Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Rəyasət Heyətinin toplantısı keçirilib. Topantıda bir sıra məsələlərlə yanaşı, Prezident İlham Əliyevə müraciət qəbul olunub. Müraciətdə deyilir:

 “Möhtərəm Prezident!

Cənab Ali Baş Komandan!

Uzun illərdir ki, Sizin bilavasitə rəhbərliyiniz və nəzarətiniz altında ölkəmizdə şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara göstərilən dövlət qayğısı, onlarla bağlı həyata keçirilən nəhəng sosial layihələr cəmiyyətimizdə böyük məmnunluqla qarşılanmaqda, həssas kateqoriyaya məxsus insanlarımızın rifahını, mənzil-məişət şəraitini, sosial təminatını əhəmiyətli dərəcədə yüksəltməkdədir. Ardıcıl və sistemli şəkildə həyata keçirilən bu siyasət 44 günlük Vətən müharibəsindən sonra da eyni qətiyyət və uğurla davam etmiş, miqyas və mahiyyət etibarı ilə yeni mərhələyə daxil olmuşdur. İstisnasız olaraq bütün şəhid ailələrinin və müharibə əlillərinin mənzillə təmin edilməsi, dövlət tərəfindən onlara çoxlu sayda xüsusi imtiyazların verilməsi, məlum kateqoriyaya məxsus vətəndaşlarımızın məşğulluq probleminin həllinə xüsusi diqqət və həssaslıqla yanaşılması, müharibədə yaralanan veteranlarımızın müalicəsinin yüksək səviyyədə həyata keçirilməsi, müharibə əlillərinin son nəsil protezlərlə təmin edilməsi və bu qəbildən olan yüzlərlə sosial layihə Sizin vətən müdafiəçilərinə olan sevgi və qayğınızdan xəbər verir.

Möhhərəm Prezident!

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanının 4.1-ci bəndinin icrası məqsədilə Nazirlər Kabinetinin 02 avqust 2022-ci il tarixli  Qərarı ilə “1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi Qaydası”nın təsdiq edilməsi müharibə əlilləri və veteranlara dövlət qayğısının növbəti təzahürüdür. Bu mühüm və humanist addımın daha bir əhəmiyyəti isə dövlətimiz tərəfindən həyata keçirilən sosial dəstək proqramının Birinci Qarabağ müharibəsi əlillərinə də şamil edilməsidir. Sizin bilavasitə qayğınız və diqqətiniz nəticəsində həyata keçirilən sosial dəstək proqramı bir daha vətəninin müdafiəsində müxtəlif tarixi dövrlərdə dayanan, öz sağlamlığını müstəqilliyimizin güclənməsinə, torpaqlarımızın müdafiəsinə qurban verən vətəndaşlarımıza dövlətimiz tərəfindən eyni dərəcədə qayğıkeş münasibətin sərgiləndiyini göstərir.

Cənab Prezident!

“Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyi olaraq şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara göstərdiyiniz mütəmadi diqqət və qayğıya görə Sizə təşəkkür edir, minnətdarlığımızı bildiririk.

Sizi əmin edirik ki, veteranlar olaraq hər zaman olduğu kimi bundan sonra da, Sizin siyasətinizi dəstəkləməkdə, dövlətimizin, milli maraqlarımızın keşiyində ayıq-sayıq dayanmaqda davam edəcək, dövlətimizin işıqlı gələcəyi üçün heç bir fədakarlıqdan çəkinməyəcəyik.

Yaşasın Müzəffər Ali Baş Komandan!

Yaşasın qalib Azərbaycan xalqı!”

 

Dərin hörmət və ehtiramla,

 

“Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr

Veteranları Təşkilatı” İctimai Birliyinin Rəyasət Heyəti adından,

Sədr Fatma Səttarova

2022-08-03 14:29:00
1465 baxış

Digər xəbərlər

Mehriban Əliyeva: “Hər birimizin borcu Azərbaycanın mövqeyini müdafiə etməkdir”

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqına çağırış edib.  Çağırışın mətni birinci vitse-prezidentin rəsmi saytında yerləşdirilib: “Hörmətli həmvətənlər!   Son günlər baş verən hadisələr ölkəmizin hər bir vətəndaşını narahat edir. İşğalçının növbəti təxribatına dərhal layiqli cavab verildi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Tanrıdan yaralı əsgərlərimizin tezliklə sağalmasını diləyirəm. Tanrı hər bir Azərbaycan döyüşçüsünün həyatını və sağlamlığını qorusun. Bu günlərdə bizim hamımızı emosiyalar bürüyür. Emosiyalar çoxdur. Hüznlə və şəhidlərin işıqlı xatirəsinə ehtiramla yanaşı ən güclülərindən biri qürur hissidir. Azərbaycan Ordusunun döyüş qabiliyyətinə, qəhrəman oğullar yetişdirən analara görə qürur. Vətəndaşlarımızın vətənpərvərlik hissinə, ilk çağırışdan Vətənin müdafiəsinə qalxmağa hazır olan gənclərə və on minlərlə könüllüyə görə qürur. Ölkəmizdən kənarda öz birmənalı mövqeyini bildirən, dövlətimizi və ordumuzu dəstəkləyən minlərlə azərbaycanlıya görə qürur hissi. Hər kəsi saran birlik, ruh yüksəkliyi nümayiş etdirmək və tarixi həqiqətin təntənəsi, – Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün hər bir addıma hazır olmaq, – bizim müqəddəs mübarizəmizdə güclü və təsirli vasitədir. Bu günlər ərzində əsl Vətəndaş mövqeyi nümayiş etdirən hər kəsə minnətdaram. Əziz qardaşlar və bacılar! Yüksək vətənpərvərlik və mübarizlik əhval-ruhiyyəsi fonunda bu gün bizim hər birimizdən dözümlü, sayıq və təmkinli olmaq tələb olunur. Hər an unutmamalıyıq ki, artıq uzun illərdir yaşadığımız qarşıdurma şəraiti bilavasitə hərbi əməliyyatlar bölgəsini deyil, həm də informasiya məkanını əhatə edir. Sosial şəbəkələr dövründə informasiya müharibələrinin miqyası, onların hadisələrin gedişatına təsiri qarşıdurmanın nəticəsinə təsir edən olduqca mühüm amilə çevrilirlər. Müasir informasiya platformaları düşmən qüvvələr, bədxah insanlar, bəzən sadəcə paxıl və qərəzli dairələr tərəfindən “feyk”lərin, saxta, təxribat xarakterli materialların yayılması üçün vicdansızcasına istifadə olunur. Məqsəd – çaxnaşma, nifaq salmaq və daxili “cəbhə” yaratmaq, düşkünlük və məğlubiyyət əhval-ruhiyyəsini artırmaqdır. Saxta profillərdən və birdəfəlik işlətmə üçün nəzərdə tutulan telefon nömrələrindən tutmuş istifadəçilərin görmə, eşitmə, emosional qavrayışına psixoloji təsir üsullarından istifadəyədək geniş alətlər arsenalı işə düşür. Bir sözlə, insan qəlbinin ən kövrək  tellərinə toxunmaq üçün ən çirkin vasitələrə əl atılır. Ermənistanın işğalçılıq siyasətini dəstəkləyən qüvvələr öz məqsədlərini güdərək “müharibədə bütün vasitələr yaxşıdır” prinsipi ilə hərəkət edirlər. Çox sevindirici haldır ki, Azərbaycanın internet istifadəçilərinin əksəriyyəti təxribata uymur, yalan və böhtanı ifşa edir, ağı qaradan seçməyi bacarır və münaqişənin kökləri haqda həqiqətlərdən bəhs edir. Axı bizim əsas vəzifələrimizdən biri ədaləti tələb edən haqq səsimizi dünya ictimaiyyətinə çatdırmaqdır.  Fəallıq göstərən, düzgün danışan, qanun və əxlaq normaları çərçivəsində əsaslandırılmış şəkildə bu fəaliyyət sahəsində ölkəmizin maraqlarını qoruyan hər kəsə təşəkkür edirəm. Amma başqa misallar da var. Öz Vətəninə nə dərəcədə nifrət etməlisən ki, Azərbaycan Ordusunun düşmən təxribatına layiqincə cavab verdiyi bir vaxtda üçüncü ölkələrdə gizlənərək “darmadağın edilmiş” Azərbaycan mövqeləri, mülki əhali arasında çoxsaylı insan tələfatı haqqında yalanları efirə verəsən, həmvətənlərimizin qəlblərinə təlaş, qorxu və məyusluq yeridəsən? Yaxud əhəmiyyətsiz, həyata keçirilməz siyasi ambisiyalar naminə parçalanma, hərc-mərclik, qarışıqlıq yaratmaq üçün Azərbaycan gənclərinin vətənpərvərlik əhval-ruhiyyəsindən istifadə etməyə çalışasan? Bu hərəkətlərə və belə insanlara haqq qazandırmaq olmaz. Onların öz torpağı naminə canından keçməyə hazır olan milyonlarla azərbaycanlı ilə ümumi heç nəyi yoxdur və ola da bilməz. Tanrı onlara hakimdir, çünki ictimai qınaqdan başqa Allah qarşısında hamı cavabdehdir.   Əziz dostlar! Sosial şəbəkələrdə nümayiş etdirdiyiniz qarşılıqlı dəstəyi, səbri, həmrəyliyi, təmkini və özünənəzarəti görməmək mümkün deyil. Buna görə sizə minnətdaram! Biz hamımız sayıq olmalı, təxribata uymamalıyıq. Gəlin hər dəfə yeni paylaşım edərkən, foto yerləşdirərkən və ya şərh yazarkən unutmayaq ki, biz müharibə şəraitində yaşayırıq və qarşı tərəf informasiya məkanında yayımladığımız hər şeydən istifadə edə bilər. Unutmayaq ki, hər birimizin borcu Azərbaycanın mövqeyini müdafiə etməkdir. Nəinki döyüş meydanında, həm də kompüter qarşısında. Unutmayaq ki, bu gün biz bir amalımız olan millət, xalqıq. Bizə zəfər lazımdır. Hamımız üçün bir qələbə. Qalib gələn isə gücü birlik, ağıl və iradə ilə möhkəmlənən olur. Mən doğma Azərbaycanımı və öz müdrik, mərd və mərhəmətli xalqımı hədsiz dərəcədə sevirəm! Bizim işimiz haqq işidir və Tanrı bizimlədir! Uca Tanrı Azərbaycanı qorusun! Sevgilərlə, Sizin MEHRİBAN”.

Hamısını oxu
Şəhidlərimizin ruhu Gürcüstanın Qardabani rayonunda ehtiramla yad olunub

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən şiddətli döyüşlər zamanı iyulun 14-də müdafiənin ön xəttində qəhrəmancasına şəhid olan polkovnik İlqar Mirzəyevin xatirəsi doğulduğu Gürcüstanın Qardabani rayonunun İstisu (Tbilistskaro) kəndində ehtiramla anılıb. AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, hərbi attaşe aparatının rəhbəri polkovnik-leytenant Fuad İbrahimov, Gürcüstan parlamentinin deputatı Azər Süleymanov, rayon və kənd ictimaiyyətinin nümayəndələri, ziyalılar iştirak ediblər. Səfir Dursun Həsənov çıxış edərək düşmənin silahlı bölmələrinin iyulun 12-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribat barədə məlumat verib. Bildirib ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş son hadisələr Paşinyan rejiminin daxili elektorata hesablanmış növbəti təxribatıdır. Bu qondarma “demokratik” rejim növbəti dəfə dəhşətli xarici düşmən obrazı yaratmağa, həm əhalinin, həm də müxalifətin diqqətini yayındırmağa çalışır. Diplomat vurğulayıb ki, Ermənistanın hərbi təxribatı nəticəsində bir neçə hərbi qulluqçumuz şəhid olub. Onlardan biri də polkovnik İlqar Mirzəyevdir. Vətən uğrunda canından keçən oğullarımızın qisası ordumuz tərəfindən alınıb. İnanırıq ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək hərbi-vətənpərvərlik ruhu olan güclü Azərbaycan Ordusu düşmənin təxribatına bundan sonra da layiqli cavab verəcək. Deputat Azər Süleymanov, şəhidin təhsil aldığı İstisu kənd məktəbinin direktoru Mehman İsayev, Qardabani şəhər 3 saylı tam orta məktəbin direktoru Abay Süleymanov və başqaları çıxış edib, şəhidlərimizə Allahdan rəhmət diləyiblər. Çıxışlarda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin şəhid ailələrinə telefonla zəng etməsi xüsusi qeyd olunub. Bildirilib ki, dövlətimizin başçısının bu diqqət və qayğısı ordumuzun döyüş ruhunu daha da artırıb. Birliyimiz, həmrəyliyimiz sayəsində Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq, işğaldan azad edilən torpaqlarımızda üçrəngli bayrağımız dalğalanacaq. Sonda şəhidlərin ruhuna dualar oxunub, ehsan süfrəsi açılıb.   Xətayi Əzizov AZƏRTAC-ın xüsusi müxbiri Tbilisi

Hamısını oxu
“Şəhid ailələri, əlil və qazilərə qayğı baxımından dünyada Azəbaycanla müqayisə olunacaq dövlət yoxdur”

Tamam Cəfərova: “Onlar bundan sonra da dövlətimizin diqqət mərkəzində olacaq”   Azərbaycanda müharibə əlillərinə, qazi və şəhid ailələrinə dövlət qayğısının ciddi bir ənənəyə çevrildiyi, sadəcə qanunvericilik bazasında – hüquqi müstəvidə deyil, həm də xalqımızın mənəvi dəyərlər sistemində, şüur və düşüncəsində özünə mühüm yer tutduğu birmənalıdır. Avqustun 26-da Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Abşeron rayonunda şəhid ailələri, müharibə əlilləri və Vətən müharibəsi qəhrəmanlarına mənzil və avtomobillərin təqdim edilməsi mərasimində iştirakı bunu bir daha sübut etdi.  Moderator.az olaraq millət vəkili Tamam Cəfərova ilə söhbətimizdə bu istiqamətdə atılan addımları şərh etməyə, bu sahədə görülən işlərin miqyas və mahiyyətinə toxunmağa çalışdıq.   -Tamam xanım, ölkəmizdə hər zaman şəhid ailələrinə, müharibə əlilllərinə və qazilərinə dövlətimiz tərəfindən sistemli diqqət və qayğının göstərildiyi göz önündədir. Maraqlıdır, bəs rəqmlər bu haqda nə deyir?   -Qeyd etdiyiniz kimi, şəhid ailələrinə, əlillərə, qazilərə qayğı dövlət siyasətimizin prioritet istiqamətlərindən biridir. Bunun dövlət siyasətimizdəki rol və əhəmiyyətini anlamaq üçün bugünə qədər bu sahədə həyata keçirilən layihələrə, görülən işlərə nəzər salmaq kifayətdir.  Söhbət statistikadan gedirsə, rəqəmlər bu sahədə görülən işləri daha dəqiq və təfsilatı ilə əks etdirir. Baxın, 2021-ci il 26 avqust tarixində şəhid ailələrinə, müharibə əlillərinə və Vətən Müharibəsi Qəhrəmanlarına 300 mənzil, həmçinin müharibə əlillərinə 50 avtomobil təqdim olunub. İndiyədək 7200 müharibə əlili avtomobillə təmin edilib.  Bundan başqa, müharibə əlillərinin, qazilərin məşğulluğunun həlli istiqamətində də mühüm addımlar atılıb. Şəhid ailələrinin üzvləri və müharibə veteranlarının fəal məşğulluq tədbirləri çərçivəsində son 7 ayda 52 min nəfər işlə təmin olunub, 7 min 200 nəfər özünüməşğulluq proqramına, 56 min nəfər isə ictimai işlərə cəlb edilib. Bu ilin əvvəlindən indiyədək 26 min 200 nəfər reabilitasiya vasitəsilə təmin olunub, 2600 nəfərə isə reabilitasiya xidmətləri göstərilib. Bu qəbildən olan vətəndaşların orta aylıq əməkhaqqısı 2018-2020-ci illərdə 30 faiz, orta aylıq pensiyası isə 60 faiz artıb. Postmüharibə dövründə 26 min nəfərə 36 min xidmət göstərilib. Bütün bu rəqəmlər dövlətimizin öz qazisinə, müharibə əlilinə, şəhidinə verdiyi diqqət və qayğının göstəricisidir. Və mən sizi əmin edirəm ki, bu rəqəmlərə dünyanın heç bir ölkəsində rast gələ bilməzsiniz. Bu məsələdə Azərbaycanla müqayisə oluna biləcək heç bir dövlət yoxdur. Bu isə heç şübhəsiz Prezident İlham Əliyev başda olmaqla dövlətimizin, xalqımızın uğurudur.   -Tamam xanım, müharibə əlillərinə yardım, onların sosial rifahının daha da yaxşılaşdırılması da dövləin hər zaman diqqətdə saxladığı məsələlərdəndir. Bu sahədə vəziyyəti necə xarakterizə edərdiniz?   -Dövlətimiz şəhid ailələri kimi müharibə əlillərinə də daim qayğı göstərir, onların hər bir probleminin çevik şəkildə həllini təmin edir. 44 günlük Vətən müharibəsində sağlamlığını itirən hərbçilərimizin müalicəsinin yüksək səviyyədə təmin olunması, onların lazım olduğu təqdirdə öz müalicələrini xarici ölkələrdə davam etdirməsi istqiamətində post-müharibə dönəmində böyük işlər görülüb. Rəqəmlərə nəzər salsanız görərsiniz ki, müharibədən sonra 9 mindən çox insana sosial ödənişlər verilib. Orta hesabla hər insana 2 ödəniş edilib. Yaralı və sağlamlığını itirmiş hərbçilər ən müasir protezlərlə təmin edilir. Onlar üçün son nəsil protezlər alınıb. 180 nəfərdən çox insanın protezə ehtiyacı var, onlardan 140 nəfəri artıq protezlərlə təmin edilib və bu protezlər onları normal həyata qaytarır.   Bundan başqa, Vətən müharibəsində xəsarət alan hərbçilərimizin müalicəsini sistemli və koordinasiyalı şəkildə həyata keçirmək üçün YAŞAT Fondu yaradılıb ki, bu Fond çox uğurla fəaliyyət göstərməkdədir. Məhz bu Fondun dəstəyi ilə xeyli sayda yaralı hərbçimiz Türkiyə və dünyanın digər ölkələrində əməliyyat olunub, müasir protezlərlə təmin edilib. Qeyd olunan faktlar Azərbaycanda müharibə əlillərinə olan qayğının əmin bir siyasətdən qaynaqlandığını göstərir və təbii ki, bu da  hər bir vətəndaşda məmnunuq doğurur.   -Prezident İlham Əliyev dəfələrə qeyd edib ki, Azərbaycanda şəhid ailələrinə, müharibə əlillərinə və qazilərə dövlət qayğısı bundan sonra da davam etdiriləcək, onlar cəmiyyətin ən dəyərli vətəndaşları kimi daim dövlətin diqqət mərkəzində olacaqlar. Bu baxımdan yaxın gələcəklə bağlı bu kateqoriyadan olan vətəndaşlarımızla bağlı hansı addımların atılması planlaşdırılır?   -1997-2021-ci illərdə şəhid ailələrinin üzvlərinə 10 min 500 mənzil və fərdi ev təqdim olunub. Prezident İlham Əliyevin bu ilin yanvarında imzaladığı Sərəncamla bu sahədə yeni proqramlar təsdiq edilib. 2021-2025-ci illərdə şəhid ailələrinə 11 min mənzil və fərdi ev veriləcək. Bu rəqəmin özü də dövlətimizin şəhid ailələrinə olan diqqət və qayğısından xəbər verir. Bir məqamı da qeyd edim ki, bütün bu işlər dövlətimizin işğaldan azad edilən ərazilərdə böyük tikinti-quruculuq işləri ilə eyni vaxtda həyata keçirilir.   Onu da qeyd edim ki, cari ildə isə ümumilikdə, 160-dan çox avtomobilin verilməsi nəzərdə tutulub.  Bütün şəhid ailələrinin və müharibə əlillərinin mənzillərlə təmin edilməsi, qazilərimizin, əlillərimizin sosial problemlərinin yüksək səviyyədə həlli bundan sonra da dövlətimizin diqqət mərkəzində saxladığı əsas məsələ olacaq.   -Tamam xanım, müharibədə öz qəhrəmanlığı, şücaəti ilə fərqlənən hərbçilərimizlə bağlı hansı addımların atılması nəzərdə tutulur?   -Məlum olduğu kimi, Vətən Müharibəsi Qəhrəmanı adını alan, habelə müharibədə qəhrəmanlıq göstərən, xüsusi şücaət sərgiləyən hər bir şəxs dövlətimiz tərəfindən mənzillə təmin ediləcək. Ölümündən sonra bu ada layiq görülən şəhidlərimiz də mənzillə təmin olunacaq.  Bundan başqa, həmin şəxslərin adının əbədiləşdirilməsi, göstərdikləri qəhrmanlıqların gənclər arasında təbliği, onların döyüş yolunun tanıdılması və s. kimi addımlar da atılacaq ki, bu da həm qəhrəmanlarımızın xatirəsinin daim yad edilməsi, həm də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından son dərəcə vacibdir.   Mən şəhid ailələrinə, qazilərimizə, əlillərimizə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə, o cümlədən  Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edirəm. Onların qazilərimizə, şəhid ailələrini olan münasibəti hər birimiz üçün örnəkdir və əsrlər sonra da əsl vətənpərvərlik nümunəsi kimi ehtiram hissi ilə xatırlanacaqdır.   Seymur ƏLİYEV  

Hamısını oxu
Şirvanda 5 mart – Bədən Tərbiyəsi və İdman Günü qeyd edilib

4 mart 2025-ci il tarixində Şirvan Şəhər İcra Hakimiyyətinin və Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir keçirilib. Bu barədə Veteran.gov.az Şirvan Şəhər İcra Hakimiyyətinin rəsmi saytına istinadən məlumat verir. Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin və idman məktəblərinin kollektivləri, veteran və gənc idmançılar iştirak ediblər. Tədbirdə əvvəlcə şəhərin mərkəzi meydanında ucalan Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, əziz xatirəsi ehtiramla anılıb. Sonra şəhərin yeniyetmə və gənc idmançılarının idmanın müxtəlif növləri üzrə nümunəvi çıxışları izlənilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov idmançıları və idmansevərləri 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edib, idmanın inkişafında və gələcək yarışlarda onlara uğurlar arzulayıb. Qeyd edib ki, ölkəmizin idman sahəsində qazandığı yüksək nəticələrin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Qabaqcıl idman ölkələrindən biri olan Azərbaycanın hazırda beynəlxalq Olimpiya hərəkatının fəal üzvlərindən biri olduğunu vurğulayıb. Bildirib ki, bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, idmançılara göstərilən diqqət və qayğı, ölkəmizdə ən yüksək standartlara cavab verən mükəmməl idman infrastrukturu qarşıdakı illərdə daha böyük nailiyyətlərin qazanılacağına güclü zəmin formalaşdırır. Sonra çıxış edən Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin rəisi Aydın Yusifov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə bütün idman ictimaiyyətini təbrik edib, ölkəmizdə idmana olan dövlət qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən, idman və bədən tərbiyəsinin inkişafı, kütləviliyin təmin edilməsi məqsədilə görülən işlərdən danışıblar. Daha sonra bir qrup idmançı və məşqçi-müəllimlər idman sahəsində qazandığı nailiyyətlərə və şəhərin ictimai həyatında fəal iştirakına görə Fəxri Fərman və Təşəkkürnamələrlə təltif olunub. Sonda idmançılarla xatirə şəkli çəkilib. Seymur ƏLİYEV    

Hamısını oxu