Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Şəhid ailələri, müharibə əlilləri və qazilərə qayğı azərbaycançılıq ideologiyasının təzahüri kimi...

Məlum olduğu kimi, azərbaycançılıq ideologiyasının təməl sütunlarından biri də vətənpərvərlikdir. Vətəni sevmək, onun inkişafına, təhlükəsizliyinə və rifahına töhfə vermək, ümumxalq marağı naminə şəxsi maraqlarından imtina etmək bacarığı azərbaycançılıq ideologiyasının diktə etdiyi əsas prinsiplərdən birini təşkil edir. Heç şübhəsiz, vətənə xidmətin əsas göstəricilərindən biri də vətən uğrunda həlak olan şəhidlərin ailəsinə, müharibə əlilləri və qazilərə diqqət və qayğı göstərmək, onlarla həmrəylik sərgiləməkdir. Bu baxımdan ölkəmizdə istər qeyri-hökumət təşkilatları (QHT), istər dövlət qurumları, istərsə də vətəndaşlar arasında vəziyyət nəinki qənaətbəxş, hətta qürurvericidir.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatından xalqa xidmətin özünəməxsus nümunəsi...

QHT-lər arasında vətənpərvərlik təbliğatı, habelə şəhid ailələrinə, müharibə əlillərinə və qazilərə diqqət və qayğının yüksək səviyyədə olması Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının timsalında özünü xüsusilə aydın şəkildə büruzə verir.

Yarandığı gündən bugünə qədər şəhid ailələrinin, müharibə əlillərinin  və veteranların problemlərini diqqətdə saxlayan, dövlətimizin ərazi bütövlüyü uğrunda şəhid olan, düşmənlə mübarizədə böyük şücaətlər göstərən qəhrəmanlarımızın təbliği istiqamətində mühüm layihələrə imza atan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, 44 günlük Vətən müharibəsində də aktivliyi ilə yadda qaldı. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Təşkilatın sədri Fatma Səttarovaya 100 illik yubileyi münasibəti ilə ünvanladığı 24 yanvar 2022-ci il tarixli məktubda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Vətən müharibəsi dönəmindəki fəaliyyətini yüksək qiymətləndirərək demişdir:

 

“...Cəbhəyə könüllü yollanaraq Leninqrad şəhərinin mühasirəsi zamanı və Moskva ətrafında gedən döyüşlərdə fəal iştirakınız fədakarlıq və şücaətin bariz nümunəsi idi. Xalqımızın məhz Sizin kimi yüz minlərlə mərd övladlarının cəsarəti, igidliyi, əzmkarlığı sayəsində Azərbaycanın adı faşizmə qarşı mübarizənin ön cərgəsində yer almış dövlətlər sırasındadır.

Sonrakı dövrlərdə Siz ölkəmizin ictimai həyatında yaxından iştirak etmiş, gənclərin vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinə, layiqli vətəndaşlar kimi yetişməsinə töhfə vermisiniz. 44 günlük Vətən müharibəsi zamanı təmsil etdiyiniz Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı dövlətimizin, ordumuzun yanında olmuş, qazilərimizə, şəhid ailələrimizə mənəvi dəstək vermiş, diqqət və qayğı göstərmişdir”. (//president.az/az/articles/view/55295 ).

Təşkilatın sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov istər müharibədən öncə, istər müharibə, istərsə də post-müharibə dönəmində yerli və xarici mətbuatda çoxsaylı çıxışlar etmiş, beynəlxalq ictimaiyyətə Azərbaycan həqiqətlərinin çatdırılması, dünyanın erməni faşizminin vəhşiliklərindən xəbərdar olması, xalqımızın haqq işini dəstəkləməsi baxımından mühüm işlər görmüşdür. Xaricdəki soydaşlarımızın Azərbaycanın maraqları naminə səfərbər edilməsi, ölkəmizdəki xarici səfirliklərin Qarabağ həqiqətləri haqqında məlumatlandırılması, anti-milli və təxribatçı qüvvələrin qazilərdən şəxsi ambisiyaları naminə istifadə cəhdlərinin qarşısının alınması və s. kimi məsələlərdə polkovnik Cəlil Xəlilovun müsahibələri, apardığı təbliğati iş maarifləndirici faktor kimi böyük əhəmiyyət kəsb etmişdir.

Şübhəsiz, ümumilikdə QHT sektorunun azərbaycançılıq ideologiyasının təbliği, milli maraqların müdafiəsindəki aktivliyində Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, o cümlədən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevanın əməyinin mühüm rol oynadığı birmənalıdır. Onu da qeyd edək ki, həm Vüsal Quliyev, həm də Aygün Əliyeva sadəcə paytaxt və ətraf rayonlarda deyil, ucqarlardakı QHT-lərin fəaliyyətinin stimullaşdırılması, onların səmərəli və optimal fəaliyyətinin təmin edilməsi istiqamətində də ardıcıl və koordinasiyalı fəaliyyət ortaya qoymaqda, respublikanın müxtəlif rayon və şəhərlərində QHT-lərin iştirakı ilə şəhid ailələri, müharibə əlilləri və qazilərə həsr edilən tədbirlər, forum və konfranslar keçirməkdədir. Hansı ki, bütün bu tədbirlər bölgələrdə insanların maariflənməsi, milli maraqlar ətrafında səfərbər edilməsi, problemlərin öyrənilməsi və onların həlli yollarının müəyyənləşdirilməsi baxımından son dərəcədə əhəmiyyətlidir.

Dövlətin yerlərdəki təmsilçiləri: İcra hakimiyyətləri şəhid ailələri və qazilərin xidmətində...

Şəhid ailələri, müharibə əlilləri və qazilərə qayğı Prezident İlham Əliyevin hər kəs, eləcə də icra hakimiyyətləri qarşısında qoyduğu ən ümdə vəzifələrdən biridir. Sevindiricidir ki, bu gün media və sosial mediada yer alan məlumatlar ölkəmzidəki icra hakimiyyətlərinin böyük əksəriyyətinin Prezidentin tapşırıqlarını vicdanla yerinə yetirdiyini, şəhid ailələrinin, qazilərin problemlərinə son dərəcədə həssaslıqla yanaşdığını göstərir. Bu baxımdan Şirvan Şəhər İcra Hakimiyyəti ilə Səbail Rayon İcra Hakimiyyətinin fəaliyyəti xüsusilə diqqətəlayiqdir.

Təkcə bir faktı qeyd edək ki, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tərəfindən təkca cari ilin iyun ayı ərzində 4 səyyar göğrüş keçirilmiş, bu görüşlərin hər birində vətəndaşların, xüsusilə də həssas kateqoriyaya aid olan şəhid ailələrinin, müharibə əlillərinin, qazilərin müraciətləri dinlənmiş, onların qaldırdığı məsələlərin həlli istqiamətində çevik addımlar atılmışdır. 1 iyun 2022-ci il tarixində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı ilə şəhid ailələri arasında ayrıca görüş keçirilmişdir. (//azertag.az/xeber/Sirvanda_sehid_aileleri_ile_gorus_teskil_olunub-2199908?fbclid=IwAR09RlS3QuWzabOEEdRIw23zlDPr5iuZEZ775cPrR-VIj6WOgiCOpprT8QI ). Görüşdə dövlətimizin şəhid ailələrinə, qazilərə olan diqqət və qayğısı qeyd edilməklə yanaşı, qarşıya çıxan çətinliklərin həlli ilə bağlı da icra başçısı tərəfindən əlaqədar qurumların rəhbərlərinə göstərişlər verilmişdir.

Səbail Rayon İcra Hakimiyyəti  tərəfindən də şəhid ailələri, müharibə əlilləri və qazilərə mütəmadi surətdə qayğı göstərilməkdə, onların qaldırdığı hər bir məsələyə operativ reaksiya verilməkdədir. Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov və digər səlahiyyətli şəxslər tərəfindən şəhid ailələri evlərindəcə ziyarət olunmaqdadır. Artıq bəlli bir müddətdir ki,  bu cür ziyarətlər ənənə halını alıb. Nümunə üçünq eyd edək ki, 25 iyul 2022-ci il tarixində Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri və RİHBA-nın məsul əməkdaşları Vətən müharibəsi şəhidi Şükürlü Nicat  Ayaz oğlunun ailə üzvlərinə baş çəkmiş, şəhidin ailə üzvlərinin yaşadığı fərdi yaşayış evinin qarşısında Nicat Şükürlünün əziz xatirəsinə quraşdırılan barelyefi ehtiramla ziyarət etmişdilər. ( //sabail-ih.gov.az/az/news/nicat-sukurlunun-aile-uzvleri-ziyaret-olundu.html?fbclid=IwAR3-g7OE42JV4x81eWKL-TFZ7nd9WUy1aTkeEULYF_JkDHub4H3KJ9ekJ88)

Səbail Rayon İcra Hakimiyyəti  tərəfindən Badamdar qəsəbəsində “Şəhidlər” abidə kompleksində yenidənqurma işlərinə start verilmiş, vətənpərvərlşik təbliğatının gücləndirilməsi istiqamətində çoxsaylı işlər görülmüşdür.

Hər bir azərbaycanlının məsul olduğu vəzifə: Prezidentdən daha bir xatırlatma...

Heç kimə sirr deyil ki, şəhid ailələrinə, müharibə əlillərinə, qazilərə diqqət və qayğı sadəcə QHT və dövlət qurumlarının deyil, kimliyindən, sosial statusundan və siyasi baxışından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının borcudur və hər kəs bu borcu layiqincə yerinə yetirməyə səy göstərməlidir. Təsadüfi deyil ki, bu həqiqət dövlət başçısı tərəfindən də zaman-zaman xatırlanmaqda, cəmiyyətin diqqətinə çatdırılmaqdadır. Prezident İlham Əliyev 25 iyul 2022-ci il tarixində Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən də bu gerçəyi bir daha yada salmış, şəhidlərə, qazilərə olan borcun tükənməz olduğunu vurğulamışdır:

“Biz bu Qələbəni onlara - şəhidlərimizə, müharibə əlillərinə, müharibə iştirakçılarına borcluyuq. Əlbəttə, dövlət qətiyyət göstərdi, biz öz iradəmizi ortaya qoyduq, heç nəyə baxmadan, heç kimdən çəkinmədən, “öldü var, döndü yoxdur” deyərək torpaqlarımızı azad etdik. Bu, dövlət siyasətidir və dövlətin gücüdür, vətəndaşlarımızın həmrəyliyidir. Amma onu da heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub. Onlar öz canlarını fəda edib, onlar sağlamlığını itirib, onlar heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun. Yenə də deyirəm, dövlət və mən Prezident kimi daim onların problemləri ilə maraqlanıram, bu problemləri həll edirəm, daim onlarla bir yerdəyəm. Hər bir dövlət məmuru da, bax, eyni hərəkətlər etməlidir”. (//president.az/az/articles/view/56740 ).

Göründüyü kimi, dövlət başçısı şəhid ailələrinə, müharibə əlillərinə, qazilərə diqqət və qayğını hər bir kəsin borcu hesab edir, onları bu kateqoriyadan olan vətəndaşlarımıza arxa olmağa səsləyir. Bu səsləniş onu göstərir ki, Azərbaycan dövlət və xalq olaraq ana ideologiyasına – azərbaycançılıq ideologiyasına sadiqdir və bu ideologiyanın təbliği və inkişafında qərarlıdır.

Seymur ƏLİYEV

Moderator.az

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq 6.3.9. istiqaməti üzrə (azərbaycançılıq ideyasının təbliği) hazırlanmışdır. 

2022-07-27 13:29:00
1616 baxış

Digər xəbərlər

Prezident İlham Əliyev yeni “Hadrut” qovşaq yarımstansiyasının təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da yeni “Hadrut” qovşaq yarımstansiyasının təməlini qoyub. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin ötən ilin oktyabrında imzaladığı “İşğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Fərmanının icrası məqsədilə bütün inzibati ərazilərdə dağıdılan paylayıcı elektrik şəbəkələrinin qəza vəziyyətindən çıxarılması istiqamətində işlərə başlanılıb. “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov bildirib ki, ilk növbədə, Hadrut qəsəbəsini elektrik enerjisi ilə təmin etmək üçün Füzuli rayonundakı 110/35/10 kV-luq “Şükürbəyli” yarımstansiyasından “Hadrut” yarımstansiyasına qədər uzunluğu 27 kilometr olan 35 kV-luq ikidövrəli hava xətti çəkilib. Bununla da Hadrut qəsəbəsində yerləşən strateji obyektlər elektrik enerjisi ilə təchiz edilib. Şuşa şəhərinin qısa vaxtda elektrik enerjisi ilə təmin olunması üçün 35/10 kV-luq “Daşaltı” yarımstansiyası inşa edilib. Yarımstansiyanı qidalandırmaq üçün “Hadrut” yarımstansiyasından 53,5 kilometr uzunluğunda elektrik veriliş xətti çəkilib. “Hadrut”-“Daşaltı” elektrik veriliş xətti vasitəsilə ilkin mərhələdə Şuşa şəhərinin, Xocavənd rayonunun bəzi kəndlərinin və ətraf ərazilərdəki mühüm strateji obyektlərin, eyni zamanda, bu istiqamətdə aparılan yol infrastrukturu və digər tikinti işlərinin elektrik təchizatı təmin edilib. Xəttin keçdiyi ərazi öncə minalardan təmizlənib. Çətin relyef, qar və şaxtalı hava şəraitinə baxmayaraq 37 gün ərzində gecə-gündüz aparılan işlərdən sonra bu il yanvarın 7-də Şuşa şəhərində Azərbaycan işığını yandırmaq mümkün olub. “Hadrut” yarımstansiyası hazırkı vəziyyətdə belə işğaldan azad olunmuş əksər ərazilərə elektrik enerjisinin ötürülməsində önəmli funksiyanı yerinə yetirir. İnnovativ yeniliklərin tətbiqi ilə yeni inşa olunacaq yarımstansiyanın da perspektiv plan üçün önəmi çox böyükdür. Belə ki, “Şükürbəyli”, “Hadrut” və “Şuşa” yarımstansiyaları arasında yaradılmış 35 kV-luq dairəvi elektrik təchizat sxeminə daxil olan yeni “Hadrut” qovşaq yarımstansiyası Hadrut qəsəbəsində qurulacaq müxtəlif təyinatlı infrastrukturun elektrik enerjisinə olan tələbatını qarşılayacaq. “Hadrut” yarımstansiyasının əvəzində tikiləcək müasir tipli bu yeni yarımstansiya Xocavənd rayonunun bir hissəsinin, Şuşa və ətraf ərazilərin elektrik təchizatının etibarlılığını və dayanıqlılığını təmin edəcək. Yarımstansiyada Ağıllı Elektrik Şəbəkələrinin İdarəolunması Mərkəzinin yaradılması elektrik enerjisinin paylanması prosesinə fasiləsiz nəzarətin təmin edilməsinə, enerji səmərəliliyinə, elektrik enerjisinin fasiləsizliyinə və keyfiyyətinin artırılmasına zəmin yaradacaq.

Hamısını oxu
“Xalqın Prezident İlham Əliyevə olan sevgisi böyük və əbədidir”

Cəlil Xəlilov: “İlham Əliyev xalqın ümid və etimadını hər zaman doğruldub”   Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Prezident İlham Əliyevə olan ümumxalq sevgisinin səbəbi, onun hər zaman xalqın ümid və etimadını doğrultması ilə bağlıdır:   “İlham Əliyev xalqın ümid və etimadını hər zaman doğruldub. Xalqın öz Liderinə olan sevgi və ehtiramının əsas səbəbi məhz bununla bağlıdır. Hər addımda xalqı düşünmək, onun qeydinə qalmaq İlham Əliyev siyasətinin əsas prioritetidir. Azərbaycan xalqının sosial rifahının ildən ilə daha da yaxşılaşması, iqtisadiyyatımızdakı sürətli inkişaf, torpaqlarımızın erməni işğalından azad edilməsi, ordumuzun dünyanın ən güclü orduları sırasında qərərlaşması və s. məhz İlham Əliyevin adı ilə bağlıdır. İlham Əliyevin ərazi bütövlüyümüzün təmin edilməsi ilə bağlı atdığı tarixi addımlar isə xüsusilə əhəmiyyətlidir”.   Polkovnik qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyətini yüksəldən, onun ən müasir texnika ilə təchizatını təmin edən İlham Əliyev, 44 günlük Vətən müharibəsində sözün həqiqi mənasında əsl tarix yazıb:   “Əsası Heydər Əliyev tərəfindən qoyulan nizami ordunun formalaşdırılması prosesi Prezident İlham Əliyevin hakimiyyəti illərində daha da sürətlənib, həm kəmiyət, həm də keyfiyyət etibarı ilə yeni mərhələyə qədəm qoyub. İlham Əliyev Azərbaycan Ordusunun dünyanın ən modern orduları səviyyəsinə yüksəldib. Onun rəhbərliyi ilə xaricdən ən müasir raket sistemlərinin, silah-sursatın alınması ilə yanaşı, milli hərbi sənayemizin inkişafı istiqamətində də mühüm addımlar atılıb. Bu gün ölkəmizin Müdafiə Sənayesi Nazirliyi 1000 addan çox silah-sursat, hərbi ləvazimat istehsal edir ki, bu da ilk növbədə dövlət başçımızın uğuru, onun bu sahəyə olan qayğı və diqqətinin nəticəsidir. Ölkəmizdə yeni hərbi akademiya və məktəblərin açılması, dünyanın qabaqcıl dövlətləri ilə hərbi əməkdaşlığın genişləndirilməsi, xarici dövlətlərin hərbi akademiyalarında milli hərbi kadrların hazırlanması və s. İlham Əliyevin adı ilə bağlıdır. Məhz bütün bu addımların nəticəsidir ki, 2020-ci ildə Müzəfər Ali Baş Komandanın rəhbərlik etdiyi Azərbaycan Respublikasının Silahlı Qüvvələri cəmi 44 gün içində düşməni darmadağın edərək ərazi bütövlüyümüzü təmin etdi. Azərbaycan xalqının 30 illik həsrətinə son qoyuldu. Prezident İlham Əliyev bununla özünün yüksək sərkərdəlik qabiliyyəti ilə yanaşı, xalqımızın və ordumuzun fədakarlığını, onun məğlubedilməzliyini də bütün dünyaya nümayiş etdirdi”.   Professor qeyd edib ki,  İlham Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətləri böyükdür və bu xidmətlər onu xalqın yaddaşında əbədi olaraq yaşadacaqdır:   “Prezident İlham Əliyev Azərbaycan xalqının, Azərbaycan dövlətinin həyatının bütün sahələrində inqilabi yeniliklərə imza atan, onun beynəlxalq arenadakı nüfuzunu əhəmiyyətli dərəcədə yüksəldən dahi və əvəzsiz liderdir. Azərbaycanın dövlət başçısının tarixi xidmətləri onu xalqımızın qəlbində sonsuza kimi yaşadacaqdır.   Mən ad günü münasibəti ilə Müzəffər Ali Baş Komandanımızı bütün veteranlar adından təbrik edir, ona xalqımızın və dövlətimizin firavan gələcəyi naminə apardığı mübarizədə uğurlar arzulayıram. Əminəm ki, Azərbaycan xalqı öz Liderinin rəhbərliyi altında bundan sonra da böyük uğurlara nail olacaq, yeni müvəffəqiyyətlərə imza atacaq”.  

Hamısını oxu
“Türk dövlətlərinin Xocavənddəki birgə hərbi təlimləri sülh və təhlükəsizliyə xidmət edir”

“Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Xocavənddə keçridiyi birgə təlimlər sülh və təhlükəsziliyə xidmət edir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu təlimlər Azərbaycan və digər qardaş türk dövlətlərinin qlobal müstəvidəki təhdid və təhlükələrə adekvat reaksiyasıdır: “Bildiyiniz kimi, müasir dünyamızda regional və qlobal təhlükəsizliklə bağlı ciddi problemlər mövcuddur. Dünyada münaqişə və qarşıdurmaların, eləcə də hibrid müharibələrin çoxalması bu təhlükələrə çevik reaksiya verməyi, onları zamanında önləməyi zəruri edir. Bu isə hər bir dövlətdən güclü ordu ilə yanaşı, həm də etibarlı müttəfiqlər, qlobal müstəvidə səmimi əməkdaşlıq tələb edir. Bu gün Xocavanddə keçirilən hərbi təlimlər sübut edir ki, türk dünyası öz hərbi gücünü, Silahlı Qüvvələrinin peşəkarlığını dinamik şəkildə artırmaqla yanaşı, qarşılıqlı əməkdaşlığa da xüsusi önəm verir, bu məsələdə vahid, koordinasiyalı mövqe ortaya qoyur”. Polkovnik qeyd edib ki, Xocavənddəki təlimlər gələcəkdə oxşar tədbirlərin daha geniş tərkibdə keçirilməsi üçün ciddi zəmin formalaşdırır: “Heç kimə sirr deyil ki, Azərbaycan dövləti hər zaman, eləcə də günümüzdə qardaş Türkiyə dövləti ilə çoxlu sayda silsilə təlimlər keçirib və bu təlimlər gələcəkdə də davam etdiriləcək. Xocavənddəki təlimlərin əsas özəlliklərindən biri bu təlimlərə qardaş Özbəkistan dövlərinin də qoşulmasıdır. Bu isə o deməkdir ki, yaxın gələcəkdə əksər türk dövlətlərinin iştirakı ilə birgə təlimlər keçirilə bilər ki, bu da türk dünyası daxilində hərbi əməkdaşlığı genişləndirməklə yanaşı, xalqlarımızın birliyinə də böyük töhfə vermiş olar. Əminəm ki, biz qarşıdakı dönəmdə oxşar hərbi təlimlərin Türkiyə və Özbəkistan ərazisində də keçiriləcəyinə şahid olacaq, türk dünyası daxilində hərbi əməkdaşlığın güclənməsi meyillərini qürurla izləyəcəyik”. Seymur ƏLİYEV

Hamısını oxu
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev Fatma Səttarova ilə görüşüb

Veteran.gov.az xəbər verir ki, bu gün Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilat sədri Fatma Səttarova ilə görüşüb. Görüşdə dövlətimizin şəhid ailələri və qazilərə göstərdiyi diqqət və qayğıdan bəhs olunub, cəmiyyətdə, xüsusilə də gənclər arasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinin önəmi vurğulanıb. Görüşdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, Nərimanov Bələdiyyəsinin sədri Təhmiraz Tağıyev də iştirak edib.      Seymur ƏLİYEV  

Hamısını oxu