Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Vətən Müharibəsi Qəhrəmanı şəhid Rəşad Abdullayevin büstünün açılışı olub

Açılışda Cəlilabad rayon Veteranlar Təşkilatının nümayəndələri də iştirak edib

Veteran.gov.az xəbər verir ki, Cəlilabad şəhər 2 nömrəli tam orta məktəbdə Vətən Müharibəsi Qəhrəmanı şəhid Rəşad Abdullayevin büstünün açılış mərasimi olub. Büst şəhidin adını daşıyan Cəlilabad şəhər 2 nömrəli tam orta məktəbin həyətində qoyulub.

Şəhidin anım günündə reallaşan tədbirdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri,  qəhrəmanın ailə üzvləri, döyüş yoldaşları, rayon Veteranlar Təşkilatının və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüzün, müstəqilliyimizin və konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə Cəlilabad İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov çıxış edərək, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən, döyüşlər zamanı şəhid və qazilərimizin, o cümlədən Rəşad Abdullayevin göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açıb. İcra başçısı çıxışında, həmçinin bu gün ölkə rəhbərliyi tərəfindən şəhid ailələri və müharibə iştirakçılarına göstərilən diqqət və qayğını xüsusi vurğulayıb.

Rəşad Abdullayevin atası Arif Abdullayev, anası Sevil Abdullayeva, şəhidin həyat yoldaşı, yaxınları və digər çıxış edənlər öz şücaəti ilə tarix yazan şəhidlər haqqında danışıb, belə tədbirlərin gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində müstəsna əhəmiyyətə malik olduğunu söyləyiblər.

Sonda Vətən Müharibəsi Qəhrəmanı şəhid Rəşad Abdullayevin adını daşıyan məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.

Qeyd edək ki, kapitan Rəşad Abdullayev 1988-ci ildə Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub. O, 2020-ci il sentyabrın 29-da Murovdağ döyüşlərində qəhrəmancasına şəhid olub və ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı fəxri adı, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, ”Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

 Ədalət  Salmanov,

 Cəlilabad rayon  Veteranlar Təşkilatının sədri    

  

2022-10-04 21:49:00
1205 baxış

Digər xəbərlər

Prezident xalqa detalları açıqladı: işğala son qoymaq üçün hansı addımlar atılacaq

Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyətlə bağlı detalları ictimaiyyətə açıqladı. Bu detallarda diqqətçəkən məqamlardan biri Nikol Paşinyanın hakimiyyətə gələndən sonra daxili siyasətdə güclənmək üçün atəşkəsin saxlanılması məqsədilə Azərbaycana yalvarması, Düşənbədə əldə olunan razılaşma, sonradan Ermənistanın hərbi-siyasi rəhbərliyinin sülh prosesini pozan, müharibə şəraitinin yetişməsinə şərait yaradan addımlarıdır.Azərbaycan liderinin açıqladığı detallar siyasi proseslərin pərdəarxasında necə cərəyan etdiyini ortaya çıxarır:1. İki il bundan əvvəl Ermənistanda dövlət çevrilişi baş verəndə Azərbaycan buna neytral qaldı. Çünki Azərbaycan tərəfi Koçaryan-Sarkisyan xuntasının hakimiyyətdən getməsində maraqlı idi. Ermənistanın bundan əvvəlki hakimiyyəti erməni xalqında da ancaq nifrət hissləri doğururdu;2. Nikol Paşinyan hakimiyyəti Azərbaycana qeyri-rəsmi kanallarla müsbət siqnallar göndərib, yalvarıb, vaxt istəyib;3. Daha sonra Paşinyan Düşənbədə Azərbaycan Prezidentindən vaxt verilməsini birbaşa xahiş edib;4. Nikol Ermənistanda daxili vəziyyətin ağır olmasını, keçmiş hakimiyyət nümayəndələrinin revanş almaq, danışıqlar prosesini pozmaq istəmələrini, özünün isə danışıqlara meylli olmasını, məsələni həll etmək istəməsini demiş, atəşkəs rejiminin möhkəmlənməsini xahiş edib;5. Ermənistandakı hakimiyyət dəyişikliyi Minsk qrupunun həmsədrlərində də müsbət ümidlər yaradıb, görüşlər əsnasında ümidlərlə dolu fərziyyələr səsləndiriblər;6. Paşinyan çevriliş nəticəsində hakimiyyətə gələndən bir ay sonra uğurlu Günnüt əməliyyatı keçirilsə də, Azərbaycan yeni hakimiyyətə qarşı keçmiş xuntanın revanşına yol verməmək üçün bundan PR məqsədilə istifadə etməyib;Həmin vaxt hadisələrin inkişafı da Ermənistanın yeni hakimiyyətinin münaqişənin həllində maraqlı olduğunu və yaxın dövrdə konkret nəticələrə əsaslanan sülh danışıqlarının başlayacağı ehtimallarını gücləndirirdi. Ermənistanda parlament seçkilərindən öncə ABŞ Prezidentinin müşaviri Con Boltonun regiona səfəri və İrəvanda dediyi sözlər də münaqişənin həlli ilə bağlı “yol xəritəsinin” mövcudluğu haqqında təsəvvürləri formalaşdırırdı.“İnanırıq ki, Nikol Paşinyanın komandası seçkidə (parlament seçkiləri – red.) qalib gələcəksə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ciddi irəliləyişlər olacaq”, – Bolton belə deyirdi.Ermənistanın yeni hakimiyyəti daxili vəziyyəti sabitləşdirmək üçün vaxt istəmişdi. Prezidentin də dedikləri təsdiqləyir ki, Paşinyan qeyri-üəsmi kanallarla Bakıya yalvarır, vaxt istəyirmiş. Azərbaycan da münaqişənin sülh yolu ilə həlli prinsipinə sadiq qalaraq, İrəvanda yaranmış xaosdan istifadə etmədi.Hətta Ordumuzun uğurlu Günnüt əməliyyatı həmin vaxt yox, təxminən bir ay sonra ictimaiyyətə açıqlandı. 20-27 may tarixində həyata keçirilən əməliyyat nəticəsində Şərur rayonunun Günnüt kəndi, “Ağbulaq” yüksəkliyi, Qızılqaya dağı, Qaraqata dağı azad edildi, Dərəlyəz mahalının Arpa kəndi ordumuzun nəzarəti altına keçdi. Ümumilikdə 11000 hektar ərazinin azad olunduğu bu əməliyyat nəticəsində Azərbaycan Ordusu İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna da nəzarət etmək imkanı əldə etdi. Lakin Azərbaycan bundan təbliğat məqsədilə istifadə etmədi.Azərbaycan və Ermənistan rəhbərləri 2018-ci ilin 28 sentyabrında MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən iclasında bir araya gəldi. Təqvimə “Lift diplomatiyası” kimi düşən Düşənbə görüşündə Nikol Paşinyan Prezident İlham Əliyevdən birbaşa vaxt istəyib.Əslində Azərbaycan liderinin bu vəziyyətdən olduqca ustalıqla istifadə etdiyi də vurğulanmalıdır: Paşinyan atəşkəsdən istifadə edərək, İrəvanda hakimiyyətini möhkəmləndirdiyi vaxt İlham Əliyev təmas xəttində ordumuzun mövqelərini gücləndirirdi.Bu amil Ermənistanda Paşinyana qarşı əsas ittiham mövzusuna çevrilib.“Vahid Ermənistan” partiyasının sədri Artur Qazinyan bildirir ki, Azərbaycan Prezidentindən fərqli olaraq, Nikol Paşinyan səmimi deyil.“Bakı və İrəvan arasında frazılaşma əldə olunub və Paşinyanın bu razılaşmada məqsədi hakimiyyətini gücləndirmək idi. İlham Əliyev isə ordunun mövqelərini gücləndirdi. Təxminən iki il ərzində Azərbaycan mövqelərini yaxşılaşdırdı və müharibə vaxtı bu vəziyyət Bakının xeyrinə olacaq”, - o bildirib.Erməni ekspert Tiqran Koçaryan deyir ki, İlham Əliyev ustalıqla vəziyyəti Azərbaycanın xeyrinə dəyişdi.Bu, İlham Əliyevin gələcəyi proqnozlaşdıra bilmək və bütün şərtlərdə vəziyyəti Azərbaycanın maraqlarına uyğun formaya salmaq bacarığından gedir. Çünki Nikol Paşinyana hakimiyyətini gücləndirmək üçün vaxt verilsə də, İlham Əliyev həm də B planı üzərində iş aparıb. Bu plan faktiki olaraq, mümkün müharibədə qələbəni asanlıqla təmin edəcək.Ona verilən vaxtdan istifadə etməklə Ermənistanda hakimiyyətini gücləndirən Nikol Paşinyanın Azərbaycana qarşı müharibəyə hazırlaşması da Prezident İlham Əliyevin risklərə qarşı çoxşaxəli strategiyanın nə qədər doğru olduğunu təsdiqləyir.Ermənistan hakimiyyəti isə 2019-cu ilin əvvəlindən etibarən, danışıqlar prosesini pozmağa və Azərbaycana qarşı müharibə hazırlığına başladı.Paşinyan Minsk qrupu formatının dəyişdirilməsi ideyasını irəli sürdü və işğal altındakı ərazilərdəki separatçı rejimi masaya üçüncü “tərəf” kimi daxil etmək təklifi ilə nəinki onilliklərdir aparılan prosesi kənara atdı, həm də beynəlxalq hüququ barmağına doladığını nümayiş etdirdi.2019-cu ilin 26 fevralında - Xocalı soyqırımının 27-ci ildönümü günü Ermənistanın müdafiə naziri David Tonoyan da gerçək niyyətlərini ortaya qoydu. “Psixologiya dəyişir, yanaşma dəyişir, yalnız müdafiə vəziyyətində olan ordular həmişə məğlub olurlar. Buna görə də biz müdafiə mövqelərində qalmağa hazırlaşmırıq. Əgər söhbət döyüş hərəkətlərinin yenilənməsindən gedirsə, biz dayanmayacağıq” deyən Tonoyan erməni jurnalistin “Bu, erməni ordusunun hücuma keçəcəyi anlamına gələ bilərmi” sualına “niyə də yox” cavabını verdi.Martın 12-də isə Paşinyan Təhlükəsizlik Şurasının iclasını tarixdə ilk dəfə olaraq, Azərbaycanın işğal edilmiş ərazilərində – Xankəndidə separatçıların iştirakı ilə keçirdi və iclasda “Qarabağın tərəf olması” tezisini yenidən gündəmə gətirdi.İyul ayından başlayaraq, işğalçı ölkə təxribat hücumlarını təmas xəttindən dövlət sərhədinə - Qazax istiqamətinə keçirdi. Avqustun 5-də isə Paşinyan işğal altındakı torpaqlarda “Miatsum” (Azərbaycan torpaqları hesabına “birləşmiş” erməni dövlətinin yaradılması ideyası – red.) iddiasını gündəmə gətirdi və iddia etdi ki, “Qarabağ Ermənistandır və nöqtə”.Beləliklə, Ermənistan təxribat xarakterli addımları və bəyanatları ilə danışıqları mənasız vəziyyətə saldı.2020-ci ilin əvvəlindən etibarən Ermənistanın təxribat addımları davam etdirildi. Mart ayında Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan qondarma “dqr”-in yeni rəhbərinin “and içmə mərasimi” tarixi şəhərimiz Şuşada keçirildi. Bununla yanaşı, işğal altındakı ərazilərdə gülüş doğuran təlimlər keçirildi.İyulda isə Tovuz istiqamətində təxribat hücumu Ermənistanın təcavüzkar və işğalçı siyasətindən əl çəkmədiyini, niyyətinin danışıqları pozmaq olduğunu sübut etdi.Prezident İlham Əliyev qeyd edib ki, bütün bu addımların və bəyanatların məqsədi danışıqları pozmaq, ondan sonra Azərbaycanı ittiham etmək və status-kvonu dəyişməz saxlamaqdır.Baş verən son hadisələr Ermənistanın Azərbaycana qarşı müharibəyə hazırlaşdığını da təsdiqləyir.- Livan erməniləri beynəlxalq konvensiyalara zidd şəkildə Dağlıq Qarabağda məskunlaşdırılır, onlar arasında terrorçuların olduğu və təxribat hücumlarında istifadə ediləcəyi şübhəsizdir.- Ermənistan rəhbərliyi, eləcə də Qarabağdakı kukla rejim Gəncəni vurmaqla hədələyir.- Erməni hərbi birləşmələri Tovuz döyüşlərində və sonrakı təxribat hücumlarında Azərbaycanın mülki əhalisini hədəfə alır.- Tovuz döyüşlərindən sonra – avqustun 23-də erməni diversiya-kəşfiyyat qrupu Goranboy istiqamətində ordumuzun mövqelərinə soxulmağa çalışdı. Hərbiçilərimizin ayıq-sayıqlığı nətivəsində erməni diversiya qrupunun komandiri, baş leytenant Qurgin Alberyan əsir götürüldü və o, hədəflərinin Azərbaycan Ordusunun kazarmaları olduğunu etiraf etdi.- Hazırda təmas xəttində hərbi qüvvələrinin cəmləşməsi həyata keçirilir.- Ermənistana məxsus PUA-nın ordumuz tərəfindən vurulması, eləcə də erməni hərbi birləşmələrinin Tovuz istiqamətində təxribat hücumu nəticəsində Ordumuzun hərbi qulluqçusunun şəhid edilməsi də işğalçı ölkənin müharibəyə hazırlaşdığını açıq şəkildə göstərir.Prezident İlham Əliyev qeyd edir ki, belə təxribatlar olduğu üçün danışıqlar haqda danışmaq məsuliyyətsizlikdir:“Mən hər zaman, bütün dövrlərdə Azərbaycan xalqına həqiqəti demişəm və hesab edirəm ki, bu, yeganə düzgün siyasətdir... Azərbaycan danışıqlardan imtina etmir, ancaq Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq istəmir. Biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik. Danışıqların hazırkı vəziyyətini mənfi qiymətləndirirəm və hesab edirəm ki, Azərbaycan xalqı mənimlə tam razıdır. Özümüz-özümüzü aldatmamalıyıq, xalqımızı aldatmamalıyıq. Danışıqlar getmir. Siyasi cəhətdən bu qüsurlu və ziyanlı bəyanatlar danışıqlar üçün yer qoymur”.Dövlət başçısı Azərbaycanın yeganə şərtini açıqlayır: “Bizim bir şərtimiz var, onlar bizim torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar, bu , BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapır”.Ardınca əlavə edir ki, Ermənistan beynəlxalq hüququ yerə vurursa, Azərbaycan da beynəlxalq hüququ gözləməyəcək: “Bizə qarşı ciddi təxribat törədilərsə, onda bizim üçün heç bir məhdudiyyət olmayacaq. Artıq Ermənistan ərazisinə keçmək üçün bizə heç bir hərbi maneə yoxdur. Əgər ermənilər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaq”.Azərbaycan lideri işğalçı ölkəyə, işğalçı ölkənin havadarlarına və həmsədr dövlətlərə açıq mətnlə mesaj verir: ərazilərimizin işğalda qalması ilıə barışmayacağıq; Ermənistan beynəlxalq hüquq pozursa, Azərbaycan buna adekvat cavab verəcək; Ermənistanın təxribatları cavabsız qalmayacaq və münaqişənin hərbi həlli masada prioritet məsələyə çevrilib;Asif Nərimanlı

Hamısını oxu
O, müharibədə can qoyanları heç vaxt tək qoymadı...

Nə müharibə vaxtında, nə də sülh dövründə... Qarşıdan 26 iyun – Silahlı Qüvvələr Günü gəlir. Düz 6 il bundan öncə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbəliyi altında vətən torpaqlarının azadlığı mübarizəsinə qalxan və erməni faşizmini cəmi 44 gün ərzində darmadağın edən Azərbaycan Ordusunun yaranmasının 108-ci ildönümü geniş şəkildə qeyd olunacaq. Ordumuzun Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünü qorunmasındakı rolu hər kəsə məlumdur və bunun ən bariz nümunəsi 2020-ci ilin Vətən müharibəsi, bu müharibə nəticəsində qazanılan şanlı 8 Noyabr zəfəridir. Hərb tariximizə qızıl hərflərlə həkk olunan bu qələbə  nəhəng hərbi-siyasi lider, böyük strateq İlham Əliyevin bilavasitə rəhbərliyi ilə reallaşdı və bütün dünyada ciddi əks-səda doğurdu. Bəli, İlham Əliyevin rəhbərlik etdiyi  Azərbaycan Silahlı Qüvvələri cəmi 44 gün ərzində 30 illik erməni işğalına son qoydu, bütün regionda yeni status-kvo formalaşdırdı. Eyni zamanda, həm 44 günlük Vətən müharibəsində aldığı qərarlar, həm də post-müharibə dövründə atdığı addımlar onun bir lider kimi bir çox bənzərsiz xüsusiyyətini üzə çıxardı. Prezident İlham Əliyevin müharibə zamanı verdiyi hər bir açıqlama, səsləndirdiyi hər bir fikir, qəbul etdiyi hər bir qərar sübut etdi ki, o, bütün qəlbi, ruhu ilə öz hərbçilərinin yanındadır və müharibənin hər bir ağırlığını, hər bir mərhələsini onlarla birlikdə yaşayır. Ali Baş Komandanın düşmən işğalından azad edilən hər bir yaşayış yeri ilə bağlı məlumatları xalqa şəxsən çatdırması, hər bir şəhid və qazi ailəsi ilə həmrəylik sərgiləməsi, ön xəttə mütəmadi səfərlər edərək hərbçilərlə görüşməsi onun öz ordusu, əsgər və zabitləri ilə eyni duyğuları, eyni düşüncə və həssasiyyəti daşıdığını göstərdi. O, 44 günlük müharibənin heç bir mərhələsində əsgər və zabitlərini bir an belə olsun tək qoymadı. Ali Baş Komandanı post-müharibə dönəmində də öz hərbçilərini yaddan çıxarmadı. Müharibədə yaralanan, travma alan hər bir hərbçinin müalicəsi üçün ölkənin bütün imkanlarıdnan maksimum istifadə edən Ali Baş Komandan, yüzlərlə hərbçimizin xaricdə müalicə olunmasını təmin etdi. Onlar həm ölkə daxilində, həm də respublikamızın hüdudlarından uzaqlarda reabilitasiya mərkəzlərində uzunmüddətli bərpa prosesi keçdi. Şəhid ailələri, müharibə əlillərinin mənzil və çoxsaylı sosial xidmətlərlə təmin olundu. Prezident İlham Əliyev kadr seçimi zamanı da müharibədə can qoyanları unutmadı. Vəzifə təyinatları zamanı öncə qazi və şəhid ailəsi faktoru nəzərə alındı. İstər yüksək dövlət vəzifələri, istərsə də kiçik məmur postlarına daha çox Birinci Qarabağ müharibəsi və Vətən müharibəsində iştirak edən şəxslərin təynatına daha çox üstünlük verildi. Əslində, Prezident İlham Əliyev qazi və şəhid ailələri ilə bağlı bu siyasətin praktikada tətbiqinə 44 günlük Vətən müharibəsindən xeyli öncə başlamışdı. Nümunə üçün qeyd edək ki, hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi olan general-polkovnik Əli Nağıyev Prezident İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə 20 iyun 2019-cu ildə - Vətən müharibəsindən bir il öncə təyin olundu.  Bu məsələdə Əli Nağıyevin peşəkar çekist kimi zəngin təcrübəsi ilə yanaşı, onun Birinci Qarabağ müharibəsində aktiv iştirakı, düşmənə qarşı diversiya əməliyyatlarında göstərdiyi qəhrəmanlıqlar da mühüm rol oynadı. Nəticədə, uzun illər xüsusi xidmət orqanlarında yüksək vəzifələr tutan Əli Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsinə gətirildi ki, o, sonrakı fəaliyyətində, eləcə də 44 günlük Vətən müharibəsində bu vəzifəyə layiqliyini sübut etdi. Vətən müharibəsi dönəmində Ermənistan və ona himayədarlıq edən qüvvələrin ölkəmiz daxilində hər hansı təxribata yol verməsinə imkan verməyən Dövlət Təhlükəsizliyi Xidməti Prezident İlham Əliyevin himayəsi, general Əli Nağıyevin rəhbərliyi altında çoxsaylı uğurlara imza atdı. 44 günlük Vətən müharibəsindən sonra bütün dövlət platformalarında şəhid ailə üzvləri və müharibə veteranlarının rəhbər vəzifələrə təyinatına daha çox diqqət ayrıldı. Nazirliklərdən, icra hakimiyyəti orqanlarından, orta məktəb və xəstəxanalardan tutmuş digər dövlət obyektlərinə qədər bütün qurumlarda məlum kateqoriyadan olan vətəndaşlarımıza xüsusi etimad göstərildi. Vətən müahribəsində xüsusi qəhrəmanlıq göstərən, ordu ilə yanaşı, bütün xalqın sevimlisinə çevrilən general-polkovnik Hikmət Mirzəyevin Prezident İlham Əliyevin 11 yanvar 2024-cü il tarixli sərəncmı ilə müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı vəzifəsinə təyin edilməsi buna sübutdur. Və hər bu cür addım, şəhid ailələri və veteranlarla bağlı hər bir xüsusi yanaşma yenə böyük bir həqiqəti yada salır: İham Əliyev müharibədə can qoyanları heç vaxt tək qoymadı. Nə müharibə, nə də sülh dövründə... O, şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara göstərdiyi hər bir qayğı ilə sübut etdi ki, onun qəlbi hər zaman vətən müdafiəçiləri ilə bir yerdədir və hər zaman da belə olacaq... Seymur ƏLİYEV  

Hamısını oxu
Azərbaycan müasir dünyanın enerji təminatı və enerji təhlükəsizliyində yeni era açıb - TƏHLİL!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 1-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edib. Tədbirdə çıxış edən dövlət başçısı dünyamızın neft və qazdan ənənəvi asılılığına diqqət  çəkib, bu asılılığı alternativ enerji mənbləri hesabına azaltmağın vacibliyini vurğulayıb. Prezident İlham Əliyev qeyd edib ki, bərpaolunan enerji mənbələrindən istifadə təbiətin qorunması, ekologiyanın yaxşılaşdırılması baxımından da mühüm əhəmiyyətə malikdir: “Mövcud qaz ehtiyatlarımız ən azı növbəti yüz il ərzində həm ölkəmizin, həm də tərəfdaşlarımızın tələbatını ödəməyə kifayət edəcəkdir. Əslində, bu ehtiyatlar nəzərə alındıqda, elektrik enerjisinin istehsalı üçün əlavə mənbələrə ehtiyacımız olmazdı. Lakin məsuliyyətimiz bizdən bərpaolunan enerji mənbələrinə sərmayə yatırmağı tələb edir. Biz bunu edirik. Tərəfdaşlarımızla birlikdə investorlar üçün olduqca əlverişli şərait yaratmışıq. Bu şərait mahiyyət etibarilə ötən əsrin 90-cı illərinin əvvəllərində neft şirkətləri üçün yaradılmış imkanlara bənzəyir. Bu gün eyni əməkdaşlıq ruhu və investisiyaya açıq yanaşma bərpaolunan enerji sektorunda fəaliyyət göstərən şirkətlərə də tətbiq olunur. Artıq bir sıra layihələrimiz istismar mərhələsindədir. Gələn ilin sonunadək Günəş və külək enerjisi üzrə ümumi gücümüz 2 giqavata çatacaq. 2032-ci ilin sonunadək isə bu göstərici 8 giqavat təşkil edəcək. Əgər fəal şəkildə inkişaf etdirdiyimiz hidroenerji potensialını da nəzərə alsaq, xüsusilə Qarabağda və Şərqi Zəngəzurda artıq 300 meqavatdan çox güc istifadəyə verilmişdir. Bu da ölkəmiz üçün əlavə enerji potensialı yaradır. Həmin potensial neft və qaz ixracımızı tamamlayan bir mənbəyə çevriləcəkdir”. (https://president.az/az/articles/view/72619 ). Prezidentin çıxışından məlum olduğu kimi, Azərbaycan bərpaolunan enerji resurslarından istifadəyə görə yalnız regionun deyil, bütün dünyanın ən qabaqcıl ölkələrindən biri hesab edilə bilər. Bununla yanaşı, dövlətimizin işğaldan azad edilən ərazilərdə həyata keçirdiyi layihələr bərpaolunan enerji mənbələrindən istifadənin daha da genişləndirildiyini, yaxn gələcəkdə bu sahədə daha böyük uğurların əldə ediləcəyini göstərir. Bu isə Azərbaycanın ənənəvi enerji resursu olan neft və qazdan asılılığını azaltmağa, alternativ enerji mənbələrindən daha geniş istifadəyə imkan yaradacaq. Bərpaolunan enerji mənbələrindən – külək və günəş enerjisindən istifadə ekologiyanın qorunması baxımından da həyati əhəmiyyətə malikdir. Müasir dünyamızda ekoloji problemlərin son dərəcə aktual olduğunu nəzərə alsaq, bərpaolunan enerji mənbələrindən istifadə təbiəti qorumağa, enerji tələbatını təbiətə ziyan vurmadan ödəməyə imkan verəcək. Başqa sözlə desək, Azərbaycan özünün və digər ölkəlrin enerji tələbatını ödəməklə yanaşı, həm də təbiətin daha çox qayğısına qalacaq, ekologiyaya zərər vurmadan öz məqsədinə nail olacaq. Azərbaycanın bərpaolunan enerji mənbələrindən geniş istifadə istiqamətində həyata keçirdiyi layihələrin digər bir üstünlüyü, bu kimi addımların həm də təşviqedici xüsusiyyətə malik olmasıdır. Azərbaycan bu kimi addımlarla bütün dünyaya öz timsalında əsl nümunə, konkret bir örnək təqdim edir. Hansı ki, digər dövlətlərin Azərbaycan nümunəsini mənimsəmsinə, bu nümunədən lazımi nəticələr çıxarmasına ciddi ehtiyac var. Çünki ənənəvi enerji resursu olan qaz və neft ehtiyatına malik dövləltərin sayı olduqca məhduddur. Digər dövlətlər bu resursları idxal edir ki, bu da həmin dövlətlər üçün ciddi maliyyə itkisi deməkdir. Alternativ enerji mənbələri isə neft və qaz ehtiyatlarına nisbətən hər kəs üçün daha əlçatandır. Bundan başqa, alternativ enerji resurslarının ekoloji baxımdan təmiz olması ona əlavə üstünlük qazandırır ki, bu da çox mühüm faktordur. Bu baxımdan dünya dövlətlərinin enerji təminatında Azərbaycan təcrübəsini mənimsəməsi, bunu praktikada tətbiq etməsi olduqca vacibdir. Azərbaycan müasir dünyanın enerji təminatı və enerji təhlükəsizliyində yeni era açan, bu sahədə bənzərsiz bir yol müəyyənləşdirən unikal bir dövlətdir. Onun təcrübəsinin digər ölkələrdə tətbiqi dünyamızın enerji təminatını yaxşılaşdırmaqla yanaşı, təbiətin qorunmasına, ekoloji mühitin əhəmiyyətli dərəcədə yaxşılaşmasına da töhfə verə bilər ki, bu da bütün bəşəriyyət üçün əvəzssiz bir qazancdır. Seymur ƏLİYEV

