Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Bu gün şəhid Abbaslı Elgün Ağayar oğlunun doğum günüdür

Elgün Abbaslı 16 may 1991-ci  ildə Laçın rayonunun Dəyhan  kəndində dünyaya göz açmışdır. 1992-ci ildə Laçın  işğal olunduğu üçün ailəsi ilə birgə Sumqayıta  köçmüşdür. Onlar Sarıqaya qəsəbəsində məskunlaşmışlar.

Orta təhsilini başa vurandan sonra Elgün hərbi xidmətə yollanmışdır. Uşaq yaşlarından hərbçiliyə marağı olduğundan hərbi xidmət müddəti bitdikdən sonra, 2014-cü ildə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuş, hərbi xidmətini davam etdirmişdir. Pirəkəşküldə yerləşən hərbi hissədə tibb bölüyündə xidmət etmişdir.

Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi Elgün Abbaslı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri  tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində  iştirak etmişdir.  Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Laçının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elgün Abbaslı 10 noyabr 2020-ci ildə Şuşa  istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. Sumqayıt  Şəhidlər  Xiyabanında dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Abbaslı ölümündən sonra” Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə  Azərbaycan Prezidenti İlham Əliyevin  25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Abbaslı ölümündən sonra “ Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun  işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti  05.11.2021-ci il tarixli Sərəncamına əsasən Elgün Abbaslı ölümündən sonra “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi.

 

2022-05-16 10:16:00
1051 baxış

Digər xəbərlər

Qurban bayramı münasibətilə 100-dən çox şəhid və qazi ailəsinə bayram sovqatı çatdırılıb

Xoş missiya "Benilüks Azərbaycanlıları Konqresi" və "Dayaq" Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatı tərəfindən həyata keçirilib   Veteran.gov.az xəbər verir ki, Qurban bayramı münasibətilə 100-dən çox şəhid və qazi ailəsinə bayram sovqatı çatdırılıb. Xoşməramlı tədbir "Benilüks Azərbaycanlıları Konqresi" və "Dayaq" Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatı tərəfindən həyata keçirilib.   Məlumat üçün qeyd edək ki, istər "Benilüks Azərbaycanlıları Konqresi", istərsə də "Dayaq" Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatı mütəmadi şəkildə şəhid və qazi ailələrinə diqqət göstərməkdə, oxşar layihələr həyata keçirməkdədir. Məlum aksiyalar şəhid və qazi ailələrinə diqqət və qayğı nümunəsi olmaqla yanaşı, cəmiyyət tərəfindən də məmnunluqla qarşılanmaqda, təqdir olunmaqdadır.   Seymur ƏLİYEV  

Hamısını oxu
Prezident İlham Əliyev Türkiyənin xarici işlər və milli müdafiə nazirlərini qəbul edib

