Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Uzaq Britaniyada Azərbaycan rüzgarı...

Qarabağ atları milyonlarla insanı ovsunlamaqda davam edir

Bu gün xarici və ölkə mətbuatını izləyərkən Azərbaycanımızın nadir incilərindən olan Qarabağ atlarının  ölkəmizdən uzaqda  - Böyük Britaniyada möhtəşəm şou göstərməsindən bəhs edən yazılara rast gəldim. Doğrusu,  dövlətimizin belə bir böyük beynəlxalq tədbirdə iştirakı məndə  bir vətəndaş kimi fəxarət hissləri yaratdı. İngiltərənin tanınmış mətbu orqanları Qarabağ atlarının  unikal prfomansından bəhs edirdi.

Mayın 12-15-i Böyük Britaniyada Vindzor qəsrinin ərazisində ənənəvi “Kral Atçılıq Şousu” çərçivəsində Azərbaycanın 70 nəfərdən ibarət nümayəndə heyətinin ilk çıxışı olub.

Azərbaycandan Britaniyayadək böyük yol qət etmiş 15 Qarabağ atının iştirakı ilə nümayiş etdirilən xüsusi şou proqram tamaşaçılar tərəfindən yüksək rəğbətlə qarşılanıb.

5000 tamaşaçının tribunalardan və milyonlarla insanın ekran qarşısında canlı olaraq baxdığı 6 dəqiqəlik “Odlar yurdu” tamaşasında süvarilərimizin atçapma məharətləri, eləcə də əsrarəngiz musiqimizin sədaları altında milli rəqslərimiz izləyiciləri valeh edib.

Həmin tədbirlər İngiltərənin böyük izləyici kütləsinə malik televiziya kanallarında və internet platformalarında canlı olaraq təqdim olunmuşdur. Qələbə əhval-ruhiyəli ölkəmizin belə bir tədbirdə iştirakı və Azərbaycan xalqına xas milli atçılıq məharətinin parlaq nümayişi minlərlə xarici və İngiltərə vətəndaşını sözün əsl mənasında heyran etmişdi.

Qarabağ atlarının nümunəvi çıxışı Azərbaycan Respublikası Atçılıq İdman Federasiyasının gərgin əməyi və səyi  nəticəsində minlərlə tamaşaçının marağına sahib olmuşdu. Qarabağ atlları  və onları idarə edən çaparlar  möhtəşəm  perfomansla yanaşı, həm də Azərbaycanın milli ənənələrini ustalıqla xarici vətəndaşlara göstərmişlər.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kraliçası II Yelizaveta Azərbaycan Respublikasının Atçılıq Federasiyasının prezidenti Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətini Vindzor sarayında qəbul edib.

“Vindzor Kral Atçılıq Tədbirləri” çərçivəsində Azərbaycan təmsilçilərinin çıxışlarını hər zaman böyük maraqla izləyən Ülyahəzrət Kraliçaya Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin hədiyyəsi – “Şöhrət” adlı Qarabağ atı təqdim olunub.

Xatırladaq ki, Atçılıq Federasiyasının fəaliyyətində əsaslı dönüş  2009-cu ilin mart ayının 5-dən sonra başlayıb. Həmin gün Milli Olimpiya Komitəsində keçirilən növbəti hesabat-seçki yığıncağında səsvermənin nəticələrinə əsasən,  Dövlət Sərhəd Xidmətinin rəisi general -polkovnik  Elçin Quliyev Federasiyanın Prezidenti seçilib və İdarə Heyətinin yeni tərkibi yaradılıb. Qısa zaman ərzində Federasiyanın yeni nizamnaməsi təsdiq olunub. Federasiyanın adı dəyişdirilərək Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) adlandırılıb.  Yeni rəhbərliyin seçilməsi ölkəmizdə atçılığın inkişafının yeni istiqamətlərini müəyyənləşdirib. ARAF atçılığın yalnız idman sahələrinin deyil, qeyri-idman və qeyri-olimpiya növlərinin, o cümlədən milli atçılığın inkişaf etdirilməsi kimi böyük missiyanı da öz öhdəsinə götürüb.