Hamısını oxu
“Dayaq “Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı polkovnik Cəlil Xəlilovu təbrik edib

Veteran.gov.az xəbər verir ki, “Dayaq “Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədr müavini Məcid Məmmədov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilovu ad günü münasibətilə təbrik edib. Təbrikdə deyilir: “Bu gün dəyərli dostumuz, tanınmış hərbi ekspert, polkovnik Cəlil Xəlilovun doğum günüdür. Bu əlamətdar gün münasibətilə Cəlil müəllimi ürəkdən təbrik edir, ona ilk növbədə möhkəm can sağlığı, uzun, mənalı və bərəkətli ömür arzulayıram. Həyatının hər bir yeni ili ona yeni uğurlar, gözəl xatirələr, sevinc və xoş günlər bəxş etsin. Cəlil Xəlilov uzun illər ərzində peşəkarlığı, zəngin hərbi təcrübəsi, prinsipial mövqeyi, Vətənə və dövlətə sədaqəti ilə seçilən ziyalı və hərbçi kimi hörmət qazanıb. Onun hərbi sahədəki bilik və təcrübəsi, hadisələrə obyektiv yanaşması və analitik düşüncəsi hər zaman yüksək qiymətləndirilir. Arzu edirəm ki, bundan sonrakı həyat yolunda da qarşısına qoyduğu bütün məqsədlərə uğurla çatsın, daim sağlam, gümrah və yüksək əhval-ruhiyyədə olsun. Ailəsinin, doğmalarının və dostlarının əhatəsində xoşbəxt və firavan günlər yaşasın. Qoy ömrünün hər yeni səhəri sevinc, hər yeni günü uğur, hər yeni ili isə daha böyük nailiyyətlərlə yadda qalsın. Uca Allah onu və ailəsini qorusun, həyatına daim ruzi-bərəkət, əmin-amanlıq və gözəl günlər nəsib etsin. Əziz Cəlil müəllim, doğum gününüz mübarək! Sizə uzun ömür, möhkəm cansağlığı, ailə səadəti, firavanlıq və fəaliyyətinizdə davamlı uğurlar arzulayıram. Hər zaman var olun, sağlam olun, üzünüzdən təbəssüm, qəlbinizdən sevinc əskik olmasın! Yeni yaşınız uğurlu və düşərli olsun!” Seymur ƏLİYEV

Hamısını oxu