Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

TARİXİ ŞƏXSİYYƏTLƏR jurnalının T Ə Q D İ M A T I

25 iyun 2021-ci il tarixində Rusiya Səfirliyi İnformasiya və Mədəniyyət Mərkəzində Böyük Vətən müharibəsinin 80 illiyi və faşizm üzərində qələbənin 75 illiyinə həsr olunmuş "Tarixi şəxsiyyətlər" jurnalının 43-cü nömrəsinin təqdimat mərasimi yüksək səviyyədə keçirildi. Görüş Rusiya və Azərbaycan birgə əməkdaşlığı çərçivəsində Azərbaycan Veteranlar Şurası və Rusiya Səfirliyi tərəfindən təşkil olunmuşdu. Tədbirə fəxri qonaqlar və media nümayəndələri dəvət olunmuşdu. Qeyd edim ki, sözü gedən jurnalın 43-cü nömrəsi məhz Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 75 illiyinə həsr olunmuşdur. "Ana Vətən çağırır" devizi altında nəfis tərtibatda çap olunan jurnal redaktorun gərgin əməyinin məhsulu idi. Lakin dünyanın hər yerində tüğyan edən pandemiya dalğası Azərbaycandan da yan keçməmiş, ona görə də təqdimatın keçirilməsi gecikdirilmişdir.
Tədbiri giriş sözü ilə mərkəzin əməkdaşı Şişkalova Yelena Konstantinovna açaraq, qonaqları salamladı, dəvəti qəbul edib gəldikləri üçün təşəkkürünü bildirdi. Daha sonra söz qonaqlara verildi.
İrek Xaydaroviç Zinnurov - Azərbaycan Respublikasında Rusiya ilə Əməkdaşlıq təmsilçiliyi rəhbəri kimi qonaqları salamladı və bu tədbirdə iştirakından məmnun olduğunu bildirdi.
Çıxış üçün söz "Tarixi şəxsiyyətlər" jurnalının baş redaktoru, vətənpərvər insan, gözəl qələm sahibi Xəlil Qarəhmədova verildi. O, jurnalın bu nömrəsinin faşizm üzərində qələbənin 75 illiyinə həsr olunduğunu bir daha vurğuladı. Müharibənin ölüm-itim, qan-qada olduğunu, insanlara fəlakət gətirdiyini, 75 il keçməsinə baxmayaraq, ağrı-acının keçmədiyini, vurulan yaraların qaysaq tutmadığını, amma qələbədən doğan sevincin az da olsa, təşnə qəlblərə su çiləyib odunu döndürməsini və bu qələbədə Azərbaycanın da rolunun böyük olduğunu xüsusi qeyd etdi. Jurnalın ilk səhifəsində Şəhidlər xiyabanı lövhəsi qarşısında Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev və xanımı M. Əliyevanın rəsmlərinin əks etdirilməsi, Ümummilli Ulu Öndər H.Əliyevin 1993-cü ildə Azərbaycana qayıdışı ilə müharibə veteranlarının hüquqlarının bərpa edilməsi, onları "xalqın qızıl fondu" adlandırması faktlarının jurnalda işıqlandırılması müəllifin dövlətə, dövlətçiliyə sadiqliyinin bariz nümunəsidir. Jurnalı vərəqlədikcə müəllifin uzun illər axtarış etdiyinin şahidi olursan.
Daha sonra söz Azərbaycan Respublikası Veteranlar Şurasının sədr müavini, ehtiyatda olan polkovnik, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, jurnalın baş elmi məsləhətçisi Cəlil Xəlilova verildi. O, çıxışında qələbənin qürurverici bir hiss olduğundan ağızdolusu danışdı. Azərbaycan xalqının qəhrəmanlıq salnaməsindən söz açarkən 1941-1945-ci il müharibəsində həmyerlilərimizin iştirakı və əldə olunan qələbədə onların da xüsusi payı olduğunu qeyd etdi. Müharibədə Azərbaycandan 681 min adamın iştirakını, saysız ölüm və itkinin olduğunu, 416-cı diviziyanın şücaətini, diviziyanın 8 hərbçisinin Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyünü, 11 nəfərin Lenin ordeni ilə təltif olunduğunu, Bakı neftçilərinin gərgin əməyi nəticəsində ordunun yanacaqla təminatı qürurla vurğulandı. İki dəfə Sovet İttifaqı Qəhrəmanı H. Aslanovun keçdiyi döyüş yolunun xatlrlanması, həqiqətən də, qürurverici idi. Azərbaycan Veteranlar Şurasının rus, ukrayna, belorus veteranları ilə əlaqəsindən də söz açdı.
"İnsan Hüquqlarının Qorunması" Əməkdaşlıq Təşkilatının nümayəndəsi Firdovsi Ələkbərov da öz çıxışı və təbrikləri ilə tədbirə yeni rəng qatdı.
Tədbirdə Azərbaycanın İvanovka kənd nümayəndəsi İvan Pavloviç Prokovyev də jurnal haqqında öz təəssüratlarını söylədi, redaktora səmimi arzularını bildirdi.
Çıxış edənlər həmçinin Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının ildönümü və erməni faşizmi üzərində çaldığımız zəfər münasibətilə bütün hərbçilərimizi və xalqımızı təbrik etdilər.
Sonda tədbir iştirakçıları onlar üçün hazırlanmış şirniyyat masasına dəvət olundular. Birgə əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminlik yarandı.
Hər kəs bu tədbirdən xoş təəssüratlarla ayrıldı.
Biz də saytımızın rəhbəri Rasafil Bayramov başda olmaqla, bütün əməkdaşlarımız adından "Tarixi şəxsiyyətlər" jurnalının baş redaktoru Xəlil Qarəhmədova öz fəaliyyətində daha böyük nailiyyətlər arzu edirik.

