Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Nazim Eynallı : “31 mart insanlıq adına törədilmiş ən dəhşətli qətliamdir”

Heç bir qanlı tarix unudulmur. Hətta tarixi saxtalasdirmağa çalışanlar zamanın yaddaşında itib batırlar.Umumiyyətlə, faktlarla zəngin reallığı heç nə dəyişə bilməz. Elə 1918-ci ilin 31 mart soyqırımı kimi.Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan deyil, bəşər tarixində də ən qanlı faciələrdəndir. Qətliamlar zamanı ermənilər minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Erməni daşnakları və bolşeviklər təkcə Bakıda deyil, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə də azərbaycanlı əhaliyə qarşı ağlasığmaz vəhşiliklər törədərək 70 mindən çox günahsız insanı xüsusi qəddarlıqla qətlə yetirib, kəndləri yandırıb, sakinləri yurd-yuvalarından didərgin salıblar. 1918-1920-ci illərdə azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı nəticəsində indiki Ermənistan ərazisində, yəni, Qərbi Azərbaycan torpaqlarında yaşayan əhalinin çox böyük hissəsi, təxminən 565 min nəfəri vəhşicəsinə öldürülüb, yaxud öz dədə-baba torpaqlarından qovulub. Daşnakların azərbaycanlılara qarşı törətdikləri qırğınların miqyası geniş, terror qurbanlarının sayı ölçüyəgəlməzdir.
Biz isə bu tarixi faktları indiki və gələcək nəsillərə çatdırmalıyıq. Onlar tariximizin hər bir səhifəsinin təbliğinə öz töhfələrini verməlidirlər.
1918-ci il mart soyqırımı genişmiqyaslı olub. Martın 30-dan aprelin 3-dək Bakı şəhərində, eləcə də adlarını qeyd etdiyim digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovublar.
Bu “Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayıb. Sözügedən Fərmanla martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Həmin Fərmanın ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı Ulu Öndər Heydər Əliyev 1999-cu il martın 30-da Tədbirlər Planı təsdiq edib. Bu Fərmanın imzalanması aparılan tədqiqatlara, habelə həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına stimul oldu.
Bir sözlə, 31 mart insanlıq adına törədilmiş ən dəhşətli qətliamdır. Bu faciə heç zaman unudulmayacaq.

2025-03-31 21:54:33
3131 baxış

Digər xəbərlər

Rusiyadan Azərbaycanı təslim etmək üçün görün hansı addımlar atılıb:

Hamısını oxu
AzTU-da Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30 illiyi qeyd olunub

Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin qurulmasının 30 illiyinə həsr olunan tədbir keçirilib. Tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı, səfirliyin və universitetin nümayəndələri, tələbələr iştirak edib. Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra hər iki qardaş ölkənin dövlət himnləri səsləndirilib.   “İdarəçi rəhbərlərlə tanışlıq” layihəsi çərçivəsində təşkil olunan görüşdə AzTU-nun rektoru Vilayət Vəliyev Azərbaycan və Türkiyə diplomatik münasibətlərinin qurulmasının 30 illiyi münasibətilə təbriklərini çatdırıb. Azərbaycan və Türkiyə münasibətlərinin qardaşlıq və həmrəylik nümunəsi olduğunu bildirən rektor bu birliyin möhkəm təməllər üzərində qurulduğunu diqqətə çatdırıb. Hazırda qardaş ölkələr arasında münasibətlər xalqımızın ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarına uyğun inkişaf edir. Rektor qeyd edib ki, iki qardaş ölkə arasında əlaqələrin bugünkü səviyyədə inkişaf etməsində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qardaşlıq münasibətləri də mühüm rol oynayır. 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana mənəvi və siyasi dəstəyi bu münasibətlərin daha bir nümunəsi idi.   Daha sonra Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı çıxış edib. Səfir qeyd edib ki, qardaş ölkələr arasında münasibətlərin dərin tarixi olduğu üçün, bunu 30 ilə sığışdırmaq olmaz. Diplomat bildirib ki, Türkiyə və Azərbaycanın sevinci də, kədəri də bir olub. İstər Çanaqqala döyüşündə, istərsə də 1918-ci ildə Bakının işğaldan azad olunmasında biz bu birliyin, qardaşlığın şahidi olmuşuq. 44 günlük Vətən müharibəsi zamanı da Türkiyə qardaş Azərbaycanın yanında idi. Cahit Bağçı qeyd edib ki, Şuşa Bəyannaməsinin imzalanması qardaş ölkə münasibətlərinin zirvəsi oldu. Tarixi Qars müqaviləsindən 100 il sonra imzalanan Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan qardaşlığını, birliyini və həmrəyliyini təsdiq edən mühüm sənəddir. Səfir vurğulayıb ki, qardaş ölkələrin tarixi birliyi gələcək nəsillərə miras olaraq qalacaq. Tədbirdən sonra Cahit Bağçı tələbələrin və media nümayəndələrinin suallarını cavablandırıb.     Qeyd edək ki, səfirin bu formatda görüşü ilk dəfə məhz AzTU-da təşkil olunub.   

