Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Abşeron rayonunda şəhid ailələri və qaziləri üçün Novruz şənliyi keçirildi

Veteran.gov.az xəbər verir, Abşeron rayonunda Novruz bayramı ilə əlaqədar olaraq ümumrayon bayram şənliyi keçirilmişdir. Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalandakı Mədəniyyət Evində baş tutan şənlikdə Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak etmişdir.

Dədə Qorqud və Bahar qızının iştirtakçıları salamlaması, xeyir-duası, yazın gəlişini müjdə verməsi abşeronluların əhvali-ruhiyyəsinə bayram ovqatı qatmışdır.

Sonra şəhid Elşad Həsənovun oğlu Səid Həsənlinin, Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayevin və qazi Vasif Allahverdiyevin iştirakı ilə bayram tonqalı qalanmışdır. Meydanda alovlanan tonqal qədim Oğuz yurdunun bir parçası olan Abşeronda Novruz şənliyinin ən maraqlı məqamlarından biri olmuşdur. Kosa ilə Keçəlin müşayəti ilə müxtəlif mahnılar oxunmuş, xalqımızın birliyinin rəmzi olaraq Yallı rəqsi oynanılmışdır.

Bundan sonra Abşeronun müəllim kollektivlərinin hazırladıqları bayram guşələrinə baxış keçirilmişdir.

Xalqımızın milli–mənəvi dəyərlərini özündə ehtiva edən müxtəlif oyunlar, zarafatlar, ümumtəhsil məktəblərinin novruzun və xalqımızın qədim milli ənənələri ilə bağlı hazırladıqları ədəbi-bədii kompozisiyaları, şerləri, folklor kollektivlərinin maraqlı çıxışları, xalçalar, şagirdlərin əl işlərindən ibarət rəsm sərgiləri, milli mətbəximizin ləziz təamları bayram tədbirinin iştirakçıları tərəfindən rəğbətlə qarşılanmışdır. Milli geyimli qızlar bayram xörəklərini nümayiş etdirmiş, şənlik iştirakçılarını şirniyyata qonaq etmişlər.

Tədbirin rəsmi hissəsində çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhid ailələrini və qaziləri Novruz bayramı münasibəti ilə təbrik edərək bildirilmişdir ki, ölkəmizdə Novruz bayramı artıq daha coşqu, daha möhtəşəm qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində qazandığımız zəfər xalqımızın başını uca etmiş, 30 il işğal altında olan dədə-baba yurdlarımızda bayram tonqalları qalamaqla nəticələnmişdir. Şəhidlərimizin, qazilərimizin və ümumilikdə ordumuzun sayəsində vətənimizin ərazi bütövlüyü təmin olunmuşdur.

Respublikamızın bütün ərazilərində olduğu kimi Abşeron rayonunda da şəhid ailələrinə və qazilərə böyük diqqət və qayğının göstərildiyini qeyd edən başçı bunun dövlət siyasəti olduğunu vurğulamışdır. Şəhid ailələri və qazilər həyatlarının hər bir anında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın qayğısını hiss etməkdədirlər.

Daha sonra Abşeron Ağsaqqallar Şurasının sədri Nadir Ağayev, Vətən Müharibəsi Qəhrəmanı şəhid Veysəl Musibovun anası Səməngül Musibova, şəhid Nurlan Mustafayevin həyat yoldaşı Günay Mustafayeva, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev və qazi Vasif Allahverdiyev çıxış edərək Azərbaycan xalqını təbrik etmiş, şəhid ailələrinə və qaziləırə göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqları ifadə etmişlər.

Sonda tanınmış incəsənət xadimləri və Abşeron Mədəniyyət Evinin kollektivi tərəfindən konsert proqramı təqdim edilmişdir.

 

1257 baxış

Digər xəbərlər

Novxanı Ailə Sağlamlıq Mərkəzində vətəndaşların tibbi müayinəsi həyata keçirilib

Məlum olduğu kimi 01 aprel 2021- ci il tarixindən icbari tibbi sığorta Abşeron rayonunda da tədbiq edilir. Hər bir vətəndaş icbari tibbi sığortanın xidmətlər zərfindən ödənişsiz istifadə edə bilər və 2550-dən artıq xidmətdən yaralana bilər. Bu əhalinin səhiyyə xidmətlərinə əl çatanlığını və bu xidmətlərin daha da keyfiyyətli olmasını təmin edir. Veteran.gov.az Abşeron Rayon İcra Hakimiyyətinin məlumatına istinadən xəbər verir ki, İcbari Tibbi Sığorta çərçivəsində əhalinin hansı şəkildə yararlanması və digər maraqlandıran suallarla bağlı geniş şəkildə Abşeron rayon İcra Hakimiyyəti, Mərkəzi Xəstəxana və İctimai Şura tərəfindən 17 mart tarixində Novxanı kəndində məlumatlandırma aparılmışdır. Müxtəlif tibb sahələri üzrə peşəkar həkim heyyəti - nevropatoloq, kardioloq, pediatr, cərrah, giniekoloq, oftalmoloq, radioloq tərəfindən sakinlər qəbul edildi və tibbi müayinələrini həyata keçirdilər. İctimai Şuranın könüllüləri tərəfindən müraciət edən hər bir vətəndaş qeydiyyata alındı və İcbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən yararlanması ilə bağlı suallar tibb işçiləri tərəfindən cavablandırıldı. Yeni bir maliyyə mexanizminə dayanan vətəndaşların bir sosial müdafiə sistemi olaraq aparılan işlər birmənalı şəkildə vətəndaş məmnunluğunu təmin edir, tədbiq edilən müayinə və müalicələrin effektivliyini daha da artırır. Məlumat üçün qeyd edək ki, Novxanı Ailə Sağlamlıq Mərkəzi hər zaman vətəndaşlara nümunəvi xidməti, peşəkar həkim kolektivi ilə diqqət çəkib. Pandemiyaya qarşı mübarizə çərçivəsində də mühüm nailiyyətlərə imza atan Novxanı Ailə Sağlamlıq Mərkəzi vətəndaşların vaksinasiya olunması, onların sağlamlığının qorunması prosesində də aktiv iştirak edib.   Seymur ƏLİYEV

