi riyakarlığın və ikili standartların bariz nümunəsidir. Burada bir faktı da vurğulamaq istərdim. 2018-ci ilin yanvarında Azərbaycanın xarici işlər naziri o zaman yeni seçilmiş Baş direktor Odre Azuley ilə görüşdə işğal altında olan ərazilərimizə UNESCO missiyasının göndərilməsi məsələsini bir daha qaldırmışdı. -Bəs Odre Azuleyin bu məsələyə münasibəti necə olmuşdu? -Çox maraqlıdır ki, O.Azuley bildirmişdi ki, UNESCO humanitar təşkilatdır və bu səbəbdən də siyasi məsələlərə müdaxilə etmək istəmirik. Amma indi üstündən cəmi iki il keçəndən sonra artıq deyəsən UNESCO-nun humanitar təşkilat olduğu "yadından çıxıb". Azərbaycanın şanlı Vətən müharibəsindən sonra UNESCO rəhbərliyi niyə belə tez mövqeyini dəyişdi?! Nədən bir məsələ ilə bağlı təşkilatda davamlı mövqe yoxdur?! Əlbəttə, belə yanaşma Azərbaycanı və ümumiyyətlə, beynəlxalq ictimaiyyətin digər məsuliyyətli üzvlərini qane edə bilməz. Sözügedən görüşün yazısı bizim diplomatik arxivdə saxlanılır. Aydın şəkildə sezilir ki, Azərbaycanın əldə etdiyi Zəfər nəticəsində regionumuzda yaranmış yeni reallıq bir çox siyasi dairələri narahat edir və onlar bununla barışa bilmirlər. Təəssüf doğuran bir haldır ki, UNESCO da ya məqsədli şəkildə, ya da bilməyərəkdən bu proseslərə cəlb olunub. UNESCO rəhbərliyi bu siyasətdən əl çəkməlidir. UNESCO hökumətlərarası bir təşkilatdır və öz fəaliyyətini mandatına uyğun olaraq obyektiv və qərəzsiz surətdə həyata keçirməlidir. UNESCO rəsmiləri vətəndaşı olduqları dövlətlərin milli gündəliyini irəlilətməklə məşğul olmamalıdır. UNESCO hansısa dövlətin siyasi təsir alətinə çevrilməməlidir. Bu, onun imicinə, müstəqilliyinə çox böyük bir zərbədir. Mədəni irsin qorunması ümumbəşəri öhdəlikdir və siyasi məqsədlər üçün istifadə olunmamalıdır. -Hazırda Azərbaycanın UNESCO-nun missiyası ilə bağlı mövqeyi necədir? -Bilirsiniz, Azərbaycanın mövqeyi haqlıdır və davamlıdır. Yəni, dünən olduğu kimi, bu gün də Azərbaycan UNESCO missiyasının təşkilinə qarşı çıxmır. Sadəcə, beynəlxalq hüquqa və müvafiq prosedurlara uyğun davranılmalıdır. Təhlükəsizlik şəraiti imkan verdiyi zaman missiyanın aydın mandatı və tərkibi Azərbaycan və UNESCO arasında razılaşdırılmalıdır. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət olunmalıdır. Hazırda Mədəniyyət Nazirliyi işğaldan azad olunmuş ərazilərimizdəki mədəni abidələrimizin vəziyyətini qiymətləndirir və bu məlumatlar UNESCO-ya təqdim ediləcək. Ermənistan digər sahələrdə olduğu kimi, işğal zamanı Azərbaycan xalqının bu torpaqlardakı izini silmək məqsədilə həyata keçirdiyi mədəniyyət soyqırımına və terroruna görə cavab verməlidir. -Belə xəbərlər yayılır ki, UNESCO UNITAR ilə birgə Qarabağda müəyyən layihələr həyata keçirmək istəyir. Azərbaycanın buna münasibəti necədir? -Bəli, biz də bu barədə eşitmişik. Bu iki təşkilat peyklər vasitəsilə Qarabağda müşahidələr aparmaq və mədəni irsin qorunması ilə bağlı oradakı vəziyyəti qiymətləndirmək istəyir. Birmənalı şəkildə bildirmək istəyirəm ki, belə özfəaliyyət qəbuledilməzdir. Həm UNESCO, həm də UNITAR BMT təşkilatlarıdır. Onlar beynəlxalq hüquqa və BMT-nin müvafiq qaydalarına uyğun hərəkət etməlidirlər. Qarabağ Azərbaycan torpağıdır və orada həyata keçirilən istənilən fəaliyyət Azərbaycanla razılaşdırılmalıdır. Əks halda tərəfimizdən bu, birbaşa olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı hörmətsizlik kimi qiymətləndiriləcək və adekvat reaksiya veriləcək. -Hikmət müəllim, Azərbaycan silahlı münaqişələr zamanı mədəni irsin qorunması istiqamətində UNESCO-da başqa hansı işlər aparmışdır? Ümumiyyətlə, UNESCO ilə münasibətlərimizin gələcəyi barədə nə deyə bilərsiniz? -UNESCO ilə əməkdaşlıq çərçivəsində Azərbaycan silahlı münaqişələr dövründə mədəni abidələrin qorunması məsələsinə xüsusi diqqət ayırıb. Azərbaycan 2011-ci ildə UNESCO-nun silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə komitəsinə üzv seçilib və onun çərçivəsində fəal üzv kimi təşəbbüslərlə çıxış edib. 2012-2013-cü illərdə komitə çərçivəsində "İşğal edilmiş ərazilərdə mədəni abidələrin qorunması" adlı sənəd müzakirə edilib və qəbul olunub. Ölkəmizin təşəbbüsü və fəal iştirakı ilə hazırlanmış bu sənəd dünyada olan münaqişələr zamanı, işğal altındakı ərazilərdə UNESCO Katibliyinin mədəni abidələrin qorunması ilə bağlı atmalı olduğu addımları ehtiva edirdi. Azərbaycanın özü işğaldan əziyyət çəkmiş bir ölkə kimi nəinki yalnız işğal olunmuş ərazilərimizdə, eləcə də bütün dünyada mədəni abidələrin dağıdılması məsələsinə həssaslıqla yanaşıb və UNESCO ilə bu sahədə əməkdaşlığa daim önəm verib. Bizim düşüncəmiz belə olub ki, mədəni irs yalnız ayrıca bir xalqa deyil, bütün bəşəriyyətə məxsusdur. 2016-cı ildə UNESCO tərəfindən Mədəni abidələrin qorunması üzrə ilk "Hərbi bələdçi" hazırlanıb. Bu bələdçi çox önəmli nəşrdir və fərqli dillərə tərcümə edilərək bir çox dövlətlər və beynəlxalq təşkilatlar, o cümlədən NATO tərəfindən istifadə edilir. Bələdçinin hazırlanması üçün maliyyə töhfəsini məhz Azərbaycan verib. Həmçinin onun müəllifləri arasında İtaliya, İngiltərə, Fransa mütəxəssisləri ilə yanaşı, azərbaycanlı ekspert də yer alıb. Bu, ölkəmizin mədəni abidələrin qorunması sahəsinə verdiyi önəmin, eləcə də bu sahədə olan nüfuzunun göstəricisidir. Həmçinin UNESCO-nun ən mötəbər qurumlarından olan Ümumdünya İrs Komitəsində 2015-2019-cu illər ərzində üzvlüyü zamanı da Azərbaycan silahlı münaqişələr zamanı mədəni irsin qorunması məsələsini daim gündəmdə saxlayıb. Sualınızın ikinci hissəsinə gəldikdə isə deməliyəm ki, UNESCO ilə əməkdaşlıq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın daim diqqət mərkəzində olub. Təsadüfi deyil ki, Mehriban xanım Əliyeva 2004-cü ildə Azərbaycan şifahi xalq ədəbiyyatı və milli musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsində xidmətlərinə görə UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. Məhz onun təşəbbüsü və dəstəyi ilə istər Azərbaycanda, istərsə də xarici ölkələrdə mədəni irsin qorunması sahəsində önəmli layihələr həyata keçirilib, məktəblər inşa edilib, məscidlər, kilsələr, tarixi abidələr bərpa olunub. Beynəlxalq hüquqa, beynəlxalq humanitar fəaliyyətə, multikulturalizmə böyük əhəmiyyət verən Azərbaycan UNESCO ilə bundan sonra da səmərəli, konstruktiv, qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığa hazırdır. Azərbaycan UNESCO-dan da özünə münasibətdə eyni yanaşmanı gözləyir. Milli.Az

Hamısını oxu
Mehriban Əliyeva Yuxarı Gövhər Ağa məscidinə “Qurani-Kərim” aparıb

Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərinə səfəri zamanı Yuxarı Gövhər Ağa məscidində olub. Publika.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva kəlağayıya bükdüyü “Qurani-Kərim”i məsciddə Prezident İlham Əliyevə təqdim edib. Dövlət başçısı müqəddəs kitabı öpərək onu məsciddə xüsusi yaradılmış guşəyə qoyub. Daha sonra dualar edilib.                                  

Hamısını oxu
Qəhrəmanlar unudulmur! Zəfərin Memarları: 14 Qəhrəmanımızın doğum gününü qürurla anırıq

Hər təqvim səhifəsinin bir xatirəsi var, amma elə günlər var ki, millətin yaddaşına qızıl hərflərlə yazılır. Sentyabrın 17-si günəşin şəhidlərin adına doğduğu, 14 igidin səmaya yüksəlib millətin qəlbində ölümsüzləşdiyi gündür. Onlar şəhid olaraq millətin yenidən doğuluşuna imza atdılar. Qarabağ torpağının hər qarışı onların adları ilə nəfəs alır, hər zəfər nəğməsi onların əzmi ilə yazılır. 2020-ci ilin payızında şəhidlərin ruhu səfərbər olmuşdu, torpaq sanki oyanmışdı. 44 gün tarixdə çox qısa görünə bilər. Amma bu günlərə nələr sığmadı? Minlərlə oğul, minlərlə yurd həsrəti və bir millətin dirənişi. O 14 şəhidin də qanı bu yurdun dirçəlişinə can verdi. Onların hər biri bu zəfərin daşını-daş üstə qoyan igidlər idi. Qarabağ  təkcə bir coğrafiya deyil. Qarabağ bir vətən sevgisi, bir nisgil, bir and idi. Qayıdışımız şəhidlərin ruhlarının səssiz səfəri idi. Onların ayaq izləri ilə döyüş yolu çəkildi. İndi hər dağ başında, hər bulaq kənarında, hər səssiz kənddə onların nəfəsi var. Sentyabrın 17-də doğulanlar millətin qayıdış dastanının simvolları kimi tarixə yazıldı. Hər dirçəlişin bir bünövrəsi olur. Bizim dirçəlişimizin əsası şəhidlərin qanı ilə, ruhu ilə, sevgisi ilə atıldı. İndi Qarabağda yeni məktəblər tikilir, yollar çəkilir, kəndlər canlanır. Bütün bu işlər şəhidlərin adına ucaldılmış abidələr kimidir. Bu torpağın hər çiçəyi, hər ağacı onların ruhuna səcdə edir. Hər il bu tarixdə Azərbaycan bir daha baş əyəcək: “Siz bizim qürurumuz, siz bizim tariximizsiniz!” deyəcək. Qarabağ artıq azaddır. Amma bu azadlıq təsadüf deyil. Bu azadlıq şəhidlərin ruhunun, anaların göz yaşının, əsgərin addımının, millətin birlik ruhunun nəticəsidir. 14 qəhrəman 14 ulduz kimi bu Zəfər səmasında əbədi parlayır.  