Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Dostluğumuz, qardaşlığımız və müttəfiqliyimiz sarsılmazdır

Tarix daha bir Türkiyə-Azərbaycan qardaşlığına şahidlik etdi, yeni bir dostluq və qardaşlıq dastanı yazıldı. Prezident İlham Əliyevin qardaş ölkəyə işgüzar səfəri və Rize-Artvin Hava Limanının təntənəli açılış mərasimində iştirak etməsi növbəti əlamətdar və tarixi hadisədir.

Ümumiyyətlə, Azərbaycan və Türkiyə bu gün dünya miqyasında nadir əməkdaşlıq və müttəfiqlik nümunəsi göstərir. İki dövlətin dostluq və qardaşlıq prinsiplərinə əsaslanan çoxşaxəli münasibətləri uğurla inkişaf edir. Tərəflər arasında dünya miqyasında oxşarı olmayan nadir əlaqələrin mahiyyəti Azərbaycan və Türkiyə xalqlarının böyük öndərlərinin tarixi kəlamlarında öz əksini tapıb. Ümummilli Lider Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir”, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün isə “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir” fikirləri, heç şübhəsiz, iki ölkənin dostluğunun və qardaşlığının fəlsəfi əsasını təşkil edir. Prezident İlham Əliyevin "Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik. Bu siyasət bizə atalarımızdan qalan mirasdır, atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik", Prezident Rəcəb Tayyib Ərdoğanın  "Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir" fikirləri isə Türkiyə-Azərbaycan münasibətlərinin sarsılmazlığını ifadə edir.

Bu gün həm Azərbaycan, həm də Türkiyə bir-birinin yanında olmaqla – qətiyyətli dəstək ifadə etməklə, ən yüksək səviyyədə olan münasibətləri davamlı inkişaf etdirməklə tarix yazırlar. 44 günlük Vətən müharibəsində Azərbaycanın möhtəşəm tarixi qələbə qazanaraq öz ərazi bütövlüyünü bərpa etməsində qardaş Türkiyənin güclü mənəvi və siyasi dəstəyinin rolu danılmazdır. Türkiyə postmüharibə dövründə də Azərbaycanın haqlı və ədalətli mövqeyini beynəlxalq səviyyədə inamla müdafiə edir, regionda və işğaldan azad olunmuş ərazilərdə görülən işlərdə ölkəmizə dəstək nümayiş etdirir. Azərbaycan da öz növbəsində milli maraqlara dair prinsipial məsələlərdə Türkiyəyə inamlı və qətiyyətli dəstək verir. Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə iki güclü, nüfuzlu dövlətin birgə təşəbbüsləri regionda təhlükəsizlik mühitinin güclənməsinə, əməkdaşlıq imkanlarının genişlənməsinə əvəzsiz töhfədir.

Əminliklə söyləmək olar ki, Azərbaycan və Türkiyə daim bir-birinin yanında olacaq, birliyimiz–həmrəyliyimiz heç vaxt sarsılmayacaq!

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

2022-05-16 14:30:00
818 baxış

Digər xəbərlər

“Bu orden Birinci vitse-prezident Mehriban Əliyevanın timsalında xalqımızın humanizminə verilən qiymətdir”

Məlum olduğu kimi, Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill, Rus Pravoslav kilsəsinin I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordenini Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təqdim edib. Azərbaycanın birinci xanımı bu ordenə cəmiyyətdə ənənəvi dəyərlərin qorunub saxlanmasına, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına verdiyi töhfələrə görə Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin fərmanına əsasən layiq görülüb. Veteran.gov.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, bunu Birinci vitse-prezidentin planetimizin ən müxtəlif bölgələrində, eləcə də Rusiyada mədəni-humanitar sahədə həyata keçridiyi uğurlu fəaliyyətlə əalqələndirib:  “Heç kimə sirr deyil ki, hörmətli Mehriban xanım yalnız Azərbaycanda deyil, respublikamızın hüdudlarından kənarda da mədəni-humanitar baxımından geniş fəaliyyət ortaya qoyur, bəşəri dəyərləri rəhbər tutaraq mühüm layihələrin həyata keçirilməsinə dəstək verir. Bu baxımdan Birinci vitse-prezidentimizin, həmçinin onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Rusiyada humanitar xarakterli mühüm işlər gördüyü, böyük yeniliklərə imza atdığı məlumdur. Məlumat üçün qeyd edim ki, Heydər Əliyev Fondu Rusiyanın paytaxtı Moskva şəhərində, eləcə də bu ölkənin 10-dan çox regionunda uşaq evlərinin, məktəblərin təmirindən tutmuş, tarixi-mədəni və dini abidələrin bərpasına qədər bir çox sahədə uğurlu layihələr həyata keçirib, xalqlararası mədniyyət və dostluğa böyük töhflər verib. Bu baxımdan Mehriban xanımın “Müqəddəs Knyaginya Olqa” ordeni ilə təltif edilməsi təqdirəlayiqdir və hər birimizdə qürur hissi doğurur”. Polkovnik Cəlil Xəlilov Mehriban Əliyevanın “Müqəddəs Knyaginya Olqa” ordeni ilə təltif edilməsini bütövlükdə Azərbaycan xalqının humanizminə, xeyirxahlığına verilən qiymət kimi xarakterizə edib: “Azərbaycan dövləti hər zaman öz milli maraqları ilə yanaşı, həm də ümumbəşəri maraqları, bütün insanlığın və planetin maraqlarını əsas götürüb, atdığı hər bir addımda məhz bu prinsipə istinad edib. Prezidentimizin pandemiya dönəmində Afrika və Asiya ölkələrinə verdiyi dəstək bunun bariz nümunəsidir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da, onun rəhbərlik etdiyi Fond da məhz ümumbəşəri dəyərlər və maraqlar aspektində böyük nailiyyətlərə imza atıb. Mehriban xanım özünün çoxşaxəli fəaliyyəti ilə Azərbaycan xalqının ən ali keyfiyyətlərini parlaq şəkildə nümayiş etdirib. Bu mənada hörmətli Mehriban xanıma verilən bu təltifi bütövlükdə Azərbaycan xalqına, xalqımızın sonsuz humanizmi və xeyirxahlığına verilən qiymət hesab edir, bu münasibətlə Birinci vitse-prezidentimizin timsalında, həm də Azərbayacn xalqını təbrik edirəm”. Seymur ƏLİYEV  

