Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Bu gün xalqımızın igid oğlu, general-mayor Həzi Aslanovun anadan olmasının 111 illik yubileyidir

Yanvarın 22-si xalqımızın igid oğlu, İkinci Dünya müharibəsinin görkəmli sərkərdələrindən biri, istedadlı hərbi xadim, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Əhəd oğlu Aslanovun anadan olmasının 111 illik yubileyidir. Bəşəriyyətin yaddaşına ən dağıdıcı müharibə kimi yazılmış İkinci Dünya müharibəsi zamanı faşizm əleyhinə mübarizədə və insanlığın qorxunc nasizm təhlükəsindən xilas edilməsində Azərbaycan xalqının da böyük xidmətləri var. 1941–1945-ci illərdə Azərbaycanın 700 minə yaxın övladı müharibəyə yollanaraq müxtəlif cəbhələrdə vuruşub, Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Xalqımızın igid oğulları sırasında general Həzi Aslanovun qəhrəmanlığın rəmzinə çevrilmiş adı dərin ehtiramla çəkilir. Dünyanın faşizmdən qurtulması uğrunda ağır döyüşlərdə Həzi Aslanov mahir hərbi sərkərdə istedadı nümayiş etdirib və hərb salnaməsində yeni parlaq səhifələr açıb. Onun göstərdiyi misilsiz şücaət və başçılıq etdiyi tank alayının müstəsna rəşadəti torpaqlarımızın işğaldan azad edilməsinə hər an hazır olan Azərbaycan Ordusunun bütün şəxsi heyəti üçün əsl qəhrəmanlıq nümunəsidir.   Qarabağ uğrunda 44 günlük Vətən mühariəsində Azərbaycan Ordusunun tankçıları Həzi Aslanovun qəhrəmanlıq səlnaməsini takrarladılar. Həzi Aslanov kimi mərd, cəsarətli, qəhraman Azərbaycan hərbçiləri düşmənə öz yeri göstərdi, ərazi bütövlüyümüzü təmin etdi.  Düşmən üzərində qazandığımız parlaq qələbə tariximizə əbədi yazıldı. Tank Qoşunları general-mayoru Həzi Aslanovun döyüş yolu Həzi Əhəd oğlu Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran rayonunun Gərmətük qəsəbəsində doğulub. On üç yaşında atasını itirən Həzi həmin ildən kərpic zavodunda fəhlə işləyib. İki ildən sonra onu Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərirlər. 1924-1930-cu illərdə Bakı və Leninqrad hərbi məktəblərində oxuyub. 1929-cu ildə Leninqrad süvari məktəbinə daxil olub. İkiillik təhsildən sonra Kotovski adına III Bessarabiya süvari diviziyasında taqım komandiri təyin edilib. Həzi Aslanov o zaman Ukraynada xidmət edirdi. Müharibəni də elə bu ölkədə qarşılayır. 1941-ci il iyunun 23-nə keçən gecə alman zirehli qoşunları ilə qeyri-bərabər döyüşdə özünü bacarıqlı zabit kimi göstərir. 1941-ci ilin dekabrında Moskva ətrafında döyüşlərdə qəhrəmanlığına görə “Qırmızı ulduz” ordeninə layiq görülür. Xarkov və Stalinqrad ətrafında gedən döyüşlərdə onun başçılığı ilə 35-ci tank briqadası düşmənə ağır zərbələr endirir. Aslanovun tankçıları vuruşa-vuruşa 40 kilometrdən artıq yol gedib Stalinqrad-Salsk dəmir yolunu tutur, almanları Stalinqrad qruplaşmasının əsas magistralından məhrum edirlər. Polkovnik-leytenant Həzi Aslanovun rəhbərlik etdiyi briqada bu döyüşdə düşmənin 30 əks-hücumunu dəf edir, almanların bir piyada batalyonunu, 30 tankını, 50 avtomobilini sıradan çıxarır. Həzi Aslanov göstərdiyi şücaətə görə 1942-ci il dekabrın 22-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülür. 1943-cü il dekabrın 17-dən 1944-cü il aprelin 6-dək Zirehli Tank Qoşunları Akademiyasına oxumağa göndərilən Həzi birillik təhsil proqramını üç aya başa vurur. Sonra yenidən doğma 35-ci qvardiya tank briqadasına qayıdır. 