Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan Prezidenti İlham Əliyevin “Mir” televiziya kanalına müsahibəsi

AZƏRTAC müsahibəni təqdim edir. Aparıcı: İndi Azərbaycan Prezidenti İlham Əliyevin televiziya kanalımıza eksklüziv müsahibəsini təqdim edirik. - Hörmətli cənab Prezident, bu müsahibəni almağa imkan yaratdığınıza görə Sizə minnətdarlıq etmək istərdim. Şübhə yoxdur ki, tarixçilər 2020-ci ili koronavirus ili adlandıracaqlar. Sizcə bu necə baş verə bilərdi? Prezident İlham Əliyev: İnsanlarımızın sağlamlığını və həyatını qorumaq məqsədilə biz lap əvvəldən məhdudlaşdırıcı tədbirlər gördük. Hesab edirəm ki, tədbirlər özünü doğrultdu. Bu tədbirlər tədricən sərtləşdirildi və son nəticədə biz xüsusi karantin rejiminin tətbiqinə gəlib çatdıq. Bizim bütün resurslarımızın səfərbərliyə alınması, pasiyentlərin layiqincə müalicəsini təmin etmək məqsədilə tibbi preparatların, zəruri avadanlıqların əldə edilməsi üzrə böyük təşkilati iş aparıldı. Qısa müddətdə tibbi maskaların və dezinfeksiyaedici vasitələrin istehsalı üzrə müəssisə işə salındı. Həmçinin yaxın vaxtlarda həkimlər üçün xüsusi geyimlər istehsal edən müəssisə işə salınacaq. Yaxın vaxtda hər birində 200 çarpayı olmaqla 10 yeni xəstəxananın istifadəyə verilməsi planlaşdırılır. Bu, yeni tikinti texnologiyaları – modul tipli texnologiyalardır. Bu günədək 20-dən çox dövlət xəstəxanası koronavirus xəstələrinin müalicəsi üçün ayrılıb, o cümlədən bu yaxınlarda 575 pasiyent üçün nəzərdə tutulan ən müasir xəstəxana açılıb. Həmçinin koronavirusla mübarizəyə cəlb edilən tibbi heyətin sosial təminatı üçün tədbirlər görülüb. Bu kateqoriyadan olan tibb işçilərinin əməkhaqqı müvafiq olaraq 3, 4 və 5 dəfə artırılıb. Yeni laboratoriyalar alınıb. Bu gün laboratoriyaların sayı artıq 23-dür. Bu bizə gündə bir neçə min test keçirmək imkanı yaradır. Ümumilikdə 160 mindən çox test keçirilib və əhalinin bir milyon nəfərinə düşən testin sayına görə Azərbaycan ön sıralardadır. - Azərbaycan pandemiya ilə necə bacarır? - Görülən bütün tədbirlər, o cümlədən məhdudlaşdırıcı tədbirlər bir məqsəd daşıyıb – vətəndaşlarımızın təhlükəsizliyini, sağlamlığını təmin etmək və onların həyatını qorumaq. Aprelin 14-dən başlayaraq Azərbaycanda müsbət dinamika müşahidə edilir. Sağalanların sayı yoluxanların sayından çoxdur. Bunun nəticəsində aprelin 27-dən başlayaraq və sonra mayın 4-də karantin rejimi yumşaldıldı. Karantin rejimi mayın sonunadək qüvvədədir. Beləliklə, biz vəziyyətin müvafiq daimi monitorinqini gələcəkdə də davam etdirəcəyik və əgər görsək ki, yumşaltma xarakteri daşıyan tədbirlər yoluxanların kəskin artmasına gətirib çıxarır, o halda məhdudlaşdırıcı tədbirləri yenidən gücləndirməli olacağıq. - Bəs Ümumdünya Səhiyyə Təşkilatı bu istiqamətdə Azərbaycanın fəaliyyətini necə qiymətləndirdi? - Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun mart ayının sonunda mənə ünvanlandığı məktubda koronavirusla mübarizə işində Azərbaycanın nümunəvi ölkə olduğu bildirilib. İlk növbədə, milli səviyyədə işləməklə biz, həmçinin beynəlxalq birliyin daha sıx birləşməsinə, diqqətin bu problemə cəlb edilməsinə, habelə koronavirusa müqavimət üzrə birgə işlərin gücləndirilməsinə çalışırıq. Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının sədridir. Apreldə və mayda iki sammit keçirildi. Özü də birinci sammit – Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sammiti, ümumiyyətlə, dünyada bu mövzuya videokonfrans formatında həsr edilən ilk sammit idi. Dövlət və hökumət başçılarının böyük sayda iştirakı ilə bu tədbirlərin uğurlu keçirilməsi nəticəsində biz ümumi bəlaya qarşı mübarizədə vahid yanaşmalar əldə etdik. Eləcə də həm tibbi sahədə, həm də pandemiyanın bütün ölkələrə böyük zərər vurduğu iqtisadi sahədə müxtəlif səviyyələrdə işçi qruplar yaradıldı. Beləliklə, Azərbaycan dünya birliyinin məsuliyyətli və səmərəli üzvü kimi pandemiya ilə beynəlxalq səviyyədə mübarizəyə böyük töhfə verir. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilatdır və Azərbaycan bu təşkilatda üç il sədrlik edəcək. Qoşulmama Hərəkatının Təmas Qrupunun Sammitinin keçirilməsi təşəbbüsü Hərəkatda çox müsbət qarşılandı. Sammit göstərdi ki, biz səyləri birləşdirməklə bu bəlaya qarşı daha təsirli müqavimət göstərə bilərik. Həmçinin Azərbaycan bir neçə ölkəyə zəruri maliyyə və texniki, o cümlədən tibbi preparatlar və qoruyucu vasitələr yardımı edib. Biz pandemiyaya qarşı mübarizə işinə Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə iki dəfə donor töhfəsi etdik. Mart ayında Ümumdünya Səhiyyə Təşkilatı ilə Azərbaycan arasında donor sazişi imzalandı. Sazişə müvafiq olaraq biz bu bəla ilə qlobal səviyyədə mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar ayırdıq. May ayında isə Qoşulmama Hərəkatının sədri kimi Hərəkatın virusdan daha çox zərər çəkən üzvlərinə yardım göstərilməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına əlavə olaraq 5 milyon dollar ianə etdik. Müvafiq qərara əsasən, Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycan bu yardımın miqyasını və təqdim ediləcəyi ölkələri birgə müəyyənləşdirəcək. - Elə bu vaxt neftin qiyməti təxminən sıfıra endi. Bu, respublikanın iqtisadiyyatına necə təsir etdi? - Birinci rübdə sosial-iqtisadi inkişafın nəticələrinin müsbət olmasına baxmayaraq, gələcəkdə bizim enmə müşahidə etməyimiz istisna deyil. Buna baxmayaraq, biz koronavirusdan daha çox zərər görən sahələrdə işləyən insanlara yardım üçün minimum 2 milyard dollar həcmində mühüm maliyyə resurslarını səfərbər etmişik. Bizdə belə vətəndaşların sayı təqribən 700 mindir. Bu gün həmin insanların işləmək imkanından məhrum olduqları nəzərə alınaraq, onların əməkhaqqının mühüm hissəsi dövlət tərəfindən ödənilir. Həmçinin dövlət sektorunun məcburi məzuniyyətə göndərilən işçiləri əməkhaqqını tam həcmdə alırlar. Bu qəbildən insanların sayı isə bizdə 900 mindən çoxdur. Aşağı gəlirli insanlar kateqoriyasına aid olan 600 min nəfərə, o cümlədən işsizlərə, qeyri-formal sahədə məşğul olanlara da dövlət tərəfindən sosial müavinət ödənilir. İşsizlərin sayının kəskin artmasına yol verməmək məqsədilə bu il haqqı ödənilən 90 min ictimai iş yeri yaradılması haqqında qərar qəbul olunub, habelə Azərbaycanda 80 mindən çox ailə ünvanlı sosial yardım alacaq. Bu, sosial-iqtisadi tədbirlərin tam paketi deyil. Biz buraya vergi güzəştlərini, vergi tətillərini, kommunal ödənişlər və bank kreditləri xidmətlərində müəyyən güzəşt şərtlərini də əlavə edə bilərik. Beləliklə, Azərbaycan dövləti məqsədyönlü, sistemli fəaliyyət göstərir. İlk növbədə, bu, insanların sağlamlığı və təhlükəsizliyidir. İkinci