Hamısını oxu
Cəlil Xəlilov: Böyük uğurlardan yeni hədəflərə doğru...

Bir neçə gündən sonra Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik, siyasi elmlər üzrə fəlsəfə doktoru Cəlil Xəlilovun 65 yaşı tamam olur. Cəlil Xəlilov sözün həqiqi mənasında dolğun və şərəfli ömür yaşayıb. Ömrün müdriklik çağında – 65 yaşından geriyə baxanda onun qürur duymağa haqqı çatdığının təsdiqi olacaq çox faktlar, layiqincə yaşanmış, Vətəninə, doğma xalqına xidmətdə keçmiş neçə illər var. Cəlil müəllimlə bu söhbətimizdə onunla birlikdə həmin illərə ötəri də olsa nəzər saldıq, bu gün də uğurla yazılan bir zabit, vətəndaş həyatının səhifələrini vərəqlədik.  - Cəlil müəllim, 65 yaş insan ömrünün müdriklik çağı hesab edilir. Bu yaşın sanbalı, məsuliyyəti, xüsusi maraq doğurması həm də sanki insanın qeyri-ixtiyari özünə hesabat verməsi ilə izah edilir. Bu mənada geriyə baxanda Siz daha çox yaşadığınız zəngin və mənalı ömrünüzün hansı dövrlərini, məqamlarını xüsusi qeyd edərdiniz.  - Ömrün bütün dövrləri gözəldir və insan həyatında onların hər birinin öz yeri, çəkisi var. Orta məktəb, ali təhsil illəri, hərbi xidmətdə keçən dövr, nəhayət Respublika Veteran Təşkilatında fəaliyyət... Bu dövrlərin hər birinin mənim ömrümdə öz yeri olub, mənim üçün onların hər biri əzizdir. Hələ orta məktəb illərindən hərb sənətinə böyük marağım olub. Tarix dərslərində atalarımızın, babalarımızın düşmənə qarşı necə böyük cəsarət və qəhrəmanlıqla döyüşdüyünü sevə-sevə öyrənir, milli tariximizdən, hərb tariximizdən ixtixar hissi duyurdum. Həmin döyüş səhnələri barədə yazılan tarixi əsərləri, eləcə də qəhrəmanlıq dastanlarımızı oxuduqca, özümü o döyüşlərin ən qızğın yerində hiss edirdim. Gəncliyin verdiyi böyük həvəs və enerji ilə hərbin sirlərini öyrənməyə can atır, hərbdən, müharibələrdən bəhs edən çoxlu kitablar mütaliə edirdim. Məhz bu həvəs və istək məni hərb peşəsinə gətirib çıxardı. Uşaqlıq arzularım, gənclik xəyallarım reallaşdı. Əslində, Respublika Veteranlar Təşkilatında fəaliyyətim də məhz məsləkimlə bağlıdır. Özümü veteranların içərisində daha gümrah, daha rahat və mübariz hiss edirəm. Bura mənim üçün hər mənada doğmadır və hər zaman da belə qalacaq. - Azərbaycan Sərhəd Qoşunlarının yarandığı ilk illər son dərəcə çətin,  mürəkkəb və məsuliyyətli bir dövrə təsadüf etmişdi. Tale elə gətirmişdi ki, Siz də bu qoşunların təşkili prosesində fəal iştirak edən azsaylı milli sərhədçi kadr zabitlərinin sırasında idiniz. O dövrün ən yaddaqalan və bugünədək çoxlarına məlum olmayan hadisələrini yada salanda yadınıza ilk düşən məqamlar hansılar olur?  - Azərbaycanın Sərhəd Qoşunlarının yaranması prosesi, həqiqətən də, çox çətin və olduqca gərgin dövrə təsadüf etmişdi. Sərhəd Qoşunlarının yaranması, habelə sərhədlərimizin etibarlı müdafiəsinin təmin edilməsi ilə bağlı ortada bir çox ciddi çətinliklər mövcud idi. Bu çətinliklərin sırasına milli hərbi kadrların  azlığı, lazımı texniki avadanlığın, maddi-texniki bazanın olmaması, sərhədlərin müstəqil qorunması ilə bağlı təcrübənin azlığı idi. Təbii, bura ölkədəki ümumi ictimai-siyasi vəziyyətin qeyri-stabil olması, dövlətimizin kənar güclərin ciddi təzyiqlərinə məruz qalması kimi problemlər də dolayısı ilə öz mənfi təsirini göstərirdi. Həmin proseslərlə bağlı yaddaqalan, ağırılı və sevincli xatirələrim çoxdur. Bunların hamısını danışmaq çox vaxt alar. Sadəcə, bir faktı deyim ki, o vaxt dağlıq və yüksək dağlıq relyefə malik əraizlərimizin sərhədlərini qorumaq üçün müxtəlif üsullardan istifadə edirdik. Bu üsullardan biri müxtəlif tikanlı kol və bitkilərlə təbii maneələrin yaradılması idi. Həmin vaxt maddi-texniki bazamız zəif olduğu üçün bir çox hallarda sərhəd xəttində dəmir-beton konstruksiyadan ibarət fiziki maneələr yaratmağa imkanımız olmurdu. Bu, böyük