Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Mehriban xanımın Türkiyədəki faciəyə həssas mövqeyi xalqımızın mənəvi dəyərlərinin göstəricisidir”

“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Türkiyədəki zəlzələdən zərərçəkənlərə göstərdiyi yardımlar, zəlzələ qurbanları ilə bağlı etdiyi paylaşımlarla hər dəfə olduğu kimi bu dəfə də xalqımızın humanizm simvolu, onun səsi, harayı oldu”.

Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.

Təşkilatın sədr müavini qeyd edib ki, zəlzələnin ilk anından etibarən həm Prezident İlham Əliyev, həm də Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyənin yanında olub, qardaş ölkəyə çoxsaylı humanitar yardımların göndərilməsini təmin edib: “Türkiyədə zəlzələ baş verən zaman qardaş ölkənin harayına ilk olaraq yetişən dövlət Azərbaycan oldu. Həm Prezidentimiz, həm də Birinci vitse-prezidentimiz Türkiyədəki zəlzələni ilk andan etibarən diqqət mərkəzində saxladı, zəlzələdən zərərçəkənlərə zəruri köməyin göstərilməsini təmin etdi. Fevralın 6-dan etibarən göstərilən yardımlar bu gün də davam etməkdədir. Heydər Əliyev Fondu tərəfindən zəlzələdən zərərçəkənlərə tibbi ləvazimatlar, isti geyimlər, oksigen maskaları və digər zəruri yardımlar göndərilib ki, bu da zərərçəkənlərin sağlamlığının qorunması, yeni itkilərin qarşısının alınması baxımından həyati əhəmiyyətə malikdir.

Mehriban xanım bütün bu müddət ərzində qardaş Türkiyə ilə mənəvi baxımdan da ciddi həmrəylik sərgilədi. Türkiyənin tək olmadığını, Azərbaycan xalqının hər bir fərdi ilə Türkiyənin yanında olduğunu diqqətə çatdırdı. Eyni zamanda, məlum paylaşımında Türkiyə dövlətinə, Türk xalqına, onun gücünə və böyüklüyünə olan inamını da ifadə etdi. Qeyd etdi ki, türk xalqı öz iradəsi və mətinliyi sayəsində bu sınaqdan da çıxacaq”.

Polkovnik bildirib ki, yanvarın 6-dan bu günədək ölkəmizdəki bütün iri şirkətlər də Türkiyədəki zəlzələdən zərərçəkənlərə yardım etmək məqsədilə müxtəlif kampaniyalar təşkil edib, ciddi addımlar atıblar: “Qürurvericidir ki, dövlət başçısının və Mehriban xanım Əliyevanın sərgilədiyi mövqeyə uyğun olaraq ölkəmizdəki demək olar ki, bütün iri şirkətlər, təşkilat və müəssisələr də qardaş Türkiyəyə yardım kampaniyasında yaxından iştirak etdi. Türk xalqının yanında olduqlarını əməli surətdə qardaş ölkədəki qardaş-bacılarımızın diqqətinə çatdırdı. Bu cür şirkətlərdən biri də “PAŞA Holding” oldu. “PAŞA Holding” və onun törəmə şirkətləri zəlzələdən zərər çəkmiş şəxslərə dəstək olmaq məqsədilə Türkiyənin iki önəmli yardım fonduna – AHBAP-ın və Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) hər birinə 500 min dollar olmaqla ümumilikdə 1 milyon dollar ianə etdi. “PAŞA Holding” zəlzələ ilə bağlı verdiyi açıqlamada türk xalqı ilə mənəvi baxımdan da həmrəylik sərgilədi, xoş məramını ortaya qoydu”.

Cəlil Xəlilov vurğulayıb ki, Mehriban xanım Əliyevanın zəlzələdən zərərçəkənlərə göstərdiyi dəstək, həm də xalqımızın, Azərbaycan insanının qardaş Türkiyəyə sevgisinin, humanist dəyərlərə bağlılığını əks etdirir: “Mehriban xanım Əliyevanın Türkiyədəki faciə ilə bağlı ortaya qoyduğu həssas və humanist mövqe, həm də bütün Azərbaycan xalqının mənəvi dəyərlərinin göstəricisidir. Mehriban xanım zəlzələdən zərərçəkənlərə göstərdiyi humanist mövqe, sevgi və qayğı ilə göstərdi ki, xalqımız türk xalqının yanındadır və sona qədər də yanında olacaq.

Hörmətli Mehriban xanımın zəlzələdən zərərçəkənlərlə bağlı sərgilədiyi mövqe xalqımızın həm də ümumbəşəri dəyərlərə, insani prinsiplərə nə qədər dərindən bağlı olduğunu göstərdi. Bu baxımdan, Mehriban xanım hər zaman olduğu kimi bu dəfə də Azərbaycan xalqının səsi, onun görən gözü, eşidən qulağı, sevgi dolu qəlbi oldu”.

Təşkilatın sədr müavini deyib ki, Türkiyədəki zəlzələdə zərərçəkənlərə dəstək verən hər bir fərdin fəaliyyəti də Mehriban xanım tərəfindən yüksək qiymətləndirilməkdədir: “Azərbaycan xalqı hər bir fərdi ilə qardaş Türkiyənin yanındadır və zəlzələdən zərərçəkənlərə xilasedicilərlə, həkim heyəti ilə, malı və canı ilə yardım göstərməkdədir. Bütün bu insanların fəaliyyəti Mehriban xanım tərəfindən təqdir edilməkdə, yüksək qiymətləndirilməkdədir. Bu faktın özü xalqımızın Prezidentindən, Birinci vitse-prezidentindən tutmuş sıradan insanına qədər eyni mənəvi dəyərləri bölüşdüyünü, hər kəsin qəlbinin qardaş Türkiyə sevgisi ilə eyni hərarətlə döyündüyünü göstərir. Mən zəlzələdə həlak olanlara Allahdan rəhmət diləyir, yaralılara şəfa arzulayıram. Azərbaycan xalqı Türkiyənin yanındadır və hər zaman da yanında olacaq”.

 

2023-02-13 09:58:00
985 baxış

Digər xəbərlər

Qəhrəmanlar unudulmur

Yavər Əliyev: Səmamızın şahini 44 günlük Vətən Müharibəsində tarixi qələbəyə imza atan ölkəmizdə min illər boyu qəhrəmanlıq tarixini yaradan igidlər olub. Onlardan biri də Birinci Qarabağ Müharibəsinin Şəhidi, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Yavər Yaqub oğlu Əliyevdir. 1956-cı il iyunun 27-də Bakı şəhərində anadan olan Yavər Əliyev Pirallahı adasında 235 saylı orta məktəbdə təhsilini başa vurduqdan sonra Kremençuq Mülki aviasiya uçuş məktəbinə daxil olmuşdur.1977-ci ildə məktəbi müvəffəqiyyətlə bitirmişdir. Elə həmin il Zabrat aviabirliyində pilot kimi fəaliyyətə başlamışdır. Öncə o, Mi-2 helikopterinin pilotu, daha sonra Mi-8 helikopterinin ikinci dərəcəli pilotu kimi xidmət etmiş, sonradan həmin helikopterin komandiri olmuşdur. Sonra isə yüksək peşəkarlıq və müsbət şəxsi keyfiyyətlərinə görə, Zabrat Aviasiya dəstəsinin uçuş heyətinin komandiri təyin edilmişdir. Ötən əsrin 90-cı illərində hər bir Azərbaycan vətəndaşı Vətən qarşısında imtahana çəkildi. Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hər kəsi bir şüar altında birləşdirdi: Ana Vətən çağırır! Yavər Əliyev Həzi Aslanov, Mehdi Hüseynzadə, İsrafil Məmməov, Məzahir Abbasov, Züleyxa Seyidməmmədova, Fatma Səttarova kimi qəhrəmanların vətənində doğulmuşdu. Vətən torpaqlarının müdafiəsi uğrunda 1941-45-ci illərdə qəhrəmanlıq tarixi yaradan bu igidlərin yolunu davam etdirmək Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün Yavər Əliyev kimi igidlər arxa cəbhəni ön cəbhəyə dəyişdilər.Zabrat Aviasiya dəstəsinin uçuş heyətinin komandiri könüllü olaraq helikopterin sükanı arxasına keçərək ön cəbhəyə yollanmaq qərarı alır. Bu elə bir dövr idi ki, erməni daşnakları dəstək aldıqları ölkələrin hərbi qüvvələri ilə Qarabağda, Şərqi Zəngəzurda qanı su yerinə axıdırdılar. Təşkilatçılıq məharətinə, döyüş qabiliyyətinə, yüksək peşəkarlığına görə milli aviatorlar arasında xüsusi nüfuz qazanan Yavər Əliyev hərbi helikopterin birinci eskadrilasının komandiri kimi mülki aviasiyasının peşəkar aviatorları Zakir Yusifovu, Zakir Məmmədovu, Xanlar Səmədovu, Firuz Cəlilovu, Faiq Məmmədovu və digər qəhrəman pilotlardan ibarət peşəkar döyüş kollektivi formalaşdıraraq hərbi aviasiyanın qurulmasına töhfə verir.Ağdam və Şuşa istiqamətində mövcud olan kəndlər arasında hava körpüsünün salınmasına nail olan Yavər Əliyev və onun peşəkar pilotları on minlərlə soydaşımızı ölüm təhlükəsindən, məhv olunmadan xilas edir. Hərbi hissələrə silah – sürsat daşınmasında, ərzaq təminatının təşkilində də xüsusi xidmətlər göstərir. Yavər Yaqub oğlu Əliyev qəhrəmanlıq tariximizə yazılan döyüş uçuşları ilə igidliyini, cəsurluğunu, Vətənə sonsuz məhəbbətini sübut edir. Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyevin, qüdrətli ordumuzun iradəsi ilə işğaldan azad edilən Qarabağda, Zəngəzurda 1990-1992-ci illərdə Mİ-24 helikopteri ilə döyüş uçuşları həyata keçirən, düşmən mövqeyinə zərbələr endirən, növbəti döyüş əməliyyatını 1992-ci il fevralın 29-da yerinə yetirərkən Şəhidlik zirvəsinə yüksələn Yavər Yaqub oğlu Əliyev elə həmin il ölümündən sonra “Azərbaycanın Respublikasının Milli Qəhrəmanı” adına laiq görülür. Yavər Əliyev qəhrəmanlıq tarixini səmada, göy üzündə yazdı. Ölümü ilə ölümsüzlüyə qovuşdu. Düşmənlərə sübut etdi ki, Yavər kimi igidləri olan Azərbaycan xalqı canından keçər, bir qarış torpağından keçməz. 44 günlük Vətən müharibəsi bu həqiqəti dünyaya sübut bir daha bəyan etdi. Milli Qəhrəmanımızın adı çox yerlərdə, ünvanlarda əbədiləşib. Təhsil aldığı Pirallahı adasındakı 235 saylı orta məktəb onun adını daşıyır. Sabunçu və Xətai rayonlarında adını daşıyan küçələr mövcuddur. Övladları onun yolunu davam etdirir. Yavər Yaqub oğlu Əliyev Qəhrəmanlıq dastanını al qanı ilə yazdı. Şəhidlik zirvəsinə ucaldı. Vətən sevgisindən uca heç nəyin olmadığını sübut etdi. Şəhidliyə qovuşmasından 28 il sonra uğrunda qan töküb can verdiyi Qarabağ Şərgi Zəngəzur işğaldan azad olundu.30 il öncə Yavər Əliyev və pilotları yerli sakinləri düşməndən xilas etmək üçün təxliyə edirdilər. İndi Bakıdan Qarabağa köç başlayıb. Qarabağ tikilir, qurulur, dirçəlir. Qarabağın müxtəlif  bölgələrində hava limanları istifadəyə verilir. Azərbaycan bayrağı  həkk edilən təyyarələr, helikopterlər Azad Qarabağın, Şərqi Zəngəzurun Azad Səmasında qanad çalır. Yavər Əliyev kimi igidlərin, qəhrəmanların ruhunu şad edir.

Hamısını oxu
Hərbi prokuror Daxili Qoşunların hərbi hissəsində görüş keçirib

Veteran.gov.az xəbər verir ki, Hərbi prokuror Bəhruz Əhmədov Daxili Qoşunların rəhbər vəzifəli şəxsləri ilə birlikdə hərbi hissədə hərbi qulluqçularla görüş keçirib. Görüşün əvvəlində Ümumi Lider Heydər Əliyevin büstünün və Şəhidlər abidəsinin önünə gül dəstələri düzülərək, əziz xatirələri dərin ehtiramla yad edilib. Tədbirdə Daxili İşlər Nazirinin müavini – Daxili Qoşunların Komandanı, general-leytenant Şahin Məmmədov çıxış edərək bildirib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ali diqqət və qayğısı sayəsində Daxili Qoşunların maddi-texniki bazası, hərbi qulluqçuların məişət şəraiti yaxşılaşdırılıb, hərbi hissələr ən yüksək beynəlxalq standartlara uyğun olan texnika, xüsusi vasitələr və rabitə sistemləri ilə təchiz edilib. Bunun nəticəsində Daxili Qoşunlar qarşıya qoyulan istənilən döyüş tapşırığını keyfiyyətlə yerinə yetirməyə qadir olan peşəkar birləşməyə, sabitliyin təminatçılarından və dövlətçiliyin dayaqlarından birinə çevrilib. Daxili Qoşunların şəxsi heyətinin Vətən müharibəsi və Antiterror əməliyyatında iştirakı, 4 hərbi qulluqçunun “Vətən müharibəsi qəhrəmanı” adına layiq görülməsi barədə geniş məlumat verilərək, bundan sonra da respublikamızda asayişin, daxili təhlükəsizliyin, vətəndaşların və dövlətin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında səy və bacarıqlarını əsirgəməyəcəkləri vurğulanıb. Hərbi prokuror görüş zamanı hərbi qulluqçulara nizam-intizamın artırılması ilə bağlı zəruri tövsiyə və tapşırıqlarını verib. Tədbirin sonunda xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim olunub və xidməti fəaliyyətdə uğurlar arzulanıb.

Hamısını oxu
Beş ildir ki, hər ilin 27 sentyabrında Azərbaycan xalqı başı dik, qürurla və ehtiramla şəhidlərini yad edir.