növbədə, bu, iqtisadi inkişaf, habelə əhalinin sosial müdafiəsidir. Həmçinin beynəlxalq əməkdaşlıqla bağlı məsələlər, hesab edirəm, Azərbaycan tərəfindən ən məsuliyyətli şəkildə başladıldı. - Biz Sizinlə ümumi bayramımız - Böyük Qələbənin 75 illiyi ərəfəsində söhbət edirik. O müharibədəki qəhrəmanlıqlarına görə respublikadan 400 mindən çox insan döyüş mükafatı alıb. Azərbaycanlıların milli xarakterini necə təsvir edərdiniz? - Azərbaycan oğulları Böyük Vətən müharibəsi meydanlarında ləyaqətlə vuruşublar. Azərbaycanın 123 nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Azərbaycanın müharibədə iştirak etmiş 600 mindən çox nümayəndəsinin yarısı həlak olub. Azərbaycan bizim ümumi Qələbəmizə böyük töhfə verib. Azərbaycan sovet ordusu üçün yanacaq-sürtkü materiallarının əsas tədarükçüsü olub. Onu demək kifayətdir ki, sovet ordusu üçün mühərrik yağlarının 90 faizi, benzinin 80 faizi və neftin 70 faizi Azərbaycan tərəfindən tədarük edilib. Həmçinin bizim müəssisələrdə gecə-gündüz sovet ordusu üçün çox vacib silah sistemi istehsal edilirdi. Azərbaycanın sənayesi həmişə inkişafda olub. Qısa müddətdə o, hərbi texnika istehsalına tam yönəldilib. - Sizin atanız Heydər Əliyev müharibə veteranlarını millətin qızıl fondu adlandırıb. Bu gün Böyük Vətən müharibəsi veteranlarına hansı kömək göstərilir? - Azərbaycanda bu gün həmişə geniş qeyd olunur. Hərçənd deməliyəm ki, müstəqilliyin ilk illərində bu, belə deyildi. 1992-ci ildə Xalq Cəbhəsi çevriliş yolu ilə hakimiyyətə gələndə 9 May bayramı ləğv edildi və veteranlar mənəvi terrora məruz qaldılar. Lakin Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə bu ədalətsizlik aradan qaldırıldı və həmin vaxtdan 9 May dövlət bayramıdır. Hər il mən həmin gün bir qayda olaraq, veteranlarla görüşürəm, həlak olanların xatirəsini anırıq, məzarları üzərinə əklillər, güllər qoyuruq. Bu il tədbir, əlbəttə, başqa formatda olacaq. Çünki biz veteranlarımızı qorumalıyıq. Hələ ki, karantin rejimi bir yerə kütləvi toplaşmağa, kütləvi tədbirlər keçirilməsinə yol verməsə də, bundan məsələnin mahiyyəti dəyişməyəcək. Hərçənd bayramın qeydedilmə formatı başqa cür olacaq, lakin düşünürəm ki, veteranlar həm bu gündə, həm də sonra Azərbaycan dövlətinin dəstəyini hiss edəcəklər. Veteranlar qayğı ilə əhatə olunub, onların maddi durumu təmin edilir. Onların çoxu dövlət tərəfindən ayrıca yaşayış sahəsi, mənzillə təmin edilib. Biz həmin gün, bir qayda olaraq, onlara Prezident mükafatları təqdim edirik. Beləliklə, bütün bunların hamısı qorunub saxlanılacaq. Ən başlıcası isə Böyük Vətən müharibəsi haqqında həqiqət həmişə üstünlük təşkil etməli, tarixin yenidən yazılması, faşizmin və faşist cinayətkarlarının qəhrəmanlaşdırılması cəhdləri olmamalıdır. Azərbaycanın bu istiqamətdə mövqeyi birmənalıdır. - Siz Rusiya ilə münasibətləri səmərəli adlandırırsınız. Sizin fikrinizcə, daha nə etmək lazımdır ki, bu münasibətlər daha yaxşı olsun? - Əminəm ki, münasibətlərimizin inkişafı üçün ən əlverişli perspektivlər var, çünki Rusiya-Azərbaycan münasibətlərinin çox möhkəm təməli qoyulub. Bu münasibətləri hər iki tərəf strateji tərəfdaşlıq kimi xarakterizə edir. Bu, həqiqətən belədir. Çünki münasibətlərimizin yalnız geniş gündəliyinə nəzər salsaq, biz həyat fəaliyyətinin, demək olar, bütün sahələrini