Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Yeni Klinika Avropa brendinə çevrilir...

Almaniyanın nəhəng medikal qrupu tibb müəssisəsində ən son tibbi innovasiyaları tətbiq edəcək 

TƏBİB və Yeni Klinika Almaniyanın nüfuzlu səhiyyə idarəetmə şəbəkələrindən olan “Falk Beratung” və “Sana Hospital Group” ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

Yeni Klinikada keçirilən mərasimdə əməkdaşlıq müqaviləsini TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov və Almaniyanın “Falk Beratung” şirkətinin Baş icraçı direktoru Tomas Falk imzalayıblar. Eyni zamanda Yeni Klinika ilə “Sana Hospital Group” arasında əməkdaşlıq müqaviləsinə isə Yeni Klinikanın direktoru Barat Yusubov “Sana Hospital Group”un direktoru Tomas Lemke imza atıblar.

Əməkdaşlıq müqaviləsinin imzalanması mərasimində Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horleman, TƏBİB-in və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin struktur bölmə rəhbərləri, “Sana” Klinikasının beynəlxalq ofisinin rəhbəri Sven Heyninqer, Yeni Klinikanın kollektivi və media nümayəndələri də iştirak ediblər.

Əməkdaşlıq müqaviləsində TƏBİB-in tabeli tibb müəssisəsi olan Yeni Klinika ilə “Sana Hospital Group” arasında xəstəxana idarəetməsi üzrə təcrübə mübadiləsi, xarici pasiyentlərin cəlb edilməsi, birgə klinik sınaqların/tədqiqatların keçirilməsi, həkimlər, tibb bacıları və administrativ işçilər üçün qarşılıqlı peşəkar təkmilləşmə proqramlarının təşkil edilməsi, ISO 9001 və JCI beynəlxalq sertifikatlarının əldə olunması, tibb bacılığı üzrə peşəkar kadrların yetişdirilməsi üçün standartların işlənib hazırlanması və təkmilləşdirilməsi, “Sana Hospital Group” brendindən istifadə hüququ ilə bağlı müddəalar öz əksini tapıb.

Əməkdaşlıq çərçivəsində tabeli tibb müəssisəsində göstərilən tibbi xidmətlərin beynəlxalq standartlara uyğunlaşdırılması, göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, Yeni Klinikanın tibbi turizm potensialının artırılması və tibbi turistlərin ölkəyə cəlb olunması, səhiyyə sahəsində kadr potensialının inkişafı, innovativ həllərin tətbiqi və rəqəmsallaşdırılma işləri həyata keçiriləcək.

Yeni Klinikada keçirilən imzalanma mərasimində TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov çıxış edərək ölkə rəhbərliyinin xüsusi diqqət, qayğısı və birbaşa xeyir-duası ilə Azərbaycan səhiyyə sahəsində bir ilkə imza atıldığını, Almaniyanın nəhəng medikal qruplarından biri ilə əməkdaşlığa başlanıldığını qeyd edib.

 O, tibb sahəsində yeni idarəetmə modelinin yaradıldığını, əhalinin bütün təbəqələrinin tibbi xidmətlərə əlçatanlığının eyni səviyyədə təmin edildiyini və bütün bunların nəticəsi olaraq bir çox inkişaf etmiş ölkələrin səhiyyə sahəsində Azərbaycanla əməkdaşlığa maraqlı olduqlarını vurğulayıb:

“Bu gün TƏBİB-in tabeliyində 3 mindən çox tibb müəssisəsi fəaliyyət göstərir. İstər paytaxt Bakıda, istərsə də regionlarda yerləşən tibb müəssisələrimizdə son illərdə nəzərəçarpacaq qədər irəliləyişlərə nail olmuşuq. Həm maddi-texniki bazanın gücləndirilməsi, həm kadr təminatı, peşəkar həkim-mütəxəssislərin tibb müəssisələrimizə cəlb olunması, yeni cihaz və avadanlıqların alınması, rəqəmsallaşma, səhiyyədə yeniliklərin tətbiqi istiqamətində çox işlər görülüb və bu istiqamətdə fəaliyyətlərimiz bundan sonra da davam edəcək.

Müəssisələrimiz arasında Yeni Klinikanın xüsusi yeri, xüsusi çəkisi var. Tarixi çox yeni olsa da, bu gün Qafqazın ən böyük xəstəxanası ünvanını daşıyır. Cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 28 mart 2020-ci il tarixində açılışı baş tutan Yeni Klinikada bu gün çox mürəkkəb və çətin əməliyyatlar uğurla icra olunur. 70 reanimasiya yeri və müasir cihazlarla təchiz olunmuş 21 əməliyyatxanası ilə Yeni Klinikada unikal əməliyyatlar icra olunur. Əldə olunan nailiyyətlər təbii ki, xarici ölkələrin də diqqətini çəkir. Bu, həm də Almaniyanın Azərbaycanın tibb sahəsinə investisiyaların cəlb olunması baxımından da önəmli müqavilədir”.

Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horleman çıxışında əməkdaşlıq müqaviləsinin imzalanmasının iki ölkə arasında münasibətlərin inkişafında çox önəmli addım olduğunu, səhiyyə sahəsində bir yenilik olduğunu deyib:

“Bu, insanlara xeyir verəcək bir əməkdaşlıqdır. “Sana Hospital Group” Almaniyanın aparıcı şirkətlərindən biridir. Şirkətin həm menecment, həm səhiyyə sahəsində  səmərəli və effektiv metodları, yüksək standartları burada da tətbiq olunacaq. Bu əməkdaşlıqla bağlı ilkin layihəni “Falk Beratung” şirkətinin Baş icraçı direktoru Tomas Falk Prezident İlham Əliyevə təqdim edəndə o da bu iş birliyini müsbət qiymətləndirib, iki ölkə arasındakı münasibətlərə töhfə verəcəyindən məmnun olduğunu bildirmişdi”.

Daha sonra “Falk Beratung” şirkətinin Baş icraçı direktoru Tomas Falk çıxış edərək əvvəllər yalnız ideya və düşüncədən ibarət olan bu əməkdaşlığın detallarının artıq rəsmi şəkildə imzalanmasından məmnun olduğunu bildirib:

“Bu, yalnız səhiyyə sahəsinə deyil, həm də iki ölkə arasında xarici siyasətə, iqtisadiyyata töhfədir. Bu, iki xalq arasında dostluq əlaqələrinin gücləndirilməsində də önəmli addımdır. Biz bu gün bir düşüncənin artıq reallığa keçməsini qeyd edirik”.  

“Sana Hospital Group”un direktoru Tomas Lemke çıxışında Azərbaycanı keyfiyyətli tibbi xidmətin mərkəzinə çevirmək üçün birlikdə əməkdaşlıq etməklərindən məmnunluğunu dilə gətirib: “Bizim əməkdaşlığımız 2023-cü ildən başlayıb. Bu müddət ərzində qarşılıqlı tanışlıq səfərləri, görüşlər keçirərək bir-birimizin iş prinsiplərini daha yaxından öyrəndik, inanıram ki, çox uğurlu işbirliyi olacaq. Mən sizi rəhbərlik etdiyim qurumun 36 min əməkdaşı adından da salamlayıram. “Sana Hospital Group” olaraq fəxr edirik ki, bizim təcrübəmiz Azərbaycanda da insanların sağlamlıqlarına qovuşması istiqamətində öz töhfəsini verəcək. Bir sıra ölkələr var ki, tibbi xidməti düzgün və keyfiyyətli şəkildə qurmaqda çətinlik çəkirlər. Amma siz Azərbaycanda tibbi xidməti çox uğurlu şəkildə təşkil etmisiniz. Mən bu əməkdaşlığımıza çox sevinirəm”.

Sonda Yeni Klinikanın direktoru Barat Yusubov çıxış edərək bildirib ki, artıq uzun müddətdir ki, dünya miqyasında tibbi turizmə artan tələbata uyğun olaraq TƏBİB-in dəstəyi ilə Yeni Klinikada bu istiqamətdə müəyyən addımlar atılır. Məhz bu məqsədlə beynəlxalq turistlərin cəlb edilməsi imkanlarının genişləndirilməsi üçün tibb müəssisəsində info-turlar, görüşlər və tibbi təcrübə mübadilələri təşkil olunur:

“Düşünürəm ki, Yeni Klinika və “Sana Hospital Group” arasında imzalanacaq bu müqavilə böyük uğurlara yol açaraq tibbi turizm istiqamətində görüləcək işləri daha da sürətləndirəcək”.

Əməkdaşlıq müqaviləsində “Sana Hospital Group”un loqosunun Yeni Klinikada müştərək istifadə olunması da nəzərdə tutulub. Məlumat üçün bildirək ki, “Sana Hospital Group”un loqosundan istifadə edilməsi dünya praktikasında ilk dəfə olaraq Azərbaycanda tətbiq ediləcək. Bu, Yeni Klinikanın ölkə xaricində dünya standartlarına cavab verən tibb müəssisəsi kimi tanınmasına böyük töhfə verəcək.

Qeyd edək ki, “Sana Hospital Group” Almaniyanın Münhen şəhərində yerləşən və 1976-cı ildən səhiyyə xidmətləri üzrə fəaliyyət göstərən aparıcı şirkətlərindən biridir. 36 000-dən çox əməkdaşı olan şirkət 120-yə yaxın tibb müəssisəsində hər il təxminən 2,1 milyon pasiyentə 44 adda təxirəsalınmaz və ixtisaslaşmış tibbi xidmət göstərir.

 

2024-10-29 18:19:22
3494 baxış

Digər xəbərlər

“Şuşa aksiyası QHT-lərin gücünü və əhəmiyyətini bir kəs daha ortaya qoydu”

Cəlil Xəlilov: “Aksiya sübut etdi ki, QHT-lər dövlətimiz və cəmiyyətimiz üçün vacib institutdur”   Dekabrın 12-dən etibarən azərbaycanlı ekofəlların, QHT nümayəndələrinin Şuşada başlatdığı  etiraz aksiyası davam edir. Aksiyaçılar Laçın dəhlizində Azərbaycanın dövlət qurumlarının fəaliyyətinin təmin edilməsini, Azərbaycana məxsus təbii resursların qanunsuz istismarının dayandırılmasını, ekoloji terrorun qarşısının alınmasını tələb edir.   Aksiya ilə bağlı bağlı saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov aksiyanın mühüm əhəmiyyətə malik olduğunu qeyd edib:   “Şuşa aksiyası Azərbaycanın haqq səsinin dünyaya çatdırlması, erməni cinayətlərinin beynəlxalq müstəvidə ifşası baxımından mühüm əhəmiyyətə malikdir. Bu aksiya hər şeydən əvvəl göstərdi ki, Azərbaycan xalqı ona məxsus təbii sərvətlərin talan edilməsinə, təbiətin məhv edilməsinə imkan verməyəcək. Azərbaycan xalqı sərvətlərinə sahib çıxmaqda qərarlıdır və aksiyanın fasiləsiz şəkildə davam etdirilməsi, günü-gündən genişləndirilməsi buna sübutdur.   Bu aksiya həm də Azərbaycan xalqının separatizmə qarşı olduğunu, erməni faşizminin yenidən baş qaldırmasına imkan verməyəcəyini göstərir. Bildiyiniz kimi, aksiyada səslənən əsas tələblədən biri Laçın dəhlizində şəffaflığın təmin edilməsi ilə bağlıdır. Məhz bunun üçün aksiyaçılar tələb edir ki, Laçın dəhlizində Azərbaycanın dövlət qurumlarının fəaliyyəti təmin edilsin. Çünki Azərbaycan dövlətinin nəzarəti olmadan Laçın dəhlizində şəffaflığı təmin etmək mümkün deyil. Bir sözlə, bu aksiya həm də separatizmə, onun hər cür təzahürünə qarşı yönəlib və regionda sabitliyin, təhlükəsizliyin təmini baxımından mühüm əhəmiyyətə malikdir”.   Polkovnik qeyd edib ki, aksiya QHT-dövlət münasibətlərinin möhkəmlənməsi baxımından da körpü rolunu oynamaqdadır:   “Şuşa aksiyası QHT-dövlət münasibətlərinin möhkəmlənməsi, vətəndaş cəmiyyəti institutlarının önəminin bir daha dərk edilməsi baxımından da böyük rol oyanyır. Bu aksiya göstərdi ki, QHT-lər dövlət maraqlarımızın, milli mənafeyimizin əsas müdafiəçiləri sırasındadır və bu məsələlərdə son dərəcə həssas, prinsipial mövqe ortaya qoyurlar.   Xatırladım ki, Şuşa aksiyasının ilk günündən etibarən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı aksiyaya dəstək verib, bu aksiyanın məqsəd və mahiyyəti haqqında mediada, o cümlədən beynəlxalq mediada silsilə məqalələrin yayımlanmasına nail olub. Biz aksiya və onun mahiyyəti ilə bağlı KİV-də, xüsusilə də Rusiya mediasında mümkün qədər çox iş aparmağa çalışırıq. Erməni yalanlarının qarşısını almaq, dezinformasiyaları önləmək üçün bu cür fəaliyyət olduqca vacibdir”.   Polkovnik qeyd edib ki, etiraz aksiyası QHT-lərin özünün də nüfuzunun artmasına müsbət mənada ciddi təsir göstərdi:   “Bu aksiya QHT-lərin özünün imici üçün də təsirsiz ötüşmədi. Vətəndaş cəmiyyəti institutlarının  önəmi, onların rolu cəmiyyət tərəfindən bir daha dərk edildi. Hər kəs başa düşdü ki, vətəndaş cəmiyyətləri sadəcə daxili problemlərin həllində deyil, ümummilli maraqların qorunmasında mühüm əhəmiyyətə malikdir. Vətəndaş cəmiyyəti institutları lazım gələndə öz səslərini beynəlxalq təşkilatlara, aparıcı dövlətlərə, ən ali tribunalara belə çatdıra bilirlər. Buna nümunə olaarq aksiya və onun mahiyyəti ilə bağlı QHT-lərin beynəlxalq təşkilatlara ünvanladıqları müraciətləri göstərmək olar. Qeyd edim ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşklatı olaraq biz də aksiya və onun səbəbləri ilə bağlı beynəlxalq təşkilatlara ayrıca bəyanat ünvanlamışıq. Həmin bəyanatda həm də aksiyada irəli sürülən tələblərə, bu tələblərin yerinə yetirilməsinin vacibliyinə toxunmuşuq. Bildirmişik ki, bu tələblərin yerinə yetirilməsi regionda ekoloji fəlakətin qarşısının alınması, sülh və sabitliyin təmini baxımından vacibdir və dünya bu məsələdə Azərbaycanın haqq işinə dəstək verməlidir”.   Professor Cəlil Xəlilov bildirib ki, aksiya və onun ətrafında baş verən proseslər vətəndaş cəmiyyəti institutunun daha da möhkəmlənməsinin nə qədər önəmli olduğunu təsdiqləmiş oldu:   “Şuşa aksiyası və onunla bağlı yaşanan proseslər göstərdi ki, QHT-lərin həm dövlət, həm də cəmiyyət maraqlarının dəstəklənməsi baxımında rolu böyükdür. Odur ki, vətəndaş cəmiyyəti institutlarının daha da güclənməsi, mahiyyət etibarı ilə dövlət maraqlarımızın daha etibarlı müdafiəsi deməkdir. Baş verənlər göstərdi ki,  QHT-lərin daha da güclənməsi, onların möhkəmlənməsi və inkişafı üçün mövcud perspektivlərin daha effektiv qiymətləndirilməsinə ehtiyac var. İnanıram ki, bu istiqamətdə də bütün gərəkli addımlar atılacaq və yaxın gələcəkdə QHT-lərimizin daha da gücləndiyinə, öz təsir imkanlarını əhəmiyyətli dərəcədə artırdığına şahid olacağıq”.    

Hamısını oxu
“Sizdəki yaranın özü bizdədir...” Türkiyə-Azərbaycan qardaşlığı Kahramanmaraşda bir daha tarix yazdı

2023-cü ilin fevral ayının 6-da baş verən dəhşətli zəlzələnin acısını hələ də unutmayan Kahramanmaraş xalqı üçün 2025-ci ilin iyun ayının 19-u həm təsəlli, həm də rəmzi bir yenidən doğuluş günü oldu. Məhz həmin gün bu qədim türk yurdunda “Azərbaycan” məhəlləsinin təntənəli açılış mərasimi keçirildi. Ən mühüm məqam isə mərasimdə iki qardaş dövlətin liderlərinin - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın çiyin-çiyinə dayanması idi. Bu mərasim təkcə bina və evlərin təqdimatı deyil, eyni zamanda insanların sevincinə, mənəvi birliyin möhkəmlənməsinə xidmət edən hadisə idi. Prezident Ərdoğan çıxışının əvvəlindən etibarən Azərbaycan xalqına səmimi təşəkkürlərini çatdıraraq vurğuladı ki, zəlzələnin ilk saatlarından başlayaraq Can Azərbaycan yardım əli uzatdı. Yardım karvanları, səhra hospitalları, axtarış-xilasetmə dəstələri, könüllülər və həkimlər  Azərbaycanın həm dövlət, həm xalq səviyyəsində göstərdiyi bu həmrəylik türkiyəlilərin yaddaşında silinməz izlər buraxdı. “Hər addımda türkün alın təri, duası, ürəyi var” deyən Prezident Ərdoğan bildirdi ki, Azərbaycanın bu dəstəyi sadəcə maddi deyil, mənəvi dirənişin də bir hissəsidir. Bu yardım bir millətin digərinə göstərdiyi mərhəmət, sevgidir. Bu həm də “bir millət, iki dövlət” fəlsəfəsinin yaşadıldığının və real həyatın içində tətbiq olunduğunun bariz nümunəsidir. Prezident Ərdoğanın çıxışının ən emosional anı isə mərhum türk şairi Abdülrahim Karakoçun Xocalıya və Qarabağa həsr etdiyi poetik misraları səsləndirdiyi məqam idi: “Sizdəki yaranın özü bizdədir...Güllələr sizdədir, ağrı bizdədir...” Bu misralar sanki 30 illik Qarabağ həsrətini, Xocalı soyqırımının acısını, 2023-cü il zəlzələsinin dağıntısını tək cümlədə birləşdirən mənəvi körpü oldu. Ərdoğanın gözlərindəki dolğunluq, salondakı sükut, dinləyicilərin bəzən göz yaşlarına hakim ola bilməməsi həmin anın tarixi və emosional gücünü təsdiqləyirdi. Bu misralar bir millətin başqa bir millətin dərdinə necə şərik olduğunu, bir millətin digərinin acısına necə öz acısı kimi yanaşdığını göstərən qardaşlıq andı idi. Prezident İlham Əliyev mərasimdəki çıxışında bildirdi ki, Azərbaycan xalqı zəlzələni öz faciəsi kimi yaşadı. Zəlzələnin ilk günlərində on minlərlə azərbaycanlı yardım məntəqələrinə axışaraq Türkiyəyə dəstək nümayiş etdirdi. Azərbaycan yüzlərlə xilasedici, həkim, könüllü göndərdi. Təkcə Azərbaycan həkimləri tərəfindən 3200-dən çox insana tibbi yardım göstərildi, 53 nəfər dağıntılar altından sağ çıxarıldı.  Tədbirdə hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi, “Azərbaycan” məhəlləsinə həsr olunmuş videoçarxın nümayişi və mədəniyyət mərkəzinin təməlqoyma mərasimi yeni bir dövrün başlandığını göstərirdi. Prezidentlər simvolik lenti kəsərək mənzillərlə tanış oldular, mülkiyyətçilərə açarların təqdim edilməsi isə bərpanın konkret nəticəyə çevrildiyinin sübutu idi. Rəcəb Tayyib Ərdoğan qeyd etdi ki, bu günə qədər zəlzələ bölgəsində 250 minə yaxın mənzil, obyekt və iş yeri istifadəyə verilib. Kahramanmaraşda isə 2778 yeni mənzil və obyektin inşası davam edir, bunların 1200-ü “Azərbaycan” məhəlləsindədir. Burada məktəb, uşaq bağçası, parklar və Heydər Əliyev adına orta məktəb də fəaliyyət göstərəcək. Prezidentlər çıxışlarında 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsinə də toxunaraq bu sənədin Türkiyə-Azərbaycan münasibətlərini müttəfiqlik səviyyəsinə qaldırdığını vurğuladılar. Bu həm siyasi, həm də mənəvi müttəfiqlikdir. Ərdoğan ümidvar olduğunu bildirdi ki, Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması bu bölgədə dirçəliş prosesinə yeni nəfəs verəcək və Qarabağda, Laçında, Zəngilanda, Füzulidə baş verən inkişaf dalğası daha geniş coğrafiyaya yayılacaq. Sonda Prezident Ərdoğanın dərin mənalı sözləri və Azərbaycan - Türkiyə qardaşlığının təntənəli ifadəsi mərasimi daha da mənalı etdi: “Burada atılan hər mismarda, vurulan hər daşda türkün alın tərini, qardaşlıq duasını görürsünüz. Kahramanmaraşın qəlbində Azərbaycan möhürü var. Allah bu birliyi əbədi etsin!” Daha sonra Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan “Azərbaycan” məhəlləsində inşa olunacaq mədəniyyət mərkəzinin təməlini onlayn formatda qoydular. Prezidentlər məhəlləni gəzərək burada inşa edilmiş mənzillərə və Heydər Əliyev adına ibtidai məktəb ilə uşaq bağçasına baxdılar. Balacalar böyük sevinc və təmənna ilə onları qarşıladı, məktəbin müəllim və şagirdlərinin ifasında “Çırpınırdı Qara dəniz” mahnısı səsləndi.  Prezidentlər şagirdlərə qiymət cədvəllərini və məktəbli çantalarını təqdim etdilər. Üçmərtəbəli müasir məktəb və uşaq bağçası binasında 20 ibtidai sinif otağı, 3 uşaq bağçası otağı, tədris materialları ilə tam təchiz olunmuş fənn otaqları, musiqi, rəsm, əmək dərsləri üçün xüsusi otaqlar, həmçinin texnologiya, riyaziyyat və mühəndislik sahələrində bacarıqların inkişaf etdirilməsi üçün emalatxanalar yaradılıb. Bu, gələcəyin vəhdətinə, bilikli və bacarıqlı nəsillərin yetişməsinə verilən ən gözəl töhfədir. Bu məhəllə və məktəb təkcə binalar deyil, həm də Azərbaycan-Türkiyə qardaşlığının yaşayış nümunəsi, yenidən doğuşun, bərpa və ümidi simvoludur. Burada hər daşda, hər otaqda iki xalqın qəlbinin bir ritmi çalır  birlik, həmrəylik və gələcəyə inam.Bu dostluq və həmrəylik ruhu ilə gələcəkdə də bütün çətinlikləri birlikdə dəf edəcəyimizə, daha parlaq və firavan sabahlar quracağımıza əminik. Azərbaycan və Türkiyə  bir millət, iki dövlət, sonsuz qardaşlıq yolunda! Cəlil Xəlilov:   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu
Şəhidlərin adından başqa məqsədlərlə istifadə yolverilməzdir

Azərbaycan xalqı Vətən, torpaq uğrunda, xalqının, millətinin azadlığı və sabahı yolunda canından keçən şəhidləri və qəhrəmanları ilə daim qürur duyub. Tariximizin bütün mərhələlərində yetişən bu insanlar bizim milli kimliyimizin daşıyıcıları, xalqımızın var olmaq haqqını dünyaya nümayiş etdirən şəxslər olaraq dünən də, bu gün də nəsillərə nümunədirlər. Cari il aprel ayının 2-5 arasında erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması, mülki əhaliyə zərər vurması ilə başlanan və Azərbaycan əsgərinin layiqli cavab zərbəsi nəticəsində düşmənin darmadağın olunduğu hadisələr xalqımızın şəhidlik və qəhrəmanlıq taixinə yeni səhifələr yazdı. Azərbaycan dövləti və xalqı şəhid övladlarını etiramla son mənzilə yola saldı. Xüsusilə Müdafiə Nazirliyinin rəhbərliyi və yüksək rütbəli zabitləri bu tədbirlərin təşkilatçıları və ən fəal iştirakçıları oldular. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması, erməni işğalçılarının cəbhə xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması zamanı göstərdikləri igidliyə görə xüsusi fərqlənən bir qrup Azərbaycan hərbçisi 2016-cı il aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanları ilə mükafatlandırıldılar. Onlardan 3 nəfəri ən yüksək fəxri ada, “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görüldü, digər hərbçilərimiz “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” ordenləri, “Vətən uğrunda”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olundular. Bir qrup hərbçi isə Müdafiə Nazirinin və yerli birləşmələrin komandirlərinin əmri ilə təltif edildilər. Şəhidlərimizin ailə üzvləri və doğmalarının sosial problemlərinin həlli ilə əlaqədar müvafiq qanunvericiliyə uyğun olaraq göstərişlər verildi, lazımi addımlar atıldı, digər tədbirlər görüldü. Şəhid ailələri, müharibə əlliləri və döyüşlərdə fərqlənmiş digər şəxslər daim Azərbaycan dövlətinin qayğısı ilə əhatə olunurlar. Şəhidlərə ehtiram, şəhid ailələrinə diqqət və qayğı Azərbaycanda dövlət tərəfindən həyata keçirilən və prioritet xarakter daşıyan siyasətdir. Hazırda bu dövlət siyasəti ölkə rəhbərliyi tərəfindən uğurla gerçəkəşdirilir. Bu baxımdan, son vaxtlar ölkənin müxtəlif KİV-lərində xüsusilə ayrı-ayrı saytlarda cari il aprel ayının 2-5 arasında erməni silahlı bölmələrinin hücumlarının qarşısını alarkən həlak olmuş əsgər və zabitlərimizin ailə üzvlərinə və doğmalarına dövlət orqanları tərəfindən biganəlik göstərildiyi, onların müəyyən problemlərlə qarşılaşdıqları bardə həqiqəti əks etdirməyən məlumatların yayılması ciddi narahatlıq doğurur. Faktların təhlili göstərir ki, şəhid ailəsinin hər hansı probleminin guya dövlət orqanlarının şəhid ailələrinə biganəliyi kimi qələmə verilərək ictimailəşdirilməsi məqsədli xarakter daşıyır. Müdafiə Nazirliyinin, yaxud digər dövlət orqanının fəaliyyətinə kölgə salmaq niyyəti güdülən bu məlumatların əksəriyyəti real faktlara əsaslanmasa da, ictimai rəyi çaşdırır, insanlarda, xüsusilə yetişməkdə olan gənc nəsldə inamsızlıq yaradır. Digər tərəfdən, Silahlı Qüvvələrin döyüş ruhuna, mənəvi-psixoloji hazırlığına mənfi təsir göstərən belə məlumatların yayılmasının müharibə şəraitində yaşayan bir ölkə üçün nə demək olduğunun yəqin ki, geniş izahata ehtiyacı yoxdur. Respublika Veteranlar Təşkilatı gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi ilə məşğul olan İctimai Birlik kimi belə zərərli münasibətin digər mənfi nəticələr, o cümlədən gənc nəsildə ruh düşkünlüyü doğura biləcəyi qənaətindədir. Məhz qeyd olunanlara görə, biz hansısa məmurun işinə məsuliyyətsiz yanaşması ucbatından şəhidin ailəsinin hansısa problemlə üzləşməsindən narahatlıq keçirir, bunu yolverilməz hesab edirik. Şəhid ailəsi dövlət orqanlarında yalnız qayğıkeşliklə qarşılaşmalıdır. Çoxsaylı faktlar göstərir ki, xalqına, Vətəninə xidmət yolunda həlak olmuş insanların ailələri məhz belə münasibətlə əhatə ediliblər. Vətən, torpaq uğrunda canından keçən şəhidlərimizin adının əbədiləşdirilməsini hər birimiz, xüsusilə doğmaları və yaxınları istəyirlər. Ancaq yəqin hər birimiz belə bir həqiqəti də qəbul etməliyik ki, təltiflər göstərilmiş xidmətlərə uyğun olmalıdır. Azərbaycanın müvafiq dövlət orqanları ilə bağlı qanunvericilikdə, xüsusilə normativ sənədlərdə bu qaydalar və standartlar öz dolğun əksini tapmışdır. Bəzən şəhid ailələrinin şəhidin layiq olduğu fəxri ad, orden və medallarla təltif edilməsi üçün dövlət orqanlarına müraciətini tirajlayanlar məsələnin mahiyyətinə varmadan Müdafiə Nazirliyini günahlandırırlar. Doğrudur, bizlər və şəhidin ailəsi üçün hər bir şəhid həqiqi qəhrəmandır. Çünki, o, canını Vətən uğrunda qurban verib. Ancaq, hərbi qulluqçuların mükafatlandırılması onun döyüş zamanı göstərdiyi xidmətlərin komandalıq tərəfindən ciddi araşdırılaraq qiymətləndirilməsi ilə  baş tutur. Bu mənada, fəxri adlar kiminsə, hətta kimlərinsə istəyi ilə deyil, məhz müvafiq normalar nəzərə alınmaqla verilir. Bu tipli məsələlər yalnız hüquqi əsası olduqda qaldırıla bilər. Əks-halda çaşqınlıq yaranır, hansısa rəsmi şəxs qərəzçikikdə günahlandırılır. Belə məsələlri məqsədli qabardanlar açıq şəkildə insanların etibarından istifadə etməklə, onların hisləri ilə oynayırlar. Respublika Veteranlar Təşkilatı Müdafiə Nazirliyi, eləcə də digər dövlət orqanları ilə sıx əlaqəli şəkildə işləyən İctimai təşkilat kimi şəhid ailələrinin daim diqqət mərkəzində olduğunu yaxşı bilir. Bir çox hallarda şəhid ailələri və onların yaxınları həm həmin dövlət orqanlarına, həm də bizə və digər ictimai birliklərə müraciət edərək müəyyən problemlərinin həllində kömək istəyirlər. İstər dövlət orqanları, istərsə də bizlər bu məsələlərə yüksək həssaslıqla yanaşır, onların müsbət həllində qarşılıqlı səylərimizi əsirgəmirik. KİV nümayəndələrinə müraciətimiz də bununla bağlıdır ki, hər hansı problemi dəqiqləşdirmədən, tələsik nəticələr çıxarmasınlar. Əksinə aldıqları məlumatları müvafiq orqanlarla dəqiqləşdiməklə onlar məsələ haqında daha müfəssəl və obyektiv informasiyakar əldə edə bilərlər. Bununla onlar həm şəhid ailələrinə həqiqi dayaq olar, həm də sonradan hansısa yanlışa görə təkzib verməkdən özlərini sığortalayardılar. Yeri gəlmişkən, məhz  bu işə önəm verilərək Müdafiə nazirinin müvafiq əmri ilə bu ilin əvvəlində nazirliyin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsində "Sosial müdafiə və şəhid ailələri ilə iş bölməsi"nin yaradılmışdır. Artıq bir neçə aydır ki, bu bölmə uğurla fəaliyyət göstərir və məsələ ilə əlaqədar KİV-in istənilən suallarının cavablandırılmasına hazırdır.

