Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Полковнику Джалилу Халилову

2024-09-17 10:25:30
1558 baxış

Digər xəbərlər

“Moskva Bəyannaməsi Azərbaycan və Rusiya arasında hərbi əməkdaşlığın inkişafı üçün geniş perspektivlər açır”

“Moskva Bəyannaməsi Azərbaycan və Rusiya arasında hərbi əməkdaşlığın inkişafı üçün geniş perspektivlər açır”.   Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Cəlil Xəlilov qeyd edib ki, 22 fevral 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində iki dövlət başçısı tərəfindən imzalanan “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” dövlətimizin maraqlarına tam cavab verir:   “Bu Bəyannamə Azərbaycan və Rusiyanın strateji müttəfiq olduqlarını bir daha təsdiqləyir, müttəfiqlik münasibətlərinin inkişafı üçün yeni imkanlar açır. Bəyannamənin 12-16-cı bəndlərində ikitərəfli hərbi əməkdaşlığın genişlənməsi məsələləri öz əksini tapır. Hansı ki, Azərbaycanın şimal qonşusu olan və dünyanın hərbi baxımdan ən güclü dövlətlərindən biri sayılan Rusiya ilə belə bir müqavilənin imzalanması Azərbaycanın hərbi maraqlarına tam cavab verir”.   Polkovnik qeyd edib ki, Bəyannamə Rusiya və Azərbaycan orduları arasında birgə təlimlərin keçirilməsini, hərbi əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur:   “Bildiyiniz kimi, Azərbaycan hərbi sahədə dünyanın bir sıra dövlətləri, o cümlədən Rusiya ilə əməkdaşlıq edir. Xəzər dənizində mütəmadi şəkildə birgə təlimlərin keçirilməsi, iki dövlətin güc strukturları arasında möcud olan birgə əməkdaşlıq buna nümunədir. Bu baxımdan Moskva Bəyannaməsinin 13-cü bəndi xüsusi əhəmiyyət kəsb edir. Həmin bənddə qeyd edilir ki, “tərəflər Rusiya Federasiyasının və Azərbaycan Respublikasının Silahlı Qüvvələri arasında əməliyyat və döyüş hazırlığı üzrə birgə tədbirlərin keçirilməsi də daxil olmaqla qarşılıqlı əməkdaşlığı dərinləşdirəcək, eləcə də ikitərəfli hərbi əməkdaşlığın digər istiqamətlərini inkişaf etdirəcəklər”.   Bəyannamədə birgə hərbi məhsulların istehsalı da öz əksini tapıb. Moskva Bəyannaməsinin 14 və 15-ci bəndləri bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Həmin bəndlərdə Azərbaycan və Rusiya Silahlı Qüvvələrinin modern silahlarla təmin edilməsi, habelə silahlar və hərbi texnika üçün texniki xidmət, təmir, müasirləşdirmə üzrə xidmət mərkəzlərinin yaradılması, eləcə də hərbi təyinatlı məhsulların müxtəlif növlərinin birgə istehsalının təşkil edilməsinin önəmi qeyd edilir. Bu isə o deməkdir ki, yaxın gələcəkdə hər iki dövlətin hərbi istehsal sahədə birgə əməkdaşlığına şahid ola bilərik”.   Cəlil Xəlilovun sözlərinə görə, Moskva Bəyannaməsində terrorizmə qarşı birgə mübarizənin təşkili məsələsi də öz əksini tapıb ki, bu da regionun təhlükəsizliyi baxımından mühüm əhəmiyyətə malikdir:   “Bəyannamənin 18-ci bəndi hər iki dövlətin beynəlxalq terrorizmə qarşı birgə mübarizəsi baxımından mühüm əhəmiyyətə malikdir. Həmin bənddə qeyd olunur ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər”. Bu, tarixən erməni terrorizmindən əziyyət çəkən, terrora qarşı mübarizədə hər zaman qətiyyətli mövqe sərgiləyən, 44 günlük Vətən müharibəsində erməni faşizmini məğlub etməklə terrorizmə qarşı mübarizəyə böyük töhfə verən dövlətimizin maraqlarına tamamilə uyğundur.   Hesab edirəm ki, bu Bəyannamə iki dövlətin xüsusi xidmət orqanları arasında əməkdaşlığın genişlənməsinə, qarşılıqlı məlumat mübadiləsi prosesinin daha da optimallaşmasına da öz müsbət təsirini göstərəcək ki, bu da regionun təhlükəsizliyinin etibarlı şəkildə təmin edilməsi baxımından mühüm əhəmiyyətə malikdir.   Onu da qeyd edim ki, Moskva Bəyannaməsi beynəlxalq qanun və konvensiyalara tamamilə uyğundur və hər hansı üçüncü dövlət üçün heç bir təhdid təşkil etmir”.  