1944-cü il martın 13-də ona tank qoşunları general-mayoru rütbəsi verilir. 1944-cü il iyunun sonlarında Belarusiya və birinci Pribaltika cəbhəsinin qoşunları hücuma keçirlər. Belarusiyanın iri şəhər və dəmir yollarını azad etdikdən sonra Həzi Aslanovun tankları Vilnüsə istiqamət alır. Cəsur generalın rəhbərlik etdiyi briqada iyunun 24-dən iyulun 13-dək düşmənə ağır zərbələr endirir. Bu döyüşdəki qələbəyə görə 35-ci qvardiya tank briqadası “Qırmızı bayraq” ordeninə, general özü isə ikinci dərəcəli “Suvorov” ordeninə layiq görülür. 1944-cü il avqustun 1-də Həzi Aslanovun briqadası başqa ordu hissələri ilə birlikdə Yelqava şəhərini düşməndən təmizləyir. İgid həmyerlimiz Volqadan başlamış Baltikədək bütün döyüşlərdə özünü bacarıqlı zabit kimi göstərir. Təkcə 1944-cü ilin hücum döyüşləri dövründə səkkiz dəfə Ali Baş Komandanlıq tərəfindən təşəkkür almışdı. İki dəfə “Qırmızı ulduz”, üç dəfə “Qırmızı bayraq”, “Aleksandr Nevski”, ikinci dərəcəli “Suvorov”, 1-ci dərəcəli “Vətən müharibəsi” ordenləri və sayısız medallarla təltif edilmişdi. 1945-ci il yanvarın 24-də Həzi Aslanov zabitlərin müşayiəti ilə cəbhə xəttini yoxlayan zaman qəflətən onun durduğu yerdə ardıcıl olaraq mina partlayır. Yaralanmış generalı həkim-sanitar rotasına gətirirlər. Hadisənin şahidi olan 35-ci həkim-sanitar xidmətinin komandiri mayor Georgi Beqişvili qeyd edir ki, tibb məntəqəsinə gətirilən zaman Həzi Aslanov huşsuz olub. O, sağ böyrək ətrafından ağır zədə almışdı. Çoxlu qan itirən generala Beqişvili donorluq edir və onun qanını Həzi Aslanova köçürürlər. Bir qədər sonra general özünə gəlir, vəziyyəti getdikcə yaxşılaşır. Onu bizdən cəmi 900 metr aralıda yerləşən səhra hospitalına göndərmək qərara alınır. İki saat müddətində generalı səhra hospitala çatdırılır. Lakin həkimlərin səyinə baxmayaraq, Həzi Aslanovun həyatını xilas etmək mümkün olmur. Almanların tanklarını darmadağın edən Həzi Aslanov erməni məkrinin qurbanına çevrilir. O, 1945-ci il yanvarın 24-də aldığı yaralardan 23 saat sağ qalır. Onu Moskvaya aparmaq üçün təyyarə göndərilsə də, erməni general Baqramyanın əmri ilə təyyarə işə salınmır. Çoxlu qan itirən həmyerlimiz 35 yaşında həyatla vidalaşır. Ölümündən 47 il sonra - 1991-ci ildə Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilir. O, bu ada iki dəfə layiq görülən yeganə azərbaycanlıdır. Bakıdakı qəbri üzərində qəhrəmanın abidəsi ucaldılıb. 1969-cu ildə Həzinin doğulduğu Lənkəranda generalın şəxsi əşyaları, şərəfli döyüş və ömür yolunu əks etdirən fotoşəkillərin yer aldığı ev-muzeyi istifadəyə verilib, 1983-cü il mayın 8-də Lənkəran şəhərinin mərkəzində onun böyük heykəli qoyulub. Bakıdakı küçələrdən və metronun stansiyalarından biri Həzi Aslanovun adını daşıyır.