maliyyə vəsaiti, çoxlu işçi qüvvəsi tələb edirdi. Buna görə də əksər hallarda böyürtkən kollarından təbii sipər çəkir, həmin ərazini qaçaqmalçılar, sərhəd pozucuları üçün keçilməz etməyə çalışırdıq. Kadr azlığı, şəxsi heyətədki çatışmazlıqlar bizi mülki insanlarla daha geniş əmədkaşlğa sövq edirdi. Biz çox tez-tez sərhədyanı ərazilərdə yaşayan insanlarla görüşür, onları ayıq-sayıq olmağa, gördükləri yad, şübhəli adamlarla bağlı dərhal sərhədçiləri, hüquq-mühafizə orqanlarıın əməkdaşlarını məlumatlandırmağı tövsiyə edirdik. Bir çox sərhəd pozucusu məhz vətəndaşların sayıqlığı nəticəsində ifşa olunmuş, məsuliyyətə cəlb edilmişdir. Sərhədçilərimiz həmin illərdə ağır şərtlər altıdna belə öz missiyalarını ləyaqətlə yerinə yetirmiş, sərhədlərimizin təhlükəsizliyini təmin etmişdilər.  - 1993-cü ilin iyun-avqust ayları Azərbaycan Respublikasının ikinci müstəqillik tarixinin siyasi mənada ən qaynar ayları sayıla bilər. Bu qaynarlıq yalnız Ermənistanın ölkəmizə qarşı davam edən təcavüzü, cəbhə xəttində yaşanan gərginliklə deyil, həm də ölkənin cənubunda yaşanan və gənc respublikanın taleyini ciddi zərbə altında qoyan digər bir separatşılıq hərəkətləri ilə bağlı idi. Həmin hadisələr vaxtı Siz Lənkəran Sərhəd Dəstəsində qərargah rəisi işləyirdiniz və vəzifə borcunuz, tutduğunuz post Sizi də bu qaynar hadisələrin içərisinə atmışdı.  - Əvvala onu deyim ki, o dövrdə, yəni iyun ayının 15-də Ulu öndər Heydər Əliyev Azərbaycanın siyasi rəhbərliyinə qayıtmasaydı, Azərbaycan dövləti Gəncədə və ölkənin cənubunda baş verən hadisələr nəticəsində süqut edəcək, vətəndaş müharibəsinin başlanması səbəbilə ölkəmiz parçalanacaqdı. Məhz Heydər Əliyevin atdığı qətiyyətli addımlar Azərbaycanı bu məşum taledən xilas etdi. 30 il sonra o hadisələri daha dərindən təhlil edəndə bu qənaətin nə qədər doğru olduğuna bir daha əmin olursan. Belə bir zamanda – 1993-cü ildə Azərbaycanın cənub bölgəsində bir qrup separatçı fəallaşaraq ətraflarına silahlı dəstələr yığıb, özbaşınalıqla məşğul olurdu. Həmin vaxt mən Lənkəranda sərhəd dəstəsinin qərargah rəisi idim və faktiki olaraq sərhəd dəstəsinin rəisi vəzifəsini icra edirdim. O vaxt sərhəd dəstəsi cənubdakı separatçı qüvvələrə qarşı yeganə əsas müqavimət mərkəzi idi. Mən Heydər Əliyevi mütəmadi surətdə bölgədəki vəziyyətlə bağlı məlumatlandırır, öz fəaliyyətimi onun tövsiyələri və göstərişləri əsasında qururdum. Bir dəfə Heydər Əliyev mənə zəng edərək əslən Lənkərandan olan, vaxtı ilə bu şəhərdə yüksək vəzifələr tutan, xalq arasında böyük nüfuza sahib olan bəzi adamlardan söhbət açdı və məndən “Bu adamları tapıb mənimlə əlaqələndirmək üçün sənə nə qədər vaxt lazımdır?, - deyə soruşduqda cavabında dedim ki, cəmi bir saat içində həmin adamları tapa bilərəm. Bir saatdan sonra Heydər Əliyev həmin şəxslərə telefon əlaqəsi yaradaraq təlimatlar verdi, onları əhali arasında təbliğat işini genişləndirməyi, insanları separatizmə qarşı mübarizəyə səfərbər etməyi tapşırdı. Həmin vaxt separatçılara qarşı mübarizədə böyük fəallıq göstərən Dilrubə Camalovanın təhlükəsizliyinin təmin edilməsi, onun qorunması da diqqət mərkəzində saxlanılırdı. Heydər Əliyev yaxşı bilirdi ki, Azərbaycan xalqı heç vaxt separatizmə dəstək verməyib, əksinə, bu cür hallara qarşı çıxıb. Sadəcə, həmin vaxt baş verən hadisələrin mahiyyətini anlamayan bəzi gənclər müxtəlif vədlərə inanaraq separatçı fəalların ətrafında cəmləşmişdilər ki, onların böyük əksəriyyəti sonradan əsl həqiqəti anladılar və Heydər Əliyevə inanaraq separatist əməllərdən əl çəkdilər. Ümumiyyətlə, xalq Heydər Əliyevə bütün qəlbi ilə inanırdı və Ulu öndər hər zaman xalqın bu inamını doğruldurdu. Növbəti zənglərin birində Ulu öndər ölkəmizin cənubunda yaranan gərgin vəziyyət haqqındakı söhbət əsnasında mənim