Hamısını oxu
"SOS" mühafizə xidməti Zəfər bayramını şəhid ailələri ilə birlikdə qeyd edib

Peşəkar mühafizə xidməti "Security Operation Services" MMC-nin əməkdaşları 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə şəhid ailə üzvləri ilə birlikdə yeni açılmış "Zəfər" parkını ziyarət ediblər. "AzPolitika" xəbər verir ki, "SOS" MMC-nin şəxsi heyəti və kollektivi şəhidlərimizin əziz xatirələrinə hörmət əlaməti olaraq, şəhid ailə üzvləri ilə birgə üçrəngli bayrağımızla yürüş edərək, abidə önünə əklil və gül dəstələri qoyublar. Daha sonra tədbir bir süfrə arxasında davam etmişdir. Qeyd edək ki, "SOS" mühafizə xidməti abidənin təməli qoyulan dövürdə də "Zəfər" parkını ziyarət edib. Tədbirdə Respublika Veteranlar Təşkilatının sədri Cəlil Xəlilov, Xətai rayonu Ağsaqqalar şurasının sədri, şəhid atası Mürvət Rüstəmov, şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov da iştirak etmişdir. "SOS" MMC-də çalışan şəhid ailələrinin üzvlərinə, birinci və ikinci Qarabağ müharibəsinin iştirakçılarına, qazilərinə və veteranlarına möhtəşəm zəfərimizin dördüncü ildönümü ilə bağlı pul mükafatı təqdim olunub. Tədbirdə milli qəhraman Riad Əhmədovun bacısı, əməkdar incəsənət xadimi, bəstəkar Mehriban xanım Əhmədova da iştirak etmiş, tədbir üçün hazırlanan videorolikdə Aygün Bəylərin ifası altında "Mənim Xalqım" mahnısından istifadə olunmuşdur.      

Hamısını oxu