Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Türk dövlətlərinin Xocavənddəki birgə hərbi təlimləri sülh və təhlükəsizliyə xidmət edir”

“Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Xocavənddə keçridiyi birgə təlimlər sülh və təhlükəsziliyə xidmət edir”.

Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu təlimlər Azərbaycan və digər qardaş türk dövlətlərinin qlobal müstəvidəki təhdid və təhlükələrə adekvat reaksiyasıdır:

“Bildiyiniz kimi, müasir dünyamızda regional və qlobal təhlükəsizliklə bağlı ciddi problemlər mövcuddur. Dünyada münaqişə və qarşıdurmaların, eləcə də hibrid müharibələrin çoxalması bu təhlükələrə çevik reaksiya verməyi, onları zamanında önləməyi zəruri edir. Bu isə hər bir dövlətdən güclü ordu ilə yanaşı, həm də etibarlı müttəfiqlər, qlobal müstəvidə səmimi əməkdaşlıq tələb edir. Bu gün Xocavanddə keçirilən hərbi təlimlər sübut edir ki, türk dünyası öz hərbi gücünü, Silahlı Qüvvələrinin peşəkarlığını dinamik şəkildə artırmaqla yanaşı, qarşılıqlı əməkdaşlığa da xüsusi önəm verir, bu məsələdə vahid, koordinasiyalı mövqe ortaya qoyur”.

Polkovnik qeyd edib ki, Xocavənddəki təlimlər gələcəkdə oxşar tədbirlərin daha geniş tərkibdə keçirilməsi üçün ciddi zəmin formalaşdırır:

“Heç kimə sirr deyil ki, Azərbaycan dövləti hər zaman, eləcə də günümüzdə qardaş Türkiyə dövləti ilə çoxlu sayda silsilə təlimlər keçirib və bu təlimlər gələcəkdə də davam etdiriləcək. Xocavənddəki təlimlərin əsas özəlliklərindən biri bu təlimlərə qardaş Özbəkistan dövlərinin də qoşulmasıdır. Bu isə o deməkdir ki, yaxın gələcəkdə əksər türk dövlətlərinin iştirakı ilə birgə təlimlər keçirilə bilər ki, bu da türk dünyası daxilində hərbi əməkdaşlığı genişləndirməklə yanaşı, xalqlarımızın birliyinə də böyük töhfə vermiş olar.

Əminəm ki, biz qarşıdakı dönəmdə oxşar hərbi təlimlərin Türkiyə və Özbəkistan ərazisində də keçiriləcəyinə şahid olacaq, türk dünyası daxilində hərbi əməkdaşlığın güclənməsi meyillərini qürurla izləyəcəyik”.

Seymur ƏLİYEV

2026-09-23 15:58:00
51 baxış

Digər xəbərlər

YAP Veteranlar Şurasının üzvləri ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələrinin görüşü keçirilib

Mayın 5-də  Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında 9 May – Qələbə Günü münasibətilə YAP Veteranlar Şurasının üzvləri ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının nümayəndələrinin görüşü keçirilib. Görüşdə çıxış edən YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə bildirib ki, Azərbaycanın Sovet dövründəki həyatında 1941-1945-ci illər ən ağır və dəhşətli dövrlərdən biri olduğunu desək yəqin ki, səhv etmərik. Ölkəmizdən müharibəyə 600 min nəfərə yaxın həmyerlimiz çağırıldı və onların 350 min nəfəri geri qayıtmayıb. Arxa cəbhədə isə 250 min nəfərə yaxın insan ordunun tələbatını təmin etməsi ilə əlaqədar çalışırdı. Arif Rəhimzadənin sözlərinə görə, İkinci Dünya müharibəsi, bu müharibəyə cəlb olunan ölkələrin əhalisi üçün ən dəhşətli dövr oldu və hamıda fikir formalaşdırdı ki, faşizm ifrat dərəcədə milliyyətçiliyə, irqçiliyə yönəlib: “Azərbaycan xalqı erməni faşizmindən də əziyyət çəkib. Elə sovetlər dövründə də ermənilərin Azərbaycan torpaqlarına qarşı iddiaları var idi. Bu məsələ ilə  dövlət səviyyəsində ilk dəfə Ulu Öndər Heydər Əliyev məşğul oldu. Onun gördüyü tədbirlər nəticəsində Ermənistanın rəhbərləri anladı ki, Azərbaycana olan iddialarını həyata keçirə bilməyəcəklər. Ulu Öndərimiz böyük uzaqgörənliklə sovetlər dönəmində Bakıda hərbi məktəbin açılmasına nail oldu. Bu da milli hərbi mütəxəssislərimizin hazırlanmasında böyük rol oynadı”. Arif Rəhimzadə qeyd edib ki, Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefa verdikdən sonra Ermənistan Azərbaycana qarşı açıq şəkildə ərazi iddiaları ilə çıxış etdi: “Beləliklə də, Qarabağ müharibəsi başlandı. O dövrdə ölkə iflic vəziyyətdə idi. Nə silah var idi, nə ordu, nə də ki, ölkəyə rəhbərlik edənlərdə bacarıq, səriştə, iradə. Buna baxmayaraq, minlərlə Azərbaycan vətəndaşları ölkənin müdafiəsinə qalxdı. Birinci Qarabağ müharibəsində ərazilərimizin bir hissəsini itirsək də, bu müvəqqəti idi. Bu gün isə biz hamımız İkinci Qarabağ müharibəsində qazanılmış möhtəşəm qələbənin təsiri altındayıq və anlayırıq ki, bu tarixi hadisə Azərbaycan xalqının birliyi, Silahlı Qüvvələrinin yüksək peşəkarlığı və qəhrəmanlığı, Prezident, Ali Baş Komandan İlham Əliyevin ardıcıl, məqsədyönlü və məhsuldar fəaliyyətinin nəticəsidir. Eyni zamanda, biz yaxşı anlayırıq ki, Azərbaycan xalqında vətənə məhəbbət, ağır anlarında bir yumruq kimi birləşib doğma yurdumuzu müdafiə etmək, hətta canımızdan keçməyi siz veteranlar gənclərimizə  aşılayırsınız”. YAP Veteranlar Şurasının sədri söyləyib ki, azərbaycanlıların 1941-1945 –ci illərdə müharibə zamanı qəhrəmanlıqları hər zaman yaddaşlardadır.  İkinci Dünya müharibəsində yüksək şücaət göstərdiyinə görə 127 həmyerlimiz “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüb. Bütövlükdə isə, orden və medallarla 170 minə yaxın vətəndaşımız təltif olunub. A.Rəhimzadə deyib ki, müharibə və əmək veteranlarının vətənə, dövlətə xidməti gənc nəsil üçün nümunədir. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının sədri Fatma Səttarova  İkinci Dünya müharibəsində Azərbaycanın oğul və qızlarının qəhrəmanlığından, özünün də müharibə xatirələrindən bəhs edib. Fatma Səttarova ölkəmizdə müharibə, əmək və Silahlı Qüvvələr veteranlarına göstərilən dövlət qayğısını yüksək qiymətləndirib və bütün bunlara görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib. O, 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbədən qürur duyduğunu, şanlı Azərbaycan Ordusu ilə fəxr etdiyini qeyd edib. Görüşdə həmçinin, Аzərbaycan Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov və təşkilatın üzvləri İmran Əbilov və Tamleyxa Həsənov çıxış edərək ölkəmizin uğurlu inkişafından, Vətən müharibəsində qazanılan zəfərdən, eləcə də ölkəmizdə veteranlara göstərilən diqqət və qayğıdan danışıblar. Eyni zamanda, hər iki təşkilat arasında əməkdaşlığın gələcəkdə də davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.   

Hamısını oxu
“ORDU HAQQINDA BÖHTAN SƏSLƏNDİRMƏK DÜŞMƏN DƏYİRMANINA SU TÖKMƏKDİR”

“Hər bir vətəndaş ordunun güclənməsi üçün əlindən gələni etməlidir” “Aprel döyüşləri sadəcə Ermənistana deyil, bütün dünyaya mesaj idi”    Cəlil Xəlilov: "Əfsuslar olsun ki, İrəvan hələ də bu döyüşlərdən lazımi nəticə çıxarmayıb”      Qarşıdan aprel döyüşlərinin növbəti ildönümü gəlir.   Moderator.az olaraq Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovla söhbətimizdə aprel döyüşlərinin önəmini, bu döyüşlərin tarixi əhəmiyyətini şərh etməyə çalışdıq.      -Cəlil müəllim, bu il 2016-cı ilin aprel döyüşlərinin üçüncü ildönümü tamam olur. Peşəkar hərbçi kimi bu döyüşlərin əhəmiyyətini necə qiymətləndirirsiniz? Sizcə bu döyüşlər Azərbaycan və Ermənistan ordularının güc nisbəti baxımından hansı həqiqətləri ortaya çıxardı?      -Aprel döyüşlərinin ölkəmiz üçün çox böyük əhəmiyyəti var. Erməni separatçıları uzun illər ərzində ordumuz haqqında mənfi fikir formalaşdırmağa cəhd ediblər. Ermənistan bəyan edirdi ki, Azərbaycan ordusu zəifdir, onun gücü yoxdur və s. Aprel döyüşləri isə sübut etdi ki, Azərbaycan güclü orduya, yüksək psixloji duruma və döyüş hazırlığına malikdir. Aprel döyüşləri göstərdi ki, Azərbaycan ordusu hər an işğaldakı torpaqları azad etmək qüdrətinə malikdir.   Aprel qələbəsinin digər baxımdan da mühüm nəticələri oldu. Bu, Azərbaycan ordusunun gücünü nümayiş etdirməklə yanaşı, xalqın orduya olan inamını da artırdı. Xalq bir daha əmin oldu ki, Azərbaycan ordusunda aparılan islahatlar, ordunun möhkəmləndirilməsi, güclənməsi istiqamətində görülən işlər mühüm əhəmiyyətə malikdir və bu işlər öz real səmərəsini verir.   Bu gün aprel döyüşləri nəticəsində işğaldan azad edilən ərazilərdə, Cocuq Mərcanlı kəndində Novruz bayramına hazırlıq gedir. İnsanlar yenidən Novruz sevincini öz doğma torpaqlarında böyük sevinc hissi ilə qeyd edirlər. Bütün bunlara görə biz Azərbaycan ordusuna minnətdar olmalıyıq.      -Sizcə ermənilər aprel döyüşlərindən lazımi nəticə çıxardımı? Rəsmi İrəvanın addımlarında aprel döyüşlərinin "izini” müşahidə etmək mümkündürmü?      -Əfsuslar olsun ki, ermənilər aprel döyüşlərindən lazımi nəticə çıxarmayıb. İrəvan problemin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirsə də, problemin həlli istiqamətində real addımlar atmaq istəmir. Həmişə əməli addım atmaq məqamı yetişəndə qeyri-konstruktiv mövqe nümayiş etdirir, əsassız iddialar səsləndirir. Bununla da danışıqlar prosesini pozmağa cəhd göstərirlər. Məhz Ermənistanın bu ikili siyasəti nəticəsində problemin həllinə nail ola bilməmişik.      -Sizicə aprel döyüşlərindən beynəlxalq ictiamiyyət və beynəlxalq təşkilatların da çıxartmalı olduğu hansısa nəticə varmı?     -Beynəlxaıq təşkilatlar da aprel döyüşlərindən nəticə çxıarmalıdır. Anlamalıdırllar ki, əgər Qarabağ problemi beynəlxalq hüquqi normativ aktrara uyğun olaraq həll edilməsə, o zaman Azərbaycan hərbi yola işğaldakı əraziləri azad etməyə məcbur olacaq. Problemin müharibə yolu ilə həlli ehtimalını ortadan qalıdırmaq üçün beynəlxalq təşkilatlar, aparıcı dövlətlər Ermənistana həm siyasi, həm iqtisadi, həm də hərbi müstəvidə təzyiq göstərməlidir.      -Cəlil müəllim, Qarabağ münaqişəsinin həll edilməmiş vəziyyətdə qalması sizcə sadəcə Azərbaycan üşün narahatlıq kəsb edir, yoxa bu, həm də Qafqaz regionu və dolayısı ilə dünya üçün təhlükəlidir?      -Bu münaqişə yalnız Azərbaycan üçün təhlükə deyil. Bu, həm də Qafqaz regionu üçün təhlükədir. Ermənistan işğal edilmiş ərazilərdə terroristlər hazırlayır. Narkotik plantasiyalar salırlar. Beynəlxalq axtarışa verilən dünya miqyaslı bir çox cinayətkar da bu ərazidə yerləşdirilir. Suriyadan, digər ölkələrdən müəyyən qüvvələr orda yerləşdirilir.   Ermənilər işğaldakı ərazilərdə böyük vəhşiliklər törədib. Məscidləri, tarixi abidələri dağıdıb. Azərbaycan ordusu aprel döyüşləri ilə düşmənə mesaj verdi. Onları öz əsasız iddialarından, işğal siyasətindən əl çəkməyə çağırdı. Və onları başa saldı ki, bu siyasət onların özü üçün faciəvi sonluqla nəticələnəcək.      -Sizcə dünya ictimaiyyəti, aparıcı dövlətlər ermənilərin işğalçılıq siyasəti, Azərbaycan xalqına qarşı törətdikləri soyqırımlar haqqında yetərincə məlumatlıdırmı? Dünya birliyi bu məsələdə yetərincə qətiyyət sərgiləyərsə, Ermənistan işğalçılıq siaysətindən imtina edə bilərmi?      -Təbii ki, dünya ictimaiyyəti, qabaqcıl dövlətlər erməni vəhşiliyindən, onların işğalçılıq siyasətindən, bu siyasətin qorxunc nəticəsindən xəbərdardılar. Xocalı soyqırımını dünyanın bir çox ölkəsi tanıyır. Bütün dünya erməni vəhşiliyindən xəbərdardır. Odur ki, bunlara istiandə edərək Ermənistana hər cür təzyiq göstərə bilərlər. Onlar erməniləri məcbur edə bilərlər ki, işğladakı əraziləri tərk etsin. Hətta onlara Azərbaycan xalqına qarşı törətdikləri soyqırımını etiraf etməyə də vadar edə bilərlər. Ermənistan iqtisadi blokadadadır. Lakin buna baxmayaraq, xarici ölkələrdən aldıqları ianələri də silahlanmaya sərf edir. Halbuki öz vətəndaşalrının bu pula çox böyük ehtiyacı var. Bütün bunlar bir daha onu göstərir ki, Ermənistan işğalçılıq siyasətindən əl çəkmək niyyətində deyil. Bu isə o deməkdir ki, proseslər bu şəkildə davam edərsə, Qarabağ məsələsində son sözü yenə də Azərbaycan ordusu deyəcək.      -Cəlil müəllim, son vaxtlar bəzi şəxslər xaricdə oturub Azərbaycan ordusu, Müdafiə Nazirliyi, onun müxtəlif strukturları haqqında böhtan xarakterli fikirlər səsləndirməkdədir. İddia edirlər ki, guya orduda rüşvətxorluq, intizamsızlıq mövcuddur, mənəvi-psixoloji durum qeyrei-qənaətbəxşdir və s. Sizcə Azərbaycan ordusunun bu şəkildə hədəf allınmasına səbəb nədir?      -Bu fikirlər insanları çaşdıqmağa, xalqın orduya olan inamımı zəiflətməyə hesablanıb. Azərbaycan ordusu öz sözünü deyən ordudur. Azərbaycan ordusunun qapıları Azərbaycan ictimaiyyətinin üzünə açıqdır. Azərbaycan vətəndaşı ordu, ordudakı vəziyyət barədə hər an informasiya almaq imkanına malikdir. Tez-tez "açıq qapı”lar keçirirlər. Valideynlərlə əsgərlərin, komandirlərin görüşləri olur. Əgər hər hansı bir vətəndaş nədənsə narazıdırsa, nəyisə nöqsan hesab edirsə, bu nöqsanın aradan qaldırılmasını tələb edə bilər. Lakin ordudan xəbəri, məlumatı olmayan insanların ordunu müzakirə etməsi doğru deyil. Onlar düşməni sevindirən mənfi xarakterli, əsassız məlumatlar yaymaqla ordumuzun imicinə ziyan vururlar.   Orduya, onun imicinə ziyan vurmaq olmaz. Ordumuzun döyüş hazırlığına, onun qələbə ruhuna sevinmək lazımdır. Onun güclənməsi üçün hər bir Azərbaycan vətəndaşı əlindən gələni etməlidir.   Bu düşmən dəyirmanına su tökməkdir. Əgər həqiqətən də orduda hər hansı nöqsan varsa, bu ordunun rəhbərliyi, komandanlığı mövcuddur və həmin şəxslər bu nöqsan barəsində ordunun rəhbərliyinə müraciət edə bilər. Bu məlumatları dəqiqləşdirmək əvəzinə bu informasiyaları ictimaiyyiləşdirmək yanlışdır.          Seymur ƏLİYEV  

Hamısını oxu
“8 Noyabr” Elektrik Stansiyası – Zəfərin Enerjiyə, Qələbənin İnkişafa Çevrildiyi Milli Layihə

Azərbaycanın enerji sektorunda mühüm və tarixi bir mərhələ tamamlandı: Prezident İlham Əliyevin iştirakı ilə Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının təntənəli açılışı gerçəkləşdi. Bu layihə təkcə mühəndislik və texnologiya baxımından deyil, həm də mənəvi-siyasi baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu stansiya Azərbaycanın 2020-ci ildə əldə etdiyi Şanlı Qələbənin davamı, Vətən müharibəsindəki zəfərin iqtisadi gücə və dayanıqlı inkişafa çevrilməsinin parlaq nümunəsidir. “8 Noyabr” qələbə tariximiz olmaqla yanaşı, həm də bir rəmz, bir güc, bir inkişaf yolunun başlanğıcıdır. “Bu, sadəcə bir tarix deyil. Bu, Azərbaycanın müasir tarixinin şanlı səhifəsidir,” deyə Prezident İlham Əliyev çıxışında bildirmişdir. Dövlət başçısının bu sözləri “8 Noyabr” adının təsadüfi seçilmədiyini açıq şəkildə göstərdi. 2020-ci ilin 8 noyabrında Azərbaycan Ordusu Qarabağın tacı olan Şuşanı azad etdi və bu gün 1880 meqavat gücündə müasir enerji nəhəngi də həmin tarixlə əbədiləşdi. Bu addım həm rəmzi, həm də strateji cəhətdən dövlət siyasətinin düşünülmüş, ardıcıl və gələcəyə yönəlik mahiyyətini ifadə edir. Azərbaycanın enerji təhlükəsizliyi dövlətin prioritet istiqamətlərindən biridir. Bu kontekstdə “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi xüsusi əhəmiyyət daşıyır. Stansiya təkcə ölkə daxilində enerji təchizatının sabitliyini möhkəmləndirmir, eyni zamanda ixrac potensialını da artırır. Təxminən ölkə üzrə elektrik enerjisinin 15 faizini təmin edə biləcək bu nəhəng layihə Azərbaycanın enerji balansında mühüm rol oynayacaq. Prezident İlham Əliyevin sözləri ilə desək: “Bu stansiyanın istismara verilməsi bizə təkcə əlavə güc qazandırmır, eyni zamanda Azərbaycanın enerji ixracında sabitlik yaradır. “8 Noyabr” Elektrik Stansiyası cəmi iki il ərzində tikilərək istifadəyə verilib. Dünya praktikasında bu gücdə bir stansiyanın belə qısa zamanda istismara verilməsi nadir haldır. Bu fakt Azərbaycan dövlətinin çevik idarəçilik modelinin, təşkilati potensialının və milli texniki imkanlarının təntənəsidir. Müasir SCADA sistemləri ilə təchiz olunan stansiyada idarəetmə və nəzarət maksimum səviyyədə optimallaşdırılıb. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Biz bu stansiyanı iki ilə tikdik. Bu, bizim iradəmizi, texniki imkanlarımızı və təşkilati potensialımızı göstərir. “8 Noyabr” Elektrik Stansiyası yalnız güc baxımından deyil, ekoloji üstünlükləri ilə də diqqət çəkir. Ən son texnologiyalarla təchiz edilmiş stansiyada karbon emissiyalarının azaldılması istiqamətində ciddi addımlar atılıb. Bu isə Azərbaycanın Paris İqlim Sazişi çərçivəsində üzərinə götürdüyü öhdəliklərə sadiqliyini göstərir. Eyni zamanda, stansiyanın fəaliyyətə başlaması ilə şərti yanacaq sərfiyyatının azalması, təbii qaza qənaət və bərpaolunan enerji layihələrinin genişlənməsi üçün zəmin yaradılır. Yeni stansiyanın Mingəçevirdə yerləşməsi təsadüfi deyil. Mingəçevir artıq illərdir ki, Azərbaycanın enerji mərkəzi kimi tanınır. Bu layihə şəhərin iqtisadi və sosial həyatına yeni nəfəs verəcək. Tikinti mərhələsində minlərlə insanın işlə təmin olunması, stansiyanın daimi fəaliyyət dövründə isə yüzlərlə mütəxəssisin işlə təmin olunması, layihənin həm texniki, həm də sosial layihə olduğunu təsdiqləyir. Stansiyanın açılışı zamanı Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq enerji əməkdaşlığından da bəhs edərək, İtaliya və Çinlə strateji tərəfdaşlığın önəmini vurğulayıb. İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Çinlə isə daha çox bərpaolunan enerji sahəsində əməkdaşlıqların gücləndirilməsi gündəmdədir. Bu isə göstərir ki, Azərbaycanın enerji strategiyası təkcə daxili deyil, həm də beynəlxalq miqyasda dayanıqlı inkişaf üzərində qurulub. İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın Mingəçevirə raket zərbələri endirməsi, enerji obyektlərini hədəfə alması faktı bir daha sübut edir ki, düşmən ölkənin planlarında Azərbaycanın enerji təminatını sarsıtmaq əsas məqsədlərdən biri olub. Lakin bu cür təhdidlər qarşısında Azərbaycan dövləti daha da güclənərək, məhz Mingəçevirdə belə bir nəhəng enerji stansiyası inşa etdi. Bu, əslində, tarixə qarşı yönəlmiş hücuma gələcək üçün verilmiş sarsıdıcı cavabdır. “8 Noyabr” Elektrik Stansiyası təkcə bir enerji layihəsi deyil bu, milli iradənin, dövlət gücünün və xalq birliyinin mühəndisliklə qovuşduğu bir məfkurə layihəsidir. Bu stansiya Zəfər Günü ilə başlayıb gələcəyə uzanan inkişaf yolunun texniki dayağı, iqtisadi dirəyi və siyasi sabitliyin təntənəsi kimi tarixə düşür. Prezident İlham Əliyevin ifadəsi ilə desək: “Azərbaycan bu gün həm enerji təminatında, həm də siyasi iradədə güclü dövlətdir. Bu gücümüzün əsas mənbəyi xalqımızın birliyidir.” “8 Noyabr” tarixə yazılmış zəfərin enerjiyə, milli iradənin isə davamlı inkişafa çevrildiyi bir nümunədir. Azərbaycanın bu uğuru təkcə regional deyil, qlobal enerji xəritəsində də öz yerini daha da möhkəmləndirir. Bu layihə göstərdi ki, Azərbaycan yalnız zəfər çalmır – o zəfəri uzunmüddətli və dayanıqlı uğura çevirir. “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi təkcə mühəndislər, energetiklər və iqtisadçılar üçün deyil, eyni zamanda Azərbaycan cəmiyyətinin bütün təbəqələri üçün qürurverici hadisə oldu. Xüsusilə də bu uğura ən çox sevinənlər müharibə və əmək veteranları, eləcə də Silahlı Qüvvələrin təqaüddə olan üzvləridir. Onlar yaxşı anlayırlar ki, bu günün təməlində həm zəhmət, həm də qanla yazılmış bir tarix durur. Bu stansiya əslində, müharibədəki qələbənin davamı, əmək cəbhəsindəki zəhmətin nəticəsidir. Onilliklər ərzində ölkənin müdafiəsi, quruculuğu və inkişafı naminə çalışan minlərlə vətənpərvər bu nailiyyəti böyük fəxr hissi ilə izləyir. “Biz bu zəfəri illərlə gözləmişdik, bu gün onun bəhrəsini görürük,” deyə veteranlar bildirirlər. Veteran təşkilatlarının nümayəndələri qeyd edirlər ki, “8 Noyabr” Stansiyası həm də yeni nəsillər üçün nümunədir. Necə ki, bir vaxtlar müharibə və əmək meydanlarında şücaət göstərilirdisə, bu gün həmin ənənə elm, texnologiya və dövlətçilik sahəsində yaşadılır. Zəfərin ruhu artıq yalnız tarixdə deyil – o, iqtisadiyyatda, təhsildə və sənayedə də yaşayır. Əmək veteranları bu stansiyanı “xalqın zəhmətinin abidəsi”, müharibə veteranları isə “Zəfərin davamı” adlandırır. Onların qoruduğu sabitlik bu gün böyük uğurlara çevrilir. “8 Noyabr” Elektrik Stansiyası müasir Azərbaycanın enerji ordusuna qoşulan yeni bir “əsgər”dir. O, ölkənin iqtisadi gücünü artıracaq, sosial rifahını yüksəldəcək və Azərbaycanın beynəlxalq nüfuzuna töhfə verəcək. Bu layihə həm keçmişə ehtiram, həm də gələcəyə çağırışdır.Çünki biz birlikdə güclüyük, irəliləyirik və qalibik!   Cəlil Xəlilov: Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik  

Hamısını oxu
“Erməni işğalı sadəcə ölkəmizə deyil, həm də sivilizasiya və ümumbəşəri dəyərlərə yönəlik təcavüz idi”

Tamam Cəfərova: “Beynəlxalq təşkilatlar heç olmasa post-müharibə dönəmindən sonra ədalətli və qətiyyətli davranış ortaya qoymalıdır”   Sentyabrın 27-də 44 günlük Vətən müharibəsinin başlanmasının bir ili tamam olur. Xatırladaq ki, bu tarix həm də ölkəmizdə Anım Günü kimi qeyd olunacaq.   Moderator.az olaraq millət vəkili Tamam Cəfərova ilə söhbətimizdə bu tarixi günlə yanaşı, erməni işğalının acı nəticələri, beynəlxalq təşkilatların regiondakı rolu və s. kimi məsələləri müzakirə etməyə çalışdıq.   -Tamam xanım, qarşıdan 27 sentyabr – Anım Günü gəlir. Ilk öncə ölkə başçısının Anım Günü ilə bağlı məlum sərəncamı ilə bağlı fikirlərinizi bilmək istərdik.   -27 sentyabr – Anım Günü ilə bağlı Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamı çox mühüm əhəmiyyətə malikdir. Bu, hər şeydən öncə qəhrəmanlarımızın, şəhidlərimizin ölmsüz xatirəsinə sonsuz hörmət və ehtiram nümunəsidir.   Bildiyiniz kimi, ölkə başçısı bütün çıxışlarında Vətən müharibəsindəki tarixi zəfərimizə görə şəhid və qazilərimizə borclu olduğumuzu bildirib, məhz onların qəhrəmanlığı sayəsində 30 ilə qədər işğal altında qalan torpaqlarımızın azadlığa qovuşduğunu vurğualyıb. 27 sentyabr tarixinin Anım Günü kimi qeyd edilməsi torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüz uğrunda həyatını qurban verən şəhidlərimizin əziz xatirəsinin rəsmi səviyyədə əbədiləşdirilməsi, sonsuza qədər yaşadılması deməkdir. Bu baxımdan 27 sentyabrın Anım Günü elan edilməsi xalqımızın sadəcə bugünü deyil, həm də gələcəyi, tarixi yaddaşı, milli şüuru baxımından mühüm əhəmiyyətə malikdir.   -Tamam xanım, Ermənistanın ötən əsrin 90-cı illərində Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq müharibəsi zəminində xaqlqımıza qarşı çoxsaylı hərbi cinayətlər, soyqırımları törətdiyi, minlərlə soydaşımızı amansızcasına qətlə yetirdiyi məlumdur. Bütün insani, mədəni və mənəvi dəyərlərin tapdandığı, gözardı edildiyi bu işğalı sadəcə Azərbaycana qarşı deyil, dolayısı ilə bütün bəşəriyyətə, ümumbəşəri dəyərlərə, sivilizasiya qarşı gerçəkləşdirilən müharibə kimi xarakterizə etmək mümkündürmü?   -Əlbəttə. 30 illik erməni işğalı ilə bağlı aparılan araşdırmalar, ortaya çıxan çoxsaylı faktlar Ermənistanın sadəcə torpaqlarımızı işğal etmədiyini, həm də bəşər hərb tarixində misli görünməyən vəhşiliklərə imza atdığını göstərdi. Birinci Qarabağ müharibəsi və işğal müddətində ələ keçirdikləri ərazilərdə bütün din və mədəniyyətlərə məxsus tarixi, dini, mədəni abidələri məhv edən ermənilər məktəbləri, muzeyləri, kitabxanaları, mədəniyyət evlərini məhv edib, onları yandırıb, daşı daş üstdə qoymayıb. Statistikaya nəzər salsaq görərik ki, Ermənistan tərəfindən işğal edilmiş qədim Azərbaycan torpaqlarında 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri olmuşdur. Bununla yanaşı, 40 mindən artıq eksponatın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert salonu, 31 məscid, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi, 103200 ədəd mebel avadanlığı, 5640 musiqi aləti, 481 kinoqurğu, 20 ədəd kinokamera, 423 videomaqnitafon, 5920 dəst milli kişi və qadın geyimləri, 40 dəst səsgücləndirici, 25 iri və 40 kiçik həcmli attraksion işğal olunmuş ərazilərdə qalmışdır. Bu göstəricilər Ermənistanın cinayətlərinin sadəcə miqyasını əks etdirmir. Həm də bu cinayətlərin ümumbəşəri dəyərlərə, ümumilikdə sivilizasiyalı dünyaya qarşı həyata keçirildiyini göstərir. Bu isə o deməkdir ki, Ermənistanın etdiyi cinayətlərə görə beynəlxalq hüquq müstəvisində cəzalandırılmasında bütün dünya maraqlı olmalı, bu məsələdə Azərbaycanın səylərini, haqq işini dəstəkləməlidir.   -Torpaqlarımız işğaldan azad ediləndən sonra Azərbaycanın bu torpaqlarda həyata keçirdiyi ilk işlərdən biri işğal dönəmində ermənilər tərəfindən dağıdılan mədəni-tarixi və dini abidələri bərpa etmək oldu. Hansı ki, məlum proses bu gün də davam etdirilir. Sizcə Azərbaycanın işğaldan azad edilən ərazilərdə həyata keçirdiyi bərpa prosesi işğal dönəmindən qalma yaraları sarımaqla yanaşı,  xalqımızın, dövlətimizin beynəlxalq imicinə necə təsir göstərir?   -Azərbaycan müharibədən sonra ermənilər tərəfindən dağıdılan, məhv edilən tarixi, dini, mədəni abidələrin hamısını bərpa edəcəyini bəyan edib. Həm ölkə başçısı, həm də Birinci vitse-prezident Mehriban xanım Əliyeva dəfələrlə bildirib ki, Qarabağ və ətraf rayonlarda erməni faşistləri təərfindən dağıdılan abidələr hansı dinə, hansı mədəniyyətə mənsub olmasından asılı olmayaraq bərpa ediləcək və qorunub saxlanılacaqdır. Artıq işğaldan azad edilmiş ərazilərimizdə bir sıra abidələrin bərpası prosesi həyata keçirilməkdədir. Bu yanaşmanın özü dölətimizin, dövlət başçımızın və Azərbaycan xalqının humanistliyindən, nəcibliyindən, milli mədəniyyətimizlə yanaşı, həm də digər xalqların mədəniyyətinə göstərdiyi diqqət və qayğıdan xəbər verir. Bu baxımdan Qarabağda həyata keçirilən bərpa prosesinin erməni işğalının ağır nəticələrini ortadan qaldırmaqla yanaşı, həm də dövlətimizin beynəlxalq aləmdəki imicinin daha da güclənməsinə xidmət edir. Hesab edirəm ki, erməni vandalizminin barbarlığı fonunda Azərbaycanın bölgədə həyata keçirdiyi mədəni quruculuq siyasəti dünya xalqlarına kimin-kim olduğunu anlamaqda kömək edəcək, Azərbaycanın sülhpərvər, qurucu siyasətinin daha geniş çevrələr tərəfindən dəstəklənməsini təmin edəcəkdir.   -Tamam xanım, Qarabağ problemi öz həllini tapsa da, bu gün də beynəlxalq təşkilatlardan, beynəlxalq qurumlardan gözləntilərimiz çoxdur. Azərbaycanın apardığı nəhəng quruculuq siaysətinin dəstəklənməsi, müharibədən sonra yenə də müxtəlif təxribatlara əl atan Ermənistana lazımi təzyiqlərin göstərilməsi, rəsmi İrəvanın müharibə və işğal dönəmində xalqımıza qarşı həyata keçirdiyi cinayətlərə görə beynəlxalq məhkəməyə cəlb edilməsi və s. bu gözləntilər sırasındadır. Sizcə Qarabağ probleminin həllinə dəstək verməyən, bəzi hallarda ikili siaysət yürüdən beynəlxalq təşkilatların heç deyilsə bu məsələlərdə ölkəmizə dəstək verməsi ehtimalı nə dərəcədə böyükdür?   -Beynəlxalq təşkilatların, o cümlədən aparıcı dövlətlərin Qarabağ probleminin həllində ölkəmizə dəstək vermədiyi, erməni işğalının ortadan qaldırlması istiqamətində əməli baxımdan ciddi addımlar atmadığı, hətta bəzi hallarda ikili standartlardan çıxış etdiyi yaxın tariximizin acı həqiqətlərindəndir.   Azərbaycan uzun illər Qarabağı probleminin sülh yolu ilə həlli istiqamətində böyük səylər ortaya qoydu. Minsk qrupu vasitəsi ilə işğalçı Ermənistanla uzun sürən danışıqlar aparıldı. Hansı ki, Ermənistanın siyasi riyakarlığı səbəbi ilə bu danışıqlar heç bir nəticə vermədi. BMT Təhlükəsizlik Şurası tərəfindən dörd qətnamə qəbul edilsə də, bu qətnamələrin heç birinə praktiki baxımdan əməl edilmədi. Beynəlxalq təşkilatlar qəbul etdikləri qərarların icrasına maraq göstərmədi. Işğalçı Ermənistan tərəfindən beynəlxalq hüquq normalarının, konvensiyaların açıq-aşkar pozulması ilə bağlı minlərlə fakt ortada olsa da, buna görə rəsmi İrəvana heç bir təzyiq göstərilmədi. Məhz bu səbəbdən də Azərbaycan Qarabağ probleminin hərb yolu ilə həll etmək, öz ərazi bütövlüyünü müharibə vasitəsi ilə təmin etmək məcburiyyəti ilə üzləşdi. Ali Baş Komanda İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusu cəmi 44 gün içində Ermənistan ordusunu darmadağın edərək düşməni kapitulyasiya sənədinə imza atmağa vadar etdi.   Bir sözlə, beynəlxalq təşkilatların müharibəyə qədərki fəaliyyətləri əsla qənaətbəxş sayıla bilməz.   Post-müharibədən sonra regionda yeni bir dönəmin başlanğıcı qoyulub. Beynəlxalq təşkilatlar post-müharibə dönəminin yaratdığı yeni situasiyadan istifadə edərək daha aktiv və  səmərəli fəaliyyət orataya qoya, öz funksional vəzifələrini praktiki baxımdan reallaşdıra, bu fəaliyyəti tam şəkildə yerinə yetirə bilərlər. Bunun üçün beynəlxalq təşkilatlar Ermənistanın 30 ilə qədər işğal altında saxladığı torpaqlarda törətdiyi vəhşilikləri ifşa etməli, bu dağıntıların miqyas və nəticəsini görməli, tanımalı, aktlaşdırmalıdır. Ermənistanın buna görə beynəlxalaq məhkəmələr vasitəsi ilə məsuliyyətə cəlb edilməsi, vurduğu ziyana görə təzminat ödəməyə məcbur olunması mühüm amillərdən biridir. Erməni faşizminin sadəcə region üçün deyil, bütün dünya üçün kəsb etdiyi təhlükəni dərk etrmək, bu faşizmin yenidən dirçəlməsinə imkan verməmək, Azərbaycan dövlətinin bu yöndəki səylərini dəstəkləmək beynəlxalq təşkilatların öz nüfuzlarının, imiclərinin güclənməsi baxımından da faydalı olar.   Ümid edirəm ki, beynəlxalq təşkilatlar post-müharibə dönəminin yaratdığı bu imkanlardan istifadə edəcək, heç deyilsə bundan sonra Azərbaycana münasibətdə ədalətli yanaşma ortaya qoyacaqlar.   Seymur ƏLİYEV    

Hamısını oxu