Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ulu Öndər Heydər Əliyev - Müasir Azərbaycanın yeni inkişaf tarixinin müəllifi

Bəşər tarixində liderlərin böyüklüyü bir tərəfdən yaşadığı dövrdə gördüyü işlərin, yaratdıqlarının əhəmiyyəti ilə ölçülürsə, digər tərəfdən onların fəaliyyətinin gələcəyin axarına təsiri, əks-sədaları ilə müəyyənləşir. Dərin fəlsəfəyə əsaslanan, daim zamanın nəbzini tutmağı, hadisələrə müdrik qiymət verməyi, siyasi po­tensialını çevik dəyərləndirməyi bacaran şəxsiyyətlər cəmiyyətdəki prosesləri düzgün istiqamətləndirməyə nail olur, təmsil etdikləri xalqları zamanın sərt fırtınalarından, çətin sınaqlarından üzüağ çıxarır, milli xilaskara çevrilirlər. Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyev çağdaş tariximizdə əbədiləşmış, respublikamıza rəhbərliyinin bütün dövrlərində vətən və xalq qarşısında misilsiz xidmətlər, xilaskarlıq missiyası, zəngin dövlətçilik irsi nümunəsi göstərmişdir.

1993-cü ildə xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ümummilli Lider andiçmə mərasimindəki nitqində deyib: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.”

Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bildi, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etdi və onun həyata keçirilməsi üçün mühüm addımlar atdı. Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş apardı, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, müharibədə uzunmüddətli atəşkəsə nail olunmaqla erməni təcavüzü dayandırıldı, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edildi.

"Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” deyən Ulu Öndər 1994-cü ildə Gənclər və İdman Nazirliyinin əsasını qoydu. Bu siyasi dövlət institutu qısa vaxtda gənclər siyasətinin əsas konturlarını müəyyənləşdirdi və reallaşdırmağa başladı.1995-ci ildə Gənclər Təşkilatlarının Milli Şurası yaradıldı. Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və bir çox vacib problemlərin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək məqsədilə ümummilli lider Heydər Əliyev tərəfindən hələ 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsü irəli sürüldü. Beləliklə də, 2 fevral 1996-ci ildə gənclərin I Forumu keçirildi. İlk Forum Azərbaycanda gənclər siyasətinin müəyyən olunmasında mühüm rol oynadı. 1997-ci il fevralın 1-də forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən ulu öndər Heydər Əliyev 2 fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında Sərəncam imzaladı.

Azərbaycanın digər mühüm sahələrlə yanaşı, həm də bir idman ölkəsi olaraq beynəlxalq aləmdə tanınması və olimpiya hərəkatına qoşulması geniş vüsət aldı. Dövlət idman siyasətinin həyata keçirilməsində əvəzsiz xidmətləri olan Ulu öndərin diqqət və qayğısı sayəsində 1997-ci ildə Azərbaycan idmanı özünün ən mühüm mərhələsinə qədəm qoydu. Cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ölkəmizdə idmanın daha böyükmiqyaslı tərəqqisinə, Azərbaycanın dünya idman ailəsinin üzvü olmasına, idmançılara dövlət qayğısının artırılmasına, maddi-texniki bazanın möhkəmlənməsinə geniş üfüqlər açdı”.

Ulu Öndər beş dəfə keçmiş SSRİ-nin Lenin ordeni ilə, Qırmızı Ulduz ordeni və çoxsaylı medallarla təltif edilmiş, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına, həmçinin müxtəlif ölkələrin ali mükafatlarına, nüfuzlu ali məktəblərin fəxri adlarına layiq görülmüşdür.

Bu gün müstəqil Azərbaycan dövlətində təhlükəsiz və firavan şəraitdə yaşadığımıza görə məhz ümummilli lider Heydər Əliyevə borcluyuq.Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Möhtərəm Prezidentimiz tərəfindən aparılan uğurlu siyasət nəticəsində Azərbaycan böyük inkişaf yolu keçib, 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanaraq ərazi bütövlüyünü bərpa edib, regionun lider dövlətinə çevrilib, beynəlxalq aləmdə mövqeyini xeyli möhkəmləndirib. Məqalə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunub.

Həmid Nəsirov

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, 1-ci dərəcə dövlət qulluqçusu, YAP ərazi partiya təşkilatının sədri

 

2022-05-08 19:37:00
869 baxış

Digər xəbərlər

Bioloji təbabət haqqında nə bilirik

Mən enerjini günəşdən alıram... İnsan orqanizmində baş verən xəstəliklərə iki cür – fəlsəfi və material yanaşma mövcuddur. Onlardan birincisi akademik təbabət adlanır. Yəni insan orqanizmi bütün dünyada qəbul olunmuş normativlər və proqramlar əsasında öyrənilir; xəstəliklərə səbəb və nəticə kontekstindən yanaşılır; onların etipotegenik potologiyası, yəni səbəbi tapılır; o səbəbin xəstəliyi hansı yollarla yaratması potogenitik istiqamətdə araşdırılır və nəhayət, müvafiq müayinələr təyin edilir. İkinci yanaşma isə müəyyən mənada birinciyə alternativ xarakter daşıyan bioloji təbabətdir. Əvvəllər onun adı homotoksikologiya idi, sonradan sistemli bioloji yanaşma kimi xarakterizə edildi. İndi isə inteqrativ təbabət adlanır. Onun əsas məqsədi xəstəliklərə yanaşma üsullarının bir-birinə inteqrasiyasına nail olmaq, bütövlükdə müalicə aparmaqdır. Bu iki metod arasında oxşar və fərqli cəhətləri müəyyənləşdirmək üçün xəstəliyə yanaşma fəlsəfəsi mövcuddur. Şərq təbabətində, xüsusilə Çində, Tibetdə, Hindistanda, cənub-şərqi Asiyada və yaxın Şərqdə daha çox yayılmış bir metod var: bu metodla insanda müəyyən olunan xəstəliklər orqanizmdən tam şəkildə xaric edilir. Bioloji təbabət də öz qarşısına anoloji məqsəd qoyub: insan orqanizmini təmizləmək, yəni hüceyrələrdə, toxumalarda və orqanlarda yığılmış toksinlərin aradan götürülməsi yolu ilə orqanizmin öz funksiyasını tam şəkildə bərpa etməsinə və yerinə yetirməsinə şərait yaratmaq. Bu ideya ilk dəfə Homotoksikologiya elminin banisi alman alimi Rekyevik tərəfindən hələ ötən əsrin əvvəllərində irəli sürülüb. Və müvafiq müalicə prinsipləri işlənib hazırlanıb. Lakin ideya geniş rezonans qazana bilmədi. Tənqidçiləri çox oldu. Və bir müddət yaddan çıxarıldı. Amma sonradan Qərbdən və Avropadan Çinə gedən mütəxəssislər şərq təbabətinin yanaşma tərzini öyrəndikdə Rekyevikin nə qədər haqlı olduğunu müəyyənləşdirdilər. Bununla da, Rekyevikin unudulmuş ideyası yenidən gündəmə gəldi. Yeni klinikalar yaradıldı və bioloji təbabət daha ciddi və daha səmərəli müalicə vasitəsi kimi formalaşdı. Xəstəliyin yaranma səbəbi və nəticə kontekstindən yanaşdıqda, bioloji təbabət əsasən problemə kompleks şəkildə müdaxilə prinsip ilə yadda qalır. Məlum olduğu kimi, bu və ya digər yollarla insan orqanizminə daxil olan toksinlər – homotoksinlər hüceyrəətrafı mühiti çirkləndirir. Hüceyrə ilə onun ətrafı arasında gedən müntəzəm mübadilə prosesinə ciddi təsir göstərir, onu əhəmiyyətli dərəcədə ləngidir. Nəticədə sərhədlər arasında blok yaranır. O da məlumdur ki, aralıq məhsullar hüceyrə məsamələri vasitəsilə hüceyrəətrafı mühitə – matriksə ötrülür və orqanizmdən xaric olunur. Bioloji təbabət həm hüceyrədaxili, həm də hüceyrəətrafı mühiti – matriksi təmizləyir. Hüceyrənin avtonom yaşaması üçün bütün şəraiti var. Ancaq toksinlərin hüceyrə məsamələrini çirkləndirməsi mübadilə prosesində ciddi əngəllər yaradır. Başqa sözlə desək, toksinlərin hüceyrənin içində oturması xəstəliyi yaradan əsas faktorlardandır. Bu mənada bioloji təbabətin tətbiq etdiyi müalicə sistemi ilk növbədə hüceyə və hüceyrəətrafı mühitə daxil olmuş toksinləri zərərsizləşdirməklə hüceyrənin və matriksin sinxron fəaliyyətini bərpa edir, xəstəliyi aradan qaldırır. Digər tərəfdən, bioloji təbabətin tətbiq etdiyi pereparatlar toksinlərin zərərsizləşdirilməsi məqsədilə həm çıxarıcı orqanların fəaliyyətini gücləndirir, orqanizmi təmizləyir, həm də immun sistemini gücləndirir. Ayrıca vurğulanmalıdır ki, bioloji təbabətin tətbiq etdiyi pereparatlar əsasən xüsusi plantasiyalarda yetişdirilmiş bitkilərdən – təbii yolla hazırlanır. Kimyəvi pereparatlardan fərqli olaraq, heç bir yan təsiri yoxdur. Ona görə də onları yaşından və durumundan asılı olmayaraq bütün insanlara tətbiq etmək mümkündür. Təbabət sahəsində əldə olunmuş praktik uğurları səbəbindən Qərbi Avropada, xüsusilə Almaniyada, Avstriyada, Cənubi Amerikada, Kolumbiyada, Argentinada Braziliyada, Şimali Amerikada, Kanadada tibb universitetlərində bioloji təbabətə aid kafedralar fəaliyyət göstərir və o, elm kimi tədris olunur. Haqqında tələbələrə və həkimlərə ətraflı bilgilər verilir. Bioloji təbabətin Azərbaycana gətirilməsi və setifikatlaşdırılması 1997-cı ildən “Planeta” şirkətinin qurucusu və direktoru kimi tanınan Elxan Yaqubovun gərgin və səmərəli əməyi və adı ilə bağlıdır. Məhz onun mesenatlığı və təşəbbüsü ilə mərkəzi Almaniyada yerləşən Bioloji təbabətlə müalicə metodu 2001-ci ildən ölkəmizdə fəaliyyətə başlamışdır. Bioloji Tənzimləyici Təbabət metodları ilə bütün ixtisaslar üzrə müalicə aparacaq həkimlər Elxa Yaqubovun əvəzsiz dəstəyi ilə Almaniyaya uzunmüddətli ezamiyyəyə göndərilmiş, təcrübə mübadiləsi keçmiş, müvafiq bilgilər əldə etmişlər. Bundan sonra 2009-cu ilin dekabrında Bioloji Təbabət Klinikası təsis edilmişdir. Hazırda öz şəbəkəsini genişləndirən Bioloji Təbabətin Bakıda, Sumqayıtda, Masallıda və Göyçayda tibbin bütün tələblərinə yüksək səviyyədə cavab verən müasir klinikaları klassik müalicə üsulları ilə inteqrativ şəkilldə, müştərək olaraq vahid bir məxrəcdə  uğurla fəaliyyət göstərir və nəzərəçarpacaq praktik nəticələr əldə edir. Qeyd: Yazı tibb elmləri doktoru, professor Rafiq Quliyevin fikirləri əsasında hazırlanmışdır.