Hamısını oxu
Sərhədləri aşan birlik ideyası – Dünya Azərbaycanlılarının Həmrəylik Günü

Heydər Əliyev: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır.” Milli mənlik, milli kimlik və milli dövlətçilik tariximizə adı qızıl hərflərlə həkk olunan Ulu Öndər Heydər Əliyevin imzaladığı hər bir fərman və sərəncamın arxasında təkcə bir dövlət başçısının iradəsi deyil, həmin imzanın hökmü ilə dəyişən, yeniləşən, tərəqqi edən və bəşəri dəyərlər sisteminə inteqrasiya olunan Azərbaycanın taleyinə duyulan sonsuz Vətən sevgisi dayanırdı. Onun siyasi iradəsi xalqın iradəsi ilə vəhdət təşkil edir, qəbul edilən hər qərar dövlətin möhkəmlənməsinə, millətin gələcəyinin təminatına xidmət edirdi. Bu, danılmaz bir həqiqətdir ki, xalqımızın əsrlər boyu formalaşan qətiyyətli, istiqamətverici milli lider idealı məhz Ulu Öndər Heydər Əliyevin şəxsiyyətində özünün ən kamil təcəssümünü tapmışdır. O, müstəqil Azərbaycan Respublikasının milli-mənəvi, siyasi, iqtisadi və ideoloji əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının güclü, müstəqil və davamlı dövlətə sahib olmaq arzusunu gerçəkləşdirmiş, bu dövlətin əbədiyaşarlığını tarixi zəmanət altına almışdır. Heydər Əliyev fenomeni bu gün də Azərbaycanın inkişaf yoluna işıq salan strateji düşüncə məktəbi kimi yaşayır və gələcək nəsillər üçün möhkəm ideoloji dayağa çevrilir. Heydər Əliyevin irsi təkcə bütün həyatını xalqının, dövlətinin yüksəlişinə həsr etmiş bir Liderin şərəfli ömür yolu, yaratdığı tarix deyil. “Onun irsi həm də bu günümüz və gələcəyimizdir. Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyinə təminat yaradan, önümüzdə aydın inkişaf istiqamətləri müəyyənləşdirən yol xəritəsidir.”Ulu Öndərin Vətən qarşısındakı ən mühüm xidmətlərindən biri azərbaycançılıq məfkurəsini bütün həmvətənlərini birləşdirən ideologiya halına gətirməsi, müstəqil dövlətin ideya əsasına çevirməsidir. Xalqımız tarix boyu qazandığı dövlətçilik ənənələrini, milli dəyərləri, nailiyyətləri, ali mənəvi keyfiyyətləri məhz Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə təkmilləşdirərək dayanıqlı müstəqil dövlətini qurmuşdur, millət kimi mövcudluğunu, özünü idarə etmək bacarığını ən yüksək səviyyədə nümayiş etdirmişdir.             “Heydər Əliyev hələ sovet dövründə Azərbaycana rəhbərlik edərkən azərbaycançılıq məfkurəsinin bütün soydaşlarımız arasında yayılmasına, bu ideyanın geniş ictimai dəyər qazanmasına çalışırdı. Bunu o dövrdə yaradılmış Azərbaycan ədəbiyyatı, musiqisi, kinosu, təsviri sənətində və eləcə də xalqın ruhunu, tarixini, milli-mənəvi dəyərlərini təbliğ və tərənnüm edən digər çoxsaylı əsərlərdə müşahidə etmək olar. Həmin dövrdə Ulu Öndər respublikamızdan kənarda yaşayan azərbaycanlıların təşkilatlanmasını, diasporumuzun təşəkkül tapmasını vacib sayırdı.”              Heydər Əliyevin müdrikliklə irəli sürdüyü azərbaycançılıq məfkurəsi mənəvi inkişafımızın, Azərbaycanın əbədi istiqlalının təminatçısına çevrildi. Ulu Öndərin müəyyən etdiyi azərbaycançılıq iki təməl ideyanı özündə birləşdirmiş oldu: dövlətçilik və vətənpərvərlik. Azərbaycançılıq ölkəmizə qarşı bir çox istiqamətlərdən yönələn təhdidlərin, doğma yurdumuzu etnik bölgücülük əsasında parçalamaq cəhdlərinin qarşısında güclü ideoloji və siyasi sipərə çevrildi. Dünyaya səpələnən soydaşlarımızı vahid məqsəd ətrafında birləşdirdi. Xarici ölkələrdə Azərbaycan diasporunun