Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Heydər Əliyev və Azərbaycanın Milli Təhlükəsizliyi” mövzusunda konfrans keçirilib

Veteran.gov.az 3 mart 2023-cü il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycanın Milli Təhlükəsizliyi” mövzusunda konfrans keçirilib. Konfrans iştirakçıları əvvəlcə Ulu öndərin büstünü ziyarət edib, büstün önünə gül dəstələri qoyublar. Daha sonra konfrans iştirakçıları Heydər Əliyev guşəsində təşkil edilən kitab sərgisi ilə tanış olublar. Sərgidə Ulu öndərin həyat və fəaliyyətindən bəhs edilən onlarla kitab sərgilənib. Konfransdan öncə Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsindən sonra konfransı açıq elan edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov, Ulu öndərin Azərbaycanın milli təhlükəsizliyinin təmini istiqamətindəki tarixi xidmətlərinə diqqət çəkib. Cəlil Xəlilov qeyd edib ki, Ulu öndər dövlətimizin təhlükəsizliyini təmin etməklə yanaşı, milli təhlükəsizlik sahəsində peşəkar kadrların hazırlanması, milli ideyaların daşıyıcısı olan ziyalıların sovet repressiyasından qorunması istiqamətində də mühüm addımlar atıb. Daha sonra çıxış edən Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov Ümummili liderin ölkə həyatının bütün sahələrində olduğu kimi, milli təhlükəsizlik sahəsində də böyük işlər həyata keçirdiyini vurğulayıb. Əli Pənahov qeyd edib ki, Heydər Əliyevin milli təhlükəsizlik siyasəti xalqımızın və dövlətimizin təhlükəsizliyinin etibarlı şəkildə təmin olunmasına ciddi töhfə verib, bu müstəvidə yeni və mütərəqqi ənənələrin formalaşmasına səbəb olub. Hansı ki, bu ənənələr bu gün də yaşadılmaqda, inkişaf etdirilməkdədir. Əli Pənahov qeyd edib ki, Azərbaycan xalqı var olduqca Heydər Əliyev də var olacaq, əbədi yaşayacaqdır. Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyanın rəisi v.m.i.e. polkovnik-leytenant Elşad Nəsirov, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri professor İsaxan Vəliyev, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyinin üzvü Elşad Həsənov, hüquqşünas Şəmsəddin Əliyev çıxış edib, Ulu öndərin milli təhlükəsizlik sahəsindəki xidmətlərinə diqqət çəkiblər. Tədbirin sonunda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova çıxış edib. Təşkilat sədri Heydər Əliyevlə bağlı xatirələrini dilə gətirib, universitet illəri ilə bağlı maraqlı məqamlardan söhbət açıb. Ulu öndərin həyat və fəaliyyətinin hər bir azərbaycanlıya örnək olduğunu qeyd edən Fatma Səttarova, onun irsinin bundan sonra da sevə-sevə tədqiq edilərək öyrəniləcəyini bildirib. Konfransın sonunda xatirə şəkli çəkilib. Veteran.gov.az 3 mart 2023-cü il tarixində ...

2023-03-01 11:03:00
867 baxış

Digər xəbərlər

Hərbi-siyasi ekspert: “Hər bir vətəndaşımızın seçkilərdə fəal iştirak etməsini arzulayıram”

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov secki-2024.az saytına müsahibəsində fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkiləri barədə fikrini bildirib.      - Sizcə, prezident seçkiləri bir ölkə üçün hansı əhəmiyyəti daşıyır? Xüsusilə Azərbaycan üçün, ölkənin gələcəyi və iqtisadi inkişafı üçün bu seçkilərin əhəmiyyəti barədə fikirlərinizi bilmək istərdik.      -Təbii ki, prezident seçkiləri hər bir demokratik dövlət üçün həyati əhəmiyyətə malikdir. Çünki dövlətin gələcək inkişafı, bu inkişafın əsas istiqamətləri məhz seçkilərin nəticəsində müəyyənləşir. Xalq bu seçkilərdə onun maraqlarını, arzu və istəklərini ifadə edən namizədə səs verərək, dövlətin gələcək inkişafında bilavasitə iştirak edir. Bu baxımdan, prezident seçkiləri Azərbaycan üçün də mühüm əhəmiyyətə malikdir. Biz bu seçkilərə qatılmaq və öz namizədimizə səs verməklə öz taleyimizə sahib çıxır, gələcəyimizi inşa edirik. Ölkəmizin gələcək siyasi nüfuzu, hərbi qüdrəti, eləcə də iqtisadi inkişafı ciddi şəkildə bu seçkilərdən, seçkilərin nəticəsindən asılıdır. Çünki prezident dövləti təmsil edən, onun inkişafına yön verən əsas simadır.      -Azərbaycan ilk dəfədir ki, prezident seçkilərinə ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş dövlət kimi gedir. Bu, müstəqil Azərbaycanın tarixində bir ilkdir. Məhz bu cəhətdən sizə görə, Azərbaycan üçün bu seçkilər hansı vacib mənanı daşıya bilər?      -Bəli, bu seçkilərin ən böyük özünəməxsusluğu və unikallığı prosesin Azərbaycanın ərazi bütövlüyü və tam suverenliyi çərçivəsində baş tutacağı ilə bağlıdır. Bu, Azərbaycanın müstəqillik tarixində bir ilkdir. Şübhəsiz ki, 7 fevral prezident seçkilərinin ərazi bütövlüyümüz çərçivəsində reallaşması dövlətimizin qüdrətini əks etdirir. Bu tarixi fakt sübut edir ki, Azərbaycan xalqı 30 illik işğal faktoru fonunda öz mənəvi gücünü, qələbəyə olan inamını, tarixi torpaqlarına sahiblik əzmini itirmədi və öz gücü ilə işğal faktorunu aradan qaldırdı. Şuşa, Laçın, Kəlbəcər, Xankəndi, Əsgəran və yüzlərlə yaşayış məntəqəsini işğaldan azad etməklə öz ərazi bütövlüyünü təmin etdi. Fevralın 7-də işğaldan azad edilən torpaqlarda veriləcək hər bir səs dövlətimizin, xalqımızın böyüklüyünün, qüdrətinin və yenilməzliyinin təcəssümü olacaq.      -Növbədənkənar prezident seçkiləri keçirəcək Azərbaycana, Azərbaycan xalqına hansı arzularınızı ünvanlamaq istərdiniz?      -Mənim seçkilərlə bağlı ən böyük arzum bu seçkilərin bundan əvvəlki analoji proseslər kimi xalqın yüksək fəallığı şəraitində keçməsi, yenə öncəki illərdə olduğu kimi seçkilərdə demokratik və şəffaflığın yüksək səviyyədə təmin olunmasıdır. Xatırladım ki, Azərbaycan bundan öncə keçirilən prezident seçkilərində də seçki prosesinin şəffaf və demokratik şəkildə təşkilinə mühüm diqqət verib, bu amil xarici ekspertlər, müşahidəçilər və beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Məhz ona görə arzum budur ki, Azərbaycan xalqı bu seçkilərdə fəal iştirak edərək, ölkəmizin inkişafı və tərəqqisinə, nəticədə xoşbəxt gələcəyinə səs vermiş olsun və qalib xalq kimi yaxın gələcəkdə yeni-yeni tarixi uğurlara imza atsın.

Hamısını oxu
“Mart soyqırımı qurbanlarının xatirəsinə ilk abidə Balakən rayonunda ucaldılıb”

Nəsib Məhəməliyev: “İndi həmin yer “Soyqırım bağı” adlanır” “1918-ci ilin mart soyqırımından 105 il ötür. Bakıda, Şamaxıda, Qubada, Xaçmazda, Lənkəranda, Qarabağda, Naxçıvanda və Azərbaycanın digər bölgələrində erməni silahlı dəstələri tərəfindən yerli əhaliyə qarşı dəhşətli cinayətlər törədilmişdir. Mart qırğınlarına bilavasitə rəhbərliyi üzdə bolşevik, əslində isə, qatı daşnak, Bakı kommunasının sədri Stepan Şaumyan həyata keçirmişdir. Rəsmi məlumatlara görə mart ayının 30-dan, aprel ayının 4-ə qədər 12 mindən artıq azərbaycanlı qətlə yetirilmiş, 10 minlərlə insan itkin düşmüşdür. Tarixdən düzgün nəticələr çıxarılmadıqda daha ağır fəsadların baş verməsi labüddür. Xalqımızın unutqanlığı, sülhsevərliyi, tarixin növbəti mərhələlərində də repressiyalarla, qətliamlarla, deportasiyalarla, torpaq itkiləri ilə nəticələndi”. Bunu Veteran.gov.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev bildirib. Millət vəkili qeyd edib ki, Mart soyqırımı qurbanlarının xatirəsinə ilk abidə Balakən rayonunda ucaldılıb:  “Ümummilli Lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə, hər il 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Məhz, bu sərəncamdan sonra mart hadisələri, ümumiyyətlə erməni terroru ilə bağlı müxtəlif dillərdə kitablar, arxiv materialları, rəsmi sənədlər nəşr olundu. Əhali arasında maariflənmə işləri aparıldı. Ermənistanın terror dövləti olması, ASALA və digər çoxsaylı erməni terror təşkilatlarına dəstəyi, Azərbaycanda və dünyanın müxtəlif coğrafiyalarında törətdikləri cinayətlər barədə geniş təbliğat kompaniyası aparıldı. Beynəlxalq birlik, erməni terror təşkilatlatlarının insanlıq əleyhinə törətdikləri cinayətlərlə məhz, Azərbaycan dövlətinin apardığı sistemli siyasət sayəsində məlumatlandı. Yeri gəlmişkən bir məsələni də qeyd etmək istərdim. 2001-ci ildə Balakən rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışırdım. Qərara aldıq ki, mart soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi üçün rayon mərkəzində, bir zamanlar bolşeviklərin lideri Leninin adını daşıyan bağda abidə ucaldaq. O zamanlar, Respublikanın heç bir bölgəsində Soyqırım abidəsi yox idi və mart hadisələri ilə bağlı cəmiyyətdə tək-tək insanları çıxmaq şərti ilə məlumat yox dərəcəsində idi. Abidənin üzərində yazılan qeydlər, qısa müddət ərzində mart hadisələrinin mahiyyəti ilə bağlı təbliğatda əhəmiyyətli rol oynadı. İndi həmin yer, “Soyqırım bağı” adlanır”. Millət vəkili vurğulayıb ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarizə zəfərə rəğmən keçmişimizi unutmamalı, sayıqlığımızı itirməməliyik: “Zaman dəyişib. Azərbaycan dövləti tarixinin ən şərəfli, güclü, inkişaf etmiş dövrünü yaşayır. Qəhrəman Ordumuz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, 44 günlük müharibədə tarixi Qələbə qazandı. Erməni terroruna, dünya ernəniliyinə sarsılmaz zərbə vurdu. ,,Böyük Ermənistan,, xülyasını məhv etdi. Şəhidlərin, soyqırım qurbanlarının intiqamını aldı. Bu gün onların ruhu şaddır. Əldə olunan uğurlara baxmayaraq, daim ayıq-sayıq olmalıyıq. Tarixin acı nəticələrini unutmamalıyıq. Nə qədər ki, düşmən öz iddialarından əl çəkmək istəmir, sayıqlığımızı itirməyə haqqımız yoxdur. Allah cəmi Şəhidlərə rəhmət eləsin!” Seymur ƏLİYEV

Hamısını oxu
Əli Kərimli - Cəmil Həsənli cütlüyünün qələbəyə sevinməməsi özünü xalqın nümayəndəsi kimi dərk etməmək nümunəsidir

İkinci Qarabağ müharibəsinin Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatması, işğal edilmiş torpaqlarımızın 30 ildən sonra geri qaytarılması xalqımızın tarixinin ən şərəfli anlarındandır. Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və sərkərdə qətiyyəti sayəsində Azərbaycan məğlub ölkədən qalib ölkəyə çevrildi. Tam məsuliyyətlə demək olar ki, Qarabağ münaqişəsinin ədalətli həll olunması 2020-ci ilin başlıca hadisəsi kimi tarixə düşmüşdür. Bütün dünya Azərbaycan dövlətinin gücünün, onun Silahlı Qüvvələrinin qüdrətinin, xalqımızın qəhrəmanlıq əzminin şahidi oldu. Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib. Ə.Əhmədov qeyd edib ki, müharibədə böyük şücaət nəticəsində qazanılan zəfər xalqımızın qürur və iftixar mənbəyi kimi hər birimiz üçün əziz və qiymətlidir: "Lakin müharibə başa çatar-çatmaz Əli Kərimli - Cəmil Həsənli cütlüyü və onların ətrafındakılar qələbəmizi təftiş etməyə, onun üzərinə kölgə salmağa başladılar. Qələbə sevincinin yaratdığı izdihamı, yüz minlərin iştirak etdiyi küçə yürüşlərini öz gözləri ilə görən sözügedən cütlüyün davranışını anlamağa insan çətinlik çəkir. Əvvəla, bütün xalqın və onun dostlarının bayram etdiyi qələbəyə sevinməmək özünü həmin xalqın nümayəndəsi kimi dərk etməmək nümunəsidir. İkincisi, heç kimə sirr deyildir ki, Ermənistan və onun havadarları tərəfindən Qarabağın işğal olunmasında AXC-Müsavat hakimiyyətinin ərazilərimizi qoruya bilməməsi əsas amillərdən biri olmuşdur". Ə.Əhmədov bildirib ki, dövlətin və xalqın bütün imkanlarını erməni təcavüzkarlarına müqavimət göstərmək naminə səfərbər etmək əvəzinə, cəbhəçi-müsavatçıların hakimiyyətdaxili çəkişmələr aparması ölkəyə baha başa gəldi: "Ermənistanın işğalçı siyasətinə, hərbi cinayətlərinə və törətdiyi vəhşiliklərə heç bir halda haqq qazandırmadan, AXC-Müsavat hakimiyyətinin ölkənin ərazisini qoruya və əhalinin təhlükəsizliyini təmin edə bilməməsi də açıq qeyd edilməlidir. Erməni təcavüzü ilə əlaqədar müharibə aparmağa məcbur olan ölkənin Prezidenti və Ali Baş Komandanı Əbülfəz Elçibəyin iyun ayının 18-də Bakını tərk edərək Ordubadın Kələki kəndinə qaçması, onun hökumət nümayəndələrinin isə vəzifələrini dondurmaqları barədə şübhəli bəyanatları dövlətin müdafiə qüdrətinə vurulan ən ağır zərbə idi. Onların bilərəkdən daxili siyasi böhranı dərinləşdirməyə yönəldilmiş hərəkətləri nəticəsində Dağlıq Qarabağ ətrafında rayonların işğal edilməsinə, yüz minlərlə insanın didərgin düşməsinə səbəb oldu. Buna görə də Azərbaycan tarixinin ən acı faciələrindən biri sayılan Qarabağın Ermənistan tərəfindən işğalının məsuliyyəti AXC-Müsavat üzərinə düşür. Bu məsuliyyətin adı ölkənin müdafiəsini təşkil edə bilməmək və daxili böhranı qəsdən ağırlaşdırmaqla düşmənin Azərbaycan torpaqlarını işğal etməsinə imkan yaratmaqdır. Bir sözlə, milli xəyanətdir". Ə.Əhmədov vurğulayıb ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunmasında bacarıqsızlıqları və cinayət sayılacaq hərəkətləri ilə ciddi məsuliyyət yükü daşıyan AXC-Müsavat hakimiyyətinin təmsilçiləri olmuş Əli Kərimli və Cəmil Həsənlidən Vətən müharibəsinin parlaq nəticələrinə gözlənilən ən doğru reaksiya onların bağışlanmaz səhvinin və günahının nəticəsində işğal olunmuş Qarabağın azad edilməsinə hamıdan çox məmnun olmaq, qələbəmizin layiqli qiymətini vermək ola bilərdi: "Lakin cütlük gözlənilənin tam əksini nümayiş etdirərək adətlərinə uyğun hərəkətlərini davam etdirməyə üstünlük verirlər". Baş nazirin müavini qeyd edib ki, Əli Kərimli - Cəmil Həsənli cütlüyünün çox da uzaqda olmayan tarixi saxtalaşdırmaq, öz günahlarını bugünkü iqtidarın ayağına yazmaq cəhdləri heç kimə sirr deyil: "İndi isə onlar ikinci Qarabağ müharibəsində möhtəşəm zəfərimizi təftiş etməklə onun tarixi əhəmiyyətini azaltmağa çalışırlar. 1993-cü ildə müharibə edən ölkədə bilərəkdən hakimiyyət böhranını dərinləşdirməklə bir neçə rayonun erməni silahlı qüvvələri tərəfindən işğal edilməsinə dolayısı yolla rəvac vermək nə dərəcədə xəyanət idisə, Ordumuzun şanlı zəfərinin tarixi əhəmiyyətini azaltmaq cəhdləri də o dərəcədə ziyanlı və pozuculuq fəaliyyətidir. Söhbət bilərəkdən, qəsdən xalqımızın qürur və iftixar mənbəyi olan 8 noyabr Zəfər gününün üzərinə kölgə salmaqdan, Qarabağın azadlığı uğrunda şəhid olmuş döyüşçülərimizin ruhuna hörmətlislikdən gedir. Möhtəşəm zəfərimizin üzərinə kölgə salmaq, əslində onların qəhrəmanlığına, şücaətinə, şəhidliyinə şübhə toxumu səpmək qədər yolverilməz və bağışlanmaz günahdır. "Vətən müharibəsində qazanılan şanlı qələbənin tarixi rolu və əhəmiyyətini azaltmaq üçün sözügedən cütlük yalan və şayiələrlə, hadisələrin mahiyyətini təhrif etməklə postmüharibə reallıqları barədə insanlarda fərqli fikirlər yaratmağa səy göstərir. Onların əsassız iddialarla müharibənin başlıca nəticəsi kimi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunması faktına şübhə yaratmağa çalışmaları, 10 noyabr razılaşmasının şərtlərini bilərəkdən yanlış yöndə şərh etmələri xalqın qələbəyə inamına şübhə toxumu səpmək məqsədi daşıyaraq Kərimli - Həsənli cütlüyününü anti-milli xislətini bir daha sübuta yetirir. Görünən budur ki, 30 illik işğaldan sonra Qarabağın azad edilməsinin xalqımızda yaratdığı ruh yüksəkliyinə, xalq-iqtidar birliyinin daha da güclənməsinə, Prezident İlham Əliyevə əhalinin hörmət və ehtiramının qat-qat yüksəlməsinə Əli Kərimli-Cəmil Həsənli cütlüyü həsəd aparır, çoxdan itirdikləri siyasi perspektivlərinin tamam əridiyini görür və bütün bunların əvəzində möhtəşəm zəfərimizin üzərinə kölgə salmaqla xəstə təxəyüllərinə təsəlli verməyə çalışırlar. Ancaq nə etməli, bu onların seçimidir. Həmişə olduğu kimi, bu seçimləri də nə milli maraqlarımıza uyğundur, nə də insanların zəfər ovqatını əks etdirir. Onlar yenə də mənsub olduğu xalqla eyni cür düşünmək, eyni sevinci yaşamaq yolunu tuta bilmədilər. Bəlkə də heç istəmirlər. Şübhə yoxdur ki, belə təfəkkür və davranış tərzi sözügedən cütlüyün və onların ətrafında toplaşanların siyasi faciəsi, mənəvi iflasıdır". Milli.Az

Hamısını oxu
Azərbaycanın yəhudi əsilli qəhrəman oğlu: Aqarunov Albert Aqarunoviç!

Tolerant ölkə olan Azərbaycan dilindən, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq burada yaşayan bütün xalqların doğma Vətənidir. İstər Birinci Qarabağ və 44 günlük Vətən müharibələri, istərsə də antiterror tədbirləri zamanı burada yaşayan bütün xalqların nümayəndələri dəmir yumruq tək birləşərək, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda işğalçı düşmənə qarşı canları bahasına mərdliklə vuruşmuş və Böyük Zəfərin qazanılmasında öz layiqli töhfələrini vermişlər. Onlar bu gün də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında səylərini əsirgəmirlər. Bu baxımdan hər zaman Azərbaycan vətəndaşı olmasından qürur duymuş, şəhidlik məqamına yüksəldikdən sonra da yəhudi xalqı ilə dostluq və əməkdaşlığımızın möhkəmləndirilməsinin rəmzinə çevrilmiş Milli Qəhrəmanımız, əfsanəvi tankçı Albert Aqarunovun Vətən uğrunda xidmətlərini qeyd etmək istərdim.   