TAHİRƏ QAFAROVA
"İctimai Xəbər Agentliyi"nin direktoru və AtaTV.az portalının redaktoru


2021-06-29 00:00:00
3437 baxış

Digər xəbərlər

İş adamı Səfər Əlirzayev tərəfindən 2400 ailəyə bayram sovqatı təqdim olunub

Veteran.gov.az xəbər verir ki, hər il olduğu kimi, bu il də müqəddəs Qurban bayramı münasibətilə vətənpərvər iş adamı Səfər Əlirzayev tərəfindən Naxçıvan Muxtar Respublikasında və Bakıda yaşayan şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə genişmiqyaslı bayram sovqatı təqdim olunub. Ümumilikdə 2900 kiloqramdan artıq qurban əti kəsilərək aztəminatlı ailələrə paylanılıb. Qurban sovqatından Bakıda 500 ailə, Naxçıvan Muxtar Respublikasında isə 1900 ailə olmaqla, ümumilikdə 2400 ailə faydalanıb. Bu nəcib təşəbbüs həmrəyliyin, paylaşmağın və milli-mənəvi dəyərlərimizə bağlılığın bariz nümunəsidir. Məlumat üçün qeyd edək ki, şəhid ailələri, qazilər və eləcə də həssas kateqoriyadan olan digər vətəndaşlarımız hər zaman Səfər Əlirzayev tərəfindən diqqət mərkəzində saxlanılıb, iş adamı tərəfindən bu ailələrə mütəmadi dəstək göstərilib.

