Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Prezidentin “təhlükəsizliyimizin qarantı biz özümüzük” ifadəsi gücümüzün və birliyimizin göstəricisidir”

Cəlil Xəlilov: “Bu şüar bizi dövlətimiz, Prezidentimiz və Ordumuz ətrafında daha sıx birləşməyə səsləyir”

 “Prezident İlham Əliyevin Kəlbəcər şəhər sakinləri ilə görüşdə səsləndirdiyi “bizim təhlükəsizliyimizin qarantı biz özümüzük - dövlət, xalq və Silahlı Qüvvələrimiz” ifadəsi gücümüzün və birliyimizin göstəricisidir”.

 Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu ifadə dövlətimiz və ordumuz ətrafında sıx birləşməyin nə qədər zəruri olduğunu göstərir:

 “Dövlət başçısı tərəfindən irəli sürülən və 44 günlük Vətən müharibəsində praktiki şəkildə öz əksini tapan bu fikir çox böyük həqiqəti ifadə edir. Vaxtiylə üzləşdiyimiz işğal problemi və bu problemdən öz hərbi gücümüz hesabına xilas olmağımız təhlükəsizliyimizin qarantının həqiqətən də yalnız özümüz olduğunu isbatladı. Prezidentimiz bu böyük həqiqəti Kəlbəcər rayon sakinləri ilə görüşündə bir kəs daha yada salmaqla, bundan sonra da güclü qalmağımızın, özümüzü inkişaf etdirməyimizin vacibliyinə diqqət çəkdi.

“Təhlükəsizliyimizin qarantı biz özümüzük” ifadəsi bizi dövlətimiz, Prezidentimiz və Ordumuz ətrafında daha sıx birləşməyə səsləyir. Bu şüar bizə xatırladır ki, özümüzdən başqa istinad edəcəyimiz, söykənəcəyimiz heç nə yoxdur. Buna görə də biz bütün gücümüzü və səyimizi dövlətimizin və Ordumuzun daha da güclənməsinə sərf etməli, Prezidentimizin hər bir çağırışını əməli şəkildə, çox böyük məsuliyyət hissi və vicdanla yerinə yetirməliyik. Unutmamamlıyıq ki, daha təhlükəsiz Azərbaycana gedən yol daha güclü Azərbaycandan keçir. Bunun üçün isə bizim öz üzərimizə düşən vəzifə və öhdəlikləri qüsursuz şəkildə yerinə yetirməyimiz vacibdir”.

Polkovnik vətəndaşlarımızın öz ayıq-sayıqlığını qorumasının zəruriliyinə də diqqət çəkdi:

“Prezident çıxışında Ordumuzun modernləşdirilməsi prosesinin bu gün də davam etdiyini bildirdi. Qeyd etdi ki, Azərbaycan müasir PUA və artilleriya sistemləri alıb, eləcə də ölkəmizə yeni, modern döyüş təyyarələrinin gətirilməsi ilə bağlı müqavilələr imzalanıb. Bütün bunlar Azərbaycanın təhlıükəsizliyinin, müdafiə qabiliyyətinin gücləndirilməsi baxımından atılan mühüm addımlardır.

Biz də istər fərd, istərsə də cəmiyyət olaraq daim ayıq-sayıq olmalı, istənilən təhdid və təhlükə qarşısında çevik şəkildə birləşməyi, bir yumruğa çevrilməyi bacarmalıyıq. Yalnız bu şəkildə - Prezidentimizin, dövlətimizin və Ordumuzun ətrafında sıx birləşməklə öz təhlükəsizliyimizi təmin etməyimiz, daha böyük uğurlara nail olmağımız mümkündür”.

Seymur ƏLİYEV

2025-08-22 11:33:52
2632 baxış

Digər xəbərlər

Birinci vitse-prezident Mehriban Əliyevaya ad günü münasibətilə təbriklər gəlməkdə davam edir

Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Altınbek Mamayusupov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik ünvanlayıb. APA xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli Mehriban xanım. Doğum gününüz münasibətilə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Katibliyi adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram. Sizin Azərbaycanın çoxəsrlik milli-mədəni dəyərlərinin, multikultural ənənələrinin, tolerantlıq mühitinin qorunması və təşviqi, xalqın sosial-iqtisadi rifahı naminə yorulmaz fəaliyyətiniz, təhsilə, mədəniyyətə, idmana və gənc istedadlara dəstəyiniz dövlətçiliyin möhkəmləndirilməsi və ölkənin beynəlxalq imicinin yüksəldilməsinə misilsiz töhfələr verməkdədir. Bu gün beynəlxalq aləmdə və cəmiyyətdə yüksək nüfuzunuz, xalqın böyük rəğbətini qazanmağınız Sizin timsalınızda XXI əsr qadınlarımızın ictimai fəallığının parlaq örnəyidir. Biz TÜRKPA olaraq tarixən xalqlarımızın xanımlara göstərdiyi yüksək hörmət və ehtiramı qeyd edərək, habelə ölkələrimizdə ailə dəyərlərimizin qorunmasına sadiqliyimizi bir daha ifadə edərək qadınlarımızın cəmiyyətin inkişafına göstərdiyi müstəsna xidmətlərə böyük önəm veririk. Doğum gününüz münasibətilə Sizi bir daha təbrik edir, Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, məsuliyyətli və şərəfli vəzifənizdə, bütün fəaliyyətlərinizdə uğurlar arzulayırıq”. BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz da Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik göndərib. Təbrikdə deyilir: “Hörmətli xanım Mehriban Əliyeva, BP şirkəti və onun bütün heyəti adından Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, firavanlıq və Azərbaycan Respublikasının tərəqqisi naminə fəaliyyətinizdə uğurlar arzu edirəm”. Moskvadakı “ARETİ” Beynəlxalq Şirkətlər Qrupunun prezidenti İqor Makarovun Mehriban Əliyevanı göndərdiyi təbrikdə isə bildirilir: “Çox hörmətli Mehriban Arif qızı, Doğum gününüz münasibətilə “ARETİ” beynəlxalq şirkətlər qrupunun rəhbərliyi və kollektivi adından ən səmimi təbriklərimizi qəbul edin. Ürəkdən arzu edirik ki, bu günün bayram ab-havası həmişə qəlbinizə hərarət versin, həyat Sizə ətrafınızdakı insanların sevgisini, xeyirxahlığını və qayğısını bəxş etsin, çətinliklərdən və problemlərdən qorusun, hər gününüz nurlu, xoş əhvallı, gözəl və sevindirici hadisələrlə dolu olsun. Sizə, yaxınlarınıza və əzizlərinizə möhkəm cansağlığı, bütün işlərinizdə uğurlar, səadət və firavanlıq arzu edirəm. Qoy, Sizin bütün planlarınız uğurla həyata keçsin, arzularınız və ümidləriniz gerçəkləşsin!” Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və üzvlərin də Mehriban Əliyevaya təbrik ünvanlayanların sırasındadır. Təbrikdə bildirilir: “Zati-aliləri, Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə möhkəm cansağlığı, enerji, xoşbəxtlik və firavanlıq arzulayır, bütün işlərinizdə uğurlar diləyirik. Ulu Tanrı daim Sizi və ailənizi qorusun. Xalqınızın və bütün bəşəriyyətin mənafeyinə və inkişafına yönəlmiş nəcib məqsədləriniz və planlarınız həyata keçsin. Bu xoş fürsətdən istifadə edərək, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin missiyasına davamlı dəstəyinizə və sadiqliyinizə görə Sizə və Zati-aliləri cənab Prezidentə minnətdarlığımızı bildiririk. Dərin hörmət və ehtiramla,   Vayra Vike-Freyberqa Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, 1999-2007-ci illərdə Latviya Respublikasının Prezidenti İsmail Serageldin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru Boris Tadiç 2004-2012-ci illərdə Serbiyanın Prezidenti Marianna Vardinoyannis UNESCO-nun xoşməramlı səfiri Rosen Plevneliyev 2012-2017-ci illərdə Bolqarıstanın Prezidenti İvo Yosipoviç 2010-2015-ci illərdə Xorvatiyanın Prezidenti Petar Stoyanov 1997-2002-ci illərdə Bolqarıstanın Prezidenti Katerina Yuşşenko 2005-2010-cu illərdə Ukraynanın birinci xanımı Rövşən Muradov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Filip Vuyanoviç 2003-2018-ci illərdə Monteneqronun Prezidenti Elnur Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş icraçı direktoru Eka Tkeşelaşvili 2010-2012-ci illərdə Gürcüstanın Baş nazirinin müavini”.

Hamısını oxu
Abşeronda “Ailə - dəyişməyən dəyərimiz” mövzusunda tədbir keçirilib

Abşeron rayonunda “Ailə - dəyişməyən dəyərimiz” mövzusunda tədbir keçirilib. Abşeron rayon İcra Hakimiyyətinin və Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə RİH əməkdaşları, kollecin müəllim və tələbə kollektivi iştirak edib. Abşeron RİH aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Seymur Qasımov və Abşeron-Xızı Regional Təhsil İdarəsinin psixoloqu İstək Bəxtiyarova çıxış edərək bildiriblər ki, Azərbaycan qadını hər zaman ailə dəyərlərini hər şeydən üstün tutub və ailələrin qorunması, dağılmaması istiqamətində, sözün həqiqi mənasında, fədakarlıq göstəriblər. Lakin son zamanlar qloballaşan dünyada gənc ailələrin dağılması, boşanma hallarının sayının artması baş verir. Bu tendensiyanın ölkəmizdə də müşahidə olunduğunu vurğulayan çıxışçılar qeyd ediblər ki, dövlət bu kimi məsələləri diqqətdə saxlayır və gənc ailələrin dağılmaması, ailə institutlarının qorunması istiqamətində müxtəlif səpkili tədbirlər, layihələr həyata keçirir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Gənc ailələrə tövsiyələr” adlı kitabçanın hazırlandığı bildirilərək vurğulanıb ki, kitabçada milli-mənəvi dəyərlərimizə diqqət yetirilib, ailədaxili konfliktlərdən qaçma yolları və ailə bağlarının möhkəmləndirilməsi istiqamətində tövsiyələr yer alıb. Sonda tədbir iştirakçılarına sözügedən kitabça paylanılıb, müəllim və tələbə kollektivini maraqlandıran suallar cavablandırılıb.  