mövcud situasiya ilə bağlı nə düşündüyümü soruşdu. Bildirdim ki, separatçıların ətrafında birləşən gənclərlə, xüsusilə də onların valideynləri, doğmaları ilə təbliğat işini genişləndirməliyik. Əgər biz bu işi yüksək səviyyədə qura bilsək, o zaman gənclər səhv yolda olduqlarını anlayaraq geri dönərlər. Bu təklif Heydər Əliyevin çox xoşuna gəldi. Məhz onun göstərişi ilə biz, habelə Bakıdan Lənkərana ezam edilən nümayəndə heyəti həmin gənclərin doğmaları ilə geniş maarifləndirmə işi apardıq. Nəticədə, bir neçə gündən sonra həmin gənclərin böyük hissəsi silahı yerə qoyaraq doğmalarının yanına qayıtdı. Separatçılar qısa zamanda neytrallaşdırıldı. Onların nəzarətindəki silah-sursat, hərbi texnika müvafiq dövlət orqanlarına qaytarıldı. Ulu öndərin böyük qətiyyəti sayəsində ölkəmizdə qardaş qırğının qarşısı alındı. Çox xoşbəxtəm ki, bu hadisələrin qarşısının alınmasında, Azərbaycanın real parçalanmaq təhlükəsindən qurtulmasında mənim də kiçik də olsa iştirakım olub. - Gələn il Sizin çox mühüm bir sahədə, Respublika Veteran Təşkilatında fəaliyyətə başlamağınızın 10 ili tamam olacaq. Bu illərdə ən çox nələr yadınızda qalıb?  - Bu illər ərzində ən çox yaddaqalan qəhbrəmanlarımızın təbliği, onların xatirəsinin əbədiləşdirilməsi, gənclər arasında vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi istiqamətində atılan çoxsaylı addımlar, həyata keçirilən saysız-hesabsız layihələrdir. Respublika Veteranlar Təşkilatı dünyanın bir çox ölkələrində veteranlar təşkilatı ilə geniş əlaqələrə malikdir və bu ölkələrdə milli dövlətçilik siyasəti baxımından mühüm tədbirlər həyata keçirib. Rusiya, Ukrayna, Belarus və digər ölkələrdə İkinci Dünya müharibəsində faşizmə qarşı döyüşən, itkin düşən soydaşlarımızn aqibətinə aydınlıq gətirib. Təşkilatımız onların xatirəsinin bu ölkələrdə əbədiləşdirilməsinə nail olub. Təşkilatımız qatıldığı beynəlxalq tədbirlər, konfranslar vasitəsi ilə də milli maraqlarımızı beynəlxalq arenada uğurlu müdafiə edib. Bu tədbirlər zamanı emrəni yalanları, ölkəmizə qarşı dezinformasiya siyasəti ifşa edilib. Azərbaycan həqiqətləri ilə bağlı beynəlxalq təşkilatlara mütəmadi müraciətlər göndərilib, bəyanatlar verilib. Xaricdəki soydaşlarımızın da fəal iştirakı ilə Respublika Veteranlar Təşkilatı milli maraqlarımızın müdafiəsi sahəsində sistemli mübarizə ortaya qoyub və bu mübarizə bu gün də davam etməkdədir. - İkinci Qarabağ savaşında Respublika Veteran Təşkilatının gördüyü işlər dövlət rəhbərliyi səviyyəsində yüksək qiymətini aldı. 44 günlük müharibədə veteranlar bir an belə durmadılar, cəbhə xəttində, döyüş zonalarında, arxa cəbhədə fəallıq göstərdilər. Bu insanlar üçün “hər şey cəbhə, hər şey Qələbə üçün” şüarı o günlərdə daha ürəkdən və ucadan  səslənirdi. Bilirəm ki, deməyə sözünüz çoxdur.  - 2020-ci ilin 27 sentyabr tarixində başlayan və həmin ilin 10 noyabrında başa çatan bu müharibə ilə Azərbaycan, sadəcə, erməni faşizmini, onların havadarlarını məğlub etmədi. Həm də tarixi ədaləti, ölkə başçısının sözləri ilə desək, “milli qürurunu bərpa etdi. 30 ildir işğal altıdna qalan torpaqlarımız azad edildi. Ərazi bütövlüyümüz təmin olundu. Bu qələbə xalqın inamını özünə qaytardı. Bu qələbə bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı, Azərbaycan Ordusu güclüdür, böyükdür, yenilməzdir”. Təşkilat olaraq həmin vaxt qarşımızda duran ən başlıca vəzifə Ali Baş Komandanın ətrafında veteranların daha sıx birləşməsinə nail olmaq, dövlətimizə, ordumuza dəstək nümayiş etdirmək, düşmənin dezinformasiyalarını ifşa etmək, daxildəki birlik və həmrəyliyin möhkəmlənməsinə töhfə vermək idi. Bu məqsədlə Vətən müharibəsi dönəmində təşkilatımız beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri haqqında daha dolğun məlumat əldə etməsinə nail olmaq üçün informasiya