Bu yolda ilk nailiyyətimiz ARAF-ın 1997-ci ildə FEİ-yə (Beynəlxalq Atçılıq Federasiyası) üzv olması olub. Bu, böyük, məsuliyyətli və ciddi bir addım idi. Yeni imkanlar, yeni nailiyyətlər, yüksək səviyyədə keçən maraqlı yarışlar, milli oyunlar, xaricdən təşrif buyuran peşəkar idmançılar, gündən - günə sayı artan tamaşaçılar-əminliklə demək olar ki,  qarşımıza qoyulan məqsədə çatdıq.

Bu yolda 2014-cü ildə yenidən ARAF-ın prezidenti seçilən cənab Elçin Quliyevin böyük və əhəmiyyətli  rolu olmuşdur. 2009-cu ildə baş vermiş əsaslı dönüşdən sonra cənab Elçin Quliyevin rəhbərliyi altında daha iki mühüm addım atılmışdır. Belə ki, 2010-cu ilin fevral ayında İFHA-ya (Cıdır Yarışları Təşkil Edən Qurumların Beynəlxalq Federasiyası), 2013-cü ilin dekabr ayında isə Federasiya  Beynəlxalq Polo Federasiyasına (FİP) üzv seçilib.

Britaniyanın “Daily Mail” nəşri Azərbaycan atlılarının göstərdiyi tamaşanı "möhtəşəm" adlandırıb.

Windsor qəsrinin ərazində təşkil edilən şouda Azərbaycan atçılarının nümayiş etdirdiyi performans - iki çapan at üstündə qadının şpaqat etməsi, sürətlə çapan atın belindən başıaşağı iki atlının asılmış vəziyyətdə hərəkət etməsi və digər çıxışlar “Daily Mail” tərəfindən "tamaşaçını məəttəl edən" ifadəsiylə səciyyələndirilib.

Nəşr Azərbaycanı insan tərəfindən atların əhilləşdirildiyi dünyanın ilk regionlarından biri olduğunu qeyd edib.

Britaniyanın nüfuzlu televiziya kanalı “Good Morning London” verilişində Qarabağ atları, eyni zamanda, süvarilərimiz və rəqs ansamblının üzvləri ilə canlı yayım təşkil edilib. “BBC” kanalının səhər proqramında və “BBS News”da eyni mövzuda reportaj yayımlanaraq efirə verilib.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin Vidzor Atçılıq tədbirində yüksək səviyyədə təmsil olunması, süvarilərimizin müxtəlif ekstremal hərəkətlərdən istifadə edərək nümayiş etdirdiyi möhtəşəm şou, xüsusilə tədbirin baş qəhrəmanları olan Qarabağ atlarının məharətli çıxışı Britaniyanın nüfuzlu “The Times”, “Horse & Hound” və “Equestrian Life” kimi böyük oxucu auditoriyası olan nəşrlərin diqqət mərkəzində olub.

Sonda Azərbaycanın  ölkəmizdən uzaqda təbliğini , Qarabağ atlarının və çaparlarımızın professional bacarıqlarının yüksək səviyyədə nümayiş etdirməsini təşkil etdiyinə görə Azərbaycan Respublikası Atçılıq Federasiyasının(ARAF) prezidenti, Dövlət Sırhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevə dərin təşəkkürümü  bildirirəm .

Mürsəl Qurbanov

 

2022-05-16 21:06:00
960 baxış

Digər xəbərlər

Koronavirus pandemiyası dövründə Azərbaycan dövləti veteranları da diqqətdən kənarda qoymayıb