Hamısını oxu
Şəhidin doğum günündə məzarı ziyarət olundu

Veteran.gov.az xəbər verir ki, 27 aprel 2020-ci il tarixində Respublika Veteranlar Təşkilatı və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov, o cümlədən Gənclər və İdman İdarəsinin nümayəndələri, rayon fəalları  Sabirabad rayonu Qaralar kəndindən olan şəhid Balakişiyev Zamin Dadaş oğlunun məzarını ziyarət edib. Ziyarət əsnasında şəhid məzarına gül dəstələri qoyulub, vətən uğrunda şəhid olan hərbçilərimizin xalqın qəlbində, tarixin yaddaşında hər zaman yaşayacağı, minnətdarlıq hissi ilə xatırlanacağı vurğulanıb.   Xatırladaq ki, 27 aprel şəhid Balakişiyev Zamin Dadaş oğlunun ad günüdür.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Tovuz döyüşlərinin ildönümü ilə bağlı tədbir keçirilib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında Bakı şəhəri rayonlarının təşkilat sədrlərinin iştirakı ilə tədbir keçirilib.   Tədbirdən öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tovuz döyüşlərinin ildönümü münasibəti ilə bu döyüşlərin döyüşlərinin Azərbaycan hərb tarixinin ən parlaq səhifələrindən biri olduğunu qeyd edib, düşmənə həmin döyüşlər zaman ciddi zərbələrin endirildiyini vurğulayıb.   Daha sonra Tovuz döyüşlərinin hərb tariximiz baxımından önəmi, böyük qələbənin əldə edilməsində rolu və s. kimi məsələlər müzakirə olunub, bir-birindən maraqlı çıxışlar səslənib.     Tədbirin sonunda çıxış edən təşkilat sədri Fatma Səttarova Tovuz döyüşləri ilə Azərbaycan xalqının qəhrəman övladlarının şanlı bir tarix yazdığını, bu tarixin hər zaman böyük fəxrlə xatırlanacağını vurğulayıb.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti

Hamısını oxu
Birinci vitse-prezident Mehriban Əliyeva: Xocalı soyqırımı kimi faciələr unudula bilməz

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Xocalı soyqırımının 29-cu il dönümü ilə bağlı paylaşım edib. AZƏRTAC paylaşımı təqdim edir: "Xocalı soyqırımı kimi faciələr unudula bilməz. Günahsız insanların vəhşicəsinə qətlə yetirilməsinə heç nə ilə haqq qazandırmaq olmaz! Biz o dəhşətli hadisələr haqqında həqiqətləri təhrif olunması cəhdlərindən hər zaman qoruyacağıq. Xocalı soyqırımı qurbanlarının işıqlı xatirəsini ehtiramla yad edir, Uca Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirəm".

Hamısını oxu