görərik. Bizim qarşılıqlı siyasi əlaqələrimiz çox fəaldır, dövlət başçıları səviyyəsində çoxlu görüşlər olur, görüşlər müntəzəm keçirilir. Son illərdə biz iqtisadi planda əmtəə dövriyyəsinin artımını görürük ki, bu da iqtisadi əməkdaşlığın fəallaşdığına dəlalət edir. Azərbaycanda iqtisadiyyatın müxtəlif sektorlarında Rusiya kapitalı ilə yüzlərlə şirkət çalışır. Biz nəqliyyat sahəsində çox fəal əməkdaşlıq edirik. Biz mühüm Şimal-Cənub beynəlxalq nəqliyyat layihəsini birgə reallaşdırırıq. Həm Rusiya, həm də Azərbaycan ərazisində bu dəhlizlə bağlı bütün infrastruktur layihələri praktiki olaraq həyata keçirilib. Hazırda biz nəqliyyat-logistika istiqamətləri ilə bağlı məsələlər üzərində işləyirik. Məqsəd yük daşımalarını artırmaq və bununla da qonşu ölkələrimizə daha əlverişli şərait yaratmaq, tranzit potensialını möhkəmlətməkdir. Energetika sahəsində kifayət qədər çox layihələr var və Rusiya ilə Azərbaycanın enerji sistemlərinin birləşdirilməsini qeyd etməliyəm. Ya Azərbaycanda, ya da Rusiyada qəza olanda biz dərhal bir-birimizə kömək edir və həmrəylik nümayiş etdiririk. Ona görə də perspektivlər haqqında danışarkən düşünürəm ki, biz əldə edilmiş nəticəyə istiqamətlənəcək, qeyd etdiyim həmin istiqamətlər və gələcəkdə yeni istiqamətlər üzrə də işləyəcəyik. Bu gün biz 7 yol xəritəsinin reallaşdırılması üzrə ikitərəfli formatda işləyirik. Bunlar həyat fəaliyyətinin bütün vacib sahələrini əhatə edən konkret layihələrdir. Hər bir istiqamət üzrə dəqiq plan, zaman müddəti, yol xəritələrinin reallaşdırılması üçün prezidentlərin tapşırıqları var. Bütün bunlar ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq, əməkdaşlıq səviyyəsini, əmtəə dövriyyəsinin və qarşılıqlı investisiyaların artımını möhkəmləndirəcək. Əlbəttə ki, bütün bunlar xalqlarımızın rifahının daha da yaxşılaşmasına gətirib çıxaracaq. - Siz rus dilini çox əla bilirsiniz. Bu gün Azərbaycan mədəniyyətində rus dilinin rolunu necə qiymətləndirirsiniz? - Bizim münasibətlər ən yüksək qiymətə layiqdir. Azərbaycanda rus dilində təhsilin səviyyəsi genişlənir. Artıq Rusiyanın aparıcı ali məktəblərinin Azərbaycanda filialları mövcuddur. Tədrisin rus dilində aparıldığı məktəblərə gəldikdə isə onların sayı artıq 340-a çatır. Bütün bunlar artıq qazanılmış potensialdır. Əlbəttə, bu il turizm sahəsində böyük tənəzzül olacağı təəssüf doğurur. Çünki ənənəvi olaraq Azərbaycan vətəndaşları Rusiyaya, Rusiya vətəndaşları Azərbaycana səfər ediblər, turist axınının artımı daim yaxşı rəqəmlərdə əksini tapıb. Lakin pandemiya nəzərə alınaraq qarşılıqlı razılıq əsasında ölkələrimiz arasında sərhədlər bağlanıb. Buna görə də yəqin ki, turist axını və turizm sahəsi karantin rejimi prosesindən ən axırda çıxan sahələr olacaq. - Bu il bizim Teleradio şirkətinin 27 yaşı tamam olub. Bizim tamaşaçılara Qələbə günü münasibətilə nə arzulamaq istərdiniz? - Fürsətdən istifadə edərək, bütün veteranlara bu mürəkkəb dövrdə cansağlığı arzulamaq istərdim. Bu gün pandemiya şəraitində hər birimiz yaxınlarımızı, cavabdeh olduğumuz insanları qorumalıyıq. Azərbaycanda pandemiya şəraitində belə şüarlar yaranıb: “Biz birlikdə daha güclüyük”, “Biz birlikdə güclüyük”. Elə bu şüarlarla da müsahibəni bitirmək istərdim. Sağ olun. - Cənab Prezident, bu müsahibəyə görə sizə minnətdaram. Bayramınız mübarək.