Prezident İlham Əliyevin koronavirusa qarşı mübarizə sahəsində imzaladığı sərəncamları, sosial həmrəylik nümayiş etdirilməsi barədə dəyərli tövsiyələri və təşəbbüslərini veteranlar dəstəkləyir, dövlətimizin başçısının çağırışına qoşulurlar. Koronavirus təhlükəsinin bütün dünyada sürətlə artması Azərbaycanın da önləyici addımlar atmasını zəruri edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə vaxtında görülmüş operativ və təxirəsalınmaz tədbirlər nəticəsində hazırda respublikamızda koronavirus pandemiyasına qarşı səmərəli mübarizə aparılır. Dövlətimiz bu gün də əhalinin sağlamlığını qorumaq, koronavirusun yayılmasını önləmək üçün səylərini davam etdirir. Bu tövsiyələrə məsuliyyətlə yanaşaraq xalqımızın bu bəladan minimum zərərlə xilas olacağına inanırıq. Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Cəlil Xəlilov qeyd edib ki, dövlətimizin başçısı pandemiya dövründə veteranlara, əlillərə də qayğı ilə yanaşır. Veteranlar hər zaman Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunublar. Bütün dünyanın üzləşdiyi pandemiya dövründə dövlətimiz veteranları da unutmur. Veteranlar Prezidentin fəaliyyətini alqışlayır. Dövlətin vətəndaşların təhlükəsizliyi baxımından bütün zəruri addımları atmaqda davam etdiyini, Prezident İlham Əliyevin əhalini koronavirus təhlükəsindən qorumaq məqsədilə ilk gündən çevik qərarlar qəbul etdiyini, ciddi qabaqlayıcı tədbirlər gördüyünü qeyd edən Cəlil Xəlilov deyib ki, Azərbaycan yalnız regionda deyil, bütün dünyada koronavirus təhlükəsinə adekvat reaksiya verən, zamanında qabaqlayıcı tədbirlər görən azsaylı dövlətlərdən biridir. Məhz buna görə də digər dünya dövlətləri ilə müqayisədə Azərbaycanda koronavirusun yayılma tempi azdır. Bununla belə, dövlətimiz bu gün də koronavirusun yayılmasının qarşısını almaq üçün səylərini davam etdirməkdədir. Respublika Veteranlar Təşkilatının sədr müavini bildirib ki, 65 yaşdan yuxarı tənha şəxslərin, eləcə də aztəminatlı ailələrin, muzdlu işçilərin, sahibkarların, veteranların dövlət tərəfindən himayə edilməsi, onlara maddi dəstəyin göstərilməsi də həyata keçirilən tədbirlər sırasındadır. Bu, bir daha dövlətimizin başçısının vətəndaşlara olan həssas münasibətini təcəssüm etdirir. Əminik ki, dövlətimizin başçısının koronavirusla mübarizə çərçivəsində atdığı qətiyyətli və humanist addımlar bu mübarizəyə töhfəsini verəcək və xalqımızın bu bəladan ən az itki ilə çıxmasını təmin edəcək. “Biz veteranlar hər zaman dövlətin qayğısını hiss edirik. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya Vətənimiz və xalqımız üçün gördüyü bütün işlərə, yorulmaz fəaliyyətlərinə, bizə göstərdikləri diqqət və qayğıya görə Respublika Veteranlar Təşkilatı adından dərin minnətdarlığımızı bildiririk. Əminik ki, koronavirusla mübarizə çərçivəsində dövlətimiz tərəfindən atılan qətiyyətli və humanist addımlar ölkəmiz və əhalimizin sağlamlığı üçün öz dəyərli töhfəsini verəcək”, - deyə o vurğulayıb.

