Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Heydər Əliyevin “oğlum” dediyi zabit, nişangahsız toplarla hücum, Ağrıdakı türk əsgərləri...”

“Naxçıvanda ordunun yaradılması bütün bölgənin taleyini həll etdi”

 “Ağır hərbi texnikamız olmadığı üçün “BMP”, “BTR” kimi texnikaların maketlərindən və buluddağıdan toplardan istifadə edirdik”

 “Düşmənə qarşı ən böyük silahımız vətən sevgisi olub”

 Talıb Əliyev: “Azərbaycançılıq ideyası, vətən sevgisi bütün tarixi dövrlərdə xalqımızı zəfərə aparan başlıca amil olub”

Eyniylə 44 günlük Vətən müharibəsi kimi, Birinci Qarabağ müharibəsinin də Azərbaycan hərbçilərinin göstərdiyi qəhrəmanlıqlarla zəngin olduğu, əsgərlərimizin ağır şərtlər altında erməni faşizminə qarşı fədakarcasına mübarizə apardığı məlumdur.

Moderator.az olaraq Birinci Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant Əliyev Talıb Məmməd oğlu ilə söhbətimizdə Azərbaycanda ordu quruculuğu, Naxçıvanın düşmən hücumundan müdafiəsi, Ümummilli lider Heydər Əliyevin nizami ordu formalaşdırmaq, erməni hücumunun qarşısını almaq istiqamətində gördüyü böyük işlər, onun bütün xalqı azərbaycançılıq ideyası ətrafında sıx birləşdirməsi və s. kimi tarixi məqamlara toxunmağa çalışdıq.

-Talıb müəllim, ilk öncə 1991-ci ildə Naxçıvanda ordu quruculuğu prosesi ilə bağlı fikirlərinizi bilmək istərdik. Bu proses hansı zərurətdən meydana çıxmışdı? Heydər Əliyevin  bu prosesdəki yeri və rolu nədən ibarət idi?

-Naxçıvanda ordu quruculuğu prosesini zəruri edən əsas amil erməni hücumları və bu hücumlardan müdafiə zərurəti idi. Uzun illərdir ki, gizli şəkildə müharibəyə hazırlaşan və SSRİ-nin dağılması fonudna öz çirkin niyyətlərini açıq şəkildə həyata keçirməyə çalışan Ermənistan xaricdəki havadarlarının köməyi ilə Naxçıvana hücumlar edir, dinc insanları namərdcəsinə qətlə yetirirdi. Məhz bu səbəbdən də həmin vaxt Naxçıvanda olan, faktiki olaraq muxtar respublikanın müdafiəsini təşkil edən Heydər Əliyev, nizami ordu formalaşdırmağa səy göstərir, bunu ən ümdə tapşırıq kimi bütün yetkili şəxslərin qarşısında qoyurdu. Lakin o dövrdə ordu yaratmaq, onun silah-sursatla təchizatını təmin etmək heç də asan məsələ deyildi. Ən böyük problem heç şübhəsiz silah və hərbi texnika təchziatı ilə bağlı idi. Naxçıvanın müdafiəsi üçün gərəkli olan silah və texnika yox idi. Nəinki ağır hərbi texnika, adi atıcı silahlar belə yox idi.

Bu səbəbdən də 1991-ci ildə Heydər Əliyev Naxçıvanda ordunun yaradılması və onun silah-sursatla təminini həyati vacib məsələ kimi qarşıya qoydu. Çünki Naxçıvanın taleyi bilavasitə bu məsələdən asılı idi. Mənim üçün qürurvericidir ki, Ulu öndər məhz bu həyati məsələnin həllini – ordunun silah-sursatla təchizatı məsələsini mənə həvalə etdi və mən Ümummilli liderin mənə verdiyi səlahiyyətdən, eləcə də şəxsi əlaqələrimdən istifadə edərək bu problemin həlli istiqamətində konkret addımlar atdım.

-Maraqlıdır, bütöv bir ordu üçün gərəkli olan silah-sursatı necə əldə etdiniz?

-Təbii ki, bu təminat birdən-birə və kütləvi şəkildə həyata keçirilmədi. Bu, mümkün də deyildi. Biz ilk növbədə daxili imkanlarımızı səfərbər edərək əlimizdəki silah-sursatı yenidən dəyərləndirdik. Onların dəqiq siyahısı aparıldı, yararlılıq dərəcəsi müəyyənləşdirildi. Bundan sonra  Heydər Əliyevə məruzə etmək və onun bilavasitə xeyir-duası ilə kənardan Naxçıvana silah-sursat gətirilmsəi istiqamətində işlərə başladıq. Şəxsi əlaqələrim və vətənpərvər gənclərimizin köməkliyi ilə qısa müddətdə xeyli miqdarda avtomat silah əldə edərək bu silahları Naxçıvanın müdafiəçilərinə payladıq. Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda 1000 nəfərə yaxın ordu quruldu. Ancaq hələ də qarşıda görülməsi gərəkən çoxlu iş var idi. Çünki yeni yaradılan ordu hərbi texnikadan tamamilə məhrum idi ki, bu da düşmənə qarşı uğurlu mübarizə imkanlarımızı məhdudlaşdırıdı.

-Talıb müəllim, hərbi texnikanın yoxluğu fonunda düşmən texnikasının hücumu önləmək üçün hansı vasitələrdən istifadə edirdiniz?

-Hərbi texnikamızın yoxluğu bizi ən fərqli üsullara əl atmağa, hər bir məsələyə yaradıcı yanaşmağa vadar edirdi. Bu vasitələrdən biri də sovetdən qalma buluddağıdan toplar idi. Sovet vaxtı kənd təsərrüfatı məqsədi ilə istifadə edilən bu toplardan biz hərbi məqsədlərlə istifadə edir, düşmən hücumunun qarşısını almağa çalışırdıq. Bu toplar bizə daha çox düşmənin hərbi texnikasının qarşısını almaq üçün lazım idi. Buluddağıdan toplarda hərbi toplarda olduğu kimi nişangah yox idi. Buna görə də həmin toplardan istifadə ikiqat səriştə tələb edirdi.