Hamısını oxu
Şəhid Əhmədağa İskəndərovun xatirəsinə həsr edilən mini futbol turniri keçiriləcək

Veteran.gov.az xəbər verir ki, 20 sentyabr 2021-ci il tarixdə saat 11.00-da "Azfar" Şirkətlər Qrupunun futbol meydançasında (açıq havada) Nərimanov Rayon İcra Hakimiyyətinin və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən Müharibəsi şəhidi, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş Əhmədağa İskəndərovun xatirəsinə həsr edilmiş mini futbol turniri keçiriləcək.      

Hamısını oxu
Azərbaycan Prezidenti İlham Əliyevin “Mir” televiziya kanalına müsahibəsi

AZƏRTAC müsahibəni təqdim edir. Aparıcı: İndi Azərbaycan Prezidenti İlham Əliyevin televiziya kanalımıza eksklüziv müsahibəsini təqdim edirik. - Hörmətli cənab Prezident, bu müsahibəni almağa imkan yaratdığınıza görə Sizə minnətdarlıq etmək istərdim. Şübhə yoxdur ki, tarixçilər 2020-ci ili koronavirus ili adlandıracaqlar. Sizcə bu necə baş verə bilərdi? Prezident İlham Əliyev: İnsanlarımızın sağlamlığını və həyatını qorumaq məqsədilə biz lap əvvəldən məhdudlaşdırıcı tədbirlər gördük. Hesab edirəm ki, tədbirlər özünü doğrultdu. Bu tədbirlər tədricən sərtləşdirildi və son nəticədə biz xüsusi karantin rejiminin tətbiqinə gəlib çatdıq. Bizim bütün resurslarımızın səfərbərliyə alınması, pasiyentlərin layiqincə müalicəsini təmin etmək məqsədilə tibbi preparatların, zəruri avadanlıqların əldə edilməsi üzrə böyük təşkilati iş aparıldı. Qısa müddətdə tibbi maskaların və dezinfeksiyaedici vasitələrin istehsalı üzrə müəssisə işə salındı. Həmçinin yaxın vaxtlarda həkimlər üçün xüsusi geyimlər istehsal edən müəssisə işə salınacaq. Yaxın vaxtda hər birində 200 çarpayı olmaqla 10 yeni xəstəxananın istifadəyə verilməsi planlaşdırılır. Bu, yeni tikinti texnologiyaları – modul tipli texnologiyalardır. Bu günədək 20-dən çox dövlət xəstəxanası koronavirus xəstələrinin müalicəsi üçün ayrılıb, o cümlədən bu yaxınlarda 575 pasiyent üçün nəzərdə tutulan ən müasir xəstəxana açılıb. Həmçinin koronavirusla mübarizəyə cəlb edilən tibbi heyətin sosial təminatı üçün tədbirlər görülüb. Bu kateqoriyadan olan tibb işçilərinin əməkhaqqı müvafiq olaraq 3, 4 və 5 dəfə artırılıb. Yeni laboratoriyalar alınıb. Bu gün laboratoriyaların sayı artıq 23-dür. Bu bizə gündə bir neçə min test keçirmək imkanı yaradır. Ümumilikdə 160 mindən çox test keçirilib və əhalinin bir milyon nəfərinə düşən testin sayına görə Azərbaycan ön sıralardadır. - Azərbaycan pandemiya ilə necə bacarır? - Görülən bütün tədbirlər, o cümlədən məhdudlaşdırıcı tədbirlər bir məqsəd daşıyıb – vətəndaşlarımızın təhlükəsizliyini, sağlamlığını təmin etmək və onların həyatını qorumaq. Aprelin 14-dən başlayaraq Azərbaycanda müsbət dinamika müşahidə edilir. Sağalanların sayı yoluxanların sayından çoxdur. Bunun nəticəsində aprelin 27-dən başlayaraq və sonra mayın 4-də karantin rejimi yumşaldıldı. Karantin rejimi mayın sonunadək qüvvədədir. Beləliklə, biz vəziyyətin müvafiq daimi monitorinqini gələcəkdə də davam etdirəcəyik və əgər görsək ki, yumşaltma xarakteri daşıyan tədbirlər yoluxanların kəskin artmasına gətirib çıxarır, o halda məhdudlaşdırıcı tədbirləri yenidən gücləndirməli olacağıq. - Bəs Ümumdünya Səhiyyə Təşkilatı bu istiqamətdə Azərbaycanın fəaliyyətini necə qiymətləndirdi? - Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun mart ayının sonunda mənə ünvanlandığı məktubda koronavirusla mübarizə işində Azərbaycanın nümunəvi ölkə olduğu bildirilib. İlk növbədə, milli səviyyədə işləməklə biz, həmçinin beynəlxalq birliyin daha sıx birləşməsinə, diqqətin bu problemə cəlb edilməsinə, habelə koronavirusa müqavimət üzrə birgə işlərin gücləndirilməsinə çalışırıq. Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının sədridir. Apreldə və mayda iki sammit keçirildi. Özü də birinci sammit – Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sammiti, ümumiyyətlə, dünyada bu mövzuya videokonfrans formatında həsr edilən ilk sammit idi. Dövlət və hökumət başçılarının böyük sayda iştirakı ilə bu tədbirlərin uğurlu keçirilməsi nəticəsində biz ümumi bəlaya qarşı mübarizədə vahid yanaşmalar əldə etdik. Eləcə də həm tibbi sahədə, həm də pandemiyanın bütün ölkələrə böyük zərər vurduğu iqtisadi sahədə müxtəlif səviyyələrdə işçi qruplar yaradıldı. Beləliklə, Azərbaycan dünya birliyinin məsuliyyətli və səmərəli üzvü kimi pandemiya ilə beynəlxalq səviyyədə mübarizəyə böyük töhfə verir. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilatdır və Azərbaycan bu təşkilatda üç il sədrlik edəcək. Qoşulmama Hərəkatının Təmas Qrupunun Sammitinin keçirilməsi təşəbbüsü Hərəkatda çox müsbət qarşılandı. Sammit göstərdi ki, biz səyləri birləşdirməklə bu bəlaya qarşı daha təsirli müqavimət göstərə bilərik. Həmçinin Azərbaycan bir neçə ölkəyə zəruri maliyyə və texniki, o cümlədən tibbi preparatlar və qoruyucu vasitələr yardımı edib. Biz pandemiyaya qarşı mübarizə işinə Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə iki dəfə donor töhfəsi etdik. Mart ayında Ümumdünya Səhiyyə Təşkilatı ilə Azərbaycan arasında donor sazişi imzalandı. Sazişə müvafiq olaraq biz bu bəla ilə qlobal səviyyədə mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar ayırdıq. May ayında isə Qoşulmama Hərəkatının sədri kimi Hərəkatın virusdan daha çox zərər çəkən üzvlərinə yardım göstərilməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına əlavə olaraq 5 milyon dollar ianə etdik. Müvafiq qərara əsasən, Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycan bu yardımın miqyasını və təqdim ediləcəyi ölkələri birgə müəyyənləşdirəcək. - Elə bu vaxt neftin qiyməti təxminən sıfıra endi. Bu, respublikanın iqtisadiyyatına necə təsir etdi? - Birinci rübdə sosial-iqtisadi inkişafın nəticələrinin müsbət olmasına baxmayaraq, gələcəkdə bizim enmə müşahidə etməyimiz istisna deyil. Buna baxmayaraq, biz koronavirusdan daha çox zərər görən sahələrdə işləyən insanlara yardım üçün minimum 2 milyard dollar həcmində mühüm maliyyə resurslarını səfərbər etmişik. Bizdə belə vətəndaşların sayı təqribən 700 mindir. Bu gün həmin insanların işləmək imkanından məhrum olduqları nəzərə alınaraq, onların əməkhaqqının mühüm hissəsi dövlət tərəfindən ödənilir. Həmçinin dövlət sektorunun məcburi məzuniyyətə göndərilən işçiləri əməkhaqqını tam həcmdə alırlar. Bu qəbildən insanların sayı isə bizdə 900 mindən çoxdur. Aşağı gəlirli insanlar kateqoriyasına aid olan 600 min nəfərə, o cümlədən işsizlərə, qeyri-formal sahədə məşğul olanlara da dövlət tərəfindən sosial müavinət ödənilir. İşsizlərin sayının kəskin artmasına yol verməmək məqsədilə bu il haqqı ödənilən 90 min ictimai iş yeri yaradılması haqqında qərar qəbul olunub, habelə Azərbaycanda 80 mindən çox ailə ünvanlı sosial yardım alacaq. Bu, sosial-iqtisadi tədbirlərin tam paketi deyil. Biz buraya vergi güzəştlərini, vergi tətillərini, kommunal