Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Forum veteranlar və ağsaqqallar arasında əməkdaşlığa mühüm töhfə verəcək”

Cəlil Xəlilov: “Bu əməkdaşlıq xalqımızın və dövlətimizin maraqları baxımından son dərəcə əhəmiyyətlidir”

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Azərbaycan Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə  iyulun 8-də Beynəlxalq Muğam Mərkəzində “Ağsaqqaların və veteranların təmsil olunduğu qeyri-hökumət təşkilatlarının əməkdaşlıq Forumu” keçirilib.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov saytımıza açıqlamasında məlum Forum və onun əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüb:

“Ağsaqqaların və veteranların təmsil olunduğu qeyri-hökumət təşkilatlarının əməkdaşlıq Forumu” öz miqyas və mahiyyətinə görə mühüm əhəmiyyətə malikdir. Forumda ağsaqqallar və veteranlar arasında birgə əməkdaşlığın genişləndirilməsi, müxtəlif problemlərin həllində veteranların və ağsaqqalların səylərinin birləşdirilməsi qərara alındı ki, bu da milli maraqlarımızın müdafiəsi, dövlət maraqlarımızın qorunması baxımından olduqca önəmlidir.

Həmçinin, Forumda bu da qərara alındı ki, bu məqsədlə birgə İşçi Qrupu yaradılsın, görüləcək işlərlə bağlı plan və proqram tərtib edilsin. Paytaxt və rayonlarda birgə tədbirlərin keçirilməsi, ağsaqqallar və veteranlarla gənclər arasında görüşlərin təşkil edilməsi də yaxın gələcəkdə atılması gərəkən addımlar sırasındadır. Hesab edirəm ki, Forum veteranlar və ağsaqqallar arasında əməkdaşlığa mühüm töhfə verəcək.

Nəsillər arasında əlaqə bütün dövrlərdə aktual olub. Bu əlaqə nə qədər sıx, nə qədər ardıcıl olursa, qarşıya çıxan problemlər də o qədər azalır, xüsusi ilə ölkə öz gələcəyi baxımından daha etibarlı əllərdə olur, onun inkişafı, tərəqqisi üçün daha geniş imkanlar yaranır. Azərbaycan bu mənada həmişə fərqli bir məkan olub. Xalqımızın adət-ənənələri, keçdiyi tarixi yol Azərbaycanda nəsillər arasında bağlılığın qırılmaz bir proses olmasının sübutudur. Böyüyə hörmət, ağsaqqal-ağbirçək sözündən, öyüdündən nəticə çıxarmaq, gənclərə inam və etibar xalqımızın mentalitetini müəyyənləşdirən başlıca xüsusiyyətlərdən sayılıb. Dünən də, bu gün də belədir.

Azərbaycan Silahlı Qüvvələrinin 30 il ermənilərin işğalı altında qalan əzəli dədə-baba torpaqlarımızın iğaldan qurtarılmasının başlıca mənbələrindən biri kimi, bizim gənclərin milli mənəvi dəyərlərimizə sədaqət, vətənpərvərlik ruhunda yetişməsində, öz ata-babalarının döyüş, qələbə yolunu davam etdirmək əzmində görürəm. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əsl sərkərdəlik məharəti ilə vahid yumruğa çevirdiyi yenilməz Azərbaycan Ordusunun düşmənə endirdiyi sarsıdıcı zərbələrdə bu ruh, bu əzm aydın duyulurdu. Azərbaycan əsgərinin qazandığı böyük Zəfərdə, göstərdiyi yüksək qəhrəmanlıqda babalarımızdan, atalarımızdan əxz etdiyi mərdlik, cəsarət, onların döyüş ənənələrindən gələn mənəvi güc vardı.

Bu gün veteranlarımızın sıralarında olan İkinci Dünya Müharibəsinin qocaman iştirakçıları da bütün bu dəyərləri öz sələflərindən, imperiyalar, böyük dövlətlər, Cümhuriyyət quran babalarında əxz etmişdilər. Birinci və İkinci Qarabağ müharibəsinin veteranları isə həmin döyüş ruhunu və yenilməzliyi onlardan, alman faşizmini diz çökdürən balarından öyrənmişdilər. 44 günlük Vətən müharibəsi bu həqiqətlərin sübuta yetirildiyi bir müqəddəs savaş, Qarabağın xilası naminə bir mübarizə meydanı oldu.

