Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Mədəniyyət pərdəsi altında siyasi təsir yolverilməzdir

Rusiya uzun illərdir postsovet məkanında yumşaq güc strategiyasını həyata keçirmək üçün müxtəlif vasitələrdən istifadə edir. Bunlardan biri də "Rossotrudniçestvo"nun nəzdində fəaliyyət göstərən "Rus evi"dir.

Bu qurumun əsas missiyası guya rus dili, mədəniyyəti və təhsilini təşviq etməkdir. Rusiya rəsmi olaraq bildirir ki, "Rus evi"nin fəaliyyəti üç əsas istiqaməti əhatə edir. Birincisi, xarici ölkələrdə rus dilini öyrətmək, rus ədəbiyyatını, musiqisini və mədəniyyətini yaymaq. İkincisi, xarici tələbələrin Rusiya universitetlərində təhsil almaları üçün təqaüd proqramları təşkil etmək. Üçüncüsü isə, yerli icmalarla əməkdaşlıq edərək Rusiyanın tarixi və mədəni irsini tanıtmaq. Lakin bu rəsmi məqsədlərdən fərqli olaraq "Rus evi"nin real fəaliyyəti daha geniş və siyasi xarakter daşıyır. Məsələn, xalqlar arasında Rusiya siyasətinə rəğbət yaratmaq üçün tədbirlər təşkil edilir. Müxtəlif mədəni tədbirlərin arxasında siyasi mesajlar və Kremlin maraqlarına uyğun ideoloji çalarlar yer alır.

Eyni zamanda Rusiya ilə bağlı pozitiv imic yaratmaq üçün müxtəlif gənclər hədəf alınır. Xüsusilə keçmiş sovet respublikalarında, o cümlədən Azərbaycanda Rusiyanın tarixi rolunu artırmaq və Moskvanın regionda təsirini əsaslandırmaq üçün təbliğat aparılır. Bütün bunlar onu göstərir ki, "Rus evi" təkcə mədəniyyət mərkəzi deyil, həm də Kremlin xarici siyasətini dəstəkləyən qurumdur.

Ötən günlərdə Azərbaycan hökuməti "Rus evi"nin fəaliyyətini qeyri-qanuni sayaraq ona qarşı tədbirlər gördü. Çünki qurum ölkəmizin suverenliyi və milli təhlükəsizliyi üçün təhdid təşkil edirdi. Belə ki, Azərbaycan müstəqil xarici siyasət yürüdən dövlətdir və Rusiyanın onun daxili işlərə qarışmasına icazə vermək niyyətində deyil. "Rus evi" isə dolayısı ilə Rusiyanın daxili işlərinə müdaxiləsi üçün platforma rolunu oynaya bilərdi. Digər tərəfdən, bu qurumun fəaliyyəti Rusiya mediası və siyasi dairələrinin Azərbaycana qarşı apardığı təbliğatla üst-üstə düşürdü. Rəsmi Bakı isə ölkə daxilində Kremlin təbliğatının yayılmasına imkan vermir. Həmçinin "Rus evi"nin fəaliyyəti bəzi hallarda qeyri-şəffaf olub və bu, onun təhlükəsizlik baxımından da problem yarada biləcəyini göstərir. Üstəlik, Azərbaycanın bu addımı təkcə regional deyil, həm də beynəlxalq kontekstdə maraqlıdır. Çünki bir çox ölkələr "Rus evi"nin fəaliyyətini məhdudlaşdırıb və ya tamamilə qadağan edib. Ukrayna 2014-cü ildən sonra bu qurumun fəaliyyətinə öz ərazisində son qoyub və Rusiyanın mədəniyyət mərkəzlərini təhlükəsizlik təhdidi hesab etdiyini açıqlayıb. Moldova isə 2022-ci ildə "Rus evi"nin fəaliyyətini ciddi şəkildə məhdudlaşdırıb və qurumun ideoloji fəaliyyətinə qarşı tədbirlər görüb. Baltikyanı ölkələr - Estoniya, Latviya və Litva da "Rus evi"ni Kremlin ideoloji təsir vasitəsi hesab edərək onun işini məhdudlaşdırıb. Bu nümunələr göstərir ki, Azərbaycan tək deyil və bir çox ölkələr "Rus evi"ni Rusiya xarici siyasətinin yumşaq güc aləti kimi görür.

Bunlara baxmayaraq, Moskva rəsmi Bakının gedişinə qarşı özünün ənənəvi üsullarına əl atıb. Azərbaycan diasporuna təzyiqləri artırmaq, biznes mühitinə müdaxilə etmək və siyasi ritorikanı sərtləşdirmək yolunu tutub. Bu kontekstdə Rusiya Dövlət Dumasının deputatları Nikolay Valuyev, Yevgeni Popov və Andrey Pinçukun Azərbaycan diasporuna qarşı səsləndirdiyi fikirlər Kremlin siyasətinin tərkib hissəsi kimi görünür. Xüsusilə Valuyevin azərbaycanlıların Rusiyadan çıxarılması, bizneslərinin məhdudlaşdırılması və hərbi uçota alınaraq cəbhəyə göndərilməsi ilə bağlı səsləndirdiyi təkliflər açıq şəkildə təhdiddir. Bu yanaşma Kremlin digər keçmiş sovet respublikalarına qarşı tətbiq etdiyi siyasətlə uzlaşır. Belə ki, Rusiya Ukraynaya qarşı müharibəyə başladıqdan sonra da Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrindən gələn əmək miqrantlarını qorxutmaq, onları müharibəyə cəlb etmək və deportasiya ilə hədələmək taktikalarına əl atıb.

Azərbaycan-Rusiya iqtisadi münasibətləri də Kremlin təzyiq vasitələrindən biri kimi istifadə etdiyi sahələrdəndir. 2024-cü ilin statistikasına görə, iki ölkə arasında ticarət dövriyyəsi 4,8 milyard dollar təşkil edib ki, bunun 75 faizi Rusiyanın Azərbaycana ixrac etdiyi malların payına düşür. Bu isə o deməkdir ki, iqtisadi əlaqələrin pozulması ilk növbədə Rusiyanın özü üçün ciddi itkilər yarada bilər. Deputat Andrey Pinçukun Azərbaycanın Rusiyada fəaliyyət göstərən şirkətlərinin müsadirə edilməsi ilə bağlı təklifləri isə iqtisadi müstəvidə də Moskvanın qərəzli siyasət yürütdüyünü göstərir. Lakin bu kimi addımlar, əslində Rusiyanın öz investisiya mühitinə daha böyük zərbə vurur və xarici bizneslərin ölkədə fəaliyyət göstərməsinə ciddi maneələr yaradır.

Rusiyanın dövlət təbliğatçılarının - Vladimir Solovyov, Olqa Skobeyeva və digər propaqandistlərin efirlərdə Azərbaycana qarşı təhqiramiz ifadələr işlətməsi də Moskvanın informasiya müharibəsinin tərkib hissəsidir. Onlar Azərbaycanın mülki təyyarəsinin vurulması ilə bağlı məsuliyyəti Bakının üzərinə atmağa çalışır, Rusiyanın regiondakı siyasətinə haqq qazandırmağa cəhd edirlər. Bununla yanaşı, Rusiya təbliğat maşını Azərbaycan torpaqlarının azad edilməsini Kremlin "xoş niyyəti" kimi qələmə verməyə çalışır. Lakin faktlar göstərir ki, Moskva hər vəchlə bu prosesə mane olmağa çalışıb və bölgədə qeyri-sabitliyi qoruyub saxlamaq üçün müxtəlif yollar axtarıb.

Qeyd etmək lazımdır ki, Moskvanın informasiya və siyasi hücumlarına baxmayaraq, rəsmi Bakı balanslı xarici siyasətini davam etdirir və heç bir təhdid qarşısında geri çəkilmir. Azərbaycanın Rusiya ilə münasibəti hər zaman qarşılıqlı hörmətə əsaslanıb, hazırda isə Moskvanın hegemon yanaşmaları qəbulolunmazdır. Kremlin bugünkü ritorikası yalnız onun postsovet məkanında nüfuzunun daha da zəifləməsinə gətirib çıxara bilər.

Jalə QASIMZADƏ

2025-02-11 11:54:30
3548 baxış

Digər xəbərlər

27 sentyabr böyük zəfərin təməlinin qoyulduğu şərəfli tarixdir

2020-ci il 27 sentyabr Azərbaycan tarixinin ən önəmli, ən yaddaqalan günlərindən biridir. Belə ki, Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzünün qarşısını almaq məqsədilə məhz 2020-ci il sentyabrın 27-dən Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında bütün cəbhə boyu əks-hücum əməliyyatına başladı. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız yüksək əzm və iradə göstərərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşərək, düşmənə sarsıdıcı zərbələr endirdilər. 27 sentyabr hərbi-siyasi gücümüzün, milli ruhumuzun və milli həmrəyliyimizin təntənəsi olan böyük Zəfərin təməlinin qoyulduğu şərəfli bir tarixdir. Ölkəmizin ərazi bütövlüyünün qorunması, əzəli torpaqlarımızın düşmən işğalından azad olunması zamanı həyatını itirən şəhidlərimizin əziz xatirələri xalqımız tərəfindən daim uca tutulur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" Sərəncam qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti, şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir. 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlandı. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirldi. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edildi. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin anılması məqsıdi ilə anım günü sentyabrın 27-də keçirilir. Həmin Prezident İlham Əliyevin  2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncama əsasən qeyd edilir. Bu gün biz Azərbaycan xalqı olaraq şəhidlərimizi rəhmətlə anırıq! Allah şəhidlərimizə rəhmət eləsin! Allah dövlətimizi və ordumuzu qorusun! Səmyar Abdullayev, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin sədri  

Hamısını oxu
Şəhid olan 23 yaşlı müstəntiqin SON DÖYÜŞÜ

Vətən müharibəsi şəhidlərindən biri də prokurorluq müstəntiqi Əlizadə Yüksəl İlqar oğludur. Publika.az xəbər verir ki, prokuror oğlu oan 23 yaşlı Yüksəlin qardaşı da prokurorluq sistemində çalışır. Yaxınlarının bildirdiyinə görə, o, savadlı bir hüquqşünas idi: " "Önündə gözəl bir gələcək var idi. Ancaq buna baxmayaraq, Yüksəl müharibə başlayan kimi ailəsinə belə xəbər etmədən vəzifəsini, işini, kariyerasını ataraq könüllü olaraq cəbhəyə, döyüşə getdi. Müharibənin bitməsinə 1 gün qalmış 8 Noyabrda Xocavənd uğrunda gedən döyüşlərdə Kəşfiyyatçı olan əsgərimiz 12 nəfərlik kəşfiyyatçı əsgər yoldaşları ilə (Mübariz kimi) düşmənin içinə sızaraq düşmən postunu ələ keçirmiş, daha sonra düşmən mühasirəsinə düşmüşdülər. Düşmənə təslim olmayaraq son gülləsi bitənə qədər düşmənlə savaşmışlar və düşmənə təslim olmayaraq şəhid olmağı seçmişlər. Şəhidin bədənində 19 güllə var idi. Yaralı olduğu halda yenə də son damla qanına qədər döyüşmüşdür. Hansı şücaətlə döyüşdüyünü təsəvvür etmək mümkündür. Bu gün biz qələbə sevinci yaşayırıqsa bu sənin kimi igid oğulların sayəsindədir Yüksəl. Sən nəyinki Qazaxın, Gəncənin, sən bütün Azərbaycanın fəxrisən".