ödənişlər və bank kreditləri xidmətlərində müəyyən güzəşt şərtlərini də əlavə edə bilərik. Beləliklə, Azərbaycan dövləti məqsədyönlü, sistemli fəaliyyət göstərir. İlk növbədə, bu, insanların sağlamlığı və təhlükəsizliyidir. İkinci növbədə, bu, iqtisadi inkişaf, habelə əhalinin sosial müdafiəsidir. Həmçinin beynəlxalq əməkdaşlıqla bağlı məsələlər, hesab edirəm, Azərbaycan tərəfindən ən məsuliyyətli şəkildə başladıldı. - Biz Sizinlə ümumi bayramımız - Böyük Qələbənin 75 illiyi ərəfəsində söhbət edirik. O müharibədəki qəhrəmanlıqlarına görə respublikadan 400 mindən çox insan döyüş mükafatı alıb. Azərbaycanlıların milli xarakterini necə təsvir edərdiniz? - Azərbaycan oğulları Böyük Vətən müharibəsi meydanlarında ləyaqətlə vuruşublar. Azərbaycanın 123 nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Azərbaycanın müharibədə iştirak etmiş 600 mindən çox nümayəndəsinin yarısı həlak olub. Azərbaycan bizim ümumi Qələbəmizə böyük töhfə verib. Azərbaycan sovet ordusu üçün yanacaq-sürtkü materiallarının əsas tədarükçüsü olub. Onu demək kifayətdir ki, sovet ordusu üçün mühərrik yağlarının 90 faizi, benzinin 80 faizi və neftin 70 faizi Azərbaycan tərəfindən tədarük edilib. Həmçinin bizim müəssisələrdə gecə-gündüz sovet ordusu üçün çox vacib silah sistemi istehsal edilirdi. Azərbaycanın sənayesi həmişə inkişafda olub. Qısa müddətdə o, hərbi texnika istehsalına tam yönəldilib. - Sizin atanız Heydər Əliyev müharibə veteranlarını millətin qızıl fondu adlandırıb. Bu gün Böyük Vətən müharibəsi veteranlarına hansı kömək göstərilir? - Azərbaycanda bu gün həmişə geniş qeyd olunur. Hərçənd deməliyəm ki, müstəqilliyin ilk illərində bu, belə deyildi. 1992-ci ildə Xalq Cəbhəsi çevriliş yolu ilə hakimiyyətə gələndə 9 May bayramı ləğv edildi və veteranlar mənəvi terrora məruz qaldılar. Lakin Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə bu ədalətsizlik aradan qaldırıldı və həmin vaxtdan 9 May dövlət bayramıdır. Hər il mən həmin gün bir qayda olaraq, veteranlarla görüşürəm, həlak olanların xatirəsini anırıq, məzarları üzərinə əklillər, güllər qoyuruq. Bu il tədbir, əlbəttə, başqa formatda olacaq. Çünki biz veteranlarımızı qorumalıyıq. Hələ ki, karantin rejimi bir yerə kütləvi toplaşmağa, kütləvi tədbirlər keçirilməsinə yol verməsə də, bundan məsələnin mahiyyəti dəyişməyəcək. Hərçənd bayramın qeydedilmə formatı başqa cür olacaq, lakin düşünürəm ki, veteranlar həm bu gündə, həm də sonra Azərbaycan dövlətinin dəstəyini hiss edəcəklər. Veteranlar qayğı ilə əhatə olunub, onların maddi durumu təmin edilir. Onların çoxu dövlət tərəfindən ayrıca yaşayış sahəsi, mənzillə təmin edilib. Biz həmin gün, bir qayda olaraq, onlara Prezident mükafatları təqdim edirik. Beləliklə, bütün bunların hamısı qorunub saxlanılacaq. Ən başlıcası isə Böyük Vətən müharibəsi haqqında həqiqət həmişə üstünlük təşkil etməli, tarixin yenidən yazılması, faşizmin və faşist cinayətkarlarının qəhrəmanlaşdırılması cəhdləri olmamalıdır. Azərbaycanın bu istiqamətdə mövqeyi birmənalıdır. - Siz Rusiya ilə münasibətləri səmərəli adlandırırsınız. Sizin fikrinizcə, daha nə etmək lazımdır ki, bu münasibətlər daha yaxşı olsun? - Əminəm ki, münasibətlərimizin inkişafı üçün ən əlverişli perspektivlər var, çünki Rusiya-Azərbaycan münasibətlərinin çox möhkəm təməli qoyulub. Bu münasibətləri hər iki tərəf strateji tərəfdaşlıq kimi xarakterizə edir. Bu, həqiqətən belədir. Çünki münasibətlərimizin yalnız geniş gündəliyinə nəzər salsaq, biz həyat fəaliyyətinin, demək olar, bütün sahələrini görərik. Bizim qarşılıqlı siyasi əlaqələrimiz çox fəaldır, dövlət başçıları səviyyəsində çoxlu görüşlər olur, görüşlər müntəzəm keçirilir. Son illərdə biz iqtisadi planda əmtəə dövriyyəsinin artımını görürük ki, bu da iqtisadi əməkdaşlığın fəallaşdığına dəlalət edir. Azərbaycanda iqtisadiyyatın müxtəlif sektorlarında Rusiya kapitalı ilə yüzlərlə şirkət çalışır. Biz nəqliyyat sahəsində çox fəal əməkdaşlıq edirik. Biz mühüm Şimal-Cənub beynəlxalq nəqliyyat layihəsini birgə reallaşdırırıq. Həm Rusiya, həm də Azərbaycan ərazisində bu dəhlizlə bağlı bütün infrastruktur layihələri praktiki olaraq həyata keçirilib. Hazırda biz nəqliyyat-logistika istiqamətləri ilə bağlı məsələlər üzərində işləyirik. Məqsəd yük daşımalarını artırmaq və bununla da qonşu ölkələrimizə daha əlverişli şərait yaratmaq, tranzit potensialını möhkəmlətməkdir. Energetika sahəsində kifayət qədər çox layihələr var və Rusiya ilə Azərbaycanın enerji sistemlərinin birləşdirilməsini qeyd etməliyəm. Ya Azərbaycanda, ya da Rusiyada qəza olanda biz dərhal bir-birimizə kömək edir və həmrəylik nümayiş etdiririk. Ona görə də perspektivlər haqqında danışarkən düşünürəm ki, biz əldə edilmiş nəticəyə istiqamətlənəcək, qeyd etdiyim həmin istiqamətlər və gələcəkdə yeni istiqamətlər üzrə də işləyəcəyik. Bu gün biz 7 yol xəritəsinin reallaşdırılması üzrə ikitərəfli formatda işləyirik. Bunlar həyat fəaliyyətinin bütün vacib sahələrini əhatə edən konkret layihələrdir. Hər bir istiqamət üzrə dəqiq plan, zaman müddəti, yol xəritələrinin reallaşdırılması üçün prezidentlərin tapşırıqları var. Bütün bunlar ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq, əməkdaşlıq səviyyəsini, əmtəə dövriyyəsinin və qarşılıqlı investisiyaların artımını möhkəmləndirəcək. Əlbəttə ki, bütün bunlar xalqlarımızın rifahının daha da yaxşılaşmasına gətirib çıxaracaq. - Siz rus dilini çox əla bilirsiniz. Bu gün Azərbaycan mədəniyyətində rus dilinin rolunu necə qiymətləndirirsiniz? - Bizim münasibətlər ən yüksək qiymətə layiqdir. Azərbaycanda rus dilində təhsilin səviyyəsi genişlənir. Artıq Rusiyanın aparıcı ali məktəblərinin Azərbaycanda filialları mövcuddur. Tədrisin rus dilində aparıldığı məktəblərə gəldikdə isə onların sayı artıq 340-a çatır. Bütün bunlar artıq qazanılmış potensialdır. Əlbəttə, bu il turizm sahəsində böyük tənəzzül olacağı təəssüf doğurur. Çünki ənənəvi olaraq Azərbaycan vətəndaşları Rusiyaya, Rusiya vətəndaşları Azərbaycana səfər ediblər, turist axınının artımı daim yaxşı rəqəmlərdə əksini tapıb. Lakin pandemiya nəzərə alınaraq qarşılıqlı razılıq əsasında ölkələrimiz arasında sərhədlər bağlanıb. Buna görə də yəqin ki, turist axını və turizm sahəsi karantin rejimi prosesindən ən axırda çıxan sahələr olacaq. - Bu il bizim Teleradio şirkətinin 27 yaşı tamam olub. Bizim tamaşaçılara Qələbə günü münasibətilə nə arzulamaq istərdiniz? - Fürsətdən istifadə edərək, bütün veteranlara bu mürəkkəb dövrdə cansağlığı arzulamaq istərdim. Bu gün pandemiya şəraitində hər birimiz yaxınlarımızı, cavabdeh olduğumuz insanları qorumalıyıq. Azərbaycanda pandemiya şəraitində belə şüarlar yaranıb: “Biz birlikdə daha güclüyük”, “Biz birlikdə güclüyük”. Elə bu şüarlarla da müsahibəni bitirmək istərdim. Sağ olun. - Cənab Prezident, bu müsahibəyə görə sizə minnətdaram. Bayramınız mübarək.

Hamısını oxu
“DTX ordumuzla birlikdə təhlükəsizliyimizin qarantı, xalqımızın qürur yeridir”

Cəlil Xəlilov: “Xüsusi xidmət orqanlarımızın əməkdaşları Vətən müharibəsində də böyük qəhrəmanlıqlara imza atıb” “General Əli Nağıyevin DTX rəhbərliyinə gətirilməsi ilə yeni bir dönəmin başlanğıcı qoyuldu” Martın 28-i Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının peşə bayramıdır. Veteran.gov.az olaraq Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovla söhbətimizdə DTX-nın dövlət təhlükəsizliyimizin təmin edilməsindəki rolu, Vətən müharibəsi və postmüharibə dönəmindəki fəaliyyəti və s. kimi məsələləri şərh etməyə çalışdıq. -Cəlil müəllim, sizcə milli təhlükəsizlik nədir və bu anlayışın sərhədləri nələri əhatə edir?  -Hər bir dövlətin sabit inkişafı, suverenliyinin əsas təminatı onun milli təhlükəsizlik sisteminin səviyyəsindən daha çox asılıdır. Milli təhlükəsizlik sistemi cəmiyyətdə mühüm funksiyalar yerinə yetirir. Milli təhlükəsizlik sisteminin əsas məqsədi və ali mənası-cəmiyyətin azad inkişafı və çiçəklənməsidir. Milli təhlükəsizlik sistemi ümumilikdə dövlətin, cəmiyyətin və şəxsiyyətin təhlükəsizliyini təmin edən bir mühafizə sistemi kimi nəzərdən keçirilə bilər. Çünki milli təhlükəsizliyə olan həm daxili, həm də xarici təhdidlər təkcə dövlətə qarşı deyil, həmçinin cəmiyyətə və şəxsiyyətə qarşı yönəlir. Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, milli təhlükəsizliyin obyekti kimi əsas yerlərdən birini də dövlət tutur. Dövlət millətin iradəsinin ifadəçisi olaraq cəmiyyətin və şəxsiyyətin təhlükəsizliyinin təminatçısı kimi çıxış edir. Milli təhlükəsizlik sistemində dövlətin təhlükəsizliyi onun təsisatlarının səmərəli fəaliyyətindən daha çox asılıdır. Bu təsisatların fəaliyyəti təkcə dövləti deyil, şəxsiyyəti və cəmiyyəti də potensial təhlükələrdən qoruyur. Daha konkretləşdirsək, dövlət həm özünü, həm də cəmiyyəti və şəxsiyyəti potensial təhdidlərdən qorumaq üçün milli təhlükəsizlik sistemi formalaşdırır. Dövlətin milli təhlükəsizlik strategiyasının əsas məqsədi konkret konstitusiyalara və məlum beynəlxalq normalara uyğun olaraq vətəndaşların hüquqlarının, azadlıqlarının və sosial müdafiəsinin təmin olunmasıdır. Daha geniş ifadə etsək. milli təhlükəsizlik strategiyası ölkənin həyati vacib maraqlarını, müstəqilliyinin təminatını, ərazi bütövlüyünü, siyasi sabitliyini və möhkəm sosial-iqtisadi inkişaf imkanlarını daxili və xarici təhdidlərdən mühafizə etməklə, elmi surətdə qəbul edilmiş qanunlar əsasında həyata keçirilir.   Heç şübhəsiz ki, ölkənin yerləşdiyi coğrafi şərait ona vacib üstünlüklər verməklə yanaşı, eyni zamanda onu bir sıra təhlükəsizlik problemləri ilə də üzləşdirir. Bu problemlərin ən vacib və bariz nümunəsi Azərbaycan Respublikasının tarixən qonşu Ermənistan tərfindən vaxtaşırı hərbi təxribatlara, terror aktlarına məruz qalmasıdır.   Eyni zamanda, Azərbaycan Respublikasının təhlükəsizlik mühiti üçün beynəlxalq terrorçuluq, qeyri-qanuni miqrasiya, transmilli mütəşəkkil cinayətkarlıq, insan alveri, narkotik vasitələrin qaçaqmalçılığı və kütləvi qırğın silahlarının yayılması kimi təhdidlərin mövcudluğu dövlət qarşısında müəyyən vəzifələr qoyur.  -Azərbaycan həm də terorizmə qarşı prinsipial mübarizə aparan, bu sahədə böyük uğurlara imza atan bir dövlətdir. Sizcə bu mübarizə həm milli, həm də bəşəri maraqların, milli v əqlobal təhlükəsizliyin təmini baxımından nə dərəcədə əhəmiyyətlidir?  -Terrorizmlə mübarizənin əsas faktorları, terrorizmi qadağan edən qanunları və beynəlxalq müqavilələri davam etdirmək və gücləndirmək üçün ortaya qoyacaq diplomatik səyləri və terrorizmin maliyyə mənbələrini tapıb məhv etmək üçün keçiriləcək iqtisadi əməkdaşlığı əhatə edir. Bu fəaliyyətlərdən əlavə, terrorçu fəaliyyətləri ilə bağlı kəşfiyyat mübadiləsi və ölkələrin təhlükəsizlik qüvvələrinin sərhəd xətləri boyunca reallaşdıracaqları birgə əməliyyatları ehtiva edən təhlükəsizlik əməkdaşlığının inkişaf etdirilməsinə də ehtiyac var. Bu ehtiyacların yerinə yetirilməsi üçün, rəsmi yaşayışı təmin edən, koordinasiya olunma və səylərin birləşdirilməsini təmin edən beynəlxalq təşkilatlar, terrorizmlə mübarizədə təsirli təşkilatlardır.  Beynəlxalq təşkilatlar terrorizmlə mübarizədə həlledici rola malikdir, belə ki, bu təşkilatlar, dövlətlərin fərdi səylə çata bilməyəcəkləri məlumata çata bilərlər və terrorizmlə mübarizədə olmazsa olmaz bir şərt olan beynəlxalq ictimaiyyət dəstəyini asanlıqla əldə edə bilirlər. Terrorizmlə mübarizə, bir tərəfdən çoxdan həyata keçirməyə qoyulmuş planların əldə edilməsi, digər tərəfdən kəşfiyyatın inkişaf etdirilməsi və terrorçuların aksiyalarda istifadə etdiyi vasitələrə gedən yolun bağlanması addımları ilə bərabər zamanlı olaraq aparılmalıdır. Bütün bu hədəflərin müqavimətli və möhkəm beynəlxalq təşkilati bir quruculuq olmadan yerinə yetirilməsi qeyri-mümkündür. Terrorizm təhlükəsinə qarşı hər bir dövlətin yalnız özünə barrikada qurması işə yaramır. Terrorizmin kökünə yönəltmə olmur və hərbi imkan və qabiliyyətlərin yanında siyasi-iqtisadi alətləri özündə birləşdirən bütöv bir yanaşma içərisində qlobal bir strategiyanın qəbul edilməsi lazımdır. Başqa sözlə, terrorizmlə mübarizə, dövlətin təhlükəsizliyi və suverenliyi ilə bağlı həssas bir haldır. Çünki terror təşkilatları, ifadələrində bazasında silahlı mübarizə vasitə olaraq istifadə etdiklərini və dövlətdən siyasi, sosial, mədəni və digər sahələrdə addım atmasını gözlədiklərini iddia etsələr də, davamlı olaraq gücdən qidalanır və dövlətləri, öz zorakılıq şəraitlərinə çəkməyə çalışaraq dövlətin legitimliyini sual altına qoymaq istəyirlər. Bu səbəblə, siyasi bir fakt olsa da, terrorizmə qarşı mübarizə demokratik bir sistem içərisində hüquqi üsullarla aparılmalıdır. -Cəlil müəllim, qarşıdan DTX əməkdaşlarının peşə bayramı gəlir. Bilmək istərdik ki, DTX-nın dövlətimizin və xalqımızın təhlükəsizliyinin təmin edilməsindəki rolunu necə dəyərləndirirsiniz? -Mən öncə DTX əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edir, onlara çətin və şərəfli fəaliyyətlərində uğurlar arzulayıram.  Heç kimə sirr deyil ki, müasir dünyamızda təhlükəsizliyin rolu getdikcə artmaqdadır. Bugünlərdə Moskva vilayətində "Crocus City Hall" da baş verən terror aktı, bu terror aktı nəticəsində 100-dən çox insanın həlak olması faktı təhlükəsizlik amilinin nə dərəcədə önəmli olduğunu bir daha sübut etdi. Baş verən bu olay göstərdi ki, hazırkı dönəmdə xüsusi xidmət orqanlarının öz ayıq-sayıqlıqlarını artırması, kəşfiyyat-informasiya şəbəkəsini genişləndirməsi ikiqat önəm kəsb edir. Sevindiricidir ki, Azərbaycan DTX-sı öz peşəkarlığına görə nəinki Cənubi Qafqaz regionunda, bütün dünyada ilk cərgədə qərarlaşıb. Bunu beynəlxalq təşkilatların mütəmadi şəkildə təqdim etdiyi hesabatlarda, reytinq siyahılarında da görmək mümkündür. Xatırladım ki, bir müddət bundan öncə  “Global Terrorism Index 2024” (GTI) Hesabatında Azərbaycan dünyanın ən yüksək antiterror reytinqində yer aldı. Bu faktın özü Azərbaycanda təhlükəsizlik amilinə necə böyük önəm verildiyini təsdiq edir. Və təbii ki, bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi altında formalaşdırılan etibarlı təhlükəsizlik sisteminin uğurlu fəaliyyətinin nəticəsidir. Heç şübhəsiz, dövlətimizin və xalqımızın təhlükəsizliyinin təminində DTX-nın üzərinə böyük iş düşür. Bugünə qədər ölkəmizdə terrorizmə qarşı aparılan uğurlu mübarizə onu göstərir ki, DTX bu işin öhdəsindən peşəkarlıqla gəlir, antiAzərbaycan qüvvələrinin təxribat xarakterli əməllərinin qarşısını qətiyyətlə alır. Yeri gəlmişkən, mən təhlükəsizliyimizin qorunmasında Xarici Kəşfiyyat Xidmətinin də rolunu qeyd etmək istəyirəm. Çünki bu qurum da öz fəaliyyətində böyük müvəffəqiyyətlər əldə edib, xarici mərkəzlərə bağlı şəxs və planları hər zaman vaxtında, yüksək peşəkarlıqla ifşa etməyi bacarıb. -Cəlil müəllim, DTX eyni zamanda Vətən müharibəsi dönəmində həm ön, həm də arxa cəbhədəki əzmkarlığı, fədakarlığı ilə diqqət çəkdi... -Bəli. DTX 44 günlük Vətən müharibəsində erməni işğalçılarına qarşı mübarizədə böyük fədakarlıqlara imza atıb. Müharibə dönəmində düşmənə qarşı hərb meydanında qəhrəmancasına mübarizə aparan xüsusi xidmət orqanlarımızın əməkdaşları, düşmənin, eləcə də onun havadarlarının ölkə daxilində terror və təxribat törətmək planlarının da qarşısını qətiyyətlə aldı. Təsadüfi deyil ki, nə 44 günlük Vətən müharibəsi dönəmində, nə də postmüharibə dönəmində ölkəmizdə bir dəfə də olsun terror aktı baş vermədi. DTX digər hüquq-mühafizə orqanları ilə birlikdə, bütün təhdid və təhlükələrin qarşısını elə ilkin etabda – hazırlıq mərhələsində aldı, düşmən qüvvələrə əl-qol açmağa imkan vermədi. Bu, bir daha DTX-nın peşəkarlığından, onun mövcud situasiyanı tam şəkildə nəzarətdə saxladığından xəbər verir. -İstənilən qurumun fəaliyyətində, əldə etdiyi uğurlarda kadrlar, bu kadrların peşəkarlığı həlledici rol oynayır. Sizcə Prezident İlham Əliyevin xüsusi xidmət orqanlarında apardığı islahatlar bu baxımdan nələri dəyişdi? -Xüsusi xidmət orqanlarımızda cənab prezidentin apardığı islahatlar olduqca vacib və əhəmiyyətli idi. Bu islahatlar xüsusi xidmət orqanlarının fəaliyyətini daha çevik şəkildə qurmağa, onun peşəkarlığını, hadisə və proseslərə müdaxilə imkanlarını genişləndirməyə imkan verdi. General Əli Nağıyevin DTX rəhbərliyinə gətirilməsi ilə xüsusi xidmə orqanlarımızın fəaliyyətində yeni bir mərhələnin başlanğıcı qoyuldu. Bu qurumla bağlı həyata keçirilən kadr və eləcə də struktur islahatları qısa zamanda öz müsbət nəticəsini verdi. DTX sadəcə regionda deyil, bütün dünyada öz peşəkarlığı ilə diqqət çəkən xüsusi xidmət orqanı kimi tanındı. Bu gün DTX eyniylə Azərbaycan Ordusu kimi sadəcə ölkəmizdə deyil, bütün regionda sülhün və təhlükəsizliyin qarantı qismində çıxış edir. DTX-nın peşəkarlığı beynəlxalq ekspertlər, digər ölklərin xüsusi xidmət orqanlarının rəhbərləri tərəfindən də etiraf olunmaqdadır. Bu isə bizdə haqlı olaraq qürur hissi doğurur. -Cəlil müəllim, bir neçə gün öncə Moskva vilayətində “Krokus Siti Holl”da baş verən və yüzdən çox insanın ölümünə səbəb olan terror aktı bütün dünyda ciddi rezonans doğurdu. Sizcə bu olay terrorizmə qarşı mübarizənin önəmi ilə yanaşı, xüsusi xidmət orqanlarının peşəkarlığının davamlı şəkildə artırılması zərurətini də gündəmə gətirirmi? -Şübhəsiz! Bu hadisə bir daha terrorun çirkin üzünü göstərməklə yanaşı, xüsusi xidmət orqanlarının peşəkarlığının mütəmadi şəkildə artırılmasının, hüquq-mühafizə orqanlarının ayıq-sayıqlığını gücləndirməyin nə qədər vacib, nə qədər önəmli olduğunu sübut etdi. Həmçinin, baş verənlər sübut etdi ki, müasir dünyamızda terrorizmə qarşı effektiv mübarizə üçün beynəlxalq əməkdaşlıq olduqca vacibdir. Bildiyiniz kimi, bu terror aktından sonra qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti ilə telefon əlaqəsi saxlamış, bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi təklifi ilə çıxış etmiş, bu təklif Kreml tərəfindən dəstəklənmişdir. Hesab edirəm ki, biz yaxın gələcəkdə region dövlətlərinin terrorizmə qarşı mübarizə məqsədi ilə daha dərin və hərtərəfli əməkdaşlığına şahid olacağıq. Azərbaycanın terrorla bağlı mövqeyi bəllidir və hər zaman aydın şəkildə ifadə olunub. Azərbaycan dövləti, Azərbaycan xalqı terrorun hər cür təzahürünə qarşıdır və uzun illərdir ki, erməni terrorundan əziyyət çəkən ölkə olaraq buna qarşı mübarizəni həyati əhəmiyyətli iş hesab edir. Bu baxımdan əminəm ki, regionda terrorizmə qarşı aparılacaq hər cür mübarizə dövlətimiz tərəfindən də dəstəklənəcək, Azərbaycan bugünə qədər olduğu kimi bundan sonra da regionda sülhün, əmin-amanlığın qorunub saxlanılması üçün əlindən gələni əsirgəməyəcək. -Cəlil müəllim, DTX bugünlərdə Lənkəran Rayon icra Hakimiyyətinin başçısına, eləcə də Azərbaycanın bəzi rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşına qarşı sui-qəsd həyata keçirməyi planlaşdıran dəstəni zərərsizləşdirdi. DTX-nın son əməliyyatını necə dəyərləndirirsiniz? -Hər şeydən öncə qeyd edim ki, planlaşdırılan terror aktı bu gün də ölkəmzidə sabitliyi pozmaqda maraqlı olan, bunun üçün çalşan qüvvələrin mövcudluğunu göstərir. Görünən odur ki, Azərbaycandakı sabitlik və inkişaf, dövlətimizin öz suverenliyini təmin etməsi kimlərisə bərk narahat edir. Bu səbəbdən də onlar terror aktları ilə ölkəmizdə sabitliyi pozmağa, xof, qorxu mühiti yaratmağ çalışır. Təbii ki, bu terror planının DTX tərəfindən ifşa edilməsi, terror aktını həyata keçirəcək şəxslərin ifşa edilməsi dövlətimizin, onun xüsusi xidmət orqanlarının uğurudur. Bu fakt bir daha sübut edir ki, DTX dövlətimizin təhlükəsizliyinin keşiyində ayıq-sayılq dayanıb və hər cür təhlükəni dəf etməyə qadirdir. Mən bir daha xüsusi xidmət orqanlarımızın əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edir, onlara xidmət fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıram! Seymur ƏLİYEV  

Hamısını oxu