Aqarunov Albert Aqarunoviç 1969-cu il aprelin 25-də Bakı şəhərinin Suraxanı rayonunun Əmircan qəsəbəsində anadan olub. Səkkiz qardaşı və iki bacısı olan Albert ailənin sonbeşiyi idi. Əslən dağ yəhudisi olan Aqarunovlar ailəsi Quba rayonunun Qırmızı Qəsəbəsindən idilər, Əmircana isə sonradan köçmüşdülər. Albertin atası Aqarun Aqarunov neftçi olub, uzun illər Suraxanıdakı neft mədənlərində çalışıb. On bir uşaq böyüdüb tərbiyə edən anası Lio Aqarunova isə sovet hökuməti tərəfindən “Qəhrəman Ana” adına layiq görülüb.    Uşaq yaşlarından musiqiyə böyük maraq göstərən Albert, musiqi məktəbində nəfəs aləti olan truba sinfini bitirib. O, Suraxanı rayonundakı 154 saylı tam orta məktəbin səkkizinci sinfini başa vurduqdan sonra, 101 saylı texniki-peşə məktəbində sürücü-mexanik peşəsinə yiyələnib. Albert 1987-1989-cu illərdə Gürcüstanın Axalkalaki rayonunda hərbi xidmət keçib. Həmin dövrdə starşina rütbəsi alaraq, tank komandiri vəzifəsində xidmət edib. 1989-cu ildə ordu sıralarından tərxis olunduqdan sonra, bir müddət Suraxanı Maşınqayırma Zavodunda işləyib. Mənfur qonşumuz olan Ermənistanın təcavüzü nəticəsində başlayan Birinci Qarabağ müharibəsinin ən qızğın vaxtlarında bir çox qeyrətli Vətən övladı kimi Albert də könüllü olaraq cəbhəyə yollanıb. O dövrdə ailə üzvləri və yəhudi millətindən olan bir çox vətəndaşımız İsrailə, eləcə də digər xarici ölkələrə köçüb getsə də, Albert doğulub boya çatdığı və dogma Vətəni hesab etdiyi Azərbaycanda qalmağı, son nəfəsinədək onun uğrunda savaşmağı üstün tutub. Cəbhə bölgəsində olarkən televiziya kanallarından birinə verdiyi müsahibəsində əfsanəvi tankçı A.Aqarunov məhz bu məqamı xüsusi ilə vurğulayıb. Müxbirin verdiyi “yəhudiləri Azərbaycan torpağını qorumağa nə məcbur edir?” və “bir vətəndaş kimi öz borcunu nədə görürsən?” suallarını cavablandıran cəsur döyüşçü; “Mən bu torpaqda yaşayıram. Doğulmuşam burda, yaşayıram da burda. Ayrı heç nə məcbur eləmir” – deyə cavab vermişdi. Müxbirin verdiyi sonuncu; “Təxminən nə qədər qalmaq niyyətindəsən?” sualına isə Vətənimizin qəhrəman oğlu; “Müharibənin axırına kimi” cavabını verməklə qəti mövqeyini bildirmişdi…   O zaman yenicə yaranmaqda olan Milli Ordumuzun yüksək ixtisaslı peşəkar hərbçilərə, o cümlədən tankçılara böyük ehtiyacı vardı. Albert tank komandiri təyin edilərək, qanlı döyüşlərin getdiyi Şuşa cəbhəsinə göndərilir. Onun tank ekipajı tezliklə bütün cəbhə xəttində böyük hörmət qazanmağa müvəffəq olur. Cəsur tankçı Xankəndi, Daşaltı, Cəmilli istiqamətlərində düşməni dəfələrlə pərən-pərən salır, onlarla canlı qüvvəsini və xeyli hərbi texnikasını məhv edir. Dövri mətbuatda cəsur tankçı haqqında qeyd olunan bir sıra mənbələrdə onun erməni işğalçılarına məxsus iki tankı bir-birinə yaxınlaşan zaman bir mərmi ilə məhv etdiyi, həmçinin sonralar bu metodun silahdaşları tərəfindən “yəhudi buterbrodu” adını aldığı göstərilib. 8 may 1992-ci il.  Şuşa uğrunda gedən qanlı döyüşlər Albertin son döyüşü oldu...   