Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qəhrəmanlar unudulmur! Zəfərin Memarları: 14 Qəhrəmanımızın doğum gününü qürurla anırıq

Hər təqvim səhifəsinin bir xatirəsi var, amma elə günlər var ki, millətin yaddaşına qızıl hərflərlə yazılır. Sentyabrın 17-si günəşin şəhidlərin adına doğduğu, 14 igidin səmaya yüksəlib millətin qəlbində ölümsüzləşdiyi gündür. Onlar şəhid olaraq millətin yenidən doğuluşuna imza atdılar. Qarabağ torpağının hər qarışı onların adları ilə nəfəs alır, hər zəfər nəğməsi onların əzmi ilə yazılır.

2020-ci ilin payızında şəhidlərin ruhu səfərbər olmuşdu, torpaq sanki oyanmışdı. 44 gün tarixdə çox qısa görünə bilər. Amma bu günlərə nələr sığmadı? Minlərlə oğul, minlərlə yurd həsrəti və bir millətin dirənişi. O 14 şəhidin də qanı bu yurdun dirçəlişinə can verdi. Onların hər biri bu zəfərin daşını-daş üstə qoyan igidlər idi.

Qarabağ  təkcə bir coğrafiya deyil. Qarabağ bir vətən sevgisi, bir nisgil, bir and idi. Qayıdışımız şəhidlərin ruhlarının səssiz səfəri idi. Onların ayaq izləri ilə döyüş yolu çəkildi. İndi hər dağ başında, hər bulaq kənarında, hər səssiz kənddə onların nəfəsi var. Sentyabrın 17-də doğulanlar millətin qayıdış dastanının simvolları kimi tarixə yazıldı.

Hər dirçəlişin bir bünövrəsi olur. Bizim dirçəlişimizin əsası şəhidlərin qanı ilə, ruhu ilə, sevgisi ilə atıldı. İndi Qarabağda yeni məktəblər tikilir, yollar çəkilir, kəndlər canlanır. Bütün bu işlər şəhidlərin adına ucaldılmış abidələr kimidir. Bu torpağın hər çiçəyi, hər ağacı onların ruhuna səcdə edir. Hər il bu tarixdə Azərbaycan bir daha baş əyəcək: “Siz bizim qürurumuz, siz bizim tariximizsiniz!” deyəcək. Qarabağ artıq azaddır. Amma bu azadlıq təsadüf deyil. Bu azadlıq şəhidlərin ruhunun, anaların göz yaşının, əsgərin addımının, millətin birlik ruhunun nəticəsidir. 14 qəhrəman 14 ulduz kimi bu Zəfər səmasında əbədi parlayır.


 Vətən Uğrunda Canından Keçən Qəhrəman – Zöhrab Abbasov

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlarımız, tariximizin ən parlaq səhifələrini yazıblar. Onlar təkcə torpaqlarımızın azadlığı uğrunda döyüşmədilər, həm də bir xalqın qürurunu, iradəsini və yenilməzliyini tərənnüm etdilər. Bu qəhrəmanlardan biri də Zöhrab Abbasovdur. Zöhrab Abbasov 2001-ci il sentyabrın 17-də Ağstafa rayonunun Eynallı kəndində dünyaya göz açdı. İlk təhsilini Eynallı kənd tam orta məktəbində aldı. 2007–2018-ci illər ərzində burada oxuyaraq savadlı, vətənpərvər və məsuliyyətli bir gənc kimi yetişdi. Ailəsinin, müəllimlərinin və dostlarının sevgisini qazanan Zöhrab sadə və təvazökar təbiəti ilə seçilirdi.

2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarına müddətli həqiqi hərbi xidmətə çağırıldı. Hərbi xidmət onun üçün bir öhdəlik, bir borc, bir şərəf idi. Zöhrab hərbi hissədə nümunəvi davranışı, intizamı və vətənə bağlılığı ilə seçilirdi.

2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi zamanı Zöhrab Abbasov ön cəbhədə, Suqovuşanın azadlığı uğrunda gedən qanlı döyüşlərə qatıldı. Ən ağır mövqelərdə, çətin şəraitdə belə geri çəkilməyən Zöhrab döyüş yoldaşları ilə birgə işğal altındakı torpaqlarımızın azadlığı uğrunda canını fəda etməyə hazır idi. O, 13 oktyabr 2020-ci il tarixində Suqovuşan istiqamətində gedən şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhid oldu.  bilmədi.

Zöhrab Abbasovun göstərdiyi igidlik dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən o, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olundu. Həmçinin “Suqovuşanın azad olunmasına görə” medalı da onun xatirəsinə təqdim edildi.

Zöhrab Abbasovun adı bu torpağın azadlığı və bütövlüyü uğrunda canını fəda edən qəhrəmanlarımız arasında əbədi qalacaq. Onun əziz xatirəsi ailəsinin, doğmalarının, döyüş yoldaşlarının və bütövlükdə xalqımızın yaddaşında daim yaşayacaq.


İlkin Ağakişiyev- Vətənə Məhəbbət və Şücaətin Əbədi Nümunəsi

1995-ci ilin sentyabrında Mingəçevirdə dünyaya göz açan İlkin Ağakişiyev elə uşaq yaşlarından qəlbində doğma vətəninə qarşı sarsılmaz sevgi daşıyırdı. Həyatının hər addımında bu sevgi onu irəli aparır, çətinliklərə sinə gərməyə, böyük arzularına doğru inamla yürüməyə həvəsləndirirdi. 2013-2017-ci illərdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında ali təhsilini davam etdirərkən İlkin yalnız biliyi ilə deyil, həm də vətənə bağlılığı, insanlara olan hörməti və qəhrəmanlıq ruhu ilə seçilirdi. O, həyatın ən ağır çağırışlarına belə hazırlıqlı idi, ürəyində isə sonsuz vətən eşqi alovlanırdı, bu alov heç vaxt sönməyəcəkdi.

2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətini şərəflə yerinə yetirdi. 2020-ci ilin sentyabr ayında Vətən müharibəsi başlayanda isə İlkin Ağakişiyev cəsarətlə döyüş meydanına atıldı. Suqovuşanın azadlığı uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmanlıq nümunələri göstərdi. O, Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etməkdən çəkinmədi. Oktyabrın 8-də Ağdərə istiqamətində şəhidlik zirvəsinə ucaldı, amma onun ruhu millətin qəlbində əbədi yaşadı. Noyabrın 27-də Mingəçevirin Şəhidlər Xiyabanında doğma torpağa əbədi qovuşdu. O, Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" medalı ilə, 24 iyun 2021-ci il tarixli sərəncamla isə "Suqovuşanın azad olunmasına görə" medalı və "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

İlkin Ağakişiyev vətən sevgisi, igidliyi və şücaəti ilə bir millətin qürur mənbəyidir və onun həyahı gələcək nəsillərə vətənpərvərlik dərsi, qəhrəmanlıq örnəyidir. O, sönməz ulduz kimi Azərbaycan tarixində parlayacaq, xalqının qəlbində əbədi yaşayacaqdır.


Asim Əliyev – Vətənə Sadiq Bir Ömür

 

1998-ci ilin sentyabr ayının 17-də, Sabirabad rayonunun Əsədli kəndində doğulan Asim Əliyev uşaqlıqdan ürəyində vətən sevgisi ilə böyümüşdü. O, sıradan bir gənc deyildi, onun baxışlarında və əməllərində hər zaman bir qürur, bir məsuliyyət vardı. Vətən onun üçün təkcə doğulduğu torpaq deyil, qəlbində yaşadan, canını fəda etməyə hazır olduğu müqəddəs bir məfkurə idi.

2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsi tariximizin ən şanlı səhifələrindən biri oldu. Azərbaycan Ordusunun igid əsgərləri kimi Asim də döyüş meydanına atıldı. O, yalnız bir əsgər yox, Vətən uğrunda döyüşən qəhrəman ruh idi. Qarabağın dağlarında, Füzulinin torpaqlarında şəhidlik zirvəsinə yüksəlmək onun vətənə olan ən böyük sevgisinin əyani sübutu oldu. Oktyabrın 14-də Asim Əliyev öz canını, gənc həyatını vətən torpağı uğrunda fəda etdi. Onun şəhidliyi təkcə bir ailənin deyil, bütöv bir millətin ağrısı, qürur mənbəyi oldu. Sabirabadın Əsədli kəndində dəfn edilən Asim vətən sevgisinin əbədiyyətə çevrilən nümunəsi kimi yaddaşlarda yaşayacaq.

Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə Asim Əliyev “Vətən uğrunda” medalı ilə, 25 dekabr tarixli sərəncamla isə “Füzulinin azad olunmasına görə” medalı ilə ölümündən sonra təltif edildi. Bu medallar onun igidliyinin, şəxsi qəhrəmanlığının, vətənə olan sonsuz məhəbbətinin ən yüksək rəmzləridir.

Asim Əliyevin həyatı və şəhidliyi bizə bir daha xatırladır: Vətən yalnız torpaq deyil, vətən azadlıq, şərəf, qəhrəmanlıq və fədakarlıqdır. Asim Əliyev  hər kəsin qəlbində yaşayan, gələcək nəsillərə vətən sevgisini miras qoyan bir qəhrəmandır.


Vətən Uğrunda Son Nəfəs: Rahib Hacıismayılovun Şəhidlik Yolu

Hacıismayılov Rahib Məmmədəmin oğlu 17 sentyabr 1991-ci ildə dünyaya gəlmişdi. Gənc yaşlarından vətənə sonsuz məhəbbətlə bağlı olan Rahib 2020-ci ilin sentyabr ayının 30-dan könüllü olaraq döyüşlərə atıldı. O, Vətən müharibəsinin ilk günlərindən döyüş meydanında idi. Tərtərin Tülkü Dərəsi, Qapanlı, Ballı Qaya istiqamətində gedən şiddətli, qanlı döyüşlərdə igidliklə vuruşdu. Ağdərə rayonu istiqamətində gedən amansız mübarizədə o, Vətənə olan sevgisi və fədakarlığı ilə əvəzsiz şücaət göstərdi. Oktyabrın 20-də Ağdərənin azadlığı uğrunda gedən qanlı döyüşlərdə qəhrəmancasına şəhid oldu.

Rahib Hacıismayılov vətən üçün canından keçən, qəlbi Azərbaycan sevgisi ilə döyünən əsl qəhrəman idi. Onun igidliyi, vətənpərvərliyi və fədakarlığı Azərbaycan xalqının qürur mənbəyidir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda gedən 44 günlük Vətən müharibəsində Rahib kimi minlərlə şəhid və qazilərimiz sayəsində 8 noyabr 2020-ci ildə Zəfərimiz rəsmi olaraq elan edildi, Azərbaycanın əzəli torpaqları düşmən tapdağından azad olundu.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Rahib ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edildi. Bu medallar onun vətənə bağlılığının, qətiyyətinin və mərdliyinin əbədiləşdirilməsidir.

Rahib kimi igidlərimizin qanı ilə yazılan bu zəfər tarixi gələcək nəsillərə vətən sevgisinin və qəhrəmanlığın ən parlaq nümunəsi olaraq həkk olunacaq. Onların xatirəsi daim qəlblərdə yaşayacaq, azad və müstəqil Azərbaycan isə əbədi var olacaq.


Həsənov Pərviz Yolçu oğlu: Vətəninə Qanıyla Yazılan Şərəfli Bir Əfsanə

Beyləqan rayonunun Kəbirli kəndində 17 sentyabr 1990-cı ildə doğulan Həsənov Pərviz Yolçu oğlu öz həyatını vətən sevgisinə bağlayan igidlərdən biri idi. Hər zaman könlündə yanan o alovlu vətən eşqi, onu Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə çağırdı. O, böyük bir əzmlə, könüllü olaraq 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsinin ön cəbhəsinə atıldı. Hər bir addımı ilə, hər bir nəfəsiylə Vətən torpaqlarının azadlığı uğrunda mübarizə aparan Pərviz 27 sentyabrdan başlayan döyüşlərdə Füzulinin azad olunması üçün canını fəda etməkdən çəkinmədi. O, igidlik nümunəsi oldu, qəhrəmanlıq dastanı yazdı. 20 oktyabr 2020-ci ildə Füzuli istiqamətində düşmənin mərmisinin yağışı altında Pərviz şəhidlik zirvəsinə ucaldı. Onun qanı torpağa qarışdı, amma ruhu sonsuzluğa qovuşdu.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda edən bu qəhrəman şəhidin xatirəsi Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə “Vətən uğrunda” medalı ilə əbədiləşdirildi. Bu medalla yanaşı, Füzulinin azadlığına göstərdiyi şəxsi igidlik və şücaətə görə 25 dekabr 2020-ci il tarixində “Füzulinin azad olunmasına görə” medalı, həmçinin “Xocavəndin” və “Qubadlının” azad olunmasındakı misilsiz xidmətlərinə görə müvafiq medallarla təltif olundu.

Pərviz Vətənin canı, xalqın qüruru, azadlıq uğrunda mübarizənin canlı rəmzi idi. Onun adı vətən torpaqlarının hər qarışında, şəhidlərin müqəddəs məzarlarında əbədi yaşayacaq. Vətən onun kimi oğullar sayəsində azad və müstəqildir.


Eldəniz Hüseynov, sən bizim qəlbimizdə, tariximizdə və zəfər dastanımızda əbədi yaşayırsan

Bir doğma diyarın səmasının altında yüksələn ucalıq var şəhidlik zirvəsi. O zirvəyə gedən yol igidlik, fədakarlıq və canını, qanını vətən yolunda qurban verməyi tələn edir. Bu yolda addımlayanların ən öncüsü Eldəniz Hüseynov kimi doğma torpağına bağlı, qəlbində xalqının azadlığı və istiqlaliyyəti üçün sonsuz məhəbbət daşıyan oğullar olur . 1996-cı ilin payızında İmişlidə dünyaya göz açan Eldəniz bir gənc kimi arzularla dolu idi. Lakin bu arzuların ən uca və ən müqəddəs olanı vətənin azadlığı üçün döyüşmək arzusu idi. 2020-ci ilin payızında Azərbaycan ordusunun igid əsgəri kimi o, ürəyindəki vətən sevgisi ilə silahlandı və Vətən müharibəsinin alovlu yollarına addım atdı.

Eldəniz Hüseynov Cəbrayılın azadlığı uğrunda gedən qəhrəman döyüşlərin ön cəbhəsində dayandı. Düşmənin xəyallarını qıran, torpağımızı zəfərlə bürüyən igidlərin sırasında öz adı ilə tarixə düşdü. 9 oktyabr 2020-ci il bu tarix onun qəhrəmanlıq salnaməsinə qanlı, lakin qürur dolu bir səhifə olaraq yazıldı. Döyüş tapşırığının icrası zamanı şəhidlik zirvəsinə ucaldı.

Eldəniz Hüseynovun igidliyi, onun şəhidlik məqamında göstərdiyi şücaət bir xalqın, bir millətin azadlıq eşqinin, qələbəyə olan ümüd yeri idi. Onun adı "Vətən uğrunda" medalı ilə, "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə əbədi yaşadı.

Eldənizin həyatını və ölümünü bir anlıq düşünəndə bu torpağın azadlığı üçün canından keçən bütün oğulların əziz xatirəsi canlanır. O, şəhidlik zirvəsində ucalaraq bizə bir mesaj verdi: azadlıq, müstəqillik və qələbə heç vaxt itkisiz ötüşmür. Bu yolda yalnız qorxmazlar, yalnız igidlər addımlaya bilər. Eldəniz Hüseynov kimi oğulların qanı ilə torpaqlarımız azad oldu, bayrağımız yüksəldi və tarix yenidən yazıldı. Onun adı, onun igidliyi, onun qəhrəmanlığı gələcək nəsillərə işıq olacaq, ürəklərdə cəsarət, Vətənə sonsuz sevgi olaraq qalacaq.


Zəfərə Gedən Yol: Rəcəb İsmayılovun Qəhrəmanlıq Salnaməsi

Azərbaycanın igid oğulları qanları ilə, canları ilə, qürurları ilə tarix yazdılar. Bu tarix 44 günlük Vətən müharibəsinin Zəfər səhifələrində həkk olundu. O səhifələrin qəhrəmanlarından biri də İmişlinin Əliqulular kəndində dünyaya göz açan Rəcəb İsmayılov idi.

2000-ci ilin 17 sentyabrında sadə bir kənddə doğulan Rəcəb 20 il sonra bütün Azərbaycanın qürur mənbəyinə çevriləcəkdi. Vətən sevgisi ilə böyüyən bu gənc torpaqların harayına biganə qala bilmədi. 2020-ci il sentyabrın 27-də başlayan və tarixə Qələbə müjdəçisi kimi düşən Vətən müharibəsində silaha sarıldı, döyüş meydanına atıldı.

Rəcəb Füzulidə, Cəbrayılda, Qubadlıda və Laçında torpağın hər qarışında döyüşdü. O, cəbhədə vüqarla irəliləyən, düşmənin səngərini yarıb keçən, öz canı bahasına Zəfəri yaxınlaşdıran bir qəhrəman idi. Hər addımı ilə azadlıq salnaməsini yazırdı.

30 oktyabr 2020-ci il, Laçın uğrunda ağır döyüşlər gedirdi və Güləbird istiqamətində həyata keçirilən mühüm tapşırıq vardı. Rəcəb həmin tapşırığın icrasında ön sıralarda idi. O gün o, sonuncu dəfə Vətənə baxdı. Sonuncu dəfə nəfəsini çəkdi və Vətən yolunda şəhid oldu. 3 fevral 2021-ci ildə Rəcəb İsmayılov doğulduğu torpaqda - Əliqulularda torpağa tapşırıldı. Bu torpaq indi daha müqəddəsdir. Çünki altında bir igid yatır.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə Rəcəb İsmayılovun göstərdiyi qəhrəmanlıq dövlət səviyyəsində qiymətləndirildi. O, ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olundu. Bu medallar təkcə bir şəhidin yox, bir xalqın iftixarıdır. Rəcəb İsmayılovun adı gələcək nəsillərə örnək olacaq. Onun simasında biz igidliyi, vətənpərvərliyi və sarsılmaz iradəni görürük. O, şəhid oldu, amma Zəfərin parlaq ulduzuna çevrildi.

Zəfər yolu şəhidlərin qanı ilə yoğrulub. Rəcəb və onun kimi yüzlərlə qəhrəman bu torpaqlar uğrunda şəhid oldu ki, Azərbaycan bütöv olsun, bayraq azad səmalarda dalğalansın. Onların ruhu azad Şuşanın səmalarında dolaşır, Zəngilanda günəşlə birlikdə doğur, Laçında qartallar kimi ucalır. 44 gün və bir əsrə bərabər bir Qələbə. Bu zəfərin hər anı şəhidlərin igidliyi ilə yazıldı. Rəcəb İsmayılov da bu tarixin sarsılmaz sütunlarından biridir. Onu unutmaq olmaz, unutmayacağıq da! Qalib bir xalqın qəhrəman övladı Rəcəb İsmayılov, ruhun qarşısında baş əyirik! 

 

Zəfər Yolunun Qəhrəmanı – Elgün Kərimov

17 sentyabr 1999-cu ildə Yevlax rayonunun Aran qəsəbəsində bir uşaq dünyaya göz açdı. Elgün adını verdilər... Bu ad illər sonra Azərbaycanın igid oğullarından birinə çevriləcək, xalqın yaddaşına qəhrəman kimi həkk olunacaqdı. Hələ uşaqlıqdan vətənpərvər ruhla böyüyən Elgün sadə, zəhmətkeş ailənin övladı idi. 2006-2017-ci illərdə Aran qəsəbə 1 saylı tam orta məktəbində təhsil aldı. 2017-ci ildə Azərbaycan Silahlı Qüvvələrinə çağırılan Elgün Şəmkirdə kəşfiyyat bölüyündə xidmət etdi. Bu, onun ruhunda yaşayan vətən sevgisinin, qələbə əzminin sınağa çəkildiyi ilk mərhələ idi. Hərbi xidmətini şərəflə başa vurduqdan sonra, 2020-ci ilin avqustunda Elgün bir daha könüllü olaraq ordumuza MAXE hərbi qulluqçusu kimi qayıtdı. Azərbaycan Vətən müharibəsinin astanasında idi.

27 sentyabr 2020 tariximizin Zəfər səhifəsinin yazıldığı gün. Elgün Kərimov artıq bu tarixin qəhrəmanlarından biri idi. Murovdağ, Talış kəndi, Suqovuşan bu adlar indi tarixdir, bu adlar indi zəfərin rəmzidir. Və həmin məkanlarda Elgün kimi qəhrəmanlarımızın addım səsləri, mübariz ruhu qalır. 16 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində gedən döyüşlər zamanı Elgün Kərimov şəhid oldu. O, şəhadəti ilə əbədiyyətə ucaldı, amma adı tariximizdə, qəlbimizdə, Vətən torpağında yaşamağa davam etdi. Cənnət məkanına çevrilən torpaqlarımızın hər qarışı onun və onun kimi igidlərin qanı ilə suvarıldı. 17 oktyabrda doğulduğu Aran qəsəbəsində torpağa tapşırıldı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə Elgün Kərimov ölümündən sonra bir sıra medallarla təltif edildi: "Vətən uğrunda" medalı, "Cəsur döyüşçü" medalı, "Suqovuşanın azad olunmasına görə" medalı və nəhayət, ən yüksək dəyərli təltiflərdən biri 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni. Bu təltiflər bir ömrün, bir qəhrəmanlığın, bir vətən eşqinin nişanəsidir. Elgün Kərimovun adı bu xalqın Zəfər salnaməsində qızıl hərflərlə yazıldı.


Zəfərin Qanlı Səhifəsi: Tural Məmmədovun Şəhidlik Zirvəsinə Ucalan Ömrü

 

Qarabağ... Bu ad illərlə sinəmizdə daşınıb gələn bir nisgil, bir həsrət idi. Və bu həsrətə son qoyan igidlərdən biri də Qızılhacılı kəndinin Vətənə qurban verdiyi qəhrəman oğlu Tural Məmmədov oldu.

Tural Məmmədov 1990-cı il sentyabrın 17-də Qazax rayonunun Qızılhacılı kəndində dünyaya göz açdı. 1996-2007-ci illərdə Səməd Vurğunun adını daşıyan məktəbdə təhsil aldı.

Hər bir azərbaycanlı oğul kimi Tural da Vətənə olan borcunu yerinə yetirmək üçün 2008-2010-cu illərdə Ağcabədidə yerləşən "N" saylı hərbi hissədə xidmət etdi. Amma Tural üçün bu xidmət sadəcə bir vəzifə deyil, bir başlanğıc idi. O, 2016-cı ildən etibarən müddətdən artıq həqiqi hərbi xidmətə könüllü olaraq geri döndü. Çünki o bilirdi: bu torpaqların azadlığı üçün hələ yolun başlanğıcındayıq.

          Vətən müharibəsi başlandı. Tural Məmmədov həmin günlərdə Murovdağ istiqamətində gedən ağır döyüşlərdə iştirak edirdi. Tural isə bir igid kimi döyüşürdü. O, həmin gün müharibənin ilk günü – şəhidlik zirvəsinə ucaldı. 11 dekabr 2020-ci ildə Tural Məmmədov Qazaxda, doğma torpağında dəfn olundu. Onun nəşi torpağa qovuşsa da, adı ucalarda yaşamağa başladı.

Azərbaycan Prezidenti İlham Əliyev onun igidliyini, vətənə olan sədaqətini yüksək qiymətləndirdi. Tural Məmmədov ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" və "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif edildi.

Bu gün Tural Məmmədovun adı Azərbaycan Ordusunun şərəf lövhəsində yazılıb. İki övladı atalarının adını başıuca daşıyacaq. Onlar biləcəklər ki, onların atası bir zəfərin, bir dirənişin, bir xalqın qalibiyyət dastanının qəhrəmanıdır.Torpaq uğrunda ölən varsa, Vətəndir. Tural Məmmədov kimi şəhidlər sayəsində Azərbaycan əbədi var olacaq. Ruhun şad olsun, əziz şəhid. Zəfər sənin adınla qürur duyur.


Zəfərin Səssiz Qəhrəmanı – Orxan Mönsümzadə

 

Tariximizin şanlı səhifələrindən biri olan 2020-ci il Vətən müharibəsi təkcə dövlətimizin ərazi bütövlüyünün bərpası deyil, həm də yüzlərlə igid oğulun qəhrəmanlıq dastanı oldu. O dastanlardan biri də Orxan Mönsümzadənin qısa, lakin mənalı ömür yolunda yazıldı.

Orxan Mönsümzadə 1993-cü ilin 17 sentyabrında Ağdam rayonunun Birinci Baharlı kəndində dünyaya göz açdı. Əslən Kəlbəcərdən olan bu gənc ömrünün hər səhifəsində vətənə sevgi, torpağa bağlılıq və qeyrət hissi daşıyırdı. Elə bu duyğular onu həyatının ən şərəfli yoluna hərb yoluna çıxardı. Azərbaycan Ordusunda kiçik çavuş rütbəsi daşıyan Orxan topçu kimi xidmət edirdi.

2020-ci il sentyabrın 27-si – Azərbaycan tarixində Zəfər səhifələrinin yazılmağa başlandığı gündür. Orxan da silaha sarıldı, torpaqların işğaldan azad olunması üçün cəbhəyə yollandı. Bir gün sonra sentyabrın 28-də Ağdam istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. O, həyatının 27-ci payızını yaşaya bilmədi. Amma onun ruhu, adı və əməlləri əbədi olaraq Zəfər tariximizin bir parçasına çevrildi.

Onun igidliyi dövlət tərəfindən də yüksək qiymətləndirildi. Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Orxan Mönsümzadə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi. Bu mükafat onun vətən qarşısında göstərdiyi fədakarlığın, şücaətin və əzmkarlığın simvoluna çevrildi. Daha sonra  2021-ci ilin 24 iyununda isə “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olundu.

Orxan Mönsümzadə  adını tarixə yazanlardan oldu. O, Zəfərin səssiz qəhrəmanıdır. Onun qəlbində daşıdığı Vətən sevgisi, əsgər andına sədaqəti və şəhidliyi bizə bir daha xatırladır ki, bu torpaq əbəs yerə azad edilməyib. Hər qarış torpağın altında Orxan kimi qəhrəmanların əzmi, ruhu və canı var. Bu gün azad Ağdam torpağında əsən hər bir meh, onun kimi şəhidlərimizin ruhuna çəkilən duaları daşıyır. Zəfər onların adları ilə başlayır, onların ruhu ilə yaşanır. Ruhun şad olsun, Orxan! Zəfər sənin kimi igidlərin mirasıdır.


Zəfərə gedən yol: Şəhid Pəhli Qəribovun ömür dastanı

 

Vətən... Bu kəlmənin hər bir səsi minlərlə igidin canı, qanı, ruhu ilə yazılıb bu torpağa. Onlardan biri də Pəhli Qəribovdur.

17 sentyabr 1993-cü ildə Kürdəmirdə dünyaya göz açan Pəhli sadə bir ailənin, lakin böyük ürəyə sahib bir vətənsevərin övladı idi. Uşaqlıq illəri torpağın nə demək olduğunu dərk etməklə, Vətənin necə seviləcəyini öyrənməklə keçdi. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanan Pəhli dövlətin verdiyi hər tapşırığı qeyrətlə yerinə yetirdi. Xidmətini başa vurduqdan sonra mülki həyata qayıtsa da, vətən üçün yenidən silaha sarılmaq zamanının gələcəyini hiss edirdi sanki.

2020-ci ilin iyul-sentyabr aylarında səfərbərliyə çağırıldı. Bu dəfə yol onu birbaşa tarixə aparırdı. 27 sentyabrda başlayan Vətən müharibəsi Pəhlini döyüş meydanına, igidlərin ön cəbhəsinə səslədi. Füzuli, Cəbrayıl, Xocavənd... Addım-addım irəliləyən zəfər yolunun şahidlərindən biri də o oldu. Səngərlərdə torpağın nə qədər müqəddəs olduğunu bir daha sübut etdi.

Və nəhayət  Şuşa! Azərbaycanın mədəniyyət beşiyi, qürur qalası. 8 noyabr 2020-ci il... Tarixə Zəfər Günü kimi yazılan bu günün səhərində Pəhli Qəribov əmrə tabe olaraq son döyüş tapşırığını yerinə yetirərkən şəhidlik zirvəsinə ucaldı. O, canını yalnız Şuşaya deyil, bütün Azərbaycana əbədi sevgi və sədaqətlə bağışladı.

Pəhli Qəribov doğma torpağında - Kürdəmir Şəhidlər Xiyabanında torpağa tapşırıldı. Amma onun adı bu torpağın hər qarışında, xalqın yaddaşında əbədi yaşayacaq.

Şəhidliyindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə Pəhli Qəribov “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olundu. Bu medallar millətin qəlbində daşıdığı qürur nişanələrinə çevrildi.

Pəhli Qəribovun adı da, ruhu da bu zəfərin səsində yaşayır. O, bir ömrü Vətənə fəda etdi ki, biz azad nəfəs alaq, Şuşada bayraq dalğalansın, sabahlar daha parlaq olsun. Ruhun şad olsun, igid! Sən Zəfərin adısan.


Tarix Yazan Müəllim: Şəhid Elgün Quliyev

 

17 sentyabr 1992-ci ildə Şamaxının Göylər kəndində bir uşaq dünyaya göz açdı. Elgün adını verdilər - qəlbində nur, yolunda günəş daşıyan bir ad. Bəlkə də o gün heç kim bilmirdi ki, bu uşaq bir gün özü tarix olacaq, özü bir millətin yaddaşına çevriləcək.

Elgün Quliyev 1998-ci ildə Göylər kənd 2 saylı məktəbində təhsil almağa başladı, sonra yollar onu İsmayıllıya, Şəkiyə apardı. 2008-ci ildə Şəki İslam Kollecini bitirdi. 2010-2014-cü illərdə Sumqayıt Dövlət Universitetində “Tarix müəllimliyi” ixtisası üzrə təhsil aldı.

2014-cü ildə Vətən çağırdı, Füzuli rayonundakı "N" saylı hərbi hissədə xidmət etdi. Silahı əlinə aldı, torpağı qorumağın nə demək olduğunu öyrəndi. O illər hələ qəlbində bir arzu daşıyırdı: müəllim olmaq. 2020-ci ildə bu arzusu gerçəkləşdi. Müəllimlərin İşə Qəbulu imtahanından uğurla keçdi və Lerik rayonunun Sors kəndinə müəllim kimi təyin olundu. Amma tarix ona başqa bir rol yazmışdı: o artıq təkcə müəllim deyil, həm də qəhrəman olacaqdı.

2020-ci ilin sentyabrında Vətən savaşa qalxdı. Elgün tərəddüdsüz könüllü oldu. Bu torpaq uğrunda can verməyə hazır idi. Onun döyüş yolu Şuşaya qədər uzandı. Elgün Quliyev Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. O gün Elgün tarix yazdı.

Şəhid Elgün Quliyev göstərdiyi igidliyə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olundu.

O, indi Şamaxının Göylər kəndində uyuyur. Amma ruhu ucalarda Şuşanın qayalarında, Füzulinin dağlarında, hər azad edilmiş qarış torpaqda dolaşır.

         Elgün Quliyev  tarix yazan müəllim. Adın yaddaşımızda, şəklin ürəyimizdə, ruhun Vətənin hər qarışında yaşayacaq. Zəfər səninlə başladı, səninlə əbədiləşdi...


Zəfərə Aparan Yol Elvin Salahovun xatirəsinə…

 

17 sentyabr 2001-ci ildə Bakı şəhərində Elvin adlı bir uşaq dünyaya gəldi. Bu ad illər sonra bir millətin yaddaşına qızıl hərflərlə həkk olunacaqdı. O, qəlbində qeyrət, vicdan və vətən sevgisi ilə böyüyürdü.

Elvinin təhsil yolu 2007-ci ildə Yasamal rayonundakı A.Məmmədov adına 38 saylı tam orta məktəbdə başladı. Uşaq yaşlarından çalışqanlığı, nizam-intizamı və əxlaqı ilə seçilirdi. 2015-ci ildə 9-cu sinfi əla və yaxşı qiymətlərlə bitirib Azərbaycan Dövlət Dəmiryolu Kollecinə daxil oldu. Dörd il ərzində burada da nümunəvi tələbə kimi yadda qaldı. 2019-cu ildə maşinist ixtisasına yiyələnərək məzun oldu. 2019-cu ilin oktyabrın 7-də o, Şabran rayonundan hərbi xidmətə yollandı.

Xidmətə Ağcabədidə başladı. Andiçmə mərasimindən sonra Cəlilabadda yerləşən N saylı hərbi hissəyə göndərildi. Burada göstərdiyi rəşadət, fiziki və mənəvi hazırlıq onu Xüsusi Təyinatlı Qüvvələrin sıralarına yüksəltdi.

2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsi Elvinin ömür kitabında yeni bir səhifə açdı. O, Xüsusi Təyinatlı kimi ön cəbhəyə yollandı. Füzuli və Qubadlı istiqamətlərində döyüşlərə qatıldı. Hər addımı zəfərə aparan addım idi. Elvin silahdaşı ilə çiyin-çiyinə, bir dağın başından bir dərənin dərinliyinə qədər döyüşdü.

Amma qəhrəmanlıq ucadır, çox ucadır ki, bəzən şəhidlik zirvəsində dayanır. 2020-ci ilin oktyabrın 23-də, Qubadlı uğrunda gedən şiddətli döyüşlərin birində Elvin snayper gülləsinə tuş gəldi. O, canını torpaq uğrunda fəda etdi. Elvin Salahov oktyabrın 24-də Bakı şəhərinin Badamdar qəsəbəsində son mənzilə yola salındı. Lakin onun ruhu, onun mübarizəsi və onun adı bu torpağın hər dağında, hər daşında yaşayır.


Qəhrəmanlığa gedən yol – Pərvin Salmanzadənin ömür dastanı

 

1991-ci ilin 17 sentyabrında Astarada bir uşaq dünyaya gəldi - Pərvin Təbriz oğlu Salmanzadə. Hələ o zaman heç kim bilmirdi ki, bu körpənin alın yazısına vətən uğrunda qəhrəmancasına şəhid olmaq yazılıb.

Ailənin 6 üzvündən biri olan Pərvin erkən yaşlarından zəhmətə, ailə qayğılarına bələd oldu. 1997-ci ildə Mirzə Fətəli Axundzadənin adını daşıyan 1 saylı kənd tam orta məktəbinin birinci sinifinə qədəm qoydu. Orta məktəbdə çalışqanlığı, sakitliyi və yardımsevərliyi ilə seçilirdi. 2008-ci ildə məktəbi bitirib, gələcəyə doğru addımladı.

2009-cu ildə Astara rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırıldı. Vətən sevgisi və hərbi nizam-intizam onu hər kəsdən fərqləndirirdi. 2011-ci ildə hərbi xidmətini başa vurduqdan sonra ailəsinə dəstək olmaq üçün "Azpetrol LTD" MMC-də çalışdı. Lakin ürəyindəki hərbçi ruhu onu yenidən silaha sarılmağa səsləyirdi.

2020-ci ildə Pərvin könüllü şəkildə orduya qayıtdı. Artıq bu dəfə o, "MAHHXHQ" olaraq müqavilə əsasında hərbi xidmətdə idi. Eyni ilin 27 sentyabrında başlayan Vətən müharibəsində o, ön cəbhədə idi. Ağdərə və Xocavəndin qanlı döyüşlərində igidlik göstərdi. Düşmənin canlı qüvvəsinə ciddi zərbələr endirdi, döyüş yoldaşlarına güvən verdi, öz canını təhlükəyə ataraq digərlərinin həyatını qorudu.

6 noyabr 2020-ci il Azərbaycan tarixində Şuşa uğrunda gedən ən gərgin döyüşlərdən birində Pərvin öz komandirini və silahdaşlarını xilas edərkən canını fəda etdi. O, bir qəhrəman kimi şəhid oldu.

Şəhidin cənazəsi doğulduğu torpağa  gətirildi və Seyid Camaləddin türbəsi yaxınlığında torpağa tapşırıldı. Bu torpaq artıq müqəddəsdir, çünki onun qoynunda bir qəhrəman yatır.

          Pərvin Salmanzadə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti tərəfindən bir sıra yüksək medallarla təltif olundu: "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Döyüşdə fərqlənməyə görə". Bu medallar Pərvinin göstərdiyi şücaətin, fədakarlığın, əbədi qəhrəmanlığın rəmzidir. Pərvinin şəhadəti ilə sona çatan həyat yolu, əslində bir millətin qürur salnaməsinə çevrildi. O, ölümə meydan oxuyaraq Şuşaya, Qarabağa, Vətənə ZƏFƏR qazandıranlar sırasında yer aldı. Pərvin Salmanzadə bir tarix yazdı. Və bu tarix Zəfərlə  başa çatdı.

 

 

 Cəlil Xəlilov: Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

 

 

2025-09-17 14:53:40
6243 baxış

Digər xəbərlər

Полковнику Джалилу Халилову

Hamısını oxu
4 iyun terroru mənfur düşmənin vəhşiliyindən xəbər verir

İyunun 4-ü işğaldan azad edilmiş torpaqlarımızda öz vəzifə borclarını həyata keçirən iki jurnalist qardaşımız - Sirac Abışov ilə Məhərrəm İbrahimovun, eyni zamanda Kəlbəcər rayonu Susuzluq kəndi üzrə icra nümayəndəsinin müavini Arif Əliyevin minaya düşərək həlak olmaları bizi dərindən sarsıtmışdır. Mənfur düşmənin  torpaqlarımıza tank əleyhinə minalar döşəməsi və mina xəritəsini kapitulasiya aktından sonra da bizə təhvil verməməsi bir daha onun alçaqlığından, vəhşiliyindən xəbər verir. Biz beynəlxalq təşkilatların bu hadisəyə ədalətlə qiymət verməyini, mina xəritəsini israrla Azərbaycana təhvil verməyən erməni faşistlərinin cəza almaları üçün beynəlxalq məhkəməyə çıxarılmalarını tələb edirik. Erməni vəhşiliyinə göz yumaraq hələ də ona havadarlıq edən bəzi “demokratik” dövlətlərə isə bu faciə bir görk olsun, mülki şəxslərə qarşı terror aparan bir dövlətin yanında duran dövlətlər Terror dövlətləridir! Azərbaycan xalqı, Azərbaycan ordusu öz Ali Baş Komandanı ilə 44 günlük Vətən müharibəsində erməni faşistlərinə öz hədlərini dəmir yumruqla bildirmişdir və mənfur düşmən unutmasın ki, bu dəmir yumruq onları tamamilə əzməyə qadirdir!   Vətən uğrunda canından keçən şəhidlərimizi hörmətlə anır, Allahdan rəhmət diləyirik.   Müşfiq Məmmədli Millət vəkili

Hamısını oxu
“Modern İnkişaf və Ailə” İctimia Birliyinin sədri Zərifə Quliyeva Fatma Səttarova ilə görüşüb

Veteran.gov.az xəbər verir ki, bu gün  “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva Müharibə, Əmək və Silahlı Qüvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilatın sədri Fatma Səttarova və sədr müavini polkovnik Cəlil Xəlilovla görüşüb. Görüş zamanı gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-mənəvi dəyərlər bağlı şəkildə yetişdirilməsi, dövlətçilik maraqlarımızın müdafiəsi və s. kimi məsələlərdə vətəndaş cəmiyyəti institutlarının rolundan bəhs edilib, qarşılıqlı fikir mübafiəlsi aparılıb. Görüşdə Müharibə, Əmək və Silahlı Qüvələr Veteranları Təşkilatının Nəsimi Rayon Təşkilatının sədri Validə Vəliyeva da iştirak edib.  

Hamısını oxu
“Ordumuz bu gün 105 illik tarixi inkişafının zirvəsində qərar tutub"

Cəlil Xəlilov: “Uğurlarımıza görə hər şeydən öncə Müzəffər Ali Baş Komandanımıza, onun qətiyyət və cəsarətinə borcluyuq” “Bu il Silahlı Qüvvələrimizin yaranmasının 105-ci ildönümüdür. Bu, uzun və şərəfli bir yoldur. Azərbaycan Ordusu bu müddət ərzində bir çox dəfə böyük uğurlara, qalibiyyətlərə imza atıb, tarixi zəfərlər əldə edib. Lakin bu zəfərlərin ən böyüyü 44 günlük Vətən müharibəsində əldə edilən qələbədir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, ordumuz 44 günlük Vətən müharibəsində bütün antiAzərbaycan qüvvələri üzərində parlaq qələbə əldə edib, regionda yeni hərbi-siyasi reallıq formalaşdırıb: “2020-ci ilin 27 sentyabr tarixində başlayan və həmin ilin 10 noyabrında başa çatan bu müharibə ilə Azərbaycan sadəcə erməni faşizmini, onların havadarlarını məğlub etmədi. Həm də tarixi ədaləti, ölkə başçısının sözləri ilə desək, milli qürurunu bərpa etdi. 30 ildir işğal altıdna qalan torpaqlarımız azad edildi. Ərazi bütövlüyümüz təmin olundu. Bu qələbə xalqın inamını özünə qaytardı. Bu qələbə bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı, Azərbaycan ordusu güclüdür, böyükdür, yenilməzdir”. Ulu öndərin ordu quruculuğu siyasəti və Prezident İlham Əliyevin memarı olduğu 8 Noyabr zəfəri Polkovnik Cəlil Xəlilov bildiirb ki, Heydər Əliyev tərəfindən əsası qoyulan nizami ordu qurucluğu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş və 8 Noyabr zəfəri ilə öz məntiqi nəticəsini vermişdir: “Azərbaycanda nizami ordu quruculuğu prosesi ilə bağlı ilk addımlar ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə hakimiyyətə gələn Heydər Əliyev qanunsuz silahlı dəstələri, pərakəndə silahlı qrupları ləğv etdi və beləliklə də, nizami ordunun formalaşdırılması istiqamətində ilkin addımlar atıldı. Tezliklə ölkədə vahid komandanlığa tabe olan ordu formalaşdırıldı. Ordunun peşəkar kadrlarla təmin edilməsi, texniki təchizatının yaxşılaşdırılması və s. istiqamətində ciddi qərarlar qəbul edildi. Ulu öndərin ordu quruculuğu siyasəti Prezident İlham Əliyevin hakimiyəti dönəmində nəinki uğurla davam etdirildi, həm də miqyas və mahiyyət etibarı ilə yeni mərhələyə qədəm qoydu. Müasir ordu quruculuğu istiqamətində İlham Əliyevin atdığı çoxsaylı addımlar, həyata keçirdiyi kompleks tədbirlər cəmi bir neçə il ərzində Azərbaycan ordusunu adi, sıradan bir ordudan dünyanın ən qüdrətli orduları sırasında qərarlaşdırdı”. Ordusunu dünya hərb sənayesinin ən müasir nailiyyətləri ilə silahlandıran sərkərdə! Polkovnik Cəlil Xəlilovun sözlərinə görə, Prezident İlham Əliyev Vətən müharibəsindən sonra da Silahlı Qüvvələrin daha da güclənməsi istiqamətində sistemli addımlar atmaqda, mühüm yeniliklər həyata keçirməkdədir: “İlham Əliyevin hərbi quruculuq siyasətində diqqət çəkən məqamlardan biri də Azərbaycan Ordusunu dünya hərb sənayesinin ən müasir nailiyyətləri ilə silahlandırması, müasir hərbi texnikanın idxalına xüsusi diqqət yetirməsi ilə bağlıdır. Azərbaycanın iqtisadi gücündən maksimum faydalanaraq ordumuzu Türkiyə, İsrail, Rusiya, Belarus və s. kimi dövlətlərin müasir hərbi texnikaları ilə təchiz edən, onun davamlı modernləşdirilməsi prosesini həyata keçirən İlham Əliyev, bununla Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusu qarşısndakı üstünlüyünü dəfələrlə artırmış, onu sözün həqiqi mənasında məğlubedilməz etmişdi. Təkcə bir faktı qeyd edim ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın Türkiyə və İsraildən aldığı kəşfiyayt və zərbə dronları düşmən hədəflərinin müəyyən edilməsi və məhv edilməsində mühüm rol oynamış, nəticədə işğalçı orduya məxsus, dəyəri milyonlarla dollarla hesablanan hərbi texnika, hava hücumundan müdafiə sistemləri, artilleriya qurğuları məhv edilmişdi. Xarici dövlətlərdən Azərbaycan Ordusunun ehtiyacına uyğun olaraq alınan müasir hərbi texnika və raket sistemləri Vətən müharibəsi zamanı Ermənistanın hərbçilərimizə və mülki insanlarımıza qarşı tətbiq etdiyi ballistik raketlərin havadaca zərərsizləşdirilməsində uğurla istifadə edilmiş, məhz bunun sayəsində yaşayış məntəqələrimizi və əsgərlərimizi hədəf alan bir sıra raketlər, o cümlədən düşmənin Şuşaya atdığı “İsgəndər-M” raketlərinin bir çoxu havadaca vurulmuşdur. Nəticədə, sadəcə artilleriya və raket sistemlərimizin deyil, mülki insanlarımızın, əsgər və zabitlərimizin təhlükəsizliyi təmin edilmişdir. Bunu da qeyd edim ki, ölkə başçısı öz çıxışlarında qabaqcıl dövlətlərdən müasir hərbi texnikaların alınması siaysətinin bundan sonra da diqqət mərkəzində saxlanılacağını bəyan edib ki, bu da Azərbaycan Ordusunun post-müharibə dönəmindən sonra da hərbi-texniki təchizat baxımından öz liderliyini qoruyub saxlayacağı deməkdir”. Ordumuz üçün yeni dönəm: Komando birlikləri, uzaqmənzilli raketlər, müasir PUA-lar... Ekspertin bildirdiyinə görə, ordumuzun döyüş qabiliyyətinin artırılması yönündə atılan addımlar ölkəmizin müdafiə qabiliyyətini də müvafiq olaraq gücləndirməkdədir: “Silahlı Qüvvələrin yaradılmasının 105-ci ildönümündə Azərbaycan Ordusu əldə etdiyi böyük nailiyyətlərlə diqqət çəkir. Prezident İlham Əliyev 23 iyun 2023-cü ildə Müdafiə Nazirliyinin komando hərbi hissəsinin açılışında bildirdi ki, bugünkü Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi zəfər qazanmış ordumuzdan belə daha güclüdür. Bundan başqa, Ali Baş Komandan yeni PUA-ların, uzaqmənzilli raketlərin alındığına da diqqət çəkdi, komando birliklərinin önəminə toxundu. Bütün bunlar onu göstərir ki, Azərbaycan Ordusunun inkişafı tarixində mahiyyət etibarı ilə yeni dönəm, yeni mrəhələ başlayıb. Bu mərhələ ordumuzun gücünün artması, müdafiə qabiliyyətimizin daha da yüksəlməsi ilə müşahidə olunmaqdadır. Və biz bütün bunlara görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, onun qətiyyətinə, cəsarətinə, dəmir iradəsinə borcluyuq”. Seymur ƏLİYEV  

Hamısını oxu