formalaşdırılmasının vacibliyini sübut etməklə kifayətlənmədi. Onun əsas istiqamətlərini və perspektivlərini bəyan etməklə dünya azərbaycanlılarının həmrəyliyinə nail oldu. Ulu Öndər dünyanın ayrı-ayrı ölkələrində yaşayan soydaşlarımızın doğma Vətənlə əlaqələrinin daha da möhkəmləndirilməsini, onların arasında mənəvi, siyasi birliyin və həmrəyliyin təmin olunmasını, Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsinin zəruriliyini nəzərə alaraq 2001-ci ilin  mayın 23-də sərəncam imzalamaqla azərbaycançılıq məfkurəsinin təməl prinsiplərini möhkəmlətdi. 2001-ci il noyabrın 9-da keçirilən Dünya azərbaycanlılarının  I qurultayında  Ulu Öndər Heydər Əliyev deyirdi: "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik…" Bu məntiqdən çıxış edərək deyə bilərik ki, ilk qurultay dünya azərbaycanlılarının milli mənlik şüurunun güclənməsində, müxtəlif ölkələrdə fəaliyyət göstərən azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının təmin olunmasında müstəsna rol oynadı. Ulu Öndər hələ Naxçıvan Ali Məclisinin Sədri vəzifəsində çalışarkən, “1991-ci il noyabrın 5-də Ali Məclis uzun illərin ayrılığından sonra Arazboyu sərhəd dirəklərinin söküldüyü 31 dekabr gününün hər il geniş qeyd edilməsi zərurətini irəli sürmüş və bununla bağlı qərar qəbul olunaraq Azərbaycan Ali Sovetinə müraciət ünvanlamışdı. Dekabrın 25-də isə Azərbaycan Respublikası Ali Soveti müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qanun qəbul etmişdi.”              Dünya azərbaycanlılarının I qurultayından sonra xarici ölkələrdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi, inkişafı məqsədilə Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması, həmin il xarici ölkələrdəki azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında qanunun qəbulu da Ulu Öndər Heydər Əliyevin bu istiqamətdəki tarixi xidmətlərinin qürur dolu səhifələridir. Bu böyük şəxsiyyət, dövlət xadimi xarici ölkələrə səfərləri zamanı da həmin ölkələrdə yaşayan Azərbaycan icmalarının təmsilçiləri ilə görüşməyi vacib bilir, onların problem və qayğılarına diqqət yetirir, fəallığı, mütəşəkkilliyi, proseslərə təsir imkanlarını daha da artırmaları üçün dəyərli tövsiyələrini onlardan əsirgəmir, azərbaycançılıq məfkurəsini dünyada təbliğ edirdi.               Azərbaycanın milli dövlətçilik ideologiyasının - hüquqi, demokratik dövlət kimi inkişafını və təhlükəsizliyini təmin edən dəyərlər sisteminin  Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılması tarixi bir qanunauyğunluqdur. Bu baxımdan ölkənin konstitusiya quruculuğu da milli dövlət ideologiyasının əsasını təşkil edir. 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulu ölkənin ictimai-syasi həyatında əlamətdar bir hadisə oldu.               Ulu Öndər Heydər Əliyev Konstitusiyamıza müəlliflik etməklə və onun qəbuluna nail olmaqla həm Azərbaycan xalqının ötən əsrin əvvəllərindən yarımçıq qalan arzusunun gerçəkləşməsinə nail olmaqla kifayətlənmədi, dövlət quruculuğu prosesinin ən zəruri məqamlarından biri olan hüquqi sistemin təkmilləşdirilməsinə nail oldu. Heydər Əliyev Azərbaycanda hüquqi dövlət modelinin yaradılması və inkişafına yönəlmiş fundamental strategiyanın müəllifi kimi bütün sahələrdə mükəmməl qanunların hazırlanması prosesini sürətləndirdi. Azərbaycan Respublikasının Konstitusiyası 30 il ərzində təkmilləşdirmə və inkişaf yolu keçmişdir. Prezident İlham Əliyevin 2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi ilə bağlı sərəncamında deyilir: "Müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir". Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu, 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Əsas Qanunumuz və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Vətən müharibəsi və 2023-cü ilin antiterror əməliyyatından sonra bərpa etdiyimiz dövlət suverenliyimiz xalqımızın təkcə əsrləri əhatə edən arzusu deyil, həm də tarixin qarşımıza qoyduğu tələbi idi. İndi tərəddüd etmədən deyə bilərik ki, Konstitutsiyamız milli dövlətçilik tariximizdə suverenleyimizin, müstəqilliyimizin bütün parametrlərini özündə ehtiva etməklə yanaşı, azərbaycançılıq məfkurəsinin təməl prinsiplərini özündə əks etdirən rəsmi dövlət sənədidir. Milli dövlətçilik təkcə ərazinin, maddi sərvətlərin deyil, həm də mənəvi dəyərlərin, həmrəyliyin qorunmasından ibarətdir. Soydaşlarımızla görüşlərinin birində Ulu Öndər deyirdi: "... Mən demirəm ki, 40 milyon azərbaycanlının hamısı bir yerə yığışsın, bu, heç lazım da deyil. Ancaq hamısının qəlbi, fikri, gələcəyə baxışı və Azərbaycan haqqında fikirləri bir olsa, əlbəttə ki, respublikamız da öz müstəqilliyini bundan sonra daha da möhkəmləndirər, inkişaf yolunu məharətlə keçə bilər...” Heydər Əliyev dünya azərbaycanlılarına müraciətində qeyd edirdi: "Biz istərdik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşları kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Çünki bizi birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli-mənəvi dəyərlərimizdir... Vətənini, millətini sevən hər bir azərbaycanlı müstəqilliyimizin dönməzliyi üçün ciddi səy göstərməli, vətənimizin, respublikamızın taleyi hər bir soydaşımızın taleyi olmalıdır". Azərbaycanlıların yaşadığı bütün ölkələrdə əks-səda verən bu çağırış azərbaycançılıq adlı mühüm bir ideologiyaya, müstəqil Azərbaycan dövlətinin xilas yoluna çevrildi. İstər sovet dövrü olsun, istər də müstəqillik illərində Heydər Əliyev hər zaman və hər yerdə Vətən, Odlar Yurdu Azərbaycan üçün çalışır, həyatının mənasını, dövlət idarəçilik təliminin əsasını milliliyin, həmrəyliyin qorunub saxlanmasında görürdü. Lider – Varis ənənəsini dövlət idarəçilik təliminin prioritetinə çevirən Prezident İlham Əliyev Ulu Öndərin milli inkişaf strategiyasını bu istiqamətdə də uğurla davam və inkişaf etdirməklə kifayətlənmədi, müasir dünyanın reallıqlarına, yeni vəziyyətlərə uyğun olaraq diaspor quruculuğu sahəsində mühüm addımlar atdı. Prezidentin 5 iyul 2018-ci il tarixli fərmanı ilə Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması da bu istiqamətdə həyata keçirilən mühüm layihələrdən biridir. Diaspor quruculuğu fəaliyyətində ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın müstəsna xidmətləri vardır. Tarixi zəfərin simvolu, rəmzi olan Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının keçirildiyi əlamətdar gün də dünyanın ən müxtəlif məkanlarında yaşayan həmvətənlərimizin yaddaşına qürurla yazıldı. Bu möhtəşəm və mötəbər tədbir tarixə Dünya Azərbaycanlılarının Zəfər qurultayı kimi yazıldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qurultaydakı proqram xarakterli nitqi ilə dünyadakı bütün soydaşlarımıza gələcəyə doğru aydın istiqamət verdi. 