Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan Ağsaqqallar Şurası Gəncədə regional konfrans keçirib

Azərbaycan Ağsaqqallar Şurası Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatı ilə birgə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 53-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda regional konfrans keçirib.

Əvvəlcə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Ramil Orucov və ağsaqqallar ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Regional konfransda, həmçinin, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov, Gəncə Şəhər Baş Polis İdarəsi rəisinin birinci müavini Niyaməddin Qasımov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, o cümlədən Şəmkir, Tovuz, Ağstafa, Qazax, Samux, Göygöl, Daşkəsən və Gədəbəy rayonları üzrə Ağsaqqallar Şurasının rəhbərləri və İdarə Heyətinin üzvləri, YAP-ın yerli təşkilatlarının, gənclər və idman idarələrinin nümayəndələri, o cümlədən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rayon sədrləri, gənclər və media nümayəndələri iştirak ediblər.

Konfrans iştirakçıları YAP Gəncə şəhər təşkilatının binasında Xəzər Təhsil Mərkəzi tərəfindən təşkil edilən Gəncə şəhərinin qocaman və gənc rəssamlarının ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında tarixi xidmətlərini, həyat və fəaliyyətinin mühüm məqamlarını əks etdirən əsərlərinə baxış keçiriblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan  regional konfransda ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov tədbiri giriş sözü ilə açaraq ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyulunu dövlətimizin tarixində xüsusi bir gün kimi dəyərləndirərək bildirib ki, dahi şəxsiyyət sözün həqiqi mənasında xalqımızın həyatında möhtəşəm dəyişikliyə nail olub, milli, müstəqil dövlətin qurulması üçün zəruri olan bütün işləri görüb. Qeyd edib ki, ümummilli lider  Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ölkəmizin müstəqillik tarixinin, parlaq və işıqlı yolunun başlanğıcı kimi qiymətləndirilir. “Ulu Öndər həmin dövrdə bütün ideoloji-siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürüb, ictimai şüurdakı qorxunu aradan qaldırıb, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırıb”- deyə YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov bildirib.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, regionun kuratoru Bayram Yusifov konfrans iştirakçılarını Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin və öz adından salamlayaraq qeyd edib ki, bu gün biz bura ulu öndər Heydər Əliyevin nuruna, işığına yığışmışıq. O, Ümummilli Liderin hakimiyyətə gəldiyi dövrü ölkəmizi tərəqqiyə aparan yolun başlanğıcı kimi xarakterizə edərək, həm sovet dönəmində, həm də müstəqillik illərində sosial-iqtisadi həyatın bütün sahələrinin inkişafında, milli maraqlarımızın təmin olunmasında, eləcə də milli kadrların yetişdirilməsində  dahi şəxsiyyətin misilsiz xidmətlərindən, uzaqgörən və düşünülmüş siyasətindən danışıb. Bayram müəllim qeyd edib ki, türk dünyasının böyük oğlu Heydər Əliyev öz xidmətləri ilə hər bir azərbaycanlıya Vətən üçün, Azərbaycan üçün qurub-yaratmaq, yorulmadan xidmət etmək fəlsəfəsini aşılayıb, respublikamızı  1969-1982-ci illərdə inkişaf etmiş qabaqcıl aqrar-sənaye ölkəsinə çevirərək bugünkü müstəqilliyimizin təməlini qoyub. Daha sonra o, Ulu Öndərin layiqli davamçısı, müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən, işğaldan azad edilmiş əzəli və əbədi torpaqlarımızda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işlərindən, Böyük Qayıdışın tezliklə həyata keçirilməsindən bəhs edib. Azərbaycanın yeni tarixini yaradan dövlət başçısı cənab İlham Əliyevin ən yaxın silahdaşı olaraq Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uğurlu sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsindəki əvəzedilməz rolundan danışıb.