Biz bu bağları bu gün daha da möhkəmləndirməli, hazırda yetişən gəncliyi hər üç nəslin döyüş və qələbə təcrübəsi əsasında tərbiyə etməli, həyata hazırlamalıyıq. Əlbəttə, bu istiqamətdəki fəaliyyətimizdə Azərbaycanın möhtəşəm tarixi Qələbəsi başlıca stimul və ilhamverici təcrübə olmalıdır. Çünki bu qələbə xalqımızın başını ucaltmış, onu məğlub durumdan qalib xalq mövqeyinə yüksəltmiş, özünə inamını bərpa etmişdir.

Biz bu gün gənclərin milli-mənəvi dəyərlərimizə, tarixi irsimizə daha sədaqətli, həqiqi vətənpərvər insanlar kimi yetişmələrinə xüsusi əhəmiyyət verməliyik. Çünki hazırda dünyada və bizə yaxın regionlarda baş verən hadisələr, yaşanan ciddi dəyişikliklər bunu daha da aktuallaşdırır. Gizli deyil ki, gənclər yad, nəticə etibarı ilə zərərli təsirlərə daha çox məruz qala, ümumxalq və ümumdövlət mənafelərinə, milli maraqlarımıza zidd olan təbliğata meyl edə bilərlər. Əslində, müxtəlif ideologiyaların gənclər arasında yayılmasında maraqlı olan qüvvələrin məqsədləri eynidir, psixoloji baxımdan ən həssas qruplar arasında özlərinə tərəfdarlar toplamaq, lazım gəldikdə onlardan öz məqsədləri üçün istifadə etmək. Azərbaycan Respublikasının Prezidentinin öz çıxışlarından birində bu məsələyə xüsusi diqqət yetirməsi, gənclərin belə yad, zərərli təsirlərdən mümkün vasitələrlə qorunmasının son dərəcədə vacib olduğunu qeyd etməsi təsadüfi deyildi. Biz cənab Prezidentin bu istiqamətdəki tövsiyələrini öz fəaliyyətimizdə proqram məqsədlər kimi nəzərə almalı, gənclərin öz Vətəninə, xalqına, dövlətinə sədaqətli, sələflərinin yolunu layiqincə davam etdirməyə qadir insanlar kimi yetişməsinə nail olmalıyıq. Biz Təşkilat olaraq veteranların ölkənin ictimai-siyasi həyatında fəal iştiraklarına nail olmaqla, onların gənc nəsilin  vətənpərvərlik, öz tarixinə hörmət ruhunda tərbiyə olunması sahəsindəki zəngin təcrübələrinin öyrənilməsinə və yeni şəraitə uyğun tətbiq edilməsinə də xüsusi əhəmiyyət veririk.  Gənclərlə sıx və ardıcıl əlaqələrin vacibliyini prioritet iş istiqaməti kimi nəzərdə tutmağımız da məhz dəyişən dünyada onların rolunun və fəaliyyətinin atması ilə bağlıdır. Bu istiqamətdə Təşkilatımız bu gün dövlət orqanları və ictimai təşkilatlarla da daha sıx əlaqəli işləməkdə maraqlıdır. Bunu bizdən həm də müasir dünyanın artan çağırışları tələb edir.

 Biz nəsildən-nəsilə maddi, mənəvi dəyərlərimizlə yanaşı, doğma Azərbaycanımızı etibarlı müdafiə etmək, onu dinamik inkişaf edən, ildən-ilə qüdrətlənən  bir dövlətə çevirmək ənənəsini də ötürməyi və yeni təcrübələrlə zənginlşdirməyi bacarmaıyıq”.

Seymur ƏLİYEV

2022-07-09 11:33:00
1131 baxış

Digər xəbərlər

Ombudsman dövlət sərhədində aparılan monitorinqin nəticələrini beynəlxalq təşkilatlara göndərib

“Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində hərbi təxribat törətməsi, eyni zamanda, xarici ölkələrdə yaşayan dinc azərbaycanlı aksiyaçılara qarşı hücumlar təşkil edilməsi ermənilərin milli zəmində aqressiyası və radikalizminin daha bir bariz nümunəsidir”.Bu fikiri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Modern.az.a açıqlamasında söyləyib.Ombudsman bildirib ki, Ermənistanın təxribat törətdiyi dövlət sərhədində apardıqları monitorinqlərin nəticələri ilə bağlı hesabat beynəlxalq təşkilatlara göndərilib:"Hesabatda BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini yerinə yetirməyən, BMT-nin, Ümumdünya Səhiyyə Təşkilatının və digər nüfuzlu beynəlxalq qurumların mövcud pandemiya ilə əlaqədar qəbul etdiyi müraciətlərə, habelə beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayan Ermənistanın təcavüzkarlıq və işğalçılıq məqsədilə təxribatçı hərəkətlərini davam etdirməsi faktlar əsasında diqqətə çatdırılıb.Təcavüzkar ölkənin fundamental insan hüquqlarını, o cümlədən yaşamaq hüququnu kobud şəkildə pozaraq regionda daha təhlükəli vəziyyət yaratmasının beynəlxalq təşkilatlar və sülhsevər dövlətlər tərəfindən kəskin şəkildə pislənilməsinin, Ermənistana qarşı ciddi sanksiyaların tətbiq edilməsinin zəruriliyi qətiyyətlə vurğulanıb.Bununla yanaşı, ABŞ, Belçika, Fransa, Böyük Britaniya, İsveç, Polşa, Niderland və Avstraliyada yaşayan azərbaycanlı dinc aksiyaçılara qarşı erməni təxribatçıları tərəfindən psixoloji və fiziki zorakılığın tətbiq olunması ilə əlaqədar müvafiq beynəlxalq təşkilatlara¸ müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına bəyanat ünvanlamışıq.Bəyanatlarda Milli İnsan Hüquqları institutlarını və insan hüquqları üzrə ixtisaslaşmış beynəlxalq təşkilatları dinc aksiyaçılara qarşı törədilmiş erməni hücumlarını qınamağa, bu cür etnik zəmində nifrəti təbliğ edən təxribatların qarşısını almağa, bir daha baş verməməsi üçün sərt tədbirlər görməyə, ən əsası, hüquq pozuntusuna yol vermiş şəxslərin müvafiq qaydada məsuliyyətə cəlb olunmalarına qətiyyətlə çağırmışıq”.“Tərəfimizdən 12-24 iyul tarixlərində həm dövlət sərhədinin Tovuz rayonu istiqamətində, həm də xarici ölkələrdə yaşanmış təxribatlarla bağlı ikinci aralıq hesabat hazırlanıb və beynəlxalq təşkilatlara göndərilib”,-deyən Ombudsmanın sözlərinə görə, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin binalarına edilmiş hücumlar, eləcə də dinc azərbaycanlı nümayişçilərə qarşı törədilən təxribatlar çox ciddi qanun pozuntularını, milli zəmində nifrət və hücum aktlarını özündə ehtiva edir.“Ona görə də beynəlxalq ictimaiyyət bu məsələyə ciddi reaksiya verməli, bu halların qarşısı alınmalıdır”.

Hamısını oxu
İlham Əliyev və Mehriban Əliyeva AĞDAMDA

Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində Ağdamdan görüntülər paylaşılıb. video    

Hamısını oxu
Pirallahı rayonunda “Gənclər bizim gələcəyimizdir “adlı tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının  Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin işçiləri,şöbə müdiri e/o polkovnik Adil Haqverdiyev,  baş  mütəxəssis Nəbi Hacıyev 19 aprel 2022-ci il tarixində Bakı şəhəri Pirallahı rayonunda tədbirdə iştirak etmişlər.”Gənclər bizim gələcəyimizdir” adlı tədbir Pirallahı rayonunda yerləşən  168 saylı tam orta məktəbdə keçirilmişdir. Baş tutan tədbirdə  Pirallahı rayon İcra Hakimiyyətinin İctimai əlaqələr və Hümanitar şöbə müdiri Abdullayev Azər, Pirallahı rayon Vətən müharibəsi iştirakçılari ilə iş şöbəsinin müdiri Məmmədov Süphay, rayon VT-nın sədri Şirinov Xəqani, məktəbin direktoru Mansırova Mehparə, 44 günlük Vətən müharibəsi iştirakçıları, şagird və müəllim kollektivi iştirak etmişdilər. Tədbiri Azər Abdullayev açdı. İlk öncə Azərbaycan Respublikasının dövlət  himni səsləndi, daha sonra torpaqlarımızın bütövlüyü  uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anıldı. İlk önncə çıxış üçün söz e/o polkovnik Adil Haqverdiyevə veridi. O, Təşkilatın sədri Fatma Xanım Səttarovanın və sədrin  müavini, e/o polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırdı. Haqvürdiyev keçdiyi döyüş yolundan, həyat gənc nəslə danışdı. O, bildirdi ki, vətənini, torpağını, xalqını sevmək dildə yox, hər kəsin əməlində olmalıdı: “Bu gün sizlərin  qarşısında bir məqsəd olmalıdir -  müəllimlərin verdikləri tapşırıqları yerinə yetirib,  əla oxumaq.Məktəb sizin gələcəyinizin təməlidir. Təməl nə qədər möhkəm olsa, gələcəyiniz daha parlaq olacaq. Mən çıxışımın sonunda xalqımızı Ali Baş Komandan  İlham Əliyevin ətrafında sıx birləşməyə dəvət edirəm. Bütün şəhidlərimizə Allahdan  rəhmət, qazilərimizə,veteranlarımıza cansağlığ diləyirəm. Daha sonra  44 günlük Vətən müharibəsi iştirakçısı Məmmədov Süphay    çıxış etdi. Tədbirin sonunda xatirə şəkli şəkildi.  

