Digər xəbərlər
Veteran.gov.az 3 mart 2023-cü il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycanın Milli Təhlükəsizliyi” mövzusunda konfrans keçirilib. Konfrans iştirakçıları əvvəlcə Ulu öndərin büstünü ziyarət edib, büstün önünə gül dəstələri qoyublar. Daha sonra konfrans iştirakçıları Heydər Əliyev guşəsində təşkil edilən kitab sərgisi ilə tanış olublar. Sərgidə Ulu öndərin həyat və fəaliyyətindən bəhs edilən onlarla kitab sərgilənib. Konfransdan öncə Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsindən sonra konfransı açıq elan edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov, Ulu öndərin Azərbaycanın milli təhlükəsizliyinin təmini istiqamətindəki tarixi xidmətlərinə diqqət çəkib. Cəlil Xəlilov qeyd edib ki, Ulu öndər dövlətimizin təhlükəsizliyini təmin etməklə yanaşı, milli təhlükəsizlik sahəsində peşəkar kadrların hazırlanması, milli ideyaların daşıyıcısı olan ziyalıların sovet repressiyasından qorunması istiqamətində də mühüm addımlar atıb. Daha sonra çıxış edən Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov Ümummili liderin ölkə həyatının bütün sahələrində olduğu kimi, milli təhlükəsizlik sahəsində də böyük işlər həyata keçirdiyini vurğulayıb. Əli Pənahov qeyd edib ki, Heydər Əliyevin milli təhlükəsizlik siyasəti xalqımızın və dövlətimizin təhlükəsizliyinin etibarlı şəkildə təmin olunmasına ciddi töhfə verib, bu müstəvidə yeni və mütərəqqi ənənələrin formalaşmasına səbəb olub. Hansı ki, bu ənənələr bu gün də yaşadılmaqda, inkişaf etdirilməkdədir. Əli Pənahov qeyd edib ki, Azərbaycan xalqı var olduqca Heydər Əliyev də var olacaq, əbədi yaşayacaqdır. Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyanın rəisi v.m.i.e. polkovnik-leytenant Elşad Nəsirov, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri professor İsaxan Vəliyev, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyinin üzvü Elşad Həsənov, hüquqşünas Şəmsəddin Əliyev çıxış edib, Ulu öndərin milli təhlükəsizlik sahəsindəki xidmətlərinə diqqət çəkiblər. Tədbirin sonunda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova çıxış edib. Təşkilat sədri Heydər Əliyevlə bağlı xatirələrini dilə gətirib, universitet illəri ilə bağlı maraqlı məqamlardan söhbət açıb. Ulu öndərin həyat və fəaliyyətinin hər bir azərbaycanlıya örnək olduğunu qeyd edən Fatma Səttarova, onun irsinin bundan sonra da sevə-sevə tədqiq edilərək öyrəniləcəyini bildirib. Konfransın sonunda xatirə şəkli çəkilib. Veteran.gov.az 3 mart 2023-cü il tarixində ...
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatının üzvləri, Milli Məclisin vitse-spikeri Fəzail İbrahimlinin köməkçisi Faiq Ağayev, "Qarabağ qaziləri" İctimai Birliyinin sədri Maşallah Əliyev, "Qarabağ Əlillərinə Qayğı" İctimai Birliyinin rəhbəri Asəf İsmayılov və iş adamı, xeyriyyəçi Rafiq Abışovla birlikdə rayonun Göytəpə şəhərində Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Rəşad Abdullayevin ailəsi ilə görüşüblər. Qəhrəmanın atası Arif Abdullayev oğlunun həyat və döyüş yolundan fəxarətlə danışıb, ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevə şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlığını bildirib. Şəhid kapitan Rəşad Abdullayevin anası Sevil Abdullayeva isə şəhid analarının adından yazdığı şeri oxuyub. O, həmçinin, ziyarətə gələnləri qəhrəman oğlunun ev-muzeyinin açılışına dəvət edib. Rayon Veteranlar Təşkilatının üzvləri və qonaqlar Göytəpə şəhər qəbirstanlığında uyuyan şəhid Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin məzarını da ziyarət edib, şəhidlərimizin ruhuna dualar oxuyublar. Xatırladaq ki, şəhid kapitan ailəli idi, iki övladı yadigar qalıb. Cəlilabad şəhər 2 saylı tam orta məktəbi bu gün Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin adını daşıyır.
Hamısını oxu
Torpaqlarımızın bir qarışı belə düşmən tapdağı altında qalmadı, çünki bu torpağın 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərib tarix yazan Ceyhun Rzayev kimi qəhrəmanları, ərənləri var. 26 yaşında vətən torpaqlarının azad olunması uğrunda canını verib şəhidlik zirvəsinə ucalan Ceyhun müharibənin ilk günlərindən döyüşün ən qızğın nöqtələrində iştirak edib, 200-ə yaxın ermənini məhv edib, silah-sursatını ələ keçirib. Şuşa dağlarına adını yazdıran xüsusi təyinatlı hərbçimizin ən böyük arzusu işğalçı qüvvələri Laçından çıxarmaq idi. İntiqam hissi heç zaman sönməyən döyüşçüyə Laçının işğaldan azad olunmasını atasına xəbər vermək qismət olmur, o, qələbəyə bir neçə gün qalmış, noyabrın 7-də Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. Publika.az-a qardaşı haqqında xatirələrini bölüşüb, ağrılarından söz açan Leyla Rzayeva onunla fəxr etdiyini və əslən Laçından olduqlarını deyib. “Şəhidlik böyük mərtəbədir, qardaşımla fəxr edirəm. Ceyhun 1994-cü ildə Bərdə şəhərində dünyaya göz açıb. Uşaq yaşlarından idmanla məşğul olurdu, həmişə deyərdi ki, hərbçi olacam. Çox sakit uşaq idi, müəllimləri həmişə razılıq edərdi. Ən çox sevdiyi fənn coğrafiya ilə tarix idi. Anam həkimdir, məktəbi bitirəndə anam dedi ki, gəl hazırlaşdırım, sən də həkim ol, ananın yolunu davam etdir. Razılaşmadı, dedi ki, ana mənə kişi sənəti yaraşar, hərbçi olmalıyam. Sözündə də durdu, 2014-cü ildə Daxili Qoşunların Xüsusi Vasitələrin Tətbiqi Dəstələrində xidmət etməyə başladı. Vətən üçün doğulmuşdu, vətən uğrunda da şəhid oldu, torpağın oğlu idi Ceyhun. Ceyhun Rzayevin 6-cı sinfdə oxuyarkən çəkilmiş fotosu Müharibənin başlaması ilə Ceyhun da əsgər yoldaşları kimi döyüş meydanına atılır. Getməzdən əvvəl evə gəlib əşyalarını təhvil verdi, çox sevinirdi, qapıdan çıxana qədər sözü o oldu ki, mehriban olub, yaxşılıq edin, ömrü yaxşılıqlar artırır. Özü də Şuşa uğrunda gedən döyüşlərdə, noyabrın 7-də şəhidlik zirvəsinə ucaldı... Qardaşımla sonuncu dəfə 19 sentyabrda görüşmüşdük, bilməzdim ki, sonuncu görüşümüz olacaq. 20 yaşım var, indiyə kimi bir dəfə də olsun qardaşımı qucaqlamamışdım, çox zəhmli və sərt xarakterə malik idi, çəkinirdim. Söz vermişdim ki, qardaşım sağ-salamat gələn kimi qarşısında diz çöküb ayaqlarını qucaqlayacam, amma mənə onun tabutunu qucaqlamaq qismət oldu. Bu sözləri dilə gətirmək ağırdır... Bu yay evlənməyi düşünürdü”. Şəhidin bacısı bildirib ki, qardaşı son zəngində ata-anasını bərk-bərk ona tapşırıb: “Zəng edəndə ilk sözü o olurdu ki, ata, sənə Laçından zəng edəcəm, Laçına bayrağı özüm sancacam. Hər zaman Ali Baş Komandanın əmrinə tabe olub, döyüşlərdə igidliklə və son qanına kimi vətən uğrunda vuruşub, heç zaman geri çəkilməyib, həmişə ön cəbhədə olub, fəxr və böyük inamla yolumuz Laçına deyə-deyə döyüşüb. Ceyhun Qarabağ atlarını çox sevirdi, deyirdi burda çox qəşəng atlar var. Sonuncu dəfə oktyabrın 31-də danışdıq, dedi ki, mənsizliyə öyrəşin, bir də mənə sözü o oldu ki, ağıllı ol, anamı, atamı sənə tapşırıram. Hər dəqiqənizin qədrini bilin, mehriban yaşayın. Bir də anamdan xahiş elədi ki, atama yaxşı baxın. “Hər gün ayaqqabını mazlayıb qoyun” dedi və telefonu söndürdü”. Ölümündən sonra cibindən Qarabağ, Laçın, Azərbaycan yazılan vərəqlər və bayraq şəkilləri tapılması bir daha göstərir ki, Ceyhun Rzayev son nəfəsinə qədər vətənə, millətə bağlı oğullarımızdandır. Füzuli, Qubadlı, Hadrut və Şuşanın alınmasında 200-ə yaxın ermənini məhv edib, böyük şücaət göstərən qəhrəman həm də ailəsinə bağlı insan olub. Anasına deyib ki, burda başım saat kimi işləyir, çox gümraham. Ceyhun ən çox atasına bağlı olub, bir dəfə də olsun yaxşı edirəm sözünü dilinə gətirməyib, söz qaytarmayıb. Bacısı bildirib ki, çox mükəmməl insan idi, Ceyhun heç kimi incitməzdi. Şəhidlik zirvəsinə ucalan zaman o, vəsiyyətini dostuna bu cür edib: “Ailəm mənimlə hər zaman fəxr edirdi, şəhid olacam yenə də fəxr edəcəklər. Deyərsən ki, onları çox sevirəm”. Mərd qardaşı ilə qürur duyan bacının indi yeganə arzusu var, o da şəhid ailələrinə və qazilərimizə layiq olduqları qayğının göstərilməsi, xatirələrinin daim yaşadılmasıdır. Əziz Leyla, sən bil ki, bu gün qardaşınla bütün Azərbaycan fəxr edir, o, canını bizim üçün fəda edib, qanını bu torpağın azadlığı uğrunda axıdıb, ürəyi vətənlə döyünən, vətənə ana deyən oğullarımız sayəsində biz bu gün qələbə sevincini yaşayıb təbrikləşə bilirik. Bil ki, Ceyhunun ruhu sakitlik tapıb, getdiyi yerdə çox xoşbəxtdir, çünki Laçının üzərini bürüyən qara buludlar çəkilib, artıq orada Üçrəngli Bayrağımız dalğalanır. Aytən Məftu
Hamısını oxu
Türkiyənin ingilis dilində yayımlanan beynəlxalq xəbər kanalı - "TRT World" Ermənistanın ötən ay Azərbaycanla sərhəddə Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatla bağlı geniş reportaj yayıb. Milli.Az bildirir ki, kanalın heyəti Ermənistanın təxribatına məruz qalan ərazilərdə çəkiliş aparıb. "TRT World"ün müxbiri Oubai Şahbandar dünyanın ən həssas sərhədlərindən birində baş vermiş toqquşmanın onu yenidən Azərbaycana - illər ərzində daha yaxından tanıdığı ölkəyə gətirdiyini deyir. O, tamaşaçılara Ermənistan silahlı qüvvələrinin təxribatı barədə ətraflı məlumat verir. Milli.Az
Hamısını oxu