Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Silahlı Qüvvələrin 100 illiyi ilə bağlı parad Azərbaycan Pespublikasının hərbi qüdrətini nümayiş etdirdi

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə keçirilən hərbi parad Ordumuzun gücünü, taktiki-texniki imkanlarını bütün dünyaya bir daha nümayiş etdirdi. Ordumuzun nəyə qadir olduğunu son iki ildə yaxşı görmüş və lazımi dərsini almış düşmən hazırda sarsılmış durumdadır. AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə iyunun 26-da Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi paradın əhəmiyyətindən danışan Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov bildirib. Cəlil Xəlilov deyib ki, paradda nümayiş etdirilən silah və hərbi texnika Azərbaycan Respublikasının hərbi gücünün tam təqdimatı deyildi. Çünki bu gün yalnız Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ümumilikdə 1200 adda hərbi təyinatlı məhsul istehsal edir. Buraya iqtisadi qüdrəti getdikcə artan, xarici əlaqələri genişlənən ölkəmizin hərbi əməkdaşlıq çərçivəsində əldə etdiyi müasir silah və texniki vasitələri də əlavə etsək, Ordumuzun imkanları barədə daha aydın təsəvvür yarana bilər. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dediyi kimi, “Ordunun maddi-texniki təchizatı baxımından Azərbaycan dünya miqyasında nadir ölkələrdən biridir”. Belə hərtərəfli imkanların yaradılması bir məqsədə - Azərbaycan Ordusunun döyüş qabiliyyətinin ildən-ilə yüksəldilməsinə, işğal altındakı torpaqlarımızın azad edilməsinə, ölkəmizin ərazi bütövlüyünün təmin olunmasına xidmət edir. “Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi ilə bağlı keçirilən hərbi parad həm də xalqımızın öz ordusu ilə haqlı yerə qürur duymasının və ona inamının real əsaslara dayanmasının təsdiqinə çevrildi. Ali Baş Komandanın diqqət və qayğısı sayəsində güclənən Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri iki il əvvəl Aprel döyüşlərində qazandıqları qələbəni ötən ay bir daha təkrarlayaraq, Naxçıvanda 11 min hektara yaxın strateji ərazini işğaldan azad etdilər. Şərur rayonunun Günnüt kəndinin, onun ətrafındakı strateji yüksəkliklərin düşmən işğalından azad edilməsi hərbi qüvvələrimiz tərəfindən İrəvan-Gorus-Laçın-Xankəndi yolunun nəzarətə götürülməsinə şərait yaradıb. Azərbaycan əsgərinin yaxın vaxtlarda ermənilərin ərazimizdə qazdıqları başqa səngərlərdə də xidmət göstərəcəklərinə hamımız inanırıq”, - deyə ehtiyatda olan polkovnik vurğulayıb. Respublika Veteranlar Təşkilatının sədr müavini bildirib ki, təntənəli parad Azərbaycan Ordusunun hərbi qüdrətinin nümayişi olmaqla yanaşı, düşmənə verilən mesaj idi. Ermənilər bundan nəticə çıxarmalı, nəinki işğal altındakı Azərbaycan torpaqlarındakı, Ermənistandakı strateji hədəflərinin də məhv edilə biləcəyini başa düşməlidirlər. Xalq, Vətən qarşısındakı missiyasını ləyaqətlə yerinə yetirməkdə olan Ordumuzun istənilən vəzifəni icra etməyə qadir olduğunu düşmən də yaxşı bilir. Bunu nə qədər tez etiraf edib lazımi addımları atsalar, özlərini gələcək sarsıntılardan bir o qədər tez xilas edərlər. Hərbi paradın ən mühüm nəticəsi Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanının xalqımıza və dünyaya çatdırılan mesajında tam dolğunluğu ilə ifadə edilib. “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək”. Yüksək səviyyədə hazırlanaraq keçirilən hərbi parad o günün uzaqda olmadığının ən parlaq nümayişidir.                                  

2018-06-27 00:00:00
4151 baxış

Digər xəbərlər

Vətənin və xalqın təhlükəsizliyinə həsr olunan ömür...

İnsanın keçdiyi həyat yolu onun cəmiyyətdəki mövqeyini, ictimai statusunu, mənəvi dünyasını formalaşdırır. Burada onun doğulub boya-başa çatdığı mühitin, ana torpağın da rolu böyükdür. Atalar demişkən “Ot kökü üstə bitər”.  Hələ yetkinlik yaşından Rəhman İsmayılovun əhatə olunduğu saf mühit, gözəl ailə, ətrafında cərəyan edən hadisələr ona  ömrünü mərd, vicdanlı, şərəfli yaşamağı, mübariz olmağı aşılamışdır. Dinc tələbə həyatını qanlı döyüş meydanına dəyişən vətənpərvər... Xocalıda dünyaya göz açan Rəhman İsmayılov ömrünün ən xoş günlərini, eyni zamanda ən dəhşətli faciəni də elə orada yaşamışdır. Sovet ordusunda hərbi xidməti başa vurduqdan sonra bir neçə il Xankəndi şəhərində fəaliyyət göstərən “Qarabağ” futbol komandasında futbolçu olmuşdur. Sonra Rusiyanın Çita şəhərində Politexnik İnstitutuna qəbul olur. Çoxlarımızın qəlb ağrısı ilə xatırladığı Qarabağ hadisələrində erməni işğalçıları torpaqlarımıza hücum etdiyi zaman, vətənimizin bir çox igid övladları kimi Rəhman İsmayılov da öz təhsilini yarımçıq qoyub ata-baba yurduna qayıdır. Taleyüklü bu məqamda Vətəninin, xalqının mənafeyini qorumaq üçün Xocalı özünümüdafiə dəstəsinə üzv yazılır, hərbi əməliyyatlarda iştirak edir.  Dinc tələbə həyatını qəlbinin səsi ilə qanlı döyüş meydanına dəyişən, vətənin bütövlüyünü qorumaq üçün ölümə cəsarətlə meydan oxuyan Rəhman İsmayılov, müharibə illərində özünü cəsur döyüşçü, yenilməz hərbçi kimi göstərir. Qeyri-bərabər döyüşlərdə çoxsaylı şəxsi igidlik nümunələri göstərən, cəsarəti ilə döyüş yoldaşlarına ruh yüksəkliyi bəxş edən Rəhman İsmayılov, Xocalı döyüşlərində də aktiv iştirak edir. Tale onu  Xocalı faciəsinin canlı şahidinə çevirir. Rəhman İsmayılovun yaddaşında erməni faşizminin Xocalıda törətdiyi vəhşiliklər əbədi yer tutur, onun düşmənə olan nifrət hissini daha da artırır. Müharibədən sonra Rəhman İsmayılov gənclərlə söhbətlərində məlum faciəni, ermənilərin Xocalıda törətdiyi vəhşilikləri tez-tez yada salır, gənc nəslin erməni vandalizmi haqqında dolğun şəkildə məlumatlandırılmasında fəal iştirak edir.  Barıt qoxulu səngərlərdən universitet auditoriyasına qayıdış... Müharibədən sonra Rəhman İsmayılov öz təhsilini davam etdirməyə qərar verir. Keçmiş döyüşçü İnşaat Mühəndisləri İnstitutu və Polis Akademiyasında təhsil alır. Polis Akademiyasında təhsil aldığı illərdə Rəhman İsmayılov cinayətkarlığa qarşı mübarizənin sirlərini dərindən  mənimsəyir, öz üzərində mütəmadi şəkildə işləyir. Müharibə illərində əldə etdiyi döyüş təcrübəsi, ünsiyyət bacarığı, təhlükəli anlarda doğru və çevik qərar qəbul etmək bacarığı ona polis zabiti kimi püxtələşməkdə kömək edir. Çox keçmir ki, o, daxili işlər orqanının əməkdaşı kimi həm polis zabitləri arasında, həm də cəmiyyətdə böyük hörmət və dərin inam qazanır. Ömrünü vətənin təhlükəsizliyinə həsr edən polis zabiti... Artıq, 30 ildir ki, Rəhman İsmayılov daxili işlər orqanlarında şərəflə xidmət edir. Öz peşəkarlığı, zəngin təcrübəsi, humanistliyi, dəqiqliyi, sadəliyi, səmimiyyəti, təmkinliyi, işgüzarlığı və müsbət mənəvi keyfiyyətləri ilə seçilən Rəhman İsmayılov ömrünün ən məhsuldar, ən qaynar dövründə qəlbinin odunu, hərarətini öz xidməti vəzifəsini layiqincə yerinə yetirməyə sərf etmişdir. Nəcib davranışa, yüksək mədəniyyətə malik olan polis mayoru Rəhman İsmayılov daxili işlər naziri tərəfindən “Qusursuz və əla xidmətlərə görə” nişanı ilə mükafatlandırılmışdır. Bu gün I Qarabağ müharibəsi veteranı, polis mayoru Rəhman İsmayılovun doğum günüdür. Bu münasibətlə Rəhman İsmayılovu təbrik edir, ona möhkəm cansağlığı və işlərində müvəffəqiyyətlər arzu edirik. Seymur ƏLİYEV    

Hamısını oxu
“Ermənistan və ona havadarlıq edənlər Prezident İlham Əliyevin xəbərdarlıqlarından ciddi nəticə çıxarmalıdır”

“Prezident İlham Əliyevin Brüsell görüşləri diplomatiyamızın növbəti uğurudur. Cənab Prezidentin uğurlu və qətiyyətli siyasətinin nəticəsidir ki, artıq Avropa İttifaqı və NATO kimi beynəlxalq təşkilatlar Azərbaycanın 44-günlük Vətən müharibəsindən sonra regionda yaratdığı yeni reallıqların qəbul etməyə və onun mövqeyini dəstəkləməyə başlayıblar. Dövlətimizin başçısının  dekabrın 14-də İspanyanın “El Pais” qəzetinə verdiyi müsahibəsi də Azərbaycanın yaratdığı yeni reallıqların beynəlxalq ictimaiyyətə bir daha çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Bu baxımdan müsahibənin harda verildiyinə diqqət yetirilməsi də, müsahibə Brüsseldə Aİ və NATO rəsmiləri ilə görüşlərin keçirildiyi yerdə baş tutmuşdur, xüsusilə vacibdir”.   Millət vəkili Tamam Cəfərova dekabrın 14-də Prezident İlham Əliyevin İspanyanın “El Pais” qəzetinə verdiyi müsahibə ilə bağlı açıqlamasında belə deyib.    Tamam Cəfərova bildirib ki, Prezidentin müsahibə zamanı irəli sürdüyü birinci tezis vəziyyətin Rusiya sülhməramlı qüvvələrinin Qarabağda məsuliyyət daşıdığı ərazidə Ermənistan-Azərbaycan sərhədində olan vəziyyətlə müqayisədə daha stabil olması idi. Bunun səbəbi, cənab Prezidentin vurğuladığı kimi, Ermənistanın qisas almaq cəhdlərindən vaz keçməməsidir. İkinci Qarabağ müharibəsində məğlubiyyət onlar üçün çox ağrılı oldu. Bu məğlubiyyət demək olar ki, onların otuz ildir davam edən “yenilməz ordusu”, “gücü”, “əsgər və komandirlərinin cəsarəti” haqqında müharibə təbliğatını və ideoloji zəminini darmadağın etdi. 44 gün davam edən müharibə zamanı Ermənistan ordusu tamamilə məhv edildi və onlar ötən il noyabrın 10-da kapitulyasiya aktına imza atmaq məcburiyyətində qalaraq, bizim 44 günlük müharibədə geri almadığımız əraziləri geri qaytarmağa razılıq bildirdilər. Buna görə də Ermənistan cəmiyyətində, siyasi spektrində revanşizm əlamətləri görünür. Buna görə də Rusiya sülhməramlılarının xidmət etdiyi ərazidə buna imkanın olmadığını dərk edərək, onlar dövlət sərhədində hərbi təxribatlar törətməyə cəhd göstərirlər.   Azərbaycan prezidentinin Qərb strukturları ilə görüşlər aralığında verdiyi müsahibədə Rusiyanın Cənubi Qafqazda oynadığı rolu konstruktiv dəyərləndirdiyini vurğulayan millət vəkili qeyd etmişdir ki, eyni mövqeni ölkə başçısı daha əvvəl Soçi görüşündə də ortaya qoymuşdur. “Müqayisə üçün bildirək ki, Azərbaycan dövlət başçısından fərqli olaraq Ermənistanın hökümət başçısı Nikol Paşinyan Soçi görüşü zamanı Qarabağda insidentlərin əksinə, çox olmasını bildirərək, dolayısı olaraq Rusiya sülhməramlı kontingentinin fəaliyyətini tənqid etmişdir. Ermənistandan fərqli olaraq Azərbaycan Rusiya ilə müttəfiq olmasa da, strateji tərəfdadır. Strateji tərəfdaş və ardıcıl siyasətə malik dövlət kimi Azərbaycan, Rusiyanın vasitəçiliyi ilə baş tutan Soçi görüşündə ərsəyə gətirdiyi mövqeyi Qərb strukturlarının vasitəçiliyi ilə baş tutan tədbirlər seriyasında da təsdiqləmişdir. Bu o deməkdir ki, Ermənistandan fərqli olaraq Azərbaycanın siyasəti situativ yox, ardıcıl və əsaslıdır.   Millət vəkilinin fikrincə, müsahibədən danışarkən zaman faktorunun nəzərə alınması vacibdir. Bu müsahibə Stokholmda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Ermənistanın siyasi təxribat üzündən baş tutmamış görüşündən, Soçidə üç siyasi liderin görüşündən və Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycan leyhinə çıxartdığı qərardan sonra baş tutmuşdur. Bu görüşlər müəyyən siyasi zəmin formalaşdırmış, bir çox məsələlər ilə bağlı tərəflərin ortaq və fərqli mövqelərini müəyyən etmişdir. Müsahibədə Azərbaycan prezidenti tərəfindən münasibət bildirilən belə fərqli mövqelərdən biri Ermənistanın iddiasına görə Azərbaycanın guya onun ərazi bütövlüyünə qəsd etməsidir. Ölkəmizin başçısı rəsmi İrəvanın iddialarının niyə əsassız olmasını arqument və faktlarla sübuta yetirdi. Bildirildi ki, Azərbaycan və Ermənistan arasında dövlət sərhədi təyin olunmayıb. Buna səbəb 1990-cı illərin əvvəlində hər iki ölkənin müstəqilliyinin bərpasından dərhal sonra Azərbaycanın həmin hissəsinin işğalının baş verməsidir. Ötən ilin noyabrında İkinci Qarabağ müharibəsi bitəndə ərazidə iqlim şəraiti əlverişsiz olduğundan, cari ilin may ayında qar əriməyə başlayandan dərhal sonra Azərbaycan Ordusu dövlət sərhədinə tərəf hərəkət etməyə başladı. Sərhədin haradan keçməsi ilə bağlı olan anlayışımıza əsasən, ordumuz dövlət sərhədində mövqe tutdu.   Ermənistanın irəli sürdüyü ittihamın əsasız olmasına daha bir arqumenti qeyd edən millət vəkili bildirdi ki, Ermənistan Rusiya ilə ikitərəfli əsasda qarşılıqlı müdafiə öhdəliklərinə malikdir, həmçinin üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı da onun ərazi bütövlüyünə zəmanət verir. Ermənistan ilə sərhəd məsələsi gündəmə gələndə Ermənistan rəhbərliyi KTMT-yə dəfələrlə kömək üçün müraciət etsə də, KTMT-nin Nizamnaməsi üzv-dövlətlərin ərazi bütövlüyünün kollektiv əsasda müdafiəsini məqsəd kimi müəyyənləşdirməsinə baxmayaraq,  təşkilatdan heç bir müsbət cavab gəlməmişdir. Bu ziddiyyətin yeganə rasional izahı odur ki, KTMT üzvləri Ermənistanın iddialarını əsassız sayıb, Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü pozmadığında əmindirlər.   Ölkə başçısı tərəfindən müsahibə zamanı səsləndirilən növbəti vacib mesaj - regionda bütün təhdid yarada biləcək cəhdlərin qarşısının alınması ilə bağlıdır. Ölkə Başçımız bildirdi ki, Azərbaycan sülhün tərəfdarıdır. Ona görə də Azərbaycan rəsmi İrəvanın manevrlərini, yenidən qruplaşmalarını və təhlükəli ola biləcək hərbi potensial yaratmaq üçün cəhdlərini izləyir. Bütün təhlükələr dərhal aradan qaldıracaqdır. Cənab Prezident bu mesajı ilə Ermənistana dolayısı olaraq xatırladır ki, Azərbaycanın qonşu ölkənin ərazisində baş verən proseslərin yüksək dəqiqliklə müşahidə edilməsi üçün peşəkar kəşfiyyat xidmətlərindən tutmuş yüksək texnoloji peyklərə qədər hər cür imkanlara malikdir. Ermənistanda bu peyklərin II Qarabağ müharibəsi zamanı onun məğlub edilməsində oynadığı rolu unutmamalıdırlar.   Millət vəkilinin fikrincə, prezidentin sözlərində Ermənistanın hərbi potensialı yaratmaq cəhdləri ilə bağlı ifadələri həm də onun xarci havadarlarına ünvanlanmışdır. Ermənistan, iqtisadiyyatı dağınıq olan, ordusu isə məğlub edilmiş bir ölkədir. Onun hərbi potensialının bərpası heç cür daxili qüvvələr hesabına baş verə bilməz. Bunun yeganə yolu xarici qüvvələr ilə münasibətləri normallaşdırıb, bu istiqamətdə onlardan yardım almaqdır. Bu səbəbdən Azərbaycan prezidentinin xəbərdarlıqları Ermənistanı hərbi poetnsialını bərpa etməklə təhlükəsiz etməyə cəhd edənlərə yönlənib və  bu siyasətin səhv olması anlamına gəlir. Ermənistanın xarici havadarları bu siyasəti davam etdirsələr Ermənistanı təhlükəsiz etmək əvəzinə, məqsədlərinin təmamilə əksini əldə etmiş olacaqlar.   Müsahibə çərçivəsində dövlətimizin başçısının toxunduğu əsas məsələlərdən biri də  sülh sazişi haqqında səsləndirdiyi fikirlərdir. Cənab Prezident bir daha bildirdi ki, Azərbaycan Ermənistanla sülh danışıqlarına və sülh razılaşması üzərində işləməyə başlamağa hazırdır. Amma Ermənistan rəhbərliyindən heç bir cavab verilməyib. Bu, onların sülh istəmədiyini göstərir, çünki imzalandığı təqdirdə sülh razılaşmasının əsas müddəalarından biri də hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması olacaq və Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Ermənistan nə ərazi bütövlüyünü tanıdığını, nə də tanımadığını söyləyir. Ermənistan öz əsassız bəyanatları ilə danışıqlar prosesini məhv etdi. İndi Ermənistanın sanki bu məsələ ilə bağlı heç bir mövqeyi yoxdur. Ümid edirik ki, Avropa tərəfdaşları Ermənistanı bu mövqeyinin gələcəyinin olmamasına inandıra biləcəklər. Prezident İlham Əliyev belə deyib.  

Hamısını oxu
Xalqı aşağılayan radikallar erməni çörəyi yeyirlər - Siyavuş Novruzov

“Cəmil Həsənlinin məntiqi ilə yanaşsaq, guya başqa xalqlar bizdən həm savadlıdırlar, həm də ağıllı?! Elə Milli Şuranın onlayn toplantısından olan məlum videogörüntünün ictimailəşməsi yaxşı oldu. Çünki cəmiyyətimiz bu adamların hansı səviyyəyə malik olması və xalqa münasibətini aşkar gördü”. Bunu YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib. O bildirib ki, insanlarımızdan mandat, səs istəyən birinin bizim xalq haqqında bu cür düşüncəyə sahib olması təəssüf hissi doğurur: “Bu anormal fikri özünə tarixçi deyən biri səsləndirir. Əslində o yalançı tarixçidir. Azərbaycan, bu xalq demokratik cümhuriyyət quranda çox ölkədə heç müstəqil dövlət belə yox idi. Azərbaycanda qadınlara seçki hüququ veriləndə indi sığınıb qrantlar aldıqları Amerikada bunlar mövcud deyildi. Okeanın o tayında sənin qabağına bir tikə çörək atırlar deyə bu xalqı aşağılamalısanmı?”. Siyavuş Novruzov onu da deyib ki, toplantıda cəmiyyətimizi qıcıqlandıran yalnız Cəmil Həsənlinin "şüursuz xalq" fikri olmayıb, səviyyəsiz hərəkətlər də diqqətdən yayınmır: “Biri deyir ayağını qaldır ayağını görək, kəlləndə baxılmalı heç nə yoxdur, digəri trolluq fəaliyyətlərini ifşa edərək Əli Kərimli adından buna görə təşəkkürlər yağdırır və s. Qısası, ora əxlaqdan, mənəviyyatdan, tərbiyədən kənar insanlar toplaşıblar. Əvvəllər toplantılarında çıxışları qapalı qalırdı deyə insanlarımız onların əsl simasını, düşüncə tərzlərini görmürdülər. İndi bayağı söhbətlərlə əslində hansı səviyyəyə malik olmaları onlayn konfranslardakı çıxışları ilə üzə çıxır. Özü də bu ilk dəfə deyil ki, xalqımıza qarşı aqressiv olmaları görünür. Hər dəfə bu milləti aşağılayırlar. Ötən dəfə Gültəkin Hacıbəyli ağzına gələni danışaraq virusun çəkilməsinin onlara sərf etmədiyini deyirdi ki, insanlarda narazılıq artsın və s. İnsanlar virusdan əzizlərini itirirlər. Hamı bu bəlanın tezliklə çəkilməsini arzuladığı vaxtda bunlar çıxıb deyir ki, yox, elə millət bu halda qalsa yaxşıdır.. Bilirsiniz niyə bu cür yanaşmanı ortaya qoyurlar? Açıq deyəcəyəm, çünki bu xalqı aşağılayan radikallar erməni çörəyi yeyirlər. Təbii ki, belə olan təqdirdə erməni maraqlarına xidmət etməli, düşmənin də ideoloqlarının, pul paylayanlarının tapşırıqlarını yerinə yetirməli idilər. Bu tapşırıqlardan biri də odur ki, mütəmadi olaraq millətinizi alçaltmaq lazımdır. Dağlıq Qarabağda qondarma seçki keçiriləndə biri də səsini çıxarmadı. Amerikadaydın, Ağ Evin qarşısına çıxıb özünə od vurardın, etiraz edərdin. Canını çox sevirsənsə, bir şüar hazırlayıb meydana çıxardın ki, ədalətin tərəfindəsən. Əksinə olaraq Tovuz hadisələri zamanı Azərbaycan əleyhinə olan şüarlar hazırlayıb aksiya təşkil etmişdilər. Özü də bunların başında duran atası və anası erməni olan Arif Yunusdur. Bütün ayrılmış qrantları, çirkli pulları o paylayır. Ermənilərdən, onlara bağlı təşkilatlardan əldə etdiyi maliyyəni birbaşa gətirib paylayan Arifdir deyə, tapşırıqları da o verir ki, harada xalqı aşağılayacaqsınız, harada nə formada aksiya keçirəcəksiniz və ya hansı maraqları güdəcəksiniz. Radikallar da onun qarşısında bu səbəbdən quzu kimi görünürlər”.Deputat vurğulayıb ki, istər millətin ziyalıları, alimləri, millət vəkilləri, siyasi partiyalar, istərsə də sadə vətəndaşlar bu cür anormal davranış və mövqeyə reaksiya verməlidirlər: “Adekvat cavab olmadıqca daha da kəskin formada xalqı aşağılayırlar. Adama sual verərlər ki, sən bu millət üçün nə etmisən axı? Özün üçün dissertasiya, kitab yazmısan. Heç onların çoxu da öz maraqlarına xidmət edir, satmaq üçün yazılan kitablardır. Dəllalsan, bu millətə xeyrin də dəyməyib. Nəinki Cəmil Həsənli, orada toplaşanlardan hansı biri göstərə bilər ki, indi bəyənmədikləri bu xalqın yolunda, torpaq uğrunda döyüşüb. O qrupdan Vətən uğrunda, can qoyan varmı? Yaxud da bu xalqın haqq işinin hansı təbliğatını aparmısınız axı? Öz fəaliyyətinizlə dünya ölkələrinə nələri çatdırmısınız? Erməni adı gələn kimi hamısı qorxusundan səsini çıxarmır. Çünki artıq erməni qabından yemək yedikləri üçün, ermənilərə bağlı təşkilatlardan qrantlar aldıqları üçün onların qarşısında başıaşağıdırlar”. Siyavuş Novruzov AXCP və digər radikal müxalifətçilərdən Cəmil Həsənlinin bu anormal yanaşmasına etiraz gəlməməsini təbii sayıb: “O partiyada heç müstəqil fikirli, normal adam da qalmayıb. AXCP-də olmuş funksionerlər, aktiv cəbhəçilər zamanında dağılışıb getdilər. Elçibəyin dövründə olanlardan isə ümumiyyətlə heç kim yoxdur. Hazırda bu partiyada zamanında AXCP-də beşinci, onuncu dərəcəli adamlar qalıblar. Əslində onların da böyük hissəsi dağılıb gedib. İndi qalanların hamısı Əli Kərimlinin bloggerləri, trollarıdır. Bu qruplar isə müstəqil deyillər ki, Cəmil Həsənliyə etiraz edələr, deyələr ki, amerikalıları öz xalqından üstün tutma... İndikilər sırf Əli Kərimliyə bağlı adamlardılar, o nə göstəriş versə, onu da edirlər, yazırlar. Qısası milli şuraçılar qarışıq azsaylı cəbhəçilər hazırda virtual fəaliyyət göstərirlər, canlı fəaliyyətləri də yoxdur”. (trend)

Hamısını oxu
Rayon Veteranlar Təşkilatı Müstəqillik Günü ilə bağlı tədbir keçirib

Cəlilabad rayon Veteranlar Təşkilatı 28 May - Azərbaycanın Müstəqillik günü  ilə əlaqədar  tədbir keçirib. Tədbirdə şəhid ataları, qazilər, Əmək və Müharibə veteranları, rayonun tanınmış ziyalıları  iştirak ediblər. Tədbirdən öncə ölkəmizin müstərilliyi  və ərazi bütövlüyümüz uğrunda həyatlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon Vetetanlar Təşkilatının sədri Ədalət Salman Müstəqillik bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib və ölkəmizin müstəqilliyə doğru keçdiyi keşməkeşli və şərəfli yoldan danışıb. Qeyd edib ki, Şərqdə ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümuriyyətinin yaranmasından 106 il ötür. Azərbaycan 4-cü ildir ki, Müstəqillik Gününü qalib xalq kimi qarşılayır. Bu gün üçrəngli bayrağımız əzəli və əbədi torpağımız olan Qarabağda əzəmətlə dalğalanır. Göytəpə şəhər 1 saylı tam orta məktəbin tarix müəllimi Fürudin Zeynalov, şəhid atası Nazim Paşayev, rayon Ağsaqqallar Şurasının sədri Ədalət Əsgərov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Cəlilabad rayon nümayəndəsi Cavidan Rəşidov,  ADPU Cəlilabad Filialının müəllimləri Ələsgər Mirzəzadə, Fürudin Kərimov,  "Qarabağ qaziləri" ictimai birliyinin rayon şöbəsinin sədri Maşalla  Əliyev, AYB-nin üzvləri İman Abdulla, Qurban Əhməd, tanınmış mədəniyyət işçisi Xeyrulla Şahbazov və başqaları çıxış edərək Azətbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycanın əldə etdiyi nailiyyətlərdən və  azad edilmiş ərazilərdə aparılan quruculuq işlərindən fəxarətlə danışıblar. Sonda xatirə şəkilləri çəkilib.

Hamısını oxu