Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezidentin göstərişləri yerinə yetirilməlidir

“Bilirsiniz ki, bir neçə keçmiş icra başçısı cinayət məsuliyyətinə cəlb edilmişdir, bəzilərinin hökmü verilmişdir, bəzilərinin işləri məhkəmədədir. Bu, onu göstərir ki, heç kim qanundan üstün ola bilməz. Mən bütün icra başçılarını vəzifəyə təyin edərkən göstərişlərimdən biri o idi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı biz amansız mübarizə aparmalıyıq və icra başçıları burada nümunə olmalıdırlar. Əfsuslar olsun ki, bəziləri əyri yolla gediblər və bu gün bunun acısını çəkirlər. Bu, hər bir dövlət məmuru üçün dərs olmalıdır”. Prezidenti İlham Əliyevin Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən söylədiyi həmin fikirləri “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva bizimlə söhbətində diqqətə çatdırdı.

Həmsöhbətim dövlət başçımızın “Siz daim insanlarla təmasda olmalısınız. Bütün kəndlərdə olmalısınız, kənd camaatının qayğıları ilə yaşamalısınız, onları narahat edən problemləri onların dilindən eşitməlisiniz və imkan daxilində bu problemləri həll etməlisiniz.” – fikirlərinə istinad edərək söylədi ki, yeni vəzifəyə təyin olu­nanlara bundan artıq hansı tövsiyələr, göstərişlər verilməlidir ki, onlar qanunu şah bilsinlər və ədaləti unutmasınlar? Prezident vurğuladı ki, gücünüz çatan problemləri rayon daxilində özünüz, bəzi məsələlər isə dövlət orqanları tərəfindən həll olunmalıdır. Əgər hər bir kəndin problemi həll olu­narsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq. Bunun üçün aidiyyəti dövlət orqanlarına – Prezident Administrasiyasına, Nazirlər Kabinetinə müraciət etməlisiniz ki, mövcud problemlər öz həllini tapsın.

Sosial ədalətin, bütövlükdə ədalət prinsiplərini cəmiyyətin əsas prinsiplərindən biri hesab edən dövlət başçımız dedi ki, sağlam cəmiyyətdə ədalət hökm sürür. Biz isə sağlam cəmiyyət qururuq və demək olar ki, bu işdə müvəffəqiyyətlər qazanmışıq. Bizim siyasətimiz nəticəsində Azərbaycan hərbi və ondan sonra siyasi yollarla Ermənistanın işğalçılıq siyasətinə son qoyub, əzəli torpaqlarımızı azad edib, tarixi ədaləti və milli qüruru bərpa edib.

Yazgül Abdıyeva vurğuladı ki, Qələbə sevin­cini xalqımıza qazandıran şəhidlərimiz və onların ailələri, qazilərimiz unudulmamlıdır. Prezident nitqində məhz bu məsələyə daha ciddi diqqət göstərilməsini tövsiyə etdi: “Şəhid ailələrinə xüsusi diqqət göstərilməlidir. Dövlət tərəfindən bu diqqət daim göstərilir. İkinci Qarabağ müharibəsindən əvvəl və İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələri daim diqqət mərkəzindədir. Bilirsiniz ki, mənim şəhid ailələri, müharibə əlilləri ilə çoxsaylı görüşlərim olub. Onların məişət problemləri dövlət xətti ilə həll olunur, 12 min 500-dən çox şəhid ailəsinə dövlət tərəfindən mənzillər, fərdi evlər veril­mişdir, minlərlə minik maşınları verilmişdir”.

Bu proses davam etdirilir. Bakı, Sumqayıt və Abşeron rayonlarında şəhid ailələrinin evlə təminatı məsələləri artıq yekunlaşmaq üzrədir. Digər rayon­larda da dövlət öz üzərinə düşən vəzifəni icra edir. O cümlədən, şəhid ailələrini, müharibə əlillərini işlə təmin etmək üçün çoxsaylı tədbirlər həyata keçirilir. Əsas odur ki, yerlərdə də bu kateqoriyadan olan insanlara diqqət göstərilsin. Rayon icra orqanlarının nümayəndələri onlara biganə qalmasınlar, əksinə, daim onların yaşayışı və məşğulluğu ilə maraqlan­sınlar.

Yazgül Abdıyeva daha sonra dedi ki, dövlət başçımız “Biz bu Qələbəni onlara – şəhidlərimizə, müharibə əlillərinə, müharibə iştirakçılarına borcluyuq. Əlbəttə, dövlət qətiyyət göstərdi, biz öz iradəmizi ortaya qoyduq, heç nəyə baxma­dan, heç kimdən çəkinmədən, “öldü var, döndü yoxdur” deyərək torpaqlarımızı azad etdik.” – deyirsə, məmurlar daha diqqətli, daha ədalətli və mərhəmətli olmalı, onların qayğılarını daim diqqətdə saxlamalıdırlar. Biz də QHT olaraq daim qazilərin problemlərinə diqqətlə və həssaslıqla yanaşırıq. Çalışırıq ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan qəhrəman əsgər və zabitlərimizə ilk növbədə yardım edək. Çünki, dövlət başçımızın dediyi kimi, onlar öz canlarını fəda edib, sağlamlı­ğını itirib, heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər: “Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun. Yenə də deyirəm, dövlət və mən Prezident kimi daim onların problemləri ilə maraq­lanıram, bu problemləri həll edirəm, daim onlarla bir yerdəyəm. Hər bir dövlət məmuru da, bax, eyni hərəkətlər etməlidir”.

Həqiqətən də ölkəmizdə şəhid ailələrinin, qazilərin istər mənzillə təminatı, istərsə, məşğulluqla bağlı problemləri yüksək səviyyədə həll edilir. “Qəhrəmanlarımızın məşğulluğuna dəstək olaq” – devizi ilə aparılan “Məşğulluq marafonu”na müraciətlər gündən-günə artır. İşəgötürənlər bu məqsədlə mövcud və ya yeni yaradılmış vakansi­yalar barədə məlumatları davamlı olaraq təqdim edirlər. İşsiz və iş axtaran kimi “Məşğulluq” altsistemində qeydiyyatda olan şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilər vakansi­yalar üzrə işlə təmin olunurlar.

Prezident rayonlara yeni təyin olunan icra hakimiyyəti başçılarına göstərişlərinin, tövsiyələrinin bundan ibarət olduğunu dedi və vurğuladı ki, mən sizdən fəal iş gözləyirəm, nəticə gözləyirəm. Əminəm ki, siz bu yüksək etimadı dərk edərək, dediyim kimi işləyəcəksiniz.

Yazgül Abdıyeva da dövlət başçısının bu fikirlərinə istinad edərək, söhbətin sonunda dedi: “Biz də əminik ki, gənc kadrlar öz işlərində qanunun aliliyinə hörmətlə yanaşacaq, ədalət prinsipinə söykənib fəaliyyət göstərəcəklər”.

 Söhbətləşdi: Zərifə BƏŞİRQIZI,

“Xalq qəzeti”

 

2022-07-27 11:51:00
1188 baxış

Digər xəbərlər

Vətən müharibəsi şəhidi Məmmədzadə İman Elman oğlunun doğum günü münasibətilə məzarı ziyarət olunub

Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən qəhrəman Vətən oğullarından biri olan şəhid Məmmədzadə İman Elman oğlunun doğum günü münasibətilə məzarı ziyarət edilmişdir.   Sentyabrın 14-də Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət Vəkilləri Soltan Məmmədov, İqbal Məmmədov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, RİHBA-nın məsul əməkdaşları, Azərbaycan Yazıçılar Birliyinin Xəzər rayon bölməsinin sədri Arif Buzovnalı, İctimai Birliklərin rəhbərləri, şəhidin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən şəhidin uyuduğu məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur.   Tədbirdə çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın həyata keçirdikləri sosial siyasətin tələblərinə uyğun olaraq ölkəmizin hər yerində olduğu kimi, Xəzər rayonunda da şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, müharibə veteranları və digər həssas əhali qrupu lazımi qayğı ilə əhatə olunur, şəhidlərimizin xatirəsi daim əziz tutulur, onların adı əbədiləşdirilir. Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinə və qazilərə mütəmadi olaraq xüsusi diqqət və qayğı göstərilir. Vətən müharibəsində şəhid olanların hər birinin ailə üzvlərinə baş çəkilir, onları narahat edən problemlər dinlənilir.   Mərasimdə Millət vəkilləri Soltan Məmmədov, İqbal Məmmədov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Azərbaycan Yazıçılar Birliyinin Xəzər rayon bölməsinin sədri Arif Buzovnalı və digər qonaqlar çıxış edərək bildiriblər ki, Vətən müharibəsində qazandığımız şanlı Qələbə Azərbaycan tarixində əbədi qalacaq: “Bu, o müharibədir ki, dövlətimiz 44 günlük əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa vurdu. Vətən müharibəsi bizim böyük Zəfərimizlə bitdi. Müharibənin taleyini müəyyənləşdirən başda Ali Baş Komandanımız olmaqla, döyüş meydanında əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri idi. Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi həm də Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi.   Daha sonra Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət Vəkilləri Soltan Məmmədov, İqbal Məmmədov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Azərbaycan Yazıçılar Birliyinin Xəzər rayon bölməsinin sədri Arif Buzovnalı və RİHBA-nın məsul əməkdaşları şəhidin ailəsini ziyarət ediblər.   Ailə üzvləri ilə söhbət zamanı qəhrəmanlarımız İman və Bəhram Məmmədzadələrin şərəfli döyüş yollarından danışılaraq xatirələri anılıb.   Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.   İman Elman oğlu Məmmədzadə 14 sentyabr 1998-ci ildə Lerik rayonunun Kəlvəz kəndində anadan olub.   Azərbaycan Ordusunun əsgəri olan İman Məmmədzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İman Məmmədzadə noyabrın 2-də Qırmızı Bazar döyüşləri zamanı şəhid olub.   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İman Məmmədzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.   Qardaşı Bəhram Məmmədzadə də Vətən müharibəsində şəhid olub.   Azərbaycan Ordusunun əsgəri olan Bəhram Məmmədzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Bəhram Məmmədzadə noyabrın 2-də Qırmızı Bazar döyüşləri zamanı şəhid olub.   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhram Məmmədzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.   Mənbə: http://xazar-ih.gov.az/news/1201.html?fbclid=IwAR1ii-kx_UNsWaCUHcwww7W7YdGbgbJEHj89Y3Lo93IB5RGOLrSiYS-SX60  

Hamısını oxu
Prezident İlham Əliyevin “Metsamor”la bağlı açıqlaması bütün region üçün həyəcan təbilidir

Bu, coğrafiyamızı təhdid edən təhlükənin nə qədər böyük və ciddi olduğunu göstərir Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibə verib. Müsahibəsində bir sıra məqamlara toxunan dövlət başçısı, Azərbaycanın əsas ərazisindən Ermənistan vasitəsilə Naxçıvana elektrik xəttinin çəkilməsi layihəsinin hazır olduğunu bildirib. Həmçinin qeyd edib ki, bu enerji dəhlizi Naxçılvandan Türkiyə və Avropaya qədər uzanacaq ki, bu da Ermənistan üçün də faydalıdır. Hazırda Ermənistanda elektrik enerjisi çatışmazlığının mövcudluğuna toxunan dövlət başçısı, yaxın gələcəkdə bu çatışmazlığının əsl böhranla əvəzlənə biləcəyini qeyd edib. Prezident İlham Əliyev qeyd edib ki, bu gün Ermənistanda elektrik enerjisi əsasən “Metsamor” AES hesabına ödənilir. Hansı ki, çoxdan köhnələn və bütün region üçün təhlükə mənbəyinə çevrilən bu stansiyanın qarşıdakı dönəmdə öz fəaliyyətini tamamilə dayandırması qaçılmazdır: “Ermənistan ərazisində bizim mütəxəssislər tərəfindən aparılan təhlil nəticəsində hətta yerlər də müəyyən edildi - harada elektrik dirəkləri quraşdırılmalıdır. Ümid edirəm ki, Ermənistan tərəfi də bu məsələni uzatmayacaq. Çünki bu, birinci onların özlərinə lazım ola bilər. Çünki onların bu gün əsas enerji mənbəyi atom elektrik stansiyasıdır. Onun da idarəetməsi onların əlində deyil. Bu birincisi. İkincisi, bu stansiya köhnəlib və bütün bölgə üçün təhlükə mənbəyidir. Dəfələrlə Azərbaycan və Türkiyə müxtəlif beynəlxalq platformalarda bu məsələ ilə bağlı öz narahatlıqlarını ifadə ediblər. O stansiyanın ömrünün uzadılması sonsuz proses ola bilməz, gec-tez bağlanmalıdır. Təbii ki, o bağlanarsa, Ermənistan tamamilə enerji böhranına yuvarlanacaq. Ona görə, necə deyərlər, bir əlavə mənbənin olması ancaq xeyir gətirə bilər”. (https://president.az/az/articles/view/73259 ). Şübhəsiz, Prezident İlham Əliyevin “Metsamor”la bağlı açıqlaması bütün region üçün həyəcan təbilisayıla bilər.  Bu, “Metsamor” AES-in timsalında coğrafiyamızı təhdid edən təhlükənin nə qədər böyük və ciddi olduğunu göstərir. Prezident İlham Əliyevin Naxçıvanda Azərbaycan Televiziyasına verdiyi bu müsahibə bir daha sübut edir ki, region dövlətləri, eləcə də beynəlxalq təşkilatlar “Metsamor”un fəaliyyətinin dayandırılması ilə bağlı Azərbaycan və Türkiyənin səylərini dəstəkləməli, bu istiqamətdə rəsmi İrəvana daha ciddi təzyiq göstərməlidirlər. Əks təqdirdə, “Metsamor”da yaşanacaq nüvə qəzası bəşəriyyət üçün böyük fəlakətlərə səbəb olacaq ki, bu da yalnız indiki deyil, həm də gələcək nəsillərin həyatında ölümcül izlər qoyacaq. Seymur ƏLİYEV

Hamısını oxu
DSX 2025-2026-cı tədris ili üzrə Xüsusi Məktəbin V sinfinə şagirdlərin qəbulunu elan edir

Veteran.gov.az xəbər verir ki, DSX 2025-2026-cı tədris ili üzrə Xüsusi Məktəbin V sinfinə şagirdlərin qəbulunu elan edir.  ÜMUMİ MÜDDƏALAR: Tədris dili: Azərbaycan dili QƏBUL ŞƏRTLƏRİ: Xüsusi Məktəbin V sinfinə qəbul imtahanında 2025-ci il dekabrın 31-dək 10 yaşı tamam olan və 12 yaşı tamam olmayan, qəbul aparılan ildə ümumi təhsil pilləsinin IV sinfində təhsil alan fiziki cəhətdən sağlam olan, Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər. SƏNƏDLƏRİN QƏBULU: İmtahanda iştirak etmək istəyən namizədlər 2025-ci ilin 27 mart tarixinədək Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi internet saytında (www.dim.gov.az) “Şəxsi kabinet” yaratmalı və pul hesabına 40 AZN əlavə etməlidirlər. Daha sonra dim.gov.az saytının baş səhifəsində yerləşdirilmiş keçid vasitəsilə elektron ərizəni dolduraraq qeydiyyatdan keçməlidirlər. DİM-in saytında "Şəxsi kabinet" yaratmaq üçün şagirdlər əvvəlcə təhsil aldıqları orta məktəbə müraciət edərək fərdi məlumatlarının «Şagird-məzun» dövlət elektron məlumat sisteminə daxil edilməsini təmin etməlidirlər. Daxil edilmiş məlumatlarda “imtahana buraxılır” və ya “hazırda təhsil alır” bəndi seçilməlidir. Əks halda həmin şagirdlər imtahanda iştirak etmək üçün elektron qeydiyyatdan keçə bilməyəcəklər. Məktəbə xarici ölkə vətəndaşlarının qəbulu dövlətlər arasında bağlanmış müqavilələrə uyğun olaraq həyata keçirilə bilər. İMTAHANLARIN KEÇİRİLMƏ QAYDALARI: Qəbul imtahanı DİM tərəfindən test üsulu ilə keçiriləcəkdir. İmtahan 13 aprel 2025-ci il tarixində Bakı şəhərində keçiriləcək. İmtahanın keçirilmə yeri haqqında məlumat qeydiyyat başa çatdıqdan sonra DİM-in saytında elan olunacaqdır. Namizədlər “imtahana buraxılış vərəqəsi”nı imtahan gününə 5 gün qalmış DİM-in saytından əldə edə bilərlər. Test imtahanı aşağıdakı fənlər üzrə Azərbaycan dilində aparılır: Azərbaycan dili; Riyaziyyat. Hər fənn üzrə 30 qapalı tipli sual təqdim ediləcəkdir. İmtahanın müddəti 90 dəqiqədir. İmtahana gələrkən namizədlər: -şəxsiyyət vəsiqəsi; -imtahana buraxılış vərəqəsi gətirməlidirlər. Şəxsiyyət vəsiqəsində şəkli olmayan namizədlər təhsil aldıqları məktəbdən IV sinifdə təhsil alması barədə fotoşəkilli arayış (fotoşəkil möhürlə təsdiq edilməlidir) təqdim etməlidirlər. Sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmır. İmtahanın nəticələri Dövlət Sərhəd Xidmətinə təqdim ediləcəkdir. Yüksək nəticə göstərmiş namizədlər DSX tərəfindən tibbi və digər yoxlamalara cəlb olunacaqlar. Bütün mərhələləri uğurla keçən və ən yüksək bal toplayan namizədlər Xüsusi Məktəbə qəbul olunacaqlar. Əlavə məlumat almaq üçün Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə müraciət edilə bilər. Ünvan: Mərdəkan qəsəbəsi, Ramil Qasımov küçəsi 5. Əlaqə telefonu: 012-554-92-44  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatinda “Gənclər bizim bu günümüz, həm də sabahımızdır” mövzusunda tədbir keçirilib

Martın 14-də Respublika Veteranlar Təşkilatının inzibati binasında Gənclər və İdman Nazirliyinin, Ağsaqqallar şurasının nümayəndələrinin, müharibə, əmək və Silahlı Qüvvələr veteranlarının, ziyalıların, gənclər təşkilatının, müəllimlərin, şagirdlərin və media nümayəndələrinin iştirakı ilə “Gənclər bizim bu günümüz, həm də sabahımızdır” mövzusunda tədbir keçirilib. video Tədbirin keçirilməsində məqsəd ölkəmizdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi işini gücləndirməkdir.  Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov açaraq təşkilatın fəaliyyəti barədə geniş məlumat verib, bu mövzuda keçirilən tədbirlərin ənənəvi hal aldığını diqqətə çatdırıb. O, gənclərmizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində ziyalıların, ağsaqqalların və veteranların bugünkü fəaliyyətini yüksək qiymətləndirib. C.Xəlilov 1997-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Gənclər Gününün təsis edildiyini və Ulu Öndərin gənclərə həmişə böyük qayğı, sevgi ilə yanaşıdığını diqqətə çatdırıb. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin gənclərə yüksək etimad göstərməsini, onların hərtərəfli inkişafı üçün böyük işlər gördüyünü vurğulayıb. C.Xəlilov gənclərin təhsilə yiyələnməsinin vacibliyini, hər bir sahədə   gənclərin üzərinə düşən məsuliyyəti xüsusi qeyd etdi. O, Azərbaycan gəncinin əsl vətənpərvərliyini, Vətən, xalq üçün canından keçməyə daim hazır olduğunu, bunu Aprel döyüşlərində və Naxçıvan əməliyyarlarında sübut etdiklərini diqqətə çatdırdı. C.Xəlilov: “Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin əksəriyyəti gənclərimiz olubdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər. Aprel döyüşləri və ötən il keçirilən uğurlu Naxçıvan əməliyyatı bizim gücümüzü, peşəkarlığımızı göstərdi. Biz bu əməliyyat nəticəsində uzun illər işğal altında qalan torpaqları işğalçılardan azad etdik. O torpaqlarda – Lələtəpə, Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının dağlarında Azərbaycan bayrağını ucaltdıq. Bu, böyük tarixi qələbədir”.      Gənclər və İdman nazirinin müavini İntiqam Babayev  də öz növbəsində bu cür tədbirlərin əhəmiyyətindən danışdı. İ.Babayev veteranları canlı tariximiz adlandırıb, gənclərimizi onlardan örnək götürməyə səslədi. O, Respublikamızın bugünkü inkişafına, hər bir sahədə əldə etdiyi nailiyyətlərə nəzər saldı. İ.Babayev: “Bu gün veteran, ağsaqqal adlandırdığımız insanlar vətənimizi göz bəbəyi kimi qoruyub, azadlığımız, müstəqilliyimiz üçün çalışıblar. Onların davamçıları -  Prezident İlham Əliyevin ətrafında sıx birləşən - siz gənclərin amalı azərbaycanlı adını şərəflə daşımaq, Vətənin tarixini, mədəniyyətini yaşatmaq, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini, müstəqilliyini qorumaqdır. Bu gün iftixarla qeyd edə bilərik ki, gənclərimiz Ulu öndər Heydər Əliyevin Azərbaycançılıq ideologiyasına sadiqdirlər, veteranların təcrübəsindən bəhrələnir, təhsilə, elmə yiyələnirlər. Hər bir sahədə Azərbaycanın bayrağını qürurla dalğalandırırlar”. Respublika Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov  Azərbaycan xalqının tolerantlıq ənənələrindən, Dağlıq Qarabağ münaqişəsinin tarixindən və mənfur erməni xislətinin xalqımızın başına gətirdiyi fəlakətlərdən söhbət açdı. Bu günümüzün və gələcəyimizin əmin əllərdə olması üçün B.Yusifov  gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü bildirdi. Digər çıxış edənlər II dünya müharibəsi veteranı İsmayıl Fərəcov, ehtiyatda olan polkovniklər Adil Haqverdiyev və Elşad Şabanov Respublikada həyata keçirilən gənclər siyasətindən, gənclərin ölkə həyatındakı yeri və rolundan, vətənpərvər gəncliyin üzərinə düşən məsuliyyətdən danışdılar. Tədbirdə mövzu ətrafında fikir mübadiləsi aparılıb, gəncləri maraqlandıran suallar cavablandırılıb.

Hamısını oxu