Regional konfransda gənclərlə və ağsaqqallarla yanaşı yerli veteranlar təşkilatının sədrlərinin də iştirak etdiyini qeyd edən Bayram Yusifov bu tədbiri iyulun 8-də Azərbaycan Ağsaqqallar Şurasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə birgə keçirdiyi “Ağsaqqaların və veteranların təmsil olunduğu qeyri-hökumət təşkilatlarının əməkdaşlıq Forumu”nun davamı kimi də səciyyələndirib.  O vurğulayıb ki, həmin Forumun keçirilməsində əsas məqsəd olan ağsaqqalların və veteranların təmsil olunduğu təşkilatların aktivliyini artırmaq, onlar arasında əməkdaşlığı gücləndirmək, milli maraqlarımızın qorunması və təbliğində gənc nəslin ağsaqqal və veteranların təcrübəsindən, dünyagörüşündən faydalanmasına stimul vermək, dövlət maraqlarımızın müdafiəsində cəmiyyətdəki birlik və bərabərliyin daha da güclənməsinə nail olmaq bugünkü tədbirin də başlıca hədəflərindən biridir. Natiq hazırda cəmiyyətdə baş verən proseslərdə, aktual məsələlərin və problemlərin həllində, o cümlədən gənclərin mənəvi və fiziki cəhətdən sağlam yetişmələri üçün onların maarifləndirlməsində ağsaqqal və veteranlara böyük ehtiyacın olduğunu bildirib. Bayram Yusifov xüsusi olaraq vurğulayıb ki, bu gün  hamımız üçün dəyərli və bir o qədər həssas təbəqə olan qazilərlə və şəhid ailələri ilə işi daha səmərəli qurmalı, onlara daha çox diqqət ayırmalı, mənəvi dəstək olmalı, bir sözlə bu sahədə dövlətimizin apardığı siyasətə layiqli töhfə verməliyik.

Gəncə şəhər Ağsaqqallar şurasının sədri, professor Nurəddin Məmmədovun moderatorluğu ilə davam edən regional konfransda Azərbaycan Texnologiya Universitetinin dosenti, fəlsəfə doktoru Hüseyn Budaqov “Tarixi dəyişən lider Heydər Əliyev”, Gəncə Şəhər Ağsaqqallar Şurasının üzvü, hüquqşunas Muxtar Əsədov “Heydər Əliyevin kadr siyasəti və dövlət quruculuğu”, YAP Gəncə Şəhər 126 saylı ərazi partiya təşkilatının sədri, “Şans Tibb Mərkəzi”nin baş həkimi Nofəl Qasımov “Azərbaycanda səhiyyə xidmətinin yüksəldilməsi tədbirləri” mövzusunda məruzələrlə çıxış ediblər. Həmçinin Şəmkir Rayon Ağsaqqallar Şurasının sədri Bilal Məmmədov, Tovuz Rayon Ağsaqqallar Şurasının sədr müavini Bəhram Pənahov, Göygöl Rayon Veteranlar Təşkilatının sədri Azadxan Haqverdiyev, Samux Rayon Ağsaqqallar Şurasının sədri Gəray Bayramov, Qazax RİH yanında İctimai Şuranın sədri Zakir Nəsibov, Gəncə şəhərinin ictimai fəal gənclərindən Natəvan Məmmədova və başqaları öz çıxışlarında ulu öndər Heydər Əliyevin siyasi müdrikliyinin və uzaqgörənliyinin bəhrələrindən, Ümummilli Liderin əsasını qoyduğu hərtərəfli inkişaf konsepsiyasını uğurla davam etdirən Prezidentimiz cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun yeni keyfiyyət müstəvisində davam etdirilməsindən bəhs ediblər. Çıxışçılar, həmçinin, tədbirdə müzakirə edilən bir sıra məsələlərin, xüsusilə də şəhid ailələri və qazilərlə bağlı problemlərin həllində yaxından iştirak etmələrinin vacibliyini vurğulayıblar.

Konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanan məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb. Sonra Gəncə Şəhər Baş Polis İdarəsi rəisinin birinci müavini Niyaməddin Qasımova ictimai asayişin və vətəndaşların hüquqlarının qorunmasındakı səmərəli fəaliyyətinə görə Fəxri fərman, rəsm sərgisində fəal iştirak etdikləri üçün nümayiş edilən əsərlərin müəlliflərinə isə sertifikatlar təqdim olunub.