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov Milli Aviasiya Akademiyasının rektoru akademik Arif Paşayevi təbrik edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Milli Milli Aviasiya Akademiyasının rektoru akademik Arif Paşayevi ad günü münasibətilə təbrik edib. Veteran.gov.az-a daxil olan təbrik məktubunda deyilir: “Hörmətli Arif müəllim! Sizi 15 fevral – ad gününüz münasibətilə təbrik edir, Sizə şəxsi həyatınızda, eləcə də çoxşaxəli yaradıcılığınızın bütün sahələrində uğurlar arzulayıram. Fəxr hissi ilə qeyd edirəm ki, Siz uzun illərdir ki, Azərbaycanı beynəlxalq elmi müstəvidə uğurla təmsil edən, xalqımızın intellektual gücünü bütün əzəməti ilə dünyaya nümayiş etdirən nadir şəxsiyyətlərdənsiniz. Müəllifi olduğunuz  30-dan çox icad, 300-ə yaxın elmi əsər və  digər yaradıcılıq nümunələriniz dünya elmi və texnikasının qiymətli örnəklərindən biri kimi yer üzünün dörd bir yanında insanların rifahını yüksəltməkdə, bəşəriyyətin tərəqqisinə xidmət etməkdədir. Ustad pedaqoq kimi yetişdirdiyiniz yüzlərlə kadr milli təhsil və sənayemizin inkişafına böyük töhfələr verməkdə, müstəqil respublikamızın çiçəklənməsində yaxından iştirak etməkdədir ki, bu da hər birimizdə qürur hissi doğurur. Hörmətli Arif müəllim! Bir daha Sizi bütün veteranlar adından təbrik edir, Sizə uzun ömür, cansağlığı, yeni-yeni elmi nailiyyətlər arzulayıram”. Seymur ƏLİYEV  

Hamısını oxu
“Onlar əsir götürülmüş azərbaycanlıları işgəncələrə məruz qoyub, qul kimi işlədib”

Azər Badamov: “Ermənilər buna görə beynəlxalq məhkəmələrdə cavab verməli olacaqlar”   Bu gün Beynəlxalq itkinlər günüdür. Məlumat üçün qeyd edək ki, Ermənistanın hərbi cinayətləri səbəbi ilə Birinci Qarabağ müharibəsi dönəmində 3890 nəfər soydaşımız itkin düşüb ki, bu günə qədər də onların taleyindən heç bir xəbər yoxdur.   Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Azər Badamov, Ermənistanın törətdiyi cinayətlərə görə cavab verəcəyini vurğulayıb:   “30 avqust Beynəlxalq itkilər günüdür. Bu günü 21 dekabr 2021-cı ildə BMT-nin Baş Məclisində təsis olunmuşdur.   İtkilərə ən çox məruz qalan ölkələrdən biri də Azərbaycandır. I Qarabağ müharibəsində 4 minə yaxın azərbaycanlı itkin düşmüşdür və onların taleyi haqqında heç bir məlumatımız yoxdur. Təbii ki, bu, erməni cinayətlərinin davamıdır. I Qarabağ müharibəsi dövründə təpədən dırnağa qədər silahlanmış ermənilər Azərbaycanın yaşayış məntəqələrinə hücumlar etmiş, əli silahsız dinc insanları işgəncələrlə qətlə yetirmiş və əsir götürülərək girovluqda saxlamaqdadır. Əsir götürülmüş azərbaycanlıları işgəncələrə məruz saxlamaqla qul kimi işlətmişdir. Təbii ki, bu, heç bir beynəlxalq konvensiyaya və hüquq normalarına uyğun gəlmir. Ermənistanın azərbaycanlılara qarşı törətdikləri bu soyqırımlar bəşər tarixinin böyük faciəsi idi. Buna görə də ermənilər beynəlxalq məhkəmlərdə cavab verməli olacaqlar.   Ermənilərdən fərqli olaraq, biz isə müharibəni mülki insanlara qarşı aparmadıq. Müharibəni müharibənin qanunlarına uyğun apardıq və bu gün də məhv etdiyimiz erməni leşlərinin ərazilərimizdə axtarılaraq geri aparılmasına şərait yaradırıq. Ermənilər isə bunun əksi olaraq törətdikləri cinayətləri ilə öyünüb fəxr edirdilər. Rəşadətli ordumuz bu günahsız qanların qisasını döyüş meydanında aldı. Amma hüquq müstəvisində cinayətkarlar cəzalanmalıdırlar. Necə ki, iki erməni cəlladını biz mühakimə elədik və cəzalandırdıq. Gələcəkdə azərbaycanlılara qarşı cinayətlərdə əli olmuş bütün ermənilərin araşdırılıb müəyyən olunaraq cəzalandırılması beynəlxalq məhkəmələrdə iddialar qaldırılacaqdır. Heç bir cinayəti cəzasız saxlamayacağıq. Sadəcə,  hər şeyin öz vaxtı var və biz o zamanın yetişməsini gözləyirik”.   Seymur ƏLİYEV

Hamısını oxu