2021-01-22 00:00:00
5157 baxış

Digər xəbərlər

İmran Əhmədov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin sədr müavini seçilib

2026-cı il yanvarın 29-da Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının növbədənkənar plenumu keçirilib.  Əvvəlcə, Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, Konstitusiya quruluşunun müdafiəsi uğrunda canlarından keçmiş bütün şəhidlərin əziz xatirələri 1 dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səslənib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin sədri polkovnik Cəlil Xəlilov plenumun gündəliyini elan edib və səsə qoyub, gündəlik yekdilliklə qəbul olunub. Plenum mövcud Rəyasət Heyətinin buraxılması və yeni tərkibinin formalaşdırılması barədə qərar qəbul edib. Yeni tərkibə sədr Əfqanıstan, I Qarabağ müharibəsi və Silahlı Qüvvələr veteranı polkovnik Cəlil Xəlilov, sədr müavini Əfqanıstan, Silahlı Qüvvələr və əmək veteranı ədliyyə polkovniki İmran Əhmədov, üzvlər qismində istefada olan general-mayor Vladimir Timoşenko,  əmək və I Qarabağ müharibəsi veteranı İmran Əbilov, professor, AMEA Veteran Təşkilatının sədri, I Qarabağ müharibəsi veteranı Bədirxan Əhmədov seçiliblər. Plenum yeni tərkib Rəyasət Heyətinə təşkilatın strateji planının hazırlanmasını, təşkilatın fəaliyyətinin təkmilləşdirilməsini, Rəyasət Heyətinin sayı və tərkibi barədə növbəti plenuma qədər təkliflərini verməyi tapşırıb. Rəyasət Heyətində ilk dəfə təmsil olunan sədr müavini İmran Əhmədov göstərilən etimada görə plenum üzvlərinə təşəkkür edib, qarşıda duran vəzifə və öhdəliklərin icrası üçün əlindən gələni əsirgəməyəcəyini bildirib. Plenum işini başa vurub.  

Hamısını oxu
Cəlil Xəlilov: "Ordudakı islahatlar dövlətimizin müdafiə qüdrətini daha da artıracaq"

Aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. Dövlət başçısı müşavirədə bir çox məsələlərlə yanaşı, ordudakı islahatlara da toxunub, Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin sayının artırıldığını, bu prosesin davam etdiriləcəyini bildirib. Veteran.gov.az xəbər verir ki, bununla bağlı Azərtac-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov aparılan islahatların Azərbaycanın müdafiə qabiliyyətini daha da artıracağını vurğulayıb: “Dövlət başçısı müşavirədəki çıxışında bildirdi ki, 44 günlük Vətən müharibəsindən sonra Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin sayı artırılıb və bu proses gələcəkdə də davam edəcək. Ordudakı son islahatlarla bağlı diqqət çəkən məqamlardan biri də yeni qoşun növünün - Komando növünün yaradılması ilə bağlıdır. Ali Baş Komandan müşavirədə komandoların sayını ildən-ilə artıracağını bildirdi. Hesab edirəm ki, bu islahatlar əsasən 44 günlük Vətən müharibəsinin nəticə və gedişatından qaynaqlanır. 44 günlük Vətən müharibəsində Xüsusi Təyinatlı Qüvvələr işğalçılar üçün əsl kabusa çevrildi, erməni faşizminin məğlub edilməsində mühüm rol oynadı. Məhz bu baxımdan Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin artırılması, onların təchizatının, döyüş hazırlığının daha da yüksəldilməsinə xüsusi diqqət yetirilir. Komanda qoşun növünün yaradılması gerçəyi də məhz bu amillə əlaqədardır”. Polkovnik qeyd edib ki, Azərbaycanın maliyyə imkanları, iqtisadi gücü istər Xüsusi Təyinatlı Qüvvələrdə, istərsə də Komanda qoşun növündə xidmət edən əsgərlərin sayının artırılmasına, onların təchizatının daha da gücləndirilməsinə imkan verir: “Ali Baş Komandan açıq şəkildə qeyd etdi ki, Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin artırılması bundan sonra da həyata keçiriləcək və hərbi məsələlərin həlli üçün nə qədər maliyyə vəsaiti lazımdırsa, o qədər də vəsait ayrılacaq. Yəni hərbi məsələlərin həlli, ordudakı islahatların davam və inkişaf etdirilməsi üçün heç bir maliyyə problemi yoxdur. Dövlətimizin maliyyə imkanları, iqtisadi gücü bu islahatların dərinləşməsinə imkan verir. Bu isə o deməkdir ki, yaxın gələcəkdə biz daha güclü, daha qüdrətli orduya sahib olacağıq”.  