Hamısını oxu
İlham Əliyevdən Heydər Əliyevlə bağlı paylaşım

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib.   Dövlət başçısının rəsmi "Facebook” səhifəsində etdiyi paylaşımında Ulu Öndərin sitatı yer alıb:   "Mənim üçün öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir”.  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatı ilə Gənclər və İdman Nazirliyi arasında birgə tədbirlər planı imzalanıb

Bu gün gənclər və idman nazirinin müavini İntiqam Babayev Respubika Veteranlar Təşkilatında olub, təşkilatın sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilov və kollektivlə görüşüb.   Tədbiri giriş sözü ilə açan polkovnik Cəlil Xəlilov Gənclər və İdman Nazirliyinin hər zaman Respubika Veteranlar Təşkilatının fəaliyyətinə təkan verdiyini, təşkilatın vətənpərvərliklə bağlı layihələri dəstəklədiyini bildirib. Erməni faşizminə qarşı mübarizə aparan və qalibiyyətli müharibədən yeni çıxan dövlət kimi bu cür layihələrin ölkəmiz üçün mühüm önəm kəsb etdiyini bildirən Cəlil Xəlilov, gənclər və idman nazirinin müavini İntiqam Babayevin təşkilata bu səfərinin də iki qurum arasındakı əlaqələrin inkişafına töhfə verəcəyini bildirib.   Daha sonra Respublika Veteranlar Təşkilatı ilə Gənclər və İdman Nazirliyi arasında birgə tədbirlər planı imzalanıb.   İmzalanma mərasimindən sonra çıxış edən Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova Azərbaycan xalqının faşizmə qarşı apardığı mübarizədən söz açıb, xalqımızın göstərdiyi qəhrəmanlıqlardan danışıb. 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun düşməni darmadağın edərək işğaldakı torpaqları azad etdiyini vurğulayan Fatma Səttarova, bu qəhrəmanlığın gələcək nəsillərə də örnək olduğunu bildirib.   Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə veteranların vətən və xalq qarşısındakı tarixi xidmətlərinə toxunub, bu xidmətlərin keçmişimiz və gələcəyimiz baxımından önəmini şərh edib. Azərbaycan xalqının istər XX əsrin ortalarında faşizmə, istərsə də XX əsrin sonu, XXI əsrin əvvəllərində erməni işğalçılarına qarşı mübarizədə böyük qəhrəmanlıqlara imza atdığını bildirən İntiqam Babayev, vətən uğrunda döyüşən hər kəsin xidmətinin əvəzsiz olduğunu qeyd edib . İntiqam Babayev bildirib ki, vətənimizin azadlığı, onun sərhədlərinin toxunulmazlığı uğrunda döyüşən insanların vəhdətindən ibarət olan veteranlar təşkilatı cəmiyyətimiz üçün ruh və mənəvi qida rolunu oynayır.   Tədbirin sonunda xatirə şəkli çəkilib.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu
Respublika Veteranlar Təşkilatı gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinə dair tədbir keçirib

Azərbaycan Respublikası Veteranlar Təşkilatının sədri, general-mayor Dadaş Rzayev Odlar Yurdu Universitetinin tələbə-müəllim heyəti ilə görüşüb. Universitetin rektoru, professor Əhməd Vəliyev gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində belə tədbirlərin və görüşlərin əhəmiyyətini qeyd edib. Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu qurum, həmçinin general-mayor Dadaş Rzayevin döyüş yolu haqqında ətraflı məlumat verib. Görüşdə gənclərlə hərbi vətənpərvərlik mövzusunda ətraflı söhbət aparılıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə son dövrdə Milli Ordumuzun yüksək döyüş hazırlığı nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunması istiqamətində aparılan ardıcıl, düzgün, məqsədyönlü siyasətin ölkəmizin hər bir vətəndaşı tərəfindən dəstəkləndiyi görüş iştirakçılarının diqqətinə çatdırılıb. Belə tədbirlərin elm-təhsil ocaqlarında, xüsusi ilə universitetlərdə mütəmadi keçirilməsinin gənclər üçün zəruri və əhəmiyyətli olduğunu qeyd edilib. Ölkəmizdə veteran hərəkatının gücləndirilməsində xidmətlərinə görə Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin qərarı ilə “Veteranların qayğıkeşi” diplomu, həmçinin “General Səməd Bəy Mehmandarov” və “General Həzi Aslanov” yubiley medalları ilə təltif olunub.  

Hamısını oxu