2020-05-07 00:00:00
3369 baxış

Digər xəbərlər

Заместителю Председателя Общественного объединения «Организация ветеранов войны, труда и Вооруженных сил Азербайджанской Республики » Халилову Д.М.

Hamısını oxu
Türk diplomat terrorçulara meydan oxudu: “Səfirliyə yox, cəbhəyə gəlin, dərsinizi verək”

Türkiyənin ölkəmizdəki keçmiş səfiri Hulusi Kılıç Moderator.az-a açıqlamasında ermənilərin son təxribatlarına münasibət bildirib. Erməniləri cəbhəyə səsləyən diplomat, Azərbaycanın təxribatçılara gərəkli dərsi 44 günlük Vətən müharibəsində olduğu kimi hərb meydanında verməyə hazır olduğunu bildirib:   “Fransadakı Azərbaycan səfirliyinə erməni terroirçuları tərəfindən edilən hücumu şiddətlə qınayır və pisləyirəm. Onlara buradan səslənirəm: “Parisdəki Azərbaycan səfirliyinə yox, cəbhəyə gəlin!  Gəlin cəbhəyə, sizə yerinizi göstərək, dərsinizi verək”!.   Təəssüf ki, biz son hadisələr fonunda Fransa hökumətinin terroristlərlə əməkdaşlıq etdiyini bir daha gördük. Fransa sözdə həmsədrlərdən biri idi. Bu, həm də onu göstərir ki, 28 il həmsədr kimi  heç bir iş görməyən Fransa problemin həlli üçün deyil, həll edilməməsi üçün səy göstərən dövlət idi. Biz bunu 44 günlük savaşda da gördük. Makron həmin vaxt da Ermənistanı dəstəklədi , Fransa senatı Azərbaycan əleyhinə qərar aldı. Biz bu davranışı qınayırıq və hesab edirik ki, Fransa öz mövqeyinə yenidən baxmalı, ədalətli mövqe sərgiləməldiir.   BMT-nin məlum dörd qətnaməsində imzası olan Fransa problemin həlli üçün əməli baxımdan heç nə etmədi,  44 günlük Vətən müahribəsində Ermənistanı dəstəklədi. Sentyabnn 12-də ermənilərin törətdiyi təxribatdan sorna Paşinyanın zəng etdiyi ilk ldierlərdən biri də Fransa prezidenti oldu. Istəyirik ki, artıq Fransa dövlət kimi davransın, terrorçularaa, terror dövlətinə dəstək olmasın. 1961-ci ilin Vyana müqaviləsindən qaynaqlanan diplomatları qorumaq öhdəliynə də əməl etsin.   Ermənilərin Fransadakı Azərbaycan səfirliyinə edilən erməni hücumunda qəhrəman səfirlik əməkdaşı təkbaşına qapını qorudu, qapını terrorçuların üzünə açmadı. Əgər qapı açılsayda, nə olacaqdı? Hücum zamanı dövlət başçımızın da fotosunu yandırdılar. Onlar 45-46 məsləkdaşımı vəhşicəsinə qətlə yetirən adamlardır.   Bizim hörmətli dövlət başçımız İlham Əliyev bildirmişdi ki, bir dövlətin iki diasporu ola bilməz. Biz bu sözü əməli işimizlə gerçəyə çevirməliyik. 2007-ci ildə söylənilən bu sözün gerçəkələşməsi gərəkir. Bizim Qərbdəki diaporumuzun güclü olması lazımdır. Diasporlarımız da birləşməlidir. Türk və Azərbaycan diapsorları briləşməli, bir millətin bir diasporu olmalıdır.   ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistahan ziyarətinin zamanlaması da çox düşündürücüdür. Bu şəxs 2 avqustda Tailanda getdi, oranı qarışdırdı. Çinlə ABŞ üz-üzə gəldi. Bir neçə gün öncə isə Ermənistaan səfər etdi.   Onun Ermənistana səfəri və orada səsləndirdiyi fikirlər bölgədə sülh üçün ciddi təhdid yaradır. Bu səfəri uğrusuz və gərəksiz hesab edirəm”.   Seymur ƏLİYEV    