Tədbir çərçivəsində konfrans iştirakçıları Gəncədə Qafqaz İslam Ordusunun şəhidlərinin xatirəsinə inşa edilən abidəni də ziyarət edərək önünə gül dəstələri qoyublar, xatirələrini ehtiramla yad ediblər.

Regional konfransdan sonra tədbir münasibətilə təşkil olunmuş yemək süfrəsi ətrafında söhbətlər davam etdirilib.

 

2022-07-14 14:04:00
1240 baxış

Digər xəbərlər

Ulu Öndər xalqın yaddaşında xilaskar dövlət xadimi, milli lider kimi qalıb

Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının əbədi lideri və xilaskarıdır. Xalqımız Ulu Öndəri, onun tarixi xidmətlərini heç vaxt unutmayacaq. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətləri unudulmazdır və bu xidmətlər hər zaman xalqımız tərəfindən minnətdarlıq hissi ilə xatırlanacaq: “Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, dövlətimizin güclənməsi, erməni işğalının genişlənməsinin qarşısının alınması, ölkəmizin iqtisadi qüdrətinin artması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev öz müdrik siyasəti ilə xalqımızın, dövlətimizin həyatında prinsipial rol oynayıb. Ulu Öndərin milli dövlətçiliyin möhkəmlənməsi, təhlükəsizliyimizin təmin edilməsi istiqamətindəki ən mühüm xidmətlərindən biri isə nizami ordunun formalaşdırılmasıdır. Çünki məhz vahid komandanlıq sisteminin tətbiqi, peşəkar hərbi kadrların hazırlanması, ordunun müasir hərbi texnika ilə təmin edilməsi Ermənistanın işğalının genişləndirilməsinin qarşısını aldı. Düşmən öz işğalçılıq planlarını sona qədər həyata keçirə bilmədi. 1994-cü ildə Heydər Əliyev “Əsrin müqaviləsi” adlı nəhəng neft müqaviləsinin imzalanmasına nail oldu. Bu da Azərbaycan neftinin dünya bazarına çıxışını təmin etməklə yanaşı, dövlət büdcəmizə böyük maliyyə vəsaitlərinin daxil olmasına imkan verdi. Nəticədə, ordumuzun maddi-texniki təchizatının yaxşılaşdırılması, müdafiə qabiliyyətimizin güclənməsi üçün əlverişli zəmin formalaşdı. Bu gün Azərbaycan xalqı öz böyük liderinin 19-cu ildönümünü, Anım Gününü minnətdarlıq hissi ilə yad edir. Azərbaycanın hər bir vətəndaşı anlayır ki, onun bugünkü firavanlığının kökündə Heydər Əliyev faktoru dayanır. Məhz Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycan xalqının rifahını, sosial ədaləti, təhlükəsizliyimizi təmin edib. Biz bütün bunlara görə Ulu Öndər Heydər Əliyevə, onun memarı olduğu dövlətçilik ənənəsinə borcluyuq”. “Biz Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq Heydər Əliyevi sevgi və minnətdarlıq hissi ilə yad edir, veteranlar olaraq ona öz sonsuz ehtiramımızı bildiririk. Heydər Əliyevin müqəddəs xatirəsi hər birimizin qəlbində əbədi yaşayacaq və dövlətimizin çiçəklənməsi uğrunda fəaliyyətimizdə bizim üçün ən böyük stimul olacaq”, - deyə Cəlil Xəlilov vurğulayıb.

Hamısını oxu
Veteran Təşkilatının üzvləri şəhdilərin ailələrini ziyarət ediblər

Veteran.gov.az xəbər verir ki,  Cəlilabad Rayon Veteranlar Təşkilatının üzvləri vitse-spiker Fəzail İbrahimlinin köməkçisi Faiq Ağayevin, Milli Məclisin keçmiş üzvü Dünyamalı Məmmədovun, iş adamı Rafid Abışovun və fəal ictimaiyyətçi Əsəd Abbasovun iştirakı ilə Cəlilabad rayonunun Sabirabad kəndində olub, şəhid baş gizir Murad Babayevin doğum günü - martın 31-də onun  ailəsini ziyarət ediblər. Şəhidin anası Aruzə xala oğlu ilə bağlı xatirələrindən danışıb, şəhid ailəsinə göstərilən  diqqət və qayğıya görə dövlətimizin rəhbərinə  öz minnətdarlığını bildirib. Veteranlar Təşkilatının üzvləri  şəhidin ev- muzeyində anası və yadigarı qalan övladları ilə birgə xatirə şəkilləri çəkdiriblər.  Veteranlar Təşkilatının üzvləri və qonaqlar aprelin 1- də  Hamarqışlaq kəndinə gedib şəhid Cavid Hüseynovun doğum günü ilə əlaqədar şəhidin ailəsi ilə görüşüb, onun ev- muzeyini ziyarət ediblər. Şəhidin atası Habil Hüseynov oğlu şəhid Cavid Hüseynovun Vətən müharibəsində bir tankçı kimi göstərdiyi qəhrəmanlığından qürurla söz açıb və sonda oğlunun adının əbədiləşdirilməsi üçün onun təhsil aldığı kənd orta məktəbinə şəhid Cavid Hüseynovun adının verilməsinə köməklik göstərilməsini Veteranlar Təşkilatından xahiş edib. Veteranlar Təşkilatının üzvləri aprelin 2-də isə rayonunun Edişə kəndindən olan şəhid Əsgər Məmmədovun ailəsini də ziyarət edib, ruhuna dualar oxuyub dərin hüznlə başsağlığı veriblər. Allah bütün şəhidlərimizə rəhmət eləsin.    