Hamısını oxu
Respublika Veteranlar Təşkilatı koronavirusla mübarizəyə dəstək olub

Martın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən iclasda koronavirus təhlükəsi ilə əlaqədar olaraq martın 24-ü saat 00:00-dan etibarən aprelin 20-dək xüsusi karantin rejimi elan edilib. Koronavirusun yaşlı insanlar üçün xüsusilə ciddi təhlükə kəsb etdiyini nəzərə alaraq, onların müdafiəsi məqsədi ilə 65 yaş və bu yaşdan yuxarı insanların evdən çıxmasına qadağa qoyulub. Həmçinin bu kateqoriyadan olan vətəndaşlara sosial xidmətlərin göstərilməsinin təmin edilməsi nəzərdə tutulur. Yaşlı insanlara bu xidmət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinin sosial xidmət işçiləri tərəfindən həyata keçiriləcək. AZƏRTAC xəbər verir ki, Nazirlər Kabinetinin həmin qərarını təqdir edən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov təşkilat olaraq əlaqədar dövlət qurumlarına dəstək verməyə hazır olduqlarını deyib. O bildirib ki, yaşı 65-dən yuxarı olan vətəndaşlarımızın evdən çıxmasını qadağan edən qanun həssas kateqoriyaya daxil olan insanlarımızın koronavirusdan qorunmasına hesablanıb və bu, dövlətimizin vətəndaşlara, onların sağlamlığına olan duyarlı münasibətinin göstəricisidir. O deyib: “Biz Respublika Veteranlar Təşkilatı olaraq ölkə başçısının koronavirusa qarşı mübarizə məqsədi ilə atdığı bütün addımları dəstəkləyir, bunu vətəndaşlarımızın təhlükəsizliyinin təmini baxımından yüksək qiymətləndiririk. Hesab edirik ki, bütün bu addımlar ölkəmizin, vətəndaşlarımızın müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edən tədbirlərdir. Yaşı 65 və ondan çox olan insanların arasında müharibə və əmək veteranları da az deyil. Bu səbəbdən də yaşı 65-dən çox olan tənha, sosial xidmətə ehtiyac duyan veteranların müəyyənləsdirilməsi, həmin şəxslərlə bağlı əlaqədar dövlət qurumlarına məlumat verilməsi, onlara göstəriləcək sosial xidmətin keyfiyyətinə nəzarət olunması və s. kimi tədbirlər baxımdan Respublika Veteranlar Təşkilatı hər cür informasiya dəstəyinə hazır olduğunu bəyan edir. Hesab edirik ki, xalqımız, dövlətimiz üçün indiki çətin məqamda hər birimiz ölkə başçısının çağırışına səs verməli, koronavirusa qarşı mübarizə məqsədi ilə qəbul edilən hər bir qərara ciddi əməl etməliyik. Unutmamalıyıq ki, dövlətimizin verdiyi hər bir qərar, bu yöndə atdığı hər bir addım vətəndaşlarımızın sağlamlığının qorunması, təhlükəsizliyinin təmin edilməsi üçündür və biz tələb edilən bu qaydalara riayət etməliyik”.