Vətən Uğrunda Canından Keçən Qəhrəman – Zöhrab Abbasov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlarımız, tariximizin ən parlaq səhifələrini yazıblar. Onlar təkcə torpaqlarımızın azadlığı uğrunda döyüşmədilər, həm də bir xalqın qürurunu, iradəsini və yenilməzliyini tərənnüm etdilər. Bu qəhrəmanlardan biri də Zöhrab Abbasovdur. Zöhrab Abbasov 2001-ci il sentyabrın 17-də Ağstafa rayonunun Eynallı kəndində dünyaya göz açdı. İlk təhsilini Eynallı kənd tam orta məktəbində aldı. 2007–2018-ci illər ərzində burada oxuyaraq savadlı, vətənpərvər və məsuliyyətli bir gənc kimi yetişdi. Ailəsinin, müəllimlərinin və dostlarının sevgisini qazanan Zöhrab sadə və təvazökar təbiəti ilə seçilirdi. 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarına müddətli həqiqi hərbi xidmətə çağırıldı. Hərbi xidmət onun üçün bir öhdəlik, bir borc, bir şərəf idi. Zöhrab hərbi hissədə nümunəvi davranışı, intizamı və vətənə bağlılığı ilə seçilirdi. 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi zamanı Zöhrab Abbasov ön cəbhədə, Suqovuşanın azadlığı uğrunda gedən qanlı döyüşlərə qatıldı. Ən ağır mövqelərdə, çətin şəraitdə belə geri çəkilməyən Zöhrab döyüş yoldaşları ilə birgə işğal altındakı torpaqlarımızın azadlığı uğrunda canını fəda etməyə hazır idi. O, 13 oktyabr 2020-ci il tarixində Suqovuşan istiqamətində gedən şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhid oldu.  bilmədi. Zöhrab Abbasovun göstərdiyi igidlik dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən o, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olundu. Həmçinin “Suqovuşanın azad olunmasına görə” medalı da onun xatirəsinə təqdim edildi. Zöhrab Abbasovun adı bu torpağın azadlığı və bütövlüyü uğrunda canını fəda edən qəhrəmanlarımız arasında əbədi qalacaq. Onun əziz xatirəsi ailəsinin, doğmalarının, döyüş yoldaşlarının və bütövlükdə xalqımızın yaddaşında daim yaşayacaq. İlkin Ağakişiyev- Vətənə Məhəbbət və Şücaətin Əbədi Nümunəsi 1995-ci ilin sentyabrında Mingəçevirdə dünyaya göz açan İlkin Ağakişiyev elə uşaq yaşlarından qəlbində doğma vətəninə qarşı sarsılmaz sevgi daşıyırdı. Həyatının hər addımında bu sevgi onu irəli aparır, çətinliklərə sinə gərməyə, böyük arzularına doğru inamla yürüməyə həvəsləndirirdi. 2013-2017-ci illərdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında ali təhsilini davam etdirərkən İlkin yalnız biliyi ilə deyil, həm də vətənə bağlılığı, insanlara olan hörməti və qəhrəmanlıq ruhu ilə seçilirdi. O, həyatın ən ağır çağırışlarına belə hazırlıqlı idi, ürəyində isə sonsuz vətən eşqi alovlanırdı, bu alov heç vaxt sönməyəcəkdi. 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətini şərəflə yerinə yetirdi. 2020-ci ilin sentyabr ayında Vətən müharibəsi başlayanda isə İlkin Ağakişiyev cəsarətlə döyüş meydanına atıldı. Suqovuşanın azadlığı uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmanlıq nümunələri göstərdi. O, Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etməkdən çəkinmədi. Oktyabrın 8-də Ağdərə istiqamətində şəhidlik zirvəsinə ucaldı, amma onun ruhu millətin qəlbində əbədi yaşadı. Noyabrın 27-də Mingəçevirin Şəhidlər Xiyabanında doğma torpağa əbədi qovuşdu. O, Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" medalı ilə, 24 iyun 2021-ci il tarixli sərəncamla isə "Suqovuşanın azad olunmasına görə" medalı və "Cəsur döyüşçü" medalı ilə təltif edildi. İlkin Ağakişiyev vətən sevgisi, igidliyi və şücaəti ilə bir millətin qürur mənbəyidir və onun həyahı gələcək nəsillərə vətənpərvərlik dərsi, qəhrəmanlıq örnəyidir. O, sönməz ulduz kimi Azərbaycan tarixində parlayacaq, xalqının qəlbində əbədi yaşayacaqdır. Asim Əliyev – Vətənə Sadiq Bir Ömür   1998-ci ilin sentyabr ayının 17-də, Sabirabad rayonunun Əsədli kəndində doğulan Asim Əliyev uşaqlıqdan ürəyində vətən sevgisi ilə böyümüşdü. O, sıradan bir gənc deyildi, onun baxışlarında və əməllərində hər zaman bir qürur, bir məsuliyyət vardı. Vətən onun üçün təkcə doğulduğu torpaq deyil, qəlbində yaşadan, canını fəda etməyə hazır olduğu müqəddəs bir məfkurə idi. 2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsi tariximizin ən şanlı səhifələrindən biri oldu. Azərbaycan Ordusunun igid əsgərləri kimi Asim də döyüş meydanına atıldı. O, yalnız bir əsgər yox, Vətən uğrunda döyüşən qəhrəman ruh idi. Qarabağın dağlarında, Füzulinin torpaqlarında şəhidlik zirvəsinə yüksəlmək onun vətənə olan ən böyük sevgisinin əyani sübutu oldu. Oktyabrın 14-də Asim Əliyev öz canını, gənc həyatını vətən torpağı uğrunda fəda etdi. Onun şəhidliyi təkcə bir ailənin deyil, bütöv bir millətin ağrısı, qürur mənbəyi oldu. Sabirabadın Əsədli kəndində dəfn edilən Asim vətən sevgisinin əbədiyyətə çevrilən nümunəsi kimi yaddaşlarda yaşayacaq. Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə Asim Əliyev “Vətən uğrunda” medalı ilə, 25 dekabr tarixli sərəncamla isə “Füzulinin azad olunmasına görə” medalı ilə ölümündən sonra təltif edildi. Bu medallar onun igidliyinin, şəxsi qəhrəmanlığının, vətənə olan sonsuz məhəbbətinin ən yüksək rəmzləridir. Asim Əliyevin həyatı və şəhidliyi bizə bir daha xatırladır: Vətən yalnız torpaq deyil, vətən azadlıq, şərəf, qəhrəmanlıq və fədakarlıqdır. Asim Əliyev  hər kəsin qəlbində yaşayan, gələcək nəsillərə vətən sevgisini miras qoyan bir qəhrəmandır. Vətən Uğrunda Son Nəfəs: Rahib Hacıismayılovun Şəhidlik Yolu Hacıismayılov Rahib Məmmədəmin oğlu 17 sentyabr 1991-ci ildə dünyaya gəlmişdi. Gənc yaşlarından vətənə sonsuz məhəbbətlə bağlı olan Rahib 2020-ci ilin sentyabr ayının 30-dan könüllü olaraq döyüşlərə atıldı. O, Vətən müharibəsinin ilk günlərindən döyüş meydanında idi. Tərtərin Tülkü Dərəsi, Qapanlı, Ballı Qaya istiqamətində gedən şiddətli, qanlı döyüşlərdə igidliklə vuruşdu. Ağdərə rayonu istiqamətində gedən amansız mübarizədə o, Vətənə olan sevgisi və fədakarlığı ilə əvəzsiz şücaət göstərdi. Oktyabrın 20-də Ağdərənin azadlığı uğrunda gedən qanlı döyüşlərdə qəhrəmancasına şəhid oldu. Rahib Hacıismayılov vətən üçün canından keçən, qəlbi Azərbaycan sevgisi ilə döyünən əsl qəhrəman idi. Onun igidliyi, vətənpərvərliyi və fədakarlığı Azərbaycan xalqının qürur mənbəyidir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda gedən 44 günlük Vətən müharibəsində Rahib kimi minlərlə şəhid və qazilərimiz sayəsində 8 noyabr 2020-ci ildə Zəfərimiz rəsmi olaraq elan edildi, Azərbaycanın əzəli torpaqları düşmən tapdağından azad olundu. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Rahib ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edildi. Bu medallar onun vətənə bağlılığının, qətiyyətinin və mərdliyinin əbədiləşdirilməsidir. Rahib kimi igidlərimizin qanı ilə yazılan bu zəfər tarixi gələcək nəsillərə vətən sevgisinin və qəhrəmanlığın ən parlaq nümunəsi olaraq həkk olunacaq. Onların xatirəsi daim qəlblərdə yaşayacaq, azad və müstəqil Azərbaycan isə əbədi var olacaq. Həsənov Pərviz Yolçu oğlu: Vətəninə Qanıyla Yazılan Şərəfli Bir Əfsanə Beyləqan rayonunun Kəbirli kəndində 17 sentyabr 1990-cı ildə doğulan Həsənov Pərviz Yolçu oğlu öz həyatını vətən sevgisinə bağlayan igidlərdən biri idi. Hər zaman könlündə yanan o alovlu vətən eşqi, onu Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə çağırdı. O, böyük bir əzmlə, könüllü olaraq 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsinin ön cəbhəsinə atıldı. Hər bir addımı ilə, hər bir nəfəsiylə Vətən torpaqlarının azadlığı uğrunda mübarizə aparan Pərviz 27 sentyabrdan başlayan döyüşlərdə Füzulinin azad olunması üçün canını fəda etməkdən çəkinmədi. O, igidlik nümunəsi oldu, qəhrəmanlıq dastanı yazdı. 20 oktyabr 2020-ci ildə Füzuli istiqamətində düşmənin mərmisinin yağışı altında Pərviz şəhidlik zirvəsinə ucaldı. Onun qanı torpağa qarışdı, amma ruhu sonsuzluğa qovuşdu. Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda edən bu qəhrəman şəhidin xatirəsi Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə “Vətən uğrunda” medalı ilə əbədiləşdirildi. Bu medalla yanaşı, Füzulinin azadlığına göstərdiyi şəxsi igidlik və şücaətə görə 25 dekabr 2020-ci il tarixində “Füzulinin azad olunmasına görə” medalı, həmçinin “Xocavəndin” və “Qubadlının” azad olunmasındakı misilsiz xidmətlərinə görə müvafiq medallarla təltif olundu. Pərviz Vətənin canı, xalqın qüruru, azadlıq uğrunda mübarizənin canlı rəmzi idi. Onun adı vətən torpaqlarının hər qarışında, şəhidlərin müqəddəs məzarlarında əbədi yaşayacaq. Vətən onun kimi oğullar sayəsində azad və müstəqildir. Eldəniz Hüseynov, sən bizim qəlbimizdə, tariximizdə və zəfər dastanımızda əbədi yaşayırsan Bir doğma diyarın səmasının altında yüksələn ucalıq var şəhidlik zirvəsi. O zirvəyə gedən yol igidlik, fədakarlıq və canını, qanını vətən yolunda qurban verməyi tələn edir. Bu yolda addımlayanların ən öncüsü Eldəniz Hüseynov kimi doğma torpağına bağlı, qəlbində xalqının azadlığı və istiqlaliyyəti üçün sonsuz məhəbbət daşıyan oğullar olur . 1996-cı ilin payızında İmişlidə dünyaya göz açan Eldəniz bir gənc kimi arzularla dolu idi. Lakin bu arzuların ən uca və ən müqəddəs olanı vətənin azadlığı üçün döyüşmək arzusu idi. 2020-ci ilin payızında Azərbaycan ordusunun igid əsgəri kimi o, ürəyindəki vətən sevgisi ilə silahlandı və Vətən müharibəsinin alovlu yollarına addım atdı. Eldəniz Hüseynov Cəbrayılın azadlığı uğrunda gedən qəhrəman döyüşlərin ön cəbhəsində dayandı. Düşmənin xəyallarını qıran, torpağımızı zəfərlə bürüyən igidlərin sırasında öz adı ilə tarixə düşdü. 9 oktyabr 2020-ci il bu tarix onun qəhrəmanlıq salnaməsinə qanlı, lakin qürur dolu bir səhifə olaraq yazıldı. Döyüş tapşırığının icrası zamanı şəhidlik zirvəsinə ucaldı. Eldəniz Hüseynovun igidliyi, onun şəhidlik məqamında göstərdiyi şücaət bir xalqın, bir millətin azadlıq eşqinin, qələbəyə olan ümüd yeri idi. Onun adı "Vətən uğrunda" medalı ilə, "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə əbədi yaşadı. Eldənizin həyatını və ölümünü bir anlıq düşünəndə bu torpağın azadlığı üçün canından keçən bütün oğulların əziz xatirəsi canlanır. O, şəhidlik zirvəsində ucalaraq bizə bir mesaj verdi: azadlıq, müstəqillik və qələbə heç vaxt itkisiz ötüşmür. Bu yolda yalnız qorxmazlar, yalnız igidlər addımlaya bilər. Eldəniz Hüseynov kimi oğulların qanı ilə torpaqlarımız azad oldu, bayrağımız yüksəldi və tarix yenidən yazıldı. Onun adı, onun igidliyi, onun qəhrəmanlığı gələcək nəsillərə işıq olacaq, ürəklərdə cəsarət, Vətənə sonsuz sevgi olaraq qalacaq. Zəfərə Gedən Yol: Rəcəb İsmayılovun Qəhrəmanlıq Salnaməsi Azərbaycanın igid oğulları qanları ilə, canları ilə, qürurları ilə tarix yazdılar. Bu tarix 44 günlük Vətən müharibəsinin Zəfər səhifələrində həkk olundu. O səhifələrin qəhrəmanlarından biri də İmişlinin Əliqulular kəndində dünyaya göz açan Rəcəb İsmayılov idi. 2000-ci ilin 17 sentyabrında sadə bir kənddə doğulan Rəcəb 20 il sonra bütün Azərbaycanın qürur mənbəyinə çevriləcəkdi. Vətən sevgisi ilə böyüyən bu gənc torpaqların harayına biganə qala bilmədi. 2020-ci il sentyabrın 27-də başlayan və tarixə Qələbə müjdəçisi kimi düşən Vətən müharibəsində silaha sarıldı, döyüş meydanına atıldı. Rəcəb Füzulidə, Cəbrayılda, Qubadlıda və Laçında torpağın hər qarışında döyüşdü. O, cəbhədə vüqarla irəliləyən, düşmənin səngərini yarıb keçən, öz canı bahasına Zəfəri yaxınlaşdıran bir qəhrəman idi. Hər addımı ilə azadlıq salnaməsini yazırdı. 30 oktyabr 2020-ci il, Laçın uğrunda ağır döyüşlər gedirdi və Güləbird istiqamətində həyata keçirilən mühüm tapşırıq vardı. Rəcəb həmin tapşırığın icrasında ön sıralarda idi. O gün o, sonuncu dəfə Vətənə baxdı. Sonuncu dəfə nəfəsini çəkdi və Vətən yolunda şəhid oldu. 3 fevral 2021-ci ildə Rəcəb İsmayılov doğulduğu torpaqda - Əliqulularda torpağa tapşırıldı. Bu torpaq indi daha müqəddəsdir. Çünki altında bir igid yatır. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə Rəcəb İsmayılovun göstərdiyi qəhrəmanlıq dövlət səviyyəsində qiymətləndirildi. O, ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olundu. Bu medallar təkcə bir şəhidin yox, bir xalqın iftixarıdır. Rəcəb İsmayılovun adı gələcək nəsillərə örnək olacaq. Onun simasında biz igidliyi, vətənpərvərliyi və sarsılmaz iradəni görürük. O, şəhid oldu, amma Zəfərin parlaq ulduzuna çevrildi. Zəfər yolu şəhidlərin qanı ilə yoğrulub. Rəcəb və onun kimi yüzlərlə qəhrəman bu torpaqlar uğrunda şəhid oldu ki, Azərbaycan bütöv olsun, bayraq azad səmalarda dalğalansın. Onların ruhu azad Şuşanın səmalarında dolaşır, Zəngilanda günəşlə birlikdə doğur, Laçında qartallar kimi ucalır. 44 gün və bir əsrə bərabər bir Qələbə. Bu zəfərin hər anı şəhidlərin igidliyi ilə yazıldı. Rəcəb İsmayılov da bu tarixin sarsılmaz sütunlarından biridir. Onu unutmaq olmaz, unutmayacağıq da! Qalib bir xalqın qəhrəman övladı Rəcəb İsmayılov, ruhun qarşısında baş əyirik!    Zəfər Yolunun Qəhrəmanı – Elgün Kərimov 17 sentyabr 1999-cu ildə Yevlax rayonunun Aran qəsəbəsində bir uşaq dünyaya göz açdı. Elgün adını verdilər... Bu ad illər sonra Azərbaycanın igid oğullarından birinə çevriləcək, xalqın yaddaşına qəhrəman kimi həkk olunacaqdı. Hələ uşaqlıqdan vətənpərvər ruhla böyüyən Elgün sadə, zəhmətkeş ailənin övladı idi. 2006-2017-ci illərdə Aran qəsəbə 1 saylı tam orta məktəbində təhsil aldı. 2017-ci ildə Azərbaycan Silahlı Qüvvələrinə çağırılan Elgün Şəmkirdə kəşfiyyat bölüyündə xidmət etdi. Bu, onun ruhunda yaşayan vətən sevgisinin, qələbə əzminin sınağa çəkildiyi ilk mərhələ idi. Hərbi xidmətini şərəflə başa vurduqdan sonra, 2020-ci ilin avqustunda Elgün bir daha könüllü olaraq ordumuza MAXE hərbi qulluqçusu kimi qayıtdı. Azərbaycan Vətən müharibəsinin astanasında idi. 27 sentyabr 2020 tariximizin Zəfər səhifəsinin yazıldığı gün. Elgün Kərimov artıq bu tarixin qəhrəmanlarından biri idi. Murovdağ, Talış kəndi, Suqovuşan bu adlar indi tarixdir, bu adlar indi zəfərin rəmzidir. Və həmin məkanlarda Elgün kimi qəhrəmanlarımızın addım səsləri, mübariz ruhu qalır. 16 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində gedən döyüşlər zamanı Elgün Kərimov şəhid oldu. O, şəhadəti ilə əbədiyyətə ucaldı, amma adı tariximizdə, qəlbimizdə, Vətən torpağında yaşamağa davam etdi. Cənnət məkanına çevrilən torpaqlarımızın hər qarışı onun və onun kimi igidlərin qanı ilə suvarıldı. 17 oktyabrda doğulduğu Aran qəsəbəsində torpağa tapşırıldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə Elgün Kərimov ölümündən sonra bir sıra medallarla təltif edildi: "Vətən uğrunda" medalı, "Cəsur döyüşçü" medalı, "Suqovuşanın azad olunmasına görə" medalı və nəhayət, ən yüksək dəyərli təltiflərdən biri 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni. Bu təltiflər bir ömrün, bir qəhrəmanlığın, bir vətən eşqinin nişanəsidir. Elgün Kərimovun adı bu xalqın Zəfər salnaməsində qızıl hərflərlə yazıldı. Zəfərin Qanlı Səhifəsi: Tural Məmmədovun Şəhidlik Zirvəsinə Ucalan Ömrü   Qarabağ... Bu ad illərlə sinəmizdə daşınıb gələn bir nisgil, bir həsrət idi. Və bu həsrətə son qoyan igidlərdən biri də Qızılhacılı kəndinin Vətənə qurban verdiyi qəhrəman oğlu Tural Məmmədov oldu. Tural Məmmədov 1990-cı il sentyabrın 17-də Qazax rayonunun Qızılhacılı kəndində dünyaya göz açdı. 1996-2007-ci illərdə Səməd Vurğunun adını daşıyan məktəbdə təhsil aldı. Hər bir azərbaycanlı oğul kimi Tural da Vətənə olan borcunu yerinə yetirmək üçün 2008-2010-cu illərdə Ağcabədidə yerləşən "N" saylı hərbi hissədə xidmət etdi. Amma Tural üçün bu xidmət sadəcə bir vəzifə deyil, bir başlanğıc idi. O, 2016-cı ildən etibarən müddətdən artıq həqiqi hərbi xidmətə könüllü olaraq geri döndü. Çünki o bilirdi: bu torpaqların azadlığı üçün hələ yolun başlanğıcındayıq.           Vətən müharibəsi başlandı. Tural Məmmədov həmin günlərdə Murovdağ istiqamətində gedən ağır döyüşlərdə iştirak edirdi. Tural isə bir igid kimi döyüşürdü. O, həmin gün müharibənin ilk günü – şəhidlik zirvəsinə ucaldı. 11 dekabr 2020-ci ildə Tural Məmmədov Qazaxda, doğma torpağında dəfn olundu. Onun nəşi torpağa qovuşsa da, adı ucalarda yaşamağa başladı. Azərbaycan Prezidenti İlham Əliyev onun igidliyini, vətənə olan sədaqətini yüksək qiymətləndirdi. Tural Məmmədov ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" və "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif edildi. Bu gün Tural Məmmədovun adı Azərbaycan Ordusunun şərəf lövhəsində yazılıb. İki övladı atalarının adını başıuca daşıyacaq. Onlar biləcəklər ki, onların atası bir zəfərin, bir dirənişin, bir xalqın qalibiyyət dastanının qəhrəmanıdır.Torpaq uğrunda ölən varsa, Vətəndir. Tural Məmmədov kimi şəhidlər sayəsində Azərbaycan əbədi var olacaq. Ruhun şad olsun, əziz şəhid. Zəfər sənin adınla qürur duyur. Zəfərin Səssiz Qəhrəmanı – Orxan Mönsümzadə   Tariximizin şanlı səhifələrindən biri olan 2020-ci il Vətən müharibəsi təkcə dövlətimizin ərazi bütövlüyünün bərpası deyil, həm də yüzlərlə igid oğulun qəhrəmanlıq dastanı oldu. O dastanlardan biri də Orxan Mönsümzadənin qısa, lakin mənalı ömür yolunda yazıldı. Orxan Mönsümzadə 1993-cü ilin 17 sentyabrında Ağdam rayonunun Birinci Baharlı kəndində dünyaya göz açdı. Əslən Kəlbəcərdən olan bu gənc ömrünün hər səhifəsində vətənə sevgi, torpağa bağlılıq və qeyrət hissi daşıyırdı. Elə bu duyğular onu həyatının ən şərəfli yoluna hərb yoluna çıxardı. Azərbaycan Ordusunda kiçik çavuş rütbəsi daşıyan Orxan topçu kimi xidmət edirdi. 2020-ci il sentyabrın 27-si – Azərbaycan tarixində Zəfər səhifələrinin yazılmağa başlandığı gündür. Orxan da silaha sarıldı, torpaqların işğaldan azad olunması üçün cəbhəyə yollandı. Bir gün sonra sentyabrın 28-də Ağdam istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. O, həyatının 27-ci payızını yaşaya bilmədi. Amma onun ruhu, adı və əməlləri əbədi olaraq Zəfər tariximizin bir parçasına çevrildi. Onun igidliyi dövlət tərəfindən də yüksək qiymətləndirildi. Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Orxan Mönsümzadə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi. Bu mükafat onun vətən qarşısında göstərdiyi fədakarlığın, şücaətin və əzmkarlığın simvoluna çevrildi. Daha sonra  2021-ci ilin 24 iyununda isə “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olundu. Orxan Mönsümzadə  adını tarixə yazanlardan oldu. O, Zəfərin səssiz qəhrəmanıdır. Onun qəlbində daşıdığı Vətən sevgisi, əsgər andına sədaqəti və şəhidliyi bizə bir daha xatırladır ki, bu torpaq əbəs yerə azad edilməyib. Hər qarış torpağın altında Orxan kimi qəhrəmanların əzmi, ruhu və canı var. Bu gün azad Ağdam torpağında əsən hər bir meh, onun kimi şəhidlərimizin ruhuna çəkilən duaları daşıyır. Zəfər onların adları ilə başlayır, onların ruhu ilə yaşanır. Ruhun şad olsun, Orxan! Zəfər sənin kimi igidlərin mirasıdır. Zəfərə gedən yol: Şəhid Pəhli Qəribovun ömür dastanı   Vətən... Bu kəlmənin hər bir səsi minlərlə igidin canı, qanı, ruhu ilə yazılıb bu torpağa. Onlardan biri də Pəhli Qəribovdur. 17 sentyabr 1993-cü ildə Kürdəmirdə dünyaya göz açan Pəhli sadə bir ailənin, lakin böyük ürəyə sahib bir vətənsevərin övladı idi. Uşaqlıq illəri torpağın nə demək olduğunu dərk etməklə, Vətənin necə seviləcəyini öyrənməklə keçdi. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanan Pəhli dövlətin verdiyi hər tapşırığı qeyrətlə yerinə yetirdi. Xidmətini başa vurduqdan sonra mülki həyata qayıtsa da, vətən üçün yenidən silaha sarılmaq zamanının gələcəyini hiss edirdi sanki. 2020-ci ilin iyul-sentyabr aylarında səfərbərliyə çağırıldı. Bu dəfə yol onu birbaşa tarixə aparırdı. 27 sentyabrda başlayan Vətən müharibəsi Pəhlini döyüş meydanına, igidlərin ön cəbhəsinə səslədi. Füzuli, Cəbrayıl, Xocavənd... Addım-addım irəliləyən zəfər yolunun şahidlərindən biri də o oldu. Səngərlərdə torpağın nə qədər müqəddəs olduğunu bir daha sübut etdi. Və nəhayət  Şuşa! Azərbaycanın mədəniyyət beşiyi, qürur qalası. 8 noyabr 2020-ci il... Tarixə Zəfər Günü kimi yazılan bu günün səhərində Pəhli Qəribov əmrə tabe olaraq son döyüş tapşırığını yerinə yetirərkən şəhidlik zirvəsinə ucaldı. O, canını yalnız Şuşaya deyil, bütün Azərbaycana əbədi sevgi və sədaqətlə bağışladı. Pəhli Qəribov doğma torpağında - Kürdəmir Şəhidlər Xiyabanında torpağa tapşırıldı. Amma onun adı bu torpağın hər qarışında, xalqın yaddaşında əbədi yaşayacaq. Şəhidliyindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə Pəhli Qəribov “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olundu. Bu medallar millətin qəlbində daşıdığı qürur nişanələrinə çevrildi. Pəhli Qəribovun adı da, ruhu da bu zəfərin səsində yaşayır. O, bir ömrü Vətənə fəda etdi ki, biz azad nəfəs alaq, Şuşada bayraq dalğalansın, sabahlar daha parlaq olsun. Ruhun şad olsun, igid! Sən Zəfərin adısan. Tarix Yazan Müəllim: Şəhid Elgün Quliyev   17 sentyabr 1992-ci ildə Şamaxının Göylər kəndində bir uşaq dünyaya göz açdı. Elgün adını verdilər - qəlbində nur, yolunda günəş daşıyan bir ad. Bəlkə də o gün heç kim bilmirdi ki, bu uşaq bir gün özü tarix olacaq, özü bir millətin yaddaşına çevriləcək. Elgün Quliyev 1998-ci ildə Göylər kənd 2 saylı məktəbində təhsil almağa başladı, sonra yollar onu İsmayıllıya, Şəkiyə apardı. 2008-ci ildə Şəki İslam Kollecini bitirdi. 2010-2014-cü illərdə Sumqayıt Dövlət Universitetində “Tarix müəllimliyi” ixtisası üzrə təhsil aldı. 2014-cü ildə Vətən çağırdı, Füzuli rayonundakı "N" saylı hərbi hissədə xidmət etdi. Silahı əlinə aldı, torpağı qorumağın nə demək olduğunu öyrəndi. O illər hələ qəlbində bir arzu daşıyırdı: müəllim olmaq. 2020-ci ildə bu arzusu gerçəkləşdi. Müəllimlərin İşə Qəbulu imtahanından uğurla keçdi və Lerik rayonunun Sors kəndinə müəllim kimi təyin olundu. Amma tarix ona başqa bir rol yazmışdı: o artıq təkcə müəllim deyil, həm də qəhrəman olacaqdı. 2020-ci ilin sentyabrında Vətən savaşa qalxdı. Elgün tərəddüdsüz könüllü oldu. Bu torpaq uğrunda can verməyə hazır idi. Onun döyüş yolu Şuşaya qədər uzandı. Elgün Quliyev Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. O gün Elgün tarix yazdı. Şəhid Elgün Quliyev göstərdiyi igidliyə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olundu. O, indi Şamaxının Göylər kəndində uyuyur. Amma ruhu ucalarda Şuşanın qayalarında, Füzulinin dağlarında, hər azad edilmiş qarış torpaqda dolaşır.          Elgün Quliyev  tarix yazan müəllim. Adın yaddaşımızda, şəklin ürəyimizdə, ruhun Vətənin hər qarışında yaşayacaq. Zəfər səninlə başladı, səninlə əbədiləşdi... Zəfərə Aparan Yol Elvin Salahovun xatirəsinə…   17 sentyabr 2001-ci ildə Bakı şəhərində Elvin adlı bir uşaq dünyaya gəldi. Bu ad illər sonra bir millətin yaddaşına qızıl hərflərlə həkk olunacaqdı. O, qəlbində qeyrət, vicdan və vətən sevgisi ilə böyüyürdü. Elvinin təhsil yolu 2007-ci ildə Yasamal rayonundakı A.Məmmədov adına 38 saylı tam orta məktəbdə başladı. Uşaq yaşlarından çalışqanlığı, nizam-intizamı və əxlaqı ilə seçilirdi. 2015-ci ildə 9-cu sinfi əla və yaxşı qiymətlərlə bitirib Azərbaycan Dövlət Dəmiryolu Kollecinə daxil oldu. Dörd il ərzində burada da nümunəvi tələbə kimi yadda qaldı. 2019-cu ildə maşinist ixtisasına yiyələnərək məzun oldu. 2019-cu ilin oktyabrın 7-də o, Şabran rayonundan hərbi xidmətə yollandı. Xidmətə Ağcabədidə başladı. Andiçmə mərasimindən sonra Cəlilabadda yerləşən N saylı hərbi hissəyə göndərildi. Burada göstərdiyi rəşadət, fiziki və mənəvi hazırlıq onu Xüsusi Təyinatlı Qüvvələrin sıralarına yüksəltdi. 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsi Elvinin ömür kitabında yeni bir səhifə açdı. O, Xüsusi Təyinatlı kimi ön cəbhəyə yollandı. Füzuli və Qubadlı istiqamətlərində döyüşlərə qatıldı. Hər addımı zəfərə aparan addım idi. Elvin silahdaşı ilə çiyin-çiyinə, bir dağın başından bir dərənin dərinliyinə qədər döyüşdü. Amma qəhrəmanlıq ucadır, çox ucadır ki, bəzən şəhidlik zirvəsində dayanır. 2020-ci ilin oktyabrın 23-də, Qubadlı uğrunda gedən şiddətli döyüşlərin birində Elvin snayper gülləsinə tuş gəldi. O, canını torpaq uğrunda fəda etdi. Elvin Salahov oktyabrın 24-də Bakı şəhərinin Badamdar qəsəbəsində son mənzilə yola salındı. Lakin onun ruhu, onun mübarizəsi və onun adı bu torpağın hər dağında, hər daşında yaşayır. Qəhrəmanlığa gedən yol – Pərvin Salmanzadənin ömür dastanı   1991-ci ilin 17 sentyabrında Astarada bir uşaq dünyaya gəldi - Pərvin Təbriz oğlu Salmanzadə. Hələ o zaman heç kim bilmirdi ki, bu körpənin alın yazısına vətən uğrunda qəhrəmancasına şəhid olmaq yazılıb. Ailənin 6 üzvündən biri olan Pərvin erkən yaşlarından zəhmətə, ailə qayğılarına bələd oldu. 1997-ci ildə Mirzə Fətəli Axundzadənin adını daşıyan 1 saylı kənd tam orta məktəbinin birinci sinifinə qədəm qoydu. Orta məktəbdə çalışqanlığı, sakitliyi və yardımsevərliyi ilə seçilirdi. 2008-ci ildə məktəbi bitirib, gələcəyə doğru addımladı. 2009-cu ildə Astara rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırıldı. Vətən sevgisi və hərbi nizam-intizam onu hər kəsdən fərqləndirirdi. 2011-ci ildə hərbi xidmətini başa vurduqdan sonra ailəsinə dəstək olmaq üçün "Azpetrol LTD" MMC-də çalışdı. Lakin ürəyindəki hərbçi ruhu onu yenidən silaha sarılmağa səsləyirdi. 2020-ci ildə Pərvin könüllü şəkildə orduya qayıtdı. Artıq bu dəfə o, "MAHHXHQ" olaraq müqavilə əsasında hərbi xidmətdə idi. Eyni ilin 27 sentyabrında başlayan Vətən müharibəsində o, ön cəbhədə idi. Ağdərə və Xocavəndin qanlı döyüşlərində igidlik göstərdi. Düşmənin canlı qüvvəsinə ciddi zərbələr endirdi, döyüş yoldaşlarına güvən verdi, öz canını təhlükəyə ataraq digərlərinin həyatını qorudu. 6 noyabr 2020-ci il Azərbaycan tarixində Şuşa uğrunda gedən ən gərgin döyüşlərdən birində Pərvin öz komandirini və silahdaşlarını xilas edərkən canını fəda etdi. O, bir qəhrəman kimi şəhid oldu. Şəhidin cənazəsi doğulduğu torpağa  gətirildi və Seyid Camaləddin türbəsi yaxınlığında torpağa tapşırıldı. Bu torpaq artıq müqəddəsdir, çünki onun qoynunda bir qəhrəman yatır.           Pərvin Salmanzadə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti tərəfindən bir sıra yüksək medallarla təltif olundu: "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Döyüşdə fərqlənməyə görə". Bu medallar Pərvinin göstərdiyi şücaətin, fədakarlığın, əbədi qəhrəmanlığın rəmzidir. Pərvinin şəhadəti ilə sona çatan həyat yolu, əslində bir millətin qürur salnaməsinə çevrildi. O, ölümə meydan oxuyaraq Şuşaya, Qarabağa, Vətənə ZƏFƏR qazandıranlar sırasında yer aldı. Pərvin Salmanzadə bir tarix yazdı. Və bu tarix Zəfərlə  başa çatdı.      Cəlil Xəlilov: Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik    

Hamısını oxu
Masallıda Qəhrəmanlar Parkının açılışı olub

Parkın açılışında millət vəkili Məşhur Məmmədov, icra başçısı və digər yetkililər iştirak edib   Veteran.gov.az xəbər verir ki, 27 sentyabr-Anım Günündə Masallıda Qəhrəmanlar Parkının açılışı olub. Bu barədə millət vəkili Məşhur Məmmədov özünün sosial şəbəkədəki hesabında məlumat yayıb. Məlumatda deyilir:   “Bu gün Masallı rayonunda Anım Gününü qeyd etdik. Tədbir Heydər Əliyev Mərkəzində Heydər Əliyevin heykəli önünə gül dəstələri düzüb xatirəsini yad etməklə başladı. Daha sonra Masallı rayonundan I və II Qarabağ müharibəsində canlarını fəda etmiş 242 şəhidin xatirəsinə əbədiləşdirilən Qəhrəmanlar Parkının açılışı oldu. Tədbirdə Masallı RİH başçısı Şahin Məmmədov, həmkarım Anar İsgəndərov və rayonun digər vəzifəli şəxsləri ilə yanaşı Şəhid ailələri, qazilər iştirak edirdi. Hər birimiz Şəhidlərin Vətən üçün, xalq üçün dəyərindən, onların xatirələrinin daim qəlblərdə yaşayacağından söhbət açdıq, şəhidlərin xatirəsinə ağac əkdik. Qəhramanlar unudulmur! Allah cəmi şəhidlərə rəhmət eləsin!”   Seymur ƏLİYEV    

Hamısını oxu