Hamısını oxu
“Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” mövzusunda I Beynəlxalq elmi-praktik konfransı işə başlayıb

Ağdamda 16 sentyabr 2021-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Qarabağ Dirçəliş Fondu və AMEA İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” mövzusunda I Beynəlxalq elmi-praktik konfransın ilk günü başa çatıb.   Konfransdan öncə tədbir iştirakçıları Ağdam şəhərində Qarabağ xanlarının abidələr kompleksi və İmarət qəbiristanlığını, Çörək muzeyini, Ağdam Dövlət Dram Teatrını, Cümə məscidini və Mərkəzi meydanı ziyarət ediblər.   Tədbir iştirakçıları Ağdam torpağında birlikdə ağac əkiblər.   Konfransı açılış nitqi ilə Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov açıb. Konfransda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın “Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulslari” I Beynəlxalq elmi-praktik konfransının iştirakçılarına müraciəti səsləndirilib.   Daha sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin müavini Sahib Ələkbərov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Nazim Müzəffərli çıxış edib.   Plenar iclasda Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Ədalət Muradov “İnnovativ və rəqəmsal Qarabağ iqtisadiyyatı: konseptual baxış”, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ceyhun Salmanov “Qarabağda innovativ iqtisadi sahələrin inkişaf potensialı və perspektivləri”, AMEA İqtisadiyyat İnstitutu “Post-konflikt ərazilərin bərpası” Elmi mərkəzinin rəhbəri, AMEA müxbir üzvü, iqtisad elmləri doktoru, professor Akif Musayev “Post-konflikt ərazilərin effektiv məskunlaşdırılması məsələləri” mövzusunda çıxış edib. Konfransda “Ağdamda yeni iqtisadiyyat quruculuğu: iqtisadi potensial, prioritetlər və gözləntilər”, “Ağdamın və bütövlükdə Qarabağın təbii resursları və yaşıl enerji potensialı”, “Qarabağda iqtisadiyyatın ənənəvi və qeyri-ənənəvi sahələri arasında müvazinət”,  “Məcburi köçkünlərin Ağdama və Qarabağın digər bölgələrinə qayıdışı” məsələləri müzakirə olunub. Daha sonra yerli və xarici qonaqların iştirakı ilə sual-cavab sessiyası keçirilib.   Sonda xatirə şəkli çəkilib.   Qeyd edək ki, konfransın növbəti və son görüşü bu gün videoformatda keçiriləcək.   Məlumat üçün bildirək ki, “Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfransın bütün təşkilati işləri Qarabağ Dirçəliş Fondu tərəfindən qarşılanıb.   Tədbirin internet resursu ilə təmin olunması isə “Azercell” şirkətinin dəstəyi ilə reallaşıb.  

Hamısını oxu
Sülhə maneə əsassız iddialardır

2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib. Amma Ermənistan tərəfindən buna adekvat reaksiya verilmədi. Ona görə də Azərbaycan sülh müqaviləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip irəli sürüb ki, bunun əsasında da sülh müqaviləsi üzrə danışıqlar prosesinin təşəbbüskarı Azərbaycan olub. Vətən müharibəsi başa çatandan sonra üçtərəfli Bəyanat çərçivəsində Ermənistanın üzərinə düşən bir sıra öhdəliklər yerinə yetirilmirdi. Son 3 il ərzində rəsmi İrəvan Azərbaycanın Qarabağ bölgəsində separatizmi maliyyə, hərbi və digər vasitələrlə dəstəkləməyə davam edirdi. Məhz bu səbəblərdən antiterror tədbirləri qaçılmaz idi. Ötən il sentyabrın 2-də Ermənistan rəhbərliyinin qondarma “Dağlıq Qarabağ respublikası”nın “müstəqilliyi” münasibətilə göndərdiyi təbrik, həmçinin sentyabrın 9-da keçirilmiş dırnaqarası “prezident seçkiləri” sülh prosesinə ciddi zərbə vurmuşdu. Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcuddur. İki ölkənin sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür. Amma bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır. Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 1-də ölkəsinin ictimai radiosuna müsahibə verib. Müsahibədə bizim üçün maraq kəsb edən əsas məsələ onun Azərbaycanla münasibətlərin gələcəyi barədə səsləndirdiyi fikirlər, sülh müqaviləsi ilə bağlı aparılan danışıqlara dair baxışları, sərhədlərin delimitasiya və demarkasiya prosesi, o cümlədən Ermənistan konstitusiyası və müstəqillik bəyannaməsi barədə dedikləridir. Paşinyan Qarabağın adı keçən müstəqillik bəyannaməsini sülhə əsas maneə adlandırıb. Bildirib ki, Ermənistanın dövlət siyasəti müstəqillik bəyannaməsinə, Qarabağın və Ermənistanın birləşdirilməsinə əsaslanarsa, bizdə müharibə olacaq və heç vaxt sülh olmayacaq. Ermənistan Konstitusiyasında və digər normativ-hüquqi sənədlərində dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər. Hazırda Ermənistanda bu mövzuda ölkədaxili müzakirələrin başlanması müsbət addımdır. Rəsmi Bakını gələcəkdə təhdid yarada biləcək amillər narahat edir. Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb. Həmçinin Ermənistanın digər normativ-hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddiaları, Ermənistanın qoşulduğu bir çox konvensiyalarda və digər sənədlərdə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı qeyd-şərtlər mövcuddur. Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı irəli sürdüyü iddiaların əsasını da Ermənistan tərəfindən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınmaması, Qarabağın Azərbaycandan ayrılması kimi məsələlər təşkil edir. Qısa xatırlatma edim ki, Ermənistanın müstəqillik bəyannaməsi 1990-cı il avqustun 23-də qəbul edilib. Bəyannamədə Ermənistan SSR və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ali sovetlərinin 1989-cu il 1 dekabr tarixli “Ermənistan SSR-nin və Dağlıq Qa­rabağın birləşdirilməsi haqqında” birgə qərarına istinad olunur. Sənədin mətnində 1915-ci ildə Osmanlı imperiyasında ermənilərin, guya, soyqırımına məruz qalmasından da bəhs olunur. Həmçinin, 1915-ci il hadisələrinin beynəlxalq aləmdə “soyqırımı” kimi tanınmasına çağırış edilir. Birsözlə, bəyannamədə Azərbaycana və Türkiyəyə birbaşa ərazi iddiası öz əksini tapıb. Ermənilərin 1995-ci il iyulun 5-də referendum yolu ilə qəbul olunmuş konstitusiyasının preambulasında isə müstəqillik bəyannaməsinə istinad olunur. Yola saldığımız həftə Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən bir daha vurğuladı ki, yalnız əsassız iddialara son qoyulduğu, Ermənistan Konstitusiyasında və digər normativ hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər. Ermənistanda bunun tez bir vaxtda həyata keçirilməsinin vacibliyini bildirən Prezident İlham Əliyev vurğuladı ki, hazırda Ermənistanda bu mövzuda ölkədaxili müzakirələrin başlanması müsbət addım kimi qiymətləndirilir və bu, sülh prosesinin tezliklə yekunlaşdırılması üçün yaxşı imkan yarada bilər. Rəsmi İrəvan gerçəkdən sülh müqaviləsinin imzalanmasını istəyirsə, bu addımları atmalıdır.  Ermənistan qonşularla süh, əmin-amanlıq şəraitində yaşamaq istəyirsə,  Azərbaycana qarşı ərazi iddialarını hüquqi müstəvidən yığışdırmalı, sülh müqaviləsini imzalamalı, iqtisadiyyatının inkişafı üçün regionda nəqliyyat kommunikasiyalarının açılmasının verəcəyi faydalardan yararlanmalıdır.  Məşhur Məmmədov Milli Məclisin deputatı  

Hamısını oxu