30 illik işğaldan, intizardan sonra Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Qurultayı Ulu Öndərin birlik, bütövlüklə bağlı düşüncəsinin, gələcəyə müdrik baxışının təntənəsi idi. Qurultayda çıxış edən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qürurla söylədiyi bu müdrik kəlam tarixlə müasirlik arasında körpüyə çevrildi: "Biz xoşbəxt insanıq, Ulu Öndərin davamçıları kimi onun bir yarımçıq arzusunu, azərbaycançılıq ideologiyası ilə bağlı düşüncəsini gerçəyə çevirdik..." Milli mənlik, milli kimlik uğrunda mücadilə edən, iradənin gücü xarakterin əyilməzliyi ilə tarix yaradan, imperiyalar, qüdrətli dövlət quran, Manna, Midya, Atropatena, Şirvanşahlar, Atabəylər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar kimi imperiyalar quran Odlar Yurdu Azərbaycan Şərqin ilk Demokratik Cümhuriyyətini qurmaqla sübut etdi ki, o qüdərtli dövlətçilik ənənələrinə, zəngin tarixə və mədəniyyətə malik ölkədiir. Bolşevik Rusyasının, SSRİ-nin at oynatdığı illərdə, siyasi hakimiyyətinin birinci mərhələsində Ulu Öndər Heydər Əliyev sübut etdi ki, Odlar Yurdu Azərbaycan təkcə “Qara qızıl”ın, “Ağ qızıl”ın deyil, həm də bəşəri dəyərlər xəzinəsinin yaratdığı incilərlə zənginləşdirən Xaqani Şirvani, Nizami Gəncəvi, Seyid İmaddədin Nəsimi, Mövlana Məhəmməd Füzuli,Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, Mirzə Kazım bəy, Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Abbasqulu ağa Bakıxanov, Hüseyn Cavid, Səməd Vurğun kimi dahilərin diyarıdır. Şura hökumətinin gəlişi ilə onun əlindən alınan Ana dili sənəd, siyasət, mədəniyyət dilidir. 1978-ci ildə Şah İsmayıl Xətaidən, Səfəvilər İmperiyasından 477 il sonra Ana dilinə dövlət dili statusu verilib onu Anayasada-Konstutisuyada təsbit etdirinən Ulu Öndər siyasi hakimiyyətinin ikinci mərhələsində də milli mənlik, milli kimlik uğrunda mücadilənin mücahidi kimi tarix yaratdı. Böyük Qayıdışı, ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə Dirçəlişin, Qurtuluşun memarına çevrildi.  2003 –cü il dekabrın 12-də  dünyaya vida nəğməsi oxuyarkən isə “Ata Vəsiyyətinə əməl edən” Varisi haqqında tarixi bir kəlam işlətdi: “Mən ona özüm qədər inanıram”. Bu gün onun günüdür! 44 günlük Vətən Müharibəsində iradənin gücü, xarakterin əyilməzliyi ilə mümkün olmayanı mümkünə çevirən, Lider-Xalq birliyinə nail olan, Qüdrətli Ordusu ilə Şuşa qalasına , ruh bədənə girən kimi bir göz qırpımında girən,  mənsub olduğu milləti, məmləkəti Cıdır düzündə, Xüdafərin körpüsündə Bayrağa döndərən, “Qars Bəyannaməsi”ndən “Şuşa Bəyannaməsi”nə yol gələn, Zəngəzur dəhlizini Turanın, türk dünyasının, Şərqlə Qərbin körpüsünə, 30 ildir qolu bağlı qalan, Şərqin, Türkün qapısı, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın nicat yerinə çevirən Liderin Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin günüdür!  Bu gün həm də, onun varlığı ilə qürur duyan, arxasında dağ kimi dayanan, duaları ilə qoruyan, Yoxdan var edənimiz, Baba yadigarımız, Zəfər, Qələbə memarımız deyib, ona inanan inamında yanılmayan, Ulu Öndərin 34 il bundan öncə elan etdiyi həmrəylik günü sözün həqiqi mənasında Dünya Azərbaycanlılarının, türklərin, müsəlmanların həmrəylik gününə çevirən xalqın günüdür! Birliyimiz daim olsun, həmrəyliyimiz gücümüzə güc qatsın! Həmrəylik Gününüz mübarək olsun! Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı QüvvələrVeteranları Təşkilatının sədri,     polkovnik Cəlil Xəlilov