Yenixeber.org: Bu tarix bir xalqın əsrlərlə davam edən ədalətsizliyə qarşı hayqırtısı, torpaq həsrətinə son qoymaq üçün bir millətin ayağa qalxdığı gündür. 27 sentyabr 2020-ci il Azərbaycanın müasir tarixində dönüş nöqtəsidir. Məhz bu gündən etibarən xalqımız 30 ilə yaxın davam edən erməni işğalına "yetər!" dedi və tariximizin ən şanlı səhifələrindən birini yazmağa başladı. Vətən müharibəsində canını torpaq uğrunda fəda edən oğulların qəhrəmanlığı bu günü həm kədər, həm də qürur günü kimi yaddaşlara həkk etdi. Azərbaycan xalqı bu gündə 44 gün boyunca döyüş meydanında qanı və canı ilə tarix yazan qəhrəman Vətən oğullarının xatirəsini sonsuz ehtiramla anır. Bu gün eyni zamanda, 200 ildən artıq davam edən erməni təcavüzkarlığına və düşmənçiliyinə verilən ən qəti və ədalətli cavabın rəmzidir. Bu tarix həm də bütün dünyaya, xüsusən də düşmənlərimizə Azərbaycanın gücünü, əsgərinin şücaətini, xalqının birliyini və dövlətin iradəsini nümayiş etdirdi. Bir sözlə, 27 Sentyabr Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida!” sözlərinin gerçəyə çevrildiyi, xalqın bu amal uğrunda bir yumruq kimi birləşdiyi gündür.2020-ci il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı başladığı növbəti hərbi təcavüzə cavab olaraq Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsinə başladı. Artıq səbirlər tükənmişdi. Hər kəs o günü, Müzəffər Ali Baş Komandanın əmrini gözləyirdi. Otuz il davam edən beynəlxalq riyakarlıq, ikili standartlar, münaqişənin nizamlanması üçün yaradılmış Minsk Qrupunun nəticəsiz fəaliyyəti, kağız üzərində qalan beynəlxalq qətnamələr və Ermənistanın bu illər ərzində ərazilərimizdə törətdiyi təxribatlar, təmas xətti boyunca dinc əhalimizə atəş açması xalqın səbr kasasını doldurmuşdu.2016-cı ilin Aprel döyüşləri, 2020-ci ilin Tovuz döyüşləri və sentyabrın 27-də ölkəmizə qarşı başlanan növbəti təcavüz bir daha bütün dünyaya göstərdi ki, Azərbaycan bu işğalla heç vaxt barışmayacaq. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzə son qoymaq məqsədilə Ali Baş Komandan İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. Beləliklə, rəşadətli Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü, tarixi ədaləti və beynəlxalq hüququ bərpa etmək üçün silaha sarıldı. Ali Baş Komandanın döyüş əmri bizi Qarabağ arzumuza yaxınlaşdıran tarixi günün başlanğıcı oldu. O gün millətin daxilində illərlə yığılıb qalan döyüş ruhu və birlik hissləri sanki vulkan kimi püskürdü. Dövlət başçısının xalqa müraciətində dediyi “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” sözləri əsgərimizin döyüş əzmini daha da gücləndirdi.Bəli, xalqın çoxdan gözlədiyi gün gəlmişdi. “Vətən bizi çağırır!” deyərək könüllü cəbhəyə yollanan gənclərin üzlərində sevinc, gözlərində isə qisas hissi vardı. Vətən uğrunda şəhidliyi mükafat olaraq qəbul edən Azərbaycan oğulları 44 gün ərzində necə döyüşdüklərini, Vətən borcuna necə sadiq olduqlarını bütün dünyaya nümayiş etdirdilər. Döyüş meydanında da, arxa cəbhədə də hər kəs bir məqsədə xidmət edirdi: Rəhbər, ordu və xalq birliyi. Bu isə Vətən müharibəsində qələbəni şərtləndirən əsas amil oldu. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə gecə-gündüz çalışan mülki insanlar və bütövlükdə xalqımızın iradəsi, bir yumruq kimi birləşməsi düşmənə sarsıdıcı zərbələr endirdi. Qan-qadasız, itkisiz müharibə olmur. Hər qazanılan zəfərin arxasında qəhrəman şəhidlərin qanı var. Torpaq şəhidlərin qanı ilə Vətən olur. Bu mənada xalq oğullarını necə təntənə ilə cəbhəyə yola salırdısa, şəhidlərini ondan da böyük izdihamla qarşılayırdı. Üçrəngli bayrağımızı öpüb bağrına basan, “Vətən sağ olsun” deyən neçə-neçə mətanətli şəhid valideyni gördük. Bütün dünya Azərbaycan əsgərinin şücaətinə şahidlik etməklə yanaşı, “Ermənistanın güclü ordusu var”, “erməni xalqı döyüşkən xalqdır” kimi miflərin sadəcə uydurma olduğunu da anladı. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, bayrağımızı işğaldan azad edilən torpaqlarda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq Prezident İlham Əliyevin 27 sentyabrın Anım Günü kimi qeyd olunması ilə bağlı imzaladığı Sərəncam şəhidlərimizə və onların doğmalarına ali ehtiramın göstəricisidir. Qarabağda tarix yazan Vətən oğullarına vəfa borcumuz isə hər gün, hər an davam edir. Unutmamalıyıq ki, bu gün Qarabağa Böyük Qayıdışın sevinci onların sayəsindədir. Bu gün viran qalmış yurd yerlərimizdə yanan işıqlar öz nurunu şəhid ruhlarından alır. Qəhrəman Azərbaycan əsgərinin ayaq izlərinin açdığı cığırla başlayıb doğma Şuşamıza uzanan möhtəşəm Zəfər yolu onların əsəridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə azad olunmuş torpaqlarda bu gün çoxşaxəli layihələr həyata keçirilir. 1990-cı illərdə yenicə müstəqilliyini əldə etmiş Azərbaycan Ermənistanın təcavüzü ilə üz-üzə qalmış, daxildə isə siyasi çəkişmələr, dövlətçiliyə təhlükə yaradan qüvvələr ölkəni uçuruma aparırdı. Belə bir zamanda xalqın israrlı tələbi ilə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı vəziyyəti sabitləşdirdi, vətəndaş müharibəsinin qarşısını aldı. Xalqımızın qarşısında duran növbəti böyük hədəf torpaqlarımızın işğaldan azad edilməsi idi. Amma ermənipərəst güclər bu məsələnin həllini sonsuzadək uzatmağa çalışırdı. ATƏT-in Minsk qrupu 28 il ərzində sadəcə bölgəyə turist kimi səfərlər etməklə işlərini bitmiş hesab edirdilər. Məqsədləri münaqişəni Ermənistanın xeyrinə dondurmaq idi. Nəhayət, 2020-ci ilin Vətən müharibəsində Azərbaycan özü ədaləti bərpa etdi. BMT Təhlükəsizlik Şurasının yerinə yetirilməyən 4 qətnaməsi hərb meydanında reallığa çevrildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Ağdam, Laçın və Kəlbəcər bir güllə atılmadan azad olundu. 2023-cü ilin sentyabrında 23 saatlıq antiterror tədbirləri ilə separatizmə son qoyularaq dövlət suverenliyimiz tam təmin edildi. Bu qələbə ilə Cənubi Qafqazda yeni reallıqlar formalaşdı. Təhlükəsizlik, dayanıqlı sülh və əməkdaşlıq üçün zəmin yarandı. Bütün bunlar Prezident İlham Əliyevin 22 illik qətiyyətli siyasəti, sərrast diplomatiyası və xalqın dəstəyi ilə mümkün oldu. Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən bir nömrəli vəzifə kimi torpaqlarımızın işğaldan azad edilməsini və məcburi köçkünlərin doğma yurdlarına qayıdışını qarşısına məqsəd qoydu. Həmin vaxtdan etibarən milli maraqlarımızın təmin olunması uğrunda məqsədyönlü və uzaqgörən siyasət yürüdən qalib lider İlham Əliyev dünya gücləri ilə bərabər səviyyədə mübarizə apararaq Azərbaycanı bütövləşdirdi. Beləliklə, o, həm də Ulu Öndər Heydər Əliyevin vəsiyyətini gerçəkləşdirdi.  İlham Əliyevin rəhbərliyi ilə Şuşaya, Xankəndiyə, Kəlbəcərə, Laçına qayıdış sadəcə torpağa deyil, kimliyə, tarixə və milli qürura qayıdış oldu. Xankəndidə beynəlxalq və yerli media nümayəndələri ilə keçirilən görüş zamanı Prezident İlham Əliyev bu müqəddəs vəzifənin onun üçün hansı əhəmiyyət daşıdığını belə ifadə etdi: “Əgər bilsəydim ki, torpaqları geri qaytara bilməyəcəyik, biz bəlkə də daha 17 il gözləyəcəkdik, sonra yenə 17 il. O zaman artıq mən olmayacaqdım və bu, vacib olmayacaqdı. Mən mənəvi baxımdan hazır idim ki, bunu kimsə başqa biri edəcək. Amma başa düşürdüm ki, əgər mən etməsəm, yəqin ki, bunu heç kim edə bilməz. Bu, bəlkə də çox iddialı səslənə bilər, amma bu, sadəcə, mənim fikirləşdiyim idi və xatirələrimi bölüşürəm. Qələbəmiz ədalətli və tam bir qələbədir. Bu Qələbə göstərdi ki, ədalət var, sadəcə, ona nail olmaq lazımdır. Bu ədaləti əldə etmək üçün hər gün işləmək, hər gün qələbəyə yaxınlaşmaq lazımdır. Ən vacib amil isə cəmiyyətin həmrəyliyidir. Həmrəyliyin Prezident, Ali Baş Komandan olaraq mənə verdiyi mənəvi güc çox böyük idi. Əmin idim ki, xalq mənim arxamda dayanacaq. Bu da yəqin ki, həlledici amillərdən biri oldu.” Bu fikirlər artıq tarixin yaddaşına yazıldı. Hər günü bir dastan, hər anı bir qəhrəmanlıq salnaməsi olan bu müharibə, Azərbaycan tarixinin ən şanlı və ən möhtəşəm səhifələrindən biri kimi əbədi yaddaşlara həkk olundu. O səhifələr şəhidlərimizin müqəddəs qanı, qazilərimizin rəşadəti, xalqımızın sarsılmaz iradəsi və ən əsası, qalib sərkərdəmiz, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti ilə möhürləndi. Prezident İlham Əliyev bir millətin 30 illik həsrətinə, Qarabağ dərdinə son qoydu. O, yalnız torpaqları deyil, xalqın ümidini, ləyaqətini, milli kimliyini geri qaytardı. Şuşaya qayıdışı ilə xalqın mədəni ruhunu dirçəltdi, Xankəndini azad edərək ədaləti bərpa etdi, Laçını və Kəlbəcəri isə sülh yolu ilə, siyasi iradə və qətiyyətlə geri aldı. Bu tarixi ədalətə, əzəli həqiqətə, xalqın milli heysiyyatına qayıdış idi. Bu, zamanın axarında pozulmağa çalışılan yaddaşın bərpası, milli ruhun yenidən doğuluşu idi. Bu gün artıq Qarabağda həyat bərpa olunur. İllərlə viran qalan şəhərlər yenidən dirçəlir. Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Şuşa və digər bölgələrdə yollar çəkilir, məktəblər, xəstəxanalar, evlər inşa olunur. Qarabağda həyat var, çünki artıq orada Azərbaycan əsgəri var, Azərbaycan bayrağı dalğalanır, Azərbaycan xalqı öz doğma yurduna qayıdır. Bu gün Qarabağda yanan hər bir işıq, əsən hər bir bayraq, atılan hər bir bərpa addımı bir daha sübut edir: Qarabağ Azərbaycandır! Bu, artıq sadəcə bir şüar deyil bu, tarixdir, bu, gerçəkdir, bu, xalqın qələbə salnaməsidir! Azərbaycan xalqı bu Zəfəri unutmur və heç zaman unutmayacaq. Qalib Ordumuzun, şəhidlərimizin və Müzəffər Ali Baş Komandanın yazdığı bu şanlı tarix hər birimizin mənəvi borcudur yaşatmalı, gələcək nəsillərə ötürməliyik. Çünki bu Zəfərin müəllifi  xalqı ilə birgə bir yumruq kimi birləşərək tarix yazan, iradəsi ilə torpaqları azad edən, sarsılmaz liderliyi ilə düşmənə diz çökdürən Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Cəlil Xəlilov Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu
Belarus prezidenti polkovnik Cəlil Xəlilovu təltif edib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Belarus prezidenti Aleksandr Lukaşenko adından təltif edilib.  Təntənəli təltifetmə mərasimində Belarusun faşizm işğalından azad edilməsinin 80 illik yubiley medalı Belarusun  ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri Ravkov Andrey Alekseyeviç tərəfindən polkovnik Cəlil Xəlilova təqdim edilib. Polkovnik Belarus və Azərbaycan arasındakı tarixi dostluq münasibətlərinin inkişafına verdiyi töhfəyə, o cümlədən faşizmə qarşı mübarizə aparan qəhrəmanların təbliğindəki çoxillik və səmərəli xidmətlərinə görə bu medala layiq görülüb. Onu da qeyd edək ki, polkovnik Cəlil Xəlilov cari ilin 3 iyul tarixində Belarusda  keçiriləcək beynəlxalq konfransda iştirak edəcək, İkinci Dünya müahribəsində Belarusun faist işğalından azad edilməsində azərbaycanlıların rolu haqqında bu ölkədə silsilə görüşlər keçirəcək, Belarus ictimaiyyətinə ətraflı məlumat verəcək. Seymur ƏLİYEV   

Hamısını oxu