müstəvisində geniş fəaliyyət göstərib, cəmiyyətdə geniş təbliğat işi aparıb, döyüşən orduya, o cümlədən şəhid və qazi ailələrinə dəstək kampaniyalarında yaxından iştirak edib. Müharibə dönəmində veteranlarımızla birlikdə cəbhə xəttinə ardıcıl səfərlər təşkil edir, əsgər və zabitlərimizlə görüşür, onları qələbəyə ruhlandıran çıxışlar edirdik. Bu səfərlər zamanı ordumuza ərzaq, geyim, tibbi ləvazimatlar da çatdırır, vətəndaş cəmiyyəti olaraq erməni faşizminə qarşı aparılan mübarizəyə töhfə verməyə çalışırdıq. Bütün gücümüz, enerjimiz, fəaliyyətimiz böyük qələbəni yaxınlaşdırmağa xidmət edirdi və biz xalq olaraq Ali Baş Komandanımızın rəhbərliyi, qətiyyəti, səriştəsi sayəsində buna nail olduq.   - Respublika Veteran Təşkilatı bu gün də gənclərin hərbi vətənpərvərlik tərbiyəsi sahəsində ardıcıl iş aparır. Təşkilat gənclərin milli, hər an Vətəni, xalqı qorumağa hazır olmaq ruhunda böyüməsi üçün səylərini əsirgəmir. Bu həm də Ermənistanın sülh müqaviləsi imzalamaqdan hər vasitə ilə yayınması, sərhədlərimizdə müntəzəm surətdə təxribatlar törətməsi ilə bağlıdır. - Gənclər arasında hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların dövlətə, torpağa, bayrağa bağlılığının artırılması təşkilatımızın fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Vətənimizi təhdid edən təhlükələrin mövcudluğu, erməni təxribatları və sair kimi amillər bu fəaliyyəti ikiqat zəruri edir. Biz həm də gənclər arasında geniş maarifləndirmə işi aparır, onların hüquqi, sosial və sair problemlərinin həllinə dəstəkçi olmağa, həmin şəxsləri müvafiq dövlət qurumları ilə əlaqələndirməyə çalışırıq. Vətəndaşların dövlətlə, onun aidiyyati qurumları ilə əlaqələndirilməsi problemlərin qarşılıqlı anlaşma əsasında həlli, vətəndaş hüquqlarının təmin edilməsi, dövlət siyasətinin dəstəklənməsi baxımından olduqca önəmldir. Bu, həm də anti-milli qüvvələrin dövlətimizlə bağlı çirkin məqsədlərinin qarşısını almaq baxımından vacibdir. Bildiyiniz kimi, bəzi qüvvələr var ki, onlar xalqla-dövlət, vətəndaşla-hökumət arasında süni gərginlik yaratmağa, bu gərginlik fonunda öz məkrli niyyətlərinə nail olmağa çalışır. Bunun üçün isə onlar çox vaxt gənclərdən, eləcə də veteranlardan istifadə etməyə səy göstərirlər. Buna görə də Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı paytaxt və bölgələrdə keçridiyi çoxsaylı görüşlərdə, konfrans və forumlarda geniş maarifləndirmə işləri həyata keçirir. Bildiririk ki, hər bir vətəndaş onda narazılıq doğuran məsələ ilə bağlı əlaqədar dövlət qurumuna müraciət etməli, problemin hüquqi müstəvidə həllinə nail olmalıdır. Bu baxımdan onlar bizim Təşkilatımız vasitəsi ilə də öz səslərini istənilən dövlət qurumuna çatdıra bilərlər. Biz bugünə qədər olduğu kimi, bundan sonra da veteranlarımıza bu və digər məsələlərdə dəstək olmağa, onlara əlimizdən gələn köməkliyi göstərməyə hazırıq. Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi dövlətimizin müstəqilliyi, təhlükəsizliyi, sərhədlərimizin etibarlı şəkildə müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir və biz gündəlik fəaliyyətimizdə bunu nəzərə alırıq. Bu isə o deməkdir ki, bütün əlaqədar dövlət və qeyri-hökumət təşkilatları, eləcə də veteranlar təşkilatları fəal olmalı, bu istiqamətdəki səylərini ardıcıl şəkildə gücləndirməlidir. Unutmamalıyıq ki, sabahımız gənclərimizdən, onların vətənpərvərlik tərbiyəsindən, xalqa, doğma torpağa sevgi və bağlılığından asılı olacaq. Odur ki, veteranlar və veteran təşkilatları müzəffər Ali Baş Komandanın siyasətini daim dəstəkləməli, gənclərlə fəal iş aparmalı, onları doğru yola yönəltməlidirlər. Biz 8 Noyabr Zəfərinin nəticələrini, o cümlədən ordumuzun, xalqımızın, cəmiyyətimizin vətənpərvərlik əzmini qoruyub saxlamalıyıq. Milli maraqlarımız, dövlətimizin və xalqımızın maraqları və düşmən qüvvələrin öz məkrli niyyətlərindən hələ də əl çəkməmələri bunu tələb edir. Biz sülh istəyirik, ancaq bunun əksinə də hər an hazır olmalıyıq. - Siz həm də elmi və pedoqoji fəaliyyətlə məşğul olursunuz. Bu barədə danışında ali məktəblərimizdə milli təhlükəsizlik strategiyasınn peşəkar tədrisi üçün hazırladığınız monoqrafiya və digər elmi əsərləriniz yada düşür. Elmi işləriniz necə, davam etdirməyə vaxt tapırsınızmı?  - Elmi-pedaqoji fəaliyyət mənim həyatımın ayrılmaz hissəsidir. Mən uzun müddətdir ki, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, “fəxri professor” kimi bu təhsil müəssisəsində dərs deyirəm. Mənim “Milli təhlükəsizliki strategiyası” kitabım, eləcə də 50-dən çox elmi əsərim təhsil müəssisələrində elmi ədəbiyyat kimi istifadə olunur. Hazırda yeni elmi araşdırmalar üzərində çalışıram və yəqin ki, yaxın gələcəkdə bu araşdırmaların nəticəsi haqqında ictimaiyyət də məlumatlı olacaq. Vaxt məsələsinə gəlincə, vaxt hər zaman məhduddur və zaman qıtlığı özünü daim hiss etdirir. Ancaq bununla belə biz ictima-siyasi fəaliyyətlə yanaşı, elmi fəaliyyətə də vaxt tapmalıyıq. Çünki bu, ictimai əhəmiyyətli fəaliyyət növü olmaqla yanaşı, həm də mənəvi tələbatdır və bu tələbat hökmən ödənməlidir. - Cəlil müəllim, əksər insanlar övladlarının onların yolunu davam etdirməsini, nəsillər arasında bağların həm də bununla möhkəmlənməsini istəyirlər. Sizdə necə, övladlarınızdan yolunuzu davam etdirəni varmı? - Bildiyiniz kimi, mən uzun illər Sərhəd Qoşunlarında, daha sonra keçmiş Milli Təhlükəsizlik Nazirliyində xidmət etmişəm. Mənim üçün qürurvericidir ki, övladlarımdan biri bu gün mənim yolumu davam etdirir. Tale elə gətirib ki, o da mənim kimi öncə Sərhəd Qoşunlarında xidmət edib. Bu gün isə təhlükəsizlik orqanlarında vətənə xidmət etməkdədir. Övladımın mənim yolumu davam etdirməsi məni sevindirir, məndə iftixar hissi oyadır. Çünki mən bu yolun nə qədər çətin, eyni zamanda, şərəfli olduğunu bilirəm. Və onu da bilirəm ki, xalqa, dövlətə xidmət yolu olan bu yol müqəddəsdir və onu gedən insanı hökmən işığa çıxarır.  - Bilirəm ki, elə məsələlər var ki, bu barədə danışmaq, fikirlərinizi bölüşmək istəyirsiniz. Müsahibədə toxuna bilmədiyimiz belə məsələlərdən hansı barədə söz demək istərdiniz? - Əslində, danışmaq istədiyim məsələlər çoxdur. Amma mən sadəcə, bir məqamı vurğulamaqla söhbətimizi yekunlaşdırmaq istərdim. Biz hər zaman hər bir addımımızı milli dövlətçilik mənafeyimizi, ümumxalq maraqlarını nəzərə alaraq atmışıq. Milli maraqlarımızın müdafiəsi bizim fəaliyyətimizin nüvəsini təşkil edir. Bu fəaliyyət xalqımız, dövlətimiz tərəfindən daim rəğbətlə qarşılanıb. Prezidentimizin 44 günlük Vətən müharibəsində təşkilatımızın fəaliyyətinə verdiyi yüksək qiymət buna nümunədir. Lakin təəssüflər olsun ki, bəzən təşkilatımızın gördüyü bunca işlərə qara yaxmaq, cəmiyyətdə çaşqınlıq yaratmaq istəyən məkirli şəxslər də meydana çıxır. Şəxsi ambisiyalardan, fərdi maraqlardan çıxış edən bu şəxslər milli maraqlar zəminində həyata keçirilən işlərə kölgə salmağa cəhd edir. Mən buradan həmin şəxslərə müraciət edərək onları ədalətə, obyektivliyə, milli maraqlarımızın, dövlətimizin mənafeyinin müdafiəsinə səsləyirəm. Çünki xalqın, Vətənin taleyüklü məsələlərinin həll edildiyi hazırkı həssas vəziyyətdə biz hamılıqca şəxsi ambisiyalarıızı bir kənara qoyub xalqa, qətiyyətlə Vətənə  xidmət yolunu tutmalıyıq. Yeganə məqsədimiz bu olmalıdır. Eləcə də, Vətənimizin keşiyində dayanmaq, xalqımıza, Prezidentimizə sədaqətli olmaq bizim bir vətəndaş kimi vicdan borcumuzdur. Heç bir maraq, heç bir ambisiya bu borcdan daha önəmli, daha vacib ola bilməz! Gələcək uğurlarımıza gedən yol birliyimizdən gedir və biz nəyin bahasına olursa-olsun bu birliyi qorumalıyıq.  