Hamısını oxu
Qüruru Vətən İnsan

Tanrı müdrik dövlət xadimlərini Azərbaycan xalqından əsirgəməyib. Əslində onların sayının o qədər çox olduğunu söyləmək mümkünsüzdür. Ancaq bu xalq öz dövlət adamlarını sanki zamanın tələbinə uyğun şəkildə yetişdirir. Zaman isə bizdən böyüməyi tələb edir.   Əslində bu tələbat, bir növ, yox olmamaq üçün böyümək, güclənmək zərurəti kimi meydana çıxır. Müstəqilliyimizin ilk illərindəki durumu yada salaq. Min bir çətinliklər bahasına başa gəlmiş, müəyyən mənada həm də tarixin hədiyyəsi kimi meydana çıxmış dövlətçiliyimizin yenidən itirilməsi təhlükəsi yaranmışdı. O zaman Ulu öndər Heydər Əliyev olmasaydı, kim bilir, indiki Azərbaycan var idi ya yox. Var idisə də bu varlıq hansı görkəmdəydi?..   Bəli, Heydər Əliyev bizə tarixin lütfü kimi meydana çıxmış şəxsiyyətdir. Onun baxış bucağı, dünyagörüşü, hadisə və proseslərə yanaşma tərzi, hətta liderlik keyfiyyətlərinin özü də bizim düşüncə və baxışlarımızı aşırdı. Heydər Əliyev Azərbaycandan böyük idi, çox yüksəkdəydi və obrazlı desək, Azərbaycanı da o yüksəkliyə dartıb çıxarmaq istəyirdi. O, əvvəl yolun yoxuşundakı alaq otlarını təmizlədi. Bunu məharətlə bacardı və düzən yaratdı. Düzən liderlikdə varislik prinsipini diqtə edirdi. Heydər Əliyev şəxsiyyəti bu diqtəni də reallıqla uzlaşdırmağı bacardı.   İlham Əliyev idi bu prinsipin adı. Bu, elə bir prinsip idi ki, formalaşmış düzənə mütəhərriklik gətirməliydi, gücə güc qatmalıydı. Başqa cür mümkün də deyildi. Bu dəfə Azərbaycanın miqyasını çox böyük anlamda aşmağa ehtiyac yaranmışdı. Qlobal inkişaf, transformasiyalar, neft amili, gözümüzün önündə viran qalan dövlətlər və ayaqda qalmaq. Dimdik qalmaq. Dimdik qalaraq dünya ilə bərabər addımlamaq. Dünyanın ayrılmaz parçasına çevrilmək. Geridə qalan atların güllələndiyi bir dünya düzənində ayaqda qalmaq, dünya boyda olmaq.   Prezident İlham Əliyevin miqyasının böyüklüyü imkan vermədi ki, güllələnək. Onun şəxsində Heydər Əliyev kursunun müdrikliyi qəribə bir mistika qazandı. Qarabağ atı. Düşünün ki, Heydər Əliyev çıxışlarında Azərbaycan xalqının mütləq və mütləq Qarabağa sahib olacağını vurğulayırdı. Bunu az qala hər nitqində dilə gətirirdi. İlham Əliyevin gücləndirdiyi Azərbaycan Qarabağ atının güllələnməsinə yol verməməklə gücümüzə təntənə qazandırdı. Biz xalq olaraq qeyrətimizin, namusumuzun güllələnməsinin qarşısını aldıq. Bütün güllələyənlərə tarixi dərs verdik. İlahi, Heydər Əliyev bu günləri görürmüş və bu günlərə hamımızdan çox İlham Əliyev inanırmış. Dövlət və dövlətçilik baxışı da elə budur.   İlham Əliyev ona görə böyük liderdir ki, dövlətçiliyə ideoloji obraz qazandırıb. Prezidentin baxışları müstəqilliyimizə dönməzlik libası geyindirib. Ona çətinliklərdən, təlatümlərdən müdafiə, təbii müqavimət instinkti verib. Bir sözlə dövlət kimi dövlət olmuşuq.   Azərbaycan tarixinin heç bir dövründə indiki qədər güclü və qətiyyətli olmayıb. Bir lider ömrünün 60 ilinə baxanda bunlarla fəxr etməzmi, qürur duymazmı? Bəli qətiyyətlə demək mümkündür ki, 60 ilin hesabatı qüdrətli Azərbaycandır! İlham Əliyevin qüdrətləndirdiyi Azərbaycan! Bu Azərbaycana görə hamımız qürur duyur, fəxarət hissi keçiririk. Və bu hissimizdir ən böyük yubiley təbrikimiz.   Azərbaycandan böyük Lider, mən də Sizə ünvanlanmış təbriklərə qoşulmaqdan məmnunam. Azərbaycan həmişə ucalsın, onu görün! Görün, onunla və özünüzlə daim qürur duyun! Qüruru Vətən olan insan kimi yaddaşımızda əbədisiniz! Uca Tanrı yar və yardımçınız olsun!   Əflatun Amaşov Mətbuat Şurasının sədri

Hamısını oxu