Hamısını oxu
“AS Group Investment” şirkəti şəhid ailəsinə mənzil hədiyyə edib

Veteran.gov.az xəbər verir ki, “AS Group Investment” şirkəti ölkə başçısının şəhid ailələri və qazilərə dəstək olmaq siyasətini, eyni zamanda özünün dövlətimiz və cəmiyyətimiz qarşısında sosial məsuliyyətini əsas tutaraq Vətən Müharibəsində qəhrəmanlıq göstərərək şəhid olan polkovnik leytenant Mehman Qənbərovun Binəqədi qəsəbəsində kirayə evdə yaşayan ailəsinə mənzil hədiyyə edib.   31 avqust 2021-ci il tarixində “AS Group Investment” şirkətinin əməkdaşları şəhid ailəsilə görüşərək qəhrəman şəhidimizin həyat yoldaşı Xuraman xanım Qənbərovaya yeni mənzilin sənədlərini təqdim ediblər. Onlar üçün gözlənilməz və ani olan bu xəbər illərlə mənzil həsrətilə yaşayan ailənin hər bir üzvündə inanılmaz sevinc hissi yaradıb.   “AS Group Investment” şirkətinin şəhid polkovnik leytenant Mehman Qənbərovun ailəsinə hədiyyə etdiyi 3 otaqlı mənzil şirkətin özünün inşa etdiyi Göl-Park Yaşayış Kompleksində yerləşir. “AS Group Investment” uzun illər evsizlikdэn əziyyət çəkən şəhid ailəsinə hədiyyə etdiyi yeni mənzilin tam təmiri və lazımi əşyalarla təchiz edilməsini də öz üzərinə götürüb. Şəhid polkovnik leytenant Mehman Qənbərov hələ 2016-cı il aprel döyüşlərində qəhrəmanlığı ilə seçilib. O, polkovnik-leytenant rütbəsini də məhz Talış kəndi istiqamətində gedən şiddətli döyüşlərdə xüsusi qəhrəmanlıq göstərdiyi üçün qazanmışdır. Ağdam rayonunda doğulub Birinci Qarabağ Müharibəsi nəticəsində uşaq ikən məcburi köçkün həyatını yaşamış şəhidimizin ən böyük arzusu doğma torpaqların işğaldan azad edilməsi idi. İkinci Qarabağ Müharibəsinə yollanan zaman onun ailəsinə dediyi son cümlələri: “Həyatdır, hər şey ola bilər. Mən geri qayıtmaya da bilərəm. Əsas odur torpaqlarımızı azad edək!” olur.   Sentyabrın 27-də döyüşlərə qatılan şəhid Qənbərov bir neçə kəndin azad edilməsində xüsusi qəhrəmanlıq göstərir. Sentyabrın 30-da o, Füzuli ərazisində düşmənin üzük halqası kimi əhatəyə aldığı döyüş yoldaşlarını mühasirədən çıxararaq qəhrəmancasına şəhid olur. Ölümündən sonra şəhid Qənbərov Vətən uğrunda, Füzulinin azad edilməsi uğrunda medalları və Qarabağ ordeni ilə təltif edilir.Qeyd edək ki, “AS Group Investment” şirkəti bu ilin mart ayında Mingəçevir şəhidi çavuş Niyaz İsgəndərovun ailəsinə də özünün orada inşa etdiyi “Park Residence” Yaşayış binasından mənzil hədiyyə etmişdir.  

Hamısını oxu