Hamısını oxu
Böhtan kompaniyasını davam etdirməkdə cumhuriyyet.az-ın məqsədi nədir?

   İki həftə əvvəl ölkə KİV-ində yayılmış təkzibimizə baxmayaraq, cumhuriyyet.az Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəaliyyəti, xüsusilə Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov barəsində yalan və böhtan kompaniyasını davam etdirir. Heç bir fakta əsaslanmadan, öz təbirləri ilə desək “baş verən proseslər haqda silsilə yazılar dərc edən” bu saytın kimlərə və nəyə xidmət etdiyi bizə tam aydındır.     Respublika Veteranlar Təşkilatının Nizamnaməsinə uyğun olaraq 2016-cı ildə yerli təşkilatlardan seçilmiş nümayəndələrin iştirakı ilə keçirilən növbəti Plenum ərəfəsində və ondan sonra tirajlanan yalan və böhtan xarakterli məlumatlar bir daha göstərdi ki, saytın məqsədi öz missiyasına uyğun olaraq cəmiyyətə obyektiv informasiyalar çatdırmaq yox, ölkədə yüksək nüfuza malik olan Təşkilatın fəaliyyətinə kölgə salmaqdır. Böhtançılıq missiyasına sadiq qalan sayt hətta Təşkilatın sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayevin Plenumdan öncə öz iş otağında bir qrup veteranla görüşməsini də (bunu 22-23 noyabra aid KİV məlumatları təsdiq edir) şübhə altına alıb. Halbuki, böhtançılara həm bu fakt, həm də Təşkilata ayrılan vəsaitin xərclənməsi ilə bağlı faktlar yaxşı məlumdur (əks halda sədr müavini C.Xəlilovun 19 noyabr 2016-cı ildə AzərTAc-da yayılmış və “Respublika” qəzetində dərc edilmiş müsahibəsindən xəbərsizlik sayt əməkdaşlarının peşəkarlığına şübhələri artırardı). Yaxud əvvəlki sayıqlamalarında tirajladıqları “sədr dəyişikliyi ilə bağlı” yalanların təsdiqini tapmaması. Böhtançılara və Plenumun işinə qatılan “mənbələri”nə də məlum olduğu kimi Plenumda Təşkilatın 2016-cı ildəki fəaliyyəti və növbəti il qarşıda duran vəzifələr müzakirə olundu.      Yalan və böhtanlarının hər dəfə faktlarla ifşasının cumhuriyyet.az-ı pis vəziyyətə salmasının günahkarlarına gəlincə, biz cavabımızla həmin şəxslərə layiq olmadıqları diqqətin göstərilməsinə yenə lüzum görmürük. Yalnız onu bildiririk ki, Təşkilatın sabiq əməkdaşı Kamal Əliyev vəzifə səhlənkarlığına və işdə yol verdiyi digər nöqsanlara (lazım gələrsə, açıqlaya bilərik) Təşkilatın sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev tərəfindən işdən çıxarılıb. Guya mövqelərinə isnad edilən veteranlara gəlincə, adları çəkilən həmin şəxslər bizimlə əlaqə saxlayaraq yazılanları təkzib edir, cumhuriyyet.az, yaxud digər sayta hər hansı məlumat vermədiklərini, onların adından yazılanların yalan olduğunu bildirirlər.    Bir daha qeyd edirik ki, qarayaxma kompaniyası aparanlar və dəstəkçiləri əmin olsunlar ki, Respublika Veteranlar Təşkilatı bütün iş istiqamətləri üzrə fəaliyyətini inamla davam etdirir və keçirdiyi tədbirlərin əhatə dairəsini günbəgün genişləndirir. Böhtan və yalanları tirajlayanları düz yola dəvət edir, onlara Respublika Veteranlar Təşkilatı ətrafında əsassız şayiələr yaymaqdan uzaq olmağı, veteran hərəkatına layiqincə xidmət göstərən insanların dəyərli vaxtlarını kimlərinsə əsassız iddiaları və hədyanları ilə almamağı tövsiyə edirik. Biz veteran təşkilatı olaraq KİV-lə münasibətləri başqa müstəvilərə çıxarmağı özümüzə rəva bilmirik. Ancaq şərəfli həyat yolu keçmiş və bu gün də xalqına, dövlətinə layiqincə xidmət edən zabitlərimizin ünvanına böhtan yağdıranlar başqa seçim qoymurlar.    Respublika Veteranlar Təşkilatı bir daha bəyan edir ki, öz fəaliyyəti, yaxud ona aidiyyatı olan istənilən məsələ ilə bağlı mediaya daim açıqdır və biz özümüzə dost hesab etdiyimiz KİV nümayəndələrindən yalnız obyektiv məlumat gözləyirik.     Respublika Veteranlar Təşkilatının İctimaiyyətlə əlaqələr şöbəsi.