Hərbi texniki təchizat baxımndan ermənilərdən çox geridə qalsaq da, ordumuzda vətənpərvərlik əhval-ruhiyyəsi çox yüksək idi. Heydər Əliyevin çıxışları, onun verdiyi göstərişlər, yürütdüyü siyasət  Naxçıvanda vətənpərvərlik əhval-ruhiyyəsini yüksəldir, hər kəsi azərbaycançılıq ideologiyası ətrafında sxı birləşdirirdi. Başqa sözlə desək, hərbi texnika baxımından vəziyyətimiz nə qədər acınacaqlı idisə, vətənpərvərlik əhval-ruhiyyəsi baxımından o qədər yüksək idi.  Təsəvvür edin ki, Naxçıvanda rus hərbi hissəsinə aid poliqondan gətirdiyimiz 10 ədəd xarab, istismara yararsız tankın arxasına buluddağıdan topları yerləşdirir və lazımi məqamda onlardan atəş açardıq. Ermənilər hesab edirdi ki, bizdə tanklar var və atəş də bu tanklardan açılır. Bu, düşmənə psixoloji baxımdan ağır təsir edir, ermənilər arasında qorxu hissini artırırdı. Bundan başqa, “BMP”, “BTR” kimi texnikaların maketlərini hazırlayıb bəzi mövqelərdə yerləşdirirdik. Mümkün qədər düşmənə hərbi texnikadan məhrum olduğumuzu hiss etdirməməyə çalışır və əksər hallarda buna nail olurduq.

-Talıb müəllim, ötən əsrin 90-cı illərində Azərbaycan ordusunun adına yazıla biləcək uğurlu əməliyyatlardan biri də 1991-ci ilin Qarağac və Həsənqulu əməliyyatlarıdır. Mümkünsə bu əməliyyatlar haqqında məlumat almaq istərdik.

-1991-ci ildən etibarən biz Ermənistanla sərhəddə zastavalar yaratmağa başladıq ki, bunlardan ən böyükləri Heydərabad və Qarağac zastavaları idi. Biz dağlarda 10-ə qədər post yaratmış, ziq-zaq formasında səngərlər qazmışdıq. Düşmən atəşindən yayınmaq, təhlükəsizliyimizi təmin etmək üçün səngərləri adətən axşam saatlarında qazırdıq. Mən o zaman Sədərək Regional Qərargahın rəisi vəzifəsini daşıyıdım. Bundan bir müddət öncə ermənlər Qarağac, Həsənqulu bağlarını zəbt etmiş, oradakı hər şeyi – hətta ağacları da kütləvi şəkildə məhv etmişdilər. Belə bir ağrılı  dönəmdə Heydər Əliyev ermənilər tərəfindən işğal edilən bu torpaqların azad edilməsi ilə bağlı tapşırıq verdi. Tapşırığa əsasən biz əks-hücuma keçərək Qarağac və Həsənqulunu azad etməli, bu əraziləri düşməndən təmizləməli idik.

Biz Heydər Əliyevin tapşırığı ilə, hərbi texniki dəstək olmadan hücuma keçdik. Cəmi 19 buluddağıdan topumuz var idi ki, bundan atəş açmaqla düşməni məhv etməyə çalışırdıq. Əsgərlərimiz bu döyüşlərdə  çox böyük qəhrəmanlıqlar göstərdilər. Demək olar ki, yalnız yüngül atıcı silahlarla silahlanmalarına baxmayaraq, erməniləri və onlara dəstək verənləri məhv edərək Qarağac və Həsənqulunu azad etdilər. Azad edilən ərazilərdə, o cümlədən Cünnüt dağında postlar yaratdıq. Bu əməliyyat bütün Naxçıvanda böyük ruh yüksəkliyinə səbəb oldu. Ordumuzun gücünə olan inam daha da artdı. Ulu öndər Heydər Əliyev bizi qələbə münasibəti ilə təbrik etdi, məni Sədərək Regional Qərargahın rəisi kimi təşəkkürnamə ilə təltif etdi.

Bu qələbə Naxçıvanda ordu qurucluğu istiqamətində atılan addımların nə qədər doğru və efektiv olduğunu aydın şəkildə təsdiqləmiş oldu.Hər zaman insanların əməyini və xidmətini yüksək qiymətləndirən Heydər Əliyev, ordu qurucluğu prosesindəki xidmətlərimi nəzərdə tutaraq mənə bildirdi ki, sən ki, bu ağır işin öhdəsindən gəldin, bundan sonra mənim oğlumsan. Ulu öndərdən bu sözləri eşitmək mənim üçün ən böyük mükafat idi və mən bu gün də bu sözlərlə fəxr edir. iftixar hissi duyuram.

 Ümumiyyətlə, Ümummilli lider bizimlə hər görüşündə bizi ruhlandırır, bizə azərbaycanlı olduğumuzu, igidlik, qəhrəmanlıq, vətənə məhəbbət, fədakarlıq kimi yüksək mənəvi dəyərlərə sahib olduğumuzu xatırladırdı. Heydər Əliyev bildirirdi ki, hər bir azərbaycanlı öz tarixi kökündən, mənəvi dəyərlər sistemindən güc almalı, öz əməlləri ilə milli kimliyini sübuta yetirməlidir.

-O zaman söyləmək olarmı ki, azərbaycançılıq – öz kökündən, tarixi keçmişindən güc almaq, milli mənəvi dəyərlərindən bəhrələnmək, anadangəlmə vətən sevgisi, xalqı, bayrağı, dövləti canı bahasına qorumaq fədakarlığı 44 günlük Vətən müharibəsində olduğu kimi, Birinci Qarabağ müharibəsində də ordumuzun ən effektiv özünmüdafiə və qalibiyyət silahı olub?

-Şübhəsiz. Azərbaycançılıq ideyası, bu ideyanın özündə ehtiva etdiyi dəyərlər bütün tarixi dövrlərdə xalqımızın ən təsirli müdafiə və yaşam vasitəsi olub, onun qalibiyyətini şərtləndirən əsas faktor kimi çıxış edib. Xalqımız məhz bu ideya ətrafında birləşərək düşmənə qarşı birgə mübarizə həyata keçirib. İnsanlarımız məhz bu dəyərlərə istinad edərək dar məqamda vətənin, torpağın elliklə müdafiəsinə qalxıblar. Xalqımızın igid övladlaırnı şəhidliyə aparan da, zirvələrə yüksəldən də məhz bu amil olub.