Hamısını oxu
“Bütün uğurlarımızın kökündə məhz Heydər Əliyev siyasi kursu dayanır”

Səmyar Abdullayev: “Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixinin ən qüdrətli nümayəndəsidir”   Bu gün Azərbaycan xalqının ümummili lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdür.   Veteran.org.az xəbər verir ki, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev Moderator.az-a müsahibəsində ulu öndərin Azərbaycan tarixindəki yeri və rolu ilə bağlı maraqlı fikirlər səsləndirib:   -Səmyar bəy, bu gün ulu öndərin anadan olmasının 98-ci ildönümüdür. Ümummili liderin Azərbaycan dövlətçiliyi baxımından tarixi rolunu qısaca necə dəyərləndirərdiniz?   -Birmənalı şəkildə qeyd edilməlidir ki, ümummili lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu, onun banisidir. Bu tarixi reallığı daha yaxşı dərk etmək üçün ötən əsrin 90-cı illərinin əvvəlinə nəzər salmaq kifayətdir.   Azərbaycan 1991-ci ildə müstəqillik əldə etsə də, bu müstəqillik olduqca kövrək idi. Bir tərəfdən ölkəmizə qarşı həyata keçirilən erməni işğalı, digər tərəfdən daxili pərkəndəlik və ciddi qarşıdurma fonunda Azərbaycanın vəziyyəti kifayət qədər ümidsiz görünürdü. Məhz belə bir zamanda xalq Heydər Əliyevə müraciət edərək onu Bakıya dəvət etdi. Çünki xalq başa düşürdü ki, belə mürəkkəb və ağır vəziyyətdən onu yalnız Heydər Əliyev çıxara bilər. Məhz Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişi ilə Azərbaycanda daxili qarşıdurmanın, vətəndaş müharibəsi təhlkəsinin qarşısı alındı. Ölkə daxilində vətəndaş həmrəyliyini, sabitlik və təhlükəsizliyi təmin edən Heydər Əliyev Ermənistanla atəşkəs sazişinin imzalanmasına, bununla da Azərbaycanın toparlanması, öz potensialını yenidən qiymətləndirməsi, əlavə güc yığmasına şərait yaratdı. Bütün bunlar Azərbaycan dövlətçiliyinin xilası baxımından atılan mühüm addımlar idi.   -Heyər Əliyevin ordu quruculuğu siyasəti ilə bağlı ən mühüm məqamlar nədən ibarətdir?   -Əminliklə demək olar ki, Azərbaycanda nizami ordu quruculuğu prosesinin əsasını məhz ümummili lider qoyub. Əslində 90-cı illərin əvvəllərində Qarabağ və ətraf rayonların itirilməsinin başlıca səbəbi ölkəmizdə vahid komandanlıqdan idarə edilən nizami ordunun olmaması idi. Həmin vaxt Ermənistanın işğalçılıq siyasətinə qarşı mübarizə yalnız özünümüdafiə batalyonları, müxtəlif şəxslər tərəfindən idarə edilən ayrı-ayrı silahlı birləşmələr tərəfindən aparılırdı ki, bu mübarizə lazımi səmərə vermirdi. Lakin Heydər Əliyev hakimiyyətə gələndən sonra bütün qanunsuz silahlı birləşmələri ləğv etdi. Özünümüdafiə batalyonları ləğv edildi və bütün bunların əsasında vahid nizami ordu formalaşdırıldı. Ordunun maddi-texniki təchizatının təmin edilməsi, döyüş hazırlığının yüksəldilməsi, onun müasir texnika ilə təmin edilməsi istiqamətində konkret addımlar atıldı. Heydər Əliyev qısa zamanda məhdud imkanlar çərçivəsində  nizami ordu formalaşdıra bildi. Bununla da torpaqlarımızın daha etibarlı müdafiəsi təmin olundu.   -Ümummili liderin iqtisadi siyasətini necə dəyərləndirirsiniz?   -İqtisadi siyasət Heydər Əliyevin bütün siyasi hakimiyyəti dönəmində diqqət mərkəzində saxladğı başlıca məsələlərdən biri olub. Çünki Heydər Əliyev yaxşı başa düşürdü ki, güclü dövlət güclü iqtisadiyyat tələb edir. Yalnız güclü iqtisadiyyat yaratmaqla güclü dövlət formalaşdırmaq, onun digər müstəvilərdəki maraqlarını qorumaq mümkündür. Məzh bu səbəbdən də iqtisadi sahədə böyük islahatlar həyata keçirən Heydər Əliyev, özəl sektorun inkişafı, müasir istehsalar sahələrinin yaradılması, o cümlədən sovet dönəmindən qalan istehsalat müəssisələrinin fəaliyyətinin yenidən bərpa edilməsi istiqamətində  ciddi addımlar atdı. Lakin Heydər Əliyevin Azərnbaycan iqtisadiyyatı qarşısındakı ən böyük xidməti, heç şübhəsiz “Əsrin müqaviləsi”nin imzalanması oldu. Dünyanın aparıcı neft şirkətləri ilə imzalanan bu müqavilə sadəcə Azərbaycanın iqtisadi inkişafına təkan vermədi. Bu müqavilə həm də ölkəmizin siyasi müstəqilliyini möhkəmləndirdi, maddi təminatının əhəmiyyətli dərəcədə yaxşılaşdırdı. “Əsrin müqaviləsi” mahiyyət etibari ilə dövlətimizin həyatında yeni bi səhifə açdı.   -Səmyar bəy, Heydər Əliyevin ən böyük arzusu işğaldakı torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün təmin edilməsi idi. Hansı ki, onun bu arzusu prezident İlham Əliyev tərəfindən gerçəkləşdirildi. Sizcə Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun əldə etdiyi bu zəfəri ulu öndəin ad gününə ən qiymətli hədiyyə hesab etmək mümkündürmü?   -Şübhəsiz! Erməni işğalı altındakı torpaqlarımızın azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünü təmin olunması Heydər Əliyevin ən böyük arzusu idi. Heydər Əliyev bütün beynəlxalq konfranslarda Ermənistanın işğalçılıq siyasətinə, hərbi cinayətlərinə diqqət çəkir, beynəlxalq təşkilatları, dünyanın aparıcı dövlətlərini işğalçıya təzyiq göstərməyə çağırırdı. Heydər Əliyev haqlı olaraq qeyd edirdi ki, Ermənistanın işğal siyasəti bütün regionda sülhə və təhlükəsizliyə ən böyük təhdiddir.   Ancaq məlum olduğu kimi, beynəlxalq təşkilatların, iri dövlətlərin ikili siyasəti səbəbi ilə o zaman işğal edilən torpaqları azad etmək mümkün olmadı.  Heydər Əliyevin başlatdığı bu tarixi missiya möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən başa çatdırıldı. 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusu işğalçını darmadağın edərək ərazi bütövlüyümüzü təmin etdi. Ermənistan 10 noyabr 2020-ci il tarixində hərbi kapitulyasiyaya bərabər təslimçilik sazişini imzalama məcbur oldu. Bununla da 30 illik problem öz həllini tapdı, Azərbaycan erməni işğalına son qoydu.   Mən bu məsələ ilə bağlı bir məqamı da xüsusi qeyd etmək istəyirəm. Yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycanda vahid nizami ordu quruculuğunun əsasını məhz Heydər Əliyeb qoyub. Hələ sovet dönəmində Azərbaycanda hərbi liseyin açılmasına, minlərlə azərbaycanlının keçmiş SSRİ-nin müxtəlif hərbi məktəblərində təhsil almasına, milli hərbi kadrların hazırlanmasına nail olan Heydər Əliyev, bununla müstəqil Azərbaycan ordusu üçün ciddi baza formalaşdırmış oldu. Hansı ki, sonrakı dönəmlərdə prezident İlham Əliyev tərəfindən inkişaf etdirilən ordu qurucluğu siyasəti nəticə etibari ilə 8 noyabr Zəfər Gününə gətirib çıxardı. Əsası Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi altında tarixi zəfərə nail oldu. Bu isə o deməkdir ki, 44 günlük Vətən müharibəsi nəticəsində əldə edilən Böyük Zəfərdə Heydər Əliyevin də böyük payı var və biz buna görə də ulu öndərə hər zaman minnətdar olacağıq.   Seymur ƏLİYEV

Hamısını oxu
Bir axtarışın qürur verici nəticəsi.