Mühüm hərbi-strateji və coğrafi mövqeyinə görə Şuşanı ələ keçirmək erməni işğalçılarının ən böyük arzusu idi. Hələ may ayının 7-də şəhərin müdafiəsində dayanan azərbaycanlı döyüşçülərin böyük bir qismi buranı tərk etmişdi və düşmən qüvvələri gecə saatlarından etibarən Şuşaya hücum etməyə başlamışdı. Albert son anadək Şuşanın müdafiəsində dayanan azsaylı döyüşçülərimizdən biri idi. Gün ərzində şəhərin müxtəlif istiqamətlərində şiddətli döyüşlər gedirdi. Erməni tank komandiri Qaqik Avşaryan öz T-72 tankını Şuşanın şimal girişinə gedən yolla sürdüyü vaxt, kapitan A.Aqarunovun tankı peyda olur. Hər iki tank 350 metr məsafədən bir-birinə atəş açır. Üç dəqiq zərbədən sonra düşmən tankı alışmağa başlayır. Avşaryan yaralı halda tankın lükünü açıb qaçmağa müvəffəq olsa da, lakin sürücüsü və atıcısı yanaraq cəhənnəmə vasil olur. Albertin göstərdiyi bu qəhrəmanlıq nümunəsi eyni zamanda Birinci Qarabağ müharibəsinin ilk tank döyüşü kimi də tarixə düşür. Müharibədən sonra ermənilər Albertin vurduğu həmin tankı bərpa edib yenidən rəngləyərək onu Xankəndi-Şuşa yolunun üstündəki qayada abidə kimi ucaltmışdılar. Lakin 2023-cü ilin sentyabrında Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda apardığı birgünlük uğurlu antiterror tədbirindən sonra həmin “abidə” oradan yığışdırılmışdır. Albertin vurduğu tank isə Bakı şəhərinə gətirilmiş və hazırda Böyük Zəfərimizin simvolu olan Qənimətlər Parkında nümayiş etdirilməkdədir. A.Aqarunov daha sonra Şuşa-Laçın yoluna doğru irəliləyir. Cəsur döyüşçü burada, tankının sürücüsünə həlak olmuş azərbaycanlı əsgərlərin və mülki vətəndaşların cəsədlərinin üstündən keçməməyi tapşırır və ona yol göstərmək üçün tankdan enməli olur. Bu zaman o, erməni snayperinin açdığı atəş nəticəsində gözlərini əbədi yumaraq əbədi ölümsüzlüyə - şəhidlik zirvəsinə yüksəlir. Qəhrəman döyüşçü mayın 11-də Bakıdakı Şəhidlər xiyabanında dəfn edilib. Subay idi. Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli müvafiq fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Medal 1998-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən Albertin bacısı Sofiya Məmmədovaya təqdim edilib. Bundan əlavə, vaxtilə təhsil aldığı 154 saylı məktəb onun adını daşıyır və məktəbin önündə büstü qoyulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə 2019-cu ildə Bakının Nərimanov rayonunun küçələrindən birinə Albert Aqarunovun adı verilib və həmin küçədə onun möhtəşəm heykəli ucaldılıb. Milli Qəhrəmanımız haqqında 2010-cu ildə “Dostuma məktub” filmi, 2017-ci ildə “Yaşadığım torpaq” sənədli filmi və 2024-cü ildə “Tank 533. Albert Aqarunov” adlı qısametrajlı filmi çəkilib. Son olaraq onu deyə bilərik ki, torpaqlarını azad və suverenliyini bərpa etmiş xalqımızın bütün şəhidləri kimi, Azərbaycanın yəhudi əsilli qəhrəman oğlu Albert Aqarunovun da ruhu şaddır. Albertin həyat və qəhrəmanlıqlarla zəngin döyüş yolu yeniyetmə və gənclərimizə örnək olmaqla yanaşı, bu gün onun irsi Azərbaycan və İsrail dövlətlərinin, onların xalqlarının dostluq və qardaşlığının daha da möhkəmlənməsi yolunda öz töhfəsini verir. Necə ki, 44 günlük Vətən müharibəsi zamanı bizi dəstəkləyən, bizimlə həmrəy olan ölkə və xalqlar arasında elə məhz dost İsraili və qardaş yəhudi xalqını da gördük. Təbii ki, bizə göstərilən bu dəstəyi və həmrəyliyi qədirbilən xalq olaraq heç zaman unutmayacağıq.    Allah şəhidlərimizə rəhmət eləsin! Mayor Anar Əhmədov, DİN-in Daxili Qoşunlarının “Əsgər” qəzetinin redaktoru  

Hamısını oxu