Biz 44 günlük Vətən müharibəsində bir daha bu həqiqətin şahidi olduq. Biz şahid olduq ki, hərbçilərimiz Vətən müharibəsinin ən həlledici döyüşü olan Şuşa döyüşlərində düşməni yalın əllə məhv etdi. Əsgərlərimizə bu gücü verən, onların zəfərini təmin edən ən başlıca amil məhz azərbaycançılıq ideyası, vərənə olan əbədi və ölümsüz sevgi hiss olmuşdur. Bu, bizim bir xalq olaraq qürur duyduğumuz ən böyük həqiqətlərimizdən biridir.

-1992-ci ildə Naxçıvanda düşmənlə müharibə ssenarisində hansı dəyişikliklər baş verdi?

-Ermənilər 1992-ci ilin əvvəllərindən etibarən Naxçıvan istiqamətində çoxlu sayda canlı qüvvə və hərbi texnika cəmləməyə başladı. Bütün müşahidələr və kəşfiyyat məlumatları düşmənin irimiqyaslı hücuma hazırlaşdırığını göstərirdi. Bu məsələdə ruslar da ermənilərə açıq şəkildə dəstək verirdi. 1992-ci ilin mayın əvvəlində ermənilərin 30-40 hərbi texnikanın iştirakı ilə Sədərəyə hücumu başladı. Sədərək qəbiristanlğına doğru enən ermənilər Mil təpəsini və ətraf əraziləri ələ keçirdilər. Qüvvələrimizin azlığı, hərbi texnikanın yoxluğu səbəbi ilə əsgərlərimiz nə qədər cəsarətlə vuruşsa da, erməni hücumunun qarşısını ala bilmirdi. Amma buna baxmayaraq, əsgərlərimiz son damla qanına qədər döyüşür, onların hər biri əsl qəhrəmanlıq nümunəsi göstərirdi. Təkcə bir faktı qeyd edim ki, bu döyüşlərdə rota komandiri Cəfərov Şakir Səttar oğlunun rəhbərlik etdiyi 18 nəfərlik dəstə tam tərkibdə şəhid oldu. Həmin döyüşdə Şakir Cəfərov qrantamyotla düşmənin iki hərbi texnikasını sıradan çıxardı və şəhadətə yüksəldi. 1992-ci ilin may döyüşlərində ərazi baxımından bəzi mövqeləri itirsək də, ordumuzun düşmənə verdiyi böyük itki erməniləri yeni hücum əməluiyyatlarından çəkindirdi. Düşmənin özünəinam hissini məhv etdi.

-Ermənilərlə ölüm-dirim mübarizəsinin aparıldığı bir zamanda qardaş Türkiyə Naxçıvana hansısa dəstək göstərirdimi?

-Təbii ki, Türkiyə fakltoru bizim üçün hər şeydən öncə mənəvi-psixoloji baxımından böyük amil idi. Doğrudur, o dövrün siyasi reallıqları səbəbi ilə Türkiyə Naxçıvana açıq hərbi dəstək göstərə bilmirdi. Amma Türkiyə çətin vaxtlarda öz mövcudluğunu hiss etdirir, düşmənə ciddi mesajlar verirdi. Bununla bağlı bir faktı diqqətinizə çatdırmaq istəyirəm. 1992-ci ilin may döyüşləri zamanı düşmənə layiqli cavab versək də, bəzi mövqeləri itirməyimizi həzm edə bilmir, ciddi gərginlik keçirirdik. Belə bir zamanda mənim tapşırığımla Türkiyə sərhədinə yaxın ərazidə buluddağıdan topdan atəş açaraq qardaş dövlətin diqqətini buradakı əməliyyatlara cəlb etməyə çalışdım. Bundan cəmi bir neçə saat sonra Heydər Əliyev zəng edərək  məni öz otağına çağırdı. Ulu öndərin otağına daxil olan zaman içəridə bir neçə türk generalının da olduğunu gördüm. Heydər Əliyev nəzərləri ilə generalları göstərək məndən soruşdu ki, bunların kim olduğunu bilirsən? Mən: “Bilirəm,onlar bizim qardaşlarımızdır” -dedim. Heydər Əliyev söylədi: “Bəs bilirsən nə üçün gəliblər?”. “Bəli” dedim. Heydər Əliyev dedi: İndi de görək Türkiyənin sərhəddi yaxınlığında buluddağıdan topdan atəş açmaqda məqsədin nə olub?”. Mən cavab verdim: “İstədim ki, sərhəddin o tayındakı qardaşlarımız sərhəddin bu tayındakı qardaşlarının  necə cəsarətlə döyüşdüyünü və necə qəhrəmanlıqla şəhid olduğunu görsün”. Hiss etdim ki, son cümlən Heydər Əliyevin ürəyincə oldu. O, məmnun və qürurlu baxışlarla türk generallarına baxdı və mənə “gedə bilərsən” dedi.

Səhərsi gün, əsgərlərdən biri həyəcanlı şəkildə məni yuxudan oyatdı. Ondan nə baş verdiyini soruşanda əsgər bildridi ki, bunu sözlə izah edə bilməyəcək. Mən kazarmadan bayıra çıxdım və gördüyüm mənzərədən mat qaldım. Baxdım ki, Ağrı dağı başdan-baş türk ordusu ilə örtülüb. Sanki qarşımda dağdan bir ordu dayanıb. Bu hissin verdiyi qürur və iftixar hissini sözlə təsvir etmək mümkün deyil.

Türk ordusunun Ağrı dağındakı əzələ nümayişi erməniləri qorxuya saldı. Mən ilk dəfə o an Türkiyə faktorunun bizim üçün necə böyük önəm kəsb etdiyini əməli şəkildə gördüm. Və anladım ki, Türkiyə ilə Azərbaycanın qardaşlığı həqiqətən də əzəli və əbədidir və bu iki qardaş dövlət heç vaxt bir-birini darda qoymayacaq.

Seymur ƏLİYEV

2022-07-22 08:37:00
275 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatının nümayəndə heyəti Mingəçevirdə qocaman müharibə veteranlarına ərzaq yardımları çatdırıb.

Respublika Veteranlar Təşkilatının Gənclərin Hərbi Vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və Təşkilatın Mətbuat Xidmətinin əməkdaşı Şəhla Qarayeva, şəhər Veteranlar Təşkilatının sədri Ələm Məmmədov Mingəçevir şəhər İcra Hakimiyyətində olublar. Nümayəndə heyətini qəbul edən Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdiri Hikmət Kərimov ilk öncə qonaqları salamlayıb ,  Respublika Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə koronavirus (COVİD-19) pandemiyası kimi çətin bir dönəmdə müharibə veteranları üçün başladılan ərzaq yardımı aksiyasını yüksək qiymətləndirib. Ərzaq məhsullarından ibarət sovqatlar   Böyük Vətən Müharibəsi veteranlarına təhvil verilib. Məlumat üçün qeyd edək ki, “Biz birlikdə güclüyük!” çağırışına əsasən 245 müharibə veteranına dəstək olmaq məqsədilə ərzaq yardımlarının paylanılması Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə həyata keçirilir.

Hamısını oxu
Azərbaycan ziyalıları UNESCO-nun Baş direktoruna müraciət edib

Azərbaycanın bir qrup ziyalısı UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət edib. APA-nın məlumatına görə, müraciətdə deyilir: “Hörmətli Baş direktor, Biz Ermənistanın həyata keçirdiyi siyasət nəticəsində bu ölkə ərazisində Azərbaycan xalqına məxsus yüz illərlə tarixi olan mədəni irsin tamamilə yox olması təhlükəsi ilə bağlı ciddi narahatlığımızı bölüşmək üçün sizə müraciət edirik. Ermənistanda yaşamış və bu yerlərin köklü sakinləri olan azərbaycanlılara qarşı XX əsrin əvvəllərindən etibarən aparılmış etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlılar öz dədə-baba torpaqlarından kütləvi deportasiyaya məruz qalmışlar. Sonuncu deportasiya 1988-ci ildə həyata keçirildi və 250 mindən çox azərbaycanlı öz doğma yurdlarından qovularaq qaçqına çevrildi. Bununla da, Ermənistan tərəfindən həyata keçirilən məqsədyönlü və sistematik deportasiya siyasəti nəticəsində azərbaycanlıların Ermənistandan qovulması prosesi sona çatdı. Bu gün Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb. Ermənistan məqsədli şəkildə bu ərazilərin tarixi və əzəli sakinləri olan azərbaycanlıların izlərini hər yerdən silir, Azərbaycan xalqının mədəni irsini talayır, dağıdır, özününküləşdirir və mənşəyini dəyişdirir. Azərbaycan kəndlərinin tarixi adları kütləvi şəkildə dəyişdirilib, qədim toponimlər erməni adları ilə əvəz edilib. İrəvan quberniyasında yerləşən Göy məscid, Qala Məscidi, Şah Abbas, Təpəbaşı, Zal Xan, Sərtib Xan, Hacı Novruzəli Bəy, Dəmirbulaq, Hacı Cəfər Bəy, Rəcəb Paşa, Məhəmməd Sərtib Xan, Hacı İnam Məscidi kimi 300-dən çox məscid 20-ci əsrin əvvəllərində qəsdən dağıdılıb, özününküləşdirilib, və ya digər məqsədlərlə istifadə edilib. Yalnız Dəmirbulaq Məscidi 1988-ci ilə kimi öz təyinatı üzrə fəaliyyət göstərib, indi isə o tamamilə dağıdılıb və yerində çoxmərtəbəli bina inşa edilib.    Ermənistanda azərbaycanlılara məxsus Ağadədə, Aşağı Şorca, Güllübulaq, Saral qəbiristanlıqları kimi 500-dən çox qəbiristanlıq məhv edilib. Bu il Azərbaycan xalqının 200 illik yubileyini qeyd etdiyi, qədim Göyçə mahalında, doğulduğu kənddə qəbirüstü abidəsi ucaldılmış Aşıq Ələsgərin də qəbri dağıdılıb. Bəşəriyyətin qeyri-maddi mədəni irs nümunələri siyahısına salınan Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi olan Aşıq Ələsgərin qəbirüstü büstünün dağıdılması bir daha Ermənistanın heç bir ümumbəşəri dəyər tanımadığını nümayiş etdirir. Bu, bütün dinlər tərəfindən qəbuledilməzdir və heç bir mənəviyyata sığmır. On illərlə davam edən vandallıq əməllərinə görə bir nəfərin belə cəzalandırılmaması Ermənistanda bu işlərin dövlət siyasəti olmasının növbəti sübutudur. Azərbaycan xalqının mədəni irsinin qəsdən dağıdılması, bir hissəsinin mənimsənilməsi, başqa xalqların irsi kimi qələmə verilməsi onu göstərir ki, Ermənistan hətta azərbaycanlıların bu torpaqlarda tarix boyu yaşaması və zəngin mədəniyyət yaratması faktını belə inkar edir. Bu, Ermənistanda Azərbaycan xalqına qarşı mövcud olan dözümsüzlüyün bariz nümunəsidir.  Mədəni abidələrin qəsdən dağıdılması, onların mənsubiyyətinin dəyişdirilməsi və özününküləşdirilməsi beynəlxalq humanitar hüququn, xüsusən də 1949-cu il Cenevrə Konvensiyalarının, UNESCO-nun 1954 və 1970-ci il Konvensiyalarının kobud şəkildə pozulmasıdır. Bunlar müharibə cinayətləridir. BMT Təhlükəsizlik Şurasının 2017-ci ildə qəbul etdiyi tarixi 2347 saylı tarixi qətnaməsinin də müəyyən etdiyi kimi, mədəni irsin qəsdən dağıdılması həmçinin sülh və təhlükəsizlik məsələsidir.  Hörmətli Baş direktor, Yuxarıdakıları qeyd etməklə, biz sizi Ermənistanda Azərbaycan xalqına məxsus olan mədəni irsin hazırkı vəziyyəti barədə ətraflı hesabat təqdim etmək məqsədilə Ermənistan hökumətinə rəsmi sorğu göndərməyə çağırırıq. Biz həmçinin sizdən Azərbaycan xalqının əsrlərlə tarixi olan mədəni və tarixi irsinin hazırkı vəziyyətinin qiymətləndirilməsi üçün Ermənistana ekspert qrupunun göndərilməsini xahiş edirik.  UNESCO-nun öz konstitusiyası ilə ona verilmiş vasitəçilik mandatına güvənir və sizdən bu təşəbbüsün reallaşdırılması ilə bağlı UNESCO-nun rəsmi mövqeyinə dair bizi məlumatlandırmağınızı xahiş edirik. İmza edənlər:                                                                                   Kamal Abdulla - Azərbaycan Yaradıcılıq Fondunun rəhbəri, Xalq yazıçısı, akademik, Fərhad Bədəlbəyli - pianoçu, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru Elbay Qasımzadə - Azərbaycan Memarlar İttifaqının sədri Əziz Ələkbərli - Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Hikmət Məmmədov - “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Aqil Abbas - “Ədalət” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Mənsum İbrahimov - Xalq artisti, professor Fatma Səttarova - Respublika Veteranlar Təşkilatının sədri, II Dünya Müharibəsi veteranı Bəyimxanım Verdiyeva - Xan Şuşinski Fondunun rəhbəri Elçin Mirzəbəyli - “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Nurəddin Mehdiyev - "Virtual Qarabağ" İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin sədri Aybəniz İsmayılova - “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Zeyni - Milli QHT Forumunun prezidenti Anastasiya Lavrina - “Azərbaycanın Rus İcması"nın sədr müavini Faiq İsmayılov - “Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyinin sədri Umud Mirzəyev - Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Davud Rəhimli - Əlil Təşkilatları İttifaqının sədri Günel Səfərova - "Vətəndaş" Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Əvəz Həsənov - "Humanitar Tədqiqatlar" İctimai Birliyinin sədri İlqar Orucov - "Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti" İctimai Birliyinin sədri Azər Qərib – Azərbaycan Turizm Blogerləri Assosiasiyasının sədri Nüşabə Məmmədova - Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri”.  

Hamısını oxu
Ömrünü xalqına həsr edən Ulu Öndər dövləti üçün misilsiz xidmətlər göstərdi

10 may tarixi müasir dövlətçiliyimizin banisi, ümummilli liderimiz Heydər Əliyevin dünyaya gəldiyi gündür. Onun fiziki yoxluğundan neçə illər ötməsinə baxmayaraq, Azərbaycan xalqı öz xilaskarını heç zaman unutmur, daim onu ehtiramla yad edir. Tək 10 may günü deyil, adi vaxtlarda da insanlar Fəxri xiyabana gedərək Ulu Öndərin məzarını ziyarət edir, ruhu qarşısında baş əyirlər. Ulu Öndərin hamıya örnək ömür kitabını vərəqləyəndə belə qənaətə gəlirik ki, ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərlər heç zaman unudula bilməz.   Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən söhbət açanda ilk öncə 1969-1982-ci illərə, onun Sovetlər birliyi dövründə respublikamıza rəhbərlik etdiyi vaxtlara nəzər yetirmək vacibdir. Həmin illərdə yaşamış dövlət və sənət xadimləri, təsərrüfat adamları, ziyalılar, ictimaiyyət nümayəndələri daim Ulu Öndərimizlə bağlı xatirələrində belə görkəmli şəxsiyyətlə eyni dövrdə yaşayıb fəaliyyət göstərmələrindən qürurlandıqlarını bildirir və qeyd edirlər ki, onun Azərbaycana rəhbərliyi ölkəmizin tarixində əsaslı dönüş nöqtəsi olub. O vaxta kimi Azərbaycan adlı respublika nəinki dünya, hətta ittifaq miqyasında o qədər də tanınmırdı. Halbuki respublikamız ittifaqda zəngin yerüstü, yeraltı sərvətləri ilə seçilib. Təəssüf ki, respublikamızın adı ucqar milli əyalətlərdən biri kimi çəkilirdi. Məhz 1969-cu ilin tarixi iyul plenumunda Heydər Əliyevin respublika rəhbəri təyin edilməsi ilə Azərbaycanın tarixində sürətli inkişaf dövrü başlayıb. Qısa vaxt ərzində onun təşəbbüsü ilə mühüm sənaye müəssisələri Azərbaycanın şəhərlərində inşa edilib, təsərrüfat, elm və təhsil sahələrində qətiyyətli islahatlar həyata keçirilib.   Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyevin ikinci hakimiyyət dövrü isə müstəqillik qazandığımız çox çətin və mürəkkəb illərə təsadüf edir. 1990-cı illər Azərbaycanın tarixinə ağır faciələrin yaşandığı bir dövr kimi daxil olub. Həmin vaxt Sovetlər birliyi süqut edəndə 15 ittifaq dövləti sırasında Azərbaycan yeganə ölkə oldu ki, ərazisinin 20 faizi işğal edildi, 20 mindən çox şəhid verdik, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Sovet rejiminin qəddarlığı sayəsində Azərbaycanda baş verən 20 Yanvar qırğınlarından sonra Heydər Əliyev doğulduğu Naxçıvana qayıtdı və burada xalqın iradəsi ilə Ali Məclisə rəhbərlik etməyə başladı. Məhz onun qətiyyəti və fədakarlığı sayəsində bu diyarda ölüm-itki olmadı, insanlar müdrik rəhbərin ətrafında sıx birləşərək onun timsalında xilas yolunu tapdılar.   Ulu Öndərin dünyaya gəlişindən 99 il ötür. Təəssüf ki, ömür vəfa etmədi, qurub-yaratdığı ölkənin bugün dünya ölkələri ilə müqayisə olunduğunu, xalqa əmanət qoyduğu idarəçilik məktəbinin layiqli davamçısı cənab Prezident İlham Əliyevin diplomatik bacarığı sayəsində ölkəmizin regionda söz sahibinə çevrildiyi günləri görmədi...   Bu gün öz Prezidentinə etimad göstərən, onun ətrafında sıx birlik nümayiş etdirən xalqımız əmindir ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən yaradılan müstəqil dövlətimizin inkişafı etibarlı əllərdədir. Nə qədər ki, Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Ümummilli Lider Heydər Əliyev həmişə hörmətlə anılacaq, onun dövlətçilik məktəbi uğurla fəaliyyətini davam etdirəcək! Məşhur Məmmədov Millət vəkili

Hamısını oxu
Gənc nәslin tәrbiyәsindә Heydәr Әliyev mәktәbi.

Hәqiqəti müəyyən ambisiyalarına görə, maraq vә faktları mәnafelәrinә uyğun təһrif edәnlərin, obyektiv faktları mәqsәdli şәkildә saxtalaşdıranların cәһdlәri labüd iflasa, zamana eһtiyacı olan mәğlubiyyәtә mәһkumdur. Әsrlәrin tәcrübәsi birmәnalı şәkildә təsdiq edib ki, insana xas subyektivizmdәn yüksəkdә durmaqla yeganә әdalәtli һakim olan tarix һәqiqәtin tәһrifi, faktların saxtalaşdırılması ilә һeç vaxt barışmayıbdır. Hәqiqәtin bütün çılpaqlığı ilә gec-tez üzә çıxacağını yaxşı bilәnlәr mәһz buna görə sözlәrinә vә әmәllәrinə mәsuliyyәtlә yanaşaraq, әmәllәrini sözlәrinin, sözlәrini isә әməllәrinin tәsdiq etmәsinә xüsusi diqqәt yetirirlәr. Mәnalı ömrünü sözü vә әmәlinin bütövlüyü ilә yaşayan və elә buna görә dә adı tarixә sağlığından әbәdi һәkk olunan daһi şәxsiyyətlәrdәn biri Ulu Öndər Heydәr Әliyevdir.  Heydәr Әliyev һәqiqәti bütün tәһrif vә saxtalaşdırma cəһdlərini puça çıxardıb. Onun qüdrәtinin әvәzsizliyinin tәbliğә eһtiyacı qalmayıb. Heydәr Әliyev һəqiqәti yozulan yox, mәһz görünәn һәqiqәtdir, zamanın sınağından çıxdığı uçün әbәdiliyinә tarix tәminat veribdir. Heydər Әliyev ömrü, fәaliyyәti elә mәnalı keçib vә XX әsrdә etnik mövcudluğumuzun qorunub saxlanılması vә milli azadlığımızın qazanılması tarixini mәqsәdyənlü fәaliyyәti vә әmәllәri ilә yazan bu böyük insanın һәyatının һәr günü, һәr ayı, һәr ili һәyat dәrsliyidir, tәcrübә mәktәbidir. Talenin bәxş etdiyi bu milli sərvәti һәrtәrәfli vә әsaslı şәkildә öyrәnmәklә biz gәlәcәyimizin daimi vә şәriksiz saһibi ola bilәrik. Vәtәnini, xalqını sevәn, milli ideallara xidmәti özünün әn ümdә vәtәndaşlıq vәzifәsi vә borcu sayan һәr bir şәxs Heydәr Әliyevi Prezident — dövlәt başçısı kimi, Ali Baş Komandan kimi, ümummilli lider kimi, diplomat kimi, siyasi xadim kimi, iqtisadçı kimi, sıravi vәtәndaş kimi, nәһayәt, ailә başçısı kimi öyrәnmәlidir; dövlət quruculuğunu vә dövlәti idarәetmәni, müһaribә vәziyyәtindә sәrkәrdәliklә incә diplomatiyanı birlәşdirmәyi, milli әnәnәsi olmadığı һalda yeni ictimai-siyasi, sosial-iqtisadi münasibәtlәr dövründә cәmiyyәtin demokratiklәşdirilmәsini, iqtisadi potensialın güclәndirilmәsini әlaqәlәndirmәyi, Vәtәnә — xalqa tәmәnnasız xidmәti, әsldәn-nəsldәn vә köklü ocaqdan gәlәn әnәnә ilә nümunәvi ailә yaratmağı öyrәnmәlidir.   Heydәr Әliyev Prezident — dövlət xadimi kimi. Azәrbaycan prezidentini tarixi dövlətçilik әnәnәsi olan bir çox ölkә rәһbәrlәrindәn fәrqlәndirәn әsas cәһәt milli azadlıq һәrәkatını formalaşdırmaq, tәnzimlәmәklә respublikanı әsarәtdәn qurtarması vә müstәqil dövlət qurmasıdır. Heç şübһәsiz, qurulu dövləti idarә etmәk yeni bir dövlət quraraq onu idarә etmәkdәn qat-qat asandır. Tale isә sanki Heyder Əliyevi işıqlı dünyaya Azәrbaycan xalqının qarşısına çıxan bütün problemlәri һәll etmәk üçün gәtiribdir. Prezident vә dövlət xadimi kimi Heydәr Әliyevin fәaliyyәtini şәrti olaraq iki dövrә ayırmaq olar: Milli müstәqilliyә qədәr Milli müstәqillikdәn sonrakı dəvr. Hәr iki dövr üçün xarakterik cәһәt Heydәr Әliyevin özü üçün һәyatının mәnası kimi seçdiyi müqәddәs bir amala — Azәrbaycana xidmәt amalına sonsuz sәdaqәtidir. Amalsa dәyişmәyib, dәyişәn amalı gerçәklәşdirmә yolları vә vasitәlәridir. Onun fәaliyyәtinin birinci dövründә әsas mәqsәd milli ruһun şüurlu oyanışına nail olmaqla milli potensialı qoruyub saxlamaq vә gәlәcәk müstәqil Azәrbaycan üçün sosial-iqtisadi, mәnәvi- psixoloji, һәrbi vә elmi-mәdәni baza yaratmaq idisә, ikinci dəvrdә artıq müstәqil, suveren dövlətin azadlığına dönmәz xarekter vermәk, demokratik, dünyәvi, һüquqi dövlәt qurmaq, nizami ordu yaratmaq, iqqisadiyyatı, mәdәni-elmi һәyatı dirçәltmәk, sosial mәsәlәlәri nizamlamaq әsas vәzifәlәr idi.   