  Bizə müraciət edən hər bir vətəndaşın razılıq və təşəkkür hissləri fəaliyyətimizin əsasını təşkil edir. Hər bir axtarışın nəticəsi və razı qalan vətəndaşların minnətdarlığı bizə qürurvericidi. 08 iyul 2026-cı il tarixdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının elektron poçtuna  Ukrayna Respublikasında yaşayan Orudcov Eduard Hümbət oğlu müraciət edərək babası, Böyük Vətən müharibəsi iştirakçısı Orudcov Qarakişi Hümbət oğlu barədə məlumat toplamağı xahiş etmişdir. Axtarış nəticəsində müəyyən olunan məlumatlar Orudcov Eduard Hümbət oğluna göndərildi:   Orudcov Qarakişi Hümbətovic 1903-cü il təvəllüdlü Zərdab r-nu, Əlvənd kəndində doğulub. Siravi əsgər, 1337 dağ-atıcı alayın 318 dağ-atıcı diviziyada və 1275 atıcı alayın 387 atıcı diviziyasıda döyüşmüş. «Böyük Vətən müharibəsində Almaniya üzərində Qələbəyə görə», "Hərbi xidmətlərə görə” və 2 dəfə «İgidliyə görə” medallarla təltif olunmuşdur. Təltif vərəqəsində (aşağıda) Böyük Vətən müharibəsində göstərdiyi igidlikləri barədə məlumat verilib: “Krım yarımadasının azad edilməsi uğrunda döyüşlərdə iştirak edib. Üç dəfə yaralanıb. Kerç yarımadasında alman müdafiə səddinin yarılması zamanı 11.04.1944 il tarixdə yüngül (əl) pulemyotu ilə beş alman əsgərini məhv edib. 24 aprel 1944-cü ildə Sapun dağına hücum zamanı yüngül (əl) pulemyotla səkkiz alman əsgər və zabitini öldürüb. 10 may 1944-cü ildə Sevastopol uğrunda küçə döyüşləri zamanı tüfənglə düşmənin pulemyot mövqelərini məhv edib.” İkinci Dünya Müharibəsi cəbhələrində Azərbaycan oğullarının şücaəti, qəhrəmanlığı və igidliyi, eləcə də arxa cəbhədəki insanların fədakar əməyi yaddaşımızda əbədi qalacaq. Təqdirə layiqdir ki, İkinci Dünya müharibəsi veteranlarının nəvələri öz babaları barədə məlumat toplayıb gələcək nəslə - öz nəvələrinə, nəticələrinə ötürür.   Orudcov Eduard Hümbət oğlunun təşəkkür məktubunu dərc edirik. Уважаемые господа!  От всей души благодарю Вас за ваш труд и доброту! Трудно передать те чувства, которые я испытываю глядя на документы, которые вы любезно предоставили в моё распоряжение. Это какое-то волшебство.  Я был ребенком когда мой дедушка покинул этот мир. Я запомнил его очень добрым, спокойным, трудолюбивым человеком, обожающим детей. Я знал, что дед воевал.  Теперь, когда я сам уже дед, мне просто необходимо иметь больше информации о его жизни. Думаю, что очень важно, чтобы потомки знали побольше о нём, о нашем Герое.  Невозможно представить себе, что чувствовал человек, уезжая из родного дома, оставляя жену и детей (моему отцу в июне 1941 не исполнилось даже 2 лет). Уезжал в армию, в которой говорили на другом языке и кормили непривычной едой. Я не понимаю как сорокалетний человек, который всю жизнь работал в поле, справлялся с тяжёлым пулемётом. Наши деды были какими-то сверх людьми.  На мне большая ответственность: я ношу фамилию и отчество моего предка-Героя. Приложу все усилия, чтобы память о нём осталась у потомков. Огромное спасибо Вам!   Старший сержант  Эдуард Гумбатович Оруджев.  

Hamısını oxu