Bakı, 8 noyabr, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 8-də Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunu və milli müdafiə naziri Hulusi Akarı qəbul edib. AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev dedi: -Xoş gəlmisiniz, əziz qonaqlar. Bildiyiniz kimi, bu gün xalqımız üçün çox əziz bir gündür, tarixi bir gündür. Bu gün Şuşa şəhərinin azad edilməsi günüdür. Belə bir gündə bizimlə bərabər olmağınız xüsusi önəm daşıyır. Bu, növbəti qardaşlıq nümunəsidir, növbəti qardaşlıq təzahürüdür. Hər zaman olduğu kimi, yaxşı günlərdə də, ağır günlərdə də biz bir yerdəyik. Bu hadisə bir daha onu göstərir ki, bizim xalqlarımız bir-birinə nə qədər yaxındır, Türkiyə və Azərbaycan bir-birinə nə qədər doğmadır. Türkiyənin Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan son bir ay ərzində, ondan da çox bir müddət ərzində Azərbaycana dəfələrlə öz dəstəyini göstərmişdir, öz açıq ifadələri ilə siyasi, mənəvi dəstək verməklə bizə əlavə güc vermişdir. Eyni zamanda, siz – hörmətli müdafiə naziri, bizim digər qardaşlarımız dəfələrlə Azərbaycanın yanında olduğunuzu qeyd edirdiniz. Qeyd edirdiniz ki, Türkiyə Azərbaycanın yanındadır. Əlbəttə ki, bu açıqlamalar, bu siyasi və mənəvi dəstək bu münaqişənin həlli üçün də önəmli rol oynamışdır. Şəhərlərimizin, kəndlərimizin işğaldan azad edilməsi və bu gün Şuşa şəhərinin, qədim Azərbaycan şəhərinin azad edilməsi, əlbəttə ki, böyük tarixi hadisədir. Bu hadisəni bizimlə birlikdə belə canlı şəkildə qeyd etmək üçün Azərbaycana gəlməyiniz bizi çox məmnun edir. Bir daha sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Bu müddət ərzində bir daha bütün dünya, bizi istəyənlər və istəməyənlər gördülər ki, birliyimiz sarsılmazdır və əbədidir. Bu, belə də davam edəcək. Bir daha sizə təşəkkürümü bildirirəm, sizə “Xoş gəlmisiniz!” deyirəm. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dedi: -Bizi qəbul etdiyiniz üçün çox təşəkkür edirik, cənab Prezident. Biz hər zaman Bakıda və Sizin qəbulunuzda olmaqdan böyük məmnunluq hissi keçiririk. Amma bu gün xüsusilə çox məmnunuq. Çünki qəhrəman Azərbaycan Ordusu Ali Baş Komandan, Zati-alinizin rəhbərliyi ilə qədim Şuşa şəhərini işğalçı Ermənistandan geri alıb. Beləliklə, qəhrəman Azərbaycan Ordusunu, Ali Baş Komandan olaraq Sizi və bu çətin günlərdə, xüsusilə də Ermənistanın atdığı raketlərə baxmayaraq, ayaqda dayanan, Ali Baş Komandanının və onun qəhrəman ordusunun arxasında dayanan qardaş Azərbaycan xalqını cani-qəlbdən təbrik edirik. Hörmətli Prezidentimizin də salamlarını xüsusilə çatdırmaq istəyirəm. Belə bir əlamətdar gündə - Bayraq Günündə burada, Bakıda olmaqdan xüsusilə məmnunuq. Bizi qəbul etdiyiniz üçün təşəkkür edirik. Bir daha təbrik edirik, cənab Prezident. Prezident İlham Əliyev: Çox sağ olun. Əziz qardaşıma, hörmətli Prezidentə mənim də salamlarımı çatdırın. Bildiyiniz kimi, biz daim təmasdayıq, dünən də telefonla söhbət etdik. Yəni, daim əlaqədəyik və bu şəxsi əlaqələr, bizim aramızdakı bu dostluq, qardaşlıq əlaqələri ölkələrimiz arasındakı əlaqələrə də müsbət təsir göstərir. Bir daha təşəkkür edirəm

Hamısını oxu
Prezident İlham Əliyev:

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Abşeron" yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib. Dövlətimizin başçısı mərasimdən sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibə verib. Milli.Az AZƏRTAC-a istinadən Prezident İlham Əliyevin müsahibəsindən növbəti məqamları təqdim edir: "Sovet İttifaqının son illərində Azərbaycana qarşı böyük ədalətsizliklər edildi. Xüsusilə Azərbaycan xalqının cəlladı Qorbaçov və onun dəstəsi Azərbaycana nifrətlə yaşayırdı. Nəinki azərbaycanlılara, bütün müsəlmanlara, bunu mən dəqiq bilirəm, böyük nifrət hissi var idi. Bunun nəticəsində ermənilər baş qaldırıb və Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşməsi haqqında iddia qaldırdılar - Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırılandan iki həftə sonra. Heydər Əliyev faktoru imkan vermirdi ki, onlar baş qaldırsın. Ancaq Qorbaçovun demək olar ki, yaxın ətrafı ermənilərdən ibarət idi və bu əsassız iddiaya qarşı lazımi addımlar atılmadı. Əksinə, o vaxt Qorbaçov hakimiyyəti 100 faiz ermənilərin tərəfini tutdu və Dağlıq Qarabağın Azərbaycandan ayırmaq üçün ilk addımlar məhz o vaxt atıldı". "O vaxt sovet rəhbərliyi qərar qəbul etdi ki, Dağlıq Qarabağda xüsusi komitə yaradılsın və o komitəyə Qorbaçovun köməkçisi Volski təyin edildi. Volski qatı ermənipərəst insan idi və orada işlədiyi dövrdə əlindən gələni edirdi ki, Azərbaycanın tarixi irsi Dağlıq Qarabağ ərazisindən silinsin. Əfsuslar olsun ki, Azərbaycan rəhbərliyi o vaxt buna sadəcə olaraq tamaşaçı kimi yanaşırdı, öz səsini ucaltmamışdır, öz sözünü deməmişdir. Özünü çox qorxaqcasına aparırdı, mərkəzlə münasibətləri korlamaq istəmirdi. O vaxt Azərbaycana rəhbərlik edən insanlar Azərbaycan xalqına xəyanət etmişdilər". "Azərbaycan İkinci Dünya müharibəsində Sovet İttifaqının Qələbəsinə əvəzolunmaz töhfə vermişdir. Həm burada - arxa cəbhədə, həm ön cəbhədə. İndi bu yaxınlarda Rostov vilayətində Sambek yüksəkliklərinin azad edilməsi mərasimi keçirilmişdir. Mən Rostov qubernatoruna çox minnətdaram ki, azərbaycanlıların qəhrəman əməyi və fədakarlığı orada qeyd edilmişdir. Eyni zamanda, Rusiyanın dövlət televiziyası - "Rossiya-1" kanalı bu məsələ ilə bağlı məndən müsahibə almışdı. Çünki Sambek yüksəkliklərini və Rostov vilayətini faşistlərdən təmizləyən məhz azərbaycanlılar olub, 416-cı Taqanroq diviziyası... Rostovu faşistlərdən təmizlədilər, Mozdokda faşistləri qoymadılar ki, Bakı tərəfə keçsinlər. Bunu biz etmişik, qəhrəman Azərbaycan xalqı. Azərbaycan zabiti Məcidov Brandenburq qapısının üstünə Qələbə bayrağını sancmışdır. Amma tarixi kitablarda bu var? Yoxdur. Kimdən soruşsan, mütləq əksəriyyət bunu bilmir. Nə üçün? Çünki silinirdi. Azərbaycanlıların qəhrəmanlığı silinirdi tarixdən". "O vaxt Moskvada oturanlar - Mikoyanlar və ona oxşar anti-Azərbaycan ünsürlər hər vəchlə çalışırdılar ki, azərbaycanlıların qəhrəmanlığını gizlətsinlər. Mehdi Hüseynzadə - əfsanəvi partizan, ona Sovet İttifaqı Qəhrəmanı adı müharibədən neçə il sonra verildi, özü də Azərbaycan tərəfinin təkidi ilə. Mən Sloveniyada olarkən onun məzarını ziyarət etdim. Orada böyük mərasim keçirdik. Orada onunla birlikdə vuruşan sloveniyalıları gördüm. Onlar göz yaşları tökürdü. Mən onlarla söhbət edirdim, çünki onların təəssüratları çox maraqlı idi. Deyirdilər ki, belə bir qəhrəman insan dünyaya gəlməmişdir. Yəni, o, gizlədilirdi, şüurlu şəkildə danılırdı". Milli.Az

Hamısını oxu
Respublika Veteranlar Təşkilatı şəhid sərhədçilərin yaxınlarına və Dövlət Sərhəd Xidmətinin komandanlığına başsağlığı verib

Mayın 15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” Sərhəd Dəstəsinin xidməti ərazisində, Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqəsindən kənar, qanunsuz keçmək cəhdinin qarşısı alınmışdır. Sərhədpozucuları DSX əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara odlu silahdan atəş açmış və nəticədə xidməti vəzifələrini icra edən baş leytenant Samir Eyvazov və kiçik gizir Fərid Alimov həlak olmuşlar.   Veteran.gov.az xəbər verir ki, Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Təşkilatın Rəyasət Heyəti adından dövlət sərhədlərimizin təhlükəsizliyini təmin edərkən hərbçilərimizin həyatlarını itirməsindən dərin təəssüf və narahatlıq hissi keçirdiyini bildirmiş, onların ailə üzvlərinə və yaxınlarına, o cümlədən Dövlət Sərhəd Xidmətinin komandanlığına dərin hüzünlə başsağlığı vermişdir.   Allah rəhmət eləsin!

Hamısını oxu