Hamısını oxu
Kazan kitabxanalarına Azərbaycanla bağlı kitab təqdim edilib

Rusiya Federasiyası üzrə Azərbaycan diasporunun nəşr etdirdiyi Böyük Vətən Müharibəsinin 75 illiyinə həsr olunmuş “Azərbaycan Böyük Vətən müharibəsi illərində” adlı kitabın Tatarıstanda təbliğat və tanıtımı davam edir. Belə ki, Tatarıstanın Leninoqorsk şəhərində fəaliyyət göstərən “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti İctimai Birliyinin sədri Ramiz Məmmədovun təşkilatçılığı ilə “Azərbaycan Böyük Vətən müharibəsi illərində” kitabı Kazan kitabxanalarına təqdim edilib. Xatırladaq ki, “Azərbaycan Böyük Vətən müharibəsi illərində” kitabı ötən il Kursk şəhərində çapdan çıxıb. Kitabın nəşrində məqsəd Rusiyada diaspor sahəsində çalışan soydaşlarımız üçün mühüm vəsait hazırlamaqdır. Nəşrdə Azərbaycan milli diviziyasınin ön və arxa cəbhədəki qəhrəmanlıqlarından və müharibəyə vermiş olduğu əvəzsiz töhfəsindən bəhs edilir. Kitabın təşəbbüskarı və müəlliflərindən biri də Rusiyanın Kursk şəhərində yerləşən Cənub-Qərb Universitetinin dosenti, ictimai xadim Qasım Kərimovdur. Digər müəllif isə Azərbaycan tarixçisi, tarix elmləri doktoru Vəfa Quliyevadır. Kitabda, həmçinin Azərbaycanda müharibə veteranlarına göstərilən diqqət barədə ətraflı məlumat verilir. Qeyd edək ki, kitabda Ramiz Məmmədovun atası, Böyük Vətən müharibəsi iştirakçısı Mustafa Yusif oğlu Məmmədov haqqında da məlumat yer alıb. Rusiyada yaşayan bir çox soydaşlarımız, o cümlədən Lenonoqarskda “Birlik” Azərbaycan diasporunun rəhbəri Ramiz Məmmədov kitabın nəşrinə təşkilati və maddi yardım göstərib. Həmçinin, Tatarıstan Azərbaycanlıları Regional İctimaı Birliyinin sədri Bəhram Mustafayev Kazanda kitabın təqdimatının xərclərini öz üzərinə götürüb. Tatarıstan Respublikasının Milli Kitabxanasında kitabın təqdimatı olub. Milli Kitabxananın direktor müavini Liliya Zalyalova kitabxana fonduna kitabı qəbul edib. Liliya Zalyalova bu kitaba görə Azərbaycan diasporuna öz təşəkkürünü bildirib: “Artıq hər hansı bir Tatarıstan sakini və ya qonaq kitabla tanış ola bilər”, deyə o əlavə edib. Kitabın ideya müəllifi Qasım Kərimov təqdimata gələ bilməsə də, telefon bağlantısı ilə öz sevincini bölüşüb: “Nəşrdə bir sıra mühüm və mötəbər mənbələrdən istifadə olunub. Burada həm Sovet İttifaqının qəhrəmanları, bu müharibənin iştirakçıları haqqında, həm də arxa cəbhədə Azərbaycanda görülən işlər haqqında ətraflı məlumat verilir. Qələbənin təmin edilməsində mühüm rol oynamış neftçilərimiz, alimlərimiz, kənd təsərrüfatı işçiləri, tibb işçiləri və s haqqında qeyd olunub. “Cəbhə üçün hər şey, qələbə üçün hər şey” prinsipi ilə gecə-gündüz işləyənlərin intensiv fəallığı, nailiyyətləri barədə ətraflı məlumat var, konkret misallarla oxuculara çatdırılır. Bundan başqa, kitabda bəzi ölkələrdə tarixi saxtalaşdıraraq faşizmi təbliğ edən, bunun qəbuledilməz olduğunu iddia edən mənfur insanlardan bəhs edilir”. Həmçinin, kitabla Tatarıstan Respublikasının Mərkəzi Kitabxanasında da tanış olmaq mümkündür. Orada da təqdimat və kitab təqdim olundu. Azərbaycan diasporunun nümayəndələri kitabxanalara Leninoqorskda keçirmək istədikləri “Dostluq körpüsü” aksiyasında iştirak etməyi təklif ediblər. Kitabın təqdimatı və təqdim edilməsi Tatarıstanda Azərbaycan diasporunun birgə layihələrinin və aksiyalarının başlanğıcıdır. Ramiz Məmmədovun təşkilatçılığı ilə Leninoqorskda Azərbaycan xalqının və Tatarıstanın mədəni mübadiləsinə həsr olunmuş “Dostluq körpüsü” aksiyasının həyata keçirilməsi planlaşdırılır.

Hamısını oxu
Şəhidlər ölməz!

Oktyabrın ayının 18-i Nehrəm qəsəbə şəhidliyində  keçirilən anım tədbirində Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalan, 44 günlük Vətən müharibəsi şəhidi leytenant Ümid Fərman oğlu Məmmədovun xatirəsi ehtiramla yad edilib. Anım mərasimində Babək Rayon İcra Hakimiyyətinin nümayəndələri, Nehrəm qəsəbə Bələdiyyəsinin nümayəndələri, iş adamı Səfər Əlirzayev, Babək rayon YAP-nın sədri İsa Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək Rayon Şöbəsinin əməkdaşları, Naxçıvan şəhərində yerləşən N saylı hərbi hissənin hərbi qulluqçuları, Vətən müharibəsi iştirakçıları, şəhidin ailə üzvləri, dini icmanın nümayəndələri, şəhid ailələri, qəsəbə sakinləri, qazilər, Vətən müharibəsi iştirakçıları, gənclər, qəsəbə məktəbliləri və digər ictimaiyyət nümayəndələri qəhrəman zabitin məzarını ziyarət ediblər. Anım mərasimində şəhidin məzarına əklillər qoyulub önünə qərənfillər düzülüb. Azərbaycanın ərazi bütövlüyünün qorunması, bərpası, tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalanların ruhlarına dualar oxunub, xatirələri yad edilib. Allah rəhmət eləsin!  

Hamısını oxu