Hamısını oxu
XII Qlobal Bakı Forumu: Geosiyasi və strateji hədəflər

Martın 13-də keçirilən XII Qlobal Bakı Forumunda Azərbaycan Prezidenti İlham Əliyev çıxışında beynəlxalq münasibətlər, enerji siyasəti, regional təhlükəsizlik və Azərbaycan-Ermənistan münasibətləri kontekstində mühüm məsələlərə toxundu. “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusu çərçivəsində cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Qlobal Bakı Forumunun beynəlxalq əhəmiyyətini bir daha göstərmiş oldu.Azərbaycanın ev sahibliyi etdiyi Qlobal Bakı Forumu artıq qlobal səviyyədə nüfuz qazanmış mühüm beynəlxalq platformadır. Forum çərçivəsində dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri və nüfuzlu ekspertlər mühüm məsələləri müzakirə edirlər. Cənab Prezident İlham Əliyevin çıxışında vurğulandığı kimi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bu prosesdəki rolu əhəmiyyətlidir və Azərbaycanın beynəlxalq əməkdaşlıq platformalarını uğurla idarə etməsi qlobal siyasətdəki mövqeyini gücləndirir.Prezident İlham Əliyevin çıxışında Azərbaycanın 2024-cü ilin noyabrında ev sahibliyi etdiyi COP29-a xüsusi diqqət ayrıldı. O, Azərbaycanın bu tədbiri təşkil etməsinin dünya ölkələrinin ölkəmizə olan etimadının göstəricisi olduğunu vurğuladı. COP29 çərçivəsində Bakıda bərpaolunan enerji sahəsində maliyyələşmənin üç dəfə artırılması (100 milyarddan 300 milyard dollara qədər) qərarı mühüm uğur kimi dəyərləndirildi. Bu, Azərbaycan üçün yeni iqtisadi imkanlar açır və yaşıl enerji istehsalında ciddi irəliləyişə zəmin yaradır.Eyni zamanda, ölkə rəhbəri Azərbaycanın enerji siyasətində şaxələndirməyə üstünlük verdiyini qeyd edərək, ölkənin həm neft-qaz, həm də bərpaolunan enerji resurslarına əsaslanan modelə keçdiyini bildirdi. Bu siyasət Azərbaycanın qlobal enerji bazarında etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir.Cənab Prszidentin çıxışının diqqətçəkən məqamlarından biri Azərbaycanın enerji siyasətinin təkcə milli deyil, həm də regional və qlobal miqyasda mühüm təsirlərə malik olması idi. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan bu gün 12 Avropa ölkəsi də daxil olmaqla, 10-dan çox ölkənin enerji təhlükəsizliyinə töhfə verir. Xüsusilə, Avropa İttifaqının Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul etməsi və enerji marşrutlarının diversifikasiyası fonunda Bakı mühüm geosiyasi aktora çevrilib.Bununla yanaşı, ölkə rəhbəri Azərbaycanın yeni enerji layihələrinə – yaşıl enerji ixracına, Xəzər-Qara dəniz marşrutuna və yeni enerji kabelinə xüsusi diqqət çəkdi. Bu təşəbbüslər Avropanın enerji təhlükəsizliyini möhkəmləndirmək üçün strateji əhəmiyyət daşıyır və Azərbaycanın bu sahədə əsas oyunçulardan biri kimi rolunu təsdiqləyir.Forumda qlobal informasiya müharibəsi və Azərbaycana qarşı kampaniya da diqqətçəkici məqamlardan idi. Prezident İlham Əliyev çıxışında Azərbaycanın qlobal informasiya müharibəsi ilə üzləşdiyini və xüsusilə Qərb mediasının COP29 öncəsi ölkəyə qarşı kampaniya apardığını vurğuladı. Qərbin, xüsusilə Fransanın aparıcı media qurumları vasitəsilə Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməyə çalışdığı qeyd olundu.Bu, ilk dəfə deyil ki, Qərb media qurumları və bəzi siyasi dairələr Azərbaycanın milli maraqlarına qarşı kampaniya aparırlar. Bunun əsas səbəblərindən biri Azərbaycanın müstəqil siyasət aparması, beynəlxalq münasibətlərdə öz suverenliyini qətiyyətlə qoruması və böyük dövlətlərin təzyiqlərinə boyun əyməməsidir. Dövlət başçısı bu kontekstdə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi fonunda xarici təzyiqlərin artdığını qeyd etdi.Prezident İlham Əliyev çıxışında Ermənistanın Azərbaycana qarşı işğal siyasətinin nəticələrinə toxunaraq, azad edilmiş ərazilərin tamamilə dağıdıldığını vurğuladı. Bununla yanaşı, sülh prosesinə dair Azərbaycanın irəli sürdüyü prinsiplərin əsasən qəbul edildiyini, lakin Ermənistanın hələ də müəyyən maneələr yaratdığını qeyd etdi.Sülh prosesi çərçivəsində əsas məqam Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının qalmasıdır. Müzəffər Ali Baş Komandan açıq şəkildə bildirdi ki, Azərbaycan Ermənistanın bu iddialardan imtina etməsini tələb edir. Əks halda, sülh prosesinin davamlı olması sual altına düşə bilər.Bundan əlavə, Prezident Ermənistanın yeni silahlanma siyasətinin və xarici aktorlar tərəfindən hərbi dəstək almasının yeni müharibəyə hazırlıq əlaməti ola biləcəyini bildirdi. Bu, Cənubi Qafqazda sabitliyin pozulması üçün ciddi təhlükə yarada bilər.Prezident İlham Əliyevin XII Qlobal Bakı Forumundakı çıxışı Azərbaycanın qlobal və regional siyasətində mühüm mövqeyini bir daha ortaya qoydu. Azərbaycanın enerji təhlükəsizliyi sahəsində oynadığı mühüm rol, yaşıl enerji strategiyası və beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkənin qlobal nüfuzunu artırır.Bununla yanaşı, dövlət başçısının Qərb mediası və bəzi xarici dairələr tərəfindən aparılan kampaniyaya cavabı, Azərbaycanın informasiya müharibəsinə qarşı mübarizə apardığını göstərir. Ermənistanla sülh prosesində isə Azərbaycanın mövqeyi dəyişməz qalır: Azərbaycanın suverenliyi və ərazi bütövlüyü heç bir kompromisə getmədən qorunacaq.Bütün bu amillər Azərbaycanın qlobal siyasətdə daha fəal rol oynamağa davam edəcəyini və regionda lider mövqeyini daha da möhkəmləndirəcəyini göstərir. Məşhur MəmmədovMilli Məclisin deputatı

Hamısını oxu