Hamısını oxu
“Azərbaycanda sosial dövlət modelinin banisi Heydər Əliyevdir”

Səmyar Abdullayev: “Bu model Prezident İlham Əliyev tərəfindən uğurla genişləndirilib və inkişaf etdirilib” Bu gün Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür. Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevlə söhbətimizdə Ulu öndərin fəaliyyətinə, xüsusilə də sosial sahədə həyata keçirdiyi islashatlara toxunmağa çalışdıq: -Səmyar bəy, ölkəmizdə sosial dövlət modelinin mövcudluğu, bu modelin böyük uğurla vətəndaşlara xidmət göstərdiyi göz önündədir. Bu modelin formalaşma dönəmi,  tarixi inkişaf yolu haqında nə deyə bilərsiniz? -Birmənalı şəkildə qeyd etməliyik ki, Azərbaycanda sosial dövlət modelinin banisi xalqımızın Ümummilli lideri Heydər Əliyevdir. Məhz onun səyi və rəhbərliyi altında müstəqilliyimizin ilk illərindən etibarən bu modelin formalaşdırılması istiqamətində mühüm addımlar atılmağa başlayıb. Vətəndaşların sosial rifahının yüksəldilməsini dövlət başçısı kimi əsas məqsədlərindən biri hesab edən Heydər Əliyev, həssas kateqoriyadan olan şəxslərə - sağlamlıq imkanı məhdud şəxslərə, şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara xüsusi qayğı göstərib. Onların problemlərinin həlli istiqamətində sistemli addımlar atıb. Bir məqamı da qeyd edim ki, Heydər Əliyev cəmiyyətin həssas kateqoriyasına mənsub insanlara bu qayğını çox çətin hərbi-siyasi dönəmdə - maddi imkanalrın kəskin məhdudluğu şəraitində həyata keçirirdi. Bir tərəfədn Ermənistanın işğalçılıq siyasətinə qarşı hərbi və siyasi cəbhədə mübarizə aparan, digər tərəfdən müstəqilliyimizi möhkəmləndirmək üçün çevik diplomatiya həyata keçirən Heydər Əliyev, eyni zamanda sosial dövlət modelini formalaşdırır, vətəındaşların daha yaxşı yaşaması üçün bütün imkanlardan maksimum istifadə edirdi. Bu, milli tariximizin böyük və qürurverici həqiqətlərindən biridir. -Heydər Əliyevin sosial dövlət modeli vətəndaşların rifahını yaxşılaşdırmaqla yanaşı, xalqın mənəviyyatına, cəmiyyətin psixologiyasına necə təsir göstərdi? -Təbii ki, Ulu öndərin əlillər, şəhid ailələri, qayğıya möhtac vətəndaşlarla bağlı yürütdüyü siyasət, onlara olan humanist yanaşması cəmiyyət üçün mənəvi və psixoloji baxımdan da ciddi mesaj idi. Heydər Əliyev ortaya qoyduğu dövlət siyasəti ilə cəmiyyətə, bu cəmiyyətin hər bir fərdinə belə bir mesaj verirdi ki, həssas kateqoriyadan olan vətəndaşlara qayğıkeş münasibət, onların problemlərinin həllinə yardım hər bir vətəndaşın mənəvi borcudur. Heydər Əliyevin bu yanaşması Azərbaycan xalqının çoxəsrlik milli-mənəvi dəyərlər sistemi ilə də tam uzlaşır, o cümlədən, bu dəyərlərin qorunmasına xidmət edirdi. Xalqımızın xarakterində kök salan köməyə ehtiyacı olan insanlara yardım, darda qalana kömək etmək, çətin məqamda həmrəylik srəgiləmək kimi dəyərlər Heydər Əliyev siyasətinin ana xəttini təşkil edir, cəmiyyəti də bu ruhda kökləyirdi. Bütün bunlar onu deməyə əsas verir ki, Heydər Əliyevin sosial siyasəti həm də mənəvi baxımdan mühüm əhəmiyyət kəsb edirdi.   -Azərbaycandakı sosial dövlət modelinin bugünkü vəziyyəti haqqında nə deyə bilərsiniz? -Hesab edirəm ki, Azərbaycandakı müasir sosial dövlət modeli sadəcə region dövlətləri deyil, bütün dünya üçün nümunədir. Çünki bu model sadəcə cəmiyyətin müəyyən kateqoriyalarının deyil, onun hər bir fərdinin sosial rifahının yaxşılaşdırılmasına yönələn əlahiddə bir modeldir. Bu modelin nə qədər effektiv və səmərəli olduğunu anlamaq üçün bəzi rəqəmlərə nəzər salmaq kifayətdir. Nümunə üçün qeyd edək ki, Prezidenmt İlham Əliyevin rəhbərliyi dönəmində ölkəmizdə yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib. Bu rəqəmin özü ölkəmizdəki sosial siyasət modelinin rassionallığından xəbər verir. Bundan başqa, müavinət və təqaüdlərin məbləği orta hesabla 92 faiz, əmək pensiyasının minimum məbləği 72 faiz, büdcə təşkilatlarında çalışanların əməkhaqqı orta hesabla 50 faiz artırılıb. 2018-ci ilin əvvəli ilə müqayisədə orta aylıq nominal əməkhaqqı 39 faiz, əmək pensiyalarının orta məbləğində 60 faiz, sosial müavinətlərin orta məbləğində 2 dəfə, Azərbaycan Respublikası Prezidentinin təqaüdünün orta məbləğində isə artıb 2,2 dəfə artım olub. Bütün bunlar Azərbaycan dövlətinin vətəndaşların sosial rifahını yaxşılaşdırmaq istiqamətində gördüyü mühüm işlərdən, əldə edilən böyük nəticələrdən xəbər verir. -Səmyar bəy, ölkəmizdəki sosial dövlət modelinin yaxın gələcəklə bağlı perspektivlərini necə qiymətləndirirsiniz? -Mövcud sosial model yaxın gələcək üçün də böyük perspektivlər, böyük nəticələr vəd edir. Bunu görülən işlərin miqyası, dövlətimizin bu sahədəki prinsipiallığı da təsdiq edir. Konkret desək, 2022-ci ilin sosial islahatları dövlət başçısının 16 oktyabr 2021-ci il tarixli “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq həyata keçirilir. Bi isə o deməkdir ki, həyata keçiriləcək islahatlara illik əlavə 1,5 milyard manat vəsait ayrılacaq. İslahatlar ümumilikdə 2,1 milyondan çox şəxsi əhatə edəcək. Bu rəqəmin özü həyata keçiriləcək islahatların miqyasını göstərir. Bir  məqamı da qeyd edim ki, müavinət və təqaüdlərin miqdarında da ciddi artımlar baş verib və bu artım əlilliyi olan şəxsləri də əhatə edib. 2022-ci ilin əvvəlindən etibarən əlilliyə görə müavinətlər I dərəcə üzrə — 150 manatdan 220 manata, II dərəcə üzrə — 130 manatdan 180 manata, III dərəcə üzrə — 110 manatdan 120 manata çatıb. Bildirək ki, son üç ildə aparılan islahatlar nəticəsində əlilliyə görə I dərəcə üzrə müavinətlər 2,7 dəfə, II dərəcə üzrə 3 dəfə, III dərəcə üzrə isə 2,3 dəfə artırılıb. Ümumi səbəbdən birinci dərəcəli əlilliyi olanlara müavinətlərlə yanaşı, 130 manat məbləğində Prezidentin aylıq təqaüdü də verilir. Müharibə əlilləri də dövlətimizin daim diqqət mərkəzindədir və onların sosial rifahının yaxşılaşdırılması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Müharibə, hərbi xidmət və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olanlara I dərəcəyə görə 400 manat, II dərəcəyə görə 350 manat, III dərəcəyə görə 300 manat məbləğində Prezidentin aylıq təqaüdü ödənilir. Əlillərlə yanaşı, onlara qulluq edən şəxslərin də təqaüdündə artım baş verib. Belə ki, birinci qrup əlillərə qulluq üçün Prezidentin aylıq təqaüdü gələn ilin əvvəlindən 60% artırılaraq 80 manata çatdırılıb. Bir sözlə, bütün bu rəqəmlər, sadaladığımız faktlar ölkəmizdəıki sosial dövlət modelinin bugünü ilə yanaşı, gələcək perspektivlərindən xəbər verir. Təbii ki, biz bütün bunlara görə həm sosial dövlət modelimizin qurucusu olan Ümummilli liderimiz Heydər Əliyevə və Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarıq. Əminik ki, işğaldan azad edilən torpaqlarımızda həyata keçirilən layihələr, bu torpaqlarda gerçəkləşdirilən böyük quruculuq işləri, dövlətimizin artan iqtisadi gücü və maliyyə imkanları sosial dövlət modelimizin bundan sonra da qüsursuz şəkildə işləməsini təmin edəcək, vətəndaşlarımızın sosial rifahının yaxşılaşmasına öz töhfəsini verəcəkdir. -Səmyar bəy, həssas kateqoriyaya məxsus vətəndaşlarla birbaşa təmasda olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətini necə dəyərləndirirsiniz? -Hesab edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dövlət başçısının tapşırıq və tövsiyyəsindən irəli gələn məsələlərin həlli istiqamətində həqiqətən də ciddi addımlar atır və bu tapşırıqların icrasına həssaslıqla yanaşır. Buna nümunə olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu müstəvidə həyata keçirdiyi bəzi layihələrə qısa nəzər salmaq kifayətdir. Məlumat üçün qeyd edim ki, təkcə cari il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi xüsusi qayğıya ehtiyac duyan şəxslərin reabilitasiya yönümlü sosial xidmətlərlə təminatı üzrə 150-dən çox layihə həyata keçirməyi planlaşdırır. Layihələr qayğı və icma əsaslı reabilitasiya mərkəzlərinin də yaradılması, müvafiq kateqoriyalardan olan şəxslərə sosial-psixoloji, nevroloji, pedaqoji və s. xidmətlər, habelə ailələrinə hüquqi məsləhət xidmətləri göstərilməsi kimi məsələləri əhatə edir. Sağlamlıq imkanları məhdud uşaqlar və əlilliyi olan şəxslər arasında idman tədbirlərinin keçirilməsi, onların beynəlxalq yarışlarda iştirakına şərait yaradılması, autizm eşitmə və nitq qabiliyyəti olmayan uşaqlara reabilitasiya xidmətlərinin göstərilməsi, övladlığagötürmə, insan alverinə qarşı mübarizə və s. ilə bağlı təbliğat məqsədli layihələrin icrası da nəzərdə tutulur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən məşğulluq xidmətlərinin icrasında həssas əhali qruplarına, o cümlədən, gözdən əlil vətəndaşlara üstünlük verilir. Qeyd edək ki,  2021-ci ildə 1348 nəfər əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb olunub. Agentlik tərəfindən ötən il 2850 əlilliyi olan şəxs əmək müqaviləsi əsasında münasib işlərlə təmin edilib. 6 mindən çox işsiz şəxs layihə üzrə biznes təlimlərə cəlb edilib ki, onla­rın 1033-ü şəhid ailəsi üzvü və müharibə iştirakçısıdır. Vətəndaş müraciətlərinin çevik şəkildə cavablandırılması, hər bir müraciətin ətraflı şəkildə araşdırılması da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinə xas mühüm xüsusiyyətlərdən biridir. Bu baxımdan əminliklə söyləmək olar ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaxın gələcəkdə də vətəndaş məmnunluğunun təmini istiqamətində mühüm addımlar atacaq, dövlət başçısının tapşırıqlarını bugünə qədər olduğu kimi, bundan sonra da çox böyük dəqiqlik və məsuliyyət hissi ilə icra edəcəkdir.   Seymur ƏLİYEV  

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov

Hamısını oxu