Tanrı bütün bәndәlәrinә qarşı mәrһәmәtlidir, amma onun sevgisini qazanmaq һәr bәndәyә nәsib olmur. Bәli, Heydәr Әliyev tanrının sevdiyi bәndәdir. Hәr әsgәr general ola bilmәz, amma pis әsgәr odur ki, general olmaq istәmir. Bizim һәr birimiz, o çümlәdәn sәrһәddә torpaq keşiyini çәkәn sıravi bir әskәr dә mәһz Ulu Öndər Heydәr Әliyev kimi şәxsiyyәt olmağa cәһd göstәrmәlidir. Cәmiyyәtdә belә bir cәһdin әnәnәyә çevrilmәsi әslindә әldә edilәn uğurları qoruyub saxlamağa vә daһa da inkişaf etdirmәyә qadir vәtәndaşların yetişmәsinә etibarlı tәminat ola bilәr. Heydәr Әliyev Ali Baş Komandan kimi. Azәrbaycanda müasir tipli ordunun һәm nәzәri, һәm dә praktiki baxımdan yaradılması mәһz Heydәr Əliyevin tarixi xidmәtidir. һәlә sovet dəvründә milli һәrbçi kadrların yetişdirilmәsinә xüsusi әһәmiyyәt verәn Heydәr Əliyev C.Naxçıvanski adına һәrbi mәktәbin açılmasına nail oldu. Әһali, xüsusәn gәnclәr arasında һәrb sәnәtinә neqativ münasibәti kökündәn dәyişdirdi, tәһlükәsizlik vә һüquq-müһafizә orqanlarının millilәşdirilmәsi prosesinә başladı. Azәrbaycanlı һәrbçilәrin çoxsaylı etirafları bir daһa sübut edir ki, mәһz Heydәr Әliyev һakimiyyətə gәlәndәn sonra sovet rejimindә azərbaycanlı һәrbçilәrә yüksәk rütbәlәr vә mәsul vәzifәlәr verilmәyә başlanıldı. Keçmiş SSRİ-nin һarasında xidmәt etmәsindәn asılı olmayaraq, hәr bir azәrbaycanlı әsgәr, xüsusәn dә zabit Heydәr Әliyevin simasında özünün karyerasına, bacarıq vә istedadının qiymәtlәndirilmәsinә qarant görürdü. Elә o vaxtdan һərbçilәr arasında Heydәr Əliyev ordu quruculuğunu peşәkarcasına bilәn, әn başlıcası isә milli zabit kadrların yeganә qayğıkeşi vә һimayәdarı imicini qazanmışdı.   Heydәr Әliyevin xarakterini, ideologiyasını, taktikasını vә strategiyasını һәlә 60-cı illәrdәn formalaşdırmağa başladığı milli azadlıq һәrәkatı qәlәbә çalandan sonra sәriştәsiz adamların rәһbәrliyә gәlişi ilә sistematik, mәqsәdyönlü möһtәşәm dövlәt vә ordu quruculuqunda anarxiyaya rәvac verildi. Nәticәdә cәbһәyә toplaşmalı olan silaһlar tәsadüfi әllәrә düşdü, Bakıda cәbһә xәttindәn daһa çox vә daһa sürәkli atәş sәslәri eşidilmәyә başladı. Başıpozuq reket dәstәləri һәrbi birlәşməlәr adı altında "siyasi liderlәrin sözlә, әmәli işlә gerçәklәşdirә bilmәdiklәri ambisiyalarını zorla rellaşdırmaq istәyirdilәr. Bir çox müxalifәt liderlәri silaһlı dәstәlәrinin әһatәsindә siyasi imic qazanmaq üçün canfәşanlıqla "Vәtәndәn" danışdıqları vaxtlar Heydәr Әliyev danışmaq әvәzinә әmәli iş görürdü — Milli Ordunu yaradırdı. Dәmir intizamlı, müasir texnika ilә tәcһiz edilmiş, һәqiqi peşәkarlarla güclәndirilmiş milli ordunun varlığı ilk növbәdә özünün xarici һavadarlarına arxalanan vә "qәlәbә eyforiyası" yaşayan ermәni işğalçılarını atәşkәslә razılaşmağa vadar etdi. Ordunun sosial-mәişәt qayğıları, әsgәr vә zabit һeyәtinin döyüş һazırlığının tәkmillәşdirilәrәk yüksәldilmәsi, siyasi-ideoloji vә tәrbiyәvi işin müstәqil respublikamızın mәnafe vә marağına uyğun qurulması Ulu Öndərin diqqәt mәrkәzindә idi. İnamsız әsgәrin әlindә silaһ әslindә ya dәmir parçasıdır, ya da һara tuşlanması dәqiq bilinmәyәn ölüm mәnbәyidir. Heydәr Әliyev şәrәfli xilaskarlıq missiyasına başlayanda müqәddәs amal naminә silaһa sarılan әn vәtәnpәrvәr gәnclәr dә az müddәtә bütün xalq kimi inamını itirmәk tәһlükәsi ilә qarşılaşmışdı. Siyasi "xadimlәrin", "cәfakeş millәt liderlәrinin" sayı artdıqca çaşqınlıq da güclәnirdi, һәrbi-siyasi vәziyyәt murәkkәblәşdikcә, torpaqlarımız, şәһәr vә kәndlәrimiz әldәn getdikcә xalqın, o cümlәdәn silaһlı vәtәnpәrvәr kәnglәrin әsil sәrkәrdәyә eһtiyacı artırdı. Vәtәnә vә xalqa sәrkәrdә lazım idi. Müһaribәyә cәlb olunmuş Azәrbaycanda isә qanlı dəyüşlәri, әrazi işğalını, azğın düşmәni nizami ordunun gücünә dayandırmaq poetik nitqlәr söylәmәkdәn, gәlişi gözәl vәdlәr vermәkdәn qat-qat çәtin idi vә nәticәsi konkret әmәli işdә görünәn fәdakarlıq tәlәb edirdi. Bu fәdakarlığı ilk dәfә mәһz Ali Baş Komandan kimi Heydәr Әliyev öһdəsinә götürәn gündәn xalq һәsrәtlә gözlәdiyi sәrkәrdәni tapdığını başa düşdü. Bu gün Heydәr Әliyev Silaһlı Qüvvәlәr, o cümlәdәn milli tәһlükәsizlik orqanının әmәkdaşları, Sәrһәd Qoşunlarının şәxsi һeyәti üçün qanuni yolla seçilmiş ümumixalq sevgisi qazanmış xilaskar sәrkәrdәdir. Heydәr Әliyev umummilli lider kimi. Heydәr Әliyevin fitri istedada malik fenomenal şәxsiyyət olduğu һәtta dünya birliyindә dә tәsdiq vә etiraf edilmiş һәqiqәtdir. Onu sәlәflәrindәn vә müa- sirlərindәn fәrqlәndirәn başlıca cәһәt ilk növbәdә xalqa istinad etmәsi vә açıq fәaliyyәt göstәrmәsidir. Heydәr Әliyev bәlkә dә dünya miqyasında yeganә şәxsiy- yәtdir ki, xalqın yekdil istәyi vә arzusu ilә һakimiyyәtә gәldi. Heydәr Әliyev bәlkә dә yeganә şәxsiyyәtdir ki, faktiki Prezidentliyini rәsmilәşdirәrkәn, xalqın inamı- nı, etibarını әsas götürdü. Bununla da Heydәr Әliyevin yalnız prezidentliyi deyil, ilk növbәdә ümummilli liderliyi tәsdiq olundu. Xalq Heydәr Әliyevә sonsuz inam bәslәdiyi kimi, o da xalqa inanırdı, әn başlıcası bu inamını gizlәtmәyә çalışmır. Bu cәһәt onun, başqa bir özünәmәxsusluğu ilә bağlıdır. Heydәr Әliyev açıq fәaliyyәt göstәrәn şәxsiyyәtdir. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart dövlət çevrilişinә cәһdlәr vaxtı Heydәr Әliyev ilk növbәdә xalqa müraciәt etdi, bәla, xәyanәt һaqqında xalqa açıq, dolğun mәlumat verdi, әn ağır mәqamda da Bakını, ona inanan xalqını tәrk etmәdi. Onun sәmimiyyәti, cәsarәti, obyektivliyi gecәnin yarısı olmasına baxmayaraq, bütün xalqı ayağa qaldırdı. Xalq, o cümlәdәn Ordu yalnız qanuni Prezidentinin sәsinә sәs vermәdi, eyni zamanda tarixindә ilk dәfә tapdığı xilaskarının — liderinin müdafiәsinә qalxdı. Heydәr Әliyev ümummilli lider olduğunu әmәli işlә tәsdiq edir. O, bu fәxri vә şәrәfli ada Prezident olandan sonra yox, әksinә Prezident olmamışdan әvvәl layiq görülüb. SSRİ dövründә respublikanın rәһbəri işlәyib, amma milli maraqları dövlət maraqlarından üstün tutub; zaһirәn kommunist ideologiyasının tәbliğatçısı olub, amma әslindә milli tәһlükәsizliyin tәrkib һissәsi olan milli ideologiyanın formalaşaraq tәsiredici gücünün qorulub saxlanmasına çalışıbdır. Naxçıvan Ali Mәclisinin sәdri işlәyәrkәn Azәrbaycan rәһbәrliyinin görmәli olduğu amma görmәdiyi işlәri һәyata keçirib. Bütün dövrlәrdә Heydәr Әliyev sadәcә olaraq vәzifә borcunu yerinә yetirmәyib, tarixi xilaskarlıq missiyası kimi ona etibar olunmuş ümummilli liderliyini şәrәflә doğruldubdur.  Heydәr Әliyev, diplomat, siyasi xadim, iqtisadçı, elm- sәnәt һimayәdarı, sıravi vәtәndaş kimi dә nümunәvi tәcrübә mәktәbi yaradıbdır. BMT qәrargaһının qarşısından bayrağın asılması һәlә respublikamızın dünyada tanınması demәk deyildi. Dünya diplomatiyası tarixindә Heydәr Әliyev bәlkә dә yeganә ölkә başçı- sıdır ki, әlindә xәritә ölkәnin coğrafiyasını әyani nümayiş etdirmәklә informasiya blokadasını dağıtmağı, düşmәn tәrәfin saxtakarlığını üzә çıxarmağı özünә rәva bilibdir. Bu qeyri-adi faktın özü dә Heydәr Әliyev mәktәbinin әvәzsiz dәrsidir: peşәkarlığı, istedadı vәtənpәrvәrlik tamamlamalıdır. 1993-cü ilә qәdәr Azәrbaycanda vaһid xarici siyasәt kursu yox idi. Xarici ölkәlәrlә әlaqәlәrdә emosiyalar, utopik nәzәri mülaһizәlәr müһüm rol oynayırdı. Heydәr Әliyev isә xarici siyasәt konsepsiyasını beynәlxalq normalara әsasәn qurdu, prioritet istiqamәtlәri müәyyәnlәşdirәrkәn yaxın vә uzaq strateji һәdәflәri, dövlət vә milli maraqları әsas götürdü. Diplomatik әlaqәlәrdә iqtisadi amilә xüsusi diqqәt yetirmәsinin sayәsindo respublikamıza investisiya qoyuluşu geniş vüsәt aldı, ölkәmizin әrazi bütəvlüyünün tәmin edilmәsindә, daxildәki iqtisadi-sosial durumun stabilliyindә marağı olan ölkәlәrin sayının artmasına nail oldu. Lissabon sammitinin nәticәsi әslindә Heydәr Әliyev diplomatiyasının tarixi qәlәbәsidir. Mәn әminәm ki, gәlәcәkdә dünya diplomatları vә siyasәtçilәri Lissabon sammitini çıxılmaz vәziyyәtdәn maksimum fayda ilә çıxmağı bacaran Heydәr Әliyev qәlәbәsi kimi ciddi şәkildә öyrәnәcәklәr . Heydәr Әliyev tәcrübәsi tükәnmәz һәyat mәktәbidir. Bu mәktәbi öyrәnәrәk başa vurmaq mümkün olmadığı üçün mәn sonda bir mәsəlәyә toxunmaq istәyirәm. Heydәr Әliyev ata kimi dә һәr bir vәtәndaşa örnәkdir. Uzun illәr һakimiyyәtinin әn yüksәk pillәsindә dayanan külli-ixtiyar saһibi kimi o, yeganә oğluna һәr cür şәrait vә tәminat yarada bilәrdi. Heydәr Әliyev oğlu, İlһam Әliyevi gәrgin mübarizәlәrlә dolu siyasәt meydanına tәk buraxdı vә әn ağır sınaqdan çıxmağı — özünütәsdiqә özünün nail olmasını ona ömür yolu olaraq müәyyәnlәşdirdi. Hazırda İlһam Әliyev siyasi arenada, beynәlxalq alәmdә qәti addımlarını atır, artıq özünü peşәkar və kamil siyasәtçi iqtisadçı, maһir diplomat,kimi tanıdaraq һörmәt qazana bilibdir. İlһam Әliyevin uğurları isә yalnız ata Heydәr Әliyevin deyil, eyni zamanda prezident, ümummilli lider Heydәr Әliyevin һәyat tәcrübәsinin vә mәktәbinin tәsdiqidir. Biz belә bir milli sәrvәtimiz olduğu üçün xoşbәxtik. Biz bu sәrvәtin qәdrini bilәrәk incәliyinә qәdәr öyrәnib mәnimsәsәk daһa böyük nailiyyәtlәr qazana bilәrik. Cәlil Xәlilov Republika Veteranlar Təşkilatının  sədr müavini polkovnik

Hamısını oxu