Hamısını oxu
İkinci Dünya müharibəsi veteranı Nuriyev Nəbi Balı oğlu vəfat edib

Veteran.gov.az xəbər verir ki, İkinci Dünya müharibəsi veteranı Nuriyev Nəbi Balı oğlu vəfat edib.  Nəbi Nuriyev Qərbi Azərbaycanın Vedi rayonunda anadan olub. 1942-ci ildə Qarabağlar rayon hərbi komissarlığından cəbhəyə yola düşərək 130-cu atıcı alayın tərkibində hərbi əməliyaytlara qatılıb. Bölmə komandiri vəzifəsinə qədər yüksələn Nəbu Nuriyev Yaponiyaya qarşı müharibədə də iştirak edib. Yaponiyanın Vadlin şəhərinədək döyüş yolu keçən Nəbi Nuriyev Kvantun ordusunun təslim olması əməliyyatında iştirak edərək böyük qəhrəmanlıqlar göstərib. Nəbi Nuriyev Yaponiya üzərində qələbəyə görə, həmçinin Qələbənin 20, 40, 50, 60, 65, 70, 75 illik yubiley medalları ilə təltif edilib, II dərəcəli "Vətən müharibəsi veteranı" medalına və SSRİ Silahlı Qüvvələrinin 70 illiyi ordeninə layiq görülüb. Nəbi Nuriyevin faşizm üzərində qələbənin 55 illiyi ilə əlaqədar 2000-ci ildə ulu öndər Heydər Əliyev Sərəncamına əsasən "1941-1945-ci illər müharibəsi veteranı" nişanı ilə də təltif olunub. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Nəbi Nuriyevin vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!  

Hamısını oxu
Cəlilabad Rayon Veteranlar Təşkilatı "Sözün işığı" qəzetinin yubileyi ilə bağlı tərbir keçirib

"Sözün işığı" qəzetinin nəşr olunmasının 20 illik yubileyi münasibəti ilə Cəlilabad Rayon Veteranlar Təşkilatı redaksiya heyəti ilə birlikdə tədbir keçirib. Əmək və Müharibə veteranları, rayonun yaradıcı ziyalıları ilə yanaşı idarə, müəssisə və ictimai birliklərin  rəhbərlərinin də iştirak etdiyi tədbiri giriş sözü ilə rayon Veteranlar Təşkilatının sədri,  Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Sözün işığı" qəzetinin baş redaktoru, şair-publisist Ədalət Salman açaraq bu gün yubileyi qeyd olunan ədəbi-bədii və publisistik qəzetin 20 il ərzində keçdiyi inkişaf yolundan, bölgədə ədəbi mühitin formalışmasında və ədəbiyyatın təbliğində göstərdiyi xidmətdən danışıb. O, çıxışının sonunda   Aəzərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidin "Sözün işığı" qəzetinin 20 illik yubileyi münasibəti ilə redaksiyaya göndərdiyi təbrik məktubunu oxuyub. "Qarabağ qaziləri" ictimai birliyinin sədri Maşallah Əliyev qəzetin yaradıcı heyətini yubiley münasibəti ilə təbrik etdikdən sonra qəzetin  gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində göstərdiyi fəaliyyətə görə baş redaktor Ədalət Salmanı Fəxri Fərmanla təltif edib. Rayon Gənclər və İdman idarəsinin rəisi Elçin Hüseynov, rayon Ağsaqqallar Şurasının sədri Ədalət Əsgərov, Qızıl Aypara Cəmiyyəti rayon bölməsinin sədri İlkin Qubadov,  Azərbaycan Yazıçılar Birliyinin üzvləri Əfrahim Abbas, Əlizadə Nuri, Gülbala Teymur, Mirhəbib Sadiq, Əlövsət Tahirli, Mikayıl İnçəçaylı, Zülfi Vellidağ, Qurban Əhməd, Rahim Buravarlı, Regiontv.az saytının rəhbəri Murad Hüseynov, Əmək və Müharibə veteranları Mirzəbala Hüseynov, Rasif Həsənov, Sakit İsayev, "Dəmir yumruq" ictimai birliyinin sədri Rəfael Şükürov və tanınmış muğam ustası Akif Babayev  çıxış edərək qəzetin müntəzəm işıq üzü görməsində xidməti olanları yubiley münasibəti ilə təbrik edib, səmimi ürək sözlərini bildirib və onlara yeni nailiyyətlər arzulayıblar. Sonda tədbir iştirakçıları xatirə şəkilləri çəkdiriblər.  

Hamısını oxu