Hamısını oxu
Şamil Süleymanov-85

Hamısını oxu
Mədəniyyət pərdəsi altında siyasi təsir yolverilməzdir

Rusiya uzun illərdir postsovet məkanında yumşaq güc strategiyasını həyata keçirmək üçün müxtəlif vasitələrdən istifadə edir. Bunlardan biri də "Rossotrudniçestvo"nun nəzdində fəaliyyət göstərən "Rus evi"dir. Bu qurumun əsas missiyası guya rus dili, mədəniyyəti və təhsilini təşviq etməkdir. Rusiya rəsmi olaraq bildirir ki, "Rus evi"nin fəaliyyəti üç əsas istiqaməti əhatə edir. Birincisi, xarici ölkələrdə rus dilini öyrətmək, rus ədəbiyyatını, musiqisini və mədəniyyətini yaymaq. İkincisi, xarici tələbələrin Rusiya universitetlərində təhsil almaları üçün təqaüd proqramları təşkil etmək. Üçüncüsü isə, yerli icmalarla əməkdaşlıq edərək Rusiyanın tarixi və mədəni irsini tanıtmaq. Lakin bu rəsmi məqsədlərdən fərqli olaraq "Rus evi"nin real fəaliyyəti daha geniş və siyasi xarakter daşıyır. Məsələn, xalqlar arasında Rusiya siyasətinə rəğbət yaratmaq üçün tədbirlər təşkil edilir. Müxtəlif mədəni tədbirlərin arxasında siyasi mesajlar və Kremlin maraqlarına uyğun ideoloji çalarlar yer alır. Eyni zamanda Rusiya ilə bağlı pozitiv imic yaratmaq üçün müxtəlif gənclər hədəf alınır. Xüsusilə keçmiş sovet respublikalarında, o cümlədən Azərbaycanda Rusiyanın tarixi rolunu artırmaq və Moskvanın regionda təsirini əsaslandırmaq üçün təbliğat aparılır. Bütün bunlar onu göstərir ki, "Rus evi" təkcə mədəniyyət mərkəzi deyil, həm də Kremlin xarici siyasətini dəstəkləyən qurumdur. Ötən günlərdə Azərbaycan hökuməti "Rus evi"nin fəaliyyətini qeyri-qanuni sayaraq ona qarşı tədbirlər gördü. Çünki qurum ölkəmizin suverenliyi və milli təhlükəsizliyi üçün təhdid təşkil edirdi. Belə ki, Azərbaycan müstəqil xarici siyasət yürüdən dövlətdir və Rusiyanın onun daxili işlərə qarışmasına icazə vermək niyyətində deyil. "Rus evi" isə dolayısı ilə Rusiyanın daxili işlərinə müdaxiləsi üçün platforma rolunu oynaya bilərdi. Digər tərəfdən, bu qurumun fəaliyyəti Rusiya mediası və siyasi dairələrinin Azərbaycana qarşı apardığı təbliğatla üst-üstə düşürdü. Rəsmi Bakı isə ölkə daxilində Kremlin təbliğatının yayılmasına imkan vermir. Həmçinin "Rus evi"nin fəaliyyəti bəzi hallarda qeyri-şəffaf olub və bu, onun təhlükəsizlik baxımından da problem yarada biləcəyini göstərir. Üstəlik, Azərbaycanın bu addımı təkcə regional deyil, həm də beynəlxalq kontekstdə maraqlıdır. Çünki bir çox ölkələr "Rus evi"nin fəaliyyətini məhdudlaşdırıb və ya tamamilə qadağan edib. Ukrayna 2014-cü ildən sonra bu qurumun fəaliyyətinə öz ərazisində son qoyub və Rusiyanın mədəniyyət mərkəzlərini təhlükəsizlik təhdidi hesab etdiyini açıqlayıb. Moldova isə 2022-ci ildə "Rus evi"nin fəaliyyətini ciddi şəkildə məhdudlaşdırıb və qurumun ideoloji fəaliyyətinə qarşı tədbirlər görüb. Baltikyanı ölkələr - Estoniya, Latviya və Litva da "Rus evi"ni Kremlin ideoloji təsir vasitəsi hesab edərək onun işini məhdudlaşdırıb. Bu nümunələr göstərir ki, Azərbaycan tək deyil və bir çox ölkələr "Rus evi"ni Rusiya xarici siyasətinin yumşaq güc aləti kimi görür. Bunlara baxmayaraq, Moskva rəsmi Bakının gedişinə qarşı özünün ənənəvi üsullarına əl atıb. Azərbaycan diasporuna təzyiqləri artırmaq, biznes mühitinə müdaxilə etmək və siyasi ritorikanı sərtləşdirmək yolunu tutub. Bu kontekstdə Rusiya Dövlət Dumasının deputatları Nikolay Valuyev, Yevgeni Popov və Andrey Pinçukun Azərbaycan diasporuna qarşı səsləndirdiyi fikirlər Kremlin siyasətinin tərkib hissəsi kimi görünür. Xüsusilə Valuyevin azərbaycanlıların Rusiyadan çıxarılması, bizneslərinin məhdudlaşdırılması və hərbi uçota alınaraq cəbhəyə göndərilməsi ilə bağlı səsləndirdiyi təkliflər açıq şəkildə təhdiddir. Bu yanaşma Kremlin digər keçmiş sovet respublikalarına qarşı tətbiq etdiyi siyasətlə uzlaşır. Belə ki, Rusiya Ukraynaya qarşı müharibəyə başladıqdan sonra da Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrindən gələn əmək miqrantlarını qorxutmaq, onları müharibəyə cəlb etmək və deportasiya ilə hədələmək taktikalarına əl atıb. Azərbaycan-Rusiya iqtisadi münasibətləri də Kremlin təzyiq vasitələrindən biri kimi istifadə etdiyi sahələrdəndir. 2024-cü ilin statistikasına görə, iki ölkə arasında ticarət dövriyyəsi 4,8 milyard dollar təşkil edib ki, bunun 75 faizi Rusiyanın Azərbaycana ixrac etdiyi malların payına düşür. Bu isə o deməkdir ki, iqtisadi əlaqələrin pozulması ilk növbədə Rusiyanın özü üçün ciddi itkilər yarada bilər. Deputat Andrey Pinçukun Azərbaycanın Rusiyada fəaliyyət göstərən şirkətlərinin müsadirə edilməsi ilə bağlı təklifləri isə iqtisadi müstəvidə də Moskvanın qərəzli siyasət yürütdüyünü göstərir. Lakin bu kimi addımlar, əslində Rusiyanın öz investisiya mühitinə daha böyük zərbə vurur və xarici bizneslərin ölkədə fəaliyyət göstərməsinə ciddi maneələr yaradır. Rusiyanın dövlət təbliğatçılarının - Vladimir Solovyov, Olqa Skobeyeva və digər propaqandistlərin efirlərdə Azərbaycana qarşı təhqiramiz ifadələr işlətməsi də Moskvanın informasiya müharibəsinin tərkib hissəsidir. Onlar Azərbaycanın mülki təyyarəsinin vurulması ilə bağlı məsuliyyəti Bakının üzərinə atmağa çalışır, Rusiyanın regiondakı siyasətinə haqq qazandırmağa cəhd edirlər. Bununla yanaşı, Rusiya təbliğat maşını Azərbaycan torpaqlarının azad edilməsini Kremlin "xoş niyyəti" kimi qələmə verməyə çalışır. Lakin faktlar göstərir ki, Moskva hər vəchlə bu prosesə mane olmağa çalışıb və bölgədə qeyri-sabitliyi qoruyub saxlamaq üçün müxtəlif yollar axtarıb. Qeyd etmək lazımdır ki, Moskvanın informasiya və siyasi hücumlarına baxmayaraq, rəsmi Bakı balanslı xarici siyasətini davam etdirir və heç bir təhdid qarşısında geri çəkilmir. Azərbaycanın Rusiya ilə münasibəti hər zaman qarşılıqlı hörmətə əsaslanıb, hazırda isə Moskvanın hegemon yanaşmaları qəbulolunmazdır. Kremlin bugünkü ritorikası yalnız onun postsovet məkanında nüfuzunun daha da zəifləməsinə gətirib çıxara bilər. Jalə QASIMZADƏ

Hamısını oxu
Qəhrəmanlar unudulmur! Bir azərbaycanlının qəhrəmanlığı, bir imperiyanın susqunluğu...

Tarix bəzən susar. Bəzən isə qışqırar sükutla. Elə Həmzə Sadıqovun həyat hekayəsi kimi: bir qəhrəmanın tarixin tozlu səhifələri arasına sıxışdırılmış, amma yenə də işıq saçan ömrü kimi. Hələ 1942-ci ildə Stalinqradın qan içində boğulduğu, insanlıqla vəhşiliyin bir-birinə qarışdığı vaxtda bir azərbaycanlı zabit Həmzə Sadıqov SSRİ-nin ən təhlükəli tapşırığını nasist generalı, yəhudi soyqırımının əsas icraçılarından biri olan İohan Rodenburqu əsir alma əməliyyatını həyata keçirdi. Bəs Həmzə Sadıqov kim idi? O, 1915-ci il oktyabrın 7-də Şuşada anadan olmuşdur. 1938-ci ildə Kiyev Artilleriya Məktəbində təhsil almışdır. Təhsilini tamamladıqda sonra İkinci Dünya müharibəsində ön cəbhədə kəşfiyyatçı kimi fəaliyyət göstərməyə başlamışdır. Stalinqrad döyüşləri zamanı baş leytenant rütbəsində batareya komandiri vəzifəsində xidmət etmiş, eyni zamanda Baş Kəşfiyyat İdarəsinin 4-cü şöbəsinin əməkdaşı olmuşdur. Müharibənin gedişatını dəyişən Stalinqrad döyüşlərində Həmzə Sadıqov da misilsiz igidlik göstərmişdir. 1941-ci ildə Stalinqradda müsəlman məscidinin, yəhudi sinaqoqunun, iki xristian kilsəsinin faşistlərdən təmizlənməsində yaxından iştirak etmişdir. 1942-ci ilin sonlarında bu şəhərdə yerləşən hərbi əsir düşərgəsindəki yəhudi ailələrini ölümün pəncəsindən qurtarmışdır. 1943-cü il yanvarın 31-də Stalinqradda alman ordusunun qərargahlarından birinin mühasirəyə alınması Həmzə Sadıqovun komandirlik etdiyi qrupa həvalə olunmuşdu. İyirmi beşdən çox faşisti təkbaşına məhv edən Həmzə Sadıqov binanın zirzəmisində saxlanılan onlarla yəhudi uşağını əsirlikdən azad etmiş, qərargahdakı alman general-leytenantı İohann Fon Rodenburqu əsir götürmüşdür. Bu əməliyyatın uğurla başa çatması təkcə bir generalın əsir alınması deyildi. Bu nasizmin qəlbinə endirilmiş simvolik bir zərbə idi. Rodenburq Adolf Hitlerin etibar etdiyi generallardan biri idi. O, faşist ideologiyasının təkcə döyüş meydanında deyil, həm də insanlıq əleyhinə cinayətlərindəki bariz təmsilçilərindən biri idi. Onun rəhbərlik etdiyi qoşunlar Stalinqradda yalnız hərbi əməliyyatlarla məşğul deyildi. Onlar həm də şəhərin zirzəmilərində yəhudi ailələrini məhv edirdilər. Bu vəhşiliyin qarşısında isə bir azərbaycanlı zabit Həmzə Sadıqov dayanmışdı. “Sadıqaşvili”, “Ded Qamza” kod adları ilə SSRİ-nin Baş Kəşfiyyat İdarəsində (QRU) fəaliyyət göstərən Həmzə Sadıqov Rodenburqun qərargahını mühasirəyə alır. Alman dilini mükəmməl bilən bu igid Rodenburqu təslim olmağa razı salır. Lakin alman generalı son anda silahından istifadə edərək Sadıqovu yaralayır. Amma o, yaralı halda belə öz tapşırığını yerinə yetirir və Rodenburqu əsir götürərək tarixi dəyişdirir. Bu əməliyyat bir xalqın qüruru, faşizmə nifrətin təntənəsi, bəşəriyyətə isə bir töhfə idi. Rodenburqun əsir düşməsi Hitlerə böyük zərbə idi. Qeyri-rəsmi “general Sadıqov” titulunu daşıyan Həmzə Sadıqov təcili olaraq hospitala yerləşdirilir. Onun növbəti “döyüşü” isə məhz burada başlamış olur. Həmzə Sadıqov hər gün saatlarla sorğuya çəkilir. Məqsəd ondan ibarət olur ki, alman generalının əsir götürülməsi milliyətcə azərbaycanlı olan bir qəhrəmanın adına yazılmasın. Həmin ərəfədə Anastas Mikoyanın Stalinqrad cəbhəsi ilə sıx əlaqələri olmuşdur.  O, bu cəbhənin təminat və təchizatı ilə məşğul olmaqda idi. Rodenburq əsir götürüləndə Mikoyan Stalinə generalın Ermənistan könüllüləri tərəfindən əsir götürüldüyünü bildirib. Mübahisəyə həkim ekspertlər son qoyur. Həmzə Sadıqovun bədənindən çıxarılan qəlpə Rodenburqun şəxsi silahının gülləsindən olduğu sübuta yetirilir. Əsl həqiqətin üzə çıxarılmasında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mircəfər Bağırovun da böyük rolu olub. O, Həmzə Sadıqovun müalicə aldığı hospitalda onu ziyarət etmiş və öz xətti ilə məsələni tam araşdırdıqdan sonra Stalinə və Beriyaya müraciət etmişdir. Stalin Siyasi Büronun iclasında məsələyə son qoyaraq fikrini belə bildirib: “Həmzə Sadıqov əsl qafqazlılara məxsus qəhrəmanlıq, qorxmazlıq, mərdlik nümayiş etdirib...”Mircəfər Bağrov Bakıya qayıtdıqdan sonra Həmzə Sadıqova Sovet İttifaqı Qəhrəmanı adının verilməsi ilə bağlı Moskvaya - Kremlə müraciət edir. Bu məsələdə də Anastas Mikoyan bütün mümkün variantlardan istifadə edərək təltif məsələsinin qarşısını almağa çalışmışdı. Bununla da imperiyanın içində başqa bir savaş başlayır: haqsızlıq savaşı. Sovet rəhbərlərindən Anastas Mikoyan bu tarixi uğuru erməni könüllülərinin adına yazdırmağa çalışır. Həmzə Sadıqovun adı silinməyə çalışılır. O, NKVD tərəfindən sorğuya çəkilir, daha sonra işgəncəyə məruz qalır. Məqsəd sadə idi: həqiqət susdurulsun, qəhrəman erməni elan edilsin. Sadıqov isə hətta əvəzində həyatının axarını dəyişəcək zülmə məruz qalacağını bilə-bilə bu yalanı imzalamağa razı olmur. Tarixin yaddaşını bəzi siyasətçilər pozmaq istəsə də Həmzə Sadıqovun qəhrəmanlığını Mircəfər Bağırov, Lavrenti Beriya, Heydər Əliyev kimi şəxsiyyətlər unutmur. Onlar bu haqsızlığın aradan qaldırılması üçün mübarizə aparır, onun adını tarixə qaytarmağa çalışmışdır. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyərkən Ulu öndər Heydər Əliyev Volqoqradda sənaye işçiləri ilə görüşündə Həmzə Sadıqovun faşist generalını təkbaşına əsir götürdüyünü xatırlatmış, qələbənin əldə olunmasında azərbaycanlıların da şücaətini qeyd etmişdi. Qəhrəman Həmzə Sadıqov haqqında həqiqətlərin dünya mətbuatında işıqlandırılmasında Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Melih Yevdayevin beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail nümayəndəliyinin rəhbəri Arye Qutun, Rusiya Yəhudi Konqresinin vitse-prezidenti dağ yəhudilərinin STMEQİ Beynəlxalq xeyriyyə fondunun prezidenti German Zaxaryayevin böyük rolu olmuşdur. Həmzə Sadıqov müharibədən sonra doğma yurduna - Ağdama qayıdır. Amma aldığı yaralar onu vaxtsız şəkildə həyata əlvida deməyə vadar edir. O, 1964-cü ildə, 49 yaşında vəfat etmişdir. Ağdam qəbiristanlığındakı məzarı da erməni vandalları tərəfindən dağıdılır. Ancaq tarixi silmək olmur. Həmzə Sadıqov, bu ad təkcə bir zabitin yox, bütöv bir xalqın şərəfinin, ədalət uğrunda mübarizəsinin adıdır. O, təkcə Rodenburqu əsir almadı, o, faşizmə və imperiya daxilindəki məkirə qarşı ruhun, vicdanın, insanlığın qalibiyyətini simvollaşdırdı. Azərbaycan xalqı bu gün Həmzə Sadıqovu sadəcə bir hərbçi kimi yox, haqqı qoruyan rəmzi, bəşəriyyətin yaddaşında qalan bir xilaskar kimi